Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:48

Çirkab gölünün sakinləri


Elza Abdullayeva
Elza Abdullayeva
-
Bu ərazidə gecə-gündüz neft mancanaqlarının çaqqıltısı eşidilir. Yağışsız günlərdə buranın torpaq yollarında palçıq dizə çıxır. Tullantılar sanki boy-boy çəpər hörüb. Çox umacaqsız bir adı var buranın – «20-ci sahə». Daha doğrusu, söhbət «20-ci sahə»nin tən ortasındakı yerdən gedir. Burada çirkab sularından göl yaranıb. Bəlkə də dünyanın tək gölüdür ki, öz küçəsi var – Arif İsmayılov küçəsi. Nə az-nə çox, azı 4 min adamın yaşadığı yerdir bura...

«Görürsünüz, yollar bərbad gündədir. Palçıqdan yolu keçə bilmirik. Mən özüm xəstə adamam. Bilmirəm yolu necə gedirəm. Hər tərəf də zibillikdir».

Qəsəbə sakini Elza Abdullayeva addımını atmağa quru yer axtarsa da, tapmır:

«Özü də burda neft çıxır. Hər səhər açılanda deyirik, şükür Allaha ki, neft fontan vurmayıb. Neft çıxan ərazidə yaşayışa necə icazə veriblər, bilmirəm. Neçə illərdir deyirlər bizi köçürdəcəklər... Hələ də köçürmürlər».

Burada 5 ildir yaşayan Fatma Əliyeva ayağında qaloş zibillikləri, palçıq yolları dəf edə-edə, nəhayət, evinə gəlib çatır:

«Kanalizasiya sularına bax, hər tərəf palçıqdır. Bax, biz bu iyrənclik mənzərə ilə baş-başa yaşayırıq».

«EVLƏR QANUNSUZDURSA, NİYƏ PUL YIĞIRLAR?»

Evlərin qeydiyyatı yoxdur
Evlərin qeydiyyatı yoxdur
Fatma Əliyeva deyir ki, bura neft ərazisi olduğundan onların qeydiyyatı yoxdur:

«Deyirlər neft ərazisidir. Bəs bələdiyyə buranı ev dəllalına necə satıb? Mən də pul verib almışam. Hər ay supulu, qazpulu, işıqpulu veririk. Zibilpulu da veririk, yığırıq, zibilin içində üzürük. Bu pullar hara gedir? Danışanda da deyirlər bu evlər qanunsuzdur. Evlər qanunsuzdursa, bu pulları niyə yığırlar? Burdan neft çıxır. Hər səhər dururam, başım hərlənir. Dünən 200 təzyiqlə həkimə çatdırdılar».

Sakinlər deyir ki, dəfələrlə ərazidə yanğın olub:

«Əlbəttə, yanğın olacaq. Neft ərazisidir, neçə dəfə yanğın olub. Evlərimizin içindən nöyüt iyi gəlir. Zibilliklərə görə qışın günü ağcaqanad əlindən bilmirik neyləyək».

Ərazinin ilk sakinlərindən olan Camal Kazımov deyir ki, evini 20 il əvvəl tikib:

«Bura birinci mən gəlmişəm. Evi tikdim. Sonra başqaları gəldi. Qanunsuzdursa, onda tikməyə icazə verməyəydilər. Niyə onda bələdiyyə torpaq satırdı?».

ƏRAZİ DÖVLƏT NEFT ŞİRKƏTİNİN TABELİYİNDƏDİR

Sakinlərdən adambaşına 30 qəpik zibilpulu alınır
Sakinlərdən adambaşına 30 qəpik zibilpulu alınır
Ərazinin daxil olduğu Səbail rayon Bələdiyyəsinin sədr əvəzi Rauf Abbaslı deyir ki, həmin yer ziddiyyətli ərazidir – vaxtilə Dövlət Neft Şirkətinin balansında olub. Bir müddət sonra ərazi bələdiyyə torpağı kimi göstərilib. Bakı şəhər İcra Hakimiyyəti sonradan bu ərazini məhkəmədə uduzub. Məhkəmə prosesi 2-3 il çəkib. Həmin müddətdə bələdiyyə torpaqları satıb. Dövlət Neft Şirkəti bu ərazinin dövlət torpağı olduğunu sübut edib. Beləcə, sakinlər havada qalıb:

«İndi məhkəmə qərarı var. Ancaq icrası ilə bağlı heç bir qərar yoxdur. Köçürülmə ortaya çıxsa, yəqin ki, dövlət onlara kompensasiya ödəyəcək».

Ərazinin daxil olduğu 149 saylı mənzil-kommunal istismar sahəsinin əməkdaşı Gülxar Quliyeva deyir ki, sakinlərdən adambaşına 30 qəpik zibilpulu alınır:

«Biz onlardan ancaq məişət tullantıları üçün pul alırıq. Adambaşına 30 qəpik. Bizim süpürgəçilərimiz var, ərazini yığışdırırlar. İndi texniklər gəlsin, deyərik, gedib təmizləyərlər».

74 yaşlı sakin Məryəm Mehrəliyevanın icra qurumlarından tək xahişi var:

«Bura zibilxanadır. Nə olar, bizi birdəfəlik burdan köçürün...».
XS
SM
MD
LG