Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:30

Bu boyda xalq bir əsərdən niyə narahat olur?


Aysel Əlizadə
Aysel Əlizadə
-

Bir toplum azadlığının, həm də nəyin bahasına qazandığı azadlığının SİMVOLU sayılan bir yerdə tuman-köynək satmaz...

Sən Xocalı soyqırımı günü sevinirsən ki, iş günü deyil.


Aysel Əlizadə


“MƏN ERMƏNİ DEYİLƏM” - bu qədər bayağı...

Məhrəmini tutub duran qarımış qızlar kimi nə yapışmısız milli dəyərlərinizdən?

Heç bir funksiyası olmayan dəyər kimə lazımdı? Anlamaq istəyirəm, çox anlamaq istəyirəm ki, bu toplum – kütlə nə vaxta kimi özünü “uduzmuş qəhrəman” elan edəcək.

Sənin yarıdan çoxun yoxdu e, ay azərbaycanlı. Sən niyə istəyirsən ki, həmişə səni öldürsünlər, həmişə sənin qadınların zorlansın, həmişə sənin qocaların atılsın tonqala. Niyə istəyirsən ki, yazılan bütün yazılarda, romanlarda səni tutub zorlasınlar?

Niyə?

Bir dəfə də sən vur, bir dəfə sən öldür, bir dəfə sən vəhşiləş. Gözünü döyə-döyə qalma. Bax bircə səbəb de. De ki, filan şeyə görə istəmirəm ki, biz hansısa əsərdə qəddar, vəhşi, adamöldürən, qansız kimi göstərilək. Sənin sözün yoxdu axı. Dünyanın bütün çaylarına and olsun ki, sənin sözün yoxdu. Dünyanın bütün əsərlərinə and olsun ki, sən nə istədiyini bilmirsən. Dünyanın bütün ağıllı adamlarının canına and olsun ki, mən sənin uzaq - uzaq - uzaq başı nə cavab verəcəyini bilirəm.

Lap belə sıxıb-sıxıb suyunu çıxarsan sən bilirsən nə deyəcəksən? “Mən erməni deyiləm” bu qədər bayağı! Özünü erməni ilə müqayisədə xalq sayırsan... Yazıqlar olsun. Erməni deyilsən, düzdü. Bu məsələnin bir tərəfi.

Digər tərəf - niyə özünü qəhrəman kimi aparırsan? Mağmın kimi apar da. Sən axı torpaq uduzmusan. Sən vuruşan, şəhid olan, gözüqanlı, qüdrətli oğlanların hesabına lotulanırsan. Sən qəhrəman deyilsən. Bu ölkənin bütün qəhrəmanları ölüb! Bu ölkənin bütün qəhrəmanları müharibə əlilidi. Bu ölkə həmin oğlanlara əlillik təqaüdü vermək üçün hər il arayış istəyib süründürür. Və sən düşünürsən ki, belə bir iş tutan adam qoca ermənini döyməz? Niyə döyməsin ki? Bax bu sualıma cavab ver də, niyə döyməsin?

Aydındı... Erməni Xocalı Soyqırımı törədib. Erməni Qarabağ camaatına divan tutub. Uşaqların gözün deşib, hamilə qadınları zorlayıb. “Sənləri” toplayıb üstünə də cəmi əzizlərini gəlsək bütün bunlar məni ağrıdan qədər səni ağrıtmır, nəfəsim kimi əminəm.

Ancaq bizim uşaqlığımız həm də bunun tam əksinin şahidi olub axı. Ən yaxşı həkimlərimizin sırasında çoxlu ermənilər vardı, ermənilərlə evlənirdik, qonşuluq edirdik, ağız-ağıza yaşayırdıq, işləyirdik, uşaqlarımıza məktəbdə dərs deyirdilər, onların şəninə paytaxtda küçəmiz vardı. Dünənki qonşular bu gün qan düşməni oldular. Kim elədi bunu?

Bir-birinin ətini yeməyə hazırdılar indi. Bizdən anlayış gözləməyin. Bezmişik, yorulmuşuq, tükənmişik. Nə qədər haldan hala düşər bir ölkə?

Bizim üçün “ Şəhidlər Xiyabanı” çoxdan avtobus dayanacağıdı. Hətta bu biz “Şəhidləri” unutmayaq deyə belədisə lap pis. Biz sürücüyə “Şəhidlərdə saxlıyarsuz” deyirik. “20 Yanvar” ımız “tolkuçka”dı – alverxanadı. Alver eləmək ayıb bir şey deyil. Bütün dünya dolayısıyla alverlə məşğuldu. Biz də yazılarımızı satırıq. Amma “ xalq - tarix - dünya” müstəvisində bir toplum azadlığının, həm də nəyin bahasına qazandığı azadlığının SİMVOLU sayılan bir yerdə tuman-köynək satmaz. Bakının ən çirkli, ən eybəcər, ən poxlu yeri “ 20 Yanvar” ərazisi olub həmişə. Sən Xocalı soyqırımı günü sevinirsən ki, iş günü deyil.

Bəsdi! Artistlik eləmək lazım deyil. Əgər sən böyük, əzəmətli, qədim, bütün layiqli sözlərə layiq sayırsansa özünü ağayana ol. Hər cırta tullanıb-düşmə. Qoyma, imkan vermə səni meymun kimi oynatsınlar. Bir əsər səni niyə bu qədər əzir? Sənin qurban, əzilmiş, haqqı alınmış, köməksiz olduğunu ifadə edən milyon əsərin yazılıb bu neçə ildə. Onlar sənə Qarabağı qaytarmadı. Xocalı soyqırımını tanıtmadı. Əvəzinə Xocalıda ermənilər hava limanı tikdilər. Bu əsərin sənə heç bir zərəri olmayacaq. Bir düşün. Nə zərəri ola bilər? Guya Qarabağı bizə qaytaracaqdılar bu əsərdən sonra qaytarmayacaqlar? Sənə elə gəlir doğurdan? Səncə, dünyanın heç nədən xəbəri yoxdu?

Mənim sənə sualım çoxdu e, ay azərbaycanlı. Bilirsən mən sənə nələrə göz yumursan deyə bilərəm...Burda bir pauza elə və bir yerdə fikirləşək…

Bir xalq bu boyda xalq bir əsərdən, həm də mənə görə yaxşı yazılmayan bir əsərdən niyə bu qədər narahat olur? Bu qədər özgüvənsizlik hardan olar əcaba?

İndi bir nəfəs al dərindən. Sakit ol, küyə getmə. Narahat olma, hər şey yaxşı olacaq…
XS
SM
MD
LG