Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:32

İqbal Ağazadə: «İsmayıllı hadisələrində həbs olunanlar azad edilməlidir»


Milli Məclis
Milli Məclis
-
“PREZİDENTLƏ BİR OLMALIYIQ”

“Mən prezidenti dəstəkləyirəm və bu, prezidentin vətəndaşlıq mövqeyidir. Bəzi məmurlar həddini aşan və xalqa xidmət etmək əvəzində başqa hərəkələr edirlər. Biz bu kimi hallara qarşı kəskin mübarizə aparmalıyıq”.

Bunu fevralın 15-də Milli Məclisin iclasında deputat Fəzail Ağamalı fevralın 12-də prezidentin keçirdiyi toplantıya və həmin toplantıda məmurlarla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib:

“Mən hələlik ad çəkmək istəmirəm. Hesab edirəm ki, biz deputat olaraq ölkə prezidenti ilə bir olmalıyıq. Harınlamış məmurların öz postlarından uzaqlaşdırılmasında ona kömək etməliyik”.

“MİLLİ MƏCLİSİN EHTİYAT FONDU YARADILSIN”
İclasda danışan deputat Fərəc Quliyev isə Milli Məclisin ehtiyat fondunun yaradılmasını təklif edib:
Fərəc Quliyev
Fərəc Quliyev
“Yerlərdə deputatlar seçicilərlə daha çox görüşlər keçirsin. Bəzi həmkarlarım belə görüşlər keçirir. Hesab edirəm ki, prezidentin ehtiyat fondu kimi Milli Məclisin də ehtiyat fondu yaradılmalıdır. Düşünürəm ki bu fond əhəmiyyətli olar və bu deputatların yerlərdə işləməsinə daha çox yardım edər. Əhali ilə iş görmək üçün bu fonda böyük ehtiyac var. Dünyada belə nümunə var. Mən bununla bağlı prezident administrasiyasına da müraciət edəcəm”. -

“İSMAYILLI HADİSƏLƏRİNDƏ HƏBS OLUNANLAR AZAD EDİLMƏLİDİR”
İclasda millət vəkili İqbal Ağazadə İsmayıllı hadisələrinə toxunub. O, REAL rəhbəri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun həbsini ədalətsiz addım kimi qiymətləndirib:
İqbal Ağazadə
İqbal Ağazadə
“İsmayıllıda hadisə yanvarın 23-də olub, yanvarın 24-də biri müxbir, digəri isə vətəndaş fəalı kimi hadisələri izləmək üçün rayona gedib. Amma onlar buna görə həbs edilib. Bu düzgün deyil. Hadisələrin məsuliyyətinin hakimiyyətin üzərindən götürüb müxalifətin üzərinə atılmasının nə adı var? Mən hesab edirəm ki, Milli Məclis bu məsələyə münasibət bildirməlidir və İsmayıllı hadisələrinə görə, həbs olunanların hamısı azad olunmalıdır. Ştrasserin siyasi məhbuslarla bağlı layihəsi keçmədi, nə olsun ki, yenə adamlar həbs olunur və yeni siyasi məhbus siyahıları yaranır” .
İqbal Ağazadə bildirib ki, İsmayıllıdakı həbslər cəmiyyətdə və beynəlxalq aləmdə ciddi suallar yaradıb.
Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov isə İqbal Ağazadənin fikirləri ilə razılaşmayıb:
“İqbal müəllim, elə istintaq da iki nəfərin İsmayıllıya müxbir, vətəndaş fəalı kimi gedib-getmədiyini araşdırmaq üçündür. Buna görə narahat olmayın”.

«ELƏ GÖRÜNÜR Kİ BİZ HEÇ NƏYƏ ETİRAZ ETMİRİK»

Deputat Fazil Mustafa Polşada keçirdikləri tədbirlərlə bağlı Azərbaycan televiziyalarında heç bir məlumat verilməməsindən narazılıq etdi.

«Televiziyalar heç Milli Məclisin iclaslarını normal göstərmirlər. Elə görünür ki, biz heç nəyə etiraz etmirk, hər şeyə yekdilliklə səs veririk. Məncə, bu məsələyə aydınlıq gətirilməlidir. Həbslərə gəldikdə, Tofiq Yaqublunun tutulması absurddur. Qızı həbsdə, özü həbsdə, bu mənəviyyat baxımdan da ciddi məsələdir və deputatlar buna baxmalıdır. İlqar Məmmədova gəldikdə, o parlamenti heyvanxanaya bənzidib. Ona qarşı münasibət Tofiq Yaqubluya olan münasibətlə eyni olmalı deyil».

«BİZ NƏ VAXTA QƏDƏR QANUN YAMAQÇILIĞI İLƏ MƏŞĞUL OLACAĞIQ?»

Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı
Deputat Sabir Rüsrəmxanlı İqbal Ağazad ilə Fazil Mustafanın həbslərlə bağlı fikirlərini müdafiə etdiyini dedi.

«İnsanların günahı sübut olunmadan həbsə salınması, incidilməsi narazılıq yaradır. Prezident bir neçə gün əvvəl dedi ki, heç bir məmur insanları narazı salmasın. Tofiq Yaqublu və qızı həbsə atılıb. Bir qız avtomobil qəzası törədib, onu ancaq həbs eləməkmi lazım idi?. O gün Tofiq Yaqublunun bir qızı gəlib baxıram ki, balaca qızdır, atası və bacısının azad olunması ilə bağlı imza toplayır. Bu məsələyə baxmaq lazımdır. Belə olmaz axı».

Daha sonra deputat qanunlara tez-tez əlavə və dəyişiklikləri tənqid etdi.

«Biz nə vaxta qədər qanun yamaqçılığı ilə məşğul olacağıq? Biz qanuna baxıb göndəririk. Ancaq nazirlik baxır, görür burda insanları incitmək üçün imkan yoxdur və biz yenidən ona əlavələri müzakirə edirik. Biz dəfəklərə məhkəmə və digər dövlət qurumlarına müraciət edirik, amma deputatın müraciətinə cavab verilmir».

Ziyafət Əsgərov isə Sabir Rüstəmxanlının qanunlara yamaq vurulması məsələsi ilə razı olmadığını bildirdi:

Zahid Oruc
Zahid Oruc
«Bu beynəlxalq qanunlara, konvensiyalata qoşulmağımızla bağlıdır. Bəzən də cəmiyyət də baş verən hadisələr qanunlara dəyişiklikləri zəruri edir. Buna mənfi yanaşmaq lazım deyil, biz heç bir yamaqçılıqla məşğul deyilik».

«VƏZİFƏSİNİN ÖHDƏSİNDƏN GƏLƏ BİLMƏYƏN MƏMURLARI İSTEFAYA ÇAĞIRIRAM»

Ana Vətən Partiyasından olan deputat Zahid Oruc prezidentin çıxışlarına müsbət yanaşdığını dedi.

«Mən sizin yadınıza Ensklopediya ilə bağlı müşavirəni salmaq istəyirəm. Prezident ensklodediya hazırlayan adamı çox yerində tənqid etdi. Almaniya nümunəsinə baxın. Almaniyalı nazir plagiatlığa görə istefa verdi. 16-cı Benedikt qocaldığı üçün yaxşı dua edə bilmirdi və Allah qarşısında günah etmək istəmədi deyə istefa verdi. Mən də öz işinin öhdəsindən gələ bilməyənləri Azərbaycan məmurlarını istefaya çağırıram».

«İLQAR MƏMMƏDOV ÇOXDAN HƏBSƏ GETMƏK İSTƏYİRDİ VƏ ÖZ YERİNİ TAPDI»

Siyavuş Novruzov həbslərə görə cəmiyyətdə narazılıqların olması barədə deyilənlərin ciddi olmadığını bildirdi:

“Azərbaycanda heç bir narazılıq yoxdur, tam sakitlikdir. İlqar Məmmədovu deyirsinizsə o, çoxdan həbsə getmək istəyirdi və öz yerini tapdı”.
XS
SM
MD
LG