Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:46

Vahid Mustafayevdən plagiat ittihamına cavab: "Onda Şekspiri də suçlayaq"


Vahid Mustafayev
Vahid Mustafayev
-

"Onda biz gərək Şekspiri də plagiatda suçlayaq ki, “Romeo və Cülyetta” Nizami Gəncəvinin “Leyli və Məcnun”unun kompilyasiya formasıdır"

ANS Şah İsmayıl haqda böyük serial da çəkir.



Xocalı faciəsi haqda "Xoca" filminin rejissoru, ANS-in prezidenti Vahid Mustafayev "525-ci qəzet"ə müsahibə verib. (Müsahibədən bəzi hissələr)


– Son günlərdə mətbuatda yazıldı ki, “Xoca”da 1-2 məqam məşhur “Brest qalası” filmindən plagiatdır. Buna münasibətiniz?

– Dediyiniz məsələ sadəcə, savadsız insanların yazılarıdır.

Kinematoqrafiyadan xəbəri olmayan insanların sözlərini əhəmiyyətli hesab eləmirəm. Onların göstərdiyi fraqmentlər sözsüz ki, bizim filmimizin fraqmentlərinə uymur.

Onda biz gərək Şekspiri də plagiatda suçlayaq ki, “Romeo və Cülyetta” Nizami Gəncəvinin “Leyli və Məcnun”unun kompilyasiya formasıdır. İndi bilinmir Şekspir oxuyub onu, ya yox? Bunu mətbuatda yazanlar və yayanlar çox qeyri-peşəkar adamlardır.

Çox təəssüf ki, indi belələri media sahəsində var. Ümumiyyətlə, kinematoqrafiya çox ciddi sahədir. Və bu sahədən yalnız peşəkarlar danışa bilər. Bu gün rüşvətlə müxbirlik edən, daha doğrusu özünü müxbir adlandıranlar, sözsüz ki, belə ciddi sahələrə girməməlidirlər.

Birincisi, bizim filmimiz üç beynəlxalq festivalda iştirak edib. Xatırladım ki, heç bir beynəlxalq festival hansısa səviyyəsiz filmi qəbul etmir. İkincisi, kinematoqrafiya ümumiyyətlə ştamplar üzərində qurulub. Kinematoqrafiyada müharibə janrı da, sevgi- məhəbbət janrı da ştamplardan ibarətdir.

Bu ştamplar nədir? Biz müharibədən danışanda əlisilahlı kişilərin digər əlisilahlı kişilərlə savaşından söhbət açırıq. Bunu necə də fırlatsalar, bu, kişilərlə kişilərin savaşıdır. Yuli Sezar vaxtından bu günə qədər vuruşan tərəflər müxtəlif hiylələrdən istifadə ediblər. Bu barədə hələ Odisseya hekayələrində danışılıb. Bunlar hər zaman, hər bir hadisədə təkrar edilən ştamplardır. Ən maraqlısı odur ki, axı film bu haqda deyil. Burada müharibə arxa plandadır.

Bu barədə danışanlar ümumiyyətlə, filmi başa düşməyiblər. O ki qaldı oradakı hərbi səhnələrə, filmdə çəkilən və Xocalıda baş verən hər bir hadisə arxasında sağ və rəhmətə getmiş insanlar durub. Bu hekayələri mənə aktyor kimi filmimizdə iştirak edən Nazim Hüseynov – Əlif Hacıyevin polis batalyonunun üzvü danışıb. Bu hadisələrin digərlərini poçt rəisi Cavid, eləcə də o vaxt kənd sovetinin rəhbəri olan şəxs danışıb. Filmlə bağlı azı 27 adamdan müsahibə götürmüşəm. Bu hekayələri onlar danışıblar.

Bu filmdə bir dənə də Xocalıda olmayan hadisə yoxdur. Bundan da çox hadisələr olub, mən hamısını filmə sala bilməmişəm. Onlardan ən parlaqlarını seçmişəm. Bu, bir daha Azərbaycan xalqının şücaətindən, qəhrəmanlığından, gücündən danışır. Burada nə isə axtaranları anlamıram. Mehribanla Yuranın ölüm səhnəsinə gəlincə, bu, tamamilə fərqli bir hekayədir. Bu müsəlman və xristian dinindən olan müxtəlif insanların faciəsidir. İnsan öz sevdiyi qadını həddindən artıq sevdiyinə görə öldürür. Bu, məhəbbətin zirvəsidir.

Onu niyə öldürdüyünü axı mən filmdə göstərirəm. Belə bir söz var, mahnıdan parça çıxarmaq olmaz, gərək mahnıya bütöv qulaq asasan. Filmi belə parça – təhlil etmək düzgün deyil. Filmdə mən göstərirəm ki, erməni əsgərləri iki qızı tutub zorlamağa aparırlar. Onlardan biri ermənilərin əlindən qaçır və onu güllələyirlər. Ondan sonra Yura Mehribana deyir ki, qoymaram sən əsir düşəsən. Demək istəyir ki, səni zorlayacaqlar, səni korlayacaqlar.

Ondansa, mən səni öldürüm. Niyə Mehriban özü-özünü öldürmür? Ona görə ki, müsəlmandır. İslamda intihar günahdır. Yura tək qaldıqda da özünü öldürür. Biz əks tərəfdə rus ordusunu göstərmişik, eyni zamanda bizim tərəfdə də Azərbaycan vətəndaşı olan rusu da göstərmişik. Mən filmdə, ümumiyyətlə, qəddarlığı bir xalqın ayağına yazmıram.

Hamımız bilirik ki, bizim xalqımız qeyrətli, şücaətli, axıra qədər döyüşən xalqdır. Burada nə qeyri-adi bir şey var ki, bəzilərini belə çaşdırıb, qıcıqlandırıb? Doğrudanmı onlar inanmırlar ki, Azərbaycan xalqı son damla qanına qədər vuruşmağa qadirdir?

– Bunu yazanları filmin uğuruna kölgə salmaq istəyi kimi qiymətləndirirsinizmi?

– Düşünmürəm ki, bu, uğura kölgə salmaqdır. Düşünürəm ki, bu, sadəcə olaraq Xocalı faciəsinin ildönümünün qeyd edildiyi vaxt Ankarada soydaşlarımıza, Fransada Xocalı qətliamını dünyaya tanıtmağa çalışan qeyrətli Vətən övladlarımıza olan hücumların davamıdır.

Yaxşı, filmdəki “plagiatı” niyə indiyədək “aşkarlamırdılar”, məhz Ankarada, Fransada azərbaycanlılara qarşı hücumlarla eyni vaxtda bu oxşarlıqları guya “tapdılar”, ortaya çıxardılar? Bəlkə də belə olması yaxşı oldu. Açıq-aşkar gördük ki, Azərbaycanda kimlər ermənilərin dəyirmanına su tökür, kimlər ermənilərlə əlbir-dilbirdir, canbir qəlbdədirlər.

–Son günlərdə ardıcıl olaraq Xocalı ilə bağlı keçirilən aksiyalarda həmvətənlərimiz təzyiqlərə məruz qaldılar. Siz də yəqin “Xoca” filmi ilə bağlı basqılarla, təzyiqlərlə, təpkilərlə üzləşmisiniz...

–İngiltərədə də, Hollandiyada da, Qırğızıstanda da, Rusiyada da, Türkiyədə də, bir sözlə, olduğumuz hər yerdə bizə qarşı təpkilər olub. Düzdür, Azərbaycandakı kimi bu cür gülməli təpkilər olmayıb.

Orada daha ciddi şeylər olub. İnsanlar sadəcə, bizimlə mübahisə aparıblar, sözlə döyüşüblər. Lakin biz onlara öz filmimizlə sübut etmişik ki, bu, hansısa bir döyüş filmi deyil, bu təkcə Xocalı qətliamına yox, dünyada törədilən bütün qətliamlara qarşıdır.

– Yaxınlarda yeni film ekranlaşdırmağı nəzərdə tutursunuzmu?

– Biz indi ANS və “Bakıfilm” olaraq inşallah, Şah İsmayıl Xətai haqqında böyük seriala başlayırıq. Çox gözəl, möhtəşəm kostyumlarla Səfəvilər dövlətinin yaradıcısı İsmayıl şah haqqında film çəkəcəyik. Hazırlıq dövrü gedir.

Bilirsiniz ki, Çaldıran döyüşündə İsmayıl şah məğlub olur, amma mən filmdə fərqli göstərmək istəyirəm. Filmdə Şah İsmayılın bənzəri, oxşarı məhv olur, amma özü sağ qalır. Niyə oxşarı ölür? O görür ki, Çaldıran döyüşündə ətrafında olanlar dostları deyil. Bunlar ancaq yeni torpaqlar götürmək, qarət etmək, pul qazanmaq fikrindədirlər. Amma Şah İsmayıl tamamilə fərqli bir natura idi.

O, azərbaycanca şeirlər yazırdı ki, bütün dünya azərbaycanca oxusun. İkinci layihəmiz 20 Yanvarla əlaqədardır. Bu da tarix olaraq bizim qəlbimizdədir. Amma yenə də əslində nələrin baş verdiyini biz tam olaraq bilmirik. Bu barədə bədii film çəkmək istəyirik.

Bu filmdə mən istəyirəm qurbanlarla şəhidlərin arasında bir xətt çəkim. Şəhidlər Xiyabanında yatanların çoxusu qurbanlardır. Onların da qarşısında biz baş əyirik. Amma şəhid fərqli anlayışdır. Şəhid şüurlu şəkildə öz həyatını xalqına, Vətəninə qurban verən kəsdir.

Amma qurban basqı nəticəsində həyatını itirib, gülləyə tuş gəlib. Düşünürəm ki, bu film də çox maraqlı olacaq. Üzərində işləməyə başladığımız üçüncü layihə 1918-ci ildə Azərbaycana Andronikin rəhbərliyi ilə girən erməni ordusunun girməsi və xalqımızın – Azərbaycan qoçularının onların dəstələri qarşısında duruş gətirməsindən və onların üzərində qələbə çalmasından bəhs edir. Vaxtdır, belə filmləri çəkməliyik ki, gələcək nəsillər öz şərəfli keçmişini təbii və real şəkildə görsünlər, əsl həqiqətləri öyrənsinlər.

Sevinc MÜRVƏTQIZI
XS
SM
MD
LG