Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:33

İlham Əliyev: «Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər» [VIDEO]


-



«Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq».

Bunu Prezident İlham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzində keçirilən «2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında deyib.

«BƏZİ HALLARDA MƏMURLAR VƏTƏNDAŞLARI SAYMIR, QUDURĞANLIQ EDİRLƏR»

Prezident çıxışında bəzi icra hakimiyyəti başçılarının öz məsuliyyətlərini dərk etmədiklərini də bildirib:

«Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Burda oturan bütün icra başçılarını mən təyin etmişəm, hamısını. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmayıblar. Hər birinə demişəm ki, gedin insanlara arxa durun, gedin köməklik göstərin, gedin insanlara hörmət edin. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir».

«ÖZLƏRİ ÜÇÜN BÖYÜK MƏCLİSLƏR DÜZƏLDİRLƏR»

Prezident məmurların keçirdikləri məclislərdən də danışıb:

«Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər. Təmtəraqlı toylar düzəldirlər, yubileylər düzəldirlər. Yaraşırmı bu dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir. İkincisi bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr, bunu yığışdırın, bəsdirin. Kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu, həm yerli icra orqanlarına aiddir, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir».

«SAHİBKARLARI İNCİDƏNLƏR CƏZALANDIRILACAQ»

İlham Əliyev sahibkarların rayonların abadlıq işlərinə cəlb edilməsindən danışıb:

«Hər bir rayonun öz büdcəsi var. Hər bir rayona dövlət tərəfindən vəsait ayrılır. Prezidentin Ehtiyat Fondundan mütəmadi qaydada vəsait ayrılır. Bu vəsaitlə iş görmək lazımdır. Sahibkarları bu işlərə cəlb etmək lazım deyil. Kim istəyir, kömək eləsin. Amma bəzi hallarda onları məcbur edirlər. Böyük həcmdə onlar xərc çəkirlər. Sonra da pulunu vermirlər. Belə olmaz. Kimsə fikirləşir ki, mənə bu məlumatlar çatmır, səhv edir. Bütün məlumatlar çatır. Bir də deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaq».



Prezident İlham Əliyevin 2007-ci ildə maşınlarda plyonkaların sökülməsi barədə çıxışı:

SƏNCƏ, PREZİDENTİN BU XƏBƏRDARLIĞI AZƏRBAYCANDA MƏMURLARI VƏ ONLARIN AİLƏ ÜZVLƏRİNİ DAHA KORREKT DAVRANIŞA MƏCBUR EDƏ BİLƏCƏKMİ? FİKİRLƏRİNİ AŞAĞIDAKI FORUMA YAZ.

XS
SM
MD
LG