Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:57

«Sumqayıt hadisələri»ndən 25 il ötür


Natiq Сavadlı
Natiq Сavadlı
-
«Haradasa səhər saatlarında dedilər ki, Sumqayıtın 3-cü mikrorayon ərazisinə getmək lazımdır, orda vəziyyət qarışıb. Gəldik ki, orada 50-yə yaxın gənc toplaşıb. Onlardan biri çıxışında dedi ki, Ermənistanda azərbaycanlıları döyüb-öldürürlər. Az sonra milislər gəlib onu maşına mindirib apardılar».

«HİSS OLUNURDU Kİ, KİMSƏ İNSANLARI İDARƏ EDİR»

O vaxtlar 10-cu sinifdə oxuyan jurnalist Natiq Cavadlı Sumqayıt hadisələrinin necə başlandığını belə xatırlayır. Onun fikrincə, həmin hadisələri kimlərinsə yönəltdiyi aydın görünürmüş:

«Mən ilk dəfə idi belə kütləvi aksiyada iştirak edirdim. Hiss olunurdu ki, kimsə insanları idarə edir. Şəhərin hüquq-mühafizə orqanlarının proseslərə müdaxilə etməməsi təəccüb doğururdu. Sumqayıtın çevrəsindəki hərbi hissələr də seyrçi mövqeyi tutmuşdu. Sonralar eşitdim ki, 3 gün sürən bu olaylarda 32 nəfər həyatını itirib – 26 erməni və 6 azərbaycanlı. Bu gün də anlaya bilmirəm ki, ordu və DTK niyə olaylara müdaxilə etməyib. Çox yaxşı yadımdadır: fevralın 28-də hər saatbaşı respublikanın o dönəmki rəhbəri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Kamran Bağırovun sumqayıtlıları sakitliyə çağıran müraciəti yayılırdı».

Natiq Cavadlı deyir ki, hüquq-mühafizə orqanlarının hərəkətsizliyini görən sakinlər şəhərin bir çox məhəllələrinə daxil olan «kütlə»nin qarşısını özləri alırmış.

«ERMƏNİ AİLƏLƏRİNİ EVİMİZDƏ GİZLƏTMİŞDİK»

Elçin Həsənov
Elçin Həsənov
Sumqayıt sakini Elçin Həsənovun dediyinə görə, onların məhəlləsində evlərə soxulmaq istəyən gənclərin əksəriyyəti yad adamlar olub:

«Yadıma gəlir, məhəlləmizdəki gənc evlərə soxulmaq istəyənlərdən birinə onu ilk dəfə gördüyünü dedi. Gəncləri erməni evlərinə soxulmağa çağıranları məndən yaşca daha böyük olan sumqayıtlılar da tanımırlar».

Elçin Həsənov azərbaycanlıların erməni ailələrini qoruduğunu da söyləyir:

«Məhəlləmiz icra hakimiyyətinin yanındadır. Erməni ailələri daha çox bizim məhəllədə yaşayırdı. Qonşularımızla birgə bir neçə erməni ailəsini öz evimizdə gizlətmişdik».

1988-ci il fevralın 28-dən 29-a keçən gecə Sumqayıtda baş verən hadisələrdən 25 il ötsə də, o qanlı olayın səbəbləri barədə mübahisə və müzakirələr kəsilmək bilmir.
Evlərə hücumları kimlərin qızışdırdığı, milliyyətcə erməni və azərbaycanlı sakinləri kimlərin öldürdüyü barədə müxtəlif fikirlər var.

ƏVVƏLCƏ NAXÇIVAN VƏ GƏNCƏDƏ ETMƏK İSTƏYİBLƏR

Sumqayıt iğtişaşlarının təşkilatçılığında ittiham olunan 1 erməni və 6 azərbaycanlının məhkəmə prosesində dövlət ittihamçısı olmuş hüquqşünas Aslan İsmayılov hələ də müəmmalı qalan səbəblərdən söz
Aslan İsmayılov
Aslan İsmayılov
açır:

«İğtişaş iştirakçıları, əsasən, azərbaycanlılar olub, amma məsələnin kökünü heç kim araşdırmayıb. Sumqayıt hadisələrini SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və erməni millətçiləri təşkil edib. Bunu əvvəlcə Naxçıvan və Gəncədə etmək istəyiblər, amma hər dəfə qarşısı alınıb. Sumqayıtda isə məqsədlərinə çatıblar. Bu hadisə heç də iki millət arasında baş verən bir hadisə deyildi. Belə toqquşma bəzi güclərə lazım idi. Birincisi, bu hadisə erməni millətçilərinə lazım idi ki, azərbaycanlıları dünyaya vəhşi bir millət kimi tanıtsınlar. İkincisi, bu, SSRİ DTK-ya lazım idi. Qorbaçovun yenidənqurmasından sonra DTK bir qədər sıxışdırılmışdı. DTK-ya lazım idi belə hadisələr olsun və güc göstərib sübut etsin ki, söz sahibi odur. Bu, SSRİ-ni dağıtmaq üçün Qorbaçovun özünə də lazım idi. Beləcə, Nobel mükafatına layiq görüldü. Bu kimi hadisələr SSRİ-nin dağılması üçün Amerikaya da lazım idi».

SUMQAYIT HADİSƏLƏRİ İLƏ BAĞLI MƏHKƏMƏDƏ ÜZƏ ÇIXANLAR

Aslan İsmayılov əsas iştirakçılardan birinin erməniəsilli Eduard Qriqoryan olduğunu xatırladır və məhkəmə materiallarının da bunu sübut etdiyini deyir.

Eduard Qriqoryan
Eduard Qriqoryan
Aslan İsmayılov məhkəmə materialları əsasında hazırladığı kitabında yazır ki, Sumqayıt hadisələrində zərərçəkənlər - Lyudmila və Karina Mejlumyan bacıları Yerevanda keçirilən məhkəmə prosesində Eduard Qriqoryanın iğtişaşçıların önündə getdiyini deyiblər:

«Cinayət törətməkdə şübhəli bilinənlərin hamısının şəkillərini zərərçəkənlərə göstəriblər, o cümlədən Melkumyan bacılarına. Həmin bacılar onlarla adamın fotosuna baxıb bəzilərini tanıdıqlarını deyiblər, amma Eduard Qriqoryanın fotosunu görüncə, qəzəblə qışqıraraq, bütün hadisələrin başında onun durduğunu bildiriblər».

YUXARILARIN İSTƏYİ VƏ İDARƏÇİLİYİ İLƏ BAŞ VERƏN HADİSƏ

Politoloq Zərdüşt Əlizadə də Sumqayıt hadisələrinin yuxarıların razılığı əsasında baş verdiyini düşünür:

«Əminəm ki Moskva, DTK, Daxili İşlər Nazirliyi, Kommunist Partiyası strukturundakı müəyyən qruplar istəməsəydi, bir neçə xuliqan belə mütəşəkkil cinayəti törədə bilməzdi.
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
Sumqayıt talanı yalnız yuxarıların istəyi və idarəçiliyi ilə həyata keçirilə bilərdi».

SUMQAYIT HADİSƏLƏRİNƏ ERMƏNİLƏRİN BAXIŞI

Sumqayıt hadisələrinə ermənilər arasında da fərqli yanaşmalar var. Olaya azərbaycanlıların ermənilərə hücumu kimi baxanlar, eyni zamanda iğtişaş ssenarisinin Moskvada hazırlandığını söyləyənlər var. Məsələn, Ermənistan prezidentliyinə keçmiş namizəd Paruyr Hayrikyan 1988-ci ilin fevralında Sumqayıtın erməni sakinlərinə qarşı basqınların təşkilində sovet hakimiyyətini ittiham edib. O, Sumqayıt olayını Moskvanın təşkil etdiyi bir hadisə adlandırıb.

Fevralın 27-də BBC radiosunda efirə gedən reportajda da müxtəlif fikirlər dilə gətirilib. Sumqayıtın keçmiş sakinləri olan ermənilər 25 il əvvəlki hadisələrdə azərbaycanlıları həm qatil, həm də xilaskar kimi qələmə veriblər.
XS
SM
MD
LG