Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:44

Rəqqas Şəhriyar Cəfərov: «Bu ölkədə vətənpərvərlik yad janra çevrilib»


Şəhriyar Cəfərov
Şəhriyar Cəfərov
-
«Bu gün nəinki milli rəqslərimiz, hətta klassik balet sənətimiz böyük zərbə altındadır»

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına peşəkar rəqqas Şəhriyar Cəfərov söylədi.

RƏQS SƏNƏTİNƏ ƏYLƏNCƏ KİMİ BAXIRLAR

Onun sözlərinə görə, bunun günahı ifaçılarda deyil:

«Həmin qurumlara rəhbərlik edənlərdədir. İstər ansambl rəhbəri olsun, istərsə Opera və Balet Teatrının rəhbərliyi olsun, istərsə də, buna biganə münasibət göstərən Mədəniyyət Nazirliyinin məsul şəxsləri olsun... Onlar Azərbaycan Rəqs sənətinə ciddi sənət nümunəsi kimi yox, bir əyləncə kimi baxırlar. Rəqslər bizim milli-etnik mənsubiyyətimizi ortaya qoyan bir sənətdir. Bu bizim tariximizdir, adət-ənənəmizdir. Amma bu gün milli rəqslərimiz düzgün təmsil olunmur. Mən bu işdə Dövlət Rəqs Ansamblının rəhbərliyini - fəxri adlara layiq görülmüş, «Şöhrət» ordenli, Xalq artisti Afaq Məlikovanı qınayıram».

MİLLİ RƏQSLƏR NECƏ QURULMALIDIR?

Şəhriyar bəy dəfələrlə mediada bu sahədə olan problemləri qabartdığını söyləyir:

«Dövlət Rəqs Ansamblının repertuarında milli rəqslərimizin korifeyi Əlibaba Abdullayevin quruluş verdiyi bir rəqs belə yoxdur. Nə haqla? Onun yerinə ucuz, səviyyəsiz, nöqsanlı quruluşlar yer alıb. Məsələn, «Mirzeyi–Vağzalı» rəqsi. Hamı bilir ki, bu gəlin havasıdır. Quruluşçu rəqsi quranda gəlin obrazı təqdim etməlidir. Bəs bu gün dövlət tədbirlərində, qastrol səfərlərində bu rəqs necə təqdim olunur? 20 kişi səhnəyə çıxır və Xalq artisti Təranə Muradova bəyaz paltarda onların arasında görünür. Mən sual verirəm, siz hansı obrazdasınız? Əgər gəlinsinizsə, 20 kişinin arasında nə gəzirsiniz? Rəqqasə obrazındasınızsa, o dövrdə kişi məclislərində qadın rəqqasə oynamayıb... Biz səhnədə adət-ənənələrimizi tərənnüm edirik. Əgər bu rəqsin dramaturji xətti o deyilsə, sən bu yanaşma ilə ona yad ünsürlər qatırsan... Bu savadsız bir sintezdir- olmaz belə sintez! Sən quruluşda, xoreoqrafik leksikada, rəqsin dilində müasirlik et, süjetdə yox!».

CƏNGİ - VƏTƏNPƏRVƏRLİK OYATMIR!

Şəhriyar Cəfərov «Cəngi»nin quruluşundan da danışdı: «Cəngi»ni Üzeyir bəy «Koroğlu» operasında da istifadə edib. «Koroğlu» igidliyi, vətənpərvərliyi tərənnüm edir. Bu rəqsin quruluşunda qılınclar, qalxanlar oynamalıdır. Elə əvvəllər Qəmər Almaszadə bu rəqsi kişilər üçün qılınc-qalxanla qurmuşdu. Amma bu gün Afaq Məlikova o rəqsi necə qurub? Bayram rəqsi kimi - sanki 15 oğlan-qız yığışıb kütləvi bayram edir. Bəs hanı bu rəqsin dramaturji süjeti? Hanı vətənpərvərlik? Ümumiyyətlə, bu gün vətənpərvərlik sanki yad janra çevrilib. Ya «Şalaxo» rəqsi? Bu gün həmin rəqs slavyan mənşəli yad ünsürlərlə doludur. Afaq xanımın baletmeyster diplomu yoxdur. İfaçı kimi sözüm yoxdur. Bəs o quruluşçu kimi nə haqla rəqslərimizə xələl gətirir, ziyan verir?»

MİLLİ PROBLEMİNİ XOREOQRAFİYA İLƏ ÇÖZ!

Şəhriyar bəy Opera və Balet Teatrının repertuarına da toxundu:

«Bu teatrda bizim cəmiyyətə lazım olmayan mövzularda tamaşalar qurulur. Tamaşalar bir pərdəli baletlərdir - 30-35 dəqiqəlik. Düşünün, bu tamaşalara nə qədər pul xərclənir?! Adlarını çəkim - «Şəhrizad», «Orleon qızı», «Paxita», «Karmen»... Niyə bu 23 il ərzində teatr bir dəfə də olsun vətənpərvərlik mövzusuna - Qarabağ, şəhidlər mövzusuna, Xocalı faciəsinə həsr edilmiş tamaşa qoymayıb? Yazan yoxdursa, rəhbərlik Bəstəkarlar İttifaqına müraciət etsin... Olmazmı ki, bu mövzuda tamaşa qurasan, səfirləri dəvət edəsən, o tamaşalarla qastrol səfərlərinə çıxasan, öz milli problemini xoreoqrafik sənət vasitəsilə dünyaya tanıdasan?»

NİYƏ RƏQS FESTİVALLARI KEÇİRİLMİR?

Ş. Cəfərov ölkədə tez-tez keçirilən festivallardan da danışdı:

«Muğam festivalları keçirilir, Rostropoviç adına festival, Bülbül adına festival keçirilir. Caz festivalları, Qəbələ Musiqi festivalları da həmçinin. Bəs niyə Rəqs Festivalı yoxdur? Əlibaba Abdullayev adına Rəqs Festivalı keçirmək olmazmı? Ya Qəmər Almaszadə adına Klassik Balet Müsabiqəsi? Niyə Mədəniyyət Nazirliyi bunu düşünmür? Niyə bu sahəyə yad münasibət bəsləyir?»

- Şəhriyar Cəfərov Arif Məlikovun «Məhəbbət əfsanəsi» baletinin uzun illərdir ki, ölkədə səhnəyə qoyulmamasını nə ilə izah etdi?

- Balet ustaları Rəfiqə Axundova və Maksud Məmmədovun quruluş verdiyi tamaşaların səhnədən silinməsini nə ilə izah etdi?

- «Babək», «İldırımlı yollarla», «Yeddi gözəl» baletlərinin səhnə üzünə həsrət qalmasının səbəbini nədə gördü?

- Yerli quruluş ola-ola «Yeddi gözəl» baleti niyə xarici xoreoqrafın quruluşunda tamaşaya qoyuldu? Qonağımız o quruluşu niyə bəyənmir?

- Opera və Balet Teatrı niyə tamaşalarla dünya qastroluna çıxmır? Bəs Rəqs Ansamblı milli rəqsləri nə səbəbdən dünyada tanıtmır?
- Xoreoqrafiya məktəbinin yanında tikilən Tədris Teatrının binası niyə yarımçıq qaldı? Onu nədən söküb göydələn tikdilər?

- Bu problemləri deyən Şəhriyar Cəfərov niyə təhqirlərlə üzləşir?

- Şəhriyar Cəfərov nədən Avropa Məhkəməsinə üz tutmağı düşünür?

- Şəhriyar bəy daha nələr danışdı?

«İz»i tam halda buradan dinlə:
XS
SM
MD
LG