Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:29

ABŞ səfirliyi və ATƏT-dən Əkrəm Əylisli ilə bağlı açıqlama


Əkrəm Əylıisli
Əkrəm Əylıisli
-
AzadlıqRadiosunun yazıçı Əkrəm Əylisliyə olan hücumlarla bağlı sorğusuna cavabında ABŞ-ın Azərbaycandakı səfirliyi qeyd edir ki, ona qarşı zorakılıq təhdidlərini pisləyir:

“Biz başa düşürük ki, səbəb olduğu böyük iztirablar Dağlıq Qarabağ münaqişəsini həm də azərbaycanlılar üçün emosional məsələyə çevirir. Eyni zamanda amerikalılar olaraq biz inanırıq ki, ifadə azadlığı istənilən demokratik cəmiyyətin fundamental tərkib hissəsidir. Biz fiziki zorakılıqla bağlı bütün təhdidləri pisləyirik” – deyə səfirlikdən verilən rəsmi açıqlamada bildirilir.

Yazıçı Əkrəm Əylisli keçən ilin dekabrında "Drujba narodov" jurnalında çap olunan “Daş Yuxular” adlı romanına görə Azərbaycanda sərt reaksiyalarla üzləşib. Rəsmi təbliğat vasitələri yazıçını tarixi Azərbaycanla müharibə şəraitində olan Ermənistanın xeyrinə saxtalaşdırmaqda ittiham edir.

Prezident Əkrəm Əylisliyə verilən “Xalq yazıçısı” titulunu və prezident təqaüdünü geri alıb.

Eyni zamanda ölkənin müxtəlif bölgələrində yazıçının kitabları yandırılıb.

Hökumətyönümlü Müasir Müsavat Partiyasının sədri Hafiz Haciyev isə Əkrəm Əylislinin qulağının kəsilməsinə mükafat vəd edib.

Yazıçı özü və ailəsinin təhlükəsizliyinin təmin olunması üçün mediada çıxışlar edir. Amma hələlik hüquq-mühafizə orqanları onun öz təhlükəsizliyinin təminatı üçün rəsmi müraciət etməsinin lazım olduğunu deyirlər.

Yazıçı yardım üçün xarici ölkələrin Azərbaycandakı səfirliklərinə də müraciət edib.

ATƏT NARAHATDIR

ATƏT-in Bakı Ofisindən AzadlıqRadiosuna bildiriblər ki, yazıçı Əkrəm Əylisli onlara müraciət edərək ona və ailəsinin ünvanına «ölüm, döyülmə, qulağın kəsilməsi və diri-diri yandırma» kimi hədələr daxil olub.

Hadisələrin bu cür inkişafından narahatlığını bildirən ATƏT-in Bakı Ofisi Azərbaycan hökumətini ifadə azadlığı da daxil olmaqla, insan hüquqları və fundamental azadlıqları təmin etməyə çağırır.
XS
SM
MD
LG