Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:35

Əkrəm Əylisli: “Oğluma deyiblər ərizəni yaz, işdən çıx”


Əkrəm Əylisli
Əkrəm Əylisli
-

"Həyat yoldaşım mənim baxışlarımı bölüşmür. O, milliyyətcə belorusdur. Əksinə belə bir əsər yazdığımı biləndə mənə deyirdi ki, axı, ermənilər də azərbaycanlılara qarşı çox şey ediblər, onu da yaz"


“Daş yuxular” romanına görə hakim Yeni Azərbaycan Partiyasının tənqidləri ilə üzləşən yazıçı Əkrəm Əylislinin oğlunu işdən çıxarıblar.

Polkovnik-leytenant Nəcəf Naibov-Əylisli Gömrük Komitəsində şöbə müdiri işləyirdi.

“Oxu zalı”na müsahibəsində yazıçı bildirib ki, onun oğlu heç zaman siyasətə qarışmayıb və onun işdən çıxarılması ədalətsiz hərəkətdir.

- Mənim oğlum öz işini yüksək səviyyədə bilən mütəxəssisdir. Vaxtilə instituta ən yüksək balla daxil olub. Daha sonra İqtisadi İnkişaf Nazirliyində çalışıb, Moskvada Gömrük Akademiyasını bitirib və 12 il idi Azərbaycanın Gömrük Komitəsində aksizlərlə bağlı şöbədə müdir idi. İşlədiyi müddətdə bir dəfə də olsun töhmət almayıb. Ona işiylə bağlı irad da tutulmayıb, əksinə dəfələrlə təşəkkürnamə alıb. Mənə görə yaxınlarımım əziyyət çəkməsi məni ağrıdır, ağır təsir edir. Dünən (fevralın 4-də - Oxu zalı) çağırıb deyiblər ki, ərizəni yaz, çıx. O da yazıb.

- Səbəbini izah etdilərmi?

- Yox, etməyiblər. O da soruşmayıb. Təbii, bilib söhbət nədən gedir. Ərizəni yazıb və bu gün işdən çıxarılması haqda əmr verilib. Təbii ki, bu mənim romanımla bağlıdır. Mənə təzyiqdir. Amma onu da deyim ki, o, müstəqil adamdır, mənim siyasi baxışlarımı da bölüşmür, hökuməti dəstəkləyən adamdır. Əksinə, həmişə mənə deyirdi ki, siyasətə qarışma, əsərlərini yaz.

- Bundan sonra geriyə hansısa addım atmağınız mümkündürmü?

- Mən elə bir hərəkət etməmişəm ki, xəcalət çəkim. Mən elə bilmişəm ki, fikir azadlığı olan ölkədə yaşayıram. Bilməzdim ki, əsərinə görə yaradıcı adama belə təzyiq olar. Hansısa saytda yazıblar ki, guya yoldaşımı da işdən çıxarıblar. Hələ ki belə bir şey yoxdur. Heç o da mənim baxışlarımı bölüşmür. O, milliyyətcə belorusdur. Əksinə belə bir əsər yazdığımı biləndə mənə deyirdi ki, axı, ermənilər də azərbaycanlılara qarşı çox şey ediblər, onu da yaz. Amma mən bədii əsər yazmışam, düşünmürəm ki, pis bir iş tutmuşam, yaxınlarıma niyə təzyiq edilməlidir?
XS
SM
MD
LG