Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:40

Əli Əmirli "Ölü doğan şəhər" (Roman)


Əli Əmirli
Əli Əmirli
-

Əli Əmirli


ÖLÜ DOĞAN ŞƏHƏR

(Roman)


Arxası qatda xərəyə uzadılıb canı ilə əlləşən xəstədən başqa təcili yardım maşınına birtəhər yerləşmiş üç adamın hamısı sürücü ilə birgə bu acı yolun haçan qurtaracağını düşünürdü və təsadüfi deyildi ki, bu üç nəfərdən ikisi – həm can verən xəstənin arvadı, həm də sürücünün yanında oturmuş qızı eyni vaxtda bu xaraba yolun uzandıqca uzandığını deyib xəstənin səssiz-səmirsiz açılıb-yumulan dişsiz ağzına ümidlə baxdılar: bəlkə nə dediyini, nə istədiyini dodaqlarının tərpənişindən anladılar.

Həkim deyəndə ki, aparmağınız məsləhətdir, qoy öz evində-eşiyində, balalarının əhatəsində olsun (ölsün?), daha burda, yəni xəstəxanada qalmasının mənası yoxdur, arvad əl atmışdı yanaqlarına, qız isə qəfil irəli keçib yapışmışdı köhnə professorlara oxşayan ağsaçlı həkimin xirtdəyindən və abrını bükmüşdü ətəyinə. İndi maşında oturmağa yer olmadığından çöküb xəstənin başı üzərinə əyilmiş qardaşı həkimlə qızın arasına girib bacısına təpinmiş və özünü saxlaya bilməyib elə oradaca – hamının gözü qabağında hönkürmüşdü, çünki hələ üç gün qabaq indi qızın əlindən qurtarıb yaxasını-başını səliqəyə salan həkim demişdi ki, əməliyyat gözlədiyimizdan yaxşı keçdi, heç qorxub-eləməyin, inşallah, üzü bəridir.

– İlahi, sən məni niyə ikinci dəfə bədbaxt elədin? – Yanağında dırnaq yeri olan qadın birtəhər oturduğu narahat kətildə, darısqallıqda buruldu burula bildikcə. – Ə, sən məni bu qərib şəhərdə, bu qərib ölkədə kimə umud olub gedirsən, ay namərd? Ə, mən axı belə deməmişdim, Gəray...

Xəstənin qorxudan başqa ayrı heç nə ifadə etməyən gözləri alacalandı. İrilmiş bəbəkləri bir az da böyüdü. Gözlərinin ağı saralıb bulanmışdı, dili olmasa da, bu gözlər soruşurdu ki, niyə məni sağalmamış aparırsınız, niyə qoymursunuz... Üçü də onunla göz-gözə, baxış-baxışa gəlməyə qorxurdu. Həyatın lazımsız şey kimi birdəfəlik özündən kənara itələdiyi adama bu bivaxt səfərin səbəbini açıb demək müşküldən müşküldü. Bədbəxtlikdən (bəlkə də xoşbəxtlikdən) xəstənnn dili iki gündü tutulmuşdu və o heç nə soruşa bilmirdi. Bu gün səhərdən isə elə bil ondan soruşulanları da nə eşidir, nə başa düşürdü. Hər halda, hamıya biganə idi, ətrafındakılara məhəl qoymurdu. Həkim demişdi ki, sorğu-suala tutmayın, onsuz da huşu üstündə deyil, heç kimi də tanımır. Elə bu hökmündən sonra da evə aparmağı məsləhət görmüşdü...

Xəstə sağ əlini qəfil qaldırıb hardansa yapışmaq və deyəsən dikəlmək istədi, daha doğrusu, buna təşəbbüs elədi, ancaq alınmadı və onun ağırlığı uzaqdan bilinən iri əli qolundan vurulmuş kimi yanına düşdü, xərəyin brezentə salınmış dəmiri tappıldadı, qanrılı oturub atasını gözdən qoymayan qızın üzü əyildi, o po-zulmuş, bir qədər köntöyləşmiş səslə arvada acıqlandı:

– Az, xala, saxla da onun əlini! Üstü də açıldı – Axırıncı sözdə çatlayan səsinə qəfil hüzn gəldi. – Qarnındakı yara yerinə qurban olum, papa! – deyib yavaşdan uladı.
Oğlan da ağlamaqdan boğula-boğula dedi ki, az, ulama, axı eşidir. Amma inamsız dedi «eşidir» sözünü, şübhəsi vardı xəstənin eşitməyinə.
– Ölümüm qabağında olsun, Gəray, qorxma. Səndə na var, ə? – Arvad dedi və gözləri hədəqəsindən çıxmaqda olan xəstəni göstərib əlinin işarəsi ilə qızla oğlanı sakitliyə çağırdı. – Noolub ki, saa? Balaların yanında, mən qarabaxt, qarataleh burda, noolub ki? Səni ayrı həkimə aparırıq. Nə var ki səndə? Doxdur dedi beş-on günə... – Xəstənin indiçə yumduğu gözündən bir damcı yaş qaynayıb çıxdı və gicgahına doğru süzüldü... Arvadın ürəyinə köz düşdü. Sözünü bitirə bilmədi. Əlində yumrulayıb saxladığı alaçirk dəsmalın büküşlərini açıb yaş daşlanan gözlərinə sıxdı, süni toxtaqlıq onu tərk elədi və qadın ağlaya-ağlaya göz yaşından islanmış dəsmalı ilə sifətinə ölüm sarısı gəlmiş ərinin alnını, çənəsini, üzünü sığallayıb sildi.
– Az, darıxdırma! – Qız dedi. – Onsuz da hövsələsi bir tikədi.
Arvadın içində qıza qarşı etiraz hissi coşsa da, özünü saxlayıb cavab vermək istəyini boğdu. Daha doğrusu, guya onun mərifətsiz iradına məhəl qoymadığını sübut eləmək üçün dəsmalın qırışıqlarını dizinin üstündə sığallayıb əlinin içi ilə ütülədi, səliqə ilə dörd qatlayıb xəstənin alnında puçurlanmış tər damcılarını quruladı.
– Ayrı vaxt bu yolu hiss eləməzsən ey... – Yenə də qız dedi.
– Xaraba qalsın yolunu da, onun şəhərini də. – Arvad xeyli toxtaq səslə dedi. – Gəldik gəlmədik bir gün görmədik burda. Çıxdı axırımıza bu nufus şəhər. Bədbaxt elədi məni bu şəhər...
Şəhər elə bil adını eşidib qəfil çıxdı boz üfüqdən. Uzaqdan görünən hündür, alçaq, qalın, nazik borular, uzaq olsun, islam şəhərlərindəki uca minarələrə oxşayırdılar. Ağızları da açılmışdı göyə, dayanmadan-durmadan qara, göy, sarı, boğuq qırmızı tüstü buraxırdılar havaya. Yeddi başlı əjdaha kimi alov püskürən borular da vardı. Bu zəhərli tüstülərin, rəngbərəng alovların zəqqumu da durmadan, yorulmadan havaya yayılır və ətrafda nə vardısa hamısının üstünə çökürdü. Bu zəhər kifir beşmərtəbəli qutu evlərin beçə topası kimi sallanmış xırda, dar-düddək eyvanlarının qabağındakı şəritlərdən asılmış ala-çirk yaş paltarlara hopur, onların rəngini dəyişirdi. Yarpaqlarını hələ yazın qırx beşində töküb qurtaran, meyvələri ölü doğulan, gələn yazadək lümlüt qalan sısqa ağaclar vərəm xəstəliyi olan yeniyetmə qız kimi zavallı görkəmdə idilər...
Şəhərin girəcəyindəki şüar adamın gözünə girirdi. İkiqat dayanmaqdan beli keyimiş oğlan birtəhər çömbəldi və qarşı şüşədən irəli baxdı. Şüar onun da gözünə girdi: «X. şəhəri Lenin ideyalarının canlı təcəssümüdür». Doğrudur, oğlan fikrində təsdiq etdi, buna şübhə eləyən kafərdir. Amma gətirəsən o Lenini bura, deyəsən İsveçrədən sonra bir beş-on gün yaşa ideyalarının canlı təcəssümü olan bu gözəl şəhərdə, görüm halın neçə olur. Bunlar ağlından ixtiyarsız keçdi və bu vəziyyətdə belə kənar mətləblər haqqında düşünməyi özünə ar bilib fikrini xəstəyə yönəltdi. Xəstənin nəsə başa düşüb-düşmədiyini dəqiq bilməsə də, onunla göz-gözə gəlməkdən çəkindi, odur ki, gözucu baxdı kişiyə və qəfil qızartı çökdü sifətinə, xəstə ona baxırdı, bəlkə də məhz oğlu ilə göz-gözə gəlmək üçün baxırmış ona.
– Nədi, papa? De, nə istəyirsən? Yerin narahatdı? İstəyirsən bir az çəkim səni yuxarı? Hə? Çəkim? – Deyəsən xəstə başını tərpətdi.
– Ə, başa düşür ey... allah, məni öldür... – Arvad kişinin üstünə əyildi ki, üzünü yaxşı görə bilsin. Xəstə elə bil qabardı. – Can, can, Gəray. Vallah yeri beyrahatdı, ə, onun. Allah, adam bir üzüüstə nə qədər qalar? Ədə, sən allah, çək onu bir az yuxarı, beli lap çökəkdədi.
Maşın çalaya düşüb çıxdı. İçindəkilər bərk silkələndilər. Xəstənin xərəyi də dala-qabağa sürüşdü. Qız ağlar səslə sürücüyə yalvarırdı:
– Sən allah, yavaş sür, yarasından qorxuram... Sürücü istədi desin ki, bundan sonra nə fərqi var, istəyirsən lap sök qoy yerə, bədbaxtın kitabı elə bağlanmayıb ki, bir də açıla. Özü də bilmir ki, yerin altındadır bu saat, yoxsa üstündə. Çoxdan öyrənmişdi bu cür xəstələrə. Maşında can verən çox adamı aparmışdı, çox ağılar, çox nalələr eşitmişdi. Ayparalı bu «daranqlet» maşın elə ölümlərin, elə faciələrin şahidi olmuşdu ki, yazan lazım idi kitab bağlaya. Ona görə də onu ta belə şeylər tərpətmirdi, gözü-qulağı öyrəncəli olmuşdu. Hələ desən can verən xəstələri apar-mağa həvəslə razılıq verirdi. Dərddən ürəyi şişən xəstə yiyələri pul üstündə çənə-boğaz eləmirdilər, sürücünün də çörəyi bu maşından çıxırdı.
– Ə, həkimə pul verməmişdin ki? – Arvad birdən-birə çox ayıq bir sual verdi. Oğlan narazı qaldısa da, başını bulayıb «nç» elədi. Yaxşı ki, verməmişdi, yoxsa durub təzədən geri istəməyəcəkdi ki. Yəni, yoldaş həkim, kəsdiyin xəstə ölür, zəhmət də olsa, pulu bəri elə. Görünür, həkimin təcrübəsində belə hallar olmamış deyildi, bəlkə də xəstənin vəziyyətindən gözü əvvəlcədən su içmirmiş. Yoxsa cibinə pul soxmaq istəyən hündürboy, dəli-dolu gözləri almaz kimi işıq saçan, gur şabalıdı saçları alnında at yalı kimi tərpəşən bu gözəl oğlanın əlini şalvarının cibində tutub deməzdi ki, sonra, reanimasiyadan ümumi palataya keçirəndə, yəni sağalmağa üz qoyanda, təhlükə tamam sovuşanda, onda özüm deyəcəm, qədərini də. Oğlan həkimin bu ehtiyatlı tərpənişindən şübhələnsə də sevinmişdi, çünki əlini cibinə salsa da, orda başqa xəstələrdən eşitdiyi məbləğdə pul yox idi. Bəlkə də olacaqdı, günü sabah, birigün, baxır baxtın gətirməyinə, işin çoxluğuna-azlığına. Bu gün işləyə bilməmişdi, cibində olan vur-tut iki əllilik də onun deyildi. Dəstənin əmlakından idi. İş vaxtı lazım olan yeddi-səkkiz əllilikdən ikisi qalmışdı. Yadından çıxmışdı təhvil vermək, bəlkə də qəsdən saxlamışdı.
Daimi iş yerləri yox idi. Şəhərin ən gur, gedimli-gəlimli küçələrində, daha çox tinlərdə, vağzal rayonlarında işləyirdilər. Bir köhnə üstü sürüşkən stol, üç ədəd sarı üskük və bir dənə də noxud boyda rezin kürəcik. İş avadanlığının belə az olması iş yerini, daha doğrusu, «toçka»nı tez-tez dəyişməyə imkan verirdi. Yerin düzgün seçilməsi müvəffəqiyyətin ümdə şərti idi. Əsas müştəriləri isə rayonlardan, kəndlərdən şəhərə təzə gəlmiş, özünə hələ yer eləməmiş təkəbbürlü cavanlar idi. Maraqlı burası idi ki, bu cavanların əksəriyyəti yaxşı bilirdi ki, stolun üstündəki üskükləri gözbağlıca səriştəsi ilə ora-bura sürüşdürən dilli-dilavər oğlan da, onun böyür-başında oyunu qızışdırmaq üçün hay-küy salan bir neçə nəfər də fırıldaqla məşğuldurlar və onlardan pul udmaq müşkül işdi, bununla belə şəhərlilərə «dərs vermək» meyli ilə oyuna qoşulurdular. Əsl mərəkə də bu vaxt başlayırdı. Üsküklərin sürüşdürüldüyü stol düşmən qoşunu kimi mühasirəyə alınır. Elə bir səs-küy düşür, haray qopur ki, gəl görəsən.
– Alə görmürsən?
– Gözdən qoyma o üsküyü! Gördün? Bax, bax... – Köməkçilərdən biri qəfil qışqırır:
– Alə, numra gəlirsən, paçkə basırsan, alə?
– Kim numra gəlir, alə? Mən numra gəlirəm?
– Sən dayan, belə dur! – Köməkçilərdən biri müştərini qırağa itələyir. – Mən gedirəm! Ala, qərdeşim, bu mənim yüzlüyüm.
Müştəri özünü təhqir olunmuş hiss edir və köməkçinin qabağına keçir.
– Maa noolub ə? Yüz əlliyə gedirəm.
– Mən ölüm, dayan, dayan ey...
Üskükçü qışqırır:
– Geriyə! Geriyə! Alə, qoyuz işləyək də! Maşatçılıq eləmüyüz də.
Üskükçünün «Geriyə» komandasını «İrəli» kimi başa düşmək lazımdır. Oyunun ən məsuliyyətli anı yetişir və bayaqdan geri itələnən müştəri bir də görür ki, üskükçü ilə «tet a tet» dayanıb. Ətrafına da ətdən elə hasar çəkilib ki, nəinki burdan çıxmaq, heç girmək də mümkün deyil. Üskükçü keçir psixoloji hücuma.
– Nöş devikmisən, alə? Duxun yoxdu çəkil, qoy hava gəlsin.
Hasara dönmüş köməkçilər təzyiqi artırırlar:
– Alə, şaxmatdı səninçin?
– Oynamırsan çıx da...
– Duxun yoxdu...
– Oyunçu gəlsin! – Üskükçü qışqırır. «Oyunçu» köməkçilərdən biridir. Bir göz qırpımında müştəri ilə yanaşı peyda olur.
– Çəkil, alə, frayır! – Müştərini çiyni ilə vurur və üskükçüyə qışqırır:
– İki yüz!
– Alə, lap üç yüz! Nə qorxudursan bizi? – Üskükçü əllilikləri çıxardır – Bax, açıram a!
– Üç yüz dedin a. – «Oyunçu» vəcdlə qışqırır.
– Açdım! – Və üsküyü yavaşca götürür. Noxudu görüb qışqırır. – Vay sənin...
«Oyunçu» qələbə qıyyası çəkib üskükçünün əlindən əllilikləri qapır.
– Alə, mənimki gətirmir bu gün. – Üskükçü dilxorluğunu sübut eləmək üçün siqaret yandırır.
Muştəri şirnikib təzədən qabağa keçir.
– Qarışdır!
Üskükçü hələ dilxordur. Üskükləri tənbəl-tənbəl sürüşdürüb həvəssiz deyir:
– Hansıdı?
Müştəri noxudun hansı üskükdə olduğunu qəti bilir və cəsarətlə deyir:
– Budu! Aç! Üç yüz!
Üskükçü həvəssiz rolunu davam etdirir:
– Bəlkə səhvin var?
Müştəri daha da qızışır:
– Aç dedim. Üç yüzə gedirəm.
– Puluvu göstər.
– Alə, onun üç yüzü nə gəzir? Görmürsən... – Köməkçilərdən biridir.
Üskükçü yavaş-yavaş qızışır:
– Puluvu çıxar, alə... Soğan olsun nəğd olsun.
– Bu saat! – Müştəri şalvarının dal cibindən pul çıxarıb üç yüzü ayıranda üskükçü üsküyün yerini dəyişir.
– Nooldu, alə? Say bura! Açıram aaa. Açdım. – Üskükçü qışqırır. – Can!
Müştəri gözlərinə inanmır və özünü itirmiş halda deyir:
– Axı burda idi, özüm görmüşdüm...
– Alə, xalam oğlu qərdeşim, mən sənə paçkə basıram? – Üskükçü rəngi ağarmış müştərinin əlindən pulu alıb saymadan ciblərindən birində gizlədir, daha doğrusu, uduş pulları üçün nəzərdə tutulmuş qoltuq cibinə qoyur və oyun yenə də davam edir. Növbəti müştəri meydana çıxanacan özləri özləri ilə oynayırlar. Kənardan beş-on dəqiqə müşahidə etsən əsl müştərilərlə «oyunçu»ların fərqini dərhal görərsən.
– Mən oynayıram!
– Puluvu çıxart!
– Saxla, iki yüzə gedirəm.
– Qorxmursan, alə? Görmədin o çuşkəni necə yoldum?
– Dedim iki yüz, artıq söz də lazım deyil.
– Onda qoy bura nağd. Nağd!
– Əlimdədi.
– Açdım... Pah! – Üskükçü əlini dizinə çırpır. – Alə bu necə oldu?
Və beləcə iş gedirdi iki saat, nadir hallarda üç saat. Hər ehtimala qarşı gündə iki-üç saatdan çox işləmirdilər. Qarmağa keçən müştərilər bir şeyi bilmirdilər ki, bu oyunda udmaq yox, yalnız uduzmaq var. Üskükçünün köməkçiləri isə üç-dörd nəfər deyil, on-on iki nəfərdir. Rusiya lotularının icad elədiyi və bizim «paçkə basmaq» həvəskarları arasında geniş yayılmış bu fırıldaq oyunda iştirak edən köməkçilərə «Verxni», üskükçünün özünə isə «Nijni» deyirlər. Mənəviyyatsızlığın gizlinlərdən aşkara çıxdığı bir vaxtda küçələrə cəsarətlə addımlamış bu primitiv qumarda hər kəs tutduğu vəzifəyə görə haqq alır. Ən məsul iş üskükçünün, yəni «Nijni»nin payına düşdüyündən pulu hər kəsin fəallığına uyğun surətdə o bölür. Gəlirin əsas hissəsini rəhbər və təşkilatçı kimi «Nijni» götürür. Milislə, digər nəzarət və mühafizə orqanları ilə dil tapan, haqq-hesab çürüdən də «Nijni»di. Beləliklə, üskükçüdən başqa hərəsinə otuz-qırx, bəzən bundan iki-üç qat artıq pul düşürdü. «Nijni» öz qazancının miqdarını demək olar ki, gizli saxlayırdı.
Üç-dörd gündü oyunlar onsuz keçirdi, başı qarışmışdı atasının xəstəliyinə, operasiyasına. Gündəlik qazancdan məhrum olmuşdu, gəlib dirənmişdn xüsusi işarəsi olan qoşa əlliliyə. Onları xərcləmək isə ümumi işə xəyanət kimi qiymətləndirilirdi. Düzdür, çox məcbur olsa xərcləyə də bilərdi, çünki üzürlü səbəbi vardı, atası ağır xəstə idi, ancaq kim deyə bilərdi ki, dəstənin ən fəal hay-küy salanlarından biri olan narkomanın həmin başıbağlı, xüsusi nişanlı əlliliklərdən xərcləməyə üzürlü səbəbi yoxdur. «Lomka» başlayanda nəinki başıbağlı əlliliyk xərcləmək, hətta adam öldürmək, lap elə anadan, bacıdan keçmək də məqbuldur. Bəs hələ alkaş dedikləri? O ki bircə gün içkisiz yaşasa ölə bilər. Norması gecikəndə elə əsir ki, yanında dayananlar yıxılır.
– Az, ört o pəncərəni. – Arvad qızın üzünə baxmadan dedi: – Xarabanın zəhər havası doldu içəri. Onsuz da bədbaxt oğlunun havası çatmır, ölur öz gününə. – Oğlana nisbətən isti, mehriban səslə dedi: – Ə, gör nə istəyir, başına dönüm. Dəəsən sənnəndi.
Oğlan xəstənin biləyindən yapışıb mümkün qədər sakit və aydın səslə soruşdu:
– Nədi, papa? Nəsə demək istəyirsən? – Cavab almadı.
Xəstənin nə saralmış sifəti, nə ölü gözləri bir şey deyirdi. – Bəlkə yerin narahatdı, qorxma, indi çatırıq evimizə...
Birdən elə bil kişinin üzünə şüur işartısı gəldi, dodaqları tərpəndi, ağzından qırıq-pozuq səslər çıxdı, ancaq nə bu səslər, nə onun qəfil havaya qalxıb tez də yanına düşən əli bir şey ifadə elədi və o kəskin hərəkətlə başını əks tərəfə döndərdi. Görünür danışa bilmədiyindən mütəəssir oldu.
– Vallah eşidir, başa düşür... – Qız sevincək dedi.
Arvad içindən buruldu:
– İlahi, sən niyə bunun dilini aldın əlindən, niyə qoymadın bir ürəyindən keçəni bu axır ayaqda balalarına desin? Niyə bunu da çox gördün ona? Niyə sən mənim evimə ölüm göndərdin? Axı mən heç vaxt sənin üzünə ağ olmamışam, ası düşməmişəm.
Qızın qaşları şimşək kimi oynadı, qapqara gözləri od saçdı:
– Ay arvad, bəsdi da, axı eşidir, axı hər şeyi eşidir. Yum ağzını da.
– Sən dilini dinc qoy. Fasfarağat otur yerində. – Arvad hirsindən qızardı və əvvəl ikiqat dayaimış oğlana, sonra burdan görünməyən sürücü səmtə baxdı, elə bil deyəcəyi sözün yerinə düşüb-düşməyəcəyini bilmək istəyirdi. – Qoy dilini qarnına! Elə sən öldürdün onu, sənin dərdin qoydu onu bu günə. Saldı ürəyinə, çəkdi içində...
– Bəsdi, xala... – Oğlan arvada təpindi. – Bəsdi!
– Dəymə, Fuad, – qız əlini qardaşının əlinin üstünə qoydu. – Qoy desin, fürsətdi.
– Ta susmuyajam, ta qorxmuyajam. Ta hansı günümə, hansı sahatıma abır saxlıyajam?


...Kişi qapqara qaralmış vəziyyətdə girdi içəri. Çox vaxt arsız-arsız deyib gülən, hələ desən hırıldayan, yaşına yaraşmayan yüngüllük eləyən ərinin bu ağır, ləng yerişi qadının gözündən qaçmadı. Heç də arıq olmayan bu adamın kürək sümükləri elə bil birdən çıxıb donbalmışdı, pencəyinin kürəyini iki yerdən deşib çıxacaqdı guya. Qadın bildi ki, zərbə o «hayasız» tərəfdən dəyib, onuncu sinifdən hayıxıb xam dayça kimi dişi-dırnağı ilə yer eşən «bihəya» tərəfdən əsib qara yel. Bədbəxtliyi hənirindən tanıyan arvad qanırdı ki, bütün qapıları dərd-qəm, fəlakət üçün taybatay açıq olan evinə müsibət gəlir; bu müsibətin, yoxsa fəlakətin konkret təzahürünü görməsə, təsəvvür etməsə də, bilirdi ki, məşəqqətlərdən keçib büdrəyə-büdrəyə, itirə-itirə, yıxıla-yıxıla, üzübəri gələn və hər an dağılmağa hazır bu ailənin altında, elə bil haçan partlayacağı məlum olmayan mina qoyulub. Bədbəxtlik bu evə girmək üçün açıq qapı, bir himə bənd pəncərə də axtarmır, əksinə açıq qapıların hansından girəcəyini götür-qoy eləyir. Dinmədi qadın. Atasını bu kökdə görən və «bihəya» deyilən bacısından ikicə yaş kiçik olan oğlan dinməz-söyləməz gah atasına, gah da ölən anasının yerinə ərə gəlib ögey anaya dönmüş xalasına baxdı ki, nə əcəb bu arvad səbr eləyir, nə əcəb soruşmur ki, «A bədbaxtın oğlu bədbaxt, niyə bu kökdə, bu sahatdasan?» Həm də oğlan bu söhbətin açılmasından qorxurdu, çünki o da hiss edirdi ki, həmişə dərd-sərə deyib-gülməyi, arağı-çaxırı və çox vaxt şit-kobud lətifələri ilə üstün gələn atasının bu cür qaralmasına səbəb bacısıdır. Əsas səbəb ortalıqda olanda, gözə girəndə başqasını axtarmaq axmaqlıqdır. Yox, oğlan qətiyyən bacısı haqqında bədgüman deyildi, ona xalasından da, atasından da çox inanırdı, amma...
Arvad bir-birinin dalınca otağa dürtülən yeddi-səkkiz yaşlı əkiz oğlan uşaqlarını tutub barmağını dodaqlarının üstünə qoydu və üzü pəncərəyə, arxası onlara dayanmış kişini göstərib pıçıldadı:
– Papanız hirslidi, qaçın çölə, gedin oynayın. – Onları xeyli mehribanlıq və nəvazişlə itələyə-itələyə qapıdan çıxartdı. Kişi bu vaxt yavaş-yavaş çönüb arvadının əkizləri necə mehribanlıqla bayıra çıxartdığına baxdı. – Gedin, gedin oynayın, qurbanınız olum. – Arvad pıçıldadı: – Mənim bədbaxt balalarım.
Əkiz uşaqlar onun doğma bacısının deyil, özününkülər idi, yəni bu əkiz oğlan uşaqları oturub atalarının nə deyəcəyini intizarla gözləyən on beş yaşlı oğlanın və bu evə bədbəxtlik gətirəcəyi güman edilən qızın atabir, ana ayrı qardaşları idi.
Arvadın səsindəki qəfil ahəng dönüşü, yumurta üstündə oturan qırt toyuq ehtiyatkarlığı ilə balalarının kürəyinə toxunub guya onları bayıra itələməsi nə oğlanın, nə də pəjmürdə atanın diqqətindən yayınmadı. Və kişi xeyli tənə ilə dedi:
– Bə o birilərə niyə heylə mehriban dəyilsən? Niyə onlarla da adam balası kimi rəftar eləmirsən? Bəlkə bu gədə, – oğlanı göstərdi, – o ölmüş qız heç sənin dost-doğma bajıyın qarnından çıxmayıblar? Bəlkə nasranı doğub bulları?
Oğlan söhbətin pis başlandığını və bundan da pis qurtaracağını bilib ayağa qalxdı. Uzun boyu az qala qapı bərabərində idi. Heç kimin üzünə baxmadan «Mən getdim Qəribgilə» dedi.
Arvad qızardı və bu qızartı heç də cinayət üstündə tutulduğundan deyildi və ağzını açanda bu məlum oldu:
– Nə vermisən, ə, maa ala bilmirsən? Nə günümə, nə sahatıma mehribanlıq eləyim, ə mən? Mən bu evə, bu xaraba şəhərə ərə gəlib bəxtəvərliyə çıxmışam?
– Yox, sən ərə yox, gora gəlmisən. – Kişi bir balaca həslədi.
Qadınsa ilhama gəldi:
– Ə, bilin ey, allah mənim başımdan vurub oda salıb ey məni. Ə, hansı arsız bajının yerində ağ günə çıxıb? Ə, Gəray, bil ki, o tifillər olmasa boynuma çatı salıb asardım ey özümü, qurtarardı mənim bu pis üzüm sizin o sırtılmış üzünüzdən.
Arvad peşəkar bədbəxtlər kimi danışarkən söz üçün məəttəl qalmırdı. Danışdıqça da ilhama gəlirdi, dərdindən, qarabəxtliyindən zövq alırdı elə bil. Hər yeni müsibət, hər təzə bədbəxtlik onun fərəhsiz həyatına təzə məna, məzmun gətirirdi. İndi də təzə dərd qoxusu almışdı, xeyli canlanmış, çoşmuşdu.
– De, de qarnıyın dərdini, boşalt üstümə, a bədbaxtın oğlu, a bu dünyada bir xoş gün görməmiş yazıq. – Arvad yerində gah o yana, gah bu yana buruldu. – De, tök dərdini üstümə. Onu görüm arxası qatda çıxsın bu evdən! – Divardakı qoşa uşaq şəklini başı ilə göstərdi. Həvəskar fotoqrafın çəkdiyi şəkildə yeddi-səkkiz yaşında qız və beş-altı yaşında başı dibdən qırxılmış oğlan uşağı bir-birinə sıxılmışdı. Qızın əynində çin ipəyindən parıldayan qısa don, oğlanınsa əynində klassik biçimdə kişi kostyumu, ayağında isə kostyuma uyğun ucu şiş kişi çəkməsi vardı. Sifətindəki məsumluq, yumru yanaqları və fotoobyektivə zillənmiş qaragilə gözlərində qorxu və intizar olmasaydı deyərdin liliputdur. Bu şəklin öz tarixçəsi vardı və onu indi on yeddi yaşına çatmış qız, həm də indicə çıxıb gedən on beş yaşlı uzunboy, dəli-dolu gözlü, sıx saçlı qardaşı yaxşı xatırlayırdılar. Onda hər ikisi xoşbəxt idilər. Kirayə tutduqları özgə evində yaşasalar da, anaları hələ gözəl və cavan, sağlam idi; hələ vərəm ciyərlərini arı pətəyi kimi dəlik-deşik eləməmişdi. İndi dərdə-qəmə batıb qapqara qaralmış ataları da türməyə düşməmişdi, əlinin dalı da gətirirdi, qabağı da, özü də rayonun birinci əhlikefləri sırasında idi. Əlbəttə, bunu uşaqlar bilmirdilər, onlara heç dəxli də yox idi. Onlar heç xoşbəxt olduqlarını da bilmirdilər. Yalnız internata düşəndə, əyin-başlarını bit basanda, haqq-nahaq qapazlar yeyəndə bir vaxt xoşbəxt olduqlarını qanmışdılar. Həmin xoşbəxt gündən bir bu şəkil, bir də unudulmaqda olan kövrək xatirələrin az-maz yaddaş fraqmentləri qalmışdı. O şəkli çəkdirib anaları evin yuxarı başından asanda onlar bilmirdilər ki, çox az bir vaxt keçəcək və onlar həmin xoşbəxt günlərin nişanəsi, sübutu olan şəkildən sürüşüb bədbəxt və məşəqqətli günlərin içinə düşəcək, qəddar baba, məkrli ögey nənə əlindən keçəcəklər: tənələr, danlaqlar yeyəcək, qarğışlar eşidəcəklər.
– Qulağıma qızdan pis sözlər çatıb. – Kişi papiros tüstüsü içərisindən dedi. – Mən neyniyim, başıma haranın daşını salım?
– Bə mən deyəndə niyə inanmırdın, niyə arsızlığına salırdın? Deyirdim axı ay evi yıxılmışın balası, zürüyətinə yəəlik elə, səsi bilvardan gəlir. Çək küçüyünü bağla qravatın ayağına, sorağı dəniz qırağından gəlir. Demirdim? – Arvad daha da ürəkləndi. – Demirdim dirsəyini gəmirəndə gej olajax? Deyirdim axı mən başı daşdı.
Kişi tüstünü daha da çoxaltdı, elə bil arvadından utanır, ya çəkinirdi.
– Deyirdin, amma inanmırdım, deyirdim öyəlik eləyirsən. – Kişi təzə papiros yandırdı.
– Az çək sinənə o zəhəri, bəs eləmir saa bu şəhərin tüstüsü? Niyə öldürürsən özünü, a yazıq? Axı sənin balaların var.
– Vallah, ya onu öldürəjəm, ya özümü.
Arvad inamsız, hələ bir qədər də istehza ilə baxdı ərinə və kişi bu baxışların mənasını ala bilmədi. Qadın yana-yana dedi:
– Niyə onu, niyə özünü? Öldür məni dayna, qoy mənim bədbaxt canım qurtarsın sizin üzünüzdən.
Kişinin elə bil dodağı qaçdı və bir qədər nəvazişlə dedi:
– Qara yer də sənin ayıbını örtsün. Dur bir istikan su gətir, az, maa.
Qapı açıldı və hər ikisi dondu.
– Kimdi?
Arvad gələnin kim olduğunu bilsə də demədi və su gətirmək üçün mətbəxə keçdi.
Gələn qız idi. Çiynindən asılmış sumkasını (çoxdan məktəbə çanta götürmürdü) asılqandan asıb çəkmələrini soyundu. Mətbəxə keçmək istəyirdi ki, atası əmr elədi:
– Bura gəl!
Qız dayandı və dayandığı yerdə də gərildi. Çönüb asta-asta otağa – atasına tərəf bir-iki addım atıb dayandı. Sifətində ötkəmlik var idi, amma diqqət eləyəndə bu ötkəmliyin özünümüdafiə silahından başqa bir şey olmadığı aydınca bilinirdi. Qəzəbindən içini yeyən kişi bu ötkəm ifadəni həyasızlıq kimi qəbul elədi.
– Hardan gəlirsən?
– Məktəbdən.
Kişi ağır-ağır qalxıb ağır-ağır da iri qara gözləri cəsarətlə baxan və mübarizəyə hazır olan qıza yaxınlaşdı.
– Dərs havaxt qurtarır, saat dörddə? – Kişinin ağır əli qızın üzünə dəyib küt səs çıxartdı və bundan sonra kişi daha heç nə demədən hələ də müvazinətini saxlamağa çalışan və müdafiə olunmaq istəməyən qızın harasına gəldi zərbələr yağdırdı. Qız üçüncü, ya dördüncü zərbədən yıxıldı və atasının vəl kimi iri ayaqlarını qucaqladı.
– Qurban olum, papa, vurma! Vurma, öldüm, vurma...
Bu yalvarışlar kişini daha da qızışdırdı, o özü də heyrətlə getdikcə necə azğınlaşdığını və qəddarlaşdığını özgə adam kimi müşahidə edirdi. O görürdü ki, ayaqları altında yumurlanıb, yumağa dönmüş qızı daha çox incitmək istəyir. Qız daha «papa»ya yalvarmağın, onun insafına pənah gətirməyin mənasızlığını görüb, çoxdan ölüb getmiş, qara torpağa qarışmış anasını çağırdı:
– Ay mama, ay mama...
Kişinin əli boşaldı, zərbələri zəiflədi. Xala da mətbəxdən qayıdıb özünü qabağa verdi ki, qızı kişinin əlindən alsın.
– Çəkil! – Kişi hirslə arvadını itələdi. – Çəkil! Sən gətirdin evimə bədbaxtlığı, sənin əyağın dəyən yerdən nufusluq göyərir. Siz məni bu mundar şəhərdə böüzm eliyəssiniz? Papağımı yerə soxdun, qızım?
Qız bir balaca dikəlib ağız-burnunun qanını xalasının üstünə atdığı döşlüklə sildi. Kişi birdən yapışdı onun saçından və silkələdi:
– Cavab ver, eşidirsən? Cavab ver! Bil ki, səni it kimi öldürrəm. Eşidirsən?
Qızın yaşlı gözlərindən intiqam qığılcımı keçdi və döyülmüş, əzilmiş, qana batmış üzünü atasından gizlətmədən böyürdü:
– Taxsır səndədi, sənin özündədi!
– Eşit! – Bayaqdan susan qadın qələbə havasında dedi.
Qız davam elədi:
– Sənin qeyrətin olsa gəzdiyin lotunu evinə gətirməzsən. Biz səndən iyrənirik!
– Nə dedin? Sən nə dedin? – Kişi təzədən hüçuma keçmək istədi. Amma əvvəlki qəzəbi qayıtmadı və bundan sonra o nə deyirdisə qəlp səslənirdi.
– Yeganə, öldürəjəm səni, öz əllərimlə boğajam səni, bir də gedib girəjəm o türmüyə, amma öldürəjəm səni.
– Öldür, gəl öldür! – Qız hönkürdü. – Öldür...
– Aldın payını? – Qadın nalə çəkdi. – Aldınmı payını, ay arsız oğlu arsız? Eşitdin balan üzünə nə dedi? Düz deyir. – Arvad buruldu, burula bildikcə, dərd yeyirdi içini, sökürdü onu. – Qurban olum onun deyən dilinə! Sən qırmızıbaş lotunu mənim evimə gətirib istolumun başında oturdanda, istikan-istikana vuranda bilmirdin ki, büyünün sabahı da var! İndi çək cəzanı, çək!
Bundan sonra qadının bəndələrlə işi qurtardı və üzünü o «gözəgörünməz kişiyə» tutdu. – Ay allah, niyə məni öldürmürsən, niyə mənim aybımı örtmürsən? – Ağladı. – Ə, bəs mən insan dəyiləm, bəs mənim ciyarıma dağ çəkəndə, canıma piltələr döşəyəndə bilmirdin ki, yazığın ahı yerdə qalmıyajax? Axı allah görür, yoxsa o kor olmuş mən bədbaxtın əzabını görmür elə bilirsən? Bəs o qızılbaş lotu gəlib çörəyimi yeyib maa irişqənd eliyəndə bilmirdin ki, allah qəzəbini tökəjək bu evə? Axı bu evdə mənim iki tifilim var. Ə, bəs qorxmadın ki, allah çıxardajax qabağına elədiklərinin əvəzini?
Arvad ağlaya-ağlaya yataq otağına keçdi ki, bir az ağlayıb özünü, qara baxtını, taleyini, şəkli hələ də yataq otağının divarından asılmış bədbəxt bacısını, bu evin dünyadan erkən köçmüş ilk arvadını ağı deyib oxşasın, ürəyini boşaltsın. Bilirdi ki, həmişə ürəyində gəzdirdiyi yükü, ağrını-acını yalnız göz yaşı ilə yerə qoya bilər. Vaxtaşırı bu xırda otağa çəkilib dillə ağlamaq onda mənəvi tələbata çevrilmişdi... Özbaşına, öz ixtiyari ilə gəlməmişdi bu evə, alnına yazılmış qara baxt, qara taleh hərləyib-fırlayıb gətirmişdi onu bura. Bura ərə gəlməyinə heç vaxt sevinməmişdi, sevinə bilməzdi də. Cavan ölmüş bacının yerinə gəlib nə sevinmək, nə xoşbəxt olmaq mümkündü. Bunu arvad yaxşı bilirdi. Oda salmışdı özünü bilə-bilə. Həm də çox gözəl bilirdi ki, xoşbəxtlik, firavan həyat boyuna biçilməyib, əgər belə olmasaydı, axirət dünyasına cavan yaşında köçmüş bacısı ilə beş yaşında anasız qalıb ögey ana əlinə düşməzdilər. Elə olmasaydı on iki yaşından məktəbdən qalıb ögey ananın əvəzinə kolxoz işinə getməzdi. Elə olmasaydı on səkkiz yaşında ögey ana tənəsindən, qapazından baş götürüb sarsağın birinə qoşulub qaçmaz, o da hamı kimi el adəti ilə duvaq altında gəlin gedər, düşdüyü evdə də urvatsız olmazdı. Bəxt, bir də bəxt! Taleh! Qarabəxtə allah da yar olmur, nəinki bəndə. Hər şey alnına yazılmış bəxt yazısına uyğun gedirdi. Sən demə qoşulub qaçdığı avaranın, lotunun, qumarbazın biriymiş. Ən yaxşı işi xırda nəşə alveri idi. Elə getdiyi gündən bir qapazdan qurtarıb başqa qapaz altına düşdüyünü gördü. Burda tənəsi də əsaslı və köklü idi: «Yalvarıb gətirməmişdik ki, özün qoşulub gəlmisən». Vəssalam! Yenə də səsini içinə salıb dözdü, o vaxtlar hələ dərdini indiki kimi dilinə gətirə bilmirdi. Nalələr, ağrılar, nifrinlər üzrə ustalaşmamışdı. Əri türmələrə girdi çıxdı, girdi çıxdı, nəhayət, onu bir uşaqla qoyub tamam yox oldu. Heç bilinmədi hara getdi, hansı həbsxanada batdı, hər halda gördüm deyən olmadı. Bu onu çox kədərləndirmədi, amma ilk yanıqlı ağını üç il bir üzü üstə ona ağ gün ağlamamış ərini gözləməkdən yorulub bir vaxtlar qoşulub gəldiyi bu evdən yanı balalı çıxanda dedi. Həm öz ürəyinə, həm də qonum-qonşunun ürəyinə köz saldı. Və elə ondaca hiss elədi ki, ağı demək ərəfəsində dərddən, ağırlıqdan çatlayan ürəyi getdikcə boşalıb yungülləşmək nədir, hətta həzzdən genəlir, elə bil özü öz dərdindən, bədbəxtliyindən ləzzət alır.
Təzədən başladı onun kətmənli, belli, oraqlı-dəryazlı həyatı. Kənddən çıxdığı vaxtdan sovxoza çevrilmiş kolxozdan aldığı pulla dolanmaq mümkün deyildi. Odur ki, anadan xəstə doğulmuş oğlunu adam kimi yedirtmək üçün axşamları gecənin yarısınadək xalça-palaz toxuyurdu. Oğlu beş yaşında öləndə xalça toxumağın daşını da atdı. Və bir daha bildi ki, o ancaq və ancaq bədbəxtlik üçün gəlib dünyaya. Harda dərd vardısa, allah onu ora da göndərirdi...

...Hər iki əli ilə əndazədən çıxmış qarnının böyürlərindən yapışıb özünü kreslodan çətinliklə qaldırdı. Ayaq üstə dayananda baldırları ağır yükdən şişib gərildi. Görməsə də bildi ki, göyərib üzə çıxmış bənövşəyi damarlar dəri altına girmiş qurbağalar kimi şişdi. Ayaqlarını ancaq güzgüdə görə bilirdi, son bir ayda daha damarların sayını bilmək belə istəmirdi. Elə bil daha ayaqlarının nə günə düş məsi onu maraqlandırmır, narahat eləmirdi. Hərdən indiki kimi yadına düşəndə də öz-özünə ürək-dirək verib deyirdi ki, qoy qurtarım sonra hər şey düzələcək.
Qarnı çox yekə idi. Elə bil içində bir deyil, beş uşaq vardı. Kim görürdü əvvəl bir içini çəkirdi. «Balam, bu nə qarındır» va ya «Ömrümdə bu boyda qarın görməmişəm» deyir, sonra da toxtayır və təəccüb eləyib gözlərini bərəltməyindən, sualından doğan pərtliyi yumşaltmaq məqsədilə deyirdi ki, maşallah, maşallah, gör indi nə uşaq olacaq. Sonra da əlavə eləyirdi ki, vallah əkiz oğlan doğacaq bu qız. Anası da deyirdi ki, iraq olsun, ağəz, ağzıvı xeyirliyə aç, əkiz nədi? Bizim nəsildə əkiz uşaq görməmişik, həmişə abırlı doğmuşuq biz.
– Bə niyə qurtarmır, balam? Axı mənim hesabımla gərək vaxtı ötmüş ola. – Bunu ertəsi, ya başqa bir gün ayrı qadın deyir.
Anası da cavab verirdi ki, balam, bizim hesabımızı siz niyə aparırsınız?
Cavabında hesabdar qadın şaqqanaq çəkib gülür və deyir ki, az, bə bilmirsən ki, toydan sonra birinci hamiləliyin hesabını qonşu aparar?
– Yetirib axı deyəsən?
– On ayına girib... – Anası dərdli-dərdli növbəti qonşuya deyirdi. Sonra da daha çox özünə ürək-dirək verirdi. – Həkim deyir oğlandı, ona görə ləngiyir.
– Həkimi neynirik, özümüz bilmirik? Qadasını aldığım oğlan həmişə bir həftə-on gün gecikir, mürdəşir qızdı, hələ bir az da tez gəlir, hə deməmiş pırt eləyib düşür. Qadam qızın ürəyinə, zəhləm qızdan gedir.
Hamilə zəhləsini tökmüş bu söhbətlərə qulaq asa-asa burnuna dəyən nəhəng qarnına baxır və çox vaxt şaşqın-şaşqın gülümsəyirdi; bilmirdi uşağın gecikməsinə sevinsin, ya kədərlənsin. Hər halda «oğlan», «gecikmə» kimi sözlər ona bir qədər təskinlik gətirirdi.
İçindən ağır daş kimi asılmış bu yükü gəzdirməkdən, onun əsiri olmaqdan təngə gəlmiş, bezmişdi, ən əsası isə yorulmuşdu. Özü də bu yorğunluğunu doqquz ayın tamamında daha çox hiss eləmişdi. Onu doqquz ayın tamamından ayıran hər gün yükünü bir az da artırırdı. İçindən asılmış yük ağırlaşdıqca, qarnının aşağısına təzyiq edirdi. Hər saat ona elə gəlirdi ki, ağrısı bax bu saat tutacaq, ağlı başından çıxacaq, aləm qarışacaq bir-birinə. Döşləri də ağırlaşmışdı, hərəsi bir pudluq çəki daşına dönüb qarnının böyürlərini döyürdü. Nəfəs almaq da çətinləşmişdi. Ayaq üstdə olanda, bir də arxası qatda uzananda sinəsi bir qədər təzyiqdən azad olur və nisbətən asan tənəffüs edirdi. Doqquz ayın tamamından sonra yaranmış bu dəyişikliklər onun bir vaxtlar içərisini dolduran, ürəyini xoşbəxt hisslərdən genişləndirən səadət duyğusunu da məhv etmişdi. «Bu gün-sabah, bu gün-sabah» deyən anası da artıq şübhə ilə baxırdı ona. Özü də ancaq qarnına baxırdı, gah qabaqdan, gah böyürdən, gah daldan. Ümumiyyətlə, qarnı yekəlib-yekəlib əndazədən çıxandan sonra onu görən birinci qarnına baxırdı. Sifəti bir elə dəyişməsə də, son günlər üzünə qəhvəyi ləkələr düşmüş, hamiləliyinin ilk dövrlərində olduğu kimi ürəyi bulanmağa başlamışdı, elə bil bir uşağı doğub qurtarmamış, ikinci düşmüşdü boynuna. Hərdən güzgü qabağında dayanıb özünə özgə adamın gözü ilə baxırdı və bu vaxt bədənini əlləri, ayaqları və başı olan iri qarın kimi qavrayırdı. Guya qarın ona deyil, o, qarına məxsus idi. Kimya zavodlarının birində işləyən əri (heç vaxt onun hansı zavodda işlədiyini bilməmişdi, çünki qəti əmin idi ki, o zavodların adları nə olur-olsun, hamısı bir məqsədə xidmət edir, adamları zəhərli ab-havası ilə məhv etməyə) söhbətcil və zarafatcıl olmasa da, deyirdi ki, paraxod kimisən. Bu bənzətmə gəlinə təbii ki, xoş gəlmirdi, ancaq cavab da vermirdi, əlləri ilə qarnını tutub pəncərəyə sarı gedir, dörd beşmərtəbəli evin dövrələdiyi iri, boz, demək olar ki, bitkisiz, ağacsız həyətə baxırdı. Həmişəki adamlar, qonşular, hər gün gördüyü üzü tüklü kişilər... Bir tərəfdə nərd, o biri tərəfdə domino şaqqıldayır. Arvadlar tum çırtlaya-çırtlaya döş-döşə, qarın-qarına veriblər. Əyinlərində güllü, gülsüz xələt, ayaqda şəpit, bəzilərinin başında qıyqac, bəzilərində «kasinka» və saatla davam edən qeybət, əcayib söhbətlər və şayiələr. Şəhərin onlarla kimya zavodunun buraxdığı sarı, göy, bənövşəyi tüstülər, gözlə görünməyib, amma üfunətindən baş çatladan qazlar, zəhər-zəqqum axşam tərəfi çökürdü bu iri sənaye şəhərinin və eləcə də görkəmi ilə ürəksıxan bu bomboz həyətin üstünə.
Beşinci mərtəbədən baxanda şəhərin bir hissəsini görə bilirdi. Uzaqdan evlər duman içində görünürdü. Bir-birinin eyni olan beşmərtəbəli qutu evlər zəhərli tüstülərdən əmələ gələn ilğım dənizinin dibində idi. Orta məktəbdə oxuyanda coğrafiya müəllimi deyərdi ki, biz insanlar hava okeanının dibində yaşayırıq. Bu cümlədən nəfəsi tıncıxardı, ona elə gələrdi ki, siniflərinin pəncərələrindən görünən dənizin dibindədir, ağzı-burnu bu saat duzlu su ilə dolacaq...
Eyvana çıxmağa qorxurdu, ona elə gəlirdi ki, eyvana çıxıb zəhərli havanı ciyərlərinə çəkəndə bətnindəki körpəsi tərpənir, özü də bu tərpəniş sevincdən deyildi. Görünür, körpə zəhərli havadan qorunmaq istəyir. Gəlin özü də qorxurdu, ona görə də havasızlıqdan əzab çəkirdi, ona elə gəlirdi ki, aldığı hər udum hava körpəni zəhərləyir, əsəb sistemini korlayır, hələ dünyaya gəlməmiş onu xəstələndirir. Əlacı olsaydı heç bu zəqqum havanı udmazdı. Ancaq zəhər okeanının dibində olanda əlin hara çatacaq? Əvvəllər qətiyyən fikir vermədiyi məsələlərlə maraqlanırdı. Ekologiyaya aid söhbətlər onu son vaxtlar çox məşğul edirdi. Televiziyada bu barədə veriliş gedəndə əvvəldən-axıradək baxırdı. Halbuki əvvəllər doğma şəhərinin fəlakət qarşısında olduğunu eşidəndə hirslənirdi. Qəzetlərdə oxuyanda ki, şəhər ekoloji uçurumun lap qarşısındadır, doğulan uşaqların çoxu xəstə, cavanları sısqa, zəifdir inanmırdı. Öz-özünə deyirdi ki, indi hay-küy qaldırmaq, yaxşını da pis qələmə vermək dəbdir. Bu bizim gül kimi şəhərimiz, gömgöy dənizimiz, camaat hardan çimməyə, qaralmağa gəlir. Oğlanlarımız igid, qızlarımız qəşəng, uşaqlarımız da ki, gül parçası kimi. Ancaq elə ki, hamilə oldu, üç ay qan azlığı ilə mübarizə apardı, sonra da həkim uşağın düşmək təhlükəsi olduğunu dedi, doğma şəhərinə, onun sevdiyi küçələrinə, fəxr etdiyi məşhur zavodlarına, kombinatlarına münasibəti dəyişdi. Sevdiyi gənc şəhər gözündən düşdü. Son vaxtlar isə bu şəhəri özünün şəxsi düşməni sayırdı. Vaxtından iki həftənin keçməsində də o bu şəhəri, onun zəqqum ifraz edən zavodlarını günahkar bilirdi.
Hələ hamiləliyin ilk aylarında həkim demişdi ki, çox gəz, havada ol, qanında hemoqlobinin miqdarı azdır, «yaxşı qidalan», çoxlu alma ye, tərkibində dəmir boldur. Təmiz hava, oksigen... Sənin dərmanın bunlardır. Əgər sağlam uşaq istəyirsənsə, bunlara əməl etməlisən. Allah göstərməsin uşaqda anadangəlmə qan azlığı – anemiya olsa heç nə ilə kömək eləyə bilməzsən, elə uşaqlar on-on iki ildən çox yaşamırlar. Gəlin bərk qorxmuşdu, tərs kimi də zavodda tabelçi işləyirdi, nə hərəkət eləyirdi, nə hava görürdü: günü pəncərəsiz dar-düddək otaqda keçirdi. Tez-tez həkimə pul verib xəstəlik kağızı alırdı. Küçələri gəzib dolanırdı, hərəkət eləyirdi. Beləliklə, gətirib özünü altı aya çatdırdı. Sonra da anasının saxlancından yüz əlli manat götürüb həkimə verdi və bir ay qabaqdan doğum məzuniyyəti aldı. Budur, düz dörd aydır evdədir, hələ də qarnı burnunda gəzir. Doğmur ki, doğmur... Elə ki, doğum məzuniyyəti verdilər, evdə tapılmırdı, hey açıq havada gəzirdi. Gündə beş kilometr piyada yeriyirdi, hələ havanın təmizliyini və ya çirkli olduğunu öz fəhmilə müəyyən etməyi də öyrənmişdi. Küləyin əsmə istiqamətindən bilirdi ki, havadan gələn iy hansı zavodundur, ha tərəfdəndir. Şəhərin başı üstündə minarə əvəzinə ucalan boruların sayını əzbər bilirdi, bəlkə də şəhərdə bu cür informasiyası olan yeganə adam idi. Hansı borunun nə rəngdə tüstü buraxdığını da səhvsiz bilirdi. Əgər borulardan birinin buraxdığı tüstünün rəngi dəyişirdisə təşvişə düşür, narahat olurdu. Elə günlərdə nəinki küçəyə, heç eyvana da çıxmırdı. Ona elə gəlirdi ki, bu boruların müxtəlif kimyəvi tullantılarının havaya lay-lay yayılan zəhəri artıq tez-tez tərpənən, üstdən əl vuranda əli-qolu belə bilinən kör-pənin ciyərlərinə gedir. Hərdən təklikdə arxası qatda uzanıb qarnını dinləyirdi, uşağın tərpənişini, yumşaq, bəzən də kəskin və səbirsiz hərəkətlərini izləyirdi. Belə vaxtlarda o dünyanın ən xoşbəxt qadınına çevrilirdi. Nə gec ərə getməsi, nə zəif, sısqa ərinin həmişə qəmgin sifəti, nə sevincsiz taleyi, anasının daimi deyintiləri qulağına girirdi. Bu dəmlərdə, ümumiyyətlə, tək bu dəmlərdə deyil, boylu olduğu vaxtdan bəri yalnız bətnindəki uşaqla yaşayırdı, ömrünün dadı-duzu, mənası hələ kimliyi, nəliyi məlum olmayan, ancaq asta-asta tərpənib varlığını inadla bildirən, yaşadığını xəbər verən körpədə idi. Bütün dünya onun bətninə köçmüşdü.
Bir dəfə ərinə demişdi ki, havada zəhər çox olanda uşaq ağlayır. Əri təəccüblə baxmışdı ona. Qadın davam eləmişdi. – Mən hiss eləyirəm, hava təmiz olanda, gün çıxanda, kefim yaxşı olanda gülür...
– Qəhqəhə çəkir, ya uğunur?
– Nə qəhqəhə çəkir, nə uğunur, – gəlin gizlicə və məhəbbətlə qarnını sığallamışdı, – amma gülür. – Səsində nəvaziş vardı. – Güldüyünü hiss eləyirəm, onda mən də gülürəm...
– Deyirəm axı, təzəlikcə öz-özünə gülürsən.
– Yox a?
– Heç xəbərin də olmur.
– Bilirsən niyə gülürəm? Oy, bilmirsən, hardan biləcəksən?
– Niyə bilmirəm?
– İçimdə elə bir xoşbəxtlik var ki, daha heç nə istəmirəm. Heç nə!
– Heç nə?
– Heç nə!
– Məni də?
– Səni? – Qız səmimi təəccüblə baxdı ona. – Səni... yox, səni istəyirəm, qohumsan də. Səni ona yaxın, ən yaxın, ən doğma adam kimi istəyirəm. Axı bu dünyada ona məndən sonra ən yaxın adam sənsən...
Əri üzə vurmasa da incimişdi. Ovurdları batmış, ciyərləri zəhərli zavodda işləməkdən zəifləyib kağıza dönmüş, balacaboy, sısqa, adı Yetim atanın inciməyə haqqı da vardı. O, gözəl, sağlam, boylu-buxunlu, pullu, atalı-analı, arxalı olsaydı, yəqin ki, bu səmimi etirafı heç vecinə də almazdı.
Hərdən qadınsızlıqdan təngə gəlib nəfsini öldürmək üçün hamilə arvadına yaxınlaşmağa təşəbbüs edirdi. Gəlin narazı qalıb körpəyə görə nigaranlıq keçirsə də, güzəştə getməli olurdu. Bu vaxt ərinin xəstə sifətindəki yazıq ifadə olmasaydı gəlin yəqin ki, yaxınlığa qəti etiraz edərdi. Bəlkə də bətnində əzizlədiyi körpəyə görə ərini bir müddət sərbəst buraxardı. Deyərdi nə qədər hamiləyəm, mənə yaxın durma, əvəzində səni sərbəst buraxıram. Təki mənə dəymə. Qadın ərinin istəyinə tabe olmağa özünü məcbur edəndə körpəni təhqir etdiyini düşünür və əzab çəkirdi. Əlbəttə, o istərdi ki, əri müvəqqəti çətinliyə dözsün, gözləsin, yox, əgər buna gücü çatmırsa, mütləq körpəni təhqir etməli olacaqsa, qoy getsin bir müddət azad gəzsin, onun buna göz yummağa təpəri çatar...
Qarnı çox ağırlaşmışdı. Təzəlikcə ağrıyırdı, bəzən kəskin ağrı əmələ gəlib də itirdi. Amma bu ağrılar o ağrıdan deyildi. Bir həftədən sonra on ayı tamam. olacaqdı. Bəs bu niyə?.. Gəlin ağladı və bildi ki, içindəki körpənin vecinə də olmadı. Anasının dərdinə biganə qaldı. Çoxdandı körpə nə gülür, nə ağlayırdı. Qadın bunu şəksiz bilirdi.
Eyvanın şüşə qapısından uzağa – şəhərə baxdı. İlahi! Ağ-boz tüstü ilğım kimi çökmüşdü üfüqə. Evlər bir-birinə qarışıb boz mənzərə yaradırdı. Həyətdəki boy-buxundan qalmış boz yarpaqlı ağacların tərpənməyə heyləri də yox idi. Rəngi saralmış-solmuş şəkilə bənzəyirdilər. Heç yarpaqlar da tərpənmirdi. Kişilər yenə nərd oynayırdılar. Yeddi-səkkiz cavansa siqaret çəkə-çəkə nəsə danışıb gülür, gülür, yenə də danışır... Hamısının əlində təsbeh vardı. Arvadlar tum çırtlayırdılar. Tumsatan da çırtlayırdı və qabıqları yerə deyil, elə tum torbasının içinə tökürdü. Üskük boyda stəkan növbəti müştərini gözləyirdi.
İlahi, bunlar görmürlər ki, bu şəhər zəhər içindədir? Niyə bunlar səs-küy salmır, qışqırmır, yaşıllar hərəkatına qoşulub fenol zavodunun, superfosfat kom-binatının bağlanmasını tələb etmirlər? Arvad qazana bir dəfə duzu və ya istiotu çox salanda evdə dava salırlar, həyasızlıq eləyirlər, bəs bayırın ki havasına bu qədər zəhər qatılır, bunlar niyə sakit, dinc dayanıblar? Nə dəhşətli şəhərdir, nə biganə, bədbəxt insanlardır. Erkən ölümə məhkum edilmiş bu adamlar özləri istehsal etdikləri zəhəri birinci dadırlar.
Birdən-birə uzaqdan görünən şəhərə, yaxınlıqdakı evlərə özgə, gəlmə adam gözü ilə baxdı. Bəs bu eyvanlar? Elə bil bu eyvanlar zir-zibil üçün nəzərdə tutulmuşdu. Hamısının qabağından üç-dörd cərgə qısa şərit bağlanmışdı. Bu şəritlərə necə paltarlar sərilməmişdi: xalça-palaz, gündəlik nimdaş ev paltarları, yuyulmaqla çirki, ləkəsi getməyən iş şalvarları, dabanı ömürlük qartmaq bağlamış corablar, döşəkağılar, rəngi sarı tutmuş mələfələr, kişi və qadın şəltələri...
Gəlin əlini gözünün üstünə günlük kimi tutub bir də şəhərin uzağına baxdı və birdən ağlına gəldi ki, axı belə çox davam eləyə bilməz, axı bu biganəlik, bu durğunluq nəhayət şüşə kimi çatlayıb sınmalıdır. Həm də gəlin öz hamiləliyi ilə bü şəhərin görkəmi arasında bir bənzəyiş, məntiqi bir yaxınlıq gördü. Bu şəhər də onun kimi hamiləydi. Əti ürpəşdi. Gəlin bir də onu başa düşdü ki, bu doqquz ayda onun ömrünün, həyatının, hiss və duyğularının yeganə mənası olan hamiləliyi artıq heç nəyə, səmərəsiz yükə çevrilib və o bu ağır yükdən azad olmaq istəyir. Həm də bu istək sürətlə artır, güclənirdi. Bu inamla birgə daha bir qənaət də girləyirdi onu. Qadına elə gəlirdi ki, bu şəhər özü də qəribə bir çirkaba hamilədir. Və ona bir də bu məlum oldu ki, nə bu şəhərin, nə də onun özünün hamiləlikdən azad olması kimsəyə xoşbəxtlik gətirəcək...
...Maşın şəhərə yaxınlaşdıqca ürəkbulandıran, başçatladan iylərin, kəskin qoxuların sayı, çeşidi artırdı. Sərnişinlərin hamısı bu şəhəri gözüyumulu tanıyırdı, çünki bu cür iylər kokteylinə ancaq burda rast gəlmək mümkün idi. Çoxu dünyaya göz açanda bəlkə də elə bu iyləri hiss eləmişdi, hətta özünü yalnız bu şəhərdə yaxşı, gümrah hiss eləyənlər də vardı. Öyrənmişdilər bu cür havaya. Çox vaxt heç adını, təhlükəlilik dərəcəsini belə bilmədikləri xəstəliklər incitmədən, bir növ sığallaya-sığallaya yol tapırdı ürəklərinə, ciyərlərinə, qanlarına, beyinlərinə. Ölüm qurd kimi sürünə-sürünə səssiz-səmirsiz yol tapırdı içlərinə, yer eləyirdi özünə.
Sürücünün açıq pəncərəsindən içəri dolan üfunət maşındakı nisbətən təmiz havanı silib-süpürüb çıxartdı. Xəstənin sinəsi sürətlə qalxıb endi. Nəfəsi xırıldadı, arada bir inildədi. Hələ bu vaxtacan onun gah hədəqəsindən çıxan, gah öləziyən gözlərindən fəhm gücünə olsa da nəsə anlamaq mümkündüsə, indi həmin adsız ifadə də yox olmuşdu, gözlər şüşə misalında idi, qarası da elə bil sarımtıl pərdə gətirmişdi.
– Ədə, gör o bədbaxtı bir az yuxarı çəkə bilərsənmi, əyaxları qapıya dirənib.
Oğlan xalasının sözünə baxıb xəstənin qoltuqlarına girib xərək boyu yuxarı sürüşdürməyə təşəbbüs göstərdi. Gücü çatmadı və özünə bəraət qazandırmış kimi yavaşcadan dedi:
– Nə yaman ağırlaşıb, heç tərpədə bilmədim. – Yenə də başının üstündən əyilib qoltuqlarından yapışdı. Və bu dəfə xərəkqarışıq kişini yuxarı çəkə bildi.
– Yaxşı, di bəsdi, qadan ürəyimə, indi çatajıyıq, az qalıb. – Arvad hüznlə dedi və yerində yana-yana yırğalandı. – Azarın maa gəlsin, Gəray, evinə nasılkada qayıdırsan. – Əlini sinəsinə çırpdı. – Nasılkada qayıdır ey dədəniz...
– Az bəsdi də, xala! – Qız ağlar səslə arvada təpindi. – Saxla da özünü, onsuz da bir azdan lazımın olacaq.
– Allah o günü göstərməsin maa...
Bir müddət hamısı arvadın sızıltısı altında susdu. Hər üçü xəstənin çal bığına, hələ az-maz həyat nişanəsi qalmış tüklü sifətinə, bulağı ağ palçıq bağlamış bulanıq gözlərinə baxırdı. Bu vaxt maşın çalaya düşüb çıxdı. Maşının içində nə vardı silkələndi. Rels üstündə olan xərək xəstə qarışıq aşağı, sonra yuxarı sürüşdü. Bir tərəfdən arvad, o biri tərəfdən oğlan xəstədən yapışdı. Onun üzündə əmələ gəlib tez də itən narazılığı hər üçü gördü.
– Az, vallah, hər şeyi başa düşür, ağlı üstündədi, – arvad dedi və xəstənin üstünə əyilib baxışlarını tutmaq istədi.
– Nədi, Gəray, nə istəyirsən, bəlkə belin ağrıyır? Dillən dayna! Ə, hanı sənin o şah ərşini dilin, hanı sənin o aləmi gülməkdən qıran iştəklərin...
– Genə başladı... – Qız deyindi və arvadı görməmək üçün düz oturub qabağa baxdı.
– Kəsik qarnına, sağalmıyan yarana canım qurban... Hanı, ə, sənin aləmnən bir adı olan dədən, niyə qalmadı sənin bu gününü görə, hanı, ə, sənin olmuyan dayıların, əmilərin?
Oğlan da kövrəldi. Qəfil dolan gözündən yaş qəribə sürətlə daşlandı. İstədi xalasına desin ki, mamamı da de, yəni mamamı da yada sal...
Qız da yumşaldı və ağlaya-ağlaya dedi ki, ciyəri yanır ey, xala, bəlkə bir az su damızasan ağzına...
– Olmaz, həkim deyib hələ su olmaz. – Oğlan udqunub mümkün qədər toxtaq səslə dedi. Tez də qandı ki, sarsaq söz danışır, bundan sonra ona heç nə qadağan deyil.
Qadın termos, butulka, boş qazan, boşqab və xeyli xırda-para şeylərlə dolu zənbili yaxına çəkib xeyli qurdalandıqdan sonra, stəkanı tapdı, maşın silkələn-diyindən çətinliklə termosdan içinə çay tökdü və stəkana baxıb dedi:
– Nətəər verim bu çayı saa, ay Gəray? Allah məni öldürsün...
Qız əyilib ayaqlarının arasında tutduğu salafan torbanı eşələyib çay qaşığı tapdı və qaşığı dəsmalla silə-silə yavaşdan deyindi:
– Dura! Bu saat Gəray deyecək necə ver. – Nəhayət qaşığı arvada uzatdı. – Ala, qaşıqla ver.
Arvad qızın üzünə baxmadan qaşığı aldı, çayla doldurub xəstənin qurumaqdan bozarmış dodaqlarının arasına damızdı. Xəstə suyu uddu.
– İçir... can-can... yanan ciyarına ciyarım qurban gör nətəər içir, bəyaxdan bu niyə bizim ağlımıza gəlmiyiv, ə? – Yenə də qaşığı doldurub verdi. – Ölümum qabağında olsun, ay Gəray, lay divar Gəray, boylu-buxunlu Gəray... toylar yaraşığı Gəray...
– Ta bəsdi, az ver, olmaz axı, – Qız daha çox onun oxşamasını kəsmək üçün dedi.
Arvad qızın məqsədini səsinin ahəngindən aldı və daha dözmədi:
– A səni görüm dədən yolu gedəsən, nə istiyirsən məndən, nə vermisən az, maa ala bilmirsən, az, görmürsən... – sürücü tərəfə işarə elədi. – Nəhlət saa şeytan dayna...
– Bəsdi! – Oğlan ortalığa dedi və əlini bacısının ona yaxın olan əlinin üstünə qoydu.
Hər iki tərəf susdu və xəstənin enib-qalxan, xışıldayan sinəsinin səsi eşidildi və bu səs getdikcə güclənib «təcili yardım» maşınının içini doldurdu...


...Ürəyi hövl eləyirdi ki, yerindən çıxsın. Anası mətbəxdə əlləşsə də, axşamdan xeyli keçənəcən həyət-bacadan səs-küy kəsilməsə də, özünü tək-tənha hiss edirdi. Bağrı təklikdən çatlayırdı. Ev-eşik ona dar gəlirdi, paltarları əynini, bədənini sıxırdı, iki adamın rahatca yerləşəcəyi hamiləlik donuna sığmırdı. Ayaqları çəkmələrinə girmirdi, ancaq qırx ölçülü yumşaq ev çustları dadına çatırdı. Baldırları dərisinə sığmırdı, bütün varlığı onu hər tərəfdən sıxan, tarıma çəkilmiş dərisindən sivrilib çıxmaq, azad nəfəs almaq istəyirdi. Az qalırdı «Azadlıq!» «Azadlıq!» deyib qışqırsın. İllah da şər qarışanda, hava qaralmağa üz qoyanda, elə bil boğazından yapışıb boğurdular. Belə vaxtlarda güclə yerləşdiyi ovuc boyda tualetə girir, unitazda oturub ağlayırdı ki, anası görməsin. Bir tualetdə anasının nəzarətindən yaxa qurtara bilirdi. Arvad hər şeyi görür, hər şeyə göz qoyurdu. Hər şeyi də eşidirdi. Bəzən qıza elə gəlirdi ki, anası onun əri ilə yataq otağında elədiklərini də görür və mütləq hirslənir. Odur ki, vəziyyətdən asılı olmayaraq yorğanı üstlərindən atmağa qoymurdu, ona elə gəlirdi ki, anası öz otağında yatıb, lap xoruldasa da hər şeyi görür. Çünki fikir verib görmüşdü ki, o gecələri ki, əri ilə yaxınlıq eləyirdi, ertəsi günü çox qaşqabaqlı, hikkəli-hirsli dolanırdı onlarla, qızının heç üzünə baxmırdı. Hər halda burda təsadüf ola bilməzdi. Bu barədə qızın hələ bir qədər şübhəsi vardısa, kürəkən tam əmin idi ki, arvad qızını halalca ərinə qısqanır, bəlkə də daha dərin, daha incə, adi çilingərin sinirə bilməyəcəyi qəliz mətləblər vardı burda. Həm də hamiləlik dövründə qıza çox şeylər aydınlaşdı və onların sırasında məlum olanlardan biri də elə kürəkənin qəti dediyi, qızın isə hələ bir qədər şübhə elədiyi məsələ oldu.
– Nəfsinizi saxlaya bilmirsiniz?
Qız təəccüblə anasına baxdı, ancaq bu təəccüb elə də səmimi deyildi, çünki qız artıq arvadın səhər-səhər dava deyən qırımından hər şeyi başa düşmüşdü.
– Özünü kallığa qoyma, axı sən boylusan, olmaz axı...
Qız açıq söhbətdən qızardı və arvadın daha da açılacağından ehtiyat edib onun sözünü kəsdi:
– Mama!
– Nədi, bəlkə düz demirəm? Axı...
– Mama! – qız hirsləndi. – Elə şeylər var ki, onu dilə gətirmək ayıbdı. Onun bu evə gəlməyinə də səbəb sən oldun. Sən... Qurtaraq bu söhbəti...
Əri gəlib çıxmaq bilmirdi. Fikirləşdi ki, hara gəlsin ey? Adamın da bu boyda qarnı olar? Nə qədər baxsın? Nə qədər dözsün? Axı hamiləliyin də bir vaxtı, vədəsi, qurtaran dövrü olmalıdır. Mən də onun yerinə olsam gəlmərəm. İndi gəzir, veyillənir özü üçün. Yəqin kimisə tapıb, son vaxtlar heç yaxın durmur. Başı qarışıb, allah bilir... Heç vaxt qısqanmamışdı ərini, ağlına da gəlməzdi ki, o özgə bir qadına meyl salar, mazağa girişər... Nədənsə onu gəzəyən kişi rolunda görə bilmirdi, amma bir beş-on gün idi ki, ürəyinə qara-qura fikirlər gəlir, içini nigarançılıq, intizar gəmirirdi. Onu özündən başqa bütün tanıdığı gözəl, kifir, miyanə qadınlarla əcayib-qərayib səhnələrdə təsəvvür edirdi və deyək ki hirslənirdi. Belə vaxtda güzgü qabağına keçib qarnına baxırdı. «İlahi, haçan qurtaracam bu bəladan?»
Anası əlində bir stəkan şərbət gəldi:
– Ala iç, yaxşı, sərin şərbətdi.
Qız öz aləmindən könülsüz ayrılıb anasının uzatdığı şərbəti geri elədi.
– İstəmirəm, mama, ürəyim bulanır...
– İç, iç... İçmirsən, yemirsən ona görə də bulanır ürəyin, axı belə olmaz. İç, uşağa da xeyri var.
– Bəsdi, mama! – Qız az qala qışqırdı.
– Buy, bismillah! Nədi ağəz?
– Demə, çəkmə uşağın adını.
Ana stəkanı masanın üstünə qoyub dolmuş və bir himə bənd olan qızına yaxın dayanıb çiynini sığalladı.
– Axmaqsan ey... Allah ağlıvı alsın deyim, demiyim...
Qız kövrəldi:
– Haçan mən hamı kimi normal adam olacam, mama? Haçan? – Hönkürdü və iri kresloya oturdu.
Arvad onun başını yumşaq, rahat qarnına sıxdı və nəvazişlə saçını sığalladı.
– Ağlıvı yığ başıva, səbr elə, uşaq vaxtından tez də olar, gec də olar. Bəs onda altıaylıq doğanlar neyləsin? Gecikib, deməli, oğlandı, ona görə də ləngiyir qırışmal. Bir də nə bilirsən vaxtından keçib, çox elə vaxtını-vədəsini düz bilənsən... Həkim də ki, bizdən beşbetər. İndiki həkimlər nə qanırlar, pul verib diplom alırlar də. Fatma o gün danışır ki, bəs qonşuları on birinci ayında doğub... – Qız yavaş-yavaş toxdayırdı. – İndi dünya qarışıb də, biri altısında doğur, biri yeddisində, biri on birində. Təki salamatlıq olsun...
Adətən anasının sözlərinə bir elə əhəmiyyət vermirdi, onun sözlərində başqa yaşlı qadınlarda olduğu kimi müdriklik, dünyagörmüşlük yox idi. Bununla belə qadının sözləri, isti yumşaq qarnı, saçlarını tumarlaması ona təskinlik gətirirdi. Bəlkə doğrudan da ağlamağa, bu qədər hövsələsizlik eləməyə əsas yoxdur.
Qızın xeyli toxdadığını görən arvad şərbət stəkanını təzədən götürüb ona verdi.
– Heç olmasa iki qurtum iç.
Qız stəkanı alıb quruyub ağ qabıq bağlamış dodaqlarına yaxınlaşdırdı və könülsüz bir qurtum içdi. Tez də stəkanı geri qaytardı.
– İstəmirəm, ürəyim bulanır. Halım heç yaxşı deyil.
– Dur çıx balkona bir az eynin açılsın. Bayaq külək əsirdi, bəlkə zəqqumu dağıdıb aparıb. – Şərbəti özü içdi. – Deyirəm bu külək olmasa qırılarıq biz. Dur, dur çıx balkona... – Mətbəxə gedə-gedə dedi.
Qız qarnının hər iki tərəfindən tutub ağır-ağır yerindən qalxdı. Eyvanın qapısından ehtiyatla keçdi. Hava həmişəkinə nisbətən təmiz idi. Fevralın axırı olsa da, yazın nəfəsi hiss olunurdu və bunun bir əlaməti də axşam günəşinin orda-burda hələ görünən işığı idi. Hava nisbətən təmiz və xoş olduğundan həyətdə xeyli adam vardı. Həmişəki həyət, həmişəki yaş, cins və məşğuliyyət növünə görə ayrılmış dəstələr idi. Kişilərin dəstəsi çox güman ki, nərd oynaya-oynaya həyətdə olmayan, hələ onlara qoşulmağa macal tapmamış həmkarlarının qeybətini eləyirdi. Ümumiyyətlə, bu şəhərin kişiləri qeybətdə arvadlarından geri qalmırdılar ki, irəlidəydilər. Onların eyvanın altına düşən yoğun köhnə gəndəlaş ağacının gövdəsinə mıxlanmış yastı uzun taxtanın bir başı da torpağa basdırılmış gödək tirin üstünə bərkidilmişdi. Hazırca skamya idi. Və onun üstündə bir topa qız xırda şüşə qırıntılarından, oyuncaq qab-qazandan evcik bəzəmişdilər və başları oyuna elə qarışmışdı ki, ayrı heç kəsi görmürdülər.
Qızın diqqətini daha çox çəkən qarşı evin qabağındakı tünlük idi. Qışın yaz günəşi yeddi-səkkiz arvadı qovub həyətə çıxarmışdı. Uzun, qısa, güllü-gülsüz xalatlı, jiletli, arxalıqlı, canlıqlı, ayaqları yun corablı, şəpitli qadınlar tum çırtlaya-çırtlaya güc vermişdilər çənəyə. Bu qışın danışılmalı-deməli sözü-söhbəti çox idi, vaxtsa az, bir azdan gün tamam batacaq, sazaq dərhal güclənəcək... Bununla belə, elə bil hamısı qızın eyvana çıxmasını gözləyirmiş. Bir adam kimi başlarını qaldırıb ona baxdılar. Və qız orda olmasa da, onların danışıqlarını eşitməsə də birinci sualın nə olduğunu şübhəsiz bildi: «Aaa, az bu hələ doğmayıb?»
Qız gözlərini yumub məhəccərdən bir addım geri çəkildi ki, çağırmasınlar aşağı, sorğu-suala.. İstədi evə girsin, ancaq dayandı, qorxaq olmadığını, onların yetik suallarından çəkinmədiyini göstərmək istədi. Gözlərini də açdı və qəsdən qadınlar dayanmış tərəfə baxmadı. Dodaqlarında, çənələrində, güllü xalatlarının yaxalarında tum qabığı yapışıb qalmış qonşularına meydan oxudu. Bu vaxt həyətə yaxınlaşan maşın tırıltısı eşidildi. Həyətdəki səs-küy birdən dayandı, qız irəliləyib aşağı və həmişə olduğu kimi məlum blokun qabağına baxdı. Blokun qabağında «Təcili yardım» maşını dayanmışdı. Özündən, içindən asılı olmayan qəribə bir fal keçdi beynindən. «Əgər o maşından xəstə çıxsa, mən bu hamiləlikdən salamat qurtarmayacam». İlahi, bu nə qəfil inam idi? Hardan ağlına gəldi bu? Bütün bədənini əsməcə tutdu, nəfəsi tıncıxdı, ürəyi boğazında vurdu. Nəfəsi kəsilə-kəsilə, gərginlikdən boğula-boğula məhəccərdən yapışdı ki, yıxılmasın. Maşının qapısı açıldı və elə bil qapının açılması ilə birgə bətnindəki körpə də tərpəndi. Elə sevindi ki, bədəninə isti tər gəldi, alnı nəmişdi. İlahi! Axı çoxdandı qarnı tərpənmirdi, yəni... Qız gözlərini maşının qapılarından çəkmirdi, içindəki gərginlik bir qədər zəifləmişdi və onun yerini qarnında baş vermiş tərpənişdən yaranmış sevinc tutmuşdu. Ancaq bu sevinc o qədər kövrək idi ki... O maşından xəstə çıxmayacaq! Və tanıdığı, bir vaxtlar sevdiyi, həsrətində olduğu dəli-dolu baxışlı, uzun boylu, gur şabalıdı saçlı oğlanın maşından düşdüyünü görəndə alındı, yanaqlarına isti qızartı gəldi. İndi də sevirdi onu. İndi də onu görəndə özünü subay-salıq, hələ ərə getməmiş qız sayırdı. Maraqlı burası idi ki, oğlan da maşından düşən kimi bir həyət adama, maşını bir göz qırpımında dövrəyə almış camaata, qonşulara deyil, hamilə qadının dayandığı eyvana baxdı. Hamı gördü bu baxışların hara tuşlandığını, yoxsa yalnız hamiləliyin onuncu ayında olan tənha qadın? Oğlan uzun, möhkəm qıçlarına yaraşan iri addımlarla yeriyib maşının dal qapısına yanaşdı. Qadın nəfəs çəkmədən onun hərəkətlərini izləyirdi. Oğlan qapıları açdı. Hamilə qadın qapıdan bayıra çıxan yalın kişi ayaqlarını görəndə qışqırdı...


Bu cür buruq-buruq armaturları görəndə içindən qəribə titrəyiş keçirdi. Elə bil kimsə onu tutub içəridən silkələyirdi. İşdəmi, küçədəmi, tikinti meydançalarındamı gördü mütləq yaxınlaşıb qara, bəzən paslı, soyuq metala əl vururdu. Eyni zamanda içindən kövrək bir xatirə də keçirdi, elə bil çox solğun bir şəkil görürdü: dörd-beş yaşında oğlan uşağı əlində bax elə bu armatur kimi buruq şirni tutub, gah onu dövrəyə almış özü boyda uşaqlara, tay-tuşlarına, gah da əlindəki yalanmaqdan yaş yarısı ağ, yarısı qırmızı şirniyə baxır. Kim idi o uşaq, kimin xatirəsi idi gözləri qabağından solğun şəkil kimi keçən o uşaqlar? Şirni yalayan oğlan kimin söhbətindən düşüb qalmışdı xatirində? Əgər o uşaq o özü idisə bəs niyə deyirdilər ki, onun nə atası, nə anası məlumdur? Yetimxanaya nə vaxt düşdüyü də bir düz-əməlli bilinmirdi.
Armaturları bir metr uzunluğunda kəsib üst-üstə yığırdı. Tələsirdi. Kəsdiyi hər təzə armaturu yerə atanda fikrindəki rəqəmi artırırdı.
Əgər o uşaq o özü idisə, deməli, o bağ-bağça, rezin kimi uzanan ağ və qırmızı şirnini sürətlə bir-birinə dolayan arıq çəlimsiz kişi də atası olmalı idi. Uzanıb gedən gilənar bağının hər tərəfini tutmuş arı vızıltısı da onun xatirəsi idi. Nədənsə qəribə uğultuya çevrilən yüzlərlə, minlərlə bal arısının vızıltısı yadına düşəndə və illah da tək olanda gözləri dolurdu. Ürəyindən elə bir həsrət keçirdi ki, üzüqoylu düşüb hönkürmək istəyirdi. Deməli, o alt-üst nəhəng daş ev də onların idi. Taxtapuşunda üz-üzə dayanmış dəmir quşlar da onun imiş. Bəs sonra nə oldu? Bəs niyə sonrası onun yadında deyil? Əgər bunlar onun öz xatirəsi, öz həyatı, öz uşaqlığı idisə niyə sonrası yoxdur? Niyə onun yadına gəlmir anası, niyə qardaşı-bacısı yoxdur, niyə onun yadında qalanlar, onun xatirəsinə tatuirovka kimi həkk olunanlar məhz yetimxana ilə bağlıdır. Yetimxana taleyinə, ömrünə-gününə, dünyada yaşadığı hər saatına möhürünü elə basmışdı ki, ordan qaçıb qopmaq, yaxa qurtarmaq mümkün deyildi. Heç cürə ondan xilas ola bilmirdi. İstəyirdi özünü aldatsın, kəf gəlsin, amma mümkün olmurdu, axı yaddaş korbağırsaq deyil ki, kəsib atasan. Yetimxanadan çıxdığını heç cür unuda bilmirdi, elə adı da Yetim idi. Adından hara qaça bilərdi? Adın nədir? Yetim! Daha izahata ehtiyac yox idi. Amma eləyirdi, deyirdi ki, neçə uşaqdan sonra mən sağ qalmışam, göz dəyməsin deyə adımı Yetim qoyublar. Bunu elə inandırıcı danışırdı ki, bəzən özü də inanırdı yalanına.
Qəribə sifarişçidir. Deyir ucu itilənmiş hər armatura bir qırmızı onluq verirəm. Soruşmuşdu ki, neçə dənə lazımdır? Demişdi ki, neçə dənə eləsən, hamısını alacam. İnanmamış va sözü bir də çevirmişdi: bəlkə min dənə elədim? Sifarişçi də gözünü qırpmadan «Minini də alacam» demişdi. Sonra da əlavə eləmişdi ki, cürbəcür xırda-xuruş qayırıb qəpik-quruş maaşla yaşaya bilərsən?
– Mən?
– Əlbəttə sən! Utanma, qorxma, kimdi, ara, indi tək maaşla yaşayan?
Birdən ağlına gəlmişdi ki, seyrək uzun dişləri siqaretdənmi, nəşədənmi saralıb qəhvəyi rəng almış bu kişi heç bura adamına oxşamır və qulağında ilişib qalmış «ara» sözü də tərpəndi, qurd kimi qıvrılıb açıldı.
– Pəncərə çərçivəsi düzəldirsən, hökumətin armaturunu doğrayıb hasar qayırırsan, aldığın da... Amma mən elə şey istəyirəm ki, onu uşaq da düzəldər, pulu da pul.
Ürəyinə pis-pis fikirlər gəlirdi və bu fikirlər elə qarışıqdı ki, heç sözə də çevirə bilmirdi. Elə bil bir neçə adamın eyni vaxtda fikirləşib düşündükləri beynindən keçirdi, sözlər basabas salır, cümlələr bir-birini bastalayıb, məzmunu dolaşdırır, əyirdilər. Axı bu qədər armaturu neynir ey bu, özü də hərəsi bir metr uzunluqda, halbuki bu sualı sifarişçiyə vermiş və cavabını da almışdı, daha doğrusu, müştəri əvvəl çox ciddi demişdi ki, soxacam pis adamların qarnına, ürəyinə, ciyərinə; sonra da qəfil gülüb əlini-əlinə vurmuş, demişdi ki, qorxdun, aşna, qorxdun, zarafat eləyirəm, adam öldürmək nədir, yaxşı bir bağım var, bax bu qabarlı əlimlə tikib qurmuşam (Yetim onun irəli uzadıb açdığı nazik-uzun əlinin içinə baxmışdı və orada heç bir qabar-zad görməmişdi, əksinə əllərin içi çox hamar və zərif idi, içində heç qırışlar da yox idi), indi köpəy uşağı kimdisə dadanıb, hasardan gəlir, cürbəcür hoqqalar çıxardır. Bax, sən bu armaturların uclarını iti eləyib mənə versən, onları dikinə hasarın üstünə düzdürəcəm. Sonra qoy kimin hünəri var dırmaşsın görüm necə dırmaşır, mıxa keçəndə baxacam halına.
– Axı, ölüm hadisəsi ola bilər.
Yetimin ürəyi bu cür ağır cəzanı götürə bilmədi.
– Ara, ağciyər olma da...
– Ermənisən? – Yetim bu dəfə «ara» sözündən açıqca diksindi.
Müştəri elə bil çaşdı; sifətinə qəfil qızartı gəldi və o tələsik dedi:
– Erməni? Erməni niyə? Erməniyə oxşayıram?
Yetim başını buladı və inamsızlıqla baxdı kişiyə.
– Yox, «ara» dedin…
Müştərinin dodaqları arasından sarı-qəhvəyi dişləri göründü.
– Vərdişdi, əslim Qarabağdandı, eşitmisən Tuğ kəndinin adını, yarı musurmandı, yarı erməni, dilimiz də qarışıb. Erməni! Yox bir! – Siqaret yandırdı. – Erməninin yaxşısının... pisi elə pisdi. – Əlini birdən uzatdı Yetimə. – Danışdıq? İş sözdən keçər aaa... İki günə gəlib götürəcəm. İstəsən beh də verə bilərəm.
Yetim kişinin verdiyi yüzlüyü alıb şalvarının dal cibinə qoydu və nədənsə pulu alandan sonra daha onun gözünə baxmağa utandı. Elə pulu verməyi ilə müştərinin də dəyişməsi bir oldu, elə bil ərköyünləşdi, hökmü artdı.
– Uclarını yaxşı itilə. Bir də çalış görən olmasın, yəni görəndə nə olacaq e? Amma görməsələr yaxşıdı, qoy işimizin üstünə əsnəyən olmasın. Nə sən düşməzsən dilə-ağıza, nə də mən...
Birinci növbənin işi qurtarmışdı, ikinci növbədə onu əvəz eləyəcək Qurban gəlib çıxmamışdı, bir həftə idi xəstələndiyi.. Bunu da allahın rəhmi kimi qəbul elədi, deməli istəsə qalıb lap ikinci növbənin axırına kimi işləyər, qəribə sifarişi yerinə yetirər. Bir də Qurban gəldi-gəlmədi boş dəzgah çox idi.
Nədənsə işə çıxmayanların sayı birdən-birə yaman artmışdı. Qulağına çatmışdı ki, ermənilər son bir neçə günü yaman işdən qalırlar, deyirdilər ki, guya direktor özü onlara bir müddət işə çıxmamağa icazə verib, guya ara sakitləşənəcən. Ola bilməzdi axı bu çəkişmələrə son qoyulmasın.
Kəsdiyi armaturları dəzgaha salıb uclarını yonur, səliqə ilə bir-birinin üstünə yığırdı. Nizədir elə bil. Adam öldurmək olar bununla. Barmağını, sonra əlinin içini armaturun pasdan çıxıb gümüş kimi ağaran yonulmuş ucuna toxundurdu. Vallah, əsl silahdır, soyuq silah. Neynir bunu? Camaatı qırmaq fikrindədir bu qansız?
– Sənə nə var axı, nəyinə lazımdı? – Öz-özünə dedi. – Səndən iş istəyiblər, elə ver, pulunu al də.
İndi o qədər kooperativ-zad çıxıb ortaya ki, hərəsi də bir iş görür, bəlkə elə kooperativçidir, bunlar da bir elə işə gərəkdir ki, demək istəmir. Amma şübhəli, xoflu adamlar kimi baxırdı mənə, elə bil bu saat tutacaqdılar onu. Bir ayağı da həmişə qaçaraq. Gözləri də oğru gözüdür, bir yerdə qərar tutmurdu. Əməlisaleh adamdırsa niyə qorxur, axı günahı yoxdursa niyə adamın üzünə şax baxmır? Adamla danışır, amma gözü özgə yerdədir.
İtilənmiş armaturların sayını bilsə də çöməlib onları bir də yoxladı və yanılmadığını bildi. Yüzdən on beş əskikdi. İlahi, bircə günün içində min manat? Yüzə çatsa düz min manatı olacaqdı. Nəyinə bəs deyildi. Allah özü yetirdi bu müştərini. Arvadı hamilə, bu günə-sabaha doğmalı idi. Dərindən bir ah çəkdi, ümumiyyətlə, son vaxtlar «ah» çəkmək onun üçün adi hal idi. Səbəb də elə arvadının bitib-tükənməyən hamiləliyi idi. Qurtarmır ki, qurtarmır. Düzdür, elə körpənin gecikməyi yaxşı idi, onsuz da xəstəxananın pulu yox idi cibində. Deyirdilər ki, heç olmasa bir yüz əlli manat lazımdır ki, hamilə içəri girəndə əlində tutub birinci gördüyü həkimə versin. Yoxsa ölsən də yaxın duran olmayacaq, ta o vaxtacan ki, körpənin başı görünə. Təqsiri həkimlərdə görmürdü, günahkar zəmanə idi və buna sidq-ürəkdən inanırdı. Bəlkə elə hikmət bu pulda, bu işin birdən-birə göydən düşməsində imiş, elə hamilə arvadının da gecikməsi, onuncu ayın içində hələ də qarnı burnunda gəzməsinə də səbəb pulsuzluq imiş. Hər halda allahın hikmətinə burun soxmaq, allah bilənə qarışmaq kafir işidir. Axı allah özü hər şeyi bilir, görür.
Birdən gəlib aparmadı, yaxud da... Axı açıq-aşkar dedi ki, hər armatura görə on manat verəcəm. Yetim səhv eləyə bilməzdi. Hətta xatircəmlik üçün döndərib soruşmuşdu ki, lap yüz dənə, min dənə eləsəm də? Ta bu boyda yalan olmaz ki! Kaş tələsməyəydi, bir üç gün vaxt verəydi, bir yüz dənə də eləyərdi, iki yüz də, üç yüz də. Bəsimdi. Artıq tamah baş yarar, çox yemək adamı az yeməkdən qoyar.
Arvadı sevinəcəkdi, fərəhindən uçacaqdı, qarnı qoysa. Heç olmasa uşağını doğum evindən çıxardanda öz puluna maşın tutacaq, qonaqlıq verəcəkdi. Daha qaynanasının on-on, iyirmi-iyirmi çıxartdığı gizlinc pullarına möhtac olmayacaq, onun on manat xərcləyib yüz manatlıq danışmağına, deyintisinə qulaq asmayacaqdı. Qəribə adamdır; gözləri pisdir, oğru baxışları var, elə bil... Bəsdir də! Az qurtdanquşluq elə! Dəzgahın ağzından çıxartdığı növbəti nizəni yerə vurdu. Armaturun iti ucu taxta ayaqaltıya sancıldı...


Qonşu arvadlar bir tərəfdən dövrələmə oturmuşdular. Kimi divar dibinə salınmış uzun döşəkçənin üstündə bardaş qurmuş, kimi aşağı divara söykədilmiş masanın ətrafına düzülmüş kürsülərdə oturub xəstəyə baxırdı. Təəccublə, qorxa-qorxa, rəhmlə, təəssüflə, maraqla. Hamının da deməyə sözü, çəkməyə məsəli, nağıl eləməyə hadisəsi, əhvalatı vardı.
Arvad xəstənin çarpayısının dibində oturub lumulu suya batırdığı pambıqla hərdən onun quruyub bozarmış dodaqlarını silirdi. Xəstənin burnu nazilib sivriləşmiş, dodaqları içəri çəkilmişdi. Olduğundan xeyli qoca görünürdü.
– Özü öz ayağıynanca getmişdi. – Qonşu arvadlardan nisbətən yaşlısı yastı-yastı dedi. – Arxası qatda nasılqada gətirdilər.
– Demə, bajı, demə... – Arvad yırğalandı, gah sağa, gah sola buruldu. – Dedim dəymiyin, dəymiyin buna..
Xəstənin lap ayağı tərəfdən yerdən oturmuş qızı əlini yorğanın altdan salıb kişinin ayaqlarını ovurdu. Ağlaya-ağlaya dedi:
– Soyuyan ayaqlarına canım qurban, ay papa... – Sifəti əyildi, buna baxmayaraq bekar əli ilə üzünü tutmadı. – Bizi kimə tapşırıb gedirsən, ay papa...
Arvadlardan içini çəkib dəsmalını gözünə sıxan oldu. Yaşlı qadın yenə də asta-asta dedi:
– Bəs lay divar kimi kişini bu günə salardılar, az? Niyə verdiniz bunu bıçağın ağzına? Bəs demədinizmi ki... – Sözünün dalını gətirə bilmədi, qəhər xirtdəyini gicitdi, onu öskürək tutdu.
– Nə biləydim mən başı daşlı, mən qarabaxt? Budey, bunlar çıxartdı məni yoldan, dedilər, sən nə qanırsan, sən beysavad adamsan, nə bilirsən hara haradı. – Qızı göstərdi. – Bu, bu yıxdı mənim evimi...
Qız qəfil qalxdı yerindən və köntöy səslə çəmkirdi arvadın üstünə.
– Mən niyə? Sənsən baş yeyən, ayağından-əlindən bədbəxtlik tökülür... Gəldin, gəlmədin, bu evdə... – Deyinə-deyinə otaqdan çıxdı.
Arvad sinəsini diddi:
– Gördünüzmü? Ay camaat, mən bununla bir dam altda yaşayıram ey... Az, məni ağlıyın, ey, bunu yox... – Xəstəni göstərdi. – O bəxtəvər canını götürüb gedir, mən qalıram odda, bəla-dərd mənimkidi. Biri qumarbaz, biri də... – Arvad sözünün dalını gətirməyib bir də sinəsini diddi.
Yaşlı arvad öskürüb qurtarmış və arxayın-aydın səslə yenə də sözə başladı:
– Sən də bəsdi, üzə durquzma. Axı adam gəlib gedəcək, camaatı güldürmək istəyirsən üstünüzə? Adam belə yerdə səbrli olar.
– Düz deyir, – başqa bir qadın söhbətə girdi. – Hər kimdi, hər nədi, əyridi-doğrudu, genə də özününküdü, öz bacuvun balasıdı. Yola gedin. Biri od olanda biri su olar.
Arvad bu nəsihətləri qəbul eləyə bilmədi:
– Az mənim dərdimi bilən yoxdu dayna, ona görə də öfkəm çatlayır.
Əlini iki döşünün arasına vurdu. Sinəsindən kar guppultu çıxdı.
Fuad içəri girmək istədi, qadınları görüb ayaq saxladı və yerə baxa-baxa soruşdu:
– Yegiş hanı?
Xalası cavab vermədi, əvəzində qapıya yaxın oturmuş gənc qadın dedi ki, burda olmalıdır, indicə çıxdı. Sonra da pıçıldadı ki, sakit elə onu.
Fuad başını sol çiyninə tərəf əyib mənalı-mənalı susan və xəstəyə baxan xalasını tənə ilə süzüb qapıdan aralandı və yataq otağına keçdi. Bacısı divardakı iri şəklin qabağında dayanmışdı. Şəkildəki qadının gözlərindən elə bil haçansa artıq bir dəfə ölmüş adam baxırdı. Qız elə bil bu ölmüş adamla danışırdı. Dərdini onunla bölüşmək istəyirdi. Oğlan da şəklə yaxınlaşdı. Çoxdan alışmışdı bu soyuq şəklə və onu çoxdandı anasının bu şəkildə donub qalmış siması tərpətmirdi. Şəkil lap çoxdan adi ev əşyalarından birinə dönmüşdü. Anasının gözəl, ancaq həddindən ziyadə arıq sifətində qəribə bir narazılıq vardı. Bu şəkli çəkdirəndə qadın ölüm ayağında olduğunu artıq bilirdi. Və birdən Fuad gözlərinin dolduğunu, çənəsinin titrədiyini hiss elədi. Ürəyi istiləndi. Qız qardaşının ağladığını onun nəfəsindən bildi, kəskin tərzdə çöndü, yanılmadığına əmin oldu və «Ağlama, ə!» dedi. Oğlanın bütün varlığından keçdi bu bir qədər köntöy, ərkli əmr və səs lap uzaqdan gəldi, elə bil iyirmi illik, bəlkə də daha uzaq bir yol keçib gəldi...

Kiçik həyətin gözdən bir qədər uzaq hissəsində qoyulmuş mis teştin içində tir-tir titrəyirdi. Lümlüt olduğundan çox köməksiz, yiyəsiz, kimsəsiz görünürdü. Qız hələ paltarda idi və soyuqdan dərisi biz-biz olmuş qardaşına baxır, səsini sıxıb zülüm-zülüm ağlayırdı. Qız özünün də bu cür soyundurulacağını qorxu ilə gözləyirdi. O, qardaşına nə yaxınlaşa bilir, nə də bir söz deməyə cəsarət eləyirdi. Nənəsi donunun qollarını dirsəyinəcən çirməyib bir vedrə isti suyu soyuq su ilə qarışdırırdı.
– Allah məni bədbaxt eləyib bilirdim, amma bilmirdim ki, görəcəkli günlərim hələ qabaqda imiş. İndi gəl bit-sirkə təmizlə, canım. – Bunları arvad ərinə – uşaqların doğmaça babasına eşitdirirdi.
Uşaqlar internat məktəbdən səhərdən gəlmişdilər, bir günlüyə. Onların çimməyini qəsdən axşama saxlamışdı, ərinin işdən gəlməsinə. Qoy özü öz gözüylə görsün onun musibətini, əzabını...
Kişi həyətin o biri başında kətildə oturub papiros çəkə-çəkə onlara baxırdı və bu soyuq, bir qədər qəzəbli baxışlarda nə teştin içində titrəyən lüt oğlan uşağına, nə də zülüm-zülüm ağlayan qıza bir misqal məhəbbət vardı; hər halda görünmürdü. Arvad əlində vedrə gəlib onların yanından keçdi və keçəndə qıza to-xunub az qaldı yıxsın onu. Uşaq sildiyi çəkməni yerə saldı və tez də əyilib götürdü, bununla da babasının diqqətini çəkdi.
– Buraəl, az! – Qız tərpənmədi, daha doğrusu, səsdəki hiddətdən qorxub dondu. – Eşitmirsən? Buraəl dedim.
Qız çəkmələri cütləyib məxmər parçasını da üstlərinə qoydu və qorxa-qorxa babasına yaxınlaşdı. Kişi onun qolundan tutub lap yaxına – aralı qoyduğu dizlə-rinin arasına çəkdi və yalançı sakitliklə soruşdu:
– Niyə ağlayırsan, bala? – Uşaq səsini qısdı, əlini yumruq eləyib gözünə sıxdı, yığışıb balacalaşdı. – Eşitmirsən, qızım, soruşuram, niyə ağlayırsan? Nənən pislik eləyir saa, qardaşının bitini-sirkəsini təmizləyir dayna. Niyə ağlayırsan? – Dizlərini bir-birinə yaxınlaşdırıb uşağın uçunan bədənini sıxdı. – Niyə ağlayırsan, gözünə ağ salır? – Qız zığıldadı və o biri əlini də gözünə sıxdı, boynunu yığıb başını çiyinləri arasına çəkdi. Kişi ağır əli ilə onun nazik belinə, arıq kürəyinə dalbadal iki şapalaq vurdu və uşaq həm ağrıdan, həm də dəhşətli qorxudan mələdi.
– Bax belə, indi ağla, bilək niyə ağlayırsan. Yoxsa... kəs, kəs səsini! – Qız böyürdü. – Vallah, Yeganə səni o qədər döyərəm ki, batırarsan özünü. Anana mən dedim get abortu abort dalınca elətdir ərin türmədə ola-ola? Sora da çuxotka ol düş balnisiya budu dörd aydı. – Qızı dizlərinin arasından buraxdı. Təzə siqaret yandırdı. – Dədən biqeyrətə dedim getmə İspanakertə, qəhbələrin yanına, evinə bax, dedi gedəjəm, pulu özüm qazanıram, özüm də xaşdıyıram. Ay oğraş! Eşitmədi, getdi, axırı da bu! Gurulnan gələn pul bəs eləmədi, yedi hökumətin də pulunu. İndi odey ha... Yazır ki, papa, uşaxlar amanatı! Tü, sənin qeyrətinə! Qoja dədəsinə yazır ki, uşaxlar amanatı. Güya qeyrət üstdə tutulub, adam öldürüb girib türməyə. İndi mən bu qoja, xəstə arvadnan qalmışam iki yetimin əlində. Neyniyim? Apardım qoydum internata ki, oxumaqdan qalmasınlar. Pis elədim? İndi də bu yaşımızda bit təmizləyirik.
– Oy, oy allah, ay allah... Ə, gə bax ey bunun başına. – Arvad qışqırdı. – Oy, oy... ə, sən Həzrət Abbas, gə bax, ə! Ə, bunu təmizləmək olar? – Uşaq ağladı.
– Nədi, ə, niyə ağlayırsan? – Arvad çımxırdı. – Su istidi? Yaxşı, yaxşı, indi soyuqluyaram...
Kişi onlara yaxınlaşdı. Uşağın soyuqdan göyərmiş, titrəyən bədəninə baxdı və dedi:
– Əlli ol, az, hava sərindi, azarlıyar.
– Beş əlim var?
– Səndən ötəri deyirəm dayna, ay yazıq! Azarlıyanda sən qalassan dayna əlamanda.
– Neynək, mənim taleyim belədi. Yazan belə yazıb. Mənim baxtım olsaydı...
– Başlandı... – Kişi təzədən hirsləndi. – Dərdimə bax dayna mənim. – Arvadın quruladığı nəvəsinə baxdı və başını buladı. – Buna bax ey... Boyunu yerə soxum sənin. Başına bit düşüb xəbəri yox... Tü! Ə niyə mənim balalarım belə nufus oldular?
Arvad məhrəbanı məftil şəritə atıb qıza qışqırdı:
– Az, istolun başından o maykanı maa gəti. Nooldu? Əlli ol!
Kişi qımışa-qımışa əlindəki çubuğu uzadıb uşağın qabağına toxundurdu.
– Bu nədi ə?
– Əşi bəsdi, ətin tökülsün sənin. Elə belə tökürsən də üzlərinin suyunu.
Kişi güldü və çubuğu yenə də uşağın qabağına toxundurdu.
– Ə, kopolu, bu nədi?
Oğlan nə tərpəndi, nə çubuğu geri itələdi. Gözləri təzədən doldu. Maykanı gətirib bir qıraqda dayanıb babasının qabağına keçməyə qorxan qız ağlamaq istəyən qardaşına baxıb qəribə bir hüznlə və böyük, yaşlı adam dərdilə eynən xəstəxanada vərəmlə əlləşən anası kimi:
– Ağlama, ə! – dedi.
Uşaq bu məhrəm, oturuxmuş doğma səsi eşidib zığıltı ilə ağladı və ağlaya-ağlaya da lap yavaşdan «mama» dedi.
Bu səs kişini qarsdı, hətta diksindirdi. O dönüb birdən-birə ana sifəti gətirmiş qıza baxıb çubuğu uşağın qabağından çəkdi və sönmüş siqaretini yandırmağa getdi...


On səkkiz yaşı təzəcə tamam olmuşdu. Bircə ilin içində boyu uzanıb hündür, qollu-budaqlı, şaqqalı atasına çatmışdı. Heç deməzdin ki, dəli-dolu görkəmi olan bu cavanın uşaqlığı, hətta yeniyetməliyi həm maddi, həm də mənəvi sıxıntılardan keçib. Atasından fərqli olaraq bədəninin forması, qolu-qıçı çox mütənasib, qıvraq və yığcam idi, elə bil, yaydan çıxmağa hazır ox idi. Bu saat gərginlikdən çıxıb uçacaq, harasa sancılacaqdı. Nə idmanla məşğul olurdu, nə elə bir fiziki iş görürdü, amma on altı ilə on səkkiz arasında boyu birdən uzandı, çiyinləri enlənib döşləri qabardı, qarnı tarıma çəkildi, yeriyəndə dar şalvardan yaxşı bilinən budları at sağrısı kimi dartılır, əzələləri oynayırdı. Alaya çalan açıq qonur gözlərində qəribə işıq əmələ gəlmişdi. Təzə-təzə qırxdığı üzü, möhkəm, sümüklü çənəsi tərtəmiz idi, bu şəhərdə belə təmiz sifəti olan adama rast gəlmək müşkül məsələ idi. Gün işığında sarıya çalan açıq şabalıdı saçı geniş alnına tökülüb bir qaşını örtürdü, hərdən başının kəskin hərəkətilə saçını geri itələyirdi. Sağlam, iri sıx dişləri ilk təbəssümdəncə diqqəti cəlb edirdi. Hiss edirdi ki, qabağından keçdiyi, üz-üzə gəldiyi qızların, xüsusilə özündən bir az yaşlı qadınların diqqətini cəlb edir. Belə baxışlara son vaxtlar fikir verirdi və hiss edirdi ki, bu baxışlar elə beləcə keçib getmir. Onu titrədir, canından qəribə bir dalğa keçir və dönüb mütləq ona diqqət yetirmiş qadının dalınca baxırdı və mütləq gecə yorğan-döşəkdə gündüz gördüyü qadını xatırlayır, yadına salır, onun yerişini, formalarını gözünün qabağına gətirməyə çalışırdı. Qəribə yuxular görürdü, sonra... Hələ doqquzuncu sinifdə oxuyanda bir partada yanaşı oturduğu göygöz bir qızla, heç adı da yadında deyil (doğru demirdi, qızın adını unutmamışdı, hətta üstündən çox illər keçsə də bu yaxınlarda küçədə rast gəlib tanımışdı da və dərhal yadına salmışdı o uzaq doqquzuncu sinfi) aralarında qəribə münasibət yaranmışdı. Buna da səbəb qızın yaşıdlarınınkına nisbətən xeyli qabarıq sinəsi olmuşdu. Dərsin şirin yerində bir də görürdün baxışları yönəldi qızın ağ döşlüyünü qabartmış sinəsinə, bu qızı utandırmırdı. Əksinə o, sinəsini daha da qabardır, partaya oturanda özünü oturacağa xeyli yuxarıdan buraxırdı ki, döşləri titrəsin. Onda oğlanın sifəti qızarırdı və o, özü bilirdi ki, bu qızartı utandığından deyildi, çünki belə vaxtda qızın əlindən tutmaq, ona bir az da yaxın oturmaq üçün ölürdü, boğazı quruyur, onsuz da təzəlikcə çatal vuran səsi kallaşır, yadlaşırdı. Nəhayət belə məqamların birində öhdəsindən gələ bilməyib qızın əlindən tutdu. Fəhmlə hiss edirdi ki, ikisinin arasında, elə beləcə, oturacaqda guya unudulub qalmış, zərif, şəhadət barmağının ucu mürəkkəbə batmış əl elə bunu gözləyir. Səhv eləməmişdi. Qız əlini o saat çəkmədi və özünü elə apardı ki, guya heç nə olmayıb. Bundan sonra hər imkan düşəndə kirimişcə tuturdu qızın əlindən və ovcu tərləyincə buraxmırdı.
Bir dəfə ingilis dili dərsi idi. Sinif qruplara bölünməliydi. Onların on nəfərlik qrupu məktəbin əsas binasına sonradan əlavə kimi tikilib yapışdırılmış va ara divardan bir qapı açılmış, elə bu xüsusiyyətinə görə uşaqların Kamçatka dediyi sinfə keçdi. Oğlan ikicə sıra düzülmüş partaların lap axırıncısında oturub urəyi əsə-əsə qızın sinfə girməsini gözlədi. Bədəni həyəcandan tər gətirmişdi, dizləri əsirdi, baldırlarında qəribə bir gizilti vardı, guya səhərdən axşamacan futbol vurmuşdu. Qız lap axırda girdi sinfə və tərəddüd etmədən keçib onun yanında oturdu...
İngilis dilini öyrənmək istəyən yox idi. Ağız deyəni qulaq eşitmirdi. Muəllimə muxtəlif sinif oyunlarını görməmək üçün arxasını sinfə, üzünü yazı taxtasına tutub kitabdan uzun bir mətni ora köçürürdü.
Heç cür sakitləşə bilmirdi. Yenə də boğazı qurumuş, ağzı zəhər dadırdı. Qıza baxmağa cəsarət eləmirdi.
– Sənə nə olub? – Qız təəccublə soruşdu. – Heç nə! – Səsi elə kal çıxdı ki, qızın təəccübü bir az da artdı.
– Xəstələnmisən? – Oğlanın yanına düşmüş əlinə toxundu. – Oy, əlin də buz kimidir...
Qız əlini çəkmədi və oğlan hiss elədi ki, yanaqları istilənir, bu istilik bədəninə bayaqdan titrəyən əlindən qalxır, hətta gözlərini də qızdırırdı. Elə bil qızdırma yayılırdı canına. Dönüb qızın gözlərinə baxdı, qız daha heç nə soruşmadı. Dodaqlarını yaladı, onun yaşlığından parıldayan yumşaq qırmızı dodaqları oğlanın baxışlarını çəkdi, sonra bu baxışlar qızın sinəsinə endi. Qız üzünü oğlandan çevirib sinfə baxdı. Və sakit, arxayın səslə qışqırıb nəsə dedi, bir növ səs-küy salan uşaqlara qoşuldu, eyni zamanda oğlanın nəm, isti əlini də buraxmadı. Hələ üsətəlik dizini oğlanın əlinə tərəf yaxınlaşdırdı. Oğlan da onun kimi elədi. Bir-birindən yapışıb bir yumruğa dönmüş əllər iki dizin arasında qaldı və birdən oğlanın əli elə bil öz-özünə bu yumruqdan çıxdı, yuxarı qalxdı və qızın dizində qərar tutdu. Qız dizini çəkmədi va yenə də sinfə nəsə dedi. Oğlan ürəklənib əlini yuxarı sürüşdürdü...
Bundan sonra imkan düşəndə hər dərs əlini qızın budunun üstünə qoyurdu və getdikcə daha bu ona kifayət eləmirdi, deyəsən qız da onun daha cəsarətli hərəkətini gözləyirdi. Nə qədər çəkəcəkdi bu oyun, nə ilə bitəcəkdi, məlum deyildi ki, tükü-tükdən seçən ədəbiyyat muəllimi belə məqamların birində onlara yaxınlaşıb düz bərabərlərində dayandı. Əsəblərini güclə cilovlayan qadının hiddət dolu səsi eşidildi:
– Bu gündən keçib birinci partada oturursan. Gözümün qabağında.
Əmrin qıza aid olduğunu bilsə də içindən yığışdı, elə bil büküldü ki, hücuma açılsın. Qızın sakit və biganə səsi onu boşaltdı:
– Harda?
Müəllimə qızın qolundan tutub birinci partaya tərəf apardı və az qala nifrətlə:
– Burda! – dedi.
Vəssalam! Bununla da hər şey bitdi. Qız özünü elə aparırdı ki, guya onların ikisinin ümumi, gizli bir işləri, heç kəsin bilmədiyi münasibətləri yox idi. Bəlkə bu ona görə idi ki, hər şey sözsüz-danışıqsız olmuşdu, axı bu instinktdən doğan hərəkətin, bir-birinə doğru can atmağın heç bir mənəvi məzmunu, mənəvi bağı yox idi. Sadəcə olaraq bu, xəstə itin dərmanını növbənöv otların arasından instinkt gücünə tapıb yeməsinə və şəfa tapmasına bənzəyirdi.
On səkkiz yaşında isə daha çətin idi. Bədəni elə bil hər gecə nəyisə püskürmək, atmaq, nədənsə azad olmaq istəyirdi. Bu istəyin qarşısını heç nə ilə almaq, onu qulaqardına vurmaq, bastalayıb üstündən keçmək mümkün deyildi. Oxuduğu detektiv kitablar, peşə məktəbinin adama heç nə verməyən dərsləri, elə dərs vaxtı oynadıqları xırda qumar, papiros, hərdən kollektiv çəkdikləri nəşə, təqaüd aldıqları günlər qurduqları içki məclisləri, çayxanalar kömək eləmirdi. Özü də nə içki, nə nəşə ləzzət verirdi ona, odur ki, belə məclislərdə darıxırdı, bilmirdi hara qoysun özünü. Maraqlı burası idi ki, daxilində baş verən müvazinətsizliyi hər vəchlə gizlətməyə çalışır, özünü qızlara biganə adam kimi aparır və buna nail də olurdu. Bəlkə də bu ona görə idi ki, onu cəlb edən, maraqlandıran konkret qadın, qız yox idi. Fikrində onların ümumi surəti dolanırdı; mücərrəd bir qadın surəti. O, fəhmlə hiss edirdi ki, içində yetişən vulkanı, qayır-qayır qaynayan həyəcanı yalnız qadın əridə bilər... Kartdan bezmişdilər, düz dörd saatdı oynayırdılar. Sinif daha çox zirzəmidə yerləşən pivə barlarını xatırladırdı. Elə dörd-beş boş pivə şüşəsi də dəyirdi gözə. Siqaret tüstüsü göz çıxarır, ürək bulandırırdı. Hərəsi bir tərəfdə oturub siqaret tüstülədə-tüstülədə kassirin bankdan qayıtmasını gözləyirdilər. Təqaüdü alıb zavodun hasarından bir az aralıda yerləşən «Tovuzquşu» pavilyonuna gedəcəkdilər. İstədi-istəmədi hamı səhərdən axşamacan qaban əti adı altında donuz ətindən kabab çəkilən bu pavilyonda «kefə baxmalı» idi. Bu adətdən kənara çıxan adam peşə məktəbinə də əlvida demək məcburiyyətində qalmalı idi. Əslində uşaqlar bu məktəbdən məmnuniyyətlə çıxardılar, onsuz da heç nə öyrənmirdilər, ancaq hara gedəsən, əsgərliyə kimi başını nə ilə qatasan ki, həm valideynlərin arxayın olsun ki, oxuyursan, təhsil alıb sənət öyrənirsən, həm də elə özünü aldadasan... Hər halda «peteu» deyilən bu peşə məktəbi texniki peşə təhsili sisteminə daxil olan yüzlərlə «peteu»nun biri kimi çox böyük insan ordusu üçün əsl yeyinti yeri, verdiyi isə heç nə idi, çünki onların məzunları onsuz da peşə diplomunu alandan sonra sənətə bilavasitə təyinat aldıqları yerlərdə – müəssisələrdə yiyələnirlər.
Bir ay gözlədikləri təqaüdü bircə gündə həmin pavilyonda qoyub çıxmaq bir növ dini mərasim kimi idi və bu müqəddəs ənənəni pozmaq kafirlik hesab olunurdu.
– Bura bax, Fuad, sənə sözüm var, – dəstənin sayılan üzvlərindən biri, əsgərliyi bu il çəkib gəlmiş Qaşqalı oğlan qolundan tutub onu qırağa çəkdi.
– Nə var?
– Pulu alaq, gedək bir yerə.
– Gedəcəyik də, – Fuad başa düşmədi.
– Frayırsan ey! – Oğlan istehza ilə gülümsədi. – Qızları gözünlə yeyirsən, amma padxod eləməyə qorxursan. Niyə elə baxırsan? Düz demirəm?
– Tutaq ki, düz deyirsən.
– Bu oldu təmiz söhbət. – Qaşqalı oğlan siqaret çıxarıb ona da təklif elədi.
– İstəmirəm, ürəyim bulanır siqaretdən. Sözünü de.
– Əntiqə bir yer var. Civilər də ki... – Qaşqa baş barmağını dikəltdi – Cağ!
Elə bu yerdə ürəyi balıq kimi çapaladı, boğazı qurudu. Güclə özünü biganə göstərməyə çalışsa da alınmadı. Səsi titrədi:
– Bayaqdan belə de də.
– Bəs mən belə yox, elə deyirəm? – Qaşqa güldü. – Rəngin nöş qaçdı, alə?
Həyəcanını kobudluqla ört-basdır eləyib:
– Yaxma də! – dedi.
Qaşqa səsini bir az aşağı saldı:
– Əntiqə yerdi, – çox adam bilmir. Bunlara demirəm e, çuşkədilər, səninlə bir kef görəcəyik, zor deyirəm e... Əllicə manat.
«Əntiqə yer» Fuadın tanımadığı zavodlardan birinin ərazisində yerləşirdi. Boğulmuş qırmızı rəng verən lampanın xırda pəncərədən görünən işığı olmasaydı heç kimin ağlına gəlməzdi ki, qarovulçu budkasına oxşayan bu taxta tikili evdir və burda kimsə yaşayır, gün keçirir, həyat sürür. Ağ buxar buraxan sarıqlı, sarıqsız borular, zəhərli qazlar fışqıran cəhrəvari qurğular, əcayib səslər çıxaran bu mühərriklər arasında əntiqə bir yerin olacağına yalnız divanə inana bilərdi. Ancaq aqillər deyib ki, heç nəyin zahirinə baxıb qiymət vermə, sən batilə var, diqqət elə, onda çox sirlərdən agah olarsan. Bu öz yerində, amma ədalət naminə deyək ki, bu mənzərənin yaratdığı təəssürat heç içəri girəndə də yox olmur, silinib getmirdi, əksinə, işığın rəngini boğub bayırdakılar üçün qızardan lampa işığı elə bu daxmada da adi elektrik və ya İliç lampasının işığı kimi idi, fərqi bu idi ki, gərginlik zəif olduğundan işıq ürək sıxır və qırmızı pərdədən keçib boğulurdu. Bakının gizli sexlərində hazırlanıb büllura oxşadılmış təklampalı çilçırağın bər-bəzəyi milçək ləkələrindən ibarət idi. Qapıya yaxın qoyulmuş divanın yayları o qədər boşalmışdı ki, üstündə oturanın yanı döşəməyə dəyirdi. Kök, yekəqarın qadın dizinə güclə çatan, arxadan uzun, qabaqdan qısa xalatının ətəklərini bir-birinin üstünə çəkə-çəkə onlara xoş gəldin elədi və əvvəl Qaşqanı, sonra təzə müştərini, yəni bütün bədəni tir-tir titrəyən Fuadı sinəsindən itələyib divana saldı. Qaşqa müqavimət göstərib ayaq üstdə qala bildi. Fuad isə divana düşdü və onun heç də kök və ətli olmayan yanı yayları basıb döşəməyə dirəndi.
– Həmişə siz gələsiz. – Əlbəttə bu hörmət daha çox Qaşqaya aid idi. Sonra qadın maraqla Fuada baxıb bir müddət sınayıcı nəzərlərlə onu süzdü və gülə-gülə də Qaşqaya müraciətlə biədəb bir söz dedi və nəinki Fuadı, hətta Qaşqanı belə qızartdı. Bununla belə Qaşqa hər iki əlini cibinin lap dərinliyinə salıb xeyli cəsarətlə:
– Elə olmasaydı gəlməzdik ki! – dedi. – Nə itimiz azmışdı burda? Bu mənim dostumdu. Gör nə ceyildi, qiymət ver.
Qadın divanın dibinə düşüb mat qalmış Fuadı bir də sınayıcı nəzərlə süzdü.
– Çox əcəb, çox göyçək oğlandı, amma kişiyə göyçəklik vacib deyil, üzündə doğramac yemiyəcəyik. Sütül baladı də. Xoş gəlmisən, xala qurban. Dur bir ayağa görüm, dur ustulda otur, ora narahatdı. Baladı, baladı, bala...
Qaşqa arvadın xalatdan açıq-aydın bilinən dik, ətli dalına əlinin üstü ilə bir şillə çəkdi.
– Ağəz, səninlə qiybət eləməyə gəlmişik? Civilər hanı?
– Qudurma! – Arvad ərklə Qaşqanın əlinin üstünə bir şapalaq vurub dedi: – Heç qudurma, indi gələrlər, niyə tələsirsiz? Dözə bilmirsənsə xalavız burda hazır. Deyir can burda, ağacan burda. Xalan maşallah, sənin kimi beş oğlanı qatlayıb qoyar dizinin altına, heç uf da deməz.
Qaşqa hələ də pərçim olduğu divanda ikiqat qalmış Fuada göz vurub:
– Bələdik, – dedi. – Elə sənin üstündə öyrənməmişik dəlləkliyi?
– Bax belə! Ustadına kəm baxanın gözlərinə ağ damar. – Arvad xırda pəncərənin qırmızı pərdəsinin bir ucunu qaldırıb lazım olduğundan çox əyildi ki, çölə baxsın.
– Əlivi çək! – Arvad çölə baxmaqda davam eləyərək onu dümsükləyən Qaşqaya çəmkirdi: – Sən girən kol deyil, bərkdə də əlin yoxdu. Aha, gəldilər. Sizə belə taqqanaq kimi uşaq-muşaq lazımdı ki, çox şeyi qanmasınlar. Siz nə bilirsiniz ağzıvızın dadını. – Arvad pərdəni buraxıb dikəldi. Başı ilə pəncərəyə işarə elədi: – Amma özüvüzü gözləyin, uşaq olsalar da adamı diri gözlü yeyirlər. – Fuadı Qaşqaya göstərib şorgöz kişilər kimi dodaqlarını yaladı: – Bu sütül balanı lap pallı-paltarlı udacaqlar...
Sifətindəki rənglərdən üzü yaxşı görünməyən qız gözlərini yumub üzünə baxmayan Fuadın üstünə əyildi, mələfənin bir ucundan tutub yavaş-yavaş dartdı, əvvəl oğlanın təzəcə-təzəcə tüklə örtülmüş möhkəm sinəsi, sonra arxası qatda uzandığından tarıma çəkilib içəri batmış qarnı açıldı. Qız dayanmadan mələfəni dartmaqda davam elədi. Oğlanın bədəni uğursuzluğun gətirdiyi xəcalətdənmi, qorxudanmı titrəyirdi.
Qız pis-pis gülümsədi və dişlərini aralamadan dedi:
– Səni görən kimi bildim ki, frayırsan.
Oğlan dəhşətli uğursuzluqdan sonra daha gizlədiləsi bir şeyi olmadığından sakitləşdi və ona qəribə həyasızlıq gəldi, bir balaca dikəlib istehza ilə dedi:
– Yəni bu çox ayıbdı?
– Yox, sən yaşda oğlan üçün bu ayıb deyil, – qız mehribanlıqla gülümsədi. –Yaxşı, utanma... baxtın gətirib ki, qəşəngsən, hərtərəfli vışşısan, yoxsa dalıva bir təpik vurub qovardım, pazor eləyirdim səni. – Oğlanın yanında yanakı oturub üzünü çarpayıya söykədi.
Oğlan qalxmaq istədi və buna təşəbbüs göstərdi, ancaq qız imkan vermədi.
– Bilirsən, mənim kliçkam nədi?
– Deyərsən, bilərik.
– Deyərəm, canıvı da alaram. – Oğlanın bədənindən qəribə titrəyiş keçdi. Qız sirli-sirli pıçıldadı: – İki yüz iyirmi voltdu mənim adım.
– O nə deməkdi?
– İndi biləcəksən. – Qız qəfil sıçrayıb ayağa qalxdı, oğlana elə baxdı ki, elə bil şikarını hardan dağıtmağı bir anlığa götür-qoy eləyən yırtıcı idi. – Bu nədi, alə?
Qəfil qalxdı yerindən və qızı itələdi. Dalı-dalı səntirlədi qız, özünü saxlaya bilməyib divara dəydi. Oğlan geyinirdi, amma ayağını şalvarının balağına keçirə bilmirdi.
– Onsuz da pulu qaytarmayacam? Elə bilirsən məndən pul ala bilərsən?
Oğlan onu bir də itələdi və nəhayət şalvarının qabağını bağlaya bildi. Qız sakitləşmədi və bu dəfə həyasızlıq eləməyə başladı:
– Nöş qaytarıram? Özünsən də əfəl. Frayır!
Fuad onun sözünü ağzında qoyub eni-uzunu bircə çarpayıya bəs eləyən otaqdan çıxdı...


Qapıya açar salındığını eşitdi. Tərpənmədi. Yəqin ki, anası idi. Necə uzanmışdısa elə də qaldı. Qarnı tavana dəyirdi. İlahi, bu nə bəlaydı o düşmüşdü? İlahi, haçan qurtaracaqdı bu dərddən? Heç nə istəmirdi, heç nə istəmirdi allahdan, bir azadlıqdan savayı heç nə istəmirdi. Bu hamiləlik deyildi, bu tələydi düşüb çapalayır, heç cür azad ola bilmirdi ondan; elə bil boynundan bir pudluq daş asmışdılar və bu daş çəkirdi onu aşağı, dartırdı dayandığı, uzandığı, oturduğu yerə, guya harasa girməli idi, amma girə bilmirdi...
Anası mətbəxə deyil, hər əlində dolu zənbil birbaşa içəri gəldi və töyşüyə-töyşüyə:
– Yenə uzanmısan? – dedi. – Ay evi yıxılmışın qızı, axı öldün sən havasızlıqdan. Ağəz , özün cəhənnəm, barı o tifilə yazığın gəlsin.
Dinmədi, cavab vermək, söz demək, etiraz etmək istəmədi. İndi bu saat hər sözə, hər tikanlı atmacaya belə biganə idi. Anası qızının tavana dikilmiş ifadəsiz gözlərindən, bir əzələsi belə titrəməyən sifətindən bir şey anlamayıb başını bulaya-bulaya, ah-vay eləyə-eləyə mətbəxə yönəldi. Zənbilləri masanın yanında döşəməyə qoyub onları boşaltmaq, yerbəyer eləmək istədi, ancaq əli iş tutmadı. Götürdüyü keşniş dəstəsini yenə də zənbilə atıb geri qayıtdı. Qızı elə uzanıqlı vəziyyətdə də qalmışdı. Arvad hirsindən qızardı, içindən bir qırğın qoparmaq istəyi keçdi, ancaq özünü ələ almağa çalışdı, kürsü götürüb qızın yanına qoydu, elə oturdu ki, üz-üzə düşsünlər. Hikkəsini boğub mümkün qədər sakit danışmağa çalışdı:
– Ölmək istəyirsən? Yox də, de görüm, özün özüvə niyə zülüm eləyirsən? Niyə dillənmirsən, ağəz, niyə ürəyimi partladırsan? – Qız cavab vermədi, deyişmə də baş tutmadı. Arvadın hirsi birdən soyudu. Hərəkətsiz gözlərini tavana zilləmiş, qarnı tavana dirənmiş yeganə balasına rəhmi gəldi. – Axı sən hərəkət eləmədikcə, yerimədikcə, lap elə deyib-gülmədikcə halın pisləşir. Axı sən bu günə-sabaha doğmalısan. Niyə sənin basaratın bağlanıb, bala? O əfəl, o allahın yazıq bəndəsini də qudurtmusan. Hanı, niyə soruşmursan ki, haralarda veyillənirsən? Bəlkə uyub birinə? Niyə gəlib sənin qolundan tutub çıxartmır allahın havasına? Yoxsa hava da pulnandı, yoxdu?
Nəhayət ki, qız tərpəndi, qəhərli səsi elə bil uzaqdan gəldi:
– Onunla işin yoxdu, mama! Dəymə ona!
Qızı dilə gətirdiyindən arvad elə bil sevindi və acısız, tənəsiz, çox asanca dedi:
– Qorxma, dəymərəm o çiçiyə, allah əlində-ovcunda saxlasın. – Arvad güldu. – Gözə gələr, bərk saxla. – Deyinə-deyinə mətbəxə keçdi və əlində sapsarı bir alma geri qayıtdı. Yenə də qızın yanında oturdu. – Ala ye bu almanı, səndən ötəri seçdim bazarda. – Almanı yuxarı tutub ləzzətlə baxdı. – Bu bircə almanın xətrinə iki kilo aldım bir mürdəşirdən, gözü çəpin biri idi, zəhləm gedir çirkin kişidən. Ye, sən mamovun canı, ye, xeyiri var. – Qızın başını sığalladı. – Yoxsa iki gündür yediyin qarnındadı, almanın xeyiri var. Oturdun, oturdun, axırda getdin... adam tapdın da. Nə camalı var, nə kamalı, nə malı. Yetimin birini gətirdin evimə.
Qız çətinliklə dikəlib arvadın alma uzadan əlini kənar elədi və xeyli kəskin dedi:
– Bəsdi, mama! Dedim axı onda işin olmasın. Kimdi məni alan, qalmışdım evdə. Özün dedin ki, it olsun, qurd olsun, amma get birinə. Biabır olmuşuq, sorğu-sualdan abırımız getdi.
Arvad yenə də almanı qıza uzatdı və o da təslim olub aldı. İyrənirmiş kimi üzünü əyib dişlədi. Anası davam elədi:
– Mən nə bilim bu maymağın, əfəlin biri imiş. O gün Bikəyə rast gəlmişəm, ət oçurunda, deyir niyə o qızı hayıf elədin, niyə Nadirin üzüyünü qaytardınız onda, yəni Nadir o Yetimdən, atası-anası naməlumdan əskik kişinin oğluydu?
– Bəsdi, mama! – Qız bir dişdəm aldığı almanı hirslə döşəməyə vurdu. Qapı açıldı, əri içəri girdi. Alma dığırlanıb düz onun ayağının burnunda dayandı. Yetim əyilib dişlənmiş sapsarı almanı his-pasdan qaralmış, dəmir-dümürlə işləməkdən cızıq-cızıq olmuş və çirki axıracan getməyən əlinə aldı. Alma onun əlində daha gözəl göründü. O, susub qalmış qadınlara baxdı; bildi ki, vəziyyət gərgindir və bu gərginliyin yaranmasında o heç də axırıncı səbəb deyil. Günahkarcasına gülümsədi, batıq ovurdlarında iki dərin qırış əmələ gəldi və tez də itdi. O, bir də almanı o üz-bu üzünə çevirib yaxınlıqdakı dolabın üstünə qoydu. Pencəyini çıxarıb kürsünün başından asdı. Ləng, yorğun, ancaq razı adam ədası ilə soruşdu:
– Bu nədi, məni alma ilə qarşılayırsınız?
– Heylədi. – Qaynanası fırr eləyib mətbəxə getdi. Arvadı hər iki tərəfdən qarnını götürüb çətinliklə ayağa qalxdı və yanlarını basa-basa qaynanasının fırıldamasından pərt olmuş ərinə tərəf bir-iki addım atdı və heç özünün də gözləmədiyi hökmlə soruşdu:
– Hardasan? Niyə gec gəlirsən, evə? Sənin evin, ailən yoxdu? Yoxsa...
Yetimin üzündə yenə də günahkar təbəssüm göründü.
– İşim çoxdu, – deyib içi təzə qırmızı qabarlarla örtülmüş əllərini açıb göstərdi.
Arvadı qabarları görəndə utandı, səsi içinə düşdü, amma dərhal geri çəkilmək istəməyib:
– Çox ya az, nə dəxli var? – dedi. – İş ki beşdə qurtarır. Gör saat neçədi? Hava da qaralıb.
– Xeyirli işdi, çasnı zakazdı.
– On beş manat, ya iyirmi?
Oğlan sualdakı acı istehzanı hiss eləmədi və ürəklə dedi:
– Yox, çox olacaq, lap çox! Nə qədər işləsəm bir elə də pulu olacaq. Bəlkə lap... Yox, sonra deyəcəm. Əvvəlcədən demək mənə düşmür.
Qız yenə də ayaqlarını aralı qoyub oturdu. Yetim qaynanası çıxan qapıya baxıb arxayınlaşdı və arvadının qabağında diz çökdü. Əlləri ilə onun nəhəng qarnını yoxladı, əllədi, kifayətlənməyib qulağını söykədi, sonra o biri qulağını dirəyib dinlədi. Sifətindəki donuq təbəssüm dəyişmədi. Böyük gərginlik və diqqətlə dinləsə də, heç nə eşitmədi. Nə uşağın ürəyinin döyüntüsü bilinirdi, nə də özgə bir səs eşidilirdi. Ancaq uzaqdan nəbz kimi bir lökkültü hiss olunurdu, guya sağalmaqda olan yara zoqquldayırdı. Dilxor olsa da büruzə vermədi və yavaşdan dedi:
– Ürəyi döyünür, eşidirəm.
– Doğru sözündü? – Qız şübhə ilə soruşdu və cavab gözləmədən ayağa qalxdı. – Anam gələr... Bayırda hava necədi?
– Soyuqdu.
– Soruşuram təmizdi?
Əri duruxdu və yadına salmaq istədi.
– Deyəsən təmizdi. Külək var axı.
– Onda aç eyvanın qapısını.
Əri ayaqlarının ucuna qalxıb cəftəni aşağı saldı. Qapı açıldı. Qız eyvana çıxdı və həmişə olduğu kimi indi də gözünü qarşıdakı evin ikinçi bloku çəkdi özünə. Yenə də «Təcili yardım» maşını dayanmışdı qapıda. Elə bu vaxt blokun qapısından çıxan ağ xalatlı həkimi və dava-dərman çamadanını götürmüş Fuadı gördü. Fuad da dərhal başını qaldırıb qızın eyvanına baxdı və bu dəfə onlar, hava xeyli qaranlıq olsa da, göz-gözə gəldilər. Qız nəhəng qarnının imkan verdiyi qədər cəldliklə qapıya tərəf gerilədi ki, oğlan onun bədheybət gövdəsini, bu gününü görməsin...


Qaşqanın gözünə görünməkdən çəkinirdi. Ona görə də, bir həftə idi dərsə getmir, çox vaxt küçədə-bazarda veyillənir, kinolarda vaxtını öldürürdü.
– Hardasan, alə? – Qaşqa yerdən çıxdı, göydən düşdü bilmədi, hər halda görmədi. – Nöşün o gün birdən qaçdın, xəbərsiz? Bilirsən sonra nə kef çəkdik. Səninki də gəldi qoşuldu bizə. Zor civilərdi. Deyir ki, – Qaşqa onun pivə parçını qabağına çəkib sümürdü, – Fu! Bu nədi alə içirsən? At sidiyidi ki! Deyir ki, dostun əla oğlandı, onu bir də gətir.
Təzədən hərəsi bir parç da pivə içdilər. Qaşqa hər qurtumdan sonra pivəyə bir az əvvəlki qiymətini verirdi. Buna baxmayaraq bulanıq sarı mayeni ləzzətlə elə sümürürdü ki, guya parçdakı «at sidiyi» deyil, Bavariya pivəsi idi. Fuad Qaşqanın hər sözünə diqqət yetirir, nəsə qızla baş vermiş uğursuzluğa bir eyham gözləyirdi. Və bilirdi ki, kiçicik bir işarə belə hiss eləsə yarıyacan boşaltdığı parçdakı pivəni onun üzünə çırpacaq. Buna o qədər əmin idi ki, hətta içinə qurtum-qurtum axan soyuq mayenin gətirdiyi sərinliklə bir rahatlıqdan, hər şeyə qəribə biganəlikdən belə əl çəkməyə hazır idi. Demədi, heç nə demədi. Deməli bilmir, qızın ona rəhmi gəlib.
– Xoşuma gəlirsən, – Qaşqa siqaret yandırdı. – Cağ oğlansan, amma bir az beləsən də, tyomnısan, e, danışmırsan.
– Nə danışım?
– Mən nə danışıram, sən də ondan, söz qəhətliyidi?
Fuad başını tərpətdi, yəni ki razıyam...
Ertəsi gün yenidən yarımçıq dərsə başladı, atası da təkid elədi ki, məktəbi atmaq olmaz. Əslində darıxmışdı, kino, tanış küçələr zəhləsini tökmüşdü. Sərilirdi partanın üstünə və yalan-palan dərslərə yalan-palan da qulaq asırdı. Bir rus dili müəlliməsinin dərsində özünü yığışdırır, adam kimi şax oturur, müəllimənin bir sözünü də buraxmırdı. Onun hər hərəkətini, yerişini, asta addımlarla irəli-geri getməsini, lövhə qarşısında dayanıb qrammatik qaydaları izah etməsini, hərdən başının kəskin, amma gözəl hərəkəti ilə alnına düşən bir bölük saçı geri atmasını izləyirdi. Deyəsən müəllimə də bu baxışları, dəli diqqəti görürdü, çünki oğlan onun narahatlığını hiss etməyə başlamışdı. Dərsin əvvəlindən tədricən qızaran müəllimənin yanaqları zəngə yaxın pörtüb yanırdı. Qadın elə bil onun baxışlarından qaçmaq, gizlənmək üçün yer axtarırdı, təbii ki, bu mümkün deyildi. Sinif səhra kimidir, orda gizlənməyə, kölgələnməyə, şagird gözündən uzaq olmağa yer yoxdur. Belə dərslərin birinin axırında müəllimə onu çağırıb özü ilə müəllim otağına apardı və müqəddiməsiz-zadsız:
– Başa düş, bu dözülməzdir, – dedi. – Ya ne moqu, eto nevınasimo. Dərs keçə bilmirəm.
Təəccüblə baxdı müəlliməyə. Axı nə olub ki? Məgər o özünü pis aparıb dərsdə, qulaq asmayıb, səs salıb, yainki o biri dərslərdə olduğu tək it kimi partaya sərələnib oturub? Altdan yuxarı səmimi təəccüb qonmuş sifətinə baxan müəllimə o qədər yaxında, o qədər əlçatanda idi ki, bu adamsız otaqda elə bil bu saat həyəcandanmı, istəkdənmi yıxılacaqdı, ayaqları sözünə baxmayacaqdı. İlahi, bu nə güclü istək, bu nə hökmran hiss idi. Səsi birdən tutuldu. Elə bil boyda ondan xeyli balaca olan bu ağbəniz, qarasaç, qaragöz yumşaq qadın maqnit olub çəkirdi onu. Müəllimənin çəhrayı rəngli pamada çəkilmiş ətli dodaqlarına, heç də nifrətlə baxmayan qara, nəm gözlərinə, boynu xeyli açıq nazik, yun koftasından ayrıcı görünən qabarıq döşlərinə baxır və heç nə deyə bilmirdi. Qəddini elə bil kimsə əyib onu müəllimənin üstünə meylləndirirdi. Hey udqunurdu və müəllimə onun qalxıb-enən hülqumundan qorxdu deyəsən. Təhlükə hiss etmiş adi zəif qadın kimi bir addım geri çəkilib divara sıxıldı və yalvaran səslə dedi:
– Nelzya tak smotret.
Bu yalvarış oğlanı hərəkətə gətirdi, qadının hər iki qolundan tutub özünə tərəf çəkmək istədi.
– Dəli olmusan? – Qadın sövqi-təbii qapıya tərəf baxdı. Qollarını oğlanın əlindən çıxartdı.
– Da eto je... kakoy stıd...
Oğlan rədd edilmiş əllərini qoymağa yer axtarırdı.
– Dəlisən?
Qadın yüngül paltosunu tələsə-tələsə geyib sumkasını götürdü və iti addımlarla otaqdan çıxdı.
Hava qaralırdı. Soyuq külək uzaqdan görünən rəngli zəhər buraxan hündür boruların məhsulunu küçədən-küçəyə qovub dağıdır, havada görünməz edirdi. Zəqqum saçan qoxulara isə gücü çatmırdı küləyin. Onun burnunda isə müəllimənin ikicə dəqiqə əvvəl hiss etdiyi qəribə ətir iyi qalmışdı, bəlkə də bu heç ətir iyi deyildi. Sonralar, lap sonralar bildi ki, ağlını başından çıxaran, şəhərin bütün zəqqum qoxularına, üfunətlərinə qalib gələn yalnız kişilərin duya biləcəyi adi qadın iyi imiş.
Müəllimə avtobusa mindi, o da mindi. Qadın düşüb tramvaya çatdırdı özünü, o da geri qalmadı. Qarabaqara izləndiyini müəllimənin hiss edib-etmədiyi Fuada məlum deyildi, hər halda qadın bir dəfə də olsun dönüb arxaya baxmadı, onun gəlib-gəlmədiyi ilə maraqlanmadı. Bəlkə də baxmışdı, ancaq ağlı üstündə olmayan oğlanın gözündən qaçmışdı. Axı o çox şeyi görmür, çox şeyi hiss etmirdi. Bütün varlığı, içi, beyni, hissi izlədiyi qadınla dolmuşdu. Onu aparan, irəli qovan istəyin qanadında yaydan çıxmış ox kimi süzürdü və o bilirdi ki, havada nə qədər süzsə də bu ox düşməli və mütləq harasa sancılmalıdır.
Müəllimə bloka girəndə, nəhayət, dönüb arxaya baxdı. Bilmədi onu gördü ya yox, ancaq dayanmadı və qadının dalınca bloka girdi. Elə birinci mərtəbədəcə iki üz-üzə qapıdan biri aralı idi. Tərəddüd etmədən içəri girdi, qapını arxasınca örtəndə elə bil qaranlıq zindana düşdü, gözü heç nə seçmədi, ancaq bədəni ilə, bütün varlığı ilə ona yaxınlaşan qadını görür, hiss edirdi, tanış, sirli ətir iyi başını dumanlandırır, ağlını əlindən alırdı. Ətir iyi lap yaxınlaşdı. O andaca boynuna sarılan qadının yumşaq, istisi heç bir isti ilə müqayisə oluna bilməyən qolunun təmasını hiss elədi...


...Səhəri diri gözlü açmışdılar. Heç biri yata bilməmişdi. Görünür can verən adamın yanında soyunub yorğan-döşəyə girmək mümkün deyildi. Bu az vaxtda xəstənin tənəffüsünü müşayiət edən kəsik xırıltı səsi tək onun üzü qibləyə qaldığı otağın deyil, üçotaqlı mənzilin bütün divarlarına, hamamxanasına, ayaqyolusuna, mətbəxinə də işləmişdi. Bu xırıltıdan yaxa qurtarmaq mümkün deyildi. Adama elə gəlirdi ki, həyatla vida səhnəsinin əsas atributu olan bu xəstə səs heç vaxt kəsilib qurtarmayacaqdı, hətta bu vida səhnəsini müşahidə edənlər də elə bil bu müdhiş xırıltı səsinə alışırdılar. Ona görə də dünənə nisbətən bir qədər toxdamışdılar. Hərdən növbə ilə girib-çıxır, mətbəxə və vacib yerlərə baş çəkir, oğlan eyvanda və ya pəncərəsi açıq mətbəxdə vaxtı öldürmək üçün istəməsə də atasının siqaretindən çəkir, arvad dərddən hövl eləyən adam kimi qalxıb xəstənin içilməyən çayını təzələyir, bir növ qırışığını açır, təzədən can verən ərinin yanında bükülüb otururdu.
Qız eyvana açılan qapını ehtiyatla örtüb xəstənin ayağı tərəfində dayandı və xeyli toxtaq səslə dedi:
– Əlimizdən nə gəlir, ay papa? Biz kimik, kimimiz var ki, gələ tökə həkimləri, qaldıra səni ayaq üstdə. Oturub əliqoynunda gözləyirik görək... – Səsi toxtaqlığnı itirdi, qalınlaşıb kişi səsini xatırlatdı. Sifəti də kişi sifəti kimi əyildi, gözlərindən yaş axdı. – Yazıq ata, yiyəsiz ata, qardaşsız, bacısız, atasız, anasız ata...
Heykəl kimi divana bitişib qalmış, bir saatdan da artıq nə dinib-danışan, nə ağlayan arvad bu sözlərdən tərpəşdi, başını qaldırıb tənə ilə atasını oxşayan erkək səsli qızı pis-pis süzdü və su içən toyuq kimi boynunu uzadıb tavana baxdı; dişinin arasında «Allah, varsansa çək bunu kamına, – dedi. – Al bu həyasızın canını, bunu qoyma mənimlə bir dam altında». Və birdən arvad elə bil dediyindən qorxdu. Biri uzaq yerdə, qərib eldə həbsxanada, o birisi əsgərlikdə olan oğlanları düşdü yadına. «Saa ağır getməsin, allah, özün bilən məsləhətdi. Mənim o qərib yerdə, gözü-könlü intizarda olan bədbaxt balalarıma rəhmin gəlsin». Onun donuq, quru gözlərində yaş qaynadı və öz-özünə danışır kimi dilə gəldi:
– O tifilə orda əyan olajax, o daş qəfəsdə bağrı çatdıyajax.
Qızın baxışları yumşaldı, istədi gəlib arvadın yanında otursun, onu qucaqlayıb qürbətdə olan qardaşlarını, arxası qatda can verən atasını, dünyadan nakam köçmüş cavan anasını birgə ağlasın, amma ürək eləmədi. Əvəzinə qart səslə dedi:
– Bilməyib birdən gədələrə yazdırarsan ha... Onsuz da orda, o oğrunun, xuliqanın, banditin içində əzab çəkir bacısı ölmüş. – Əyilib üz-gözünü uzun xalatının ətəyinə sildi. – Getdi gül kimi oğlan düşdü türməyə on doqquz yaşında. Hamısı da sizin bivecliyinizdən, kəççiliyinizdən. Bir az pul verib vaxtında buraxdırmadınız. Hərəsi dünyanın bir tərəfində.
– Kim buraxdırmadı, az?
– Siz! Elə sən, papam özü.
– Neynək, sən eliyəydin dayna, buraxdıreydin. – Mətbəx tərəfə işarə elədi. – Qardaşın eliyəydi. Biz avam, kəççi adamıq, siz ki şəhərrisiniz.
Qız nifrətlə baxdı arvada və yenə də eyvana çıxdı. «Dura! Nə danışasan bununla?» Əllərini qoynuna qoyub həyətə baxdı. Səssizlik idi. Qışın orta ayı olsa da şüşəbəndli eyvanın açıq pəncərəsindən içəri soyuq və təmiz hava əvəzinə xarab olmuş ət iyi verən isti hava gəlirdi. Adam sinə dolusu nəfəs almaqdan qorxurdu. Elə bil tufanqabağı ölü, qatı sükut qatran kimi yayılıb adamın üzünə, boyun-boğazına toxunur, bədəninin açıq yerlərini bulayırdı. Şəhər dolu qarına bənzəyirdi, nəfəs ala bilmir, boğulurdu. Adama elə gəlirdi ki, bu şəhərə çirkab hava ilə dolmuş ciyərlərini təmizləmək üçün onun özü boyda nəhəng oksigen balışı lazım idi. Bəlkə içinə lehmə kimi çökmüş zəqqumu o nəhəng balış təmizləyə bilərdi.
Qız qarşıda və yanlardakı eyni ölçülü, eyni biçimli evlərin ümumi həyətə açılan pəncərələrinə, az qala bir-birinə söykənmiş asma eyvanlarına baxdı. Nə pəncərələrdə, nə də eyvanlarda bir kimsə vardı. Deməli heç kəs səhər havası almaq istəmir, amma şəritlər dolu idi. Alaçirk, yuyulmaqdan rəngi qarışmış, qabağı ləkəli kişi və qadın tumanları, sarısı və çirki göy lillə ört-basdır edilmiş döşəkağılar şərəfsizliklə məğlub olmuş qoşun bayraqları kimi asılmışdı; nə yellənir, nə tərpənirdi.
Hamilə qadını birdən gördü. Eyvanın məhəccərindən iki əlli yapışıb dik qalmışdı. Çoxdan dayanan adama oxşayırdı. Özü görünmürdü. Elə bil qarnının dalında gizlənmişdi.
– Bu yazıq hələ doğmayıb? – Qız qeyri-ixtiyari pıçıldadı. – Bu nə dərddi, ilahi? – Qulağını dartdı. – Uzaq, uzaq... Sağlam adamın havası çatmır, bəs bu bədbəxt neyləsin?
Sonra qız fikirləşdi ki, yəni bu bir də incələcək, o beli üzükdən keçən qız həddinə bir də düşəcək? İnanmaq çətindi. Bu cür fikirlərlə qız özündən ona rahatlıq verməyən bir məsələni qovur, uzaqlaşdırırdı. Analıq ərəfəsində olan hamilə gəlinə həsəd hissi ilə, açıqca paxıllıqla baxdığını başqa, ona dəxli olmayan ikinci dərəcəli hisslərlə ört-basdır etməyə, onların irilib artmasının qarşısını almağa çalışırdı. Ancaq qız birdən məğlub oldu, guya, içində qəfil uşaq ağladı. Əlini belinə yapışmış qarnına çəkdi, eyni ilə bətnindən uşağın tərpənməsini əlləri ilə hiss etmək istəyən hamilə qadın kimi. Halbuki... «Heç vaxt mənim uşağım olmayacaq». Ürəyindən qara qüssə keçdi, əlləri ilə gicgahlarını tutub sıxdı...

Maşın blokun qabağında dayandı və içindən birinci baba kəhildəyə-kəhildəyə düşəndə, dalınca da nənə sağ ayağını çətinliklə asfalta dirəyib arxa oturacaqdan çıxanda bütün ailə həyətə töküldü. Onu qarşılayanlardan öz ağayana geyimi-gecimi ilə, ilk baxışda ziyalı görkəmi ilə seçilən, dərhal diqqəti cəlb edən baba maşından düşəndən sonra, əvvəlcə böyür-başına, dörd tərəfdən həyəti dövrələmiş evlərin arvad-uşaqla dolu eyvanlarına çəkinib eləmədən yetikliklə baxıb «Bu nədi, ə?» dedi. Hiss olundu ki, kişi onun hər bir hərəkətini eyvanlardan izləyən «tələbkar» tamaşaçılardan razı qaldı.
Geyimli-gecimli, ağayana görkəmli, altmış beş yaşında belə qamətini şax saxlaya bilmiş babanın arvadı hər cəhətdən ərinə uduzurdu. Kişidə saydığımız əlamətlərin heç biri qadında yox idi. Gündə böyür-başımızdan əli zənbilli o yan-bu yana keçən və yadda qalmayan, gözə gəlməyən yüzlərlə, minlərlə qadınlardan biri idi. Təbiidir ki, qadın əri kimi ora-bura boylanmadı və üstünə gələn doqquz-on yaşlı oğlan uşağını sərincə öpdü. Baba da nəvəsini təmkinlə öpdü və uşağı kənar eləyib atası ilə görüşməyə növbə gözləyən oğlundan soruşdu.
– Gədədən kağız gəlirmi, ə?
– Gəlir, əşi, arxayın ol. – Oğul atasını qucaqlayıb öpdü.
Gəlin də kişini öpdü və qabaqda baba ilə nənə, arxasınca eyvanlara baxmağı unutmayan oğul və gəlin içəri keçdilər.
– Az, biz heç öpüşmədik, – nənə gəlinlə evin girəcəyində o qədər sərin öpüşdü ki, hər ikisinin dodaqları bir-birinə buz təsiri bağışladı. Nənə sözün hər bir mənasında bu ailəyə ögey idi, nə babaya heyran-heyran baxan, onun ən ani hərəkətindən belə nə istədiyini bilməyə çalışan və bu yaraşıqlı kişiyə çox oxşayan, eyni zamanda ondan yerlə-göy qədər aralı olan oğulun, nə görkəmindən bədbəxtlik və həyatdan narazılıq yağan arvadının, yəni gəlinin, nə də bir az əvvəl çox sərin öpdüyü doqquz-on yaşlı uşağın ona qan cəhətdən doğmalığı yox idi. Arvad babanın lap sonradan aldığı axırıncı övrəti idi. O, kişinin evinə gələndə bu oğul artıq evlənib ailə qurmuş və iki də uşaq atası idi, o uşaqların ki, anaları vərəmdən xəstəxanalar sakini olub, ataları həbsxanada küllənəndə baba və ögey nənə onları internata vermiş, sonra da həftədə bir dəfə bitdən-sirkədən təmizləmişdilər. Özü də nalə çəkə-çəkə, nifrin tökə-tökə. Nənə onda da kişinin nəvələrini – indi əsgərlikdə olan oğlanı, hələ ki gözə dəyməyən qızı öpərdi. Və heç kəs adət halını almış bu sərin öpüşlərdə, bir misqal məhəbbət olduğunu deyə bilməzdi. Və mərəkə də elə nənənin öpüşündən başlayırdı.
– Ölüm olsun sizə, – deyirdi nənə. – Elə bit-sirkə yığıb gətirirlər.
Bu, babaya bəs eləyirdi:
– Ataları oğraş... uf-uf-uf... Yandırdı məni odsuz-ojaxsız, yandırdı məni allahsız oğlu, allahsız...
Baba içəri girdi və boynuna sarılan gəlinini hövsələsizliklə geri elədi və bu soyuqluğa bəraət qazandırmaq üçün dedi:
– Əynə dür, az, nəfəsim tıncıxdı. Zəhləm gedir bu şəhərdən. – Qırağı ağ yelənli sumağı dəsmalını çıxarıb alnını, boyun-boğazını sildi. – Üfunət iyi verir havası. Vallah siz burda nətəər dolanırsınız bilmirəm. Az, aaa... adı nədi, ə, bunun? Ay gəlin, bir istikan soyuq su ver, atanın ehsanına. – Stulla divan arasında tərəddüd eləyən arvadına tutdu üzünü. – Otur, a yazıq, bədbaxt qızı, bədbaxt, ölür ey ə, şəkəri qalxıb genə üç yüzə, deyirəm, a zalım qızı, pozma pəhrizini, axı ölürsən, kimə deyirsən? Burdan da... – qapı ağzında dayanmış bir cüt əkiz oğlanı görüb güldü. – Ə, bunlardı dayna ekizlər? Hansıydı, o, bəyax bizim qabağımıza çıxan?
Oğul bayaqdan gülürdü. Kişinin hər sözünə uğunurdu. İndi də gülə-gülə dedi:
– Əşi, nə fərqi var, ikisi də özümüzündü.
– Təki heylə olsun, bala! – Başı ilə mətbəxə girib-çıxan gəlin tərəfə işarə elədi. – Bu, gej gəlib güjdü çıxanlardandı dayna.
Oğul bu dəfə qəşş elədi. Kişi daha da ilhama gəldi:
– Bura gəlin görüm, ə! Kimi öpməmişəm o gəlsin, məndə hal nə gəzir bir uşağı iki dəfə öpməyə.
Oğul daha bərk uğundu. Uşaqlardan biri kişiyə yaxınlaşıb qabağında dayandı.
– Maşallah, namxuda, yekəliflər. – Uşağın üzündən öpdü. – Arvad alarsanmı, ə?
Uşaq utancaq-utancaq gülümsədi və təzəcə dibdən qırxılmış iri başını razılıq əlaməti olaraq tərpətdi.
– Bərəkallah! Kimin oğlusan, bala!
Gicgahları çoxdan ağarmış oğul bu dəfə hırıldadı və bu dəm qəribə də olsa sosial pilləkənin müxtəlif pillələrində dayanan bu iki adamın – qocalığa yan almış yaraşıqlı, ağayana görkəmli ata ilə, cavanlıq və ağ günlə çoxdan xudahafizləşmiş oğulun nəinki ata-bala, heç qohum olduqlarına inanmaq mümkün deyildi. Bu dəm heç zahiri oxşarlıq da rol oynamırdı.
– Niyə babalarını demirsən, əşi?
Artıq özünə yer eləmiş və ata-balanın söhbətinə maraqla qulaq asan nənə dedi:
– Elə onu de! Hələ də...
Kişi zarafata çalan süni hirslə:
– Bəsdir, a əzginişin qızı, – dedi. – Bu da məni rivnavat eliyir ey. Az mənim altmış beş yaşım var ey... Yeri oyna, ə! – Hələ də başıaşağı dayanıb xırda-xırda gülən uşağı yüngülcə qapıya tərəf itələdi. – Arvad tapanda sifariş göndərəjəm.
Əkizlər itələşə-itələşə qapıdan çıxdılar.
– Deyirsən Fuad kağız yollayır, heyləmi?
Gəlin çay gətirdi.
– Əvvəl, qağa, bir istikan çay için, mən də yeməyi...
– Dayan, az, tələsmə! – Arvadının dalınca mətbəxə getmək istəyən oğlunun biləyindən tutub saxladı və az qala pıçıldadı. – Bə qız hanı?
– Burdadı, indi gələjək.
Nənə divanda qurcalanıb stullardan birini qabağına çəkdi və ayağını üstünə uzadıb:
– Uy-uy-uy... ayaqlarım nətəər uyuşub, – dedi. – Elə bil yüz yerdən iynə tökürlər üstünə.
– Sən dayan, bura həkimxana dəyil. Qoy dərdimizi danışaq.
Arvad ayağını cidd-cəhdlə ova-ova:
– Danış dayna – dedi. – Əlimi qabağına vermişəm? Yoxsa eşşəyi qoyub palanı döyəcləmək istəyirsən?
– Ala ey! – Kişi qoşa əlini açıb arvada qaramat çevirdi. – Əzginişin qızı, əzginiş, indi davaya qalxassan mənimlə? Nə dedim ki, saa? Dedim ki...
– Qağa, sən allah başlamayın, – Oğul dilxor oldu.
– Ə, elə dərdi mənnəndi. – Nənə təslim olmadı və axır ki, ovub qurtardığı ayağını aşağı saldı. – Uf, uf, ufff... Mənim günüm belədi, bala. Həmişə üzüm danlaqlıdı.
Kişinin zarafat ovqatı itmişdi. Siqaret yandırıb bir ağız öskürdü və çiyinlərini oynatdı, guya quluncunu qırdı:
– Soyuq dəydi maa maşında. Gəl burdan otur görüm, ə! Gəl, gəl...
– Yəqin tərli olmusan əşi?
Kişi tüstünü ürəklə buraxdı, otağın havası göyərdi.
– A bala, qojalmışam dayna.
Gəlin də gəlib qapı ağzında əli qoynunda dayandı. Oğul atası ilə üzbəüz oturub siqaret yandırdı və tüstü arasından dedi:
– Qağa, dərdim nə yerə sığandı, nə göyə. Mən biabır olmuşam, nə həyətə çıxa bilirəm, nə adamların üzünə baxa bilirəm. Evə hava qaralanda gəlirəm ki, qonşularla tuş çıxmıyım.
Gəlin asta pişik yerişi ilə birovuz oturdu və ərinin sözünə qüvvət verdi:
– Öhdəsindən gələ bilmir, qağa, döyür, öldürür, bax o istolu öyrəli belində sındırıb! – Nənəyə tutdu üzünü. – Böüzm eləyib bizi, bajı. – Arvadın qulağına nəsə pıçıldadı. Arvad içini çəkib əlini yanağına apardı.
– Pıçıldaşmayın, az, orda – Kişi az qala nərə çəkdi. – Pıçıldaşmayın! Neynəyir açıq deyin, ordan bura məni gətirtmisinizsə açıq deyin dərdinizi, yerli-yataqlı. Deyin görüm axı neynir ey?
Oğul siqareti külqabıya basıb dedi:
– Az, sən danış, mən... mən... – Qəfil hönkürdü. – Qağa... qağa... – Danışa bilmədi. Enli ağır çiyinləri hönkurtü ilə həmahəng atılıb-düşdü.
– Bax günümüz belədi. – Gəlin divanın üstündə elə buruldu ki, elə bil onu paltar kimi sıxdılar. – Şəhərə çıxa bilmir, bazara gedə bilmir. Vurğunu güjdü gəlmiş biriynən gedir, biriynən gəlir, bir maşından düşüb, o biri maşına minir...
Babanın çətinə düşdüyünü hamıdan tez arvadı hiss elədi və gəlinin dizindən basdı:
– Az, o uşaxdı hələ...
– Ay onu uşaq öleydi, bajımın əvəzinə o gedeydi. – Gəlin qıpqırmızı qızardı. – Yazıq bajımı elə o öldürdü. Qan qusa-qusa düşdü bunun dalınca. On yaşı vardı, bilvarda gəzirdi, axırı da belə.
Baba dərin bir ah çəkdi; təmiz qırxılmış qarayanız sifətinə boğuq qızartı çökdü. Kişi bir az da qaraldı. Oğul qızarmış gözlərini, dolmuş burnunu silmək üçün əlini cibinə apardı ki, dəsmal çıxartsın, yox idi, o biri cibinə baxdı. Gəlin əlində bürmələdiyi dəsmalı onun üstünə atdı və dedi:
– Ala, a yazıq, ala. Ağlamaqla düzələn iş dəyil bu. Görəcəkli günlərin hələ qabaqdadı. Sənin xəbərin yoxdu ey, xəbərlərdən. Onu tükana işə götürən...
Hər üçü gəlinin indi dəhşətli bir həqiqətin üstünü açacağını qorxu və həyəcanla gözlədi, amma gəlin susdu; sözünün dalını gətirib axıra çıxarmadı, çünki gəlin bütün bu məsləhət-məşvərətin acizlikdən irəli gəldiyini bilirdi. Beşcə dəqiqə əvvəl bu dərdin qabağında gülməkdən qəşş eləyib gedən atadan, arsız babadan qeyrət gözləmirdi. Dərdi belə çəkməzlər. Elə bu fikirlə də o yerindən qalxıb stəkan-nəlbəkini yığışdıra-yığışdıra babaya dedi:
– Qağa, çayını təzələyimmi?
– Hə, başına dönüm, təzələ. – Kişi dedi və gəlinin çıxmasını gözləyib sıxılmış səslə əlavə elədi: – Doğma xala olsa da ögəy anadı, bəlkə şişirdir, bəlkə beşinin üstünə onun qoyub deyir, bəlkə... Mən inanmıram ki, o qız... axı mərd uşağıydı o? Sən özün nə deyirsən, doğrudan məsələ ciddidi?
Oğul əvvəl duruxdu, elə bil özü də bir az qabaq deyilənlərə şübhə elədi. Kişi bu tərəddüdü görüb bir az da irəli gəldi:
– Bəlkə elə arvad-uşağın sözünə gedirsən, qızdı dayna, özü də gəzişi bir az... eşitməmisən, deyir nə nə olmaz gəzişi nə olar?
Oğulun rəngi qəfil gələn göz yaşlarından qızarıb boğuldu:
– Əşi, mən qalmışam belə... Qağa, vəziyyət o yerdədi ki, özümü öldürmək istəyirəm. Ya gərək onu öldürəm, ya da özümü. Bil ki... – Qəhər danışmağa, sözünü bitirməyə imkan vermədi. Siqaret götürdü.
– At o zəhrimarı əynə, qoy dərdimizi çəkək. Qızın özüynən danışmısan heç, bir ata-bala kimi? Öyüd verib ağıl qoymusan başına, hədə-qorxu gəlmisən?
– Əşi, hamısından keçmişəm ey, qağa. Söymüşəm, döymüşəm, qılıqlanmışam, dalınca adam salıb güddürmüşəm, o kişiynən də danışmışam.
– Kişi kimdi?
– İşlədiyi mağazanın müdirini deyirəm. – İki əlini başına çırpdı. – Allah mən niyə ölmürəm? Niyə qeyrət məni boğmur?
Baba deyəsən təsirləndi və oğluna acıqlandı: – Bəsdi, qaraçılıq eləmə! – İki siqaret yandırıb birini ona verdi. – Bəs nə deyir oğrac?
– And-aman eləyir ki... Qız da boynuna almır, deyir öldürsən də işdən çıxmaram. İnstituta girməyimə lazımdı deyir.
Gəlin iki stəkan çay gətirdi və söhbətə elə qoşuldu ki, elə bil bayaqdan burda imiş:
– Əşi, belə üzünə deyir ki, sən gedən yolu gedirəm. Deyir, sən atasan? Sənin nə atalıq haqqın var üstümüzdə? Gedib kefindən girmisən türməyə, qalmışıq çöllərdə...
– Çöllərdə niyə? – Nənə nəhayət dilləndi. – Onların bitini-sirkəsini kim təmizləyib? Qışqırırdım ey, heç öz nəvələrimi bircə dəfə də çimizdirməmişəm, amma kişinin balalarına yaxşı olmuşam. O Fuada mən doğma nənədən də artıq olmuşam, baxma ki, kağız yazanda əvvəl kişinin adını, sonra məni yazır.
– Dayan az, sən ucun alıb getmə ucuzluğa. Bir dəfə uşaq çimizdirib yüz il deyəjək.
Arvad çəmkirdi:
– Nədi əşi? İndi qoymuyassan məni ağzımı açım? Boy, sən allah, gör bu da işdimi?
Gəlin yenə də divanda – qaynanasının yanında oturub qisas alırmış kimi davam elədi:
– Deyir elə mamamı da onlar çərlətdilər, adına sözlər çıxartdılar ki...
Kişi partladı:
– Yalansa onu görüm... Nəhlət saa şeytan dayna! Niyə mənim çörəyimin duzu yoxdu, ə?
Gəlin sakitləşmədi:
– Deyir qoy hər kəs özcə dərdini çəksin, özcə ayıbına yəə dursun...
– Bəsdi az! – Oğul arvadına acıqlandı. – Ağzını açıb qoyma allah yoluna.
– Nədi ə? Qızın deyənləri deyirəm dayna!
– Qələt eləyirsən! Durub sallam təpiyimin altına...
Gəlin ağzını narazılıqla əydi:
– Neynək, mən susdum. – Əlini ağzına şappıltı ilə vurdu. – Mən deyən boğazdan getmir. O sən, o da qızın, mənim borcuma qalmayıb.
– Borcuna qalmayıbsa kəs səsini, otur yerində! Allah maa qız əvəzinə bəla verib. Qoy... – Qapının zəngi çalındı, oğul sözünü uddu və elə bil kömək üçün təlaşla indicə danladığı arvadına baxdı. Gəlin incikliyini dərhal unudub baba ilə nənəyə dedi:
– Vurğunu güjdü gəlmişdi. – Yaşli, ağır kənd arvadları kimi hıqqanıb yerindən qalxdı və qaşını-gözünü əyə-əyə (yəni allah səni tez çəksin kamına) qapını açmağa getdi.
– Babagil gəlib? – Qızın bir qədər köntöy səsi içəridə aydınça eşidildi və hiss olundu ki, bu səsdə həm təəccüb, həm də sevinc var. İçəri əynində ətəyi dizindən xeyli yuxarı yubkası olan uzunqıç qız girdi. Ayağı rezinli əlvan güllu koftası boyunu olduğundan xeyli qısa göstərirdi, ancaq buna baxmayaraq yenə də ucaboy olduğu dərhal gözə çarpırdı. Qız əvvəl nənənin üstünə cumdu və arvadı yerindəcə qucaqlayıb o üzündən, bu üzündən öpdü və sonra özünü babanın üstünə saldı, amma kişi ilə xeyli sərin və təmkinli oldu.
– Qurban olum sizə! – Qız gah arvada, gah kişiyə baxıb dedi və birdən ağladı.
Baba təsirləndi və qıza təpindi:
– Axmaqlama!.. – Kişinin də səsi titrədi. Qız əllərinin arxası ilə gözlərini sildi:
– Elə birdən gördüm sizi... Nə yaxşı gəlib çıxmısınız. Sizin də ayağınız dəyərmiş bu... şəhərə. Rayonda nə var, nə yox? – Nənənin yanında oturdu və yubkasını aşağı dizinə tərəf dartmağa çalışdı.
– Sağ ol, başına dönüm, yaxşıyıq, nə təhər olajıyıx, biz qoja adamlarıq, sən, maşallah yekəlmisən, gözəlləşmisən... – Nənə birnəfəsə dedi.
Baba arvadına razılıqla baxdı və oğluna eşitdirmək üçün dedi:
– Kopaqqızı deyirsən diplomatdı.
Oğlu nə qədər qəribə olsa da güldü. Nənə də xoşhal oldu, yəni bekara gülümsədi. Və otağa birdən sükut çökdü. Dördü də susmuşdu. Gəlin mətbəxə çəkilmişdi. Baba qızın gəlməyi ilə yandırdığı siqaretini tüstülədirdi və söhbəti hardan, nədən başlamağı düşünürdü. Ömründə belə çətin işə düşdüyü yadına gəlmirdi. Altmış beş yaşında da görkəmini, sağlamlığını, dünyaya, şirin həyata marağını, istəyini saxlaya bilmiş bu adamın payına həmişə həyatın cəfasından çox səfası, dərdindən çox sevinci, axmırasından çox, ləzzəti, kef-damağı düşmüşdü. İndi onunla üzbəüz – masanın o biri tərəfində oturmuş və dəllək sığalına çoxdan ehtiyacı olan saçı-saqqalı ağarmış oğlunun üzünü belə çox adamdan az görmüşdü. Həyatı qəsdənmi, ya təsadüfdənmi elə gətirmişdi ki, heç oğlunu əməlli-başlı saxlamamışdı. Uşağı körpəliyində nənəsi, yeniyetməliyində kolxoz, gəncliyində əsgərlik və nəhayət özü-özünü saxlamışdı. Bir yerdə yaşadıqları fraqmentlər də olmuşdu, ancaq bu fraqmentlər təsadüfi, əlacsızlıqdan irəli gəlmiş və nəhayət birdəfəlik ayrılıq baş vermişdi, oğlu evlənib ayrıca yaşamağa başlamışdı. Amma yeri gələndə oğlu qarşısındakı xidmətlərindən, onunla bağlı çətin epizodlardan elə yerli-yataqlı söhbətlər edər, əhvalatlar danışardı ki, eşidənin ağzı açıla qalardı və eşidən-bilən fikirləşərdi ki, bu oğul bu bədbəxt atanın başına nə oyun açmayıb ki, qalsın... Budur, yenə növbəti tələyə salıb qoca kişini, bu xəstə qoca arvadı. Əgər bu yubkası göbəyinə çatan həyasız doğrudan da pis yola düşübsə, baba köpəy oğlu nəyləsin, başına haranın daşını salsın, nə məsləhət görsün? Qovdursun evdən, qızlıqdan çıxarsın, öldürsün? Bəlkə əsl baba kimi özü ilə götürüb rayona aparsın, bu yad qızının yanına? «Başına dönüm» deməyinə baxmayın, öldür razı olmaz... Nəysə, çətin, həlli müşkül məsələ idi. Saydığı variantların heç biri məqbul deyildi. Odur ki, baba çox istəyirdi ki, bu sözlər yalan çıxsın, iftira olsun. Kaş qız durub deyəydi ki, baba, bütün bunlar yalandır, şərdir. Amma bu qədər susmaq da yaramazdı, danışmalı, həmişəki kimi guruldamalıydı, yağmasa da guruldamalıydı. Hələ onun sözünə, məsləhətinə, nüfuzuna ehtiyac vardı.
– Danış qızım, görək nə var, nə yox? – Kişi nəhayət hamını nigarançılıqdan qurtarıb dilləndi. – Qardaşın oxumadı, məktəbi atdı, düzəltdik peşə, sənət məktəbinə oranı da bəyənmədi, qoşuldu gədə-güdəyə, pis yola düşdü, atası kimi, camaatın balaları ali savad alır, aspirant olur, mənimkilər qumara qurşanır, arvadbazlıq eləyir.
Oğul başını aşağı salıb, çal, səliqəsiz bığlarını gəmirirdi. Bu danlaqlara nə qədər alışsa da indiki halda qızının, arvadının yanında söhbətin ondan getməsini istəməzdi. Kişi isə yavaş-yavaş ilhama gəlirdi. – Apardım Şuşaya, qoydum texnikoma, dedim neynək oxu, aqronomluqdu dayna, gələcək oxuyanın, savad alanındı. Cavab verdi ki, heylədi, qağa, oxuyajam. Bir dəst də kefin istəyən kəstyum tikdirdim əyninə. Nəysə, bir aydan sonra qalxdım Şuşaya, ki, görüm neyniyir, nə təhər oxuyur, dərslərini öyrənə bilirmi? Ata ürəyidi dayna, dözmür. Nəysə, qoy özü desin, allah şahididi. Hə, gəlmişəm texnikoma, soruşuram ki, ay uşaq, Gözəlov Gərayı görən olmuyub? Dedilər, ay rəhmətliyin oğlu, bu vaxta Gəray qalar? Odu ha Cıdır düzündə yemək-işməkdə, qumarda. Dedim, neynək? Canım saa desin yollandım budu haaa Cıdır düzünə. Gülür ey... – Oğul doğrudan da yavaş-yavaş gülürdü. – Hə, neynək, qoy gülsün. Canım sizə desin gədəni əvvəl tanımadım, baxdım ki, kəstyumu da yaşıldı. Dedim ə, hanı tikdirdiyim parusin kəstyum, dedi ki, əşi, elə budu dayna, ayrı kəstyumum var? Demə yaşıl otun üstündə ağnamaqdan ağ kəstyum dönüb olub düm yaşıl. Dedim, ə, oğul, itin qarnından çıxan, bə niyə belə? Axı mən səni bura oxumağa göndərmişəm. Dedi, qağa, mən dünyanı belə başa düşürəm. Dedim, səni doğan arvadın... Əlimə nə keçdi vurdum başına, haqq üçünə deyim ki, üzümə qayıtmazdı, öldürsəm də deməyib ki, a kişi, niyə məni öldürürsən? Oxumadı, oxumağı cəhənnəm, hələ də o kəstyum yandırır məni.
Hamısı güldü. Söhbətin axırına gəlib çatmış və qapının çərçivəsinə çiyni ilə söykənmiş gəlin isə heç qımışmadı da. Əksinə ürəyində dedi ki, ömründə bircə kəstyum tikdirib deyə heç yadından çıxmır. Oğul düşdü türməyə dalınca getmədi, arvad-uşağını tökdü çöllərə, qarnıdolusu çörək vermədi onlara. Yazıq bajım, ajından, bunların zülmündən «çuxotka» tapdı, adına da bax bu kaftarciyəz nə cür mundar sözlər qoşdu, nə var, nə var evdən uzaqlaşdırsın. Sənin, a baba, qeyrətin olsaydı təkcə oğlunun bircə cüt balasını, tifil yaşında, rayon yerində internata qoymazdın. Bəs internatda yekələn qız bundan artıq olar? O gədə özü min oyundan çıxdı, axırda özcə muəlliməsi ilə alışıb-verişdi. Özündən on beş yaş böyük erməni harsını ilə üzünün suyunu tökdü. İndi də əsgərlikdə. Əlində sənəti yox, sübutu yox. Gəlib neyləyəjək, nə iş görəjək, bir allah bilir? Allah-allah! Gör heç vejinədi? Ə, bu tayfa niyə belə arsız-namıssızdı? Ə, bunlar bu biabırçılığa nə təhər dözürlər, nə təhər çıxırlar adam arasına? Hələ də söhbətin təsiri altında olan ərinə baxdı: «Biqeyrət qoja kişini ordan bura çağırtdırıb ki, bəs durma gəl nəvən pozğunluq eləyir, məsləhət ver görüm bunu öldürüm, ya qovum evdən. Partla ürəyim, partla qarabaxt canım, qeyrət məni boğur, mən arvad xeylağını boğur qeyrət. Bunlar da ata-bala baş-başa verib köhnə palan içi tökürlər. Hələ arsız-arsız da gülürlər. Deyir arsız ölüb nəyi saqqız çeynəyir?
– Az xala, yemək-zad qayırmısan?
Qız arvadın daxili monoloqunu qırdı. Arvad pis baxdı qıza. Amma cavab vermədi.
– Yeyib-içmişik, bala, nigaran qalma. – Nənə gəlinin əvəzinə danışdı ki, gərginlik artmasın. – Bakıya gəlmişdik, dedik bir sizə də dəyək.
– Lap yaxşı eləmisiniz. Baba həmişə Bakıya gəlir, ordan da qayıdıb gedir. Bizi yada salmır. Vallah burnumun ucu göynəyirdi sizdən ötəri. Elə Fuad əsgər gedəndə də dedi ki, babamı, nənəmi görməyib getdim. Zəng də elədik...
Nənə ayağını yenə də ufuldaya-ufuldaya kürsünün üstünə qaldırıb qoydu və dizini ova-ova:
– Onda baban nə gündəydi, a bala? – dedi. – Yağı görsəydi qan ağlardı. İkitərəfli sətəlcəm olmuşdu, hələ də bankaların yeri qapqara durur, kösöy kimi. Bəs mən. Uf-uf-uf... bax elə bil şüşəni əzib töküblər dizlərimin içinə. Elə göynəyir, elə göynəyir ki, səhəri diri gözlü açıram. Şəkərim də qalxıb üç yüzə...
– Kağız yazmışam gədəyə. – Baba dedi. – On manat da pul göndərdi arvad. Qoy xaşdasın uşaqdı, dost-tanış var, qoy korluq çəkməsin, sınmasın...
Oğul gülə-gülə:
– Heç maa göndərmirdin, – dedi. – Bajı, – üzünü nənəyə tutdu, – bax bu mən ölüm əgər maa bir qara qəpik göndəribsə.
Kişi nazik – qara dodaqlarını yalayıb dedi:
– Ə, onda mənim gözümə oğul-uşaq görükürdü? Onda mənim...
– Bilirik, bilirik, danışıb özünü yorma. – Nənə guya qısqandı və kişiyə göz eləyib söhbətə maraqla qulaq asan qızı göstərdi. – Nəyə gəldiyimizi de, gün batır.
Qız başını kəskin hərəkətlə çevirib əvvəl yanaşı oturduğu nənəyə, sonra otaqdan çıxmağa hazırlaşan xalasına, birdən-birə ciddiləşib gözlərini ondan gizlədən atasına, siqaretini külqabıya basıb söndürməklə məşğul olan babasına baxdı. Bildi ki, əsl söhbət bundan sonra olasıdı. Solğun sifəti birdən qızardı. Dizlərini bir-birinə möhkəm sıxıb qıçlarını qucaqladı və başını aşağı salıb gözlədi...


Hamilə qadın hələ də eni-uzunu üç arşından çox olmayan eyvanda o baş-bu başa gəzirdi; çətinliklə nəfəs aldığı uzaqdan bilinirdi. İçəridən də xəstənin bura gəlib çatan xırıltılı tənəffüsü eşidilirdi. Havasızlıqdan hamilə qadının, içəridə arxası qatda üzü qibləyə can verən atasının əzab çəkməsi qızı darıxdırır, onu da təngnəfəs edirdi.
Çox ağır həftə başa çatmaq bilmirdi. Müdir olduğu mağazada təftiş gedirdi. Düzdür, mağazanın əsl sahibi, necə deyərlər, şefi vardı, özü də icraiyyə ko-mitəsində yaxşı vəzifədə işləyirdi, köhnə partiya işçisi idi, gəlir-çıxara, əgər-əskiyə, sənədlərə dəxli olmayan artıq mallara cavabdeh də o idi və təftişin tərtəmiz qurtaracağına da şübhə ola bilməzdi. Elə təftişi də şef özü göndərmişdi, bir növ qızın işini yoxlayırdı, daha doğrusu, şefə sədaqətini. Onu da deyək ki, mağazanın işlərinə hüquqi cəhətdən cavabdeh əlbəttə rəsmi şəkildə mağazanın müdiri, yəni qız özü idi. Odur ki, təftişin nəticəsi onu narahat etməyə bilməzdi. İstədiyi vaxt şef onu güdaza verə bilərdi. Bir vaxtlar dalınca sürünən, qızın bir sözünü iki eləməyən kişi son vaxtlar bərk dəyişmişdi. Aralarındakı inam, etibar azalmışdı. Səbəbi hər ikisinə məlum idi. Sadəcə olaraq qız gənclik təravətini çoxdan itirmişdi, ticarət stajı onun xarakterində bakir nə vardısa öldürmüşdü, gözəlliyi solmuş, odu-alovu sönmüşdü; daha heç nəyi kişidə heyrət doğurmurdu. Əlli beş yaşlı adama gənclik həvəsi aşılamağa qızda nə həvəs qalmışdı, nə istək. «Əclaf qanmır ki, məni də həvəsləndirmək, içimdə yatmış ehtirası oyatmaq üçün inək kimi yelinləmiş, qarınlamış qoca yox, daha güclü, daha cavan kişi lazımdır. Tfu! Tfu! Tfu! İyrənirəm bu həyatdan, iyrənirəm özümdən, iyrənirəm bu şəhərdən. İlahi, iyrənirəm bu murdar şəhərdən, haram, iyrənç əllərdən, "həyasızlaşmış özümdən, qartımış bədənimdən...» Canından hərarət qalxdı, ağzından-burnundan qaynar hava çıxdı, elə bil içi yanıb qovrulurdu....
İstər-istəməz gözü yenə də hamilə qadının eyvanına dikildi. İndi qadın tək deyildi. Özündən dörd dəfə balaca olan cılız əri gözünü dikmişdi arvadının bədheybət qarnına. Elə bil qarının içindəki başı yuxarımı ya aşağımı dayanıb nədənsə tutub sallaşmış körpəni görürdü. Heç cür havası zəqqum bu şəhərə çıxmaq istəməyən uşağa yalvarırdı ki, nəhayət çıxsın. Guya bu saat inadkar uşağı dilə tutacaqdı ki, onları bu ağır intizardan qurtarsın...
Bu gördükləri, təsəvvür etdikləri onda nə qədər ikrah oyatsa da, yaxşı başa düşürdü ki, bədheybət qarınlı gəlinin bir az həsədini çəkir, ona paxıllıq eləyir. Bunun, bu açıb-ağardılmayaçaq paxıllıq hissinin səbəbini heç kəs onun özü qədər bilməzdi. Yox, ona bu cür cılız, yetimxanadan çıxmış, aciz-avara, qaynana qoltuğuna qısılmış evsiz-eşiksiz bədbəxt ər gərək deyildi. Ona asıb-kəsən, qaz vurub qazan dolduran, pula pul deməyən cantaraq, güclü kişi lazım idi, tale ona həmişə belə kişilər də qismət eləmişdi, ancaq onların heç biri daimi və tək onunku olmamışdı, odur ki, içində bir kəsiklik natamamlıq vardı. Hər gün qorxa-qorxa, səksənə-səksənə «əlvida» sözünü gözləmişdi, həmişə də bu cür əlaqələri gizlətməyə, xüsusilə son vaxtlar, pərdələməyə çalışmışdı, çünki rəsmi adı qız idi, ərdə olmamışdı. Hər təzə tanışını nişanlısı elan eləmişdi. Üç ildən, beş ildən bir dəyişən bu nişanlıların hamısını nifrətlə yad edirdi...
Hamilə qadına da əslində paxıllıq eləmirdi, hər halda onun yerində olmaq istəməzdi, ancaq hər o gəlinin qarnını görəndə bir daha yadına düşürdü ki, o heç vaxt ana ola bilməyəcək, bu dərd onu son vaxtlar, yaşa dolduqca daha çox yeyirdi. Özünə bəzən təskinlik verməyə də çalışırdı. Pis övladlar haqqında eşitdiyi əhvalatları, rəvayətləri yadına salır və subaylıq soltanlıqdır məsələni tez-tez işlədib özünə ürək-dirək verirdi. Öz kefinə yaşadığını, azad, sərbəst olduğunu özü öz gözünə soxurdu... Yox, heç bir təsəlli, təskinlik karına gəlmirdi. Yaş artdıqca ümidləri puç olur, məhv olub gedirdi, həyatda nəyi vardısa əhəmiyyətini itirirdi...


– Həəə... – Baba birdən dilləndi. – Qızım, bilirsənmi biz nəyə gəlmişik bura?
Qız sualın birbaşa ona aid olmasından və kişinin səsindəki boğuq qəzəbdən diksinib yığışdı. Üzündəki mülayim ifadədən, babasının gəlişindən yaranıb qapqara iri gözlərindən aşıb-daşan sevincdən əsər-əlamət qalmadı. Onun yerini qəribə bir əsəbilik, bir az da qorxu tutdu. Hücum gözləyən pişik kimi tüklərini qabardıb özünü müdafiəyə hazır dayandı. Baba dünyagörmüş adam olsa da, onda yaşına layiq müdriklik, ən çoxu isə hövsələ çatmırdı. O, cavanlığında olduğu kimi hələ də yalnız özünü sevən, özünü hər şeyin mərkəzində görmək istəyən adam idi. Kimliyindən asılı olmayaraq, onu narahat etmiş, çətin vəziyyətə salmış adama mərhəmət göstərə bilmirdi və buna heç çalışmırdı da. Odur ki, baba birinci növbədə ona əziyyət verən hirsdən-hikkədən, içini coşduran qəzəbdən azad olmalı idi. Məsələni daha da uzadıb silinsitmək yaramazdı.
– Bilirsənmi ki, sənin bu bədbaxt atan zəng eləyib məni, bu qoja, xəstə arvadı (arvadı özündən on yaş cavan idi) çağırtdırıb bura? Yox, de görüm bilirsənmi?
– Bilirəm! – Qız qəfil və möhkəm səslə dedi.
Baba barmağını dişlədi. Bu ötkəm səsin sahibindən nə desən gözləmək olardı və dünyagörmüş baba qəti bildi ki, qarşıda duran bu çətin söhbətin nə ilə və kimin qələbəsi ilə başa çatacağına düzgün proqnoz vermək müşkül məsələdir. Deməli, taktikanı dəyişmək, ağsaqqal urvatını qoruyub saxlamaq üçün həsləmək gərəkdir. Elə bu qərarla da ağzını açıb söhbətə təzədən başlamaq istədisə də hövsələsizliyi və bir balaca incidilmiş mənliyi mane oldu. Səsi öz-özünə qalxdı:
– Bilirsənmi ki, səni istəsəm bircə saatın içində yox elətdirərəm? – Kişinin yaşına yaraşmayan gur və cingiltili səsi rəngi qaçıb dodaqları, çənəsi titrəyən nəvəsinin sifətini qarsdı. Hamı özünü yığışdırdı. – Elə bilmə ki, saa görə mən, ya özü öz evini yıxmış bu bədbaxt dədən gedib türmuyə girəjək? Xeyr, bala, nə mən əlimi sənin mundar qanına boyuyanam, nə də bu biqeyrət! Sənin qiymətin mincə manatdı, bildin? Min manatı kimə versəm səni bir gejədə itirər, heç bir oğracın da xəbəri olmaz...
Oğul neçə vaxt idi ki qızı öldürmək haqqında düşünürdü, yəni plan qurmur, hazırlıq görmürdü, ancaq bu fikir yapışıb yaxasından əl çəkmirdi ondan. Gah qızın qəfil ölümünü arzulayır, gah maşın altına düşməsini ağlından keçirir, gah da qəfil partlamaya düşüb ölməsini təsəvvür edirdi. Bir həftə bundan qabaq qonşunun iyirmi yaşında qızı günün günorta çağı astmadan ölmüşdü. Deyirlər anası gəlib görüb ki, yazıq elə pal-paltarında uzanıb çarpayısına, ayağını uzadıb canını tapşırıb, telefonun dəstəyi də döşəmənin üstündə. Bu xəbəri eşidəndə ürəyindən keçmişdi ki, kaş o mənim qızım olaydı, kaş mənimki gecə yatıb səhər oyanmayaydı. Bəs vurub öldürsəm necə olar? Zəhərləsəm kim biləcək? Yox, o saat üstü açılar, ölüm yerdə qalmır. Əvvəl-axır üstü açılır. Bəs öldürməyib qovsam necə? Avam söhbətdir, gedər düşər küçəyə, beş adam bilirdisə, on beş adam da əlavə biləcək, sonra gəl çıx də şəhərə, çıx də bazar-dükana. Bir ara da fikirləşdi ki, oğlu əsgərlikdən qayıdıb gələr, köməkləşib birgə batırarlar başını. Ağlına gəlməyən muzdlu qatil tutub öldürtmək olmuşdu. Yatsa yuxusuna da girməzdi. Gəlin də kişinin hədəsinə inandı və qəlbində bir balaca ümid qığılcımı işıldadı. Deməli, biabırçılıqdan qurtarmağın yolu vardı. Buna mincə manat pul lazım idi. Gizlincdə bir az pul ehtiyatı vardı. Sözün əsl mənasında dişi ilə, dırnağı ilə qazanıb yığmışdı. Qonşu arvadların üzünü almaqdan qabaq dişləri bir-birindən aralanıb laxlayırdı, daha əvvəlki kimi sapı tuta bilmirdi. Yun didib yorğan-döşək salmaqdan dırnaqlarının arası həmişə qapqara çirklə dolu olardı. Yun didməyə o qədər alışmışdı ki, işsiz oturanda da barmaqları bir-birini didir, dartışdırırdı. Bax elə indinin özündə də barmaqlarını əsgi kimi o yan-bu yana burur, dartışdırır, şıqqıldadırdı. Bir cüt əkiz balasının adına yığırdı o pulu və dünyanın ən çoxbilmiş orqan işçisi belə gəlib gecə-gündüz axtarsaydı o pulu tapmazdı. Nənə oğuldan və gəlindən fərqli olaraq bilirdi ki, baba bekara söhbət eləyir. O nəinki pul verib kimisə öldürdər, heç milçəyi də əzə bilməz. Həm ürəyi yuxadır, həm ağciyərdir.
Qız divanda iki qatlanıb elə oturmuşdu ki, alnı əl dəsmalı ilə örtülü dizlərinə dəyirdi. Hər iki gözündən sürətlə axan yaş burnunun ucunda birləşib qopur, dəsmalın üstünə düşürdü. Qızın bu cür səssiz ağlaması və alnını az qala dizlərinə söykəyib üzünü gizlətməsi kişini daha da ilhamlandırırdı.
– Bil ki, maa da Qara Süleyman deyərlər ha... Sən məni barmağına dolaya bilməzsən, dədəni doladığın kimi. Gör nə gündədi o yazıq, ayaq üstdə ölüb, yarı canı qalmayıb. Nədi? Deyirsən öldürsün özünü? O yazıq xalana bax, bilmir sizin gödəninizi doldursun, yoxsa... Nəhlət saa, şeytan dayna! Bu dünyada mənim bir qulağımın dibi qalıb təmiz, bala! Bə əsgərlikdən qayıdıb gələn qardaşıyın üzünə nə təhər baxassan?
– Qağa, nə məhləyə çıxa bilirəm, nə qonum-qonşuya ürəklə salam verirəm, elə bilirəm üzümü çevirən kimi ağızlarına gələni deyib dalımca tüpürürlər. – Oğul şikayətlənib zülüm-zülüm ağladı. – Əşi, çatdıyıram ey... Qaçım burdan da gedim? Rayondan qaçdım, didərgin olub diyarbadiyar düşdüm, tay-tuşdan oldum, hamıdan geri qaldım. İndi də başımı bu cəhənnəmdən götürüm qaçım? Öldürüm özümü? Bəs o tifilləri kimin umuduna qoyum?
Qız dinmirdi, vəziyyətini də dəyişmirdi. Nənə döyülmüş şüşə doldurulmuş dizlərini yavaş-yavaş, qayğı və məhəbbətlə ovuşdururdu. Gəlin isə ikrahla baxırdı hönkür-hönkür ağlayan ərinə.
Oğlunun zülüm-zülüm ağlaması babanı da kövrəltmişdi. Səsindəki qəzəb cingiltisi kökdən düşmüşdü:
– Eşidirsən, qızım, dədənin dediklərini? Görürsən yazıq atan nə təhər əzab çəkir? Nə deyirsən bəs?
– Əşi yox ey, qağa, – oğul nalə çəkdi və vəl kimi iri əllərini atasının qabağına uzatdı. – Mən fəhləlik eləyim... əşi, oğluyun əllərinə bax ey, gör Gərayın əlləri nə gündədi... Bəs mən bir parça çörək qazanım, onu halallıqla yeyə bilməyim?
Oğul birdən qalxdı yerindən və hələ də ikiqat vəziyyətini dəyişməyib səssiz-səmirsiz ağlayan qızın kürəyinə, çiyninə, başına, boynuna vəl kimi ağır əlləri ilə zərbələr endirdi. Kürəyinin sümükləri nazik koftasından qabarmış qız nə qorxu göstərdi, nə yerə yıxıldı, nə durub bu zərbələrdən azad olmağa çalışdı.
– Bəsdi ə! – Baba çox təsirli bir səslə oğluna təpindi. – Eşitmədin? Axı dedim bəsdi! Gəray!!!
Gəray qızdan aralanıb əvvəlki yerində oturdu və tövşüyə-tövşüyə:
– Ta dözə bilmirəm, qağa! – dedi. – Dözə bilmirəm. Ona denən ya rədd olub getsin bu evdən, ya da sən deyəndi, qağa, sən deyəndi. – Yenə də yerindən qopdu ki, qızı vursun. Baba qışqırdı:
– Gəray!!! Sən öl, Fuad ölsün ki, bu saat durub gedərəm. Axmağın biri axmaq!
Gəray mələdi:
– Öldürəjəm səni, Yeganə, bil ey öldürəjəm... Mən oğraclığı boynuma götürə bilmiyəjəm...
Nənə daha ayağını ovuşdurmurdu. Gəlin hələ də ikiqat oturmuş qıza boğma göstərib hönkürən ərinə dedi:
– Ə, infak olub öləssən ey... Ə, kimin canı yanajax saa, a yazıq, a yetim...
Baba yastı-yastı ərini oxşayan gəlini əlinin hərəkəti ilə sakitliyə çağırdı və yenə də oğluna təpindi:
– Bəsdi, ə! Özünü ələ al, kişisən... Ordan bura ağlaşmaya gəlməmişik. Qoy bir özündən soruşaq görək məqsədi nədi? Axı bizim ailəmizdə, nəslimizdə belə şey olmuyuf. Həmişə biz qonmuşuq camaatın çəpərinə.
Bir anlıq sükut çökdü otağa. Qız dillənmirdi. Baba nə deyəcəyini, nə danışacağını bilmirdi. Axı nəyə gəlib, öyüd verməyə? Hədə-qorxu gəlməyə? Əgər qız pozulubsa, pis yola düşübsə, ta nə öyüd, nə nəsihət. Yox, əgər... Axı nə tədbir, nə ölçü?
Kişini çətinlikdən qız özü qurtardı. Qəfil başını qaldırıb nə atasına, nə xalasına, nə də nənəyə fikir verməyib tələsə-tələsə, hərdən kəkələyə-kəkələyə qışqırdı:
– Baba yalandı, hamısı yalandı, qiybətdi. Hhh-eç kəs mənim adıma bir kəlmə pis söz deyə bilməz! Hamısı bax o xalamın uydurmasıdı. – Uzun əlini xalasına elə uzatdı ki, dedin bu saat arvadı vuracaqdı. – Baba, o bizə göz verib işıq vermir. Biz on ildir zülüm çəkirik. Papamı da üstümüzə qaldıran odu. Odu bu evə bədbaxtlıq gətirən. Ona nesçastye prinesla s soboy, ona, tolko ona...
Gəlin qıpqırmızı oldu. Gözləri kindən daha da qaraldı. Qaşlarını yaya-yaya, oynada-oynada:
– Yalansa Əbülfəzl Abbas saa qənim olsun! – dedi. – Sən təmizsən? Biz saa şər atırıq? Az sənin... Az mənim ağzımı açdırırsan? Az sənin o kişinin evində nə azarın var, a bihəya, a bu qapıdan arxası qatda çıxmış?
– Mənim? – Qız özünü götürüb yerə çırpdı. – Mənim? Ay özümü öldürəcəm... – Kürəyi ilə yeri eşdi. Döşəməyə sərilmiş palaz altında qırışıb yığışdı. – Bu saat öldürəcəm özümü, bu saat... – Qəfil yerindən qalxıb mətbəxə yüyürdü.
– Ə, dur onun dalınca! – Baba qorxdu.
– Qoy öldürsün! – Gəlin qışqırdı. – Qoy öldürsün, canımız qurtarsın, dəymə! Onu görüm bajımın yanına yan versin. – Üzünü göyə tutdu. – Ay allah, ay allah, niyə eşitmirsən?
Oğul durub qızın dalınca mətbəxə keçdi. Ordan əsl vuruş, döyüş səsləri gəldi.
– Mən səni dustaq eləməsəm heç dədəmin oğlu dəyiləm. – Gərayın səsi eşidildi.
– Gəray! – Baba qışqırdı. – Gəray!!! Bizi peşman eləməsə... – Gəlinə əmr elədi: – Az, dur get gör... De gəlsin belə!
– Qorxma, günü belədi, salajax o biri otağa, qapısını da bağlıyajax. – Gəlin arxayın-arxayın dedi, hələ desən üzündən kinayəli bir təbəssüm də keçdi.
Nənə dizinin sarğısını düzəldib oturduğu yerdən qabağa əyildi ki, Gərayın qızı sürüyə-sürüyə mətbəxdən yataq otağına necə aparmasına tamaşa eləsin və nə gördüsə:
– Bissimillah! – dedi. – Bu nədi, ay balam? Oddu, öz başında çatlasın. Hirsə bax, hikkəyə bax... – Arvad xırda-xırda deyinməyə keçdi. – Anası rəhmətlik də belə idi. Dedim, az, o gədənin tükanına tez-tez gedirsən haaa... Camahat görür, söz çıxardarlar, ərin burda yoxdu, dustaxdı. Dedi ağrım söz çıxardanın ürəyinə. Az dedim eşitmədi, çox dedim, üzümə ağ oldu. Sonra aborta gedəndə... – Kişi gözünü necə ağartdısa arvad çeçəyib öskürdü. – Bah-bah-bah... bu bəla gətirəjək, allah heç kimin qabağına pis qız çıxartmasın...


İmtahandan kəsiləndə elə bil kimsə başına küt bir şeylə ağır zərbə endirdi. Beyninə qatı duman çökdü, gördüyünü, eşitdiyini qavraya bilmədi. Guya ətrafın-da baş verənlərin, o yan-bu yana keçən adamların, şütüyən, bir-birini ötməyə çalışan maşınların ona qətiyyən dəxli yox idi, əslində elə yox idi də. Kimin nəyinə gərəkdi ki, əli-ayağı ümid halqalarına bağlı olan bu qızın ümidi ölüb, həmin halqaların bağlı olduğu ipləri insafsızlıqla kəsiblər, müvazinətini itirib əlli-ayaqlı girdaba gedir. Məhvərsiz gəmiyə dönüb hara üz tutacağını, hansı limana yan alacağını bilmir. İnstituta qəbul olunmasa nə iş görəcəyi haqqında heç vaxt düşünməmişdi, odur ki, istiqamətsiz qalmışdı. Nə atası, nə xalası dərdinin böyüklüyünü başa düşəcəkdi. Heç təzəcə əsgərliyə getmiş qardaşı da onun ali təhsil arzusunu anlamırdı. Deyirdilər ki, özünü öldürmə, onsuz da instituta pulsuz götürmürlər. Əvvəllər bu sözlərə inanmırdı, indi isə... İnanmaq onun üçün daha əlverişli idi. İnandı da.
Elə bil avtobusların bir-bir dolub yaşadığı şəhərə yola düşdüyünü görmürdü. Guya kimsə ona demişdi ki, tələsmə, bir az da gözlə, nəsə olmalıdır, nəsə bir hadisə baş verməlidir. Qız da bu daxili göstərişə, böyük məsləhətinə qulaq asır və gözləyirdi.
Necə puç oldu arzuları, necə birdən-birə alt-üst oldu xəyalları, axı o çox şey istəmirdi həyatdan: doğulub-böyüdüyü, pis-yaxşı boya-başa çatdığı mühitdən çıxmaq istəyirdi. İyrənirdi yeməkxanada qab yuyan xalasından, bel tutmaqdan, xərək-xərək daş daşımaqdan vəl boyda əlləri qabar tökmüş, suluqlamış fəhlə atasından, onun özündən heç nədə irəli və ya geri olmayan dostlarından. Araq içə-içə pulsuzluqdan, qıtlıqdan, dükan-bazarın kasadlığından, bahalıqdan, maaşın ayın axırınacan çatmamasından saatlarla, ömürləri qurtaranacan danışa bilərdilər. Bir-birinin dalınca nəfəsləri qaralanacan qiybət eləyərdilər.
Yay gələndə xalasının işi-gücü pomidor, xiyar dükanlarının qabağında növbələrə dayanmaq, qışa azuqə tədarük eləməkdi. Şüşə balonlara pomidor, xiyar, badımcan, lobya doldurub konservləşdirmək tək xalasının deyil, bütün məhəllə arvadlarının yay istirahətini əvəz edirdi. Düz üç ay mətbəx konserv zavoduna çevrilirdi. Elə ki, məhəllə arvadları yığışırdı həyətə söhbət tərəvəz məsələlərindən başlayıb onunla da bitirdi. Kim pomidoru neçəyə alıb, xiyarı necə bağlayıb, hansı mürəbbəni bişirib, hansı qalıb, qışda hansı mürəbbə yavanlığı əvəz eləyir? Əncir mürəbbəsinin yaxşı çıxması üçün bir kilo meyvəyə nə qədər şəkər tökmək məsələsi daha çox mübahisəyə səbəb olurdu. Bu işlərdə xüsusi nüfuzu olan xalası hesab eləyirdi ki, altı kilo əncirə dörd kilodan artıq şəkər qatmaq olmaz, yoxsa mürəbbə tez xarlayır, gilənara isə mütləq kiloya kilo tökülməlidir. Əks halda qıcqıra bilər... İlahi, turşuya kələm qoyulan vaxt gələndə qız qışqırmaq, ulamaq istəyirdi. Xalası kələmi evə kisə-kisə daşıyırdı kürəyində. Mağazalarda badımcan veriləndə əsl mərəkə qopurdu. Bu iş xalasının, elə bütün məhəllə arvadlarının fikrincə əsl sənətkarlıq, ustalıq tələb edirdi. Və qızğın mübahisələr, diskussiyalar badımcanın kürü kimi bağlanması, pörtlədilib balonlara necə düzülməsi, fal-fal qızardılıb kiloluq bankalara yığılması ətrafında gedirdi. Bir, erməni harsını yanında təlim görmüş qapı bir qonşu arvad bu işdə daha çox sayılırdı. Xalası bu işdə yalnız həmin qadınla hesablaşırdı. Maraqlı burası idi ki, xalası bütün bu mətbəx-təsərrüfat işlərini qıza, dünyaya, taleyinə, qara bəxtinə qarğışlar, nifrinlər tökə-tökə eləyirdi. Ümumiyyətlə, onun hər bir addımını, xeyirli-xeyirsiz işlərini sızıltılar, şikayətlər müşayiət edirdi. Belə vaxtlarda qız evə gəlmək istəmirdi, qaçırdı xalasından, konserv sexinə oxşayan mətbəxdən, gününü məktəbdə, kinoda, küçədə, rəfiqələrigildə keçirməyi üstün tuturdu. Qardaşının işi daha asan idi, oğlan uşağı idi, onun həyət-bacada yubanması, saatlarla evdə görünməməsi yoldaşlarına qoşulub şəhəri veyil-veyil gəzməsi arvadı hirsləndirmirdi, əksinə evdə əl-ayağa dolaşmaması daha yaxşı idi. Atası da evdə az olurdu, axşamdan-axşama. Çox vaxt da sərxoş vəziyyətdə. Hər gün içirdi, amma içdi-içmədi mülayim, bivec adamdı. Deyinməz, söylənməz, xırdaçılıq etməzdi. Bütün məqsədi, həyatının mənası araq almaq, dost-tanışla, qonum-qonşu ilə, bəzən də adam tapılmayanda təkcə içmək idi. Qız lap balacalıqdan istəmirdi evlərini, sevmirdi qonşuları. Dünyanı ağlı kəsəndən böyüdüyü, yaşadığı mühitdən iyrənir, zəhləsi gedirdi. O, gözəl həyat arzusunda idi. Çoxlu kitab oxumuşdu, bir filmi buraxmırdı və həmin kitablarda, kinolarda diqqətini daha çox varlı yaşayan, geyinib-keçinən, zəngin bəzədilmiş evlərdə, mənzillərdə yaşayan adamların bir-biri ilə davranışı cəlb edirdi. Hər elə filmdən sonra öz evlərinə; təsadüfi alınmış yığma mebellərinə, bülluru əvəz eləyən şüşə qab-qacağa, köhnə divana, adamları eybəcər göstərən televizora nifrətlə baxırdı. Evdə başına qıyqaç bağlayıb önlüyünü heç vaxt açmayan, ayağı şəpiddən başqa ayaqqabı görməyən xalasından zəhləsi gedir, badımcan tutması ilə içdiyi arağın acısını öldürən və yeməkdən sonra son vaxtlar xeyli irəli çıxmış qarnını ləzzətlə sığallayan atasına yazığı gəlirdi. Və bu həyətdən, bu evdən, bu ailədən, bu şəhərdən baş götürüb qaçmaq istəyi güclənirdi. Bu istəyi həyata keçirməyin yolunu da tapmışdı: məktəbi qurtarıb instituta girməli, ilk növbədə ali təhsil diplomu almalı.
Qəşəng, boylu-buxunlu qız idi. Allahın verdiyi bu imkanı da işə salacaqdı. Əlbəttə yaxşı ailəyə düşmək, imkanlı oğlana ərə getmək elə də asan deyildi ki, çətindi, amma mübarizə aparmaq, olan və olmayan imkanlardan istifadə edib bu üfunətli girdabdan çıxmalı idi. Deməli, birinci növbədə ali təhsil almaq üçün instituta qəbul olunmalıdır. Bu onu məqsədə doğru aparan birinci və ən vacib şərt idi. Gözəl, ali təhsilli qızın sosial pilləkənin heç olmasa, orta pilləsinə qalxmaq üçün şansı bir qədər artırdı.
Durduğu yerdə gicəllənirdi. Həvəslə avtobusa minib-düşən, deyən-gülən, danışan, zarafatlaşan, deyinən, dünyanın cürbəcür işləri ilə başlarını qatan bu adamlara, tanımadığı, amma çoxunun sifəti tanış gələn miyanə görkəmli arvadlara, kişilərə, elə öz yaşıdlarına, tay-tuşlarına heyrətlə baxırdı. Yəni heç nə dəyişməyib, həyat elə bir az əvvəlki kimi, dünənkindən seçilməyən qaydada davam edir? Cavan bir qızın ali, müqəddəs arzularının, şirin xəyallarının qırıl ması, çilik-çilik olub yerə tökülməsi heç kimin vecinə deyil? Niyə adamlar bunca qəddardırlar? Niyə onlar ölən, qəzaya düşən arzulara yas saxlamır, onun yiyəsinə başsağlığı vermirlər? Axı o əslində arzuları ilə birgə ölüb, əli dünyanın ətəyindən üzülüb. Axı o, xalasının «Ay yazıq, səndən oxuyan olar?» deməsini indi də eşidir. Atasının dili topuq vura-vura «Kimdi səni ora götürən» sualını da unutmayıb. Bəs o xalasına nə cavab verdi? «Girəcəm, sənin acığına girəcəm instituta, özüm də universitetə. Mən sənin kimi qabyuyan olmayacam. Sənin kimi ömrümü oçeredlərdə çürütməyəcəm».
Xala pomidor növbəsindən qayıdıb hərəsi iyirmi kilo olan dolu torbaları təzəcə düşürmüşdü mətbəxə. Möhkəm kapron parçadan tikdiyi torbaların qulpları əlinə işləmişdi. Hələ də ağ-qırmızı zolaqları itib-qarışmamış ovuclarını yavaş-yavaş ovuşdururdu.
– Burnundan gəlsin, elə hamınızın burnundan gəlsin! – Arvadın rəngi qızardı, gözləri sulandı. – Allah, niyə saa ağır getmir bu bihəyanın dediyi? Bəs mən... – Ağladı, heç vaxt çıxarmadığı döşlüyünün ətəyini gözlərinə sıxıb tez də çəkdi. – Bəs mən gedim saatlarla ayaq üstə dayanım, üzümə üz çəkim, daşıyım gətirim evə, bu hayasız da maa irişqənd eləsin? Bəs mən qırx kilo pomidoru şəllənim gəlim, bu da... Az mən bəxtəvərlikdən nobata dururam?
İndi necə qayıtsın bütün bunlardan sonra? Hansı uzlə desin ki, elə birinci imtahandan iki aldım? Bəs deməzlərmi ki, institut sənin xörəyindir, niyə ayağını yorğanına görə uzatmırsan? Atana bax, xalana bax, gözlərini əməlli-başlı aç bir yaşadığın məhəllənin adamlarına bax, gör onlardan heç institutda oxuyanı, ali təhsil almaq həvəsinə düşəni var? Yox idi! İlahi, bu camaat niyə bu gündədir? Hərdən diqqətlə, bircə-bircə baxırdı həyətdə qırt toyuq kimi bir küncə toplaşıb günəbaxan tumu çırtlayan arvadların üzünə. Tumu elə sürətlə, məharətlə çırtlayırdılar ki, adama elə gəlirdi ki, qarınları dikəlib qabağa çıxmış, çiməndən-çimənə saçları daranıb çirkab qıyqac altına yığılıb boyunlarının ardında düyünlənən bu qadınlar yarışa durublar. Üst-üstdən dodaqlarına yapışmış tum qabıqları qarayaraya oxşayırdı. Kişilər arvadlardan geri qalmırdılar. Hamısının üzü tüklü, əyin-başları tökülmüş, saçları pırtlaşıq, çoxu da daz. Onlar günəbaxan tumunu siqaretlə əvəz eləyirdilər. Çəkirdilər öskürə-öskürə, hayxırıb heç kəsdən utanmadan tüpürürdülər yerə, lap bir-birinin qabağına. Qıza elə gəlirdi ki, onların oynadıqları nərd, domino sözün əsl mənasında baş qatmaq, içinə girdaba düşən kimi düşdükləri bu üfunətli həyatın kifirliklərini görməmək, bu haqda düşünüb-danışmamaq üçündür, amma yox, qız yanılırdı, onun bu qənaətə gəlməsinə səbəb ola biləcək zahiri bir əlamət yox idi. Bunu sübut edən heç qəribə bir hadisə də olmamışdı, əksinə bu adamların çoxu, bəlkə də hamısı həyatın bir parçası, bir qıxımı olan bu həyətdən, işlədikləri zavoddan razı idilər. Bəlkə doğrudan da onların istədikləri xoşbəxtlik elə bu idi? Deyir hər şey müqayisədə məlum olur, əgər müqayisə etməli başqa bir həyat tanımırsansa bu şəraitdə də xoşbəxt olmaq mümkündür. Bəlkə də qız özü də elə bu mikromühitdə bəxtəvər ola bilərdi, ancaq istəyi imkanından xeyli qabaqda idi və onun öhdəsindən gələ bilmirdi. O, bu nufus həyatdan, bu bataqlıqdan çıxmalıydı...
Xəbəri yox idi yanaqlarına fasiləsiz axan göz yaşlarından. Yanından ötüb keçən adamların maraqlı baxışlarını çəkdiyini də hiss etmirdi.
«Niyə ağlayırsan, a qızım?» Diksindi. Əl-qolu, çiyni yük altında əzilən və çoxdan qadınlığa əlvida demiş orta yaşlı arvadın sualına cavab vermədi, ancaq birdən ayıldı ki, hamı ona baxır. Əlləri ilə yanaqlarını silib öz-özünə axan göz yaşlarının qabağını almaq istədi, mümkün olmadı. Arxasını dayanacaqdakı adamlara çevirib onlardan aralandı. Daha da kövrəldi. Lap yanında tünd yaşıl rəngli qəttəzə «Moskviç» dayandı.
– Əyləşin aparım.
Qız birdən gördü ki, dayanacaqdan xeyli aralıda təkcədir, yan-yörəsində də heç kəs yoxdur. Maşının yaşılımtıl şüşəsindən içəri görünmürdü. Sürücünün sifəti kölgə kimi idi. Qız səkiyə qalxıb dayandığı yerdən aralanmaq istədi. Bayaqkı səs idi:
– A qızım, sənnənəm! Gərayın qızı deyilsən?
Qız ayaq saxladı və başını tərpətdi.
Qabaq qapı açıldı və səs daha yaxşı eşidildi:
– Otur maşına. Evə gedirsən də?
– Bəli!
– Di otur, mən də evə gedirəm, aparım səni də. Qorxma, pul almayacam.
Qız maşının açıq qapısından içəri baxdı və tərəddüdlə yaşıl vilür üzlü oturacağa əyləşdi və sükan arxasındakı kişiyə ötəri baxdı. Atasının adını versə də bu kişi atasının dost-tanışlarından deyildi. Maşının salonundan zərif ətir iyi gəlirdi və qız bildi ki, bu fransız ətrinin iyidir. Özü də kişidən gəlir. Qız bu dəfə baxışlarını kişinin üstündə əvvəlkindən çox saxladı. Gözünün yaşı qurumuşdu və o özünü boş qutu kimi hiss edirdi. Bədəni rahat maşınla bərabər, bu ətir iyi ilə birgə elə süzürdü, elə bil maşında yox, əldə aparırdılar onu. Bir xeyli getmişdilər ki, kişi qara eynəyini çıxardı və gözünü yoldan çəkmədən soruşdu:
– Niyə ağlayırdın?
Qız dönüb kişinin profilinə baxdı. Dən düşmüş və ona yaraşıq verən qısa vurulmuş saçı geri daranmışdı. Qalın bığında da tək-tək ağ tüklər gözə dəyirdi. Möhkəm çənəsi və bu çənəyə bir qədər yumşaqlıq gətirən bilər-bilməz buxağı vardı, başının hərəkətindən asılı olaraq buxağı hərdən itirdi və onda kişi birdən-birə xeyli cavanlaşırdı.

Qız onun üzünə diqqətlə və çox baxdığını birdən başa düşüb utandı, yanaqları qızardı; baxışları kişinin sükan tutmuş əllərinə yönəldi. Üstü tüklü gözəl iri əlləri xoşuna gəldi. Üzdən az da olsa bəyəndiyi kişinin və ya oğlanın dərhal əllərinə baxırdı. Kişinin əlləri sükanı inamla və arxayınlıqla hərlədirdi. Adam heç vaxt inanmazdı ki, bu əllər nədəsə aciz qala bilər.
– Bilmirsən niyə ağlayırdın? – Kişi gülümsədi. – Sirdisə deməyə bilərsən.
İstədi desin ki, ağlamırdım, sizə elə gəlib və elə ağzını açmaq istəyirdi ki, təzədən ağlamaq tutdu onu. Dəsmalını sumkasından çıxardınca bütün sifəti yaş oldu. Körpə uşaq kimi zığıldadı.
– Bay, bay, bay... Noolub axı? İstəyirsən susum, heç nə soruşmayım?
Qız cavab vermək, nəsə demək iqtidarında deyildi. Göz yaşları da sözünə baxmırdı, barmaqlarının altından, arasından süzülürdü. Kişi sürəti azaldıb maşını yolun sağ tərəfinə çəkdi.
– Eybi yoxdur, ağla ürəyini boşalt, onsuz da heç kəs yoxdur. Təklikdə ağlamaq adam içində ağlamaqdan yaxşıdır. Göz yaşı ən təsirli təskinlikdir, adam yüngülləşir.
Onun qalın, cingiltisiz səsi, təmkinli, mehriban danışığı adama sakitlik, toxtaqlıq gətirirdi. Qızın göz yaşları quruyur, ağlamaq meyli azalırdı. Kişi daha danışmırdı, susur və qarşıya baxırdı, arxadan gələn maşınlar külək kimi vıyıldayıb keçirdilər, hövsələsizlər siqnal verib onu maşını ləng sürməkdə qınayırdılar.
Qız daha ağlamırdı, əllərini qoynuna qoyub başını aşağı salmışdı. Azacıq dik burnu, qara gözləri ağlamaqdan qızarmış, dodaqları bir balaca şişmişdi. Bu onu lap uşağa oxşadırdı. Qız hiss edirdi ki, içində bu kişiyə nəyi var açmaq, onu ağrıdan dərdini danışmaq, evlərindəki, həyətlərindəki dözülməz şəraiti təsvir etmək istəyi qaynayır, coşur. İstəyir desin ki, instituta girmək onun dəhşətli mühitdən, adamı əlli-ayaqlı udan bataqlıqdan çıxmaq, xilas olmaq üçün yeganə yolu idi.
Kişi ona diqqətlə, təmkinlə, hövsələ ilə qulaq asırdı. Sözünü kəsmir, sual vermir və heç nə soruşmurdu. Qız inanırdı ki, bəlkə də ömründə birinci dəfə gördüyü, amma bir şəhərdə yaşadıqlarından üzü tanış gələn bu kişi onu dilləndirən dərdi anlayır və bu dərdi bekara dərd hesab eləmir, onun əsl dərd olduğuna ürəkdən inanır.
Sözünü qurtaranda xeyli yüngülləşmiş, ürəyi açılmış, dərdi avazımışdı. İndi bir az əvvəl onu əzib toza çevirən dərdi elə də əlacsız görünmürdü. Kişi onun içindəki kəskin təbəddülatı hiss eləməmişdi.
– Doğrudan da ağlamalı vəziyyətdi, ağlamağa dəyər, ancaq gəl görək bu göz yaşları, ümidsizlik, bədbinlik bizə nə verəcək? Axı göz yaşı ilə, burnu sallamaqla yara sağalmaz.
Qız susurdu, nədənsə ona elə gəlirdi ki, bu sözlərin dalınca daha nəsə deyilməliydi. Hər halda bu ağır, böhranlı vaxtında əgər bu yaraşıqlı, təmkinli, allah kimi xeyirxah adam ona rast gəlib dərdini ovutmağa çalışırsa, bir dərman da göstərməli, yardım etməli idi. Bu adam nağıllardakı xeyirxah sehrbaz, hər şeyə qadir hökmdar kimi göydən düşmüşdü. Yoxsa nəyinə lazım idi yol qırağında dayanıb hara gedəcəyini heç cür kəsdirə bilməyən qızı maşınına mindirsin, desin ki, sən Gərayın qızı deyilsən? Lap nağıllardakı kimi...
– Ruhdan düşüb həyatdan küsmək olmaz... – Nağıldakı qəhrəmanlardan fərqli olaraq kişi çox adi sözlər dedi. – Hazırlaşıb gələn il girərsən.
Qız tamam adiləmiş və birdən-birə gözündən düşmüş kişiyə məyusluqla baxdı. Deməli, zavodda ya fabrikdə işə düzəlib fəhləlik eləməli, sonra da axşam şöbəsinə daxil olmalı, eləmi?
– Fəhləlik niyə? – Kişi gülümsədi. – Məsləhət verən onu həyata keçirməyin yolunu da göstərməlidir.
Uzaqdan şəhərin zəhər buraxan boruları aydınca görünürdü. Hansı şairsə bu tüstü buraxan boruları şəhərin nəhəng siqaretlərinə bənzədib «Şəhər adam kimi papiros çəkir».
Kişi maşını yolun lap qırağına verib saxladı. Qız qorxa-qorxa ətrafa baxıb qapıya tərəf sıxıldı.
– Qorxma, əvvəla, sən mənim qızım yerindəsən, ikincisi də bu şüşələrdən içəri görünmür.
Nə birinci, nə də ikinci amil qızı arxayınlaşdırmadı, ancaq o heç nə demədi, çünki özü də evə tez gedib çatmaq istəmirdi, şəhər isə lap yaxında idi. İyi-qoxusu da gəlib çatırdı onlara.
– Deməli, belə! – Kişi siqaret çıxartdı, amma yandırmayıb əlində saxladı. – Gəl görək biz nə eləyə bilərik? Çünki arzu, həvəs azdır, gərək ona çatmaq üçün imkan da ola. Elədirmi?
– Bəli... – Qız başını tərpədib kişi ilə göz-gözə gəlməkdən çəkindi.
– Çox gözəl! Onda gəl sənin imkanlarını saf-çürük eləyək.
– Mənim nə imkanım var ki?
Kişi gülümsədi və əlini qızın dizinin üstündə titrəyən əlinə vurdu.
– Doğrudur, sənin imkanın həqiqətən də sıfıra bərabərdi, amma bir üstünlüyün var ki, sən həyatın girdabından çıxmaq, azad olmaq istəyirsən, özü də bu istək çox güclüdür, deməli çıxacaqsan, daha doğrusu çıxmalısan. Ümumiyyətlə, istəmək müvəffəqiyyətin başlanğıcıdır, ən təsirli təkandır istək, bununla belə həyatda realist olmaq lazımdır.
Qız heyranlıqla qulaq asırdı ona. Onun tanıdığı adamların heç biri belə ağıllı, gözəl danışa bilməzdi. Hələ heç kəs onunla belə ciddi, özünə bərabər adam kimi söhbət eləməmişdi. Qız müsahibinin dediklərini yaxşı başa düşür, dediklərinə inanır və söhbətindən yorulmurdu.
– Əgər sən birinci imtahandan, özü də ədəbiyyatdan iki almısansa, gələn il beş alacağına inanmaq axmaqlıq olardı. Təsadüfən iki almırlar, deməli, biliyin möhkəm deyil, yəqin sən mənə qəsdən iki verdilər deməzsən. – Qız başını buladı. – Ay sağ ol... Deməli, sənin istəyinlə imkanın uzlaşmır.
– Elədir, – qız razılaşdı.
Amma evdə, qonşuda, məktəb yoldaşları ilə görüşəndə deyəcəkdi ki, qəsdən kəsdilər məni, söyəcəkdi müəllimləri. Hələ bir az da üstünə qoyacaqdı, deyəcəkdi ki, məndən pul istədilər. Universitetə girmək istəyənin cibi dolu olmalıdır dedilər. Pulun yoxdursa universitetdə nə işin var?
– Onda keçək ikinci məsələyə. İşləmək istəsən səni öz gücünə ancaq zavoda, fabrikə götürərlər. Elədirmi?
Qız atasını, xalasını və qapılarını yüz ildə bir dəfə açan babasını, onların imkanlarını yadına salıb yenə də müsahibi ilə razılaşdı:
– Elədir.
– Sən də ki, fəhlə olmaq, zavodda çirk-pas içində işləmək istəmirsən?
– İstəmirəm! – Qız qəti və xeyli kəskin dedi. – Heç vaxt! Mən ora düşsəm bir də çıxa bilmərəm.
Kişi razı təbəssümlə gülümsədi, dən düşmüş qalın bığının altından iki qızıl dişi görünüb itdi. O, qızın heç vaxt görmədiyi gözəl qutudan çıxarıb bayaqdan bəri əlində saxladığı siqareti yandırdı. Xoş ətirli tüstü maşının içərisinə yayıldı.
– Onda mən səni yanıma işə götürərəm. Kitab mağazasına.
– Necə?
– Şəhərin mərkəzindəki ikimərtəbəli kitab mağazasını görmüsənmi? Ora mənimdi.
– Siz? Məni?
Kişi sevindiyindən özünü tamam itirmiş qıza açıq ləzzətlə baxır və özü də sevinirdi.
– İndi yadıma düşdü, tanıdım sizi. – Qız tələsik dedi. – Onda qırmızı «Jiquli»niz vardı.
Kişi başını tərpətdi.
– Vardı, bağışladım qaynıma.
– Necə? – Qız təəccübləndi. – Lap elə bağışladınız? Pulsuz?
Kişi gülümsəməyində davam eləyib başını tərpətdi.
– Pulsuz.
– Xoşbəxt adamsınız?
– Niyə?
– Pulsuz maşın bağışlaya bilirsiniz. Gör nə qədər adam sizi çox istəyir.
– Maraqlıdır.
– Pulu çox olanı çox da istəyirlər.
– Səni işə götürəndə sən də istəyəcəksən?
Qızın üzündəki sevinc çırağı elə bil birdən söndü. Və o pis tale qarşısında məcburi boyun əyən adam kimi dedi:
– Əlbəttə... istəyəcəm...
– Əla! Kitab mağazası əsl qız yeridir. – Kişi üçüncü ya dördüncu qüllabdan sonra siqareti atdı. – Əlin-ayağın təmiz, hər tərəfin də kitab. Nə qədər istəyirsən oxu, hazırlaş, o biri dükanlardakı kimi növbə yox, basabas yox. Yəqin çox oxuyursan?
Qız yenə də canlandı:
– Oxuyuram, elə roman yoxdur ki, oxumayım.
– Lap yaxşı, hazırlaş gir institutun ya axşam şöbəsinə, ya da qiyabi. Heç kəsə də minnətin olmayacaq. Nə atana, nə də xalana.
Qız birdən ağlayıb kişinin boynuna sarıldı.
– Yaxşı, yaxşı, təşəkkür eləmək tezdir, indi tərpənək. Hava qaralır...


Ata özünə gəlib toxdamışdı. Qonşu otaqdan qızın ağlayıb-sıtqamaq səsi kəsilmişdi. Baba, nənə, xala onları bir yerə yığmış səbəbdən elə bil bir ağac aralanmış, əsas məsələni unutmuş, bəlkə də unutmaq istəmişdilər. Söhbət tamam özgə məcraya düşmüşdü. Baba son rayon hadisələrini xatırlayır, doğma kənddən taleyin hökmü ilə aralı düşmüş, lakin ruhu, canı, danışığı və bütün görkəmi ilə dəyişməmiş, qızın dili ilə desək «zır kəççi» qalmış gəlinini maraqlandıran adamlardan, qohumlardan, qonum-qonşulardan söhbət salmışdı. Gəlin o yerlərdən, o adamlardan çoxdan gen düşmüşdü. İyirmi ildən çox keçmişdi on səkkiz yaşında sarsağın birinə qoşulub şəhərə, yəni rayon mərkəzinə qaçdığı vaxtdan. Qoyub getdiyi tay-tuşları, qonum-qonşuları da dəyişmişdi. Kəndin özü isə cırlaşmış, əriyib bir ovuc olmuşdu. Üzüm tənəklərinin dibini yumşaltdığı, bellədiyi, meynələrini budadığı bağ-bağça, gün altında yana-yana, kösöv kimi qarala-qarala pambığını yığdığı tarlalar, başağını dənləyib torbasına doldurduğu zəmilər tanınmaz olmuşdu. O vaxtlar bütün bu işlər zəhləsini tökmüşdü; çiynində mis səhəng kəhrizə çay qoymaq üçün su gətirməyə getməsi, çiyinlərinin səhəngin ağırlığı altında yağır olması onu hərdən üzə durğuzurdu. Onda ögey anası başına qapaz salır, kürəyinə bir-iki yumruq vururdu. Həyat heç də şirin deyildi, elə olmasaydı başını götürüb ilk göz eləyənə qoşulub qaçmazdı. İllər keçmişdi o vaxtlardan, atası da, ögey anası da, özündən bircə yaş böyük bacısı da köçmüşdü vəfasız dünyadan. O da taleyin hökmü ilə bu şəhərə gəlib bacısının yerində arvad olmuşdu. Kim deyərdi ki, on səkkiz yaşın dərdini də, sevincini də, ögey anadan aldığı qapazı da yarı bölən bacılardan biri o birisinə xəyanət edəcək, qəbirdə meyiti soyumamış, bu evdən səsi kəsilib getməmiş gəlib yerində oturacaq? İlahi, o niyə yaşayır, niyə bu biabırçılığa dözür? Cəmi bircə yaş fərqləri olsa da, böyük bacısı ona həmişə böyüklük eləyərdi, onu qorumağa çalışardı, hər yerdə, hər şeydə özünü qabağa verər, ikisinin günahı, taqsırı olsa da təkcə öz üzərinə götürərdi.
Kəndi xatırlayanda pis şeylər, çəkdiyi zülümlər, ağır işlər, kolxoz biyarı yadından çıxırdı. Kəhrizə getdikləri vaxtları daha tez-tez xatırlayırdı. Özü də yay fəslində. Kəhriz kəndin Qozlu məhəlləsindən xeyli aralıda idi. Dəstə ilə gedərdilər özü də axşam tərəfi. Hovunu alan günəş aşağı endikcə əsən mehin sərinliyi artır, gündüz adamın üzünü, boynunu-boğazını qaynar nəfəsi ilə yandıran isti sınır, havanın təması sərin öpüşü xatırladırdı. Dolu vedrələrlə, səhənglərlə qayıdanda toran yavaş-yavaş qovuşmağa üz qoyur, vedrələr tərpəndikcə ləngər vuran su çılpaq baldırlarına tökülür, yalın ayaqları altındakı yumşaq sərin tozun üstünə düşəndə qovrulmuş torpaq qoxusu dəyirdi burnuna. Gəlin ağlamamaq və su daşıdığı o uzaq, indi qərib bildiyi yay axşamlarını daha yaxşı görmək üçün gözlərini yumurdu. Belə vaxtların birində əri demişdi ki, dəyməyin arvada, Qozluda ya üzüm dərir, ya da pambıq yığır. O da gözündən çıxan bir damcı yaşı silib «Kəhrizdən su gətirirdim» demişdi.
Həmişə, lap indinin özündə də kəndə qayıtmaq, həmişəlik orda qalmaq ümidi var idi və bu ümid iyirmi ildən çox idi ki, yaşayırdı, onu isidirdi. Ümumiyyətlə, o kənd üçün yaşayırdı. Nə eləyir, nə qayırır, əyninə nə tikdirir, evinə nə alır, uşaqlarına nə geyindirirdisə o kənd üçün, ona göstərmək üçündü. Ən böyük istəyi kəndə yaxşı görünmək, kəndin gözündə ucalmaq, onun təqdirini qazanmaq idi. Hayıf ki hər şey onun istəyinin əksinə olurdu. Qoşulub qaçmışdı, əri sarsağın biri çıxmışdı, tək qaldığı xəstə balasını və özünü dolandırmaq üçün fəhləlik eləmiş, nəhayət həbsdən ərinin ölüm xəbərini alandan sonra həsrətində olduğu kəndə dönmüş, amma heç kəsin gözünə görünmək istəməmişdi, nəinki atabir, anaayrı qardaş-bacılarına, hətta o vaxtlar hamının yaxşı hesab elədiyi ərdə olan doğma bacısı ilə də yadlaşmış, tamam ögeyləşmişdi, elə bil hamı onun üstündən birdəfəlik xətt çəkmişdi. Bir də onda yada düşdü ki, xəstə balası ölüb yalquzaq kimi tək qalıb. Bacısının da növrağı dönmüş, vərəm yıxmışdı böyrü üstə. Kənd də artıq o kənd deyildi, onun həsrətində olduğu kənd yox olmuşdu, heç kəs kəhrizə suya getmirdi, kəndin bir neçə yerində qazılmış artezianlardan qol yoğunluğunda göz yaşı kimi su vururdu burdan o yana. Meyli kəhriz suyu çəkənlər isə maşında gedirdilər. Bir vaxt adam əlindən tərpənə bilmədikləri, dinclik tapmadıqları Qozlu məhəllə də boşalmış, yiyəsizləşmişdi. Bir sözlə, ayrılığın yadlaşdırdığı, ögeyləşdirdiyi kənd bu vaxtacan yalnız onun pisini eşitmiş, pisini bilmişdi, hələ eşidəcəkmiş də. Demə taleyində, «qara baxtında» bacı yerinə getmək, cavan ölən yeganə doğma adamının əri ilə nəfəs-nəfəsə yatmaq da varmış. Kim ona həsəd apara bilərdi? Hansı kənd onun yaxşılığını deyə bilərdi? Həsəd aparılmalı bir qisməti vardısa o da bir cüt əkiz oğlunun dünyaya gəlməsi idi. Onlardan danışanda ürəkli olurdu. İstəyirdi ki, bütün kənd bilsin. Bilsin ki, filankəsin iki oğlu var, allah onu əliboş qoymayıb, çəkdiyi bütün acıların əvəzini verib. Əslində bu uşaqları da elə kəndə görk üçün doğmuşdu. Ancaq o bir şeyi bilmirdi ki, kənddən çıxıb gedənləri kənd çox tez unudur, onların taleyi az adamı maraqlandırır. İllah da ki, şəhərdə bir rütbəyə çata bilməyəsən. O da unudulanlar cərgəsində idi, özü də onun ikinci dəfə kəndə qayıdıb bir neçə il orada yaşaması heç kimin diqqətini çəkməmişdi, camaat üçün o kənddən lap elə on səkkiz yaşında çıxmışdı.
Babanın yerli-yataqlı, duzlu-məzəli, məzəli-düzəli kənd söhbətlərinin havasında gəlin masanın üstünə qatı güclə açılan təzə süfrə saldı. Yemək-içmək gətirdi. Təzəcə əmələ gəlmiş sirkəli xiyarın, iri, qırmızı pomidorların burun qıcıqlandırıb ağız sulandıran ətri məşvərət üzvlərinin bərk acdıqlarını yadlarına birdən saldı. Nənə dedi ki, yeməyimin vaxtı keçəndə bədənimi əsməcə tutur. Baba da sirkədə qalıb sarı-yaşıl rəng alan körpə xiyarı xırtıltı ilə dişləyib dedi ki, mən elə səni alandan əsməcən var dayna. Özün də tək yeməyi görəndə yox, çox şeyi görəndə əsirsən. Bir azdan içəcəyini düşünən oğulun da qırışığı açıldı və atasının sözünə qəşş eləyib güldü. İkibaşlı zarafatlar, bir qədər qaba, ədəbsiz söhbətlər babanın ifasında həqiqətən gülməli alınırdı.
– Əşi, bir yüz əlli ilə nətəərdi aran?
Gəlin tənə ilə baxdı gözü-başı qaynayan ərinə və nənəyə dedi:
– Günümüz budu, dava-qırğın, sonra da o zəhrimar! Ta bundan sonra, bajı, bizim sözümüzün təsiri olar?
Nənə başını həmrəylik əlaməti olaraq buladı, amma bir söz demədi, çünki bu haqq-hesab, danlaq, dava-qırğın onun içini tərpətmir, yandırmırdı. Görünür ögeylik özünü göstərirdi. Nə oğul onundu, nə nəvə nəvəsiydi, nə də bu cəfakeş, bədbəxt gəlinin ona dəxli vardı. Araları da nə qədər pis olsaydı ona xeyirdi. Tək-tək hamısının öhdəsindən gələrdi. Birləşsələr, yəqin ki, qabaqlarında davam gətirə bilməzdi.
Elə ata ilə bu üz-üzə oturduğu və ona şirin-şirin «bajı» deyən oğulun arasını vurmaq, atanı oğuldan rəncidə eləmək üçün az iş görməmişdi və deyək ki, istədiyinə nail də olmuşdu. Axı bu yeganə oğul atanın olan-qalanına göz dikib ona şərik də çıxa bilərdi.
– Az sən qələtini qır! Ağzını da dağıtma kişinin yanında. Arvadsan, otur arvad yerində!
Gəlin qaşlarını əyə-əyə, dodaqaltı deyinə-deyinə mətbəxə getdi və bir neçə dəqiqədən sonra bir bulud yarpaq dolması ilə qayıtdı. Buğlanan dolmanın nanəli ətri gərginliyi birdəfəlik sındırdı. Hamı birdən-birə mehribanlaşdı.
– Yaxşı, gətir nəyin var. – Baba oğluna göz elədi. – Mən onsuz da çoxdandı içmirəm. Dilimə dəydimi radikulitim tərpənir.
Süfrəyə təklif gözləyən və uzaqdan dolmanın yağlı, ya yavan olmasını müəyyənləşdirən nənə söhbətə qarışdı:
– Düz deyir, iki gündən bir evə aşa-aşa gələn mənəm.
– Buy, bajı, sən də? – Oğul durub bufetin yuxarı gözünü açdı və təxminən yüz qramı içilmiş araq şüşəsini çıxartdı. – Qağa, zoğal arağıdı.
– Hər nədi, gətir, sonra danışarıq. – Baba boşqabına dolma çəkə-çəkə nənəni süfrəyə dəvət elədi: – Yaxın otur, az. Bəyaxdan əsirdin. – Qəşəng güldü. – Gə, gə, başına dönüm, səni verənə şükür ey!
Hamı gülüşdü. Oğul nənənin qabağına araq qədəhi qoyub onun içki məsələsində günahsız olmadığından dedi:
– Bajı, bu zoğal arağı əsl dərmandı, bəlkə bir iyirmi beş qram...
– Yox, a bala, nə danışdığındı? – Arvad bekara bir etiraz elədi.
– Tök, ə! – Baba sirkəli xiyardan birini də dişlədi. – Zoğal arağının şəkərə xeyri var.
Nənə daha çəm-xəm eləməyin artıq oldugunu görüb əlini qədəhin ağzından çəkdi.
– Qağa, – oğul dolu qədəhini götürdü, – allah səni bizim üstümüzdən əskik eləməsin. Sən bizim hamımızın dayağı, ümid yerisən. – Gəlin də gəlib bir tərəfdən birovuz oturdu. – Əlim heç yana çatmayanda sən gəlib durursan gözümün qabağında. Elə sənin adın bəsdi maaa...
Gəlin içməsə də, hələ bu vaxta qədər qaynatası ilə bir süfrədə çörək kəsməsə də, ərinin sözünə şərik çıxdı. Bir növ sağlığa əlavə elədi:
– Allah kölgənizi qalın eləsin. Bizim də ta kimimiz var? Bu qərib şəhərdə, bu erməninin-urusun arasında... – Gəlin kağız salfeti gözlərinə sıxdı.
– Sarsaqlama, az! – Baba ərklə acıqlandı gəlinə. – Sizə nə olub ki, qərib yerdə olasınız? İstəsəniz yığıb aparram yanıma, noolub, allaha şükür hələ ölməmişik.
Nənə yeyə-yeyə:
– Düz deyir, – dedi. – Tikdirib camaat kimi alt-üst imarəti, bu saat aparıb yığajax içinə.
– Duzsuzun qızı, duzsuz! Zəhər eləmə də yeməyimizi! – Kişi qaş-qabağını turşutdu. – Qorxma, aparmadım.
Oğul pərtliyi qovmaq üçün nənənin dizini basdı və dedi:
– Vallah bajı, bizi burdan heç çeteze də tərpədə bilməz. Allaha şükür, evimiz, eşiyimiz. Yaxşıdı-pisdi özümüzünküdü. Allah versin bu üzü danlaqlı, sifəti tüpürcəkli qotur şəhərə. Hər yerdən əlim üzüləndə bu şəhər yer verdi bizə. Qəddimizi burda düzəltdik. Üstümüzdə allah var, gərək düzünü deyək dayna. Yoxsa ki...
– Götür, ə! – Baba darıxdığından oğlunun sözünü yarıda kəsdi və qədəhini qaldırdı. – Arvada bel bağlayanın lap var-yoxunu... – Arağını sümürə-sümürə içdi və heç kimdən çəkinmədən ortaya bir «pufff» elədi. – Nə bərkdi, ə, bu!-Dodaqlarını bir yerdə qabağa uzadıb başını bilici kimi asta-asta buladı. – Amma yaxşı getdi.
Oğul ağzını marçıldatdı:
– Əşi, bu ceyran südüdü ey...
– İç az! – Baba nənəyə diqqət yetirdi və gördü ki, arvadın qədəhi artıq boşdur. – Evin yıxılmasın, fələk! Arvad... – Kefi xeyli kökəlmiş halda gözlərindən gülən şorgöz kişilərə məxsus nazik dodaqlarını şəhvətlə yaladı. – Bo-oy... Havaxt içdin, az... Ə, bizdən qabaq gillədib ey... Bərəkallah!
Yanaqları dərhal qızarmış nənənin kefi durulmuşdu. Kişisinin yalançı təəccübünə, məzə ilə danışmasına məhəl qoymayıb artıq yağlılığına əmin olduğu dolmaları iştahla yeyirdi. Oğul da xeyli güldü; gəlindən başqa hamının kefi kökəlmişdi. O, əlini qoynuna qoyub maddım-maddım gah babaya, gah araqdan yanaqları allanmış nənəyə, gah da bütün dərdini, sərini yüzcə qram araqla unutmuş ərinə baxır və ürəyində nələr demirdi onlara...
Pürrəngi çay gələndə baba bildi ki, əsas mətləbin üstünə bir də qayıtmalı olacaq. Qayıtdı da.
– Deyirəm qızı çox sıxma-boğmaya salmayın. Çalışın... az, gəlin, bu sözü saa deyirəm haaa... mehribanlıq yaradın, dilini tapın.
Gəlin araqla bitən bu söhbətlərin havayı olduğunu lap əvvəlcədən bildiyindən həvəssiz dedi:
– Ay qağa, birini bilirsən, birini bilmirsən... – Köksünü dərindən ötürüb qaşlarını yuxarı dartdı. – Qazanlar örtülü qaynayır.
Zoğal arağından və yağlı yarpaq dolmasından sonra içərisində mülayim bir yuxu yırğalayan nənə xumarlana-xumarlana dedi:
– Nə demək istəyirsən bala? Açıq de, ta burda özgəsi yoxdu ha! Açıq danış, görək o qazanda qaynayan nədi?
Baba gəlinin açıq danışmasına imkan verməyib arvadına təpindi:
– Sən bir açana-qaçana majal ver! Bu sən deyən qazandan dəyil.
Nənə əlini məmnuniyyətlə ağzına şappıldadıb:
– Mən susdum – dedi. – Özünüz bilərsiniz.
– Ala ey! – Baba nənəyə kül eləyib üzünü gəlinə tutdu və mümkün qədər təmkin və mehribanlıqla dedi: – Yaxşı, tutaq ki, elə siz deyəndi; qız pis yola gedir, tutaq ki, elədi dayna? Neyniyək? Qovaq evdən? Qızlıqdan çıxardaq? Bununla hər şey düzəlir? – Oğlunu göstərdi. – Bə bu neyləsin? Öldürüb getsin təzədən girsin türməyə? Səni də qoysun, özün demişkən, bu qərib yerdə? Qalasınız uzaq sizdən, Müslüm uşağı kimi şəhərin ortasında? Başına haranın daşını töksün bu bədbəxt oğlu bədbəxt? Neyləsin?
– Qağa, danışın, dilə tutun onu çıxıb getsin bu şəhərdən, yazığı gəlsin bizə. – Gəlin ilan dili çıxarıb yalvardı.
– Bərəkallah! – Bunu da baba dedi. – Qız uşağını dilə tutaq ki, çıx get dədənin evindən, düş küçələrə? Özgə olsaydın başa düşərdik səni, axı sən... Az, bu sənin cavan ölmüş bajıyın qızı dəyil? Nə təhər ürəyin gəlir, az? Bə sənin ürəyin bəlkə daşa dönüb?
Gəlin kişinin tənbehindən utandımı, ya vəziyyətin çıxılmazlığındanmı artıq yaş olub ovulan salfeti yenə də gözlərinə sıxıb ağlaya-ağlaya dedi:
– Ay qağa, axı mənim iki balam var, axı onlar yekəlirlər, bə bacısı bu yolun yolçusu olan...
Baba həqiqətən hirsləndi və əlini stola çırpdı.
– Hansı yolun yolçusu, az? Eşidirsən, ə? – Oğluna üzünü tutdu. – Eşidirsən arvadın nə deyir? Sən öl, bir də bu sözü ağzınıza alsanız ölənəcən açmaram qa-pınızı! Uşaqdı, bəlkə gəzişi pisdi, bəlkə... Tərbiyə görməyib axı, ata türmədə, ana xəstəxana küncündə, baba da kefinə ağa deyib gəzib. Bu qoja arvad da.. İndi də başlamışıq ki... Uşağı istəmək lazımdı, başına ağıl qoymaq gərəkdi, yoxsa... Sən də kişisən, uşağının taleyini özün həll elə. Düşmüsən arvadların felinə, qeybətinə. Bəlkə elə arvad sözüdü, havayı söhbətdi. Çağır bura görüm o qızı!
Məsələ bitmək əvəzinə, deyəsən təzədən başlayırdı. Nənə darıxdı:
– Əşi, lazım dəyil...
– Sən kiri, az! Nənə öyə, ana öyə, dədə piyanıska... Hə, hə, hamısı çatır qulağıma. Hələ yaxşı ki... Nəhlət saa şeytan dayna... – Gəlinə əmr elədi: – Bu saat dur çağır onu bura!
Gəlin hikkə ilə yerindən qalxdı və xoruz kimi qızara-qızara kinli baxışlarını gah atanın, gah da babanın üstündə gəzdirə-gəzdirə dedi:
– O qız, o sən atası, o da doğma babası. Özünüz çağırın, özünüz də danışın.
Baba fırr eləyib otaqdan çıxan gəlinin dalınca qəfil şillə yemiş adam kimi baxıb dedi:
– Bərəkallah! – Siqaret götürdü. – Sağ ol, Bəhmənin qızı!
Nənə fürsəti əldən verməyib:
– Buynuzu qarnındadı, – dedi. – Mən deyəndə inanmırsan...
– Ta mənim sözüm yoxdu...
– Qağa, – Oğul nəsə demək istədi.
– Sus! – Baba çətin anlarda köməyinə çatan tragik pıçıltıya keçdi. – Sus, oğrac? Qudurtmusan arvadları, başın qarışıb araq içməyə. Tfü! – Siqaret yandırdı. – Qoy bu paprosu çəkim...
Elə bu vaxt yataq otağının qapısı açılıb tarappıltı ilə divara dəydi. Qız yüyürüb özünü babanın ayaqlarına atdı.
– Baba, vallah, yalandı, hamısı yalandı, hamısı xalamın uydurmasıdı. Mən heç sizi başıaşağı eləyərəm? Axı mənim qardaşlarım var, axı Fuad var əsgərlikdə, mən heç... – hönkürdü. – Qurban olum sənə, baba, qurban olum, ölüm ayaqlarının altında... – Yenə də hönkürdü. Hissləri çox üzdə olan baba buna tab gətirə bilmədi. Gözləri yaşardı, boğazı gicişdi. Əlini qızın dağılıb pırtlaşmış saçına toxundurdu, sonra tir-tir titrəyən çiyinlərini sığalladı.
– Qalx ayağa, axmağın qızı, axmaq! Kim saa nə deyir, mənim heç ağlıma da gəlməz ki... Heç vaxt! Qələt eləyir hamı! Səni mən özüm saxlamışam. Atan türmədə qumar oynayanda kim sizə yiyəlik eləyib?
Gəlin mətbəxdə olsa da söhbəti eşidirdi, ürəyində dedi ki, saxlamısan, amma internatda, bir dəfə də çimizdirmisiniz, bitini təmizləmək üçün.
Nənə Tofiq Dadaşov kimi uzaqdan gəlinin ürəyindən keçəni eşitdi və ani sükutdan istifadə edib, hər şeyi təzədən xatırladı:
– Bir dəfə gəldilər evə, dedim çimizdirim dayna, yazıqdılar. Kimdi bunların orda başını yuyan? – Siqareti sümürən oğula tutdu üzünü. – Vallah, Gəray, elə ki qoydum gədəni vannaya, Fuadı deyirəm ey, gördüm bit başında vıjj eləyir. Nə təhər qışqırdımsa kişi gəldi ki, nə var, az, niyə çığırırsan? Dedim, ə, bura bax ey... Allah, allah... Qışqırdım, sudan tökdüm, sudan tökdüm, qışqırdım. Məni şəkərə salan bunlar oldu dayna.
Artıq toxtamış, amma hələ də kişinin ayaqları altına çöküb qalmış qız birdən qopdu yerindən və sürətlə qaçıb yenə də yataq otağına girdi, qapının qıfılını da bağladı.
– Ehhh... – Baba qızın dalınca baxıb necə kəhildədisə gördüyü səhnədən, nənənin nağılından xeyli təsirlənmiş oğul siqaretini külqabıya basıb qədəhini araqla doldurdu, onu bir qurtuma içib «pufff» elədi.
– Getsin o günlər gəlməsin! – dedi.
Baba «iş düzəldib» qurtaran adam kimi sağollaşıb oğluna çağırtdırdığı əkiz nəvələrini öpəndə gəlin nənəni paypüşk vermək adıyla mətbəxə çəkdi və tələsik pıçıldadı:
– Bajı, başına dönüm, öfkəm çatlayır sirrdən, bu oğraşlara da deyə bilmirəm. Gördün qanserti? Az, o hayasızın qarnında axı dördaylıq bij var.
Nənənin elə bil ayaqları vuruldu. Divar dibi sürüşüb kürsüyə düşdü. Arvadın təəccüb və maraqdan, həm də qorxudan sifəti uzandı, ovurdları batdı.
– Nə dediyindi, az? Qana salma bizi!
Gəlin daha da qızışdı.
– O iki balam ölsün əgər yalan deyirəmsə. Üstümüzdə bir lotu olur, bir həftə bundan qabaq gedib yanına deyib bəs ölmüşəm götür məni... – Gəlin sifətinə əl atdı. – Az, ölürəm ey, dağılır sinəm ey, dağılır...
– Bəs…
– Qulaq as dayna! O da aparıb bunu həkimə. Həkim deyib ki, dörd aylıqdı, yəə durmaram, xatanızı uzaq eləyin.
Nənə yavaş-yavaş gəlirdi özünə:
– Bəs bu nə oyundu o çıxardırdı, az?
– Az, artestdi dayna, az, məni öldürüb dayna. – Əlini sinəsinə vurub tappıldatdı. – Bəs niyə mənim anqudum çıxıb? Arvadlığımla mən dözə bilmirəm bu beynamusluğa, bəs bunlar... – Qapıya işarə eləyib susdu.
Əkizlər yüyürüb içəri dürtüldülər və bir-birinin sözünü kəsə-kəsə, bir-birini itələyə-itələyə dedilər ki, maşın gəldi.
Nənə bir ayağı çöldə, biri içəridə xeyli fikrə getdi və sonra əzab çəkməkdən, əlacsızlıq girdabında çapalamaqdan gözləri məzlum it gözünə oxşayan gəlinə baxdı və çox səmimi dedi:
– Yazığım saa gəlir, a bədbaxt! O ər ki, sənindi, elə mənimki də... – Nənə sözünü bitirməyib evdən çıxdı.
Gəlin maşın tırıltısının uzaqlaşdığına qulaq asıb bayaq nənənin sürüşüb düşdüyü kürsüyə çökdü və onu bundan sonra gözləyən əzablı, xəcalətli günlərin havasına uyudu...


Bir aydan çox olmazdı mağazada işlədiyi, sevindiyindən yerə-göyə sığmırdı, indi imtahandan kəsilməyi də onu bir elə incitmir, əzab vermirdi, əksinə bircə ay bundan qabaq faciə kimi qəbul elədiyi zərbə indi ona adi həyati hadisə təsiri bağışlayırdı. Bu müddət ərzində demək olar ki, müdirlə təklikdə olmamışdı və onu atasından çox istəyir, dünyanın ən yaxşı adamı bilirdi. Hətta bu barədə bir şöbədə işlədiyi saçı xınalı qadına da demişdi. Qadın deyəsən onun fikri ilə razılaşmamışdı. Hər halda müəmmalı tərzdə çiynini çəkib onlara yaxınlaşan alıcı ilə məşğul olmuşdu. Sonra isə, söhbətdən bəlkə bir yarım saat keçəndən sonra, qadın demişdi ki, adamlar haqqında bir işinə görə nəticə çıxarmaq, rəy söyləmək olmaz, onda tez-tez səhv eləyərik. Bu sözlərin mənasını, qadının nə demək istədiyini bilmək üçün çox gözləmək lazım gəlmədi.
– İndiki zamanda adama gəlirli iş lazımdır.. Ali təhsil, savad, ziyalı peşəsi yaxşıdı, karrı pulun varsa, yox əgər bünövrəsiz ev kimisənsə, atadan-anadan qalma pulun, fundamentin yoxdursa, ali savad diplomu ayağa vurulmuş çidar kimi bir şeydir. Yeriyəcəksən, ac qalmayacaqsan, amma dördnala çapa bilməyəcəksən. – Müdir yerindən qalxdı və qızın dəmləyib gətirdiyi çaydan armudu stəkana tökdü, ancaq oturmadı. Qəsdənmi, ya təsadüfdənmi aralı qalmış qapını örtdü. – Qadın üçünsə pulsuzluq dəhşətli şeydir. Axı öz aramızdı, bər-bəzəksiz, geyim-kecimsiz qadına kim baxır ey? Pis geyimli qadın heç vaxt özünü xoşbəxt hesab eləyə bilməz. Bilirəm ey bizim satdığımız kitablarda, elə o iri kitablarda da... Nəysə, uzun sözün qısası budu ki, mən qoymaram sən puldan korluq çəkəsən. Ürəyin istəyəni geyinəcəksən, instituta girəcəksən, özüm düzəldəcəm. – Qıza yaxınlaşıb əlini çiyninə, sonra kürəyinə qoydu. – Nə istəsən alacam, nə istəsən geyinəcəksən. Nahaq utanırsan. – Əli yavaş-yavaş aşağı sürüşdü və belində qərar tutdu. Qızın qızarıb dolduğunu və heykəl kimi donub qaldığını görüb davam elədi: – Heç kəsdən, heç nədən də qorxma, nə dil biləcək, nə dodaq. Mən heç vaxt səni incitmək istəmərəm. Ömür vəfa eləsə səni adam içinə çıxaracam, pulum var, bu mağaza pərdədir, qazanc yerim çoxdu. İstəsən səni lap yaxşı bir adama ərə də verərəm, el qaydası ilə, cehizin-filanın, hər şeyin olacaq...
Qız bu yerdə ağlamışdı. Sonra kişi daha nə demiş, nə söz vermişdi, bilməmişdi, daha doğrusu, yadında qalmamışdı. Gözlərini bərk-bərk yumub açmamışdı, ancaq onun bığlı dodaqlarının təmasını üz-gözündə, boyun-boğazında hiss edəndə içindən qəfil titrəyiş keçmiş, gözlərini açmışdı və elə bu vaxt da kişinin açıq qonur gözlərindəki sarı alovdan qorxub yenə də gözlərini yummuşdu. Dodaqların isti yaş təması, boynunu yalayan qaynar nəfəs aşağı enib sinəsində, dizlərində, budlarında və qarnında gəzdi. Qız bu təmasdan çimçəşir, üstünə duz səpilmiş ilbiz kimi yığışır, əriyir, özünü və çəkisini itirirdi...
Bundan sonra başladı onun ikili həyatı. Əyin-başı dəyişdi. Üçcə ayın içində məktəbli qızdan aşnası olan bərli-bəzəkli, geyimli-kecimli qadına çevrildi. Söz-söhbət də elə bu vaxtdan başladı. Hələ əsgərliyə getməmiş və başı müəllimə ilə eşq macərasına qarışmış qardaşı, atası, xalası, illah da qonum-qonşu ona şübhə ilə baxır, işə gedib gələndə baxışları ilə az qala soyundurur, lüt-üryan eləyir, geyiminə qiymət qoyur, hələ desən içini də gözləri ilə rentgen aparatına salırdılar. Elə o vaxtdan da qız yaşadığı məhəlləyə, oranın sakinlərinə yadlaşdı, həm də onlar aralandılar. Ortada böyük bir məsafə əmələ gəldi, elə məsafə ki, heç bir tərəf onu dəf etmək fikrində deyildi. Hər iki tərəf bir-birinə meydan oxuyurdu. Evdə də yadlaşmışdı, hərdən adama elə gəlirdi ki, o bu evin qonağıdır, özü də təsadüfi qonağı. Dünyada ən çox istədiyi, özündən artıq bildiyi qardaşı da ona şübhə ilə baxır, hər saat danışdırmırdı. Qorxusundan aldığı hər şeyin qiymətini üç-dörd dəfə azaldır, sözarası indi kitablara camaatın yaman pul verdiyini deyirdi. Atası daha tez inanırdı, xalası da deyirdi ki, ona inanmaq sərf eləyir.
Bütün bu münasibətlər hələ ki, şübhədən doğurdu, qızın adını korlaya biləcək söz, onun bədnam sirri hələ ki, ikicə adama məlum idi. Müdir verdiyi sözə əməl eləyib münasibətlərini faş eləmir, əlaqənin gizli qalmasına çalışırdı. Hələ bir dəfə də olsun onu maşınına mindirməmiş, özü ilə bir yerə aparmamışdı, hər şey mağazanın içində baş verir, burada da qurtarırdı. Mağazanın kitab anbarı, kabinetdəki yığcam divan və... Bununla belə işdəki arvadlar və universitet təhsilli cavan oğlan məsələdən hali idi. Arvadlar tez-tez müdirin arvad-uşağından söz sa-lırdılar. Bir cüt ceyran kimi qızını necə geyindirməyindən, arvadının daş-qaşından və gözəlliyindən deyirdilər. Qız eyhamı tutur və daşın hara atıldığını səhvsiz müəyyən edirdi, ancaq özünü o yerə qoymurdu. Bununla belə bir dəfə dözmədi və bu açıq tənə ilə dolu eyhamlara son qoymaq üçün dedi ki, hər kəsin öz taleyi, öz qisməti var, qoy heç kəs öz bəxti ilə öyünməsin, çünki taleyi heç kəs özü seçmir, çapalamaq, vurnuxmaq, yaxa qurtarmaq həmişə xeyir gətirmir. Qadınlar xırp kəsmişdilər səslərini, oğlansa qıza rəğbətlə baxmışdı. Sonra da imkan düşəndə pıçıldamışdı ki, yaxşı oturtdun onları yerində. Daha bundan sonra sənə sıvaşmazlar.
Doğrudan da qadınlar birdəfəlik susdular. Qızın ötkəmliyindən və sözün müdirə çatacağından ehtiyat eləmişdilər. Onlar qızdan yaxşı bilirdilər ki, müdir onun sevgi işlərinə dil bulayanları cəzasız qoymur... İşsizliyin xirtdəkdən olduğu bu şəhərdə əli-ayağı təmiz, az-çox gəliri olan işi heç kəs itirmək istəməzdi.
İmtahanlara da hazırlaşırdı, bu onun özü üçün müəyyən etdiyi həyat proqramının bir bəndi idi. Ali təhsil almaq, kişi ilə qurtarmaq və uzaq rayonların birinə təyinat alıb məktəbdə dərs demək. Proqramının son bəndinə qız özü də inanmırdı. Kənddə dərs demək üçün qədəm qoymamışdı əxlaqsızlıq yoluna...
Ürəyi bulana-bulana mağazaya daxil olmuş təzə kitabları rəflərə düzürdü ki, müdir saatına baxıb qapıya yaxınlaşdı və bir üzü «Açıqdır», o biri üzü «Bağlıdır» lövhəsini çevirib qapını içəridən bağladı. Qız bunu çoxdan gözləyirdi, çünki kişi qadınları buraxmış, oğlanı isə ikinci mərtəbəyə göndərmişdi və qız bilirdi ki, oğlan ordan yalnız çağırılanda düşəcək.
Müdir işığı da söndürdü. Qız kürəyi ilə onun yaxınlaşdığını hiss edirdi və aralarındakı məsafə azaldıqca yığışır, balacalaşırdı. Ürəyi daha bərk bulanır, ağzı qara su ilə dolurdu.
– Nə yaman işləyirsən?
Qız üzünü ona çevirmədən zorla gülümsədi və cavab verə bilmədi.
– Gözümə birtəhər dəyirsən, nə olub? Üzünü də mənə çevirmirsən. – Kişi daha yavıq dayandı.
Qız yavaş-yavaş döndü, gözləri dolmuş, dodaqları bir-birinə sıxılmışdı.
– Rəngin qaçıb, elə bil arıqlamısan.
Qız qəfil ağladı və hər iki əlini qarnına apardı.
– Necə? – Kişi ciddiləşdi: – Yoxsa...
Qız daha bərk ağladı və kitabların üstündə oturdu.
Müdirin sifətində şaşqınlıq əmələ gəldi və birdən-birə qocaldı, yanaqları sallandı. Görünür qayğıda qocaltmaq xasiyyəti var.
– Bəs niyə bu vaxtacan demirsən?
Qız çiynini çəkib:
– Bilmirəm, – dedi. – Heç ağlıma gəlmirdi, axı siz demişdiniz ki...
– Mən çox şey deyə bilərəm. – Kişi siqaret yandırdı. – Ürəyin də bulanmırdı?
– Bulanırdı, indi də bulanır.
– Bəs...
– Axı siz demişdiniz ki, heç vaxt heç kəs bilməyəcək, bəs nə oldu? İndi... – Qız yenə də ağladı.
Kişi susdu. O da kitab bağlamalarından birinin üstündə oturdu. Siqaretini yarı eləyəndə dedi:
– Qorxma, hər şeyi yoluna qoyarıq.
Qız qorxdu.
– Burda? Burda istəmirəm!
– Dedim qorxma, – kişi həvəssiz gülümsədi. – Apararam səni şəhərə, orda səni heç kəs tanımır. Beş dəqiqəyə rədd eləyərik, vəssalam!
Qız qəribə bir sınaq qarşısında olduğunu hiss edir və qorxurdu, bununla belə abortun burda deyil özgə şəhərdə olacağnı razılıqla qarşıladı, hətta sevinən kimi oldu. Bədənini titrədən əsməcəsi isə keçmək bilmirdi. İçi dayanmadan titrəyir, dişləri bir-birinə dəyirdi. Danışa bilmir, dili söz tutmur, amma kişini də gözdən qoymurdu.
Mudir pencəyini çıxartdı, şalvarının qayışını açanda qızı elə bil yerindən itələdilər, o bir anda kişinin üstünə sıçrayıb əllərindən yapışdı və tələsik:
– Yox, yox! – dedi. – İstəmirəm, yox, istəmirəm, sonra, ondan sonra...
Kişinin sifətindən əsəbi təbəssüm keçdi; o, heç nə anlamayıbmış kimi biləyini qızın əlindən çıxarıb soyunmaqda davam elədi. Qız o tərəf-bu tərəfə baxıb əlinə keçən qalın cildli iri kitabı başının üstünə qaldırdı və hədə ilə pıçıldadı:
– Yaxın gəlsəniz... – hikkəsindən daha da qaralmış bəbəklərindən çıxan şimşək müdiri qorxutdu. O, sürüşüb düşməsin deyə şalvarını ikiəlli saxlayıb mehribanca soruşdu:
– Noolub ki? Niyə belə? – Arxasını qıza çevirib üst-başını səliqəyə saldı. Pencəyini geyindi. Sonra hələ də qalın kitabı başı üzərində saxlamış qıza yaxınlaşdı. Biləyindən yapışıb kitab qarışıq əlini aşağı salanda üzünə həmişəki ağayana, tərbiyəli ifadə qayıtmışdı.
– Yaxşı, istəmirsənsə... Mən səni məcbur eləyə bilmərəm. Ümumiyyətlə bu işdə zor işlətməyin əleyhinəyəm.
– Əlbəttə, tovlamaq, dilə tutmaq məcbur eləmək deyil. – Qız yenə də kitabların üstündə oturdu. Gərginlik onu tərk eləmiş, birdən-birə yorulmuşdu. Dizləri büküşündən sızıldayırdı. Qəfil ürəkbulanması ürəkgetmə kimi gəldi, başı gicəlləndi, əli ilə ağzını tutub, üzünü kişidən çevirdi.
– Nə oldu sənə?
Qız onun sualına cavab verməyib ürəkbulanmasını iradə gücünə geri qaytardı və bir anlıq sükutdan sonra dedi:
– Siz mənim ən böhranlı, ən çətin, xilas olmağa saman çöpü axtardığım vaxtda yetirdiniz özünüzü. Siz həyatın ilk zərbəsindən çaşbaş olmuş qızı göydə qapdınız, parçalayıb yediniz. Nuş olsun sizə!
– Bu nə sözlərdir deyirsən? Elə bil Şekspir faciəsindəndir.
Qız onu eşitmirdi.
– Siz məni məhv etdiniz, ancaq sevinməyin, mən ölməyəcəm, yaşayacam, sizdən də qisas alacam, yadınızda saxlayın, mən sizdə qoymayacam hayıfımı.
Kişi bu sözlərdən üşürgələndi, tükləri biz-biz oldu.
– Axmaqsan? Nə danışırsan? Mən nə lazımdır eləyəcəm. Lap atadan artıq olacam sənin üçün.
Qız başını qaldırıb yaltaqlanan kişiyə necə baxdısa o gözlərini aşağı salıb susdu.
– Qoy sənin o bir cüt qızının qabağına da sənin kimi ata çıxsın...
Üç gündən sonra mağazanı bağladılar. Xeyli artıq mal tutuldu. Yoxlama sifarişlə olduğundan müdiri heç nə xilas edə bilmədi. Qız da qaldı öz dərdi ilə tək-tənha, üzbəüz.


Dan yeri işıqlaşıb ağardıqca şəhərin üstünü almış lehməşik kimi bomboz duman aydınca görünürdü. Soyuq qış havası idi, ancaq bu soyuğun özü də lehməşik havanın özü kimi donmuşdu, tərpənmirdi, hava ciyərlərə bulanıq su kimi daxil olur, onu təmizləmək əvəzinə daha da çirkləndirirdi.
Eyvanda gəzişən hamilə qadın indi aydınca görünürdü. Hiss olunurdu ki, çətinliklə nəfəs alır. Cücə boyda əri də yanında idi. Uzaqdan belə görünən həsrət və intizarla, nigaranlıqla baxırdı dağ boyda arvadına. Əlacı olsaydı onun əvəzinə nəfəs alar, bütün ağırlıqları öz üzərinə götürərdi, lap onun əvəzinə doğardı da. Qız ikrahla baxdı dağ boyda qarnından görünməz olmuş qadınla müqayisədə əsl cücəyə oxşayan ərə. Kinayə və paxıllığın qarışığından ibarət olan təbəssümlə gülümsədi...
İndi hamilə olan qadın qız vaxtlarında iki dəfə nişanlanıb tez də üzüyü qaytarmış, izdivacı öz xoşu ilə pozmuşdu. Üçüncü dəfə bu cücəyə nişanlanandan düz bircə ay sonra anası toyu eləmişdi ki, qız bir də nişanı pozmasın. Demişdi ki, ilan vuran ala çatıdan qorxar. Üçüncü nişanlı heç bir cəhətinə görə ananın ürəyincə deyildi, amma özgə əlac da yox idi – iki nişanı pozulmuş, adı deyikli olmuş və yaşı ötmüş qıza kim yiyə duracaqdı? Belə qızın və onun anasının seçməyə, saf-çürük etməyə, götür-qoya ixtiyarı yox idi. Odur ki, ana bütün üsullardan istifadə edib qızını razı sala bildi. Dedi ki, «qarımış qız» adından pis şey yoxdur dünyada. Əgər könlündən keçirsə, buyur otur ölənə qədər. Amma bil ki, «qarımış qız»a heç məzə xatirinə də yaxın durmurlar. Bu yerdə qız qışqırıb əlini masaya vurmuş və «Bəsdir!» demişdi. Ana da hirslənə, hikkələnə bilirdi və bu işdə heç kəsdən geri qalmırdı ki, irəlidə idi.
– Bilirəm, gözün kimdədi? Elə bilirsən iki nişanı qaytarmağıvın səbəbini bilmirəm, çox yaxçı bilirəm. O cür oğlanları balıq kimi soyuqluğunla qaçırtdın. Yoxsa elə bilirsən o bacısı lotudan sənə ər olacaq? Ağəz, bilmirsən ki, o gədə nə evlənən, nə ailə qurandı? Əlində peşəsi yox, sənəti yox, özü də ki... Ağəz, o hələ bir tikə uşaq idi, yekə arvadla alışıb-verişirdi. Özcə müəlliməsi ilə oyunlardan çıxırdı. Bütöy məhlə bilirdi.
– Bəsdi, mama!
– Zəhrimar bəsdi! Neynirsən göyçəkdi, qadam onun boy-buxununa, elə yeriyir deyirsən hamı yıxılmalıdı qabağında. Bilmirəm niyə heylə dik yeriyir, bəlkə o qumar oynamağıynan fəxr eləyir, yoxsa... Açdırma ağzımı!
Qız hönkürüb ağladı, ana isə soyumadı, daha da qızışdı:
– O, arvad alıb ev, ailə quran olsaydı, olardı də. Körpə ha dəgil, yaşı otuzu haqlayıb. Hələ atası, o adlı-sanlı lotu babası... Uzağa niyə gedirik ey, bacısı göz qabağındadı. Düzdü, pis oğlan degil özü, ürəyi təmiz, mehriban, xətir-hürmət biləndi, amma gəzəyəndi. Allah-allah on səkkiz yaşı vardı o erməni harsınıynan... Özcə məlliməsiydi, özündən də bir on yaş böyük, hələ əsgər də getməmişdi onda. O biləcək sənin qədrivi?
– Mama, bəsdi!
– Bir də kim deyir ki, sənin adıvı çəkir? Axı heç belə söz olmayıb. – Bu yerdə qız yenə də ağladı və ana cərrah bıçağını daha dərinə işlətdi ki, yaranı birdəfəlik, köklü-köməcli qazıyıb çıxartsın. – Deyir qız evində toydu, oğlan evinin xəbəri yox. Bəlkə də istəsəydi səni, adamlarını göndərsəydi, göz yumardım hər şeyə, deyərdim gözəl, ceyil oğlandı, subaylıqda gəzib gəzsin, kişi gəzər də. Toydan sonra elə çəkərdim onu döşümə ki, bilmərrə baxmazdı özünkülər tərəfə; amma neyləyəsən ki, bu tərəfə üz çevirmir. Bilirəm, – arvad bütün ümid yerini kəsmək qərarına gəldi, – hərdən keçəndə başını qaldırıb bura, bizim eyvana baxır. O da məlumdu mənə. Elə bilirsən ürəyində nəsə var sənə? Yox, qızım, kişidi də, bilir ki ürəyin gedir ondan ötrü, o da baxır, ləzzət alır, təşəxxüslənir. Gül kimi qız iki dəfə ona görə nişanını qaytarıb, bu hansı kişiyə ləzzət eləməz? Amma baxmaqdan uzağa getmir, bilir ki, getsə almalıdı, axı onun bacısının tayı dəgilsən, sənin qaboğunda mənim kimi kişi qiryətli anan var, pis baxanın gözünü çıxardar.
Bu açıq söhbətdən sonra ana hələ də xısın-xısın ağlayan qızına yaxınlaşıb onu qucaqlamış, başını sığallamış, üzündən, yaş yanaqlarından öpüb əlavə eləmişdi ki, inan, qızım, sevgi yaxşı şeydi, amma hər şey kimi o da ötəridi, keçəridi, adama qayğıkeş ər lazımdı. Həm də ər hər cəhətdən səndən bir az aşağı olsa yaxşıdı. Allah yetirib bir beləsin, yetim oğlandı, bədbaxtın elə adı da Yetimdi. Noolsun ki, göyçək dəgil, kişidi də, kişinin gözəlliyi baş ağrısıdı. O urus qonşumuz deyərdi ey, gözəl ər özgəninkidi...
Dərindən, amma çirkli havadan qorxa-qorxa nəfəs aldı, bu ona kömək eləmədi. Oksigendən kasıb hava ciyərlərini təmizləyə bilmədi. Qadın bir də dərindən nəfəs aldı. Əri nigarançılıqla baxırdı ona. Bəlkə ağrısı tutub? Arvadının üzündə ümidsizlikdən başqa ifadə görməyib anladı ki, şübhəsi nahaqdır.
– Bəlkə içəri keçək, bir az yatardın. Bütün gecəni ayaq üstə keçirmisən.
Qadın içəri girə-girə pıçıldadı:
– Havam çatmır, boğuluram, öləcəm, salamat qurtara bilməyəcəm...
– Nə danışırsan? – Əri dalınca içəri girdi. – Ümidsizlik pis şeydi. İnam lazımdı, adamı inam saxlayır, inam yaşadır.
Qadın ərinin sözlərindən təskinlik tapmırdı və özündən çox ona yazığı gəlirdi. Heç vaxt sevməmişdi bu yetim adamı, amma yazığı gəlirdi ona. Heç vaxt ev, ailə, qayğı görməmiş bu xırda, zəif kişinin acı taleyinə yanırdı...


Yeganə dolmuş gözlərini boşalmış eyvandan çəkib əllərini üzünə apardı. Dünəndən bəri çox ağlamışdı, amma indiki göz yaşları əvvəlkilərdən deyildi, indi o özünü, əvvəlindən pis gətirmiş taleyini, qara bəxtini oxşayırdı və hiss eləyirdi ki, bu göz yaşları ilə urəyi boşalmır, əksinə, yanağından çox içinə axan göz yaşları ürəyinə çökürdü. Dərindən köksünü ötürüb özünü ələ almağa çalışdı. Ortalıqdakı üzü qibləyə can verən atasını qoyub şəxsi dərdinə ağlamasını özünə ar bildi yenə də hər iki əlini üzünə çəkib elə bil bununla ağlamaq həvəsini üzündən götürdü.
İçəri keçdi. Xalası seyrək ağ xalları olan qara kalağayısını dördqat eləyib başına örtmüşdü. Xəstənin tənəffüsü xeyli sürətlənmişdi. Hərdən çox vaxt yumulu olan göz qapaqları titrəyib açılır, baxışları tavana dikilir, tez də bəbəkləri itir, gözləri yumulurdu. Arada əlini qaldırıb ağzına apardı və guya ki dodaqlarını sildi.
– Can, can... – Arvad əlindəki dəsmalla onun yarıaçıq dişsiz ağzını silib sızıldaya-sızıldaya dedi: – Ay allah, buna niyə belə əzab verirsən, axı bu nə günahın sahibidi, axı bu heç kimin toyuğuna kiş deməyib? Bədbaxtın hər nəyi vardısa mərdimazarlığı yoxuydu. Axı ev yıxan deyildi bu...
Xəstə bərkdən inildədi, elə bil içində qırılan növbəti həyat bağlarından birinin ağrısını keçirtdi. Bədəni qəfil titrədi, elə bil nəfəsi dayandı. Həm qız, həm də arvad səslərini içlərinə salıb qorxu və nigaranlıqla xəstəyə baxdılar. Bu çox çəkmədi və xəstə dərindən nəfəs alıb yenə də tələsə-tələsə kəsik-kəsik xırıldadı.
– Allah, məni öldür! – Qız pıçıldadı.
– Ay allah, ay allah... Əgər varsansa, əgər varsansa... – Arvad ağladı və sözünün dalını gətirə bilmədi. Əslində sözü yox idi. O, möcüzəyə, göstərmə işlərə, ilahinin mıxı mismar eləyən qüdrətinə sidqi-ürəkdən inansa da, indi xəstəxanadan evə ölməyə göndərilmiş adamın hansı bir fövqəladə qüvvənin təsiri ilə ayağa qalxacağına ümid eləyə bilmirdi. Ona görə də allahdan mümkünü, həyatın məntiqi gedişinə uyğun olanı arzu edirdi, ancaq bu arzunu dilinə gətirə bilmirdi. Ölümün pəncəsində qıvrılan ərinə asan, əzabsız sonluq istəsə də, bunu allaha üz tutub deyə bilmirdi. Eyni zamanda bu mənasız işgəncəni də ürəyi götürmürdü.
Qız birdən telefona yaxınlaşıb dəstəyi götürdü. Qardaşı soruşdu:
– Hara zəng eləyirsən?
Qız nömrəni yığa-yığa dedi ki, təcili yardıma zəng eləyim qoy gəlib bir şey eləsinlər.
– Yəni nə eləsillər? – Oğlan yorğun-yorğun soruşdu. – Gəlib sağaldacaqlar.
– Axı belə də olmaz, – qız nömrəni bir də yığdı – Oturaq gözləyək ki, haçan can verib qurtaracaq?
– Ta buna nə həkim, nə təbib? – Xala əlini ağı havasında xəstənin üstündə gəzdirib oxşadı. – Min təbib neyləsin bir allah qarğımışa? – Hönkürdü və nədənsə bu göz yaşısız quru, toxtaq hönkürtü qızı hirsləndirdi.
– Saxla ağını, vaxtı gələndə göstərərsən özünü, hələ tezdi.
Oğlan bacısına baxıb tənə ilə başını buladı.
– Sən də...
– Nədi, düz demirəm? – Qız qardaşının tənbehini qəbul eləmədi.
Xala geri durmadı və yenə də ağı musiqisi ilə:
– Düz deyirsən, – dedi. – Ta sənin düz deyən vaxtındı. – Bu dəfə xalanın gözündən yaş sel kimi axdı və o indi xəstədən çox özünü, öz halını oxşadı, sızıldadı. Gələcək günlərini elə bil indidən gördü. – Ə, məni kimə tapşırıb gedirsən, a namərd. Ə, bə məni düşman əlində qoyub gedirsən?
Oğlan başının hərəkətilə bacısına «Baş qoşma» dedi. Qız ona tabe oldu və yenə də «Təcili yardım»a zəng etdi. Sonra da dedi ki, rayona zəng eləyib qohum-qardaşa xəbər vermək lazımdır. Sonra gec olar. Oğlan da dedi ki, hələ tezdir, qoy həkim gəlsin, baxsın, sonra bir qərara gələrik.
– A balam, axı bu bədbəxt oğlu sağdı, eşidir...
Bacı-qardaş arvadın iradını cavabsız qoyub otaqdan çıxdılar. Arvad təklikdən istifadə eləyib axır ayaqda ürəyindəkiləri xəstəyə deməyə fursət tapdiğına görə sevindi elə bil.
– Ə, məni oda salıb gedirsən ey, Gəray... Ə, niyə axır sözün ürəyində qaldı sənin, niyə axır sözünü demək saa qismət olmadı, Gəray? Niyə dilin tutulmamış demədin ki, a bədbaxt, a filan-filan olmuş, söz belə, söhbət belədi? Niyə məni odsuz-ojaxsız yandırdın, a zalım? – Arvad dedikcə ilhama gəlirdi, dərdindən həzz ala-ala ağlayır, həzz ala-ala oxşayır, can üstündə olan adamın özündən özünə giley eləyirdi. – Mən sənin o türmədəki balana nə cavab verəjəm, bəs o xarabada qulluq eliyən tifilə nə yazajam, bəs sənin kağızını almıyanda nə deyəjək, nə fikirləşəjək? – Arvad yanıqlı-yanıqlı sızıldadı. – Gəlin, gəlin, a yetim balalarım, dədəniz can verir, nənəniz qan ağlıyır...
Bir azdan «təcili yardım» maşını gəldi. Oğlan onu həyətdə qarşılayıb tibb bacısının dava-dərman qutusunu götürüb həkimi qabağa buraxdı. Xəstə olan otağa girib onun yerdən üzü qibləyə uzadıldığını görən həkim pərt olduğunu gizlətməyib:
– Xəstəxanadan gətirmisiniz? – dedi.
Oğlan başını tərpətdi. Qız həkimə yaxınlaşıb qulağına nəsə pıçıldadı. Və həmin andaca həkimin üzündə hər şeyi dərhal başa düşən və nə etməli olduğunu bilən ifadə əmələ gəldi. Bu ifadə ilə kifayətlənməyən həkim:
– Görən kimi başa düşdüm, – dedi. – Özündə deyil deyirsiniz? Onda nahaq belə narahat olursunuz. O heç bir ağrı-zad hiss eləmir. Huşunu itirmiş xəstə heç nə bilmir, hiss eləmir. İndi onun ömrü bir sapdan asılıdır. Bağışlayın ki, açıq danışıram, amma...
– Həkim, bir şey eləmək olmaz ki, huşa getsin? Bəlkə yatsın? – Qız dedi və həkimin fenondoskop tutmuş əlindən yapışdı. – Çox əziyyət çəkir, heç dözmək olmur. Heç olmasa sakitləşdirici iynə vurun.
– Bu saat, bu saat, əlimizdən gələni edəcəyik. – Həkim qızın bircə anda yaşla dolan qapqara gözlərinə baxdı və onu tanıdı. – Siz kitab mağazasının müdiri deyilsiniz?
Qız başını tərpətməklə onun səhv etmədiyini bildirdi.
Həkim sevindi.
– İşə bax ey! Sizdə Maşkovskinin kitabı qalmayıb, bir də «Təbibnamə». Təzə çap olunub, tapılmır.
Qız hövsələsizliklə onun sözünü kəsdi və dedi:
– Gələrsiniz ora... İndi bir şey eləyin, tez eləyin. – Qız həkimi az qala xəstəyə tərəf itələdi. – Dözə bilmirik. Nə qədər əli qoynunda atanın can verməsinə baxmaq olar? Bu zülmü allah götürər?
– Bu saat, bu saat! – Həkim həvəslə işə girişdi. – Qan təzyiqini ölçək.
Oğul fikirləşdi ki, bunlarınkı da elə qan təzyiqidir, əllərindən ayrı bir şey gəlmir...
– Sakit olun! Qolunu çirməyin, aha, kifayətdir. – Rica edirəm siz tutun. – Qıza müraciət elədi. – Sakit... Aha... qəribədir, qan təzyiqi normadadır. Görünür ürəyi sağlamdır.
– Elədir, – qız dedi. – Ürəyindən heç vaxt şikayət eləməyib.
– Bəlkə... – Tibb bacısı nəsə demək istədi, amma tez də susdu.
– Buz baltası kimi idi, ay qardaş, xəstəlik nəyidi, o nəyidi? – Xala sızıldaya-sızıldaya dedi və yenə də yastı-yastı danışacaqdı ki, qız tərs-tərs baxdı və rusca dedi:
– Doktor, poslednyeye vremya u neqo takiye boli bıli, straşnıye, o serdtse dumat ne prixodilos!
– Nəyiydi? – Həkim eyni zamanda tibb bacısına kardiamin hazırlamağa göstəriş verdi.
Qız yenə də həkimə nəsə pıçıldadı və həkim də yavaşcadan dedi ki, bu xəstəliyin müalicəsi yoxdur, sonra da əlavə edib dedi ki, «ne poddaetsya leçeniyu». Amma xəstəxana da nahaq yerə belə ağır xəstəni evə buraxıb. İnsanın həyatı uğrunda son ana qədər mübarizə aparmaq lazımdır.
Tibb bacısı iynəni Fuadın köməyi ilə vurub qurtarmışdı. Tələsə-tələsə şeyləri qutuya yerbəyer eləyirdi. Həkim də ayağa qalxdı və əlini xalatının cibinə salıb çıxartdı.
– Sizə bu saat ürək-dirək vermək, təsəlli demək axmaqlıqdır, amma... bəlkə axşamacan yaşadı, sabaha da çıxa bilər. Hər halda dəqiq vaxt demək çətindir. Yenə də əlini cibinə salıb çıxartdı. – Allah səbr versin.
Qız ovcundakı onluğu qardaşına verdi ki, həkimin cibinə salsın. Oğlan da elə hamının yanındaca əlini həkimin xalatının cibinə salıb çıxartdı.
Həkim cibinə qoyulmuş on manatı çəm-xəmsiz qəbul eləyib çıxhaçıxda qıza dedi:
– Gələcəm mağazaya.
Qız onluğun asanlıqla həkimin cibində qərar tutduğunu görüb ürəyində dedi ki, neynək, gələrsən, orda əvəzini çıxaram...


Bərk darıxdı, ömründə bu qədər evdə boş-bekar oturmamışdı. Evdən bayıra ayaq qoya bilmirdi ki, birdən... Bütöv bir gecə gündüz can verən xəstənin yanında olmaq əsl işgəncə idi. Doğrudur, dünənə nisbətən hissləri korşalmış, atasının indimi, bir azdanmı görəcəyi ölümünü daha dəhşətli faciə kimi qavramırdı. Bəlkə də artıq nöqtənin tez qoyulmasını, yeganə nəticəsi olacaq bu həyat mübarizəsinin tezliklə bitməsini istəyirdi. Əlbəttə bu istəyin içində baş qaldırdığını nəinki demək, heç öz-özünə etiraf etmək də nə əxlaqa, nə insanlığa sığan deyildi, hələ övlad borcu, oğul sədaqəti qalsın bir tərəfdə. Bununla belə Fuad artıq atasını bu dünyanın sakini hesab eləmirdi və dəfn mərasimi haqqında düşünür, nəyi necə eləyəcəyini götür-qoy edirdi. Bütün ağırlıq böyük və evdə olan yeganə oğul kimi onun üzərinə düşəcəkdi. Görünür atanın ölümü hər bir oğulun həm də sınaq günüdür. Bəlkə də onun ağlından keçən bu fikir köklü-köməcli, qohumlu-əqrəbəli oğullara aid deyildi. Fuad üçünsə bu, həqiqətən əsl sınaq günü olacaqdı... Ahhh... Yo-ox, buna dözmək mümkün deyildi, mütləq çıxmalı idi şəhərə, evdən qaçıb bir saatlığa da olsa, dolanmalıydı doğma küçələri. Bəhanəsi də vardı əlində. Rayona teleqram vurub olan-qalan qohuma xəbər çatdırmalı idi. Bacısı dedi ki, get qadan alım, amma tez qayıt.
Evdən çıxdı. Bir-iki dostu, qonum-qonşudan iki-üç kişi blokun qabağında idi. Onu görüb hüznlə salamlaşdılar.
– Nə dedi həkim? – Yoğun, tösmərək kişi soruşdu. – Skorunu deyirəm.
Oğlan başını bulayıb qara kədəri hər sözündən bilinən səslə dedi ki, axşama çəkəcək, bəlkə də sabaha... – Sözünü bitirmədi və özü yaşda olan arıq, çəlimsiz oğ-lanlardan birinin qolundan tutub qırağa çəkdi. – Qərib, sən buralarda ol, mən də gedim rayona teleqram vurum, zəng eləyim... Sonra inciyərlər ki, xəbər eləməmişəm.
Qərib hüznlə başını tərpətdi və dedi ki, arxayın ol, burdayam, axşamacan.
Məhəllədən aralandıqca elə bil dünəndən bəri çiyinlərini əzən, içini daşınmaz yüklə dolduran ağırlıq azalırdı, hətta bir arada ona elə gəldi ki, bu saat avtobus dayanacağına gedən o özü yox, tamam başqa bir adam idi. Əsl Fuad isə oradadır, xəstənin yanında və burdan ora onu müşahidə eləyir. Evdən, məhəllədən aralandıqca bu qəribə hiss güclənirdi. Fikirləşdi ki, görünür, dərdin, bəlanın radiasiya sahəsi var, ondan çıxıb uzaqlaşdıqca şüalanma zəifləyir, təsiri itir. Allahın insafsızcasına onların evinə, ailəsinə göndərdiyi və sonu ölümlə nəticələnəcək dərdi mütləq həm də özünün çəkəcəyini, ağırlığını çiynində daşıyacağını bilsə də, bunun qaçılmaz qismət olduğuna şübhə etməsə də, evdən aralandıqca yüngülləşirdi. Hətta bir anlığa hara və nəyə getdiyini də unutdu. Həmişəki kimi adamlar küçələrdən keçir, gündəlik işlərini görür, ərzaq üçün növbəyə durur, avtobus-trolleybus gözləyir, maşını olanlar siqnal verə-verə maşınını səyirdir, bir sözlə, adi gündəlik həyat davam eləyirdi. Heç kəs atasının ölüb-ölməməsi, can verib-verməməsi ilə maraqlanmır, heç kəs bunu qeyri-adi hadisə kimi qəbul etmirdi. Bu həyat adiliklərini yaxşı bilmək üçün yaşı kifayət qədərdi, bununla belə ağlına gələnləri də fikrindən qovmur, uzaqlaşdırmırdı. Eyni zamanda bu adi gündəlik şəhər həyatının onlarla, yüzlərlə, minlərlə günlərindən birinin oxşarı, hətta eyni olan bu gündə də bir gərginlik gördü, daha doğrusu hiss elədi. Görünməyən gərginliyin hənirini aldı. Şəhərin mərkəzinə doğru avtobusla gedəndə isə artıq hənirtisini eşitdiyi gərginliyin pis əlamətlərini gördü. Orda-burda topa-topa adamlar yığışıb nə barədə isə qızğın söhbət eləyir, əl-qol atırdılar. İki-iki, üç-üç gəzən milislərin də sayı artmışdı deyəsən. Özləri də camaatı gözdən qoymurdular. Nəydi bu? Niyə qaynayırdı adamlar? Qəribə isti külək də qalxmışdı. Zir-zibili, kağız qırıntılarını göyə sovurur, hirslə adamların üzünə vurur, divarlara çırpırdı. Göz-gözü görmürdü. Aləm toz-torpağa bürünsə də, pəncərə şüşələri sınıb-tökülsə də bu şəhərdə küləkli havanı xoşlayırdılar. Yalnız belə havada şəhərin zəqqum dadan, üfunət iyi verən zəhərli havası dağılır, təmizlənirdi. Rəngbərəng tüstülər şəhərin dibinə çökə bilməyib küləyin tərkində uzaqlara gedir, yaxın kəndlərə, şəhərlərə çatırdı. Həmin yerlərdə də bu tanış iyin hardan gəldiyini, onun tükənməz mənbəyini yaxşı bilirdilər. Hərdən mətbuatda bu barədə danışmağa cəsarət eləyən jurnalist və çaşıb həmin jurnalistin məqaləsini dərc etməyə hünəri çatan qəzetə də rast gəlmək olurdu. Ancaq bu həmin zəhər püskürən boruların məhsuldarlığını əsla aşağı salmırdı. Dediyimiz kimi bu şəhərin eyvanlarının əsas və daimi elementi olan şəritlər, onlardan asılmış ala-çirk paltarlar, ağlar, mələfələr, kişi şəltələri iplərə dolaşır, yorğan üzləri havayla dolub göyə qalxır və az qala nəinki eyvanı, lap qutu evləri yerindən qoparıb aparırdı.
Poçtda tünlük idi. Teleqram vurmaq üçün növbəyə dayanmalı oldu. Heç olmasa yarım saat, bəlkə də bir saat gözləməli olacaqdı, özgə vaxt olsaydı yarım saat nədi, heç beş dəqiqə də dayanmazdı, indi isə vəziyyət başqa cürdü, qohumların vaxtında özlərini yetirməsinə görə məsuliyyət onun boynuna düşürdü. Birdən növbədəki danışıqlara, ondan qabaqda və arxada dayanan adamlara fikir verdi. Çoxu erməni idi, hamısı da həyəcanlı, sirli, sözlü. Tələsirdilər, guya iynə üstdə dayanmışdılar, tez-tez teleqram qəbul eləyən qızın ləng işləməsindən gileylənir, rusca, bəzən də azərbaycanca deyinirdilər. Öz aralarında ermənicə danışırdılar. Təəccübləndi. Bu şəhərdə özgə millətlər, yəni qeyri-azərbaycanlılar, adətən rus dilində danışardılar. Elə buna görə də şubhələndi. Nəsə bir sirr vardı burda. Birdən yadına düşdü ki, hər ay olduğu kimi aparıb guya işlədiyi yerin rəisinə yüz manatını verəndə rəis fikirli-fikirli demişdi ki, işlər fırıqdır, bir həftənin içində iyirmi beş erməni ərizə yazıb qoyub stolumun üstünə ki, bəs nə bilim ya uyezjayu, ne budu rabotat. Sən də bizim zakonnı işçimiz ola-ola orda-burda veyillənirsən. Zarafatla demişdi ki, üzr istəyirəm, flan müəllim, mən veyillənmirəm, gənclərin asudə vaxtının maraqlı keçməsinə çalışıram. Sonra da soruşmuşdu ki, bəs bu ermənilərə nə dərd dəyib ki, birdən işdən çıxırlar, özü də dəstə ilə. Yoxsa Qarabağı vermirik deyə etiraz aksiyası keçirirlər?
– Vallah, baş aça bilmirəm. – Rəis doğrudan da çaş-baş qaldığını göstərmək üçün əllərini yanlara açıb ətli çiyinlərini çəkdi. – Özü də gedənlərin çoxu varlı-hallı olanlardı.
– Onların kasıbı var? Ən ölüsünün öz evi-eşiyi, gəlirli vəzifəsi, sənəti... Gör heç bizim şəhərdə kirədə yaşayan erməni var? – Oğlan yana-yana demişdi. – Amma get kotejə gör nə qədər azərbaycanlı balası taxta evciklərdə yaşayır, ayda da yüz manat ev kirəsi verir. On-on iki baş ailə taxta-tuxtadan, dəmir-dümürdən quraşdırılmış toyuq hinində girlənirlər. Bu tərəfdən də evindən-eşiyindən lüt-üryan qovulmuş Yerevan azərbaycanlıları.
– Demə-demə... Müslüm uşağı kimi tökülüblər çöllərə. Bu hökumət hara baxır. – Rəis də sərin bir ah çəkdi.
– Hökumət var? Onun da elə adı var imiş. İndi bədbaxtları nə işə götürürlər, nə də... Evindən qovulmuş adama deyirlər ki, prapisqan yoxdu, səni fəhləliyə götürə bilmərik. Gör heç insaf var, qan var bizdə? – Fuad siqaret çıxarıb yandırdı. Rəis də yüz manatı qatlayıb qoltuq cibinə qoydu.
– Bəs bunu allah götürər ki, səni evindən qovsunlar, quldura da gözün üstdə qaşın var deyən olmasın? Bu hökumətdi? Yox ey, bizimkiləri qovurlar yetim-yesir kökündə, amma burdakı ermənilər xan kefində yaşayırlar. Ağ otaqlarda it də saxlayırlar. Tü! Belə avam millət olar? Sən öl, mən rus tanıyıram ki, dörd otaqda tək yaşayır, üç dənə də inək boyda it saxlayır. Gələcəyimiz dediyimiz körpələr isə kotejdə, it damında qalır. Bu millətə nə deyəsən, bu millətin rəhbərlərinin üzünə tüpürmək gərəkdi ya yox?
Rəis hirsləndi və:
– Sən də ağ eləmə də, – dedi. – Ermənilər, ruslar olmasa batar bu şəhər...
– Düzdü, batar, çünki kadrları həmin erməni mafiyası elə yerləşdirib ki, azərbaycanlılar işdən kənarda qalsınlar. Avara rəislər bizimkilərdi, iş görənlər, müavinlər, baş mühəndislər, plançılar, iqtisadçılar, mühasiblər onlar. Deməli faktik hakimiyyət onların əlindədi. Amma qırmaq, dağıtmaq lazımdır bu qaydanı, elə dağılacaq da.
Rəis təslim olmaq istəmədi, əvvəla arvadı erməni qızı idi, ikincisi də idarənin işləri geri düşəcəkdi, deməli, cibə bir müddət, bəlkə də xeyli müddət bir şey girməyəcəkdi.
– İndi ordakı ermənilər qudurub deyə, burdakılar görməlidi ziyanı? Burda heç məntiq var?
– Məntiq? Kişilərin qulağını, körpələrin barmaqlarını kəsəndə, arvadların döşündə, kürəyində siqaret söndürəndə məntiqə yer qalmır. Amma burda... Yox ey, dünən yox srağa gün erməni qonşumuz var, yanından keçəndə salam verməmişəm, verə bilmirəm də, ürəyim götürmur. Neynəsə yaxşıdı, məni yoldan saxlayıb deyir ki, niyə salam vermədin? Deyirəm verə bilmirəm, gündə bir şey eşidirəm. Deyir mənim nə taqsırım? Dedim bir az dərin fikirləşsən görərsən ki, sizin də taqsırınız az deyil.
Rəis təslim olmadı, ola da bilməzdi, yoxsa gərək evə gedib arvadını, yarısı erməni olan uşaqlarını qovaydı. Odur ki, cavab almayacağına arxayın bir əda ilə soruşdu:
– O yazıqlar neyləsinlər?
– Neyləsinlər? – Oğlan siqaretini ovuc formasında olan külqabıya basdı. – Bircə dəfə çıxsınlar nümayişə. Yığışıb getsinlər Qorbaçovun yanına. O vazgendi-dazgendi nədi söyüş məktubu göndərsinlər ona. Yox, əksinə, hələ burda oturub onları tərifləyirlər. Prava kaçat eləyirlər, tarixdən danışırlar, yalançı tarixdən.
Rəis təslim olmaq məcburiyyətində qaldı.
– Bunu düz deyirsən, amma çətin problemdi, həlli yoxdu ey...
– Həlli də var! – Oğlan ilk müvəffəqiyyətdən ruhlanmışdı. – Bizimkiləri bura köçürmək, erməniləri də ora. Tam və qəti yerdəyişmə, amma ermənilər buna da getməzlər, çünki onlara Qarabağda yaşayan ermənilər yox, Qarabağ torpağı lazımdı.
Rəis söhbətə marağını birdən itirdi və xeyli yorğun göründü. Qalın yun köynəkdən çıxmış iri qarnı dizlərinin üstünə çatmışdı.
– Nəysə, uzun söhbətdi, həm də səmərəsiz. – Rəis «səmərə» sözünü deyəndə yadına qoltuq cibinə təzə qoyduğu yüz manat düşdü, işdən çıxanda aparıb əmanət kassasına verməli idi. Oğlandan hər ay aldığı yüz manat üçün ayrıca hesab açdırmışdı. Bilmək istəyirdi ki, görsün nə qədər pul yığılacaq. Yadına düşdü ki, dünən kassalarda yaman növbə vardı. Tanış qadın demişdi ki, ermənilərin əlindən kassada pul qalmır. Nələri var götürürlər.

– Dünən getmişdim əmanət kassasına, – rəis istəmədən dedi. – Nə qədər erməni var, hamısı pulunu götürür. Tanış qız dedi ki, iki həftədi günümüz belədi, heç salamat xərçləməsinlər. – Kişi oğlanın qutusundan götürdüyü siqareti yarımçıq söndürdü ki, qalanını sonra çəksin. – Vallah ermənicə bir qır-bır düşmüşdü ora ki, gəl görəsən. Mən ölü, sən diri, – rəis pıçıldadı, – ürəyimə damıb, nəsə olacaq, özü də bu gecə.
Oğlan getmək üçün ayağa qalxıb istehza ilə dedi:
– Nə olacaq ki?
Rəis daha yavaşdan pıçıldadı:
– Nəsə bir qiyamət qopacaq. O gəlmələr də yaman qaynayırlar. Qaçqınları deyirəm. Qorxuram qan düşə.
– Arvadına görə qorxursan? – Oğlan qəfil soruşdu.
– Arvadıma görə? – Rəis qızardı. – Mənim arvadım...
– Ermənidi də.
– Erməni? – Rəis gülümsəməyə çalışdı, üzündə yazıq ifadə əmələ gəldi. – Erməni nədi, o çoxdan müsəlmandı, kəlmeyi-şəhadətini də bilir. Mən heç bilmirəm, o bilir.
– Deyirsən ara qarışanda kəlmeyi-şəhadət soruşacaqlar? – Oğlan kinayə ilə dedi. – Yaxşısı budu indidən başınıza çarə qılın.
Rəis oğlanın baxışlarına tab gətirə bilmədi, çünki arvadını və uşaqlarını çoxdan Pyatiqorskiyə göndərmişdi, hələ ev də almışdı orda. Həftədə bir dəfə də gedib dəyirdi onlara. Var-dövləti də yavaş-yavaş daşıyırdı ora. Rəis söhbəti özündən azdırmaq üçün yenə də pıçıldadı:
– Hə, qız məni bir tərəfə çəkib sevinə-sevinə dedi ki, gedirlər...


Əvvəl gələcəklərinə əmin olduğu yaxın adamlara – xəstənin bibisi və xalası oğlanlarına, analarının əmisinə teleqram vurmalı idi, sonra da gəlib-gəlməyəcəklərini bilmədiyi qalan qohum-əqrəbaya. Hər halda o öz borcunu yerinə yetirib xəbər verməli idi, qalanı qalırdı onların öz qulluğuna. Atası qohumlarının çoxuna get-gedə yad olmuşdu, illərlə bir-birləri ilə görüşməmişdilər. Səbəbi də məlum idi. Kimə lazım idi, həyatın dibinə düşmüş və heç cür çıxa bilməyən adam?
Ən çətini teleqramın mətnini yazmaq idi. «Öldü» sözünü yaza bilmirdi. Hələ nəfəs alan, ölümə can vermək istəməyən doğma atasını bircə kəlmə sözlə necə öldürsün? Qələmi saxlayıb pəncərədən bayıra baxdı. Görünür belə çox dayanmışdı.
– Mojno ruçku?
Səs ona tanış gəldi, hətta elə bil içindən keçdi. Baxışlarını pəncərədən çəkib üstü mürəkkəb, tuş ləkələri, müxtəlif cızıqlar, yazılar, ədəbsiz şəkillərlə örtülü yazı masasının o biri tərəfindəki qadına yönəltdi. İlahi! Qadın da onu tanıdı və o inandı ki, qadın onu məhz indi tanıdı, göz-gözə gələndə, baxışları tuşlananda. Niyə qızardı, bilmədi. Qadının gözlərində isə yalnız təşviş vardı. Və o bunu dərhal hiss elədi.
– Sənsən? – Qadın həm qorxu, həm də gizli sevinclə dedi. – Sən şəhərdən getməmisən? Bəs mən səni niyə görməmişəm?
Çiynini çəkdi və heç nə demədi. Keçən on-on iki ildə qadın gözəlliyini saxlamışdısa da, şuxluğunu, o vaxtkı təravətini itirmişdi. Bu artıq qırxı haqlamış və kökəlməyə üz qoymuş, geyim-keciminə çox da diqqət yetirməyən adi qadın idi.
– Mən də səni görməmişəm. Neçə dəfə o yanlara da gəlmişəm, əsgərlikdən sonra, amma görməmişəm. Demişdilər ki, köçüb burdan.
Qadın asta-asta başını tərpətdi və az qala pıçıldadı:
– Hə, elədi, ya uyezjala. Yenə də getmək istəyirəm...
– Niyə? Hara gedəcəksən?
– Bilmirəm... Stepanakertə yəqin...
Və «Stepenakert» sözündən sonra oğlan elə bil real, çox adi bir yerə düşdü və indicə anladı, daha doğrusu indicə yadına düşdü ki, qarşısındakı qadın ermənidir. O vaxt, on-on iki il bundan qabaq o bunun fərqinə varmamışdı, ümumiyyətlə onun üçün millət məfhumu tanış deyildi və bu qadın onun bütün hisslərini, təzə-təzə kişiləşməyə başlayan varlığını arxasınca çəkib aparan ehtirasının sahibi idi. İndi isə içi birdən şahə qalxdı, bu qadın erməni idi, o isə azərbaycanlı. Əks qütblərdə dayanmışdılar. İndi hər şey milli əlamətlə bağlanmışdı. O qayğıdan çox hiddətlə və tamam yad səslə:
– Getsən yaxşıdı! – dedi.
Qadın bu səsin soyuqluğunu, onun hiddətini hiss etdi və üşüdü elə bil. Oğlanın verdiyi qələmi ona qaytarıb «Spasibo» dedi və qalxıb kiçik sumkasını qoluna keçirdi, daha oğlana baxmadan poçtun tünlüyündə itdi.
Nə fikirləşdisə, doğrusu, heç nə fikirləşmədən «Öldü» sözünü yazıb cümləni bitirdi. Ancaq o çox yaxşı bilirdi ki, atası hələ ölməyib və çox güman ki, hələ bu tezliklə ölməyəcək də. Bununla belə teleqramın mətnini tərəddüdsüz bitirdi.
Poçtdan çıxanda qadını mütləq görəcəyinə içində şəksiz bir inam vardı. Və həqiqətən onu bir az aralıdakı üç-dörd ağacı və bir-iki sınıq skamyası olan bağçada görəndə təəccüblənmədi. Tələsik ona yaxınlaşdı və üz-üzə dayandılar. Gözləmədiyi halda dedi:
– Mən səni bu illərdə unutmamışam.
Qadın ağladı. Nə sifəti əyildi, nə hönkürdü. Gözündən iki-üç damla yaş çıxmasaydı, Fuad onun ağladığını heç bilməzdi də.
– Mən də səni unutmamışam. İ nikoqda ne zabudu, eto prosto nevozmojno. – Qadın pıçıldadı. – O vaxt sən olmasaydın mən necə yaşayacaqdım? Bilmirəm...
Təsadüfi tanışlar kimi bir-birindən iki-üç addım aralı dayanmışdılar. İndi bir-birlərini daha yaxşı, bütöv görmək imkanı vardı. Qadın onun bir az da uzanmış şumal boyuna, xeyli enlənmiş çiyinlərinə, bir qədər sərtləşib daha cazibəli olmuş sifətinə, dəli-dolu gözlərinə, qalın şabalıdı saçına mehriban baxıb köksünü ötürdü və bu gözəllikdən həmişəlik məhrum olmuş qadın təəssüfü ilə dedi:
– Sən çox dəyişmisən, o vaxtkından da privlekatelni olmusan. Neçə uşağın var?
Oğlan gülümsədi və sevindi ki, nə yaxşı qadın cavab tərifi gözləmədən mövzunu dəyişdi, yoxsa o heç vaxt bu qadına «Sən də gözəlləşmisən, daha da yaxşı olmusan» deyə bilməzdi.
– Evlənmişəm ki, uşağım da olsun?
– Kak? – Qadın təəccübləndi. – Tebe je skoro tridtsat stuknet.
– Onu bilirəm. – Oğlan güldü. – Qocaldıq, amma evlənmədik, yox, sənə görə yox, sənin taqsırın yoxdu...
Qadın qızardı və onun üzünə baxmadan dedi:
– Ya nikoqda ne pretendovala na eto. Ya sebe otçet dayu. Mne sorok, a tebe tridtsat.
– Sənə qırx yaş vermək olmaz.
– Ostav! – Qadın əlini yellətdi və güzgü çıxarıb sol gözünə baxdı, görünür tuş gözyaşı ilə gözünə girib yandırdı.
– No u tebya kto-to est?
– Net! – Oğlan dərhal cavab verdi. – Pastayannı yoxdu. Vproçem, bu söhbətin yeri deyil.
İstədi desin ki, atası ağır vəziyyətdədir, ancaq demədi. Evə getməliydi.
– Vaxtdı, mən getməliyəm, vacib işim var. Sənə də yaxşı yol. Jelayu sçastye!
Qadın kədərlə gülümsədi və:
– Sçastyedən keçib – dedi. Sonra da oğlana yaxın dayanıb pıçıldadı: – Ya tebya umolyayu uezjay iz etoqo qoroda, pryamo zavtra, sroçno, xot bı na mesyats. Uezjay v derevnyu.
– Başa düşmədim, – oğlan təəccüblə baxdı ona. Və ağlından keçdi ki, bəlkə bu məni erməni bilir. – Mən niyə getməliyəm? Nə olub ki?
– Heç nə soruşma məndən, ancaq çıx get burdan, heç olmasa bir həftəliyə, rayona get, sonra qayıdarsan. – Yenə də oğlanın şübhəli və inamsız baxışlarını görüb pıçıldadı: – Fəlakət olacaq, ojidaetsya traqediya. Nastoyaşaya katastrofa...
Narahat oldu, qadının həyəcanı ona da sirayət elədi və o qadının ağ, yumşaq biləyindən yapışıb:
– Düzünü de, nə olub, gizlətmə məndən, – dedi. – Bəlkə zəlzələ olacaq? Fəlakət hardandır, bəlkə bizə hücum olacaq?
Qadın sinəsini deşən sirrini saxlaya bilməyən və ondan azad olmağa tələsən adam kimi birnəfəsə dedi:
– Bu gün axşam, bəlkə sabah mitinq olacaq, sonra da provakasiya ola bilər, olmalıdır. – Qadın ətrafa baxıb yaxınlıqda heç kəsi görməyib davam elədi: – Çox adama xətər toxunacaq, qırğın olacaq. Boje... – Qadın göyə baxıb yenə də «boje» dedi və titrəyə-titrəyə sözünə davam elədi: – Çıx get, yalvarıram, umolyayu tebya uxodi, kuda-nibud, nu xot v Baku.
– Yaxşı, xoroşo, uspokoysya. – Oğlan onu qucaqlayıb sakitləşdirməkdən özünü güclə saxladı. Onsuz da artıq onlara baxırdılar, ancaq səbəb özgə idi, əvvəl Fuada elə gəlmişdi ki, elə bil çoxdan görmədiyi bu qadına tamam yadlaşmış, özgələşmişdi, əslində belə deyildi, qadın xeyli dəyişib əvvəlki gözəlliyini, təravətini itirsə də onu çəkirdi, oğlan onu çəkən bu qüvvənin qarşısında acizliyini hiss edirdi.
– Bəs sən haçan gedirsən?
– Mən? Mən mutləq gedəcəm. – Qadın elə bil fikrində nəyisə hesablayıb əlavə etdi. – Bir üç günə getməliyəm, bir-iki işim qalıb, qurtarıb gedəcəm. Çox güman ki, həmişəlik.
– Həmişəlik? – Oğlan inciyən kimi oldu.
– Da, navseqda! Mojet daje eto k luçşemu... – Bu sözləri deyəndə qadın onun üzünə baxmır, başı aşağı danışırdı. Deyəsən oğlanın üzünə, gözünə baxmaqdan çəkinrdi. Bir müddət, bəlkə də iki-üç dəqiqə susdular. Oğlanın gözü qadının sağ əlindən sol əlinə adlatdığı salafan torbasına sataşdı. İçində iki şüşə qatıq və deyəsən üç paket süd var idi. Nədənsə ürəyi sıxıldı, ona yazığı gəldi. İlahi, on iki il bundan qabaq bu qadına səcdə eləyirdi. Onun hər hərəkəti, baxışı ağlını alırdı əlindən. Torbasında süd-qatıq aparan və onun taleyi üçün narahat olan, həyəcan keçirən bu qadın necə adi qadınmış, mağazalarda növbəyə duran, avtobuslarda darkeşlik üzündən az qala qolboyun olub getdiyi, nəfəs-nəfəsə dayandığı yüzlərlə, minlərlə adi qadının biri imiş. Qadın oğlanın dilsiz baxışları altında qızardı və tələsdi:
– Nu, ladno, mne pora, – gülümsədi. – U menya je çemodannoye nastroyenie.
– Səni görmək istəyirəm. – Oğlan gözləmədiyi halda, özündən icazəsiz dedi.
– Yox! – Qadın diksindi. – Bu mümkün deyil.
– Niyə mümkün deyil? Tı...
– Net, net, ya ne zamujem. S tex por u menya net nikakix izmeneniy. Vse po staromu. Köhnə hamam, köhnə tas. Ya sovsem odna, mama toje umerla.
Oğlan hiss edirdi ki, içində qadına həvəs baş qaldırır və o bir qədər ərköyünlüklə dedi:
– Bəs mane olan nədir?
Qadın acı-acı gülümsədi və elə bil oğlana deyil, özünə dedi:
– Seyças bolee seryoznaya pomexa est. – Oğlanın anlamadığını görüb sözünü açıqladı: – Mən qocalmışam. – Nə təəssüf hissi vardı səsində, nə də kədər. – Bir də keçmişi geri qaytarmaq mümkün deyil. Özü də on iki ildən sonra. Qoy mən sənin yadında o vaxtkı kimi qalım...


Axşamı gözləməyə səbri çatmırdı. İnana bilmirdi ki, on-on beş gün bundan qabaq tamam əlçatmaz hesab elədiyi qadına bircə həmlə ilə çata bilmişdi Özü də necə? Danışmadan, bir kəlmə söz demədən, heç bir hazırlıq görmədən. Bu qələbəni ikinci bir adama danışmaq üçün ölürdü. Sirr deşirdi sinəsini, amma hələlik bu zəifliyi dəf eləməyə gücü çatırdı. Elə bilirdi ki, yuxuda olub bu hadisə. Düşdü müəllimənin dalınca, qarabaqara izlədi, azca aralı qapıdan içəri girdi... Bədəninə isti gəlir, həvəsdən dəli olmaq, yaxasını cırıb dağıtmaq dərəcəsinə çatırdı. Yüzüncü, mininci, milyonuncu dəfə xatırladı qadının evin qaranlıq girəcəyində zəif ay ziyası kimi işıq saçan bədənini. Hisslərin bolluğundan gözləri neçənci dəfə yaşardı. Əllərində, qıçlarında, budlarında yumşaq, isti qadın bədəninin təmasını hiss edirdi. İçində elə bil oyanmış vulkan vardı və odunu, alovunu püskürmək, azadlığa çıxmaq istəyirdi. Qadının görmədiyi, amma əlləri ilə naşıcasına qamarladığı ipək bədənini xatırlayanda əynindən pal-paltarını çıxarmaq, para-para eləyib yerə atmaq istəyirdi...
Ömründə ilk dəfə məktəbə getmək üçün tələsirdi. Dərsin başlanmasına hələ bir saat qalsa da artıq üzünü qırxıb yuyunmuş, gur saçını alnından geri daramışdı. Güzgüyə baxanda ona elə gəldi ki, sifəti xeyli ağarıb, ovurdları batıb, gözlərinin rəngi həmişəkinə nisbətən xeyli tündləşib. Və bütün bunları dünənki hadisə ilə bağlayırdı, özünü həmişəkindən yaşlı, böyümüş, kişiləşmiş hiss edirdi. Bununla belə məktəbə getməyə, müəllimə ilə üzləşməyə utanır, xəcalət çəkirdi. Dünən elə qapının ağzından tələsik geyinib qaçdığını yadına salanda əti tökülürdü, uşaqlıq elədiyi üçün özünü danlayır, içini sökürdü. Ancaq bütün bunlar onu məktəbdən saxlaya bilməzdi, gedəcəkdi, həmişəki yerində oturacaqdı və dünən soyundurduğu qadının düz gözlərinə baxacaqdı. Əgər bu gün yenidən o qadına çatmasa dəli olacağı şübhəsizdi.
Rus dili dərsinəcən nə bir dərsə qulaq asır, nə fəhləlikdən peşə məktəbinə keçib gələcək ustalara dərs deyən miyanə görkəmli müəllimləri eşidir, nə də yoldaşları ilə söhbət edirdi. Hətta Qaşqa ona yaxınlaşıb pıçıldayanda ki, o civi səni soruşur, bəlkə gedək, cavab vermişdi ki, qoy qız gedib... Qaşqa pərt olub təəccüblə baxmışdı ona və heç nə demədən aralanmışdı, bir müddət kənardan siqaret çəkə-çəkə ona göz qoyandan sonra yenə də yaxınlaşmış və eyhamla demişdi:
– Dünən rus müəlliməsinin dalınca yaman qaçırdın, bir şey çıxdı?
Qəfil qalxdı yerindən və iri yumruğunu Qaşqanın çənəsinə elə vurdu ki, oğlan özünü saxlaya bilməyib kürsüyə, ordan da çirkli parket döşəməyə düşdü.
– Afərin! – Qaşqa bir əli ilə çənəsini ovuşdurub o biri əli ilə şalvarının toza batmış yerini çırpa-çırpa dedi. – Xoşum gəldi səndən. – Sonra da yerə tüpürüb gülümsədi. – Qalsın qulluğunda...
Müəllimə sinfə girəndə çuğundur kimi qızardı. Yaxşı ki, ona baxan yox idi. Şükür elədi ki, Qaşqa elə o yumruq zərbəsindən sonra çıxıb getdi. Yoxsa onun od tutub yanan sifətini görsəydi yəqin ki, eyhamsız-atmacasız keçinməyəcəkdi.
Müəllimə həmişəkindən qəşəng geyinmişdi. Al qırmızı koftadan çıxmış ətli qolları gümüş kimi işıq verirdi. Mavi rəngli nazik parçadan yubkası qadının beldən aşağı getdikcə enlənən sağrısının şəklini almışdı. Oğlan gicgahlarında sürətlə vuran qanın səsini eşidirdi. Müəlliməyə baxmamaq, onu görməmək üçün gözlərini aşağı dikdi.
Otağın havasında, sinifdəki səslərdə yalnız onu hiss edir, onu eşidirdi. İlahi, bu saat dünyada rus dili müəlliməsindən əziz, qiymətli, istəkli ikinci bir adam yox idi onun üçün. Bu saat bütöv bəşər bir tərəfə, müəllimə də bir tərəfə idi. Lazım gəlsə bu qadına görə düşünmədən-daşınmadan, tərəddüd etmədən oda atardı özünü. Onun bircə təbəssümü üçün dünyanın o başına pay-piyada gedərdi.
Qadın suffikslərin xarakterini izah edib misallar çəkdikcə qapı ağzında ondan qopan şəhvətli səsləri, adamı dəli eləyən sözləri xatırlayır, təzədən eşidirdi. Qadının iyini lap yaxından hiss etdi. Bu iyi heç bir «Şanel», «Ficci», tündlüyü ilə baş çatladan «Krasnaya Moskva» qoxusu batıra, üstələyə bilməzdi. Dünən bu iy burnuna dəyəndə dəli olmuşdu, ağlı çıxmışdı başından.
Gözünü qaldırıb yanında dayanmış müəllimənin üzünə baxmağa qorxurdu, odur ki, qadının koftası rəngində olan al qırmızı çəkmələrinin kəsib üstünü azca şişirtdiyi ağ ayaqlarını görürdü.
– Necəsən? – Qadın onun üstünə əyilib pıçıldadı və əlini kürəyinə qoydu, yüngülcə, bilər-bilməz. Alov qarsmış adam kimi yığılıb gərildi. Və xeyli udqu-nandan sonra dedi:
– Yaxşıyam.
– Eto çudesno. – Müəllimə həyəcanı güçlə gizlədilən və süni gümrahlıq, biganəlik verdiyi titrək səslə dedi.
Oğlan hiss elədi ki, ondan azı on yaş böyük olan müəllimənin içində də gizlətmək istədiyi həyəcan gəzir, hətta ona elə gəldi ki, müəllimə ondan qorxur, kürəyinə əlini qoymaqla, halını xəbər almaqla həm onun, həm də özünün gərginliyini boşaltmaq istəyir. Ürəkləndi və başını qaldırıb düz müəllimənin gözlərinin içinə baxdı:
– A vı?
Qadın sualı cavabsız qoyub gülümsədi və onun masa üzərində bir-birinə geydirilmiş əllərinin içinə dörd dəfə qatlanmış bir parça kağız qoyub uzaqlaşdı.
Ehtiyatla kağızı açıb masanın altında oxudu: «Hava qaralandan sonra gəl, çalış görən olmasın. Qapını döymə, açıq olacaq».


Briqadirin tapşırığını tələm-tələsik yerinə yetirmişdi ki, öz işinə başlasın. Axşam müştəri gəlib sifariş verdiyi armaturları aparmalı idi. Yəqin ki, evə cibi dolu gedəcəkdi, inşallah. Sevinirdi, bir tərəfdən də ürəyinə dolmuş şübhə yavaş-yavaş içini gəmirir, sevincinin üstünə kölgə salırdı. Nədənsə ucunu torna dəzgahında yonub itilədiyi bu armaturlara ürəyi yatmırdı, onların xeyir işə deyil, nəsə pis bir haqq-hesaba gərək olacağından nigaran idi. Hətta ona elə gəlirdi get-gedə artan şayiələr, əvvəli-axırı görünməyən mitinqlər, şəhərin orasında-burasında baş verən soyğunçuluq, dava halları ilə bu itiləyib üst-üstə yığdığı armaturlar arasında birbaşa əlaqə var. Guya bu kiçik nizələr şəhərdəki əsəb partladan gərginliyə, onun getdikcə real dağıdıcı qüvvəyə çevrilməsinə kömək edəcəkdi. Belə olanda alacağı pul da gözündən düşür, əlləri işdən soyuyur, dəzgah nəzarətdən çıxır, gözləri yol çəkirdi. Bu çətin məqamdan onu hamilə arvadı, bu günə-sabaha doğulacaq uşağı, ev üçün xərclədiyi hər manata görə on manatlıq tənə edən, onu həm üzünə, həm də qarasına qınayan qaynanası qurtarırdı. Hərəsi öz dilində, öz təsir vasitəsilə onu işləməyə, hər on manat qazanc gətirəcək armaturdan daha çox hazırlamağa məcbur edirdi. Bundan sonra o ürəyinə daman qara şübhəyə tüpürür, yeni güc və həvəslə, hövsələ ilə işə girişirdi. Bir bu günün axırı gəlsəydi, axşam düşsəydi bu zəhrimarları verib pulunu alardı. Daha bir nigarançılığı, daha doğrusu, qorxusu da vardı: birdən malı götürüb pulunu vermədi. Bəs onda? Evə əliboş necə gedəcəkdi? Hələ qaynanası qalsın bir tərəfə... necə yəni malı alıb pulu verməyəcək? Dərəbəylik-zaddır bəyəm? Vallah, o nizənin ən itisini götürüb soxar qarnına, heç uf deməz. İki gün-iki gecə əlləri qabar ata-ata, suluqlaya-suluqlaya armatur kəssin, ucunu itiləsin, onlar da əlləri ciblərində getsinlər. «Vallah, ya onları öldürrəm, ya da özümü».
Allah, niyə onun çörəyi həmişə daşdan-dəmirdən çıxır, niyə onu yaradanda baxtını unutmusan? Hamının arvadı doqquz ayın tamamında doğur, onunku az qalır onu tamam eləsin, heç tərpənmək fikri də yoxdur. Niyə hamı atalı-analı olub yarımalı, bu uşaq evindən, «detdom»dan çıxmalı, hələ bu azmış kimi adı da Yetim olmalı imiş? Nə əsli-kökü var, nə nəcabəti. Həmişə gizlətməyə çalışırdı yetimxanada böyüdüyünü, oradan çıxdığını deyəndə qıpqırmızı olur, xəcalət çəkirdi. Düz otuz dörd yaşınacan öz evi-eşiyi olmamışdı. Heç cür təsəvvür eləyə bilmirdi ki, adamın özcə evi olsun, şəxsi mənzilində istəsə tək otursun, tək dursun, öz əli, öz başı olsun. Sən yatan otaqda daha heç kim yatmaya da bilər, sənin yanında özgə, əslində sənə dəxli olmayan adam soyunmur, yatmır, yemir-içmir... Heç cür alışa bilmirdi öz evinə-eşiyinə. Bu ifadəni, hətta «evim» sözünü evlənəndən və birdən-birə qurulu ev, ailə sahibi olandan sonra da işlədə bilmirdi. «Bizdə» deyəndə evini, ailəsini nəzərdə tuturdu.
Əvvəllər «Uşaq evi» deyilən yetimxanada, sonra sənət məktəbinin yataqxanasında, sonra da işə göndərildiyi zavodun yataqxanasında yaşamışdı. Düz otuz dörd il! Çörək yediyi yer də həmişə ucuz fəhlə yeməkxanası olmuşdu. Hərdən zavod yataqxanasının ümumi mətbəxində kartof qızardar, yüngül xörək bişirər, bəzən də mağazadan aldığı on bir qəpiklik kotletlə öynəsini keçirərdi. İndi qaynanasının dadlı xörəklərinə alışdığı bir vaxtda da döyülmüş, suxarıya batırılmış o əl boyda qırmızı kotletləri yadına salanda əti ürpəşir, ürəyi bulanırdı. Halbuki həmin kotletləri alıb qızartmağa heç də həmişə imkanı olmurdu. Maaş almağa yaxın heç çörəyə də pul qalmırdı. Onun ətrafındakı adamlar, az-maz yoldaşlıq elədiyi cavanlar da onun tay-tuşları, onun kimi yetimxanalarda böyümüş, yaxud da bir parça çörək qazanmaq məqsədi ilə kənddən, rayondan şəhərə qaçıb gəlmiş adamlardı. Onlar da uzun müddət, ev alanacan yataqxana sakininə çevrilirdilər. Saqqallarına dən düşəndə ev alan adamlardı onun yar-yoldaşı. Bir yerdə işlədiyi evi-eşiyi olanlarınsa nəyinə lazım idi «detdom»da böyümüş yetimi evinə qonaq aparsın, evin, ailənin necə olduğunu ona göstərsin? Sümüyü yetimxana «kaşası» ilə bərkiyib, qarnı texniki peşə məktəbinin mədə köpürdən çuğundurlu borşu ilə doymuş, fəhlə yeməkxanasının güzəştli qiyməti qırx qəpiyə olan «Kompleks nahar»ı ilə pərvəriş tapmışdı. Kişilik həddinə qırx qəpiklik «Kompleks nahar»la qədəm qoyan və on ildən çox onun komponentlərini təşkil edən ətsiz sup, altmış faizi çörək, qalanı buzlu ət olan kotletindən yeyib üstündən alma qurusundan bişirilmiş kompot içən adamdan hansı igidliyi, hansı sağlam atalığı gözləmək olar? Bunu qaynanası çox yanıb-yaxılanda Bakıda yaşayan böyük bacısına deyirdi, sonra da əlavə eləyirdi ki, belə kişinin əkdiyi uşaq on aya yox ey, lap on beş aya doğular.
Daha sonra arvad sağa-sola burula-burula cavan ölmüş ərinin adını tutub sızıldayırdı. Deyirdi ki, gör gözəlliyi ilə şəhərdə ad çıxarmış arvadın, bircə qızın nə günə qaldı ki...
Bir vaxtlar yataqxanada miyanə görkəmli bir qızla tanış olmuşdu. Əvvəlcə qız dedi ki, rayonludur, gəlib instituta daxil olsun, kəsilib, daha geri qayıtmayıb, şəhərə yazılmaqdan ötrü işə girib. Əvvəl ev tutub, sonra görüb ki, qızın təkcə ev kirələyib qalmasına camaat yaxşı baxmır, ona görə də yataqxanaya köçüb. Yataqxanadan zəndeyi-zəhləsi gedən oğlan demişdi ki, nahaq qalmısan burda. Gərək qayıdaydın evinizə, gələn il imtahana gələrdin. Qız da demişdi ki, evə qayıtsam kimdi məni bir də şəhərə buraxan, o saat ərə verərdilər. Ata-anası ilə hesablaşmayıb özbaşına şəhərdə qalan, yataqxanada yaşayan, zavodda üç növbədə işləyən qıza ürəyi qızmamış, onu qınamışdısa da inanmışdı hekayətinə. Ancaq bu inam tez qırılmışdı, bir neçə dəfə görüşəndən sonra bilmişdi ki, bu qız heç də ailədə tərbiyə alıb böyümüş atalı-analı qız deyil, yetimxana yetirməsidir. Bunu bilmək üçün çox bilik, həssaslıq lazım deyildi, sadəcə yetimxanada böyümək kifayət idi. Çox güman ki, qız da aldanmışdı. Əgər o Yetimin «detdom» uşağı olduğunu bilsəydi, yalan deməzdi ona. Qız bunu bilmirdi. Çünki Yetim də öz növbəsində onu aldatmış, uşaq evində böyüdüyünü gizlətmişdi. Təbiidir ki, ikicə görüşdən hər ikisi aldandığını bilmişdi, başqa cürə də ola bilməzdi. Yetimxanada böyümüş eyni taleli adamlar bir-birini yeddi ağaclıqdan tanıyırlar. Axı iyirmi-otuz illik keçmişi təbii şəkildə uydurmaq, ata-ana yaratmaq, qohum-əqrəba düzəltmək, qonum-qonşu uydurmaq hər adamın işi deyildi. Bir də hər kəs öz mühitinin yetirməsidir deyib aqillər.
Qız xoşuna gəlirdi, elə bir-birlərinə yaraşırdılar da, ancaq hər ikisi, otuzu haqlamışdı, qız yaşını azaltsa da, bu oğlana təskinlik gətirə bilməzdi, çünki əslində bu qızın ona dəxli yoxdu. Deməli, taleyini elə adama bağlamalı idi ki, heç olmasa evi-eşiyi olsun, yoxsa ölənəcən ev almaq ümidi ilə yaşamaqdan bezib özünü öldürə də bilərdi. Hər halda intihar haqqında bir neçə dəfə düşünmüşdü...
Bir dəfə xəlvəti qızın qaldığı dördüncü mərtəbəyə qalxdı. Beşmərtəbəli binanın iki mərtəbəsi oğlanların, derdüncü və beşinci mərtəbəsi isə qızların idi. Oğlanların qızların, təbiidir ki, qızların da oğlanların yanına getməsi komendantın əmri ilə qadağan edilmiş, möhürlü, qollu əmr çərçivəyə salınıb birinci mərtəbədəki ümumi vestibülün ən görkəmli yerinə vurulmuşdu. Lakin, ölkədə ən müqəddəs hesab olunan ümumdövlət əhəmiyyətli qanunların asanlıqla pozulduru bir vaxtda yataqxana qaydaları nədir ki?
İkilikdə qalıb kişi ilə qadın arasında baş verən təbii haqq-hesabdan sonra dar-düddək yataqxana çarpayısında bir-birinə sıxılıb uzanmışdılar. Oğlan tövşüyə-tövşüyə demişdi ki, biz heç vaxt evlənə bilməyəcəyik. Qız təəccüblə baxmışdı ona və şikayətsiz-filansız guya maraq üçün soruşmuşdu ki, niyə? Niyə biz evlənə bilmərik? Oğlanın qızın qupquru sinəsini hissiz-həvəssiz sığallayan əli dayandı və o, cavab vermək əvəzinə susdu, hiss etdi ki, qızın bu sadə, birbaşa verilmiş konkret sualının cavabını yaxşı bilmir. Qız darıxdığını bildirən bir hərəkət elədi və oğlanın arıq, cılız bədəninə yaraşmayan, ağır, sümüklü əlini sinəsindən götürüb üstünü nazik xalatı ilə örtdü və fikirləşdi ki, döşək ağını iki həftədir dəyişmirlər, gərək bir komendantı tərpədək, görək niyə sanitariya qaydalarına əməl eləmirlər?
Qız elə bil verdiyi sualı unutdu və fikirləşdi ki, orda heç aylarla dəyişmirdilər. Ağzımız nə idi bir söz deyəydik, bir də heç ağlımıza gəlmirdi.
– Özün bilmirsən niyəsini?
Qız həvəssiz qayıtdı bir az əvvəlki ovqata və çox biganə səslə dedi:
– Qız olmadığıma görə?
Oğlan başını buladı və özünün də gözləmədiyi halda heç kəsə etiraf etməyəcəyi bir sirri açdı:
– Əgər o gün özün deməsəydin mən sənin qız olmadığını bilməyəcəkdim.
– Doğrudan?
– Bir də... uşaq evində böyüyən qızın...
Qız necə qalxdısa az qaldı çarpayıdan yerə yıxılsın. Tələsik geyinə-geyinə:
– Əgər sən də yetimxana uşağı olmasaydın bil ki, o idbar sifətini cırıq-cırıq eləyərdim, – dedi və alt tumanını lap axırda, oğlanın gözünün qabağında geyindi. Yubkasını yuxarı qaldırıb tumanın rezinini şaqqıldatdı, sonra ətəyini aşağı salıb hirslə hamarladı.
– Səndən ötəri ölən yoxdur, hörümçək kimisən.
Yataqda necə uzanmışdısa, elə də qaldı. Nə qızın onu incitmək üçün dediyi «kompliment», nə də alt paltarını qəsdən, tərbiyəsizliklə, saymazlığı nümayiş etdirərək geyinməsi onu hiddətləndirmədi. Bütün bunları təbii bir şey kimi təmkinlə qarşıladı. Ayaq üstdə dayanıb onun durub getməsini açıq səbirsizliklə gözləyən bu bədbəxt qıza demək istədi ki, əgər biz evlənsək, bir dam altında yaşasaq, bil ki, ömrümüz boyu bir-birimizə uşaq evində, yetimxanada böyüdüyümüzü hər gün, hər saat xatırladacağıq. Heç vaxt, hətta istəsək də biz öz keçmişimizi, müdhiş uşaqlığımızı, məruz qaldığımız təhqirləri, əzabları unuda bilməyəcəyik. Demək istədi ki, onda bizim bu vaxtadək əzab-əziyyətlər içərisində keçmiş həyatımızın davamı bundan da pis olacaqdı. İki bədbəxtin ittifaqı heç vaxt xoşbəxt ola bilməz. Daha bir bədbəxt ailə qurmaq nəyə lazımdır? Sən gərək atalı-analı, evli-eşikli bir adama gedəsən, qoy lap hörümçək yox, milçək olsun, lap idbarın biri yox, meymun olsun, amma ev tərbiyəsi, ailə tərbiyəsi görmüş, qohum-əqrəbadan yarımış olsun. Onda sən də özünü nəhayət yetim yox, adam hiss eləyərsən, onun nəyi, kimi varsa həm də sənin olacaq. Cır ağacları peyvənd eləmirlər? Bax o cür. Biz keçmişimizi gələcək uşaqlarımızdan da gizlətməliyik. Bunu heç sənin ərin də bilməməlidir. Bizim uydurma uşaqlığımız olmalıdır. Nağıl qoşmalıyıq bilmədiyimiz keçmişimizdən. Yaxınlarımızın faciəli surətdə avtomobil qəzasında həlak olduqlarını yana-yana, həqiqətə uyğun surətdə nağıl eləməliyik. Bütün bunları qıza danışmaq, onunla dərdləşmək istədi, ancaq susdu. Arada dartına-dartına üst-başını düzəldən, sahmana salan qız çox güman ki, bu sözlərə görə onu sarsaq, şizofrenik adlandıracaqdı. Bununla belə yataqda vəziyyətini dəyişmədən səbirsizliklə onun qalxıb geyinməsini gözləyən qıza dedi:
– Şuşa yetimxanasından çıxmışam, ona görə də qalmadım orda, dedim elə yerə gedim ki, məni tanıyan, uşaq evində böyüdüyümü bilən olmasın. Axı burda hamı gəlmədi. Yerli adam yoxdu, arxayın yaşamaq olar. Heç uşaq evində yoldaşlıq elədiyim dostlarımla da əlaqə saxlamıram, görmək istəmirəm onları. Mən oranı yaddaşımdan silib atmaq istəyirəm.
Qız birdən qəhqəhə çəkdi, demə çox cingiltili səsi varmış. Birdən bildi ki, bu arıq, boyca özündən bir neçə barmaq hündür olan qızın əsil səsini tanımır, heç əməlli-başlı danışığını da eşitməyib. Təəccüblə baxdı qıza. Gülüşünə görə deyil, səsinin cingiltisinə görə. Sonra da qalxıb geyindi. Qızsa gülməyində davam edirdi. Qızı elə gülə-gülə də qoyub otaqdan çıxdı.
Bundan sonra da bir-iki dəfə görüşdülər, gah qızın otağında, gah da yataq yoldaşları gündüz növbəsinə gedəndə onun otağında. Qızın qabırğaları sayılan sinəsinə hələ bir neçə dəfə də sığal çəkdi. Qəlbə, ürəyə heç nə verməyən, heç bir mənəvi məzmunu olmayan bu görüşlər nə qədər çəkəcəkdi, bəlkə də bu görüşlər vərdişə çevrilib onun evlənmək haqqındakı proqramını alt-üst də edəcəkdi, elə bu yetim qızla evlənəcəkdi, ancaq bir gün əlahəzrət tale öz hökmünü oxudu.
Düz on il idi birinci növbə işə gedəndə səhər saat yeddidə düşürdü birinci mərtəbədəki bufet-yeməkxanaya və boyu metr yarım olan şəkili Şakirin «mannı kaşa»sından dilini-ağzını yandıra-yandıra yeyib yollanırdı əmək meydanına, xarüqələr yaratmağa. Pulu olanda boşqabına bir iyirmi beş-otuz qram kərə yağı da saldırardı, bu ona ən çoxu mənəvi ləzzət verirdi, elə bil buğlanan sıyığın içində tədricən əriyib sarılaşan yağı ala bilmək imkanı ilə qürrələnirdi. Pulu olmayanda isə sıyığı yağsız yeyirdi. Şakir də açırdı borc kitabını və adını yazırdı siyahıya. Bu kitabda yataqxana sakinlərinin hamısının adı vardı. O kitaba düşməmək hər oğulun işi deyildi. Şakir borc kitabını həvəslə işlədirdi. Hamıya da səbəb məlum idi, çünki borclu ilə Şakirin hesabı heç vaxt düz gəlmirdi. Aydın məsələ idi ki, boyu metrə yarım, əməli iki qat çox olan Şakirin hesabı daha çox çıxırdı. Borclu dözməyib səs-küy salanda Şakir şirin Şəki ləhcəsində «Bə maa nə qalır?» deyib boynunu bükürdü. Şakir kredit qanununun əsas qaydasına əməl edirdi. Buna görə onu qınamaq olmazdı. Yəni qaşıq döyüşdürməyə, yaxa yırtmağa hacət yox idi.
Bəli, bu dəfə yağlı sıyığını yeyib qurtarmış, mədəsi qışın oğlan soyuğunun yataqxananın otaqlarında cövlan elədiyi vaxtda canı qızmışdı ki, Şakirin köməkçisi, yəni sıyığını bişirən, dörd-beş yemək masasının üstünü yığışdırıb yaş əski ilə silən, bulaşıq qabları, sarısı heç vaxt getməyən stəkanları yuyan və cavanlıqla çoxdan xudahafizləşmiş ahıl, xeyli kök və ağır dalını çətinliklə çəkib aparan, qaşı-gözü sürməli, saçı xınadan qıpqırmızı qadın onu saxladı və:
– Ayaq saxla, ədə! – dedi. – Sənnən işim var.
Zəndeyi-zəhləsi getdiyi bu arvadla nəinki danışmaq, heç salamlaşmağı xoşlamırdı. Ahıl qadının üz-gözünü bəzəməsi, yanağındakı qoşa ət xalı qaraltması, qaş-gözünə sürmə yaxması, illah da saçını xoruzquyruğu qızartması onu hirsləndirir, hətta iyrəndirirdi, həm də şəkili Şakir qadın haqqında elə əhvalatlar, elə hədislər, ucu güləbətinli elə söhbətlər, elə əcayib hekayətlər söyləyirdi ki, adamın Şakirdən də, qadından da zəhləsi gedirdi.
Üz-gözünü turşudub təəccübləndiyini bildirdi:
– Mənimləsiniz?
– Həri, işdən qayıdanda məni gör...
Soruşdu ki, axı nə işdir, elə indi deyə bilməzsiniz? Qadın onu altdan yuxarı süzüb qaşlarını oynatdı və baxışlarını elə yerdə saxladı ki, Yetim dayandığı yerdə qurcuxdu. «Bu kaftar yoxsa məni də Şakir bilir?»
– Xeyrivi deyirəm, adə! Yetim uşaqsan, qalmısan yataqxanalar küncündə. – Arvad oğlandan göstərdiyi etinasızlığa görə möhkəm qisas aldı. Onun zəif yerini yaxşı tutmuş, yaralı yerinə toxunmuşdu.
– Mənim dərdimi siz niyə çəkirsiniz?
– Saxla, adə, bu «siz-bizi», cayıl kimi danış. – Qadın ona elə yaxın dayandı ki, döşlüyə güclə sığışan qarnı az qala qabağına dəydi. Yetim geriləyib divara dirəndi. Qadın bir az da yavıqlaşıb qolundan tutdu. Daha xilas olmağa ümid qalmadı. Arxa divar idi, qabaq qarın. O bu məngənədən çıxmaq üçün tələsik razılaşdı:
– Yaxşı, işə gecikirəm. Sonra... axşam gəlləm...
– Bax, gözləyəcəgəm a... – Qadın gülümsədi, qızıl dişləri lampa kimi alışıb yandı. Oğlanın qolunu buraxmadan dedi: – Gül kimi oğlansan, noolsun bir az çəlimsizsən? Sənin qədrivi bilən gərək bilsin...
Axşamacan arvadın dediyi sözlərdən çox onun iri, yumşaq və paltardan belə istiliyi bilinən qarnının təmasını hiss elədi və hər dəfə də içində şəhvətli, tərbiyəsiz bir hissin dəbərdiyinin şahidi oldu. Sifətinin istiləndiyini hiss eləyir, özü-özündən utanırdı. Bundan sonra şəkili Şakiri bu qadınla müxtəlif biədəb oyunlarda, əxlaqsız vəziyyətlərdə təsəvvür etdi və çox vacib bir hissəni düzəldib axıra çıxanda sındırdı. Hirslənib iki bölük olmuş isti metal parçalarını yerə atdı. Briqadir də özün yetirib dedi ki, həmişə belədir, elə ki, təcili bir iş istəyirsən yarıtmırsan, elə bil qəsdən mənə badalaq vurursan. Yetim qəzəblə baxmışdı ona, briqadir də halını pozmadan yastı-yastı demişdi ki, yavaş ə, bağrımız yarıldı, elə qanlı-qanlı baxma, yox, əgər baxansansa yeri... – cümləsinin dalını dilinin ucundan geri qaytardı. İstehza eləyib onu məsxərəyə qoysa da qəzəbli baxışlarından qorxmuşdu. Ümumiyyətlə bərkdə əli yox idi, odur ki, hirsini yalnız baxışları ilə ifadə eləyən Yetimə yaltaqlandı:
– İki-üç gündü gözümə birtəhər dəyirsən, yoxsa bir şey-zad olub? Niyə kollektivə qarışmırsan ey? Axı burda biz bir ailənin üzvüyük.
– Bilirəm, – Yetim dişlərinin arasında dedi. – Ona görə maaş alanda kəsdirirsən başımızın üstünü. On beş manatı almamış əl çəkmirsən...
Briqadirin rəngi qızardı və o həmişə hazır hissələri yoxlayanda elədiyi kimi eynəyini pencəyinin döş cibindən çıxarıb taxdı, diqqətlə Yetimə baxıb:
– Ay sağ ol, – dedi. – Ay bərəkallah, ay... Ə, sən yaxşılığa belə cavab verirsən? Ə, bəs mən sənin naryadına hər ay əlli-altmış manatı havayı yazıram? Ə, budu sənin təşəkkürün? Ə, bu camaat niyə belə nankor olur ə? Ə, sən...
Yetim onun sözünü ağzında qoyub paltarını dəyişmək üçün «Duşxana» deyilən yerə tələsdi.
Qadın elə bil səhərdən yataqxananın «əndərun» hissəsini «birun»dan qoruyan və yay-qış dizlərinin üstünü döyən qarnını yun şala bürüyüb hər on-on beş dəqiqədən bir iri termosdakı çayı subaşına daşıyan gözətçi arvadın yanında oturub onun yolunu gözləyirdi. Yeri gəlmişkən onu da deyək ki, elə gözətçi qadın şalını açıb subaşına yollananda kim-kimə qonaq getmək istəyirdisə gedirdi, yəni birun əndəruna, bəzən elə əndərun da biruna qarışırdı.
Qadının qaş-gözü təzəcə sürmələnmişdi. Arası gen qaşların ucları gicgaha tərəf çəkilib uzadılmışdı. Qələmlə qaraldılmış qoşa xallar elə uzaqdan mənəm-mənəm deyirdilər. Əynindəki sarı kremplin paltonun düymələri ilgəyə gəlmədiyindən qabağı açıq idi. Qısa yoğun qıçlarını aralı qoyduğundan budlarının dizə çatan hissəsindən asılmış iki girvənkəlik əti görünürdü. Oğlanı görən kimi gülümsədi və əli ilə «Bəri gəl» dedi.
– Gör necə göyərmisən?.. Əməlli paltun da yoxdu? Neynək! Evin-eşiyin, arvadın olanda paltun da olacey. Hər şeyin, hər şeyin olacey.
Gözətçi qadın subaşından qayıdıb şalını qarnına sarıyırdı ki, yerini rahatlayıb gözətçiliyini davam etdirsin. Qadın ona dedi ki, bir beş dəqiqəliyə çıxıram bunun otağına, – oğlanı göstərdi.
– Ta mən də qız dəgiləm ki, qoymuyasan.
Gözətçi arvad dedi ki, yeri az, sənin nəyin qızdı, sonra da nə fikirləşdisə əlavə elədi ki, sən qızdan betərsən, bacı.
Yetimin qanı lap qaraldı, ağlına min cür fikir gəldi, ancaq inamla qabağa düşüb «Gə, bala» deyən qadına etiraz eləmədən dalınca pillələri qalxdı. «İlahi, bu nədi, darvazadı-nədi?» Bundan sonra ağlına elə şeylər gəldi ki, heç öz-özünə etiraf eləmək belə mümkün deyildi. Əti ürpəşdi. Arvad kəhildəyə-kəhildəyə dedi:
– Budu sizin qapı? Aç görüm.
Qapını açıb qonağı içəri buraxdı. Qadın ortaya keçib üç çarpayısı, bir paltar şkafı, iki dolabçası, bir yemək masası və üç kürsüsü olan otağa, onun çox yerdən cırılmış solğun yaşıl kağızlı boş divarlarına, nimdaş pərdəli bir şüşəsi çatlaq çirkli pəncərəsinə baxıb başını buladı. Guya bütün bunların günahkarı qarşısındakı cansız-cəsədsiz Yetim idi.
– Bu da gün-güzərandı? Kişi də belə yerdə qalar? – Sözlər şillə kimi dəyirdi ona. Qadınsa insaf eləmək fikrində deyildi. – Neçə yaşın var?
– Otuz dörd, – oğlan müqavimətsiz cavab verdi.
Qadın onun qızarmağına, xəcalət çəkən adam kimi gözlərini gizlətməyinə fikir verməyib:
– Üzümə bax, – dedi və oğlan onun sürməli gözlərinə baxanda qadın baxışlarının istiqamətini dəyişdi və deyəsən başının hərəkəti ilə baxdığı yerə işarə elədi: – Kişi olasan, otuz dörd yaşına çatasan, özünə bir gün ağlamayasan? Evin-eşiyin, arvadın-uşağın olmasın? Nəysə... Bundan sonra olacey...
– Necə? – Yetim istehzadan çox qorxu ilə soruşdu. Qadın nəhayət mətləbə keçdi:
– Bir yaxşı qonşum var, şəhər adamıdı, nəcabəti-nəsli... Yaxşı bir qızı da var, başıaşağı, fikri özündə, sözünü-sovunu bilən, oxumuş... O azidi-nədi, oranın dərsini oxuyub, incinerdi. Bir ana, bir baladırlar. Üç göz ev, özü də dolu, xanım-xatın da anası. Atası rəhmətlik milisyədə işləyib...
Oğlan şübhə ilə baxdı qadına:
– Neçə yaşı var?
– Neçə? İyirmi səkkiz, ya iyirmi doqquz.
– Bəs bu vaxtacan niyə getməyib?
Qadın heç duruxmadı və çoxdan hazırladığı, bəlkə də dəfələrlə verdiyi cavabı dedi:
– Abırından, həyasından... Lotu-potuya nə var ki, yüzünə sürtüşür, yüz birinciyə ilişir. Fağırların, abırlı-həyalıların işi əngəldi. Yox, gərək ki, bir dəfə nişanlanıb da, amma tutmayıb, görünür allahdan qismət dəgilmiş. Taleh, qismət özgə şeydi, oğlum, o heç bəndəyə tabe olmur. Görünür sənin qismətin imiş. Sən də yetim oğlansan də, eşitmişəm nə atan, nə anan, nə də qohum-əqrəban var. Allah yetirib də, get ol hazır ev-eşik sahibi. Anası da yaşlı arvaddı, bu gün var, sabah yox. Nə vaxteycən bu yataqxanada – bu idbar otaqda özgə adamlarla yaşıyaceysən? Yaşın da ötür, bir üç-dörd ildən sonra kimdi sənə gələn? Hələ ki, cavansan tərpən, sonra gec olar.
Çarpayıda oturmuş Yetim əllərini qoynuna qoyub döşəməyə baxırdı, arvad da onun qabağında kürsüdə oturub qıçlarını aralamışdı. İki girvənkəlik ətləri görünürdü.
– Adamayovuşmazsan, acısan, görürəm bir dostun-simsarın da yoxdu, həmişə tək gəzirsən, yalquzaq kimi dolanırsan. Heç bu otaq yoldaşlarınla da görməmişəm səni. Yataqxana Urusetdən gəlmə qızla doludu, heç gözüvün ucu ilə də baxmırsan onlara, niyə, kişi dəgilsən?
Bir istədi yerindən qalxıb yapışsın bu arvadın qabağı ilgəyə gəlməyən sarı paltosunun hər iki yaxasından və sürüyüb salsın dəhlizə, ağzına gələni desin... Bir də gördü qadının qarnı çarpayıda oturduğundan sifəti bərabərindədir. Burnuna ağırlaşmış ət qoxusu dəydi və qəribədir ki, təbiətən vasvası olsa da bu qoxu onu iyrəndirmədi, əksinə elə bil qadının qabağı açıq sarı paltosundan xeyli irəli çıxıb burnuna dəyən qarnına toxunmaq istədi.
– Niyə sən belə aciz-avarasan ey? Ürəkli ol, əlli-ayaqlı ol, görürsən Mamedi Ətiqa xanım nə təhər saxlayır, o yetim cücəyə oxşayan gədənin indi boynu dönmür. Deyir burda mənəm, Bağdadda kor xəlifə. Nədi, nədi, Ətiqa xanım gözünə döndüyüm bu yataqxanadan çıxartdığı pulları yedizdirir ona. Əyninə-başına baxırsan o yetimin? Zato Ətiqa xanımın da könlü xoş olur, məndən böyükdü ey, belini toqqa ilə sıxıb sağrısını qabartmağına baxma, düz üç yaş böyükdü məndən, sən də...
Yetim onu həyəcanlandıran, başını gicəlləndirən qəribə ət iyinin içində qadına nə dedi, nə elədi, yadında deyildi, lap sonralar da xatırlaya bilmirdi. Əslində heç xatırlamaq istəmirdi də, bir də gördü ki, özü öz ayağı ilə qızgildədir, gələcək qaynanası da az qalır başına fırlansın. Qız isə nə ona baxır, nə danışır, nə gülür. Gülmək nədir, heç gülümsəmir də. Və Yetim gördü ki, qarımaqdan qorxub taleyini anasının, o qadının əlinə vermiş bu qarayanız, gözəllik, yaraşıq iddiasında olmayan qızın üzündə, bütün görkəmində qəribə bir ləyaqət, abır-həya, ismət var. Bu qız onun yetimxanada, zavodda, illah da yataqxanada gördüyü, tanıdığı qızlardan, qadınlardan necə seçilirdi. Ümumiyyətlə uşaq evi, peteu və zavodla, zavodun yataqxanası ilə məhdudlaşan həyat təcrübəsində o abırlı-həyalı qadına, qız-gəlinə təsadüf eləməmişdi. İşlədiyi sexin arvadları boş dayanmaqdan qorxub iş götürmək üçün necə vuruşurdular, sərfəli sifarişləri, bahalı hissələri bir-birinin əlindən qapırdılar, guya evlərinə yemək-içmək alırdılar, guya ət növbəsində, yağ növbəsində idilər və bir-birlərini didirdilər. O bu qadınlara yaxın düşməyi, onlarla nəsə bir iş görməyi, sevişməyi heç təsəvvür eləyə bilmirdi. Bir az da dərinə getsək qorxurdu bu arvadlardan, əyrini, kifiri, şikəsti açıqca lağa qoyan, insafsızcasına ələ salan bu qadınlara ürək isidib, könül vermək, bel bağlamaq olardı?
Çoxdandı yanaşı işləyirdilər, peteunu qurtarıb zavoda təyinat alandan, amma heç ağlına da gətirmirdi ki, yanaşı işlədiyi bu qadın ondan cəmi iki yaş böyükdür. Əri də zavodun sayılan, tanınan, davakar ceyillərindən idi. Yaşyarımlıq körpəsi olan bu qadının özünə inamlı davranışı, açıq-saçıq, bəzən də utanmaz söhbətləri, hələ işə gəldiyi birinci gündən onu abırsız sualları ilə qızartması Yetimdə belə qənaət yaratmışdı ki, bu qadın yəqin ki, iyirmi beş, iyirmi altı yaşındadır. On səkkizi hələ tamam eləməmiş oğlan üçün bu əlbəttə çox idi. Qadının adı Gülya idi. İş o yerə gəlib çıxmışdı ki, zarafatlamı, ciddimi Yetimə əl atır, qıdıqlayır və o biri qadınlarla birgə qaqqıldayıb gülürdü. İşə gəlmək oğlan üçün əsl əzaba çevrilmişdi, özünü sındırmamaq, daha gülünc görünməmək üçün o da oyuna qoşulurdu və bu o qədər süni olurdu ki, həm özü əzab çəkirdi, həm də camaatı daha bərkdən güldürürdü.
Belə günlərin birində Gülyanın səsi birdən batdı. Nə danışdı, nə güldü, nə ona sataşdı, nə arvadlara qoşuldu. Qız birdən-birə gözəlləşdi elə bil, hətta gözünün altında təzə əmələ gəlmiş, ancaq səylə gizlətdiyi qara ləkə də ona yaraşırdı. Səhərdən axşamacan işləyirdi. Hərdən Yetim onun gözündə yaş da görürdü və qəribədir ki, belə anlarda qadına mehri artırdı. Beləcə bir neçə gün keçdi, təzələnmiş Gülya yavaş-yavaş özünə gəlirdisə də, əvvəlki şaqraqlığı, abırsız zarafatları, açıq-saçıq söhbətləri yox idi. Elə bil ağır xəstəlikdən sağalırdı, amma orqanizmi hələ tam qələbə çalmaq üçün özündə kifayət qədər güc tapa bilmirdi.
– Yetim! Ada bax da! Zəhləm gedir sənin bu adından. Adam da uşağına Yetim ad qoyar. Lap özünə qarğış eləmək kimidir. Dəyiş adıvı! – Gülya əlini onun təzə-təzə qırxdığı sızaqlı üzünə çəkdi. Həmişəkinin əksinə olaraq bu dəfə qadının ona əl vurmasından xoşhallanıb qızardı və istədi ki, Gülya yenə də əl vursun ona, özü də tək sızaqlı yanağına deyil, çox vaxt zarafatla əl atdığı yerlərinə də. Kallaşmış səslə dedi:
– Mütləq dəyişərəm. Evlənəndə.
– Axmaq! – Gülya güldü. – Bu adla kim sənə gedəcək? Əvvəl adını dəyiş, sonra arvad alarsan. Qəribə adamdı bu rayonlular! Adam da öz uşağına Yetim deyər? Əşi cəhənnəmə, addı də! Ayrı şey soruşacaqdım, adın girdi ortaya.
– Soruş də. – Oğrun-oğrun Gülyanın nazik çit dondan bilinən qarnına, döşlərinin ayrıcınacan açıq sinəsinə baxdı.
– Məndən xoşun gəlir?
– Gəlir.
– Yox ey! Bir arvad kimi xoşuva gəlirəm?
Bunu da növbəti zarafat bildi və zarafat ahəngində də cavab verdi:
– Yox, zəhləm gedir səndən.
– Yalan deyirsən. – Qadın qəfil konveyerin ətrafındakı iş kürsüsünə oturdu və donunun yaxasını sinəsindən bir qədər aralayıb döşlərini göstərdi: – Bura bax!
Yetim göstərilən yerə baxa-baxa:
– Axı görən olar, – dedi və tez ətrafa boylandı. Xoşbəxtlikdən heç kəs yox idi. Konveyerin o biri tərəfnndə işləyən qadınlar mal dalınca getmişdilər.
– Qorxma, heç kəs yoxdu. Xoşun gəldi? Bilirəm, çox baxmısan, fasığın birisən, altdan-altdan, oğru pişik kimi baxırsan, amma susursan. Elə bilirsən camaat hərifdi, Gülya frayırdı?
Bu yerdə əslində Gülya kəklik kimi qaqqıldayıb gülməliydi, amma gülmədi və həyəcanla dedi:
– Məni kinoya apararsan?
– Ciddi sözündü?
– Apararsan ya yox?
«Bəs ərin? Axı görən olar? Sonra kim dayanacaq mən Yetimin dalında? On beş il yetimxanada, üç il peteuda sürünmüşəm, başıma qapaz dəyə-dəyə böyümüşəm ki, bir arvadın badına gedim? Nə var, nə var, gözünün altına dəyən yumruğun qisasını alacaqsan ərindən? Elə adam da seçmisən ki, hər şey sirr altında qalsın? Üstümü unlu görüb məni dəyirmançı bilmisən? Yoxsa Yetim həmişə yetim kimi də artıq-urtuq yeməlidir?»
Vermədi bu sualları, heç birini demədi.
– Apararsan?
– Apararam.
– Qəti sözündü?
– Dedim apararam.
Yenə də əlini Yetimin sızaqlı sifətinə çəkdi və maraqlıdır ki, bu təmasdan Yetimin gözləri doldu. Gülya onun dolduğunu görməyə bilməzdi, amma belə şeyi məsxərəyə qoymağın azarkeşi və ustası olan qadın bu dəfə gülmədi. Başını bulayıb:
– Yox, kinoya olmaz, – dedi. – Səni xataya salaram. Oğraş elə dəlidi ki...
Ərini deyirdi. Yetim ləyaqəti tapdanmış bu qadındakı dəyişikliklərin səbəbini düzgün anladığını özlüyündə qeyd elədi. Söhbət bununla da bitəcəkdi, əgər Gülya ilə gecə növbəsində görüşməsəydilər.
– Sənsən? Gecə növbəsində? – Yetim təəccüblə soruşdu.
– Sənə görə gəlmişəm.
– Dolama. – Qadının sözünə inansa da, özünü o yerə qoymadı.
– Çıxaq həyətə.
– Həyətə?
– Həyətə! – Qadın əsəbi dedi. – Bəlkə hər şeyi sənə açıq deyim? Ora qaranlıqdı, gözdən uzaq yer də çoxdu.
– Dəli olmusan?
– Mən çoxdan dəli olmuşam. Sən mənə kömək eləməsən, özümü öldürəcəm. Mən o oğraşdan qisas almasam özümü öldürəcəm, yaşaya bilməyəcəm. – Sonra bu monoloqun davamını cırcıramaların gecə nəğməsinin sədaları altında eşitməli oldu. Qadın onun sızanaqlı üzünü, üstü tər bığlı yumşaq dodaqlarını hirsləmi, ehtiraslamı öpə-öpə ərinin ona necə xəyanət etdiyini təfərrüatı ilə danışırdı. Elə bil hər şeyi öz gözü ilə görmüşdü.
– Qəhbəsi mənə zəng eləyib acıq verirdi, o şeyləri ki, bir mən bilirəm, bir o, hamısını dedi mənə, qızışanda dediyi sözləri təkrar elədi, haqq-hesab vaxtı qulağıma pıçıldadıqlarını... Barı ona başqa sözlər deyəydi, görünür beyni bundan çox varit eləmir. Mən...
Daha nə dediklərini eşitmədi, bir azdan heç eşitməyə ehtiyac da olmadı, çünki indi Gülya danışmırdı, Yetimin sıxıla-sıxıla dediyi heyrət dolu sözlərini dinləyirdi...
Üçcə gündən sonra eşitdi ki, Gülya təsadüfən «esensiya» içib ölüb. Hamı buna inandı. Yetimdən başqa.
O zaman Gülyanın üzündə gördüyü qəfil dəyişiklik, abırlı-həyalı qadın ifadəsi niyə düşdü yadına, axı bu qarımış qızla, Gülya arasında yerlə göy qədər fərq var idi, bəs bu oxşarlıq? Əgər o zaman Gülya «oğraş» deyib sevdiyi ərindən qisas almaq istəyirdisə və həmin istəyin təsiri ilə dəyişib başqalaşmışdısa, həmin o ifadənin bu qıza nə dəxli vardı? Bu kimdən intiqam alırdı? Bəlkə özündən, taleyindən? Bunu ilk dəfə gördüyü və tanımadığı qızın əvəzinə Yetim deyə bilməzdi, amma on yeddi-on səkkiz yaşın yaddaşında qalmış o tanış ifadə ürəyinə mərhəmətmi, mehrmi gətirdi? Hər halda Yetim uzunsov nazik sifəti, iri badamı gözləri olan bu qızın bütün görkəmində dünyadan istədiyinin yüzdə birini belə ala bilməyən insanın sakit, təmkinli, abırlı, hamıdan gizlədilən dilsiz kədərini gördü və ona məlum oldu ki, bir növ «qızgördüyə» gəlmiş Yetimin qabağındakı bu qız utanır, düşdüyü vəziyyətdən xəcalət çəkir. Bu əzab da, xəcalət də səssiz-səmirsiz idi, dilsiz idi. Yetim bir şeyə sevinirdi ki, bu evə hər gəlişindən sonra ürəyində qıza məhrəm duyğular bəsləyir, ona bağlanırdı. Ancaq onu da bilir və daha aydın hiss edirdi ki, anasına heç nəyilə oxşamayan, həm görkəm, həm də xasiyyətcə ondan kəskin surətdə fərqlənən bu qıza içində kişinin qadına bəslədiyi münasibətdən əsər-əlamət belə yoxdur. Ancaq geriyə yol yox idi. Geridə yataqxana, arvadsızlıq, qəlbə, duyğuya heç nə verməyən təsadüfi soyuq görüşlər, evsiz-eşiksizlik, şəkili Şakirin nisyə «mannı kaşası» və əvvəli-axırı görünməyən ev növbəsi, bozluq, mənasızlıq vardı. Hələ onu heç vaxt tərk etməyən yetimlik, kimsəsizlik xəstəliyi... Az vaxt içərisində ağzı gələcək kürəkəni tam tərk-silah etmək üçün qaynananın bişirdiyi dadlı, ləzzətli və urvatlı xörəklərə alışmışdı. Yeyib qurtaranacan ondan bir neçə dəfə soruşurdu ki, necə fisincanplovdu, dadlıdırmı, sizin yerlərdə beləsini bişirə bilirlərmi? Bəs badımcan dolması? Deyəsən bir balaca yağı az düşüb, qəssaba dedim axı, ət yavan oldu. «Yox, vallah yaxşıdır, çox da dadlıdır. Mən heç belə dolma yeməmişəm». «Harada yeyəcəksən, ay yazıq, siz nə bilirsiniz fisincanpilo nədir?» «Çox şadam, çox razıyam ki, xoşuva gəlir. Fisincanplovu İçərişəhərlilərdən başqa kimsə bişirə bilməz». «Mama, bəsdi də, o qədər tərifləyirsən ki, adamın iştahası qaçır». Ana gülür, qəhqəhə çəkir və deyir ki, həmişə belədi, mənim zəhmətimi yerə vurur bu qız, bir dəfə deməz ki, çox sağ ol, ay ana, yaxşı xörək bişirmisən.
Şakirin qabyuyanı da elə hər gün «maşallah, yaman kökəlmisən, sifətivin dərisi işıldayır, göbək bağlamısan, deyib həmişəki kimi onun qarnına deyil, bir az aşağı baxırdı. Maşallah, maşallah, bəs haçan çəkirsən nişanlıvı döşüvə» deyə-deyə Yetimin üstünə yeriyirdi. Arxada divar olmayanda qaçıb qurtara bilirdi arvadın əlindən...
Bütün bunların üstündən xətt çəkib, tanrının payına təpik atıb təzədən geri qayıtmaq istəmədi. Qadının dediyi kimi tanrısına şıllaq atmadı...
Əli qızın əlinə ilk dəfə qaynanasının və qohum-əqrabasının əhatəsində barmağına nişan üzüyü taxanda dəydi və bu soyuq uzun barmaqların sərin təması nəinki onları bir-birinə yaxınlaşdırdı, əksinə bir az da uzaqlaşdırdı. Elə bil on beş, iyirmi günə bir-birinə az da olsa isinişmiş qızla oğlanın arasında gözəgörünməz yarğan açıldı. Ürəyinə birdən-birə qəribə bir soyuqluq, yadlıq hissi çökdü və onunla da bərabər qorxu düşdü canına. Birdən keçib getmədi bu soyuqluq?
Şubhəsi özünü doğrultdu. Toy gecəsi qıza yaxın durmadı. İkinci gün də, üçüncü gün də... Qəribə burasıdır ki, qız bundan narahat olmadı. Belə vaxtlarda başqa qadınlar, qızlar, duvağını atmaq arzusu ilə yaşayan, quş kimi çırpınan gəlinlər kimi deyinmədi, narazılıq eləyib tənəli eyhamlara keçmədi. Səbrlə, təmkinlə gözlədi, bəlkə də heç gözləmirdi, bu elə onun üçün göydəndüşmə idi. Hər halda Yetim görürdü ki, bu səbrlə yaxınlığı gözləməkdən çox, onu istəməməyə daha çox oxşayırdı. Adama elə gəlirdi ki, sirrini, sözünü-sovunu içində saxlayan bu qız nəyinsə dəyişəcəyini gözləyir, bəlkə də ümid eləyir, inanmaq istəyir ki, bu toy, ondan bir az aralıda yatan yad adam, bircə ayın içində bir, bəlkə də ikiillik görüş, nişan məsafəsini birnəfəsə adlayıb gəlmiş yad kişi ilə düşdüyü bu oyun müvəqqətidir. Bəlkə toydan bir həftə keçsə də yaxınlığın baş tutmamasını elə həmin dəyişikliyin ola biləcəyinə yozurdu. Ümid eləyirdi ki, bu da allahdandır. Yoxsa evlənən, toy eləyən kişi niyə əl-qolunu tərpətməsin? Bütün bunlar Yetimin ağlından keçir, fikrini qızın özündən, bədənindən çox taleyinə, nə düşünə biləcəyinə yönəldirdi...
Nəhayət, qaynanası bu «müsibətə» dözə bilmədi. Hələlik təzə bəyə bir şey deməsə də, imkan düşən kimi qızını qabağına qoyub o ki var danlayır, abrını tökürdü. Onun axmaq, başıboş, pisniyyət və balıq kimi soyuq olduğunu deyirdi.
– Sən necə qadın, necə cuvanəzənsən ki, kişini aça bilmirsən, elə sifət gətirirsən ki, elə bil anan ölüb düzlərdə qalmısan. Bir danış, gül, kişiyə nəvaziş göstər, axı bu yetim oğlu yetim sənə necə yaxın dursun ki, sən kirpi kimi yumrulanıb oturmusan? Bilinmir başın hardadı, ayağın harda? İstəmirdin, getməyəydin, səni məcbur eləyən vardı? O avara qumarbaza, cüvəllağıya görə gül kimi iki oğlanın nişanını qaytardın ki, sevmirəm, indi allah üzüvə gülüb, başına döyə-döyə bu yetimi gətirib, niyə tanrına təpik atırsan? On yeddi-on səkkiz yaşında su sonası kimi qızlar tökülüb qalıb, sənin otuz yaşında baxtın açılıb, pis olub? Niyə qudurursan?
– Mama, eşidir axı... – Qız yavaşca pıçıldayır. Yetim bu otaqda bir az da büzüşür. – Qoy eşitsin! – Qaynana səsini bir pillə də qaldırır. – Kişi kişi olsa ölü arvadı da cana gətirər, yetmiş yaşında qarını da yoldan çıxardar. Yoxsa... yaxşı tapışmısız. Guya bunu gətirmişik ki, yesin-içsin şellənsin, fıs-fıs yatsın. Kişi kişilik eləyə bilmirsə evdə onun yerinə bir qara daş yaxşıdı, mağıl qoz sındırarsan üstündə. Kül qoyum Zərxanımın da başına, ay belə kişidi, ay nə bilim belə oğlandı, nə bilim nəyi necədi, orası elədi, burası belədi, dili...
Yetimin sifəti od tutub yanırdı, xəcalətindən girməyə yer axtarırdı və nədənsə belə məqamlarda onun da yadına Zərxanım və ondan gələn xarab olmuş ət iyi düşürdü və utansa da özü-özünə etiraf etməli olurdu ki, yaddaşına yatmış bu iy hələ də onu həyəcanlandırır. Qaynanasının məhz ona eşitdirmək üçün dediyi sözlərin qabağını almaq məqsədilə qulaqlarını tutsa da, bu ona kömək eləmirdi. Arvadın zəhərli, tikanlı sözləri qulağagirən kimi barmaqlarının arasından yer eləyib qulaqlarına işləyirdi...
Siqaretin tüstüsünü açıq pəncərədən bayıra üfürür və heç cür sakit olmayan ürək çırpıntısı ilə arvadının yataq otağına gəlməsini gözləyirdi. Yeddi gün keçmişdi toydan. Bu gün də ona yaxınlaşmağa cəsarət etməsəydi gedəcəkdi bu evdən. Ancaq hara gedəcəkdi? Yataqxanaya? Elə bir Zərxanım bəs idi ki, özünü assın. Deməli, harasa uzağa, bəlkə də başqa şəhərə, lap Urusetə getməliydi. Heç kəsin onu tanımadığı yerə – Urenqoya, Tındaya, bəlkə də Norilskə. Hər halda getməli idi. Mütləq baş götürüb qaçmalı idi.
Qapının səssiz açılmasından bildi ki, arvadıdır. Çönüb ona baxmasa da bildi ki, toydan sonra geydiyi nazik mavi xalatını soyunub səliqə ilə şkafdan, ya da çarpayının başından asdı. Yenə də toydan sonra geydiyi gecə köynəyi əynində idi. Yorğanın xışıltısından bildi ki, həmişəki kimi astaca yatağa girdi, suya girən kimi. Bütün bu zərif xışıltılar, ürkək ehtizazlar, qaranlıqda qızın nəfəsinin eşidilməsi ona təzə gəldi. Elə bil bütün bunlarda bir mehribanlıq, ürəkqızdıran sığal vardı.
Yumşaq, asta addımlarla çarpayının əks tərəfinə yaxınlaşıb soyundu. Həmişəki kimi maykasını da çıxartdı. Qız deyəsən heç nəfəs də almırdı. Bəlkə gözlərini də yummuşdu. Yorğanı xışıldatmamaq üçün bir qulağından tutub ehtiyatla qaldırdı və buz kimi soyuq altına girdi.
Nişastalı soyuq döşəkağını bütün kürəyi ilə hiss edirdi Arxası qatda elə uzanmışdı ki, ancaq otağın qaranlıqda güclə ağaran tavanını görürdü və təbii ki, tavan onun hisslərini oyada bilməzdi. Qız da tərpənmirdi, hər halda tərpənmək əlaməti yox idi. Bir ümumi günahın iki şəriklisindən biri kimi mehriban, qayğıkeş və həm də əsas günahkar kimi soruşdu:
– Anan genə danlayırdı deyəsən?
Qız cavab vermədi.
– Taqsır səndə yox, məndədi. Sən məni... – «Bağışla» sözünü dilinə gətirə bilmədi. Heç vaxt işlətməmişdi «Məni bağışla» ifadəsini, dilinə yatmırdı.
Qız yenə də tərpənmədi, heç qımıldanmadı da, ancaq oğlan bildi ki, o ağlayır. Hətta ona elə gəldi ki, arxası qatda uzanıb nəfəs almağa belə qorxan qızın gözlərinin künclərindən gicgahlarına axan göz yaşlarını görür, onların ilıqlığını soyuq barmaqlarında hiss eləyir. Ürəyi isindi, birdən-birə heç kimə heç vaxt bəsləmədiyi bir duyğunun təhrikiylə yorğanın altında axtarıb qızın əlini tapdı. Onun əsəbdənmi, həyəcandanmı sıxılmış kiçik yumruğunu tutdu. Qızın isti yumruğu onun ağır və çox iri əlinə asanlıqla sığışdı. Xırda quş kimi titrəyən əlin istisi barmaqlarına, ovcunun ortasına, oradan da biləyinə keçib qəribə bir sürətlə bədəninə yayıldı. Qəfil qucaqladı qızı, onun zəif müqavimətinə məhəl qoymadı...


– Nədi, niyə birdən dayandın? – Briqadir üst-üstə qoyulmuş armaturlardan birini götürüb ucunun itiliyini barmağını toxundurmaqla yoxladı və öz-özünə «İtidir» dedi. – Bura bax, qəşəng oğlan, bəs heç soruşmadın ki, bunu neynirlər?
Yetim başını bulayıb köksünü ötürdü və elə bil briqadiri indi gördü, key-key onun üzünə baxıb cavab vermədi və fikirləşdi ki, o nə sirr idi elə, o nə qəfil dəyişiklik idi? Həm də nə xoşbəxt gecə idi! Qızın dişləri arasında sıxdığı iniltisini indi də eşitdi, sonralar da bu iniltini tez-tez yadına salır və hər dəfə də bu iniltidən yeni qüvvə alırdı elə bil. O gecə Yetim qarşılıqlı nəvaziş, məhəbbət görmüşdü, bütün varlığı ilə hiss eləmişdi. Bəs sonra nə oldu, niyə bu məhəbbət özünə yer eləməmiş yox oldu, yerində heç nə qalmadı. Hər ikisinin ehtiyac hiss etmədiyi mənəvi birlik, qəlb, könül yaxınlığı yox idi. Qadın ərini heç vaxt rədd eləmir, ancaq yaxınlığa həvəs də göstərmirdi. Daha çox qadınlıq borcunu, arvadlıq vəzifəsini yerinə yetirirdi. Boynuna uşaq düşməsi və anasının fəal təhriki ilə bir müddət ayrı-ayrı otaqlarda yatmaları qızı deyəsən sevindirirdi. Qəribə də olsa bu məcburi fasilə onun ərinə qılığını artırmış, diqqətini, mehribanlığını gücləndirmişdi. Bir neçə günün içində nəvazişli bir gəlinə çevrilmişdi. Heç vaxt onu adı ilə çağırmayan Yetim bu nəvazişlərdən ürəklənib kişiləşmiş, elə bil ərköyünləşmişdi. Lazım oldu olmadı, qızı «Humay» deyib adı ilə çağırır və xəfifcə gülümsəyirdi. Hətta bir dəfə qaynanasının yanında dedi ki, mən həmişə istəmişəm ki, arvadımın adı ya Humay olsun, ya da Bilay.
– Rəhmətlik anamın adıydı Humay. – Qaynana da mehriban-mehriban demişdi. – Yazıq arvad elə nəvə deyə-deyə köçdü dünyadan. Axı düz on il uşağımız olmadı. Mən bunu nəzir-niyazla tapmışam. Bir qonşum vardı o vaxtlar, allah rəhmət eləsin, onda hələ şəhərdə yaşayırdıq, bu xarabaya köçməmişdik. Nardaran pirinə bir kəlağay nəzir eləmişdi. Onda elə adamlar, qonşular vardı. Yoxsa burdakılar...
Humayın hamiləliyi arvadı da xeyli yumşaltmışdı. Hətta mətbəxdə qonşu arvada «Ta neynim, hər kimdi, uşağımın atasıdı» deyəndə eşitmişdi öz qulağı ilə və son vaxtlar arvadına nə qədər mehrli, məhəbbətli olsa da, ürəyindən keçmişdi ki, guya adam salıb bu axtarmayıb məni? Qızını qarıyıb evdə qalmaqdan mən xilas eləməmişəm?
– Amma Bilan nədi?
– Bilan, yox, Bilay. Qədim addı.
– Hə, bunu biz bilmərik, kənd adıdı yəqin.
– Humay adı çox yaraşır sənə. – Bu etirafından tək arvadı deyil, özü də qızardı.
– Yaxşı, yaxşı, indi təzədən sevişərsiniz. – Qaynanası durub mətbəxə keçdi.
Arvadının bətnindəki həyat rüşeymi, qız və ya oğlan olacağı məlum eləməyən yeni, ikisinin ümumi birgə həyatı, bölünməz şərikli malı onları doğmalaşdırmış, qohumlaşdırmışdı. Bundan sonra istər ölənəcən bir yerdə yaşasınlar, istərsə də hərəsi dünyanın bir başında olsun, lap bir-birinə düşmən kəsilsinlər, fərqi yoxdu, onları bir-birinə bağlayacaq adam mövcud olacaqdı. Atasız-anasız, yurdsuz-yuvasız, qohumsuz-qardaşsız, inkubator cücəsi kimi anonim Yetimin yeganə qohumu – qanı qanından, canı canından olan oğlu, bəlkə də qızı göz açacaqdı bu dünyaya. İlahi, bircə buna görə, atalıq hissini içindən keçirmək üçün evlənməyə, hətta dünyanın ən idbar, ən yaramaz qadını ilə belə evlənməyə dəyərmiş. Allah onun üzünə gec də olsa baxdı, dünyaya anonim gətirdiyi bəndəsinin üzünə gülümsədi, ona yaxşı arvad qismət elədi.
– Bilirsən şəhərdə nə həngamə var? – Briqadir ucu gümüş kimi ağaran armaturu o yan-bu yana çevirdi, elə bil çəkisini, zərbə gücünü yoxlamaq üçün silkələdi. – Demədi neynir bunu?
– Bayaq dedim də sənə... – Yetim hövsələsiz cavab verib növbəti armaturu götürdü və dəzgaha geydirdi. – Dedi ki, bağına hasar çəkdirib üstünə varit elətdirəcək bunları. Yoxsa hər dəfə deyir gəlib görürəm həyət-baca bir gündədir ki...
– Qız aparırlar də...
– Kim aparır?
– Ceyillər... Əllərinə qız düşdü aparırlar onun-bunun bağına, hasarı keçirlər, hələ evə də girirlər. Tembole qışda. Bağlar yiyəsiz, evlər də boş.
– Bunları vurandan sonra o hasardan keçən olmaz. – Yetim dedi və dəzgahı işə saldı. Almaz bıçaq metalın paslı qatını ağac kimi sıyırdı, hərdən ət ürpədən səs çıxırdı metaldan.
Briqadir dəzgaha işarə ilə:
– Gör neynirsən? – dedi. – Kor qoyassan o cür dəzgahı.
– Öz bıçağımdı, – Yetim dedi.
– Bəlkə dəzgah da sənindi?
– Qorxma ey, payın çatacaq.
– Bu oldu təmiz söhbət. – Briqadir dərhal yumşaldı və kefi də kökəldi. – Amma qansız adamdı kimdisə, bəs demir xalxın uşağının qarnına-qasığına girər?
– Dinc otursunlar girməsin! – Yetim briqadirin acığına belə desə də onun «qansız adam» qiyməti ilə ürəyində razılaşdı və müştərisinin sifətini yadına saldı. Nəyin bahasına olursa-olsun ucu itilənmiş armaturları təcili surətdə əldə etmək istəyindən şübhələndi. Elə bil Yetim bu qəribə sifarişin yaxşı məqsədə xidmət etməyəcəyini bildiyi halda göz yumurdu pulun xatirinə. Asanlıqla, daha doğrusu qısa bir vaxtda əlinə gələcək xeyli pul tutmuşdu gözünü. İradəsini almışdı əlindən hətta bir istədi o da şübhəsini briqadirə bildirsin, amma susdu və tamam özgə şey dedi:
– Adamdı də. Mən bir dəfə qəzetdə oxumuşam ki, Urusetdə bir kişi on üç yaşında oğlanı döyə-döyə öldürüb, bağından gilənar dərdiyinə görə.
– Mən ölüm?
– «Litqəzet»də yazmışdılar, yadıma düşdü.
Briqadir əlini dizinə çırpdı:
– Pah, ateyin evi yıxılsın. Gilənara görə? Ə, onu... Biz eləsək, deyərlər varvarıq, vəhşiyik, buyur, bu da sənin urusun.
Əlindəki armaturları o birilərinin üstünə atdı.
– Deyirsən bunun biri on manatdı?
– Elə deyib. – Yetim «on manat» söhbətini dilindən qaçırdığı üçün ürəyində özünü söydü. – Görək hələ gəlib çıxırmı?
Briqadir onun müəmmalı cavabından xoşlanmadı və:
– Heç burcudub eləmə, – dedi. – Sabah payımı verməlisən, yoxsa halal eləmərəm.
– Çürütmə də. – Yetim bıçağın üstünə bulanıq maye tökə-tökə dedi. – Dedim verəcəm, verəcəm, kişinin sözü bir olar.
Briqadir arxayınlaşıb söhbəti yenə də şəhərdəki vəziyyətə yönəltdi:
– Bizim zavoddan da yaman söhbət gedir. Bəlkə fenol sexini bağladılar.
– Kim bağlayacaq? Hökumət öz ziyanına iş görəcək?
– Hökumət! – Briqadir siqaret çıxartdı. – Hökumət var, ə? Camaat nə desə odu. Hamı bir yerə yığışsa, əlbir, sözbir olsa kimi desən yıxmaq olar. – Siqareti sümürdü. – Görmürsən balalarımızın rəngini. Mənim iki uşağım üç yaşına çatmamış öldü. Taqsır elə bilirsən məndə, ya arvaddadı, yoxsa saxlaya bilmirik? Hələ böyükləri demirəm. Gör bu şəhərdə dərmana yetmiş yaşında adam taparsan, əlli-əlli beş, patalok altmışdı. Gör nə qədər uşaq ölü doğulur.
Yetim diksindi. Qarnı burnuna dəyən arvadı düşdü yadına, ancaq tez də yadına saldı ki, gərək ki, dünən uşaq tərpənib, gecikir də, oğlan həmişə gecikir, kopolunu gözləməkdən gözümüzün kökü saraldı, hövsələmiz bir tikə oldu.
Briqadir söhbəti davam elətdirdi:
– Deyirlər şəhərə yaman hərbiçi töküblər. Deyirlər niyə, öz gözümlə görmüşəm. Nəsə var. Elə bil bu boyda şəhər bomba üstədi. Özü də yetirib haaa...
– Nə bomba? – Fikri ayrı yerdə olduğundan o saat başa düşmədi.

– Deyirəm elə bil... – Briqadir şübhə ilə baxdı ona. – Naxalstroylar tərəfə yaman qaçqın gəlib, xaraba Qafandan. Pah ateyin... Ə, ora da, Zəngəzur da, lap elə İrəvan da bizimdi ey, öz torpağımızdı. – Briqadir siqaretini sümürüb tüstünü buraxa-buraxa davam elədi. – Deyirlər xarabanın Qukark adlı bir rayonu var, orda yaman qırırlar bizimkilərdən.
– Niyə? Noolub ki?
– Qovurlar də, deyirlər Ermənistanda erməni yaşamalıdı. Qırdıqlarını qırıblar, qalanlarını da ac-yalavac, ayaqyalın, başaçıq qovub çıxardıblar. İçlərində bir xalam nəvəsi də var, beş baş külfətdən üçü gəlib çıxıb, ikisi hardadı məlum dəyil. Kişi arvad kimi ağlayır, az qalır ulasın.
– Necə yəni ikisi məlum deyil? – Yetim həyəcanlandı.
– Ə, bəs demirəm ki, qovublar, bir saatın içində, avtomatın qabağında, nə bilirsən kim hara üz tutub. O qədər dağda-dərədə uşaq azıb, qurda-quşa, allah göstərməsin, yem olub. – Briqadir hirslə siqareti yerə atdı. Dabanı ilə əzib söndürdü. – Nəsə olmalıdı ey. Allah bu zulmü elə-beləcə götürən dəyil.
Yetim briqadirin dediklərinə inana bilmirdi..
– Bəs Moskva niyə ölçü götürmür?
Briqadir istehza ilə gülümsədi:
– Moskva? – Başını buladı. – Ay zalım, bəlkə elə Moskvanın barmağı var burda? Elə ki, urus qardaşımız bir az çətinə düşür, ermənini qısqırdır musurmanın üstünə. Deyir qoy qırsınlar bir-birini. O da gəlsin böyük qardaş kimi aralasın hər ikisini, tənbeh eləsin, ağıl versin.
Yetim mat-mat baxdı briqadirə və hazır armaturu çıxardıb o birilərin üstünə atdı.
– Yox, nəsə olmalıdı, şişən mütləq partlamalıdı. – Briqadir bu cümləni təkrar edə-edə uzaqlaşdı. Xeyli aralıda dayanıb barmaqlarını bir-birinə sürtdü:
– Sabah gələcəm.
Yetim başını tərpədib güldü:
– Oldu də. İş sözdən keçər...


– Bilirsən, atamın vəziyyəti ağırdı. – Oğlan yeri düşdü-düşmədi dedi. – Bəlkə heç sabaha çıxmadı.
– Nə danışırsan? Ya je nedavno videla eqo, takoy zdarovıy na vid. İ çem-to tebya napominayet. – Qadın elə bil onunla göz-gözə gəlməkdən qorxurdu. Danışanda çiyninin üstündən harasa uzağa – boşluğa baxırdı. – A çto u neqo?
– Xərçəngdi. Dünən evə gətirdik, həkim dedi aparsanız yaxşıdı.
– Da, eto i est qumannost sovetskoqo vraça. – Susdu və bir azdan pıçıldadı: – Soçuvstvuyu.
– Çıxdım rayona teleqram vurum.
– Ladno, toqda ne zaderjivaysya. – Əlini xudahafizləşmək üçün irəli uzatdı.
Oğlan onun yumşaq, havanın soyuq olmasına baxmayaraq isti qalmış əlini tutub ovcunda saxladı və dedi:
– Niyə gözümə baxmırsan?
Qadın əlini çıxarmağa zəif təşəbbüs göstərdi və baxışlarını inadla gizlətməkdə davam elədi.
– Qorxuram...
– Gedək sizə.
– Nə danışırsan? – Qadın doğrudan da qorxdu. Oğlanın ovcundakı əli titrədi. – Eto ne vozmojno!
– Onsuz da əl çəkməyəcəm. Özü də indi, bu saat! Çünki sabah, lap o biri gün də evdən çıxa bilməyəcəm.
Qadın daha əlini onun iri, rahat ovcundan çıxarmaq istəmir, üstündə gəzən baxışların təsirindən əriyirdi. Bələd idi onun bir qədər kobud inadına, bilirdi ki, əl çəkən deyil və özü də hiss eləyirdi ki, bu inadın dönməzliyindən xoşlanır. Bəlkə də ona elə bu cür inad, təzyiq lazım idi. İçərisindəki bu təsadüfi görüşə qarşı baş qaldırmış güclü müqavimət hissini yalnız belə çılğın inad sındıra bilərdi. O boğulmaqdan xilas olmaq üçün saman çöpünə əl atan adam kimi dedi:
– Bəlkə sabah?
– Dedim axı sabah mümkün deyil. – Oğlan onun əlini buraxıb qolundan yapışdı. – Bu saat, indi.
Qadın qolunu çəkməyib yaşadığı mikrorayona tərəf yönəldi.
– Yaxşı, sən deyən olsun, sən həmişə mənim evimə təklifsiz gəlmisən, kak veter v skvoznyake. No imey v vidu çto ya staraya, bolnaya, slabaya jenşina.
Oğlan heç nə demədi və onun qolunu buraxmadan yanaşı addımladılar. O istəkdən, həvəsdən tələsik, iri addımlarla gedirdi. Qadın onunla çətinliklə ayaqlaşırdı. Keçmiş xatirələrin birdən-birə baş qaldırmasından oyanmış ehtiras çoxdan soyumuş vulkanın püskürməyə hazırlaşmasını yada salırdı. Həm də evə tələsməliydi. Atası ilə bağlı nigarançılıq içindən bir an da olsa çəkilmirdi. Hətta bu saat bütün varlığını, təpədən-dırnağa kimi bədənini çalmış ehtirasa, bu iki daşın arasında qadın yanına getməsinə təəccüb edir, özü özünü başa düşmürdü. Yaxşı bilirdi ki, bu saat evdəkilər, elə qonum-qonşu onun yolunu gözləyir, hamı bir-birindən soruşur ki, bə Fuad hardadı, niyə oğlu burda deyil? Bəlkə də kişi artıq keçinmişdi. O da burda mazaqda. Hətta bu fikir də onu istəyindən döndərə bilmədi.
– Görürsən qabaqdan gələn tolpanı. – Qadın qəfildən dayandı və oğlanın qoluna sıxıldı. – Avtovağzal tərəfdən gələnləri deyirəm.
Qadının göstərdiyi səmtə baxanda doğrudan da yüz əlli-iki yüz adamın hay-küylə onlara tərəf gəldiklərini gördü. Qadın elə bil bu saat onun sağ böyründən içəri girəcəkdi.
– Küçədə mənimlə ancaq sizin dildə danış. – Qadın pıçıldadı.
– Niyə? – Oğlan təəccübləndi. – Bu nə deməkdi?
– Bilsələr ki, erməniyəm... – Sözünü bitirmədi. – Qorxuram.
Oğlan həqiqətən hirsləndi və bir qədər kobud dedi:
– Da tı çto? Bu vaxtacan burda hansı erməninin anasını... Heç sizə gözün üstə qaşın var deyən olub?
– Ya tebya proşu... – Dəstə yaxınlaşdıqca, aralarındakı məsafə qısaldıqca qadın onun qolundan daha möhkəm yapışırdı. Qorxu qadını bircə anda elə dəyişdi ki, oğlan özünü təhqir olunmuş kimi hiss elədi. Qadınsa lazım oldu-olmadı azərbaycanca danışmağa, səsini camaata eşitdirməyə çalışırdı.
Dəstə onların bərabərindən keçəndə bir neçə cavan qışqırdı:
– Bizə qoşulmayanlara ar olsun! – Dəstə xorla: – Ar olsun! – dedi. – Ar olsun!
Şəksiz bu sözlər ona aid idi. Nəsə demək, bu təhqirə cavab vermək istədi, qadın deyəsən onun məramını anlayıb qolundan dartdı və az qala yalvardı:
– Ya tebya umolyayu molçi! Pust, pust uxodyat, a to umru. Seyças je umru.
Dəstə «Qa-ra-bağ, Qa-ra-bağ» deyə-deyə iyirmi bloklu nəhəng evin sonunda burulub yox oldu. Hələ bir müddət səsləri eşidildi.
Qadın dayandı və alnını oğlanın çiyninə söykəyib batmış səslə dedi:
– Dayan... Qospodi... Öldüm… Kak ya boyus ix, kak ya boyus lyudey, vsex boyus.
Qadının qorxusu, titrəməsi deyəsən ona da keçdi, bununla belə o qadının bu qəribə, əsası olmayan təşvişini başa düşə bilmirdi.
– Axı niyə belə qorxursan? Razve...
– Düz bir həftədir evə zəng eləyib hədələyirlər məni, uqrojayut. Deyirlər bir həftəyə rədd ol get şəhərdən.
– Da tı çto? Kto uqrajayet?
– Bircə həftə vaxt veriblər.
– Ciddi sözündü?
Qadının gözləri doldu.
– Hər gün zəng eləyirlər. Qorxuram. – Yenə də onun qolundan tutdu – Mne straşno, po noçam spat ne moqu. Siju, vsyo jdu... Mne kajetsya vot-vot pridut.-Səsi tutuldu.
– İstəyirsən gecələr qalım yanında?
– Net, net!
– A poçemu net? Gedənəcən qalım, po noçam...
– Yox! – Qadın qəti və bir qədər əsəbi etiraz elədi və demədi ki, vaxtı ilə onu xoş-naxoş «Krunk»a üzv yazıblar, neçə ildi ora pul verir. Onu bu işə elə cəlb ediblər ki, heç ruhu da inciməyib. Elə bilib ki, çüzi də olsa bu təşkilata verdiyi pul insanpərvərlik, vətənpərvərlik rəmzidir. Azərbaycanda, elə Ermənistan ərazisində də yaşayan imkansız, maddi vəziyyəti ağır olan ermənilərə kömək etmək, yardım göstərmək müqəddəs iş, vətəndaşlıq borcudur. Sonralar, yəni Dağlıq Qarabağ «marafon»unun niyyəti hamıya, xüsusilə, Azərbaycanda şad-xürrəm yaşayan ermənilərə məlum olanda «Krunk» haqqında fikri dəyişdi. Başa düşdü ki, ayda xəzinəsinə iyirmi beş-otuz manat köçürdüyü «Krunk»un məqsədi heç də zavallı, kasıb ermənilərə yardım etmək deyil, qonşu torpağını zəbt eləmək, qəsbkarlıqdır. Lap bu günlərdə ona zəng vurub pis başa düşdüyü və heç danışa bilmədiyi erməni dilində deyəndə ki, əmanət kassasında nəyin varsa götürməlisən, soruşmuşdu:
– Kimdi danışan?
– «Krunk».
– «Krunk?» – Nədənsə ürəyi düşmüşdü. Deməli, həmişə nəzarət altındadır. Kimlərsə onun bütün həyatını kənardan izləyir, hər addımını, hərəkətini ölçüb-biçir. Qorxa-qorxa soruşdu:
– Sizə nə lazımdır?
– Bu gündən bizim tapşırıqlarımıza əsgər kimi əməl etməlisən! Danışıqsız! Əks halda...
«Əks halda» nə edəcəklərini deməyib dəstəyi asdılar. Qoy hər kəs dəhşəti özü təsəvvür eləsin.
Elə həmin günün səhəri heç kəsə demədən, gənəşmədən əmanət kassasındakı iki min yüz qırx manat pulunu qəpiyinəcən götürüb kitabçasını bağlatdırdı. Əmanət kassasındakı tanış, yəni on ildən çox tanıdığı ağbaş, qaragöz, sifətdən xeyli cavan kassir təəccüblə dedi ki, sizdən nə əcəb bu qədər pulu birdən götürürsünüz? Qeyri-müəyyən bir cavab vermişdi. Deyəsən demişdi ki, mebel almaq istəyirəm...
Sonrakı göstərişə görə ev şeylərini qablaşdırmağa, ən qiymətli hesab elədiyi şeyləri bir yerə toplayıb şəhərdən müvəqqəti də olsa çıxmağa hazırlaşdı. Satdığını satdı, aldığını aldı və çamadanları yan-yana düzdü. Hansı gün getmək haqqında xüsusi göstəriş, komanda olmalı idi. Düz bir həftə idi tikan üstdə oturmuşdu. Hər telefon zəngini qorxa-qorxa dinləyir, dəstəyi götürüb bir anlığa xəttin o başına qulaq asır və yalnız bundan sonra özgə səsi ilə:
– Bəli! – deyirdi.
Və danışan da elə birinci onu soruşurdu ki, nə olub sənə, səsin niyə dəyişib, elə bil titrəyirsən, qorxursan. Əməlli cavab verə bilmirdi. Nə tanış azərbaycanlılardan, nə ruslardan, nə də ermənilərdən soruşa bilmirdi ki, eşitməmisiniz ermənilərin köçməyindən? «Krunk» haqqında ikinci bir adama söz demək istəyirdi, ancaq qorxurdu. Telefonun dəstəyindən qulağına gələn hədə dolu səsi yadına salanda tir-tir titrəyirdi. Amma deyilən vaxt azaldıqca, günlər bir-bir suya düşən daş kimi asanlıqla dibsiz keçmişə batdıqca ürəyində şübhə baş qaldırırdı. Bəlkə onunla zarafat eləmişdilər, sataşmışdılar? Tək, kimsəsiz qadını məsxərəyə qoymuşdular?
Bütün bunları qadın təbii ki, oğlana demədi. Ürəyini boşaldıb içində gəzdirdiyi sirrin ağırlığından əyilən qəddini düzəltməyə böyük ehtiyac hiss eləsə də özünü saxladı. Sövq-təbii hiss elədi ki, əgər bu sirri, telefon zəngini ikinci bir adama danışsa hər iki tərəf bundan ziyan görə bilər.
– Nə oldu sənə? Niyə belə titrəyirsən? Bəlkə... Qorxma, indi ondakı kimi dəli deyiləm. Zorla gəlib girməyəcəyəm ki, evinə. Mən sənə görə deyirəm.
– Demə, heç nə demə, bu haqda söhbəti bitirək.
Yaşadığı binaya çatmışdılar. Qadın dayandı və bir qədər tərəddüdlə:
– Bəlkə lazım deyil? – dedi. Oğlanın inadla susduğunu və od tökülən gözlərinin onu az qala diddiyini görüb təslim oldu, amma bu məğlubiyyətdə razılıq hissi vardı. – Əvvəl mən gedəcəm. Yox, ala açarı, birinci sən get, aç qapını. Lap yuxarıdakı qıfılı aç, sağa bur, iki dəfə. Yox, yox, yox, qapını açanda görən olar, yaxşısı budu mən gedim, zəngi basma qapı açıq olacaq, çalış heç kəsin gözünə dəymə. Eşitdin? Ya umolyayu çtobı ni kto... – Sürətlə getdi. Uzaqdan göz qoydu qadına. Elə gedirdi ki, elə bil düşmən istehkamının ortasından əliyalın keçirdi...


Qaynana uzaqdan tramvayın qaraltısını görüb ürəyində «Allah sənə şükür, gəldi» dedi və nəfəsini dərmək üçün yerə qoyduğu dolu qoşa zənbilin yenə də hərəsini bir əlinə götürdü. Ondan bir neçə addım aralıda dayanmış ər-arvad eşitməsin deyə üzünü tramvay gələn tərəfin əksinə çevirib xırda-xırda deyindi:
– Allah məni yaradıbmış ki, yaşımın bu çağında yetim-yesirə hamballıq eləyim, boğma daşıyım. – Köksünü ötürdü. – Deyir kiminin əvvəli, kiminin axırı. Mən mayor arvadı bazardan tramvayla qayıdım, hambal kimi yük daşıyım, yetimxanadan çıxmış, ata-anası naməlumun biri də axşamlar televizora baxa-baxa yesin qarnı qalxsın, göbək bağlasın? Ay qızım, ay qızım, baxmadın sözümə, aşıq oldun o qumarbaz gədəyə, iki-iki şah balası kimi oğlanı qaytardın, axırda da qaldın bir üzü üstə, adını çəkən də olmadı. Nədi, nişanlı olub. İndi də... vay fələk! Aaa...
Tramvay saxlamadan sürətlə ötüb keçdi. Dayanacaqdakı dörd-beş adama elə bil birdən od vuruldu. Hamısı xorla deyinməyə, sürücünü, hökuməti, şəhəri söyməyə başladı. Qaynana ər-ərvad hesab elədiyi kişi ilə arvadın deyinməsini, qadının nifrin tökməsini etinasız qoymayıb zənbillərin ağırlığından hıqqana-hıqqana onlara yaxınlaşdı.
– Bu xaraba şəhərin yəəsi yoxdu, dayna. – Kişi əl-qolunu ölçə-ölçə daha çox camaata eşitdirdi. – Bəyaxdan gözlə bu soyuğun qabağında axırda da gəlib düz getsin? Bəs belə dərd olar?
Bu şəhərdə hər kəsin öz ləhcəsi, danışıq şivəsi vardı. Gənclik şəhəri deyilən bu təzə şəhərin əhalisinin hamısı gəlmə idi. Burda anadan olmuş ən yaşlı sakinin qırxdan çox yaşı olmazdı. Respublikanın bütün rayon və zonalarından gəlmə adamlar vardı bu şəhərdə, hər kəs də özü ilə mənsub olduğu bölgənin adət-ənənəsini, adamlarının xasiyyətini, illah da danışığını, dilini gətirmişdi. Bu şəhərin qədim keçmişi və təbii ki, özünəməxsus ənənəsi, adəti, qədim şəhərlərdəki özümlüyü yox idi. Bu şəhər yetimxanada böyümüş adama bənzəyirdi. Evləri, binaları inkubator cücələri kimi eyni rəngdə, eyni formada və ölçüdə idi. İctimai binaları isə birtipli layihələr əsasında tikilmişdi ki, bu cür binalara böyük məmləkətin istənilən irihal şəhərlərində təsadüf edə bilərdi.
Otuz-qırx ilə əmələ gəlib formalaşmış birinci nəsil də, hələ ki, valideynlərinin məxsus olduğu bölgənin təsirindən çıxa bilməmişdilər. Bir də kim kimə bənzəməli idi? Ancaq bu məlum eləyirdi ki, şəhərli olmaq, şəhərli görünmək bu təzə nəslin könlundən yaman keçirdi və onlarda yeni əlamətlər, yalnız bu şəhərə məxsus keyfiyyətlər əmələ gəlirdi. Zahiri əlamətləri götürmək, mənimsəmək daha asan olduğundan onların daxili aləmi, mənəvi həyatı həmişə ləngiyir, gec inkişaf edir və çox vaxt da əyri yola qədəm qoyur, nəhayətdə eybəcərliyə çevrilirdi. Ancaq bir şey də vardı məxsus olduğun bölgənin, rayonun adət-ənənəsinə və təbii mənəvi sərvətlərinə biganəlik, eyni zamanda şəhərliliyin əsas şərtlərinə əməl etmək acizliyi, yəni iddia ilə imkan arasındakı uyğunsuzluq qəribə bir şəhərli tipi əmələ gətirirdi ki, bu, sözün əsl mənasında mühitin yetirdiyi qeyri-yaşarı bir hibrid idi. Bu hibridin nə kəndə, nə də şəhərə dəxli vardı, bəlkə də əksinə – həm şəhərin, həm də kəndin yetirməsi idi. Əslində isə onlar kəndli psixologiyasından məhrum olub sözün yaxşı mənasında şəhərli modelini qəbul edə bilməmişdilər.
– Ağrım ürəyinə! – Bunu şəhərin yiyəsizliyini iddia edən kişinin arvadı dedi. – Bir demir ki, bu asdanofqadı, bir bölük məxluq dayanıb gözdüyür bunu. – Arvad zənbili yerə qoydu. Ucuz ipək corabları baldırlarında bir neçə qat burulmuşdu. Boynu dərili paltosunun qabağı iri qarnına güclə gəlirdi. Arxadan paltosunun ətəyi baldırını, qabaqdan isə dizdən xeyli yuxarını döyürdü. Ətəyi qabaqdan bayraq kimi asılmışdı.
Qaynana da giley-güzara qoşuldu və özünün daha şəhərli və yerli olduğunu göstərmək üçün dedi:
– Yazmaq lazımdı, yazıb atalarını yandırmaq lazımdı. Əvvəllər tramvay saat kimi işlərdi.
Kişi qaynanaya ehtiram hissi ilə yanaşsa da, onunla razılaşmadı:
– Yalansa Həzrətabbas onların belini qırsın! Mən gözümü açandan bulları belə görmüşəm.
Tindən tramvay göründü. Qaynana:
– Allaha şükür, – dedi. – Deyəsən bu gün axır gedib çıxaceyik evə. – Tramvayın qapılarından arı beçəsi kimi asılmış, bir-birindən yapışmış kişiləri görəndə dilxor oldu və ümidsizliklə: – Nə miniblər bir-birinin belinə, – dedi. – hamısı da... buy, başıma xeyir, bu nədir? Bu nə müsibətdi, a balam. – Axtardı ki qəhvəyi rəngi çoxdan bozarmış plaşının ətəyini yığışdırıb həmləyə hazır dayanmış kişinin baxışlarını tutsun və təəccübünə onu da şərik eləsin. Kişi qaynananın istəyini elə bil havada aldı və ona muraciətlə:
– Bu nədəə? – dedi. – Hara edir ə, bu maxluq? – Çəkdiyi siqareti filtrəcən sorub yerə atdı və bu dəfə ortaya dedi: – Vallah, şəhər qaynıyır, billah, bir göstərmə iş olasıdı. Deyirsən bəs butöy şəhər nəşədədi. Elə bir üjdən gedirlər ha qarkoma.
Tramvay bir küçə səs-küy, haray-həşir kimi gəlib yanlarından keçdi və onunla da getmək ümidi yerli-dibli yox oldu.
Tramvayın indicə çıxdığı tindən qırx-əlli nəfərlik bir dəstə də zühur elədi. Onlar relslərin üstü ilə gəlirdilər. Görünür tramvaydan qalanlar idi, sığışmamışdılar salona. Əksəriyyəti yeniyetmə yaşında idi. Aralarında cavan oğlan da az deyildi. Qabaqda bir-iki üzü tüklü nisbətən yaşlı kişi gedirdi. Dəstə əsəbi səslər çıxarırdı.
Kişi yaxınından keçən oğlanlardan birinin qolundan yapışdı. Oğlan qolunu dartıb qışqırdı:
– Nə var, alə?
– Bir ayaq saxla, oğul! De görüm...
– Burax, alə, qolumu! – Oğlan dirsəyini kişinin əlindən çıxarmağa çalışdı.
– Boy, ə söz soruşuram, dayna, niyə cavab vermirsən? – Kişi ərkin gözünə bir az yaltaqlıq qatıb dedi. – Soruşuram bu məxluq hara gedir belə?
– Fil qulağında yatmısan, day-day? Bə xəbərin yoxdu ki... Alə, burax qolumu! – Qəfil dartınıb kişinin əlindən çıxdı və arxadan gələnlər onu da itələyib apardılar. Elə bil oğlan selə düşən qamqalaq parçası idi. Yüngülçə axıb itdi.
Kişi əllərini bir-birinə vurub:
– Pah ateyin evi yıxılsın! – dedi. – Bu camahata nooluv, ə, büyün? Niyə qudurub yaxalarını gəmirirlər?
– Ə, ta mənim qılçalarım qırıldı, Qəşəm, bir əlac elə! – Arvadın hövsələsi bir tikə olmuşdu. Deyirdin bu saat zənbilləri atıb dikdaban çəkmələrini çıxarıb oturacaqdı yerə.
Elə bil uzaqdan görünən sarı «İjkombi» özünü qadının harayına yetirib düz onların bərabərində saxladı:
– Hara gedirsiniz?
Kişi irəli çıxıb dedi:
– Başına dönüm, apar bizi onuncu mikrorayona. Allah atana rəhmət eləsin...
Sürücü əyilib onlara baxdı və dedi:
– Üç nəfərsiniz?
Kişi dərhal cavab verməkdə çətinlik çəkdi və sürücü də susmağı təsdiq kimi başa düşüb:
– Adama bir üçlük versəniz apararam.
– Beş addımlıq yola üç manıt? – Kişi tərəddüd elədi, istədi bir dönüb arvadının da fikrini öyrənsin, relslər yenə də uğuldadı və o arvadına baxmaq əvəzinə tramvayın çıxacağı tinə tərəf boylandı.
– A kişi, ümid olma ey, tramvay mitinqçiləri aparır. – Sürücü dedi. – Heç saxlamayacaq da.
Doğrudan da adamla tıxılı-təpili tramvay gəlib onların yanından elə keçdi ki, relslərə sürtülən polad çarxların səsi qulaq batırıb ət ürpəşdirdi.
– Gördün?
Kişi dönüb hələ də zənbilləri əlində saxlayan arvadını səslədi:
– Gə min az!
– Nə gə min, ə? – Arvad yerindən tərpənmədi. – Beş addımlıq yola altı manıt verəssən? Qudurmuşuq?
Sürücü az qala maşının qabaq oturacağına uzanıb ağzını arvad tərəfə tutdu.
– Ay bacı, maşın-zad yoxdu. Bu gün inqilabdı. Nə qədər başın salamatdı gəl min aparım. Bir azdan heç məni də tapmeycəksən.
– Az di gə! – Kişi acıqlandı. – Canından artıqdı altı manıt?
Kişi qabaqda, arvad dalda oturdu. Qaynana kənarda dayanıb onlara baxmadığını və bu maşında gözü olmadığını nümayişkaranə göstərdi. Kişi bərkdən «Nəhlət saa, şeytan, dayna!» deyib onu səslədi:
– A bajı, gə sən də otu.
Arvadı narazılığını bildirdi:
– Bəlkə xalxın arvadı...
– Sən canın insafsız olma, yazıqdı, yolda qoymuyajıyıx kı... zənən xəylağıdı.
Arvadın çatma qaşları daha bərk çatıldı və hirslə:
– Özün bilərsən, – dedi.
– Siz heç zəhmət çəkməyin, – qayınana maşına tərəf gələ-gələ dedi: – İndi bir taksi gələr...
– Xala ta, maşın tapmiyəcəksən, gəl otur.

Qaynana sürücünün açdığı o biri qapıdan içəri keçib çətinliklə oturdu. Bayraqlı arvad fısıldayıb sağ tərəfə – küçəyə baxdı.
Kişi yerini rahatlayan kimi siqaret yandırdı. Bu dəfə «Prima» çəkirdi. Siqaretin kəsif iyi içərini doldurdu. Maşın tərpənən kimi bir ağız öskürüb dedi:
– Vallah, allah yetirdi səni. Bəyaxdan beş dənə tramvay gedib ey tıxılı-təpili, millət bir-birinin belində. – Bir ağız da öskürdü. – Papirosu dəyişəndə sinəm çatlayır.
– Dəyişmə dayna. – Arvadı sözə qarışdı. – Öyrəli gədə əlli başqa o bahalı paprosdan gətirif, genə bu zəhrimarı sümürürsən.
– Neynim? – Kişi yenə öskürdü: – Bu «Brima» olmasa doymuram, elə sinəm göynüyür. Sən bilərsən, oğul, bu camahat haraeydir belə? Fitbol var istadionda?
Sürücü təəccüblə baxdı kişiyə və dedi:
– Rəhmətliyin oğlu, qışın bu oğlan çağında futbol nədi? Qarabağ məsələsidi... Camaat coşub ki, Qarabağı vermirik.
– Bo-ho!– Kişi də öz növbəsində təəccübləndi. – Nətəər yanı vermirik, ə? Qarabağ camaatındı, ya hökumətin?
– Hələ deyirlər ki, erməniləri də çıxardaceyik şəhərdən. – Sürücü informasiyanı bir az da genişləndirdi.
Kişi bir ağız öskürüb:
– Sən öl, camaat hökümətnən qoz-qoz oynuyur, – dedi.
Qaynana söhbətə qarışdı və daha doğrusu bayraqlı arvada göstərmək istədi ki, biz kişilərlə istənilən səviyyədə söhbət eləyə bilirik.
– Neynəsinlər ey burdakı ermənilər? Bu bədbaxtlarda nə günah var? Yazıqlar elə bil iynə üstdə oturublar. Hamısını eləyən o Qarabağdakılardı.
Bayraqlı qadın qucağında tutduğu zənbilin ağırlığından tıncıxa-tıncıxa yanakı dodaqlarının pamadası ancaq ağzının qıraqlarında qalmış qaynanaya baxıb ürəyində dedi ki, arsız-abırsız, kəs dayna səsini, iki kişi danışır, sən niyə atırsan özünü ortalığa?
– Bacı, hələ dəgil dəəə. – Sürücü razılaşmadı. – Bizimkiləri ollar incidir, biz də burda bunların başını laskat eliyürük. Bəgəm biz kişi degilik? Srağagün, siz bilərsiz oranın adı necədü, hə Kafandı gərək ki, dörd min musurmanı bir gecəyə qovub çıxarıblar, arvadların-qızların, siz də məni bağışlayin... indi gör də yazıqların palajenisini. Ollar da gəlib burda görəndə ki, ermənilər kef çəkir nervilənirlər də. Siz deyün də necə olar? Nervilənməsinlər neyləsinlər?
Bayraqlı arvad daha çox qonşusunun acığına:
– Lap gözlərini çıxarmaq gərəkdi, – dedi. – Nətəər ki, bizimkilərə zülüm eliyiflər, heylə də bulları qavmax lazımdı. Qoy qavsınlar, lap əllərinin içindən gəlir.
– Ay aton oldu rəhmətlik! – Sürücü həmfikir tapdığından razı qaldı. – Day-day, bəs sən necə bilirsən? Yoxsa sən də bu xala deyəni deyirsən?
Kişi «Prima»nın külünü ovcuna çırpıb kənd müdrikliyi ilə dedi:
– Zamana qarışıqdı, oğul, it yəəsini tanımır. Hər ağızdan bir avaz gəlir. Zülümnən-ejirnən qazanıf yediyimiz bir tikə çörək də göyə çəkiləjək.
– Hökümət hökümət dəgil, gözünü yumub oturub ki, nə bilirsüz eliyüz.
Sürücü qəfil döngədən çıxan böyük bir dəstəni görüb əyləci basdı. Təkərlər üstü çınqıllı asfaltda sürüşüb cırıq səs çıxartdı. Arvadlar səksəndilər və bir ağızdan:
– Bissimillah! – dedilər.
Sürücü pıçıldadı:
– Budu haaa... yox, bunun axırı yaxşı qurtarmıyacey.
Dizləri üstündəki zənbili tutub dikələn bayraqlı arvad irəli baxmağa çalışdı. Maşının üstünə gələn dəstəni görüb qorxdu və səsini içinə salıb xoflu-xoflu dedi:
– Qəşəm, bu nədəə? Bullar niyə üstümüzə gəlillər? – Baxdı ki, görsün qaynananın halı necədir, o da qorxur, ya arxayındır. Qayınana da deyəsən qorxmuşdu. – Başıma xeyir, ə bulların gözündən od tökülür, Qəşəm.
Kişi soyuqdan, istidən, ağır fiziki işdən dərisi çat-çat olub ağ keşkə bağlamış iri əlini sürücünün sükandan bərk-bərk yapışmış arıq əlinin üstünə qoyub:
– Nə desələr dinmə, oğul, – dedi. – Gözlərini qan örtüb bulların.
– Qələt eliyərlər. – Sürücü inamsız dedi və hər ehtimala qarşı maşını dala verdi ki, geridə buraxdığı döngəyə burulsun. Ancaq gec idi. Dəstənin başında gələn qara gödəkçəli uzun oğlan maşının bərabərinə çatanda qəfil əl atıb sürücünün qapısından yapışdı, açıb əyildi və içəri baxdı. Qadınları və kişini göstərib soruşdu:
– Kimdi bunlar?
– Necə kimdilər? – Sürücünün cavabı köntöy çıxdı. – Adamdılar.
– Yox əşi? – Oğlan istehza ilə gülümsədi. Qabaqdan dörd qızıl dişi parıldadı. – Elə bildim heyvandılar, sən də... – Dəstə maşını dövrəyə almışdı. – Düş aşağı! Tez– tez!.. Millət mübarizə eləyir, sən xaltura? Tez düş! Sənin...
Dəstə maşını silkələdi. Arvadlar qışqırmaq məqamında idilər. Kişi siqaretini ovcuna basıb əzdi və ərklə yaltaqlığı bir-birinə qarışdırıb dedi:
– Nədi, ay oğul? Nə sözün var, mən qoja dayına de... – Arvad ərinin çiynindən basdı. Kişi bənd olmadı. – O nə bilsin biz kimik? Allah bəndəsiyik, mən qoja, kəççi kişi, bullar da qoja arvad, qalmışdıq yolda tramvay gözdüyə-gözdüyə! Yalvardıq bizi aparsın. Həzrətabbas haqqı, heç pul da istəmir.
Qaynana dilləndi:
– Tramvay da saxlamır ki?
– Qurban olasan bu arvadlara, yoxsa... – Oğlan qapını şaraqqıltı ilə örtdü. – Sür get? Özün də birbaş evə! Bir də rastıma çıxsan özündən küs!
Sürücü tərpənə bilmirdi. Donub qalmışdı. Alnında, nazik qara dodaqlarının üstündə tər damcıları parıldayırdı. Pərtliyindən nə bir söz deyə bilir, nə də sərnişinlərinin üzünə baxırdı. Kişi onun vəziyyətini yaxşı başa düşürdü, həm də onu ütüdən qurtardığına görə təsadüfi yaranmış dörd nəfərlik bu kollektivdə xeyli hörmətə mindiyini məmnuniyyətlə dərk edə-edə sürücünün dirsəyinə toxundu:
– Sür, bala, yolçu yolda gərək. Hələ görəcəkli günlərimiz bunnan soradı. Hələ çox qalajıyıx bu uşaq-muşax əlində.
Sürücü başını birdən silkələdi; bu hərəkətilə bir növ «Lənət sənə şeytan» dedi. Bəlkə də qorxudan tərə çevrilib qoltuqlarından axan xəcalət hissindən çıxmaq üçün idi bu silkələnmə. Maşın tərpəndi.
– Allah özü axırını salamatlıq eləsin! – Bayraqlı arvad maşının tavanına baxdı. – Buyünün xatası çıxajax, vallah-billah xatasız sovuşmuyajax.
Qaynana ilk dəfə qonşusu ilə razılaşdı və dedi:
– Çıxar da xatası, pişik adam kimi dil açıb danışanda xata çıxar da, pəs çıxmaz?
Bayraqlı qadın çətinliklə dönüb ağzı pamadalı «qoja kaftara» açıq təəccüblə baxdı ki, görsün bu nə söhbətdi. Və bununla kifayətlənə bilməyib kişilərdən tez dilləndi:
– Nətəər yanı pişik adam kimi danışanda? O hansı pişikdi heylə?
Qaynana diqqət mərkəzində olduğundan genəldi və o da öz növbəsində təəccüblə qonşusuna baxdı:
– Bə oxumamısınız qəzetdə? O gün yazılmışdı ki, Bakıda bir pişik çıxıb ortaya, adı da... Nəysə, adı da var, Musadı! Hə, hə, Musadı, ya da İsa. Yaxşı yadımda qalmayıb. Adam kimi dil açıb danışır.
Kişi söhbətlə maraqlanmışdı, amma yüngüllük edib arvadların gapına qarışmağı əskiklik saydığından susdu.
– Eşidirsən ə, Qəşəm?
Kişi dönüb çətinliklə geri qanrıldı və dedi ki, bizim arvadın heç savadı var ki, qəzet də oxusun.
– Allah, sən saxla! – Arvad qıpqırmızı oldu. – Dördüncü sinfi bəlkə sən qutarmısan, ə? – Bu kifayət eləmədi. – Görürəm, savad alannar o yanı bəri eliyiflər, qalmışıq biz beysavadlar.
Qaynana öz biliyini, savadını nümayiş etdirib bir cərgədə oturduğu rəqibindən üstünlüyünü göstərmək üçün dedi:
– Oy, mən qəzetsiz bir gün də dura bilmərəm. Elə texnikomda oxuyandan qəzetə yazılıram, indiyə kimi.
Bayraqlı qadın söhbətin axırını gözləməyib soruşdu:
– Nə deyir o Musa pişik?
Sürücü də deyəsən tamam gəlmişdi özünə. O da soruşdu:
– Elə açıqca danışır? Bizim dildə?
Kişi tamam ciddi dedi:
– Yox, a balam, urucca olar, indi hamı urucca danışır. Heç görmüsünüz şəhərdə it-pişiknən kimsə musurmanca danışa? Nədi? Bizim dili bilmirlər. Hərdən, bu canım ölsün, elə bilirəm ki, heç Azərbaycanda yox, Urusetdəyəm. – Sürücüyə dedi. – Belə dön, başına dönüm, amma yaman qorxdun ha bəyax. Lap bağrıdalaq oldun?
Sürücünün zeytun rəngində olan yanaqları pörtdü və əvvəlki şaxı sınmış sınıq səslə dedi:
– Nədən qorxaceyəm, amma ki, nədi?..
Bircə anlığa sükut çökdü və bayraqlı arvadın marağı yenə də söhbəti təzələdi:
– Hə, bəs sora?
Qaynana söhbətin nədən getdiyini dərhal başa düşdü.
– Özüm qulağımla eşitmişəm. Bakıda bacımın qonşusudu.
– Allah amandı! Eşidirsən ə, Qəşəm!
– Eşidirəm, Qəşəm, eşidirəm, – Kişi arvadını sakitləşdirdi.
– Sən allah nə deyir?
– Kim?
– Az pişiyi deyirəm dayna, əstəfürullah!
Qaynana səsinə sirli ahəng verdi:
– Deyir mən oğlanıydım, pişik olmuşam.
– Sən Həzrət Abbas?!
– Yalan deyirəmsə dilim qurusun. – Qaynana həvəslə davam elədi. – Deyir bir qardaşım var, o da pişikdi...
Kişi müdrikliklə dedi:
– Vallah dünyanın axırıdı.
– Mənciyəz o pişiyi görəndə birtəhər oluram, nitqim quruyur. – Qaynana davam elədi. – Bilirsiz necə baxır adama, tüklərim biz-biz olur. Guya lütəm, yad kişi baxır mənə. Elə zəhmi var ki... Gözləri də adi pişik gözü dəgil e, qaradı, qapqara, kişi gözü kimi.
Qaynana nə qədər maraqlı, göstərmə şey danışıb dinləyicilərini tərksilah eləmişdisə də dəstənin ikinci qadını ürəyində dedi:
– Umud ol, bunnan sora kişi baxajax saa...
– Deyirlər neçə dərdə dava eləyib. – Qaynana diqqət mərkəzindən düşmək istəməyib davam elədi. – Bu axşam gedirəm yanına Bakıya. Bəlkə bajıma görə oçursuz görüş ala bildim.
– Xeyirdimi? – Bayraqlı arvad xeyli yumşalmış və mehribanlaşmış səslə soruşdu:
– Xeyir olmamış nə var? – Qaynana da xeyli sadələşmiş tövrlə dedi və bununla kifayətlənməyib əyilib qadının qulağına pıçıldadı: – Balalarından görəsən, qızımın azad olmaq vaxtından keçir, amma heç doğmaq əlaməti yoxdu. Deyirəm bir gedim baxdırım Məsiyə.
– Hə, neynək, neynək... Allah niyyətini sayalı eləsin. Heç qorxub eləmə, mən həmişə on ayında doğmuşam. Oğlan gej gəlir dayna. Maşallah, namxuda, beş oğulu elə heyləcə doğmuşam.
– Allah saxlasın! – Qaynana açıq həsədlə dedi və nədənsə arvadın dizlərini döyən qarnına baxdı. Arvad güldü və dedi:
– Yox az, indi heş nəyim yoxdu, eləcə qarındı dayna. – Arvad güldu. – Allah hamınınkını saxlasın mənimkilər də onların içində. Bax, belə şeyləri görəndə dəli oluram dayna. – Küçədə o yan-bu yana qaçışan topa-topa cavanları göstərdi. – Ürəyim əsim-əsim əsir. Ə, biz gedif çatmıyajıyıx buyün evə? Axı... – Ad günündən danışmaq istədisə də saxladı özünü. – Neçə oğlun ,var?
Qaynana acı-acı gülümsədi:
– Elə bircə qızdı.
– Bay, bə niyə heylə?
– Nə bilim! – Qaynana elə dedi ki, bu mövzuda danışmaq istəmədiyi məlum elədi. – Allahın işidi.
Qadın başını mənalı-mənalı tərpətdi. Qaynana gözünü ondan qaçırtdı və yaxşı bildi ki, bu kəççi qadın onun heç kəsə məlum olmayan sirrini dərhal anladı, amma üzə vurmadı, halbuki kiçicik bir inada rast gəlsəydi, qaynana mütləq açıb ürəyini otuz ildən çox deşən sirrini deyəcəkdi. Çünki bu sirri gizli saxlamaq onun ürəyini gün-gün, ay-ay, il-il deşirdi, oyurdu. Bu sirr çıxmaq, aşkarlanmaq istəyirdi... Ağır, iri bir sirri təkbaşına daşımaq mümkün deyildi. Qadın demək istəyirdi ki, elə Bakıdan, gül kimi evindən-eşiyindən qaçmağı da bu qızın üstündə olub. Övladsızlıq əzabı, qohum-əqrəbanın gözündə, baxışında sonsuzluğuna görə ya mərhəmət, ya tənə, ya təəssüf görmək il-ildən çətin olurdu. Bir gün ər-arvad qərara gəldilər: başqa şəhərə köçüb yetimxanadan uşaq götürməli. Qərar qəti idi, amma qohum-əqraba, qonum-qonşu və ən əsası uşaq bunu bilməməli idi. Deməli köçmək, milisdə işləyən ərinin yerini dəyişmək lazım idi. Düz bir il qohum-əqrəbaya görunmədilər, amma qadının qəfil hamiləliyi haqqında xəbər lazım olan qohum-qardaşa çatdırıldı. Vaxt yetişəndə uşaq evindən bir qız götürdülər. İnanan inandı bu möcüzəyə, inanmayanın da öz işi idi. Əsası bu idi ki, heç kəsin əlində dəlil-sübut yox idi.
Nə qədər ki, əri sağ idi, dərdləşməyə, sirri bölüşdürməyə ikinci bir adam vardı, elə ki, kişi qəfil gülləyə rast gəlib dünyadan köçdü, qaldı heç vaxt özünə doğma hesab eləyə bilmədiyi şəhərdə sirri ilə tək-tənha. Bu sirr qarnında yaman şiş kimi artır, yekəlir, bütün ömrünü zəhərləyir, dözülməz edirdi. Neçə illər gizli saxladığı, hər adama, doğma bacısına belə etibar etmədiyini otuz ilin tamamında açmaq heç kimə xeyir gətirə bilməzdi. Sonra qızının üzünə necə baxardı? Humayın toyunu eləyib onu yetimxanadan çıxmış oğlana verəndə o ki var ağlamışdı və fikirləşmişdi ki, bu da allahın işidir. Yetimi yetimə qismət elədi. İndi bayraqlı qadın soruşanda ki, «Bay, bə niyə heylə?» sirrini bu yad qadına açmaq tamahından özünü güclə saxladı. «Ağlıvı yığ başıva, dağ dağa rast gəlmir, adam adama rast gəlir. Yaxşısı budu daşı bu ağır yüku qəbireycən. Sənin də növrağın belə gətirəceymiş».
– Yolları gör neçə yerdən bağlayıblar e, bacı? Məndə nə taqsır? Bayaqdan şəhəri dolaşıram, çıxa bilmirəm kalsodan. – Sürücü deyindi. – Nahaq götürdüm sizi, indi doqquz manata nə verirlər?
Kişi narazılıqla baxdı sürücüyə və peyğəmbər kimi danışdı:
– Vallah, mənim bu axşamnan ağlım bir şey kəsmir. Sən canın bağla o pencərəni bu xarabanın iyi-qoxusu buyün lap zəqqum dadır.
– Demə-demə... – Qaynana yana-yana yırğalandı. – Gəldim-gəlmədim bu xaraba şəhərə, günüm-taleyim düyüldü göy əskiyə. Dağ kimi ərimi itirdim, mayor Efendiyev adnan deyilirdi, dılğırın, oğrunun bir gülləsinə qurban getdi. Özüm də bir üzüm qız, bir üzüm gəlin qaldım. Qurban demişəm burdan getdiyim günə. Bakıda elə abmeni də gərək öyrənəm, görüm...
Maşın birdən dayandı və sərnişinlər üçü də birdən soruşdu:
– Niyə dayandın?
– Zəhrimara qalsın! – Sürücü cavab vermək əvəzinə hər iki əlinin qılıcını sükana vurdu. – Benzinim qurtardı, başım elə qarışıb ki, xəbərim olmayıb.
Kişi lap dilxor oldu:
– Əşi, allah kəssin sənin maşın sürməyini... Belə də zülüm olardı sən bizə elədin?
– Dağılır, ey dağılır... – Qaynana hikkə ilə maşının qapısını açıb düşmək istədi. Açılmadı. – Aç bu zəhrimarı. Bədbəxt canım, hambal canım... – Çətinliklə çıxdı maşından. – Partla qılçalarım! Bu nə yaşayışdı ey...
Bayraqlı qadın qaynanaya baxır və həqiqətən ona ürəyi yanırdı.
– Düş dayna, az! – Kişi qapını açdı.
– Nədi, ə, çatdıx?
– Hə, çatdıx, dədeyin goru haqqı!
– Bo-ho!
– Az, eşitmədin benzini qutarıf?
– Boy, ə, benzini qutarıf benzin alsın dayna! Qalajıyıx yolun ortasında? – Zənbilləri kişiyə verə-verə deyindi. – Ə, haradı bura, katejdi, Qəşəm?
– Vallah, elə mən də sənin kimi bilirəm, Qəşəm. – Kişi dilləndi və uzaqdan gələn bir dəstə cavanı göstərdi arvadına. – Ora bax, Qəşəm, genə gəlirlər, tez elə çıx görək, bu maşını aşırmasalar dincəlmiyəjəklər. Əlli ol!
Sürücü də həyəcanlandı:
– Tez olun ey, tez olun! Qapıları bağlayıb mən də gedirəm. Maşın da qalsın burda, cəhənnəm olsun, dəlixanadı.
Kişi arvadı ilə yola düzəldi. Qaynana onlardan on beş-iyirmi addım qabaqda yanlarını basa-basa, aşa-aşa gedirdi.
– Yazıq arvaddı. – Bayraqlı qadın dedi. – Fors eləsə də bədbaxtdı, bir qızı var, o da götürmə.
Kişi üç kilodan çox ağırlığa tab gətirməyən üstü şəkilli salafan torbanı götürüb qabağa düşdü və öz-özünə dedi:
– Hamımız yazığıq, yazıq olmuyanın bu şəhərdə nə işi var?
Evlərindən daha da uzaqlaşmışdılar. «Allaha pənah» deyib qaynananın dalınca avtobus dayanacağına yönəldilər...


Hava tutqun idi. Ağır yaşıl pərdələr çəkilmiş, pəncərələr örtülmüşdü. İçəri xeyli qaranlıq idi. Əslində intim şərait, ab-hava yaratmalı olan bu qaranlığın özü də həyəcanlı, təşvişli idi. İstər-istəməz adam həyəcanlanır, fikir eyni vaxtda bir neçə istiqamətdə işləyirdi.
Arxası qatda uzansa da bu toran qaranlığında qadının ağappaq sifətini görürdü. Elə bil bu ağ dolu sifət cuna altında idi, cizgiləri, rəngləri itib qarışmışdı.
Qadın da ona baxırdı, yanakı baxırdı və onun profilini – geniş-hamar alnını, düz biçimli burnunu, yumşaq, biçimli dodaqlarını, möhkəm çənəsini görürdü. Saçı tərdən alnına yapışmışdı. Tövşüməyi hələ tamam keçməmişdi, üzündə bir az əvvəlki ehtiras və həyəcanın izi qalmaqdaydı. Qadın ürəyindən axan doğma hissin altında onu əzizləmək, möhkəm bədənini – qollarını, qıçlarını, əzələli çiyinlərini sığallamaq istədi, amma özünü saxlamağı bacarırdı. Doğrusu aralarındakı on illik yaş fərqi həmişə onun sərbəstliyini əlindən alırdı. Ona elə gəlirdi ki, bu cavan oğlanı tovlayıb ələ gətirib, yoldan çıxarıb, hələ on səkkiz yaşında özünə aşna eləyib, hələ bir az dərinə getsən, pozub. Kimə başa sala, kimi inandıra bilərdi ki, qadının kişi ilə münasibətindən, lap yaxınlığından alacağı ən güclü duyğuları məhz bu oğlanla – özündən on yaş kiçik cavan kişi ilə hiss edib, əgər bu sevgidirsə, deməli, ilk dəfə bu oğlanı – sabiq şagirdini sevib. Lap onda da, yəni on-on iki il bundan qabaq da, elə indinin özündə də həmin həyəcan, sevgi nigarançılıqları, şirin qorxusu, hətta əsməcəsi də olmuşdu. Maraqlıdır ki, onunla hər görüşdən əvvəl, elə görüş vaxtı da, ondan sonra da ən çox hiss elədiyi həyəcan olmuşdu. Heç vaxt inanmazdı ki, həyəcan adamın ağlını başından ala bilər. Onu bu cavan, gözəl yerişli, dəli-dolu baxışlı oğlana qarşısıalınmaz qüvvə ilə çəkən də elə bu həyəcandı. Arası qorxu ilə bircə addım olan həyəcan.
Oğlan gözlərini açmadan dedi:
– Nə yaman baxırsan? Çox dəyişmişəm?
Qadın cavab vermədi və burnunu onun çiyninə söykəyib pişik kimi əl-ayağını yığdı, elə bil onun böyründə əriyib itmək, qabırğasına çevrilmək istəyirdi. Pıçıldadı:
– Bu on ili sənsiz necə yaşamışam? Kak ya moqla? Ya je znala çto tı jivyoş qde-to ryadom, v etom qorode. Əgər məndə bu şəhərə bircə qram məhəbbət varsa, tomu priçina tı!
– Nə əcəb demədin v etom proklyatom qorode? Axı hamı bu şəhəri söyür.
– Şəhərdə nə taqsır? – Qadın yenə də pıçıldadı və əlini yorğanın altından salıb ovcunun içini oğlanın sol döşünə söykədi. Ürəyin tappıltısını aydınca hiss edirdi və bundan elə təsirlənirdi ki, az qalırdı ağlasın.
– Əlbəttə, şəhər şəhərdir. – Qadın da elə bu cür demək istəyirdi, amma qəribə qəhər tıxanmışdı xirtdəyinə. Oğlan davam edirdi. – Onu pis eləyən adamlardı. Hər şeyin taqsırı bizdədi.
– Doğrudu, – qadın yenə də pıçıldadı. Bircə anlığa susdu və bir qədər tərəddüddən sonra əlavə elədi. – Bu şəhərdə tapmışam səni, itirəcəm də.
Hər ikisi birdən eyni şey haqqında düşündü, bir-birindən xəbərsiz: qadın sabah şəhərdən çıxmalı idi, bəlkə də həmişəlik, yəni bu lənətə gəlmiş şəhərə qa-yıtmaya da bilərdi. Bəs bu ev-eşik, bu rahat təkadamlıq yuva, bu ikiadamlıq çarpayıya tuşlanmış üçtaylı güzgü, papağı ipək parçadan tikilib yaşıl saçaqlarla bəzədilmiş bürünc dayaqlı torşerdən düşən intim işıq necə olsun? Min cür qayğı, onu buna, bunu ona calaşdırmaq, gecələr paltar tikmək hesabına qurulmuş bu komacığı neynəsin? Hər şeyi atıb gedəcək? İnanmaq olmurdu. İlahi, indi elə şeylər baş verir, elə hadisələr, faciələr olur ki, olmayana qədər inana bilmirsən.
– Sən haçan qayıdacaqsan? – Bu sual da elə həmin inamsızlığın bir əlaməti idi.
– Mən? – Qadın yenə də əlini oğlanın tüklu sinəsinə qoydu. – Bilmirəm. Bəlkə... Gərək hər şey yoluna düşsün, əmin-amanlıq yaransın sonra. Yəqin ki, bu Qarabağ məsələsinə bir gün nöqtə qoyulacaq də. Vse je konçaetsya.
– Nahaq gedirsən. – Oğlan bir qədər incik dedi. – Axı burda sizə dəyib dolaşan var? Yoxsa sən də o biri ermənilərin dediyinə gedirsən! Da oni je...
Qadın əli ilə onun ağzını qapadı:
– Molçi. Gəl bu barədə danışmayaq. – Oğlanın yumşaq dodaqlarını barmaqları ilə sığalladı. – Pomolçim...
Oğlan birdən qalxdı və oturdu. Güzgüdə tutqun əksini gördü.
– Qoymaram gedəsən! – Qəti dedisə də səsində bir qədər ərköyünlük hiss olundu. – Eşitdin, qoymaram.
Qadın gülümsədi və onun iki gün qırxılmamış tüklü üzünü sığalladı.
– Başa düş, mən biləndə ki, ordan sizinkiləri o cür qovurlar, başlarına oyun açırlar, özümə yer tapa bilmirəm burda. Camaatın gözünə baxa bilmirəm. Xəçalət çəkirəm, stıjus, umirayu. Da kak je ya moqu...
– İ vse?
– A etoqo malo? – Qadın susdu, elə bil özünü toplayırdı ki, getməyinə daha bir karlı səbəb də göstərsin. Ancaq demədi, qorxduğunu deməyə utandı.
– Başa düşürəm səni, ancaq... sənin ki taqsırın yoxdu.
– Koqda razqorayutsya strasti nikomu ne nujno opredelit stepen vinovnosti. Loqika v takix momentax prevraşaetsya v nenujnuyu veş. Ona neumestna koqda sila reşayet vse. – Qadın daha qəti dedi, elə bil özünü dediyinə inandırmaq istəyirdi. – Mən getməliyəm, özü də tələsməliyəm, lap sabahdan gec olmayaraq getməliyəm. Mne zdes straşno! Gecələr elə bilirəm qapımı döyürlər, yerimdən qalxmağa, səsimi çıxartmağa qorxuram. Telefon tez-tez zəng çalır, götürürəm, susurlar... onda mənə elə gəlir ki, dəstəyin gözü var mənə baxır, məni görür hərəkətlərimi izləyir. Evimin içi bayır-bacağa dönür. Tir-tir titrəyirəm.
– Sən elə indi də əsirsən.
– Qorxuram, elə qorxuram ki. Eto kakoy-to paniçeskiy strax. – Qadının səsi də bədəni kimi titrədi.
– Qorxma! – Qəfil qucaqladı onu. – Ölərəm, qoymaram səni incitsinlər. Elə bilmə təkəm mən, çoxlu dostlarım var, adamı dirigözlü yeyərlər. Gecələr də gəlib qalacam yanında.
– Sən məni yoldan çıxartma! – qadın dedi. – Ya zavtra uezjayu. Eto moe poslednee slovo.. Ne znayu çto budet so mnoy, no vse ravno uedu. Tam est rodstvenniki v Stepanakerte, deyirlər yığış gəl, no... – Qadın birdən ağladı və üzünü oğlanın sinəsinə söykədi. – Ya nesçastnaya, net u menya niçeqo, nikoqo net na etom bolşom svete. Odna, odna sredi stıda i pozora... Sudba moya çornaya, qarabaxtam. – Bundan sonra qadın nəsə ermənicə dedi ağı kimi və nədənsə qadının bu bədbəxt vəziyyəti, göz yaşlarından boğulması, üzünü sinəsinə söykəyib hönkürməsi oğlanı yenidən alovlandırdı...
Blokdan elə çıxdı ki, qonum-qonşu ilə üz-üzə gəlməsin. İlk dəfə bu qapıdan çıxdığı on ilin o tərəfində olan günü, o vaxt keçirmiş olduğu hissləri yadına salmaq, xatirində canlandırmaq istədi. Bədənindən xoş, yandırıcı gizilti keçdi. Onda uçmağa qanadı yox idi. Ayaqları demə həmişə gərginlik içində imiş, indi isə boşalmış, yerini ləzzətli yorğunluq tutmuşdu. Bədəninin bütün əzalarını hiss edir, onların varlığından ləzzət alırdı. Özü öz gözündə yüksəlmişdi, birdən-birə, inanmışdı öz gücünə, fərasətinə. Zarafat deyil, özündən on yaş böyük qadını – gözəl müəlliməni bircə həmləyə iradəsinə tabe edə bilmişdi... Adam yadına salanda dəli olur. Nə tay-tuşa danışmalı, öyünməli, döşə döyməli haqq-hesabdır! Amma susmalı idi, deyə bilməzdi heç kimə. Ancaq bu sirri gizli saxlamaq da cəhənnəm əzabı idi. Onu içəridən qıdıqlayan, şeytan əlini salıb ürəyini sığallayan sirrin şəkli düşmüşdü üz-gözünə. Az qalırdı qarşısından keçən yad adamları saxlayıb ürəyini boşaltsın. Deyəsən atası birinci duydu ondakı dəyişikliyi.
– Gözümə birtəhər dəyirsən, özünə yer tapa bilmirsən. – Bunları deyə-deyə qımışdı atası. – Hə? Noolub? Bəlkə...
Sirli-sirli gülümsəmiş və cavab vermişdi ki, heç nə olmayıb, hər şey öz qaydasındadır.
Atası cavabdan çox təbəssümə fikir vermiş və göz vurmuşdu.
– Düzmü tapmışam?
Yenə də cavab vermədi və o da atasına onun kimi göz vurdu. Bir növ onun sualına təsdiqedici cavab verdi.
– Gözüm sərraf gözüdü dayna. – Atası qarnını sığallaya-sığallaya söhbəti dəqiqləşdirməyə çalışdı. – Belə şeylərdə məni aldatmaq olası iş dəyil.
İndi isə içində nə yandırıcı sirr, nə sevinc, nə bədənin rahatlığından irəli gələn fiziki həzz, mənəvi razılıq vardı. Bu bəlkə də on illik təcrübəsində qadınla ilk görüş idi ki, onu daha da ağırlaşdırmış, qanını qaraltmışdı.
Qadın qapının gözcüyündən bayıra baxıb blokda heç kəsin olmadığına yəqinlik hasil edəndən sonra açarı mümkün qədər səssiz fırladıb cəftəni sağa sürüşdürəndə oğlan bir daha onu öpüb «Getmə!» demişdi. Qadın acı-acı gülümsəmiş və başını tərpədib:
– Taleyini mənim bədbaxtlığıma calama, – demişdi. – Bəlkə də mənim burdan birdəfəlik getməyim sənə hamıdan çox lazımdı. Elə mənə də.
Oğlan soruşmaq istəmişdi ki, bu hardan gəldi sənin ağlına? Bəlkə sən mənim səmimiyyətimə inanmırsan? Və yaxud demək istədi ki, elə bilirsən istəsəm gəlib o Stepanakertdə tapa bilmərəm səni?
– Başa düşmədim səni.
– Sonra başa düşəcəksən, biləcəksən ki, biz nə qədər tez ayrılsaq daha doğrusu bir-birimiz üçün itsək bir o qədər yaxşıdır. Proşay!
İçərisində məzmununu yaxşı anlamadığı kədər, üzücü bir qüssə vardı. Üstünə zəhərli soyuq hava çökmüş, divarlarına qara his-pas hopmuş evlər, orda-burda yanan solğun reklam işıqları, vaxtından bir qədər tez yandırılmış küçə lampalarının öləziyən ziyası ürək sıxırdı. Hər şeydə bir müvəqqətilik, birovuzluq, keyfiyyətsizlik, miskinlik nəzərə çarpırdı. Bütün bunlardan yaxşı deyil, daha da pis olan məhəllələrinə, qabağı şəritli ala-çirk yaş paltarlarla dolu eyvanları gözə girən evlərinə tələsməli idi. Evdə onu nə gözləyəcəyini təxminən bilirdi, ya ölüb, ya da can verir. Üçüncü xəbər ola bilməzdi. Bununla belə heç bir real əsası olmayan kiçicik bir xeyir xəbər ümidi də vardı içinin lap dərinliyində, ürəyinin heç özünə də yaxşı məlum olmayan dərin guşəsində. Bu əvvəl-axır öləcəyini bilən, bununla belə ölümünü heç cür, hətta fikrində belə qəbul etməyən adidən adi bir insan ümidinə bənzəyirdi: nikbin, heç bir real əsası olmayan yaşıl ümid. Bununla belə içindən «Kaş gedib görəydim ölüb» arzusu da keçirdi. Bunu öz-özünə etiraf eləməsə də, onu sözlərə çevirməsə də belə bir fikir tərpənirdi içində və bu fikrinmi, arzununmu bəraət qazandıran ikinci hissəsi də var idi. «Canı qurtarardı əzab-əziyyətdən»...


Qaynana zənbilləri yerə qoyub qapının zəngini basdı və içərini dinşədi. Səs gəlmədi. Bir də basdı zəngi və barmağını da düymədən çəkmədi.
– Gör gəlib qapını açar? Canı çıxsın ananın, qoy tirtap olub yerə dəysin arxası qatda. Görək onda o yetim oğlu yetim tac qoyacaq başuva?
Köhnəlib şəlpəyə dönmüş və rəngi getmiş pul qabından açarını çıxarıb qapıya saldı. Açınca hikkəsindən bədəninə isti gəldi, sifəti qızardı. Zənbilləri içəri salıb qapını ayağı ilə örtdü və girəcəkdəki yoğun ağacdan kəsilib laklanmış və kətil kimi istifadə etdikləri kötüyün üstündə oturdu ki, nəfəsini dərsin. Əllərinin qan sağılmış içinə, zolaq-zolaq olmuş dərisinə baxdı. Barmaqları keyimişdi. Birdən doldu gözləri, bütün varlığı kövrəldi və qadın əvvəl yavaş-yavaş, sonra içini çəkə-çəkə, yanıqlı-yanıqlı ağladı. Və ağlaya-ağlaya da zənbilləri mətbəxə apardı. Göz yaşları yolda çəkdiyi əziyyəti, nə qədər yolu piyada gəldiyindən qabar olub sürtülmüş dabanının ağrısını yuyub apardı deyəsən. Qadın üzünə bir ovuc su vurub gətirdiyi ərzağı yerbəyer elədi. Və birdən narahat oldu. Bu qız hardadı, bunun niyə səsi çıxmır? Tələsik böyük otağa keçdi və qızının kresloda dağ kimi oturub gözlərini yumduğunu və sağ-salamat olduğunu görüb arxayınlaşdı.
– Ağəz, eşitmirsən zəngi? Niyə gənə qarnıvı qucaqlayıb oturmusan?
Qızın əlləri bir-birindən açılıb yanlarına düşdü, adama elə gəlirdi ki, qarnı onu kürsünün söykənəcəyinə sıxır və yerindən nəinki durmağa, hətta tərpənməyə də qoymur.
– Axı səhər sənə bir quranlıq söz demişəm. Axı dedim ki, adamı belə bədlik basmaz. Noolub, anan ölüb? Danış, gül, çıx arvadlarla sən də qiybət elə. Evin yıxılmasın sənin... İndi noolub axı, adam tez də doğar, gec də doğar. İndi deyirsən mənim də ürəyim partlasın, bəs onda sənin günün necə olacaq? Yoxsa deyirsən o allahın avam bəndəsi, dilsiz-ağızsızı sənin qayğına qalacaq, dərdini çəkəcək? Saxlayacaq səni?
Qızın gözündən yaş birdən axdı və o hıçqıra-hıçqıra:
– Mama, qutar məni bu bəladan, – dedi. – Qutar məni... ta dözə bilmirəm, ta dözə bilmirəm, mama... Özümü öldürmək istəyirəm. Belə də adam olar, bu nədi, bu nə müsibətdi mən düşmüşəm? Apar məni Bakıya, nə istəyirsən elə, amma qutar bu qarından... Ya ölüm, ya qalım, mama...
Hirsindən, hikkəsindən dalaşıb ürəyini boşaltmağa bəhanə axtaran arvaddan elə bil qan aldılar, əli-qolu qırılıb yanına düşdü. Dizləri vuruldu, heysiz-heysiz onu saxlayan ayaqlarının qatlandığını və kürəyi ilə soyuq divardan sürüşə-sürüşə dayandığı yerdə çökdüyünün fərqinə varmadı, daha doğrusu bunu hiss etmədi, elə bil bu kiçicik vaxt kəsiyində onun huşu və hissi bədənini tərk eləmişdi. O ayaqlarını qabağa uzadıb əllərini paltarının ətəyindən belə bilinən ətli, yoğun budlarının üstünə qoydu və oxşadı:
– Məni qarğıyanı görüm allah qarğısın, məni gözü götürməyənin gözləri çıxsın. – Dizlərini, budlarını ova-ova ağladı. – Mənim tifaqım onda dağıldı ki, dağ kimi ərim getdi əlimdən, qaldım dul, bir üzü qız, bir üzü gəlin. Hökumət maşınında gəzən canım, dolu zənbillərini şoferləri daşıyan canım, indi yüklənib, şəllənib tramvaylar dalında gəlirəm. Sənin dağ kimi atan sağ olsaydı səni o yetimin birinə verərdi? O heç ürək eləyib bizim qapımıza gələrdi? Əməlli-başlı bir oğlana getsəydin, sən niyə bu günə düşürdün? Hanı mənim o günlərim, o dəmlərim, kurort qalmadı məni gəzdirməsin... İndi qalmışam aciz-avara... Atan sağ olsaydı sən çoxdan doğmuşdun. – Arvadın gözünün yaşı qurumuşdu, xeyli də toxtamışdı. – Aparmışdı indi səni Moskvaya, Leninqrada, yoxsa bu əfəl oğlu əfəl oturub gözləyir ki, arvadı haçan doğacey... Qaynanam nə çarə qılacey...
– Bəsdi, mama! – Qız anasının oxşamağa başlaması ilə ötüb getmiş ağlamaq həvəsinin yerində hikkə əmələ gəldiyini hiss eləyirdi. Yanağından bir damcı soyumuş göz yaşını əli ilə sildi. – Bir şey olmamış düşürsən onun üstünə. Yetimxanada böyüməyinin də günahı ondadı? Ata-anasını özü öldürməyib ki? Yetimliyi özü öz xoşuna seçib?
– Hə, hə... inan onun nağıllarına. Atası da olub, anası da... Hələ yadına düşür ki, atası şirniçi imiş. İkimərtəbəli evləri, bağ-bağçaları... Allah, sən saxla, göz dəyər. O bic doğulub yetimxanaya atıldığını boynuna almaq istəmir, ona görə də sənə nağıl qoşub düzür, bilir ki, səni beş-altı yaşında uşaq da çaya susuz aparıb susuz gətirər.
Qız çətinliklə kreslodan qalxıb hikkə ilə dedi:
– İndi nə deyirsən, mama? Boşanım bu qarınla oturum evin bir küncünda? Ya özümü öldürüm? Bəlkə atım özümu balkondan aşağı?
Ana diksindi və qorxa-qorxa baxdı qızına. Səsi xeyli yumşaldı.
– Axmaqsan ey, vallah, axmaqsan. Ağəz adamın hövsələsi daralanda min cür şey deyər də... Şəhərdən xəbərin yoxdu ey, xaraba qeyniyir, sən də durub... Heç bilmirəm səni tək qoyub necə gedəcəyəm? Ərin də gecənin yarısı qayıdır evə. İş tapıb! Nə iş görür ey o?
Qız arvadın əhvalında, sözündə-sovunda baş verən bu qəfil dəyişikliyi qəbul edə bilməyib susdu və üzünü anasından çevirib pəncərəyə yaxınlaşdı. Bir neçə yerindən büzmə ilə yığılıb qırçınlatdığı yasəməni rəngli tül pərdədən bayıra baxdı. Həyətin tən ortasında xeyir-şər üçün nəzərdə tutulmuş və ən ağır anında çoxunun köməyinə çatmış tikilinin sink damı bozarırdı. Anasının nəfəsini arxasında hiss eləsə də dönmədi. Arvad onun kürəyini yavaş-yavaş sığalladı və bu işi davam etdirə-etdirə dedi ki, indi gedirəm şəhərə (Bakını nəzərdə tuturdu), xalovu ürəyim istəyir, neçə gündü düşüb başıma, həm də bir görüm nə var, nə yox. Elə sənin işivi də bir gənəşim. Uzağı sabah qayıdaciyəm.
– Məni tək qoyub gedirsən?
– Tək niyə? Ərivə nə gəlib? – Arvad istehzadan xali olmayan təəccüblə soruşdu. – İstəsən qızı çağır gəlib otursun yanında, Yetim gəlincə. Tilfon da allaha şükür əlivin altında, bir şey olsa zəng elə, lap elə xalongilə. Skorunun da nömrəsini bilirsən.
Qız dönüb anasını qucaqladı:
– Bu gün getmə, mama! Qorxuram.
– Allah ağlıvı alsın! – Ana bunu o qədər isti, mehriban dedi ki, qızın gözləri yaşla silələndi. – Başladı... – Ana da kövrəldi. – Allah səni kimə oxşadıb belə aciz yaradıb? Kimə oxşadın sən?
Hər ikisi bir müddət susdu. Arvad nəhayət dilləndi:
– Rəhmətliyə çox oxşayırsan, o da pilə kimi yumşaq, həlim xasiyyət idi. – Arvad bu sözləri deyəndə qızının gözlərinə baxmaqdan çəkindi. – Bir adama güldən ağır söz deməzdi. Ona görə də qara torpaq tez apardı onu, nə özü bir gün gördü doyunca, nə də biz... – Arvad dərin bir «ah» çəkdi. – Nəysə, sözlə açıb ağardılası dərd dəgil bu, yaram sızıldayır, yandırır məni. Çörək-zad yemisənmi? – Cavab gözləməyib mətbəxə keçdi, qaz plitəsinin üstündəki qazanı açıb baxdı və deyinə-deyinə geri qayıtdı.
– Necə qoymuşam xörəyi, elə də qalıb, yeri ilə durur. – Səsini qaldırdı. – Yaxşı özüvə yazığın gəlmir, barı o tifili qoy gözüvün qabağına, axı o səndən yeyir, qidalanır.
– Qidalanmır! – Qız hirslə dedi və yenə də gözləri yaşla silələndi. – Elə bil...
«Ölüb» sözünü dilinə gətirə bilmədi. Bu müdhiş söz bir neçə gündü ananın da fikrində fırlanır, zəhlətökən milçək kimi əl çəkmirdi ondan. Söz özü gəlib girirdi beyninə, dilinin ucunda hərlənir-fırlanırdı. Odur ki, qızın «ölüb» kəlməsini deyəcəyindən qorxub əli ilə onun ağzını qapadı.
– Vallah, pisniyabətsən, pisniyabət. Bayaq yolda bir arvad gördüm, elə söz düşdü. Deyir beş oğlum var, hamısını da on aylığında doğmuşam. Deyir, di gəl, maşallah, buz baltası kimidilər. İndi biz də durub... Qalx, get üzüvə bir-iki ovuc su vur. Gərək gedəyə deyəydin bu gün bir az tez gələydi. Özün də otur çörək ye. Yeri, yeri, göz yaşı hələ heç kimin dərdinə dərman olmayıb, olsaydı elə mənə olardı. Atandan sonra düz bir il ağladım, göz yaşım qurumaq bilmədi...


Həyətə girib blokun ağzındakı vəziyyətdən müəyyən elədi ki, heç bir dəyişiklik yoxdur. Qeyri-ixtiyari başını qaldırıb üçüncü mərtəbədəki eyvana baxdı. Heç kəsi görmədi. Nəyə baxırdı o eyvana, niyə hamiləliyi ilə ondan daha da uzaqlaşmış, yeddi ağac yadlaşmış və ümumiyyətlə heç vaxt doğma olmamış qadını axtardı gözü? Bəlkə özünü göstərmək, ona gizli həsədlə baxan və bundan o yana getməyəcəyini bildiyi qadının mövcudluğuna bir daha əmin olmaq istəyirdi? Hər halda onların arasında yalnız ikisinin bildiyi ümumi bir şey vardı və bunun məzmunu nə ona, nə də o birinə məlum deyildi. Amma bir şeyə qəti əmin idi ki, o gəlinin taleyinə qətiyyən biganə deyil.
İçəri girməyə tələsmirdi. Hərdən qulağına xalasının səsi dəyirdi, bəzən onun sözlərini də ayırd edə bilirdi. «Ay allah, niyə sən buna bu qədər zülm eləyirsən?» Səsdə yorğunluq və bu vəziyyətdən zinhara gəlmiş adamın hövsələsizliyi hiss edilirdi. Görünür huşsuz halda can verən adamla iki gecə-gündüz əlləşmək zinhara gəlməyə kifayət eləyir.
Qərib yaxınlaşdı ona və dirsəyindən tutub üç-dördü qalmış qonşulardan bir az qırağa çəkdi:
– Hardasan? Üç saatdı getmisən, adama nə deyərlər?
Dostunun solğun parça kimi sarımtıl rənginə, batmış ovurdlarına, çənəsindəki üç-dörd irinli xırda sızağa baxıb fikirləşdi ki, bu bədbəxt niyə belə kifirdir? Gözləri, lap həyət itinin gözlərinə oxşayır. – Getdim teleqram vurdum kəndə-kəsəyə, dedim sonra gec olar, baş qarışar, yaddan çıxar. Gedəndə dedim ki sənə.
– Uşaqlardan birini göndərə bilərdin. Yeganə də harasa getdi. Arvadı tək qoymusunuz...
– O hara getdi? Demədi?
– Dedi şəhər qarışıqlıqdı, gedim bir dükana dəyim, işçiləri buraxım. Mitinqi gördün?
Təəccübləndi və:
– Nə mitinq? – dedi. – Elə şey görmədim. Amma bir narahatlıq, həyəcan var küçələrdə. Belə dəstə-dəstə gedirlər o tərəf-bu tərəfə...
Qəribin gözləri işıqlandı.
– Müsibət var ey qarkomun qabağında. Millət bütün meydanı tutub. Azı bir otuz min adam olar... Elə bir ucdan da gəlirlər.
– Nə istəyirlər?
– Qarabağ məsələsidi də. – Qərib hirsli-hirsli danışdı. – Camaatımıza xarabada qan uddururlar, qovub evlərindən-eşiklərindən eləyirlər, didərgin salırlar... Bu bədbəxtlər də tökülüb gəlirlər bura. Katejdə bilirsən nə qədər gəlmə var. Adam adam üstünə çıxır... Söhbət uzundu ey, sən bir keç içəri, sonra çıxarsan.
Qərib onu mehribanlıqla kürəyindən evə tərəf itələdi və özü qonşulara yaxınlaşdı.
Könülsüz bloka girib yarıaçıq qapıdan içəri girdi. Qapının ağzı cürbəcür arvad çəkməsi, şəpidi və sürütməsi ilə dolu idi. Arvadların xısın-xısın səsi bura çatırdı. Bir istədi geri qayıtsın, amma yaxşı deyildi, özünü xalasına, elə tükü-tükdən seçən və heç nədən bir kitablıq qiybət, söz-söhbət düzəldən qonşu arvadlara göstərməli idi. Göstərdi də.
Arvadlar bir tərəfdən divar dibi düzülmüş döşəkçələrdə bardaş qurub oturmuşdular, hamısı da xəstənin açılıb-yumulan ağzına baxırdı, guya çıxan canı görmək ümidində idilər. Xalası xəstənin yanında oturmuşdu və dinib danışmadan naməlum bir nöqtəyə baxırdı. Elə bil onun hənirini aldı, başını qaldırıb ağı havasında dedi:
– Telqrama vurdunmu, ə? Dedinmi ki, xalam ölüb götürəni yoxdu? Dedinmi ki... dedinmi ki... – Qəhər sözünü bitirməyə qoymadı. Arvadlardan bir-ikisi burnunu çəkib yerlərində yırğalandılar.
– Dedinmi ki... – Arvad özünü ələ alıb toxdadı elə bil və davam elədi. – Dedinmi ki, yəəsiz, qarabaxt xalam bir də yəəsiz qaldı qərib şəhərdə?
Xalasına cavab vermədi. Buna ehtiyac da yox idi. Ayaqqabılarını çıxarıb içəri keçdi, otaq uca boyundan elə bil balacalaşdı, tavan aşağı endi. Ehtiyatla xəstəyə yaxınlaşdı və ayaq tərəfinə keçib kişiyə baxdı. Sonra çöməlib əlini alnına qoydu. Xəstə elə bil bu təmasa bənd imiş – gözünü açdı. Qadınlardan biri heyrətlə içini çəkib:
– Allah amansan! – dedi. – Bildi ey, az gədənin gəlməyini...
– Az, sən bir kiri, bəlkə eşidir yazıq. – Başqa bir qadın ikinciyə ərklə, böyük ədası ilə təpindi.
Fuadın qəhər tıxanmış xirtdəyi göynədi. Səsini boğub bir-iki ağız öskürdü və hiss elədi ki, ağlamaq güc gəlir ona, sifəti özündən icazəsiz əyilir, qırışır. İstəmədi ağlamaq sifətini əyib təhrif eləsin, bu qədər qadın gözü baxırdı ona, kədəri təbii, ürəkyandırıcı olsa da bu saat necə görünməsinin onu narahat etməsinə təəccübləndi.
Atasının alnına qoyduğu əli yapışqan kimi soyuq tərdən islanmışdı.
– Can, papa, alnın buz kimidi.
– Gə belə, qadan alım. – Bunu deyən evlərinə tez-tez gəlib-gedən və bütün həyət uşaqlarının hamısı kimi onun da «mama» dediyi kök, hallıca-dulluca arvad idi. – İlahi nə yazıb o da olasıdı.
Arvadın sözünə baxıb ayağa qalxdı və dəhlizdə tərdən nəmişmiş əlini şalvarının dalına silib həyətə çıxdı.
Kişilərdən yoğunu dedi ki, vallah, qorxuram zavodu-zadı partlatsınlar.
– Nə desən çıxar onlardan. Qəlbləri o qədər paxıl, o qədər çirklidi ki. – İkinci kişi dedi. – Çörəkləri də dizlərinin üstündə, yaxşılıq-zad qanan millət dəyil. Hamısını təcili şəhərdən çıxartmaq lazımdı.
– Vallah, heç baş açmalı dövran deyil. – Qərib yaşlı-ahıl adamlar kimi dedi. – Amma nə təhər çıxardasan şəhərdən, evləri-eşikləri, eləsi də var ki, lap burda doğulub.
– Bəs bizimkilər yerdən çıxmışdılar? – Təklifi verən kişi idi. – Yoxsa Qafan, Gorus, Zəngəzur onlarındı? Öldürdüklərini öldürüblər, qalanlarını da top-tüfəng gücünə qatıb qabaqlarına qovalayıblar üzübəri. Gərək biz də onları burdan qovaq. Deyir neynəyənin qabağına neynəməsən deyər nəyi yoxdu!
– Əşi qoyurlar ki? Elə deyirlər susun, biz dostuq, qardaşıq.
– Neynək, qoy desinlər, – kişi sirli-sirli dedi. – Görməmisən o ağacların dibinə tökülmüş qənbərləri?
– Yox, nə qənbərdi heylə?
– Qənbərdi də, daş. Elə bil yığıb gətirib töküblər. Hazırca silahdı də.
– Əşi, qoy oturmuşuq. – Yoğun kişi doğrudan da təəccübləndi. – Yanı deyirsən... Ə, bəlkə burda şeytan barmağı var?
– Bilmirəm, – yoğun kişi yenə də mənalı-mənalı dedi. – Amma onu bilirəm ki, nəsə olacaq, ürəyimə damıb, özü də heç bizimkilərin işi deyil bu. – Fuaddan soruşdu. – Nətəərdi? – Başı ilə evə işarə elədi.
– Nə təhər olacaq? – Qeyri-müəyyən cavab verdi.
– Bundan sonra nə təhər olasıdı? – Yoğun kişi dedi. – Yazıq, bədbəxt oğlu bədbəxt bir gün görmədi. Elə indi-indi uşaqları yekəlmişdi, əli çörəyə çatmışdı, vurdu allah yıxdı böyrü üstə.
Qızılı muncuqlardan yığılmış təsbehi oynadan, geyim-keçimi ilə qalanlardan seçilən göbəkli oğlan siqaret çıxardıb yandırdı və:
– Bu təsbehi götürmüşəm, siqareti tərgidəm, – dedi. – Tay da əvvəlkindən çox çəkirəm.
– Rəhmətlik də yaman papiros çəkən idi. – Yoğun kişi səhv buraxdığını dərhal duyub dilini dişlədi. – Fuad, oğlum, sən allah bağışla məni, ağzımdan çıxdı.
Fuad başını tərpədib heç nə demədi.
– Vallah, aləm elə qarışıb ki, adam sözünü-sovunu da qarışdırır.
Maşın səsi pərtliyi əritdi. Hamı dönüb bərli-bəzəkli «Jiquli»yə baxdı. Maşından alçaq boylu, yumru bir oğlan düşdü və hamıya salam verib Fuadın qolundan tutub kənara çəkdi. Bu «Nijni» idi.
– Ürəyivi sıxma, hər nə lazımdı təşkil eliyəcəyik. Hələlik üç yüz verirəm, sonra...
– Lazım deyil, özümdə var...
– Gijdəmə də, belə bir gün hamımız üçün var, yəqin pul da yığılacaq, hamı dost-tanış gələcək... Özün də lap ürəkli ol... Əlimiz də yaxşıdı... – «Nijni» səsini bir az aşağı saldı, – bir ov oldu ki, dünən, hayıf sən yox idin. Bir çuşkanı tamam soyub lüt elədik. Deyirəm, alə bəsdi də, qoy bir az xərcligin qalsın da cibində. Heç eşitmirdi dediyimi e... Lap gic olmuşdu. Deyir hökmən verdiyimi qaytarmalıyam. Dedim, ay uşaq...
Fuad gülümsədi. Bu təbəssüm hamısının yaxşı bildiyi möhkəm qaydaya aid idi. Burada əks tərəfin, yəni müştərinin udması demək olar ki, mümkün deyildi.
– Yerin məlum, bir xeyli qabağa düşərdin.
– Mən nə hayda, sən nə hayda?
– Davay ne budem. – «Nijni» ona göz vurdu. – Bayaq səni bir yerdən çıxan gördüm.
Fuad qıpqırmızı oldu, elə bil sifətinə üst-üstdən şillələr yağdırdılar. Baxışlarını heç vaxt sevmədiyi, bunu gizlədə bilmədiyi oğlandan gizlətmək üçün aşağı baxdı.
– Mən elə bilirdim o bu şəhərdə yaşamır. – Gülümsədi. – Amma az qalıb. Armyanka deyil o?
– Ayrı şeydən danışaq! – Fuad çox soyuq və qəti dedi.
– Pah! Hələ də sevirsən onu?
– Dedim ayrı şeydən danışaq. – Fuad bir də təkrar elədi və «Nijni» bu səsdə hədə hiss elədi.
– Xətrivə dəyməsin, dostumsan deyirəm, indi erməni ilə oturub-durmaq apasnıdı. Şəhər qaynayır, camaat onların əlindən cilov çeynəyir. – «Nijni» qayğı və bir qədər həyəcanla dedi. – Yazıqdı, ona de çıxıb getsin şəhərdən.
– Sabah gedir, – deyib «Nijni»dən aralanmaq istədi. Oğlan onu saxladı və bayaqkı söhbəti unutmaq üçün dostcasına dedi:
– Alə, bir dayan da... Mən gedirəm, evdəyəm, bir şey olsa xəbər elə. İstəyirsən maşını qoyum qalsın. Birdən lazım olar.
– Yox, lazım deyil, sağ ol, Qərib burdadı.
– Onda mən sürüşüm, – «Nijni» dedi. – Bütün gecəni yatmamışam. Mən ölüm alkaşa bax, dünən axşamdan ayaq üstə dayana bilmir, ləngər vurur yerində, soruşmursan hardaydıq?
Soruşmağa ehtiyac yox idi. Oyunda əlləri yaxşı gətirəndə özlərini verirdilər Ceyranın evinə.
– Bilirəm də. – Fuad biganə dedi. – Ceyrandan başqa hara var hara gedəsiniz?
«Nijni» güldü və maşının qapısını əda ilə açıb oturdu, açarı yuvaya sala-sala:
– Qızlar səni soruşdular. O da dedi ki, Fudiksiz nə kayf? Mən də dedim ki... – Maşın tərpəndi.

Avtobus qaynananı daha silkələmir, yavaş-yavaş, yüyrük kimi yırğalayır, şirin mürgü gətirirdi. Göz qapaqları heysizləşib aşağı sürüşürdü. Ətli yanaqları yuxudan ağırlaşıb sallanır, onu olduğundan xeyli qoca göstərirdi. Daha motorun səsini eşitmir avtobusda bir-birinə qarışıb şəhərdə baş verən hadisələrdən danışan sərnişinlərin səsi ona çatmırdı. Başı sinəsinə düşdü.
Birdən çağırdılar onu: nə kişi səsiydi, nə qadın, elə bil mələk danışırdı və bu səs qanına işlədi, bədənindən lap çoxdan yadırğadığı, bəlkə də unutduğu bir həyəcan keçdi. Ürəyi tir-tir titrədi. Səs bir də eşidiləndə qadın az qaldı qışqırsın, amma nəsə onu saxladı. Üstündən sürüşməkdə olan ipək üzlü yorğanı ikiəlli tutub çənəsinin altınacan çəkdi və onda bildi ki, tamam lütdü. Sərin ipək bədənindən soyuq ilan kimi sürtünüb keçdi. Nədənsə yorğan canına yapışmırdı. «Allah amansan...» Ərsiz qaldığı illərdə bir dəfə də olsun yatağa lüt girməmişdi. Dulluq dövründə hər yatağa girəndə kişi qoynunda olmaq, lütlənmək keçmişdi ürəyindən, göz yetirən də olmuşdu ona, tamah salan da, amma nəfsinə qurban verməmişdi «qiriyətini», qoruya bilmişdi özünü naməhrəm nəfəsindən. İndi bu nə hoqqa idi, bu yaşında bu nə müsibətdi? Qadın titrəyə-titrəyə yorğandan daha bərk yapışıb bütün bədəni ilə ona yaxınlaşmaqda davam edən isti hənirin sahibini görmək üçün gözlərini açdı və çarpayının yanında dayanıb qapqara gözləri ilə onu yeyən pişiyi görəndə içini çəkdi; yorğanın altında yığışıb-açıldı.
– Qorxma, mənəm... – Pişik qadının bayaq eşitdiyi mələk səsilə dedi, sonra da qəribə bir maraqla ona baxmaqda davam elədi. Qadın bir əlini yorğandan çıxarıb stulun başından donunu götürüb elə yorğanın altındaca geyinmək istədi, cəsarət eləmədi. Pişik ona pişik kimi deyil, kişi kimi baxırdı. Elə bil onun içində qadın üçün əldən gedən sıyıq, şorgöz kişi oturmuşdu.
– Mənə sözün var? – Pişik elə adi pişik kimi atılıb çarpayıya çıxdı. Oradan da qadının üstünə qalxıb yorğandan aydınca bilinən qarnının altında özünə yer elədi. – Qadın tərpənməyə, nəfəs almağa qorxdu, həm də bu ağırlıqdan və yorğandan canına keçən hərarətdən həyəcanlandı. Pişik deyəsən qadının içində qaynayan və getdikcə güclənən qəribə dəyişiklikdən xəbərdar idi. Qadının sim kimi dartılmış bədəni açıldı, yorğanı bərk-bərk tutan əlləri boşaldı. Pişiksə daha da ağırlaşırdı. Qadın gözlərini açıb başını bir balaca dikəltdi ki, görsün bu nə ağırlıqdı belə, bu pişik niyə zindan kimidir? İlahi! Pişik nəsə deyir və dedikcə də irilənir, yekəlir və pişik cildindən çıxırdı. Qadın qorxu və həzz qarışıq bir hissin altında qışqırdı.
– Qorxma! – Sehrli səslə birgə pişiyin qaynar nəfəsi qadının sifətini yandırdı. – Hamı elə bilir mən pişiyəm, – pişik nəfəsi kəsilə-kəsilə pıçıldadı, – amma elə deyil, mən oğlanam, hələ bir qardaşım da var, bir-birimizi itirmişik, tapışanda dönub təzədən adam olacağıq... Adım da Məsidir, istəyirsən aç gözlərini bax... «Niyə qışqırmırsan, niyə pişik cildinə girib camaatın arvadına-qızına sataşan bu oğraşın üz-gözünü cırıb qanatmırsan? Yoxsa xoşuva gəlir, canıva sarı yağ kimi yayılır? Bəs hanı sənin kişi qiriyətin? Elə buracanmış sənin qiriyətin? Burax!!!»
– Burax! – Qadın üstündə oyun çıxaran pişiyin altından qurtarmaq, çapalayıb onu yerə salmaq istədi. Gücü çatmadı. Nəfəsi darıxdı və o hövllə bir də qışqırdı: – Burax məni! Burax!!!
«Bissimillah!» Qadın yanında oturub qəzet oxuyan orta yaşlı miyanə görkəmli kişiyə baxıb pəncərəyə sarı sıxıldı. «Şoqərib!» Gizli salavat çevirdi. Alt paltarı tərdən nəm idi. «Şoqərib! Bu nəydi belə? Allah, allah... Xətası çıxacaq bunun... Allah, sən saxla!» Ürəyi hövl elədi. Birdən qalxdı yerindən.
– Saxla! Saxla avtabusu, saxla! – Var gücü ilə qışqırdı və qonşusunu bastalayıb çətinliklə çıxdı yerindən. – Saxla dedim. – Oturacaqların arasında dayanmış adamları itələyə-itələyə qabağa keçməyə çalışdı. – Saxla, saxla... – Quru-quru hönkürdü. – Balam qaldı, balam tək qaldı... – Ayaqları öz-özünə, ondan icazəsiz dizlərindən qatlandı. – Allah, özün çat balamın dadına. – Oturacaqlardan, ayaq üstə dayanıb mat-mat ona tamaşa eləyən adamların üst-başından tuta-tuta çökdü yerə.


Ürəyinə qəribə təşviş salmışdı «Nijni»nin sözləri. İstədi bir soruşsun ki, axı nə olub ey, nə hazırlanır, nə hadisə olmalıdır ki? Soruşmadı. Bir yerdə işləsələr də, az qala eyni cür geyinsələr də, «Nijni» hamıdan çox onu saysa da sevmirdi onu. Az-çox ürək qızdırdığı, sevdiyi bir dostu vardısa bu şəhərdə o da Qərib idi. Məhəllə cavanları içərisində əlinin halalca zəhməti ilə yaşayan adam da Qərib idi. Nə asan qazanc dalınca qaçıb onların oyununa qoşulur, nə «haram pullarla» qurulan kef məclislərinə gedir, nə onların həyat tərzini pisləyir, nə də onları fırıldaq işlərinə görə qınayırdı. Elə bu axırıncı səbəbə görə uşaqlar ona hörmət eləyir, «qəribəliklərini» bağışlayırdılar.
Sulfanol istehsal edəp kimya zavodunda ən ağır və ən çox da pul verilən zəhərli sexdə işləyirdi. Əlbəttə onun donluğu uşaqların küçə oyunundan qazandıqlarından qat-qat az idi, amma yaşamaq üçün ikinci yolu tuta bilmirdi. Qəribin lap uşaqlıqdan beyninə yeritmişdilər ki, insan halal zəhmətlə, namusla qazandığı ilə yaşamalı, cəmiyyətə fayda verməlidir. İnsan həyatının, yaşayışının mənası da elə bundadır. Qərib bir şeyə də inanırdı ki, insan həmişə aza qane olmalıdır və heç vaxt pis yaşayışından gileylənməməlidir, elə gileylənməzdi də. Ehtiyac içində boğulduğu geyimindən-keçimindən, üz-gözündən, davranışından bilinsə də heç vaxt tamahsılanıb onların «qumar» adlandırdığı oyuna qoşulmazdı.
Dost kimi münasibətləri də qəribə idi. Fuad guya allahdan bütün günahları bağışlanan böyük və ərköyün qardaş idi. Tanrı ona boy-buxun, gözəllik və hamıda, xüsusilə, məhəllədə özünə hörmət oyada bilmək qabiliyyəti vermişdi. Qəribdə isə bütün bunların əksi idi.
– Dunəndən fikirləşirəm ki, beş ildənmi, on ildənmi, lap otuz ildənmi sonra biz də beləcə can verəcəyik. – Qərib ona asta-asta yaxınlaşdığı kimi, asta-asta da həqiqi kədərlə dedi. – Ölüb min ilin ölüsünə tay olacayıq.
Siqaretini çəkə-çəkə qulaq asırdı Qəribə. Hərdən ikilikdə qalanda Qəribin belə filosofluq eləməyi də vardı və mütləq də deyərdi ki, sən məni yaxşı başa düşürsən, Fuad. O da Qəribi dinləməyi xoşlayırdı. Məhəllə uşaqlarının heç biri Qərib kimi dünyadan, onun mənasından, keçmişdən, gələcəkdən danışmazdı. Onların söhbətlərinin mövzusu pul, maşın, dəhşətli qəzalar və əxlaqsız qadınlardı. Bütün bunları Qərib eləmirdi və onlar haqqında danışmırdı da.
– Nə qalacaq bizdən sonra?
Dönub siqaretin tüstüsünü üzüyuxarı buraxdı və Qəribə baxdı. O isə davam edirdi:
– Nə gördük, nə verdik bu dünyaya ki? Nəyə gəlmişdik, niyə gedirik, ən dəhşətlisi budu ki, biz necə bədbəxt olduğumuzu, necə mənasız yaşadığımızı heç qanmırıq da. – Qərib əlləri ilə başını tutub sıxdı və buraxdı. – Yəni bizim adicə heyvanlardan fərqimiz olmamalıdır? Niyə biz insan kimi yaşamırıq?
Fuad iztehza ilə baxdı ona:
– Yaşa də! Kim sənə mane olur, kim qoymur? Hünərin var, yaşa.
Qərib papiros çəkən olmasa da ondan siqaret istədi.
– Çəkmə, sən papiros çəkəndə piyan olursan, başın hərlənir. Sonra başlayırsan camaata sataşmağa. – Fuad güclə gizlədilən məhəbbətlə dedi.
– Mən sataşıram? – Qərib guya təəccübləndi, solğun yanağına yüngül qızartı gəldi. Onun utanıb qızarması Fuadı əyləndirdi və o gülümsəyib Qəribin siqaretini yandırdı.
– Bir dəfə apardıq ki, əlin bir yaxşı şeyə dəysin, başladın qəzəl oxumağa, elə bildin hamı Fuad kimi ağzını açıb qulaq asacaq sənə.
Qəribin qızartısı daha da artdı.
– Nahaq onda məni apardın ora. Sən üz vurmasaydın...
– Mən nə bilim ki, sən orda kef çəkmək əvəzinə camaata tərbiyə verəcəksən.
Qərib siqaretini sümürdü və:
– Heç cür özümə bağışlaya bilmirəm, – dedi. – Elə bil.... elə bil mundar bir şeyə toxunub yuyunmamışam.
– O idi mundar? Onun ki bədəni işıq saçırdı. Özün gedib ilişdin o silyotkaya, yazığın gəldi.
– Sən heç vaxt məni başa düşməyəcəksən. – Qərib dedi və siqaretini sümürdü. Sönmüşdü. Səriştəsiz bir tövrlə yandırmağa çalışdı. – Çünki sən mənəvi təmizliklə hamam təmizliyini eyniləşdirirsən.
Fuad yenə də gülümsədi və bu təbəssümdə Qəribə münasibətdə bir alicənablıq, onun günahlarını, bəzən qəlbə dəyə biləcək acı sözlərini bağışlamaq meyli vardı. Qərib onun təbəssümünü gördü və bir növ üzürxahlıq əvəzinə dedi:
– Xəbərin yoxdu ey neynirdi?
– Mənim xəbərim yoxdu? İndi onu mənə sən tanıdassan? Bir də niyə hirslənirdin ki, sənə kayf vermək istəyirmiş də. Burda... əksinə, ona görə gərək pulunu bir on-on beş manat da artıraydın.
– Bəsdi! – Qərib pərtliyini gizlətmək istədi. – Hər şeyin, lap əxlaqsızlığın da həddi-hüdudu olmalıdı.
Alkaş yaxınlaşdı onlara. Səsindən tir-tir titrədiyi hiss olunurdu. Altı kölgə salmış gözlərinin ağı saralmışdı. Sifətində mənasız bir təbəssüm donmuşdusa da adama elə gəlirdi ki, bu dəqiqə ağlayacaq.
– Siqaretin var? «Prima»?
Fuad əlini cibinə salıb «Kosmos» çıxartdı və dedi:
– Sənin üçün nə fərqi, nədi? Təki siqaret olsun. Götür.
Alkaş titrəyən barmaqları ilə qapağı açıq qutudan bir siqaret çıxartmağa çalışdı. Bacarmadı və soyuqdan titrəyən adam kimi:
– Bütün içalatım əsir, – dedi və nəhayət siqareti götürə bildi. Fuad onu yeni sınaq qarşısında qoymamaq üçün kibrit çəkib yandırdı. Alkaş birinci qullabdan sonra dərindən öskürdü. Öskürməkdən çox böyürməyə oxşadı. Sonra Qəriblə Fuadın baxışları altında siqareti tələsə-tələsə dərin qullablarla sümürüb yarıya çatdırdı və guya ki bundan sonra bir qədər dincəldi.
– Az çək də o zəhrimarı, – Qərib dedi. – Onsuz da...
– Nə onsuz da? – Alkaş dava eləmək istəyi ilə gözlərini bərəltdi Qəribə. – Genə başımıza ağıl qoyacaqsan?
Qərib bu sözlərdəki nifrəti nifrətlə deyil, bir qədər təəccüb və mərhəmətlə qarşıladı.
– Deyirəm yazığın gəlsin canına. Niyə özünə qəsd edirsən?
– Sənə nə var? Can mənimdi özüm bilərəm. – Alkaş yenə də dava havasında cavab verdi. – Yoxsa sən bu oğraş şəhərdə yüz il yaşamaq istəyirsən? – Alkaş pis-pis güldü. – Sən nə çəkirsən, nə içirsən, nə bazlıq eləyirsən, noolsun? Bəlkə pəhlivan kimisən? Burnunu tutsan canın çıxar. – Qəribin burnundan tutmaq istədi.
Fuad onu geri itələdi:
– Qudurma!
– Nədi, düz demirəm? – Alkaş müvazinətini güclə saxladı. – Məndən betər sapsarıdı.
– Dedim sox yerinə!
Alkaş itaətkarlıqla susdu və siqaretini sümürə-sümürə aralandı onlardan.
– Yeganə gəlir, – Qərib qızın gəldiyi səmti göstərdi Fuada. Qız iri addımlarla yeriyirdi. Fuad «hanı» deməyə macal tapmamış yetirdi özünü və hələ beş-altı addımlıqdan həyəcanla dedi:
– Kak tam?
– Elə heylədi. Dəyişiklik yoxdu. – Fuad dedi və bir qədər incik səslə soruşdu. – Sən hardasan?
– Xəbəriniz yoxdu ey şəhərdən. – Qız qardaşının sualını cavabsız qoydu. – Hamı yığışıb mitinqə. Dəstə-dəstə elə hey axırlar qarkomun qabağına. Başda gedənlər də heç bura adamına oxşamırlar. – Qız sirli-sirli dedi.
– Bəs kimlərdi? – Oğlan hələ də incik idi.
Qız bu incikliyi hiss eləsə də özünü o yerə qoymurdu.
– Qardaş canı heç şəhər adamı deyillər, gəlmədilər. Belə banditə oxşayırlar. Azərbaycanca danışsalar da erməniyə oxşayırlar. Özləri də camaatı ermənilərin üstünə saldırırlar.
– Nə deyirlər axı? – Qərib dilləndi. – Bəlkə qaçqınlardandı?
– Nə bilim? – Qız dedi. – Elə yapışıblar ki, erməniləri şəhərdən çıxartmaq lazımdır. Məni qınayan olmasa... Vallah biri lap əsl erməni idi. Burnu semyorkaya oxşayırdı.
– İndi deyirsən erməni ermənini qovmaq istəyir? – Qardaşı şübhə ilə soruşdu.
– Nə bilim? – Qız həyəcanla, əl-qolunu ölçə-ölçə danışırdı.
Aralıda dayanmış üç-dörd kişi söhbəti eşidib onlara yaxınlaşdı.
Yoğun kişi sirli-sirli dedi:
– Adamın ağlına min cür şey gəlir, deyirəm bəlkə bu provakasiyadı. Erməni elə bic haramzadadı ki, ondan nə desən çıxar.
– Allah onların evini yıxsın, qarınları qurdla doludu. – Başqa bir kişi dedi. – Nə bilirsən indi nə yapırlar.
– Bir padruqam var, – qız dedi. – Zberkassada işləyir, deyir ki, neçə gündü ermənilər nə qədər pulları var çıxardırlar. Deyəsən gedirlər.
– Allah ağzından eşitsin. – Yoğun kişi dedi.
Fuad barmağını dişlədi. Müəllimənin sözləri düşdü yadına.
– Onların anasını ağlatmaq lazımdı. – Yoğun kişi yenə də fəallıq göstərdi. – Ə, yox ey, o gün bizdə biri var, utanmaz-utanmaz nə desə yaxşıdı?
– Kimi deyirsən?
– Ə, bizdə işləmir, o dığa köpəy oğlu, mən yetirmişəm ey əlini çörəyə, bax bu canım ölsün, yalan deyirəmsə...
– Səni istəməyən ölsün, – o biri kişi dedi.
– Dedim yazıqdı dayna...
– Lap nahaq yerə! – Qız qəti dedi. – Onlara yaxşılıq var?
– Elə onu de, – yoğun kişi qızın sözünə haqq qazandırıb sözünə davam elədi: – Deyir versinlər də Qarabağı, əvvəlindən bizim olub. Sən öl nə təhər hirs vurdu başıma. Dedim yalançının... ağzımdan çıxanı yapışdırdım ey. Dedim, ə, köpolu, bizimlə torpaq əkmisiniz, şərikli malımız var sizinlə? İndi at ilxısı köpək sürüsü kimi artıb çoxalmısınız, daraşmısınız torpağımıza ki bizimdi? Sən öl, Fuad, düz getdi. – Güldü. – Hə, dedim ki, özü də artırsınız bizim kişilərin hesabına, həmişə qarabağlı gədələr İspanakertə kürsəyə gedərdilər.
Fuaddan və Qəribdən başqa hamısı qəhqəhə ilə güldu. Qız da əlini ağzına tutub gülüşünü sıxdı.
– Sən yeri evə! – Fuad bacısına təpindi.
Qız könülsüz də olsa evə getdi. Yoğun kişi bir az da açılışdı.
– Sən öləsən, Qərib, mən arvad nə olduğunu birinci dəfə orda bilmişəm. On yeddi yaşım vardı, getdim xarabaya gavalı satmağa, bizdə axı tez yetişir. Hə, nə qazanmışdımsa elə oradaca getdi bir harsının badına. Lüt-yalın qayıtdım evə. Dədəm yazıq dedi ki, a kopolu, saa demədimmi ki, ora pul qazanmaq yox, pul xaşdamax yeridi?
Yenə də gülüşdülər.
– Mən də indicə şəhərdən gəlirəm. Vallah, şəhər bomba üstündədi. – O biri kişi dedi. – Bəs elə bil bu saat partlayacaq. Milsəner-zad da yoxdu ey, heç gözə dəymir. Bu gecədən salamat çıxsaq böyük işdi.
Fuad birdən qalxdı yerindən. Ciblərini yoxladı və Qəribə dedi:
– İki qəpikliyin var?
– Neynirsən? Gedək bizdən danış, – Qərib dedi.
– Yox, ikiqəpiklik lazımdı.
Tələsik çıxdı həyətdən və qonşu binanın kəlləsinə vurulmuş avtomat telefona yaxınlaşdı. Fikirləşdi ki, çətin işləsin bu it ilindən qalma aparat, çox güman ya dəstəyini qopardıblar, ya da nömrə diyircəyi sındırılıb. Xoşbəxtlikdən gümanında yanılmışdı və nə qədər qəribə olsa da telefon işləyirdi. Nömrəni ürəyi əsə-əsə yığdı, barmaqları da sözünə baxmırdı. Cavab gəlmədi. Buna baxmayaraq dəstəyi asmır, gözləyirdi.
– Duuu... duuu… duuu...
Dəstəyi asmaq istəyirdi ki, səs kəsildi. Deməli kimsə nəfəsini belə çəkməkdən qorxaraq qulaq asırdı.
– Alo, alo...
Şübhə yox idi ki, qadın götürmüşdü dəstəyi və nəfəsini çəkməyə belə qorxan o idi. Fuad səsini qısıb pıçıldadı:
– Mənəm, eşidirsən? Əgər sənsənsə cavab ver. Slışiş? Eto ya, slışiş?
– Da, slışu, – Qadın pıçıldadı.
Oğlan dərindən yüngüllüklə nəfəs aldı və bəlkə də ömründə ilk dəfə «Allaha şükür!» ifadəsini işlətdi.
– Tı kak tam? Ya volnuyus...
– Ya boyus, mne straşno. Umirayu so straxa. – Qadın boğula-boğula dedi. – Kruqom tak temno, i kak-to...
– Qorxma! Gecə gəlib qalacam yanında. – Slışiş? – Dediyini eləyəcəyinə bir o qədər inanmasa da inadla təkrar elədi. – Eşidirsən? Gəlib qalacam yanında. Çətini bu gecədən salamat çıxmaqdı. Sabah bir şey fikirləşərik.
– Bu gecə? – Qadın təlaşla soruşdu. – Çto qovoryat? Bu gecə nəsə olmalıdır? – Ağlamsındı.
– Yox, yox, heç nə olmayacaq, mən bilirəm, ancaq... qapın dəmirdi, yadımda deyil, dəmirdi, jeleznaya?
– Da, jeleznaya...
– Nə yaxşı! Qapını heç kimə açma, eşidirsən, lap kim olsa açma. Mən gələndə zəng vuracam.
Səsindən bilindi ki, qadın bir qədər toxdayıb. Soruşdu:
– Atan necədir? Kak tam...
– Yaxşı deyil, dəyişiklik yoxdu. Bura bax, işığı da yandırma.
– Yaxşı...
– Sözün yoxdu mənə?
– Sposibo çto zvonil.
– Bilirsən... – Oğlan dayandı. İçərisini qəfil doldurmuş nəvazişin təsiri altında dəstəyin mikrofonunu üç dəfə barmağı ilə sığalladı. Guya mikrofondan qadının hələ yaddaşında təzə olan dodaqlarının isti təmasını hiss elədi. Ehtiras dalğa-dalğa bədəninə yayıldı. Səsi kallaşıb tutqunlaşdı.
– Çto tı skazal?
– Ya tolko seqodnya ponyal, çto lyublyu tebya...
– Net! Ne nado! Eto ni k çemu!
– Demə bu on ili sən içimdə imişsən. Okazıvaetsya ya sovsem ne zabıl tebya...
Qadın yalvardı:
– Zamolçi, ya umolyayu tebya, molçi, i ne qovori... – Dəstəyi asdı. – Du-du-du...


Qəribə işə düşmüşdü. Hava çoxdan qaralmış, saat yeddini keçmişdi, müştəridən isə xəbər yox idi. Oturub özünü, taleyini lənətləyirdi ki, işim həmişə daşdan çıxır. Yüzdən çox armatur hazırlamışdı, iyirmi-iyirmi bağlayıb bir saatdan çox idi ki, müştərisinin yolunu gözləyirdi. Halbuki hələ bir saat bundan qabağa, yəni saat altıya vədələşmişdilər. Əvvəlcə ona çox asan görünən bu işdən elə yorulmuşdu ki, əldən-dildən düşmüşdü. «Ta öldüm!» deyib axırınçı birmetrlik nizəni növbəti qomun üstünə atanda, elə bil olub qalan təpərini də əlindən aldılar, dizləri öz-özünə büküldü, yer onu çəkdi. Oturub içi qara-qırmızı qabar bağlamış, yorğunluqdan titrəyən əlləri ilə siqaret yandırdı. Acı tüstü sinəsinə məlhəm kimi yayıldı. Mədəsinin boşluğunu hiss elədi, amma bircə dəqiqədən sonra siqaret aclıq hissini kütləşdirdi. Bütün canında, bədənində qəribə bir zəiflik, üzgünlük, bir yatıma çıxa bilməyəcək yorğunluq vardı. Bir-birinin üstünə qalaqlanmış nizə qomlarına baxdı, gözündə hər nizə bir onluq idi. Hardandı bu səxavət? Nə qəribə müştəridir? Nəyinə lazımdı bu qədər paslı, ucları itilənmiş armatur? Ürəyinə pis-pis, şübhəli fikirlər gəlirdi, ancaq sifariş aldığı gündən onu narahat edən və getdikcə də artan bu şübhələri bir tərəfə yoza bilmirdi, bəlkə də istəmirdi...
Barmaqlarına baxdı, əllərinin içini, çölünü yoxladı. Neçə yerdən kəsilib, neçə yerdən cızılmışdı. Bütün yaraları, yorğun ayaqları, keyimiş dizləri bir vəziyyətdə uzun müddət dayandığından qırılıb tökülən beli, çiyinləri sızıldayır, göynəyir, zoqquldayırdı. İş prosesində bütün bu ağrı-acılar elə bil növbə gözləyirmiş. Fikirləşdi ki, niyə allah onu yaradanda alnına belə ağır tale, qara bəxt yazıb? Niyə onun xoş günlərini saymaq üçün beşcə barmaq belə artıqlıq eləyib? Ata-anasından (axı yerdən çıxmayıb, yəqin ki, o da bir atanın belindən gəlib, bir ananın qarnından çıxıb) bəlkə də elə böyür-başda, həndəvərində dolanan bacı-qardaşından aralı düşmək, qohum-əqrəbadan təcrid olmaq niyə məhz onun taleyində imiş? İndi də arvadının qəribə hamiləliyi. Niyə onun arvadı hamı kimi vaxtında, abır-həya ilə, qayda-qanunla doğmasın? Niyə o bu qədər həyəcan keçirməli, dərd çəkməli, gözlərini camaatdan, qohum-qonşudan xəcalətlə gizlətməlidir? Axı otuz dörd yaş bir igidin ömrüdür. Düzdü, iyirmi beşdən çox yaş verən yox idi ona, boyu çıxmamış, çəkisi... Nəysə, hamısı ona qalıbmış, bütün pis nə varsa allah yığıb dəstələyib verib qucağına.
Təsəvvür eləyəndə ki, arvadı indi bu saat qarnını dağ kimi qabardıb, qıçlarını aralı qoyub stulda oturub və qarnını əlləri ilə yoxlayır ürəyi ağzına gəlir, dilxor olur, evə getmək istəmir, buz kimi sürətlə əriyib, heçə enirdi. Belə vaxtda qışqırıb «Qurtar, doğ da» demək istəyirdi. «Qoy bizim də canımız qurtarsın, elə o tifil də nəhayət çıxsın azadlığa».
– Axşamın xeyir, kələ!
Diksindi, başını qaldırıb ikinci növbədə onu əvəz eləyən Qurbanı görəndə bir balaca özünü itirdi, daha doğrusu qom-qom eləyib yığdığı armaturların üstünü örtməyə təşəbbüs göstərdi, ancaq gec idi. Qurbanın gözləri dərhal ucları itilənmiş qəribə armaturları aldı.
– Ə, kələ, bu nədi, bunları neynirsən?
Ağlına tutarlı deyil, heç bekara bir yalan da gəlmədi və həqiqəti deməli oldu.
Qurban təəccübünü gizlətmədi:
– Neynir, ə, bunları? – Armaturlardan birini, sonra ikisini götürüb ora-burasına baxdı, əlini vurmaqla itiliyini müəyyənləşdirdi. – Ə, kələ, qorxmursan belə işə girişirsən? Bu ki, soyuq silahdı. Statyası da var: üç ildən beş ilə kimi. Neynir bunu o kliyent?
Heç cavab vermək istəmirdi. Danışmağa nə həvəsi, nə də heyi vardı, ancaq danışmaq istəməsə də, Qurbandan zəhləsi getsə də, suala verəcəyi cavabın ağlabatmaz olduğunu bilsə də dillənməli, Qurbanın yetikliyini təmin eləməli idi, ancaq söhbəti azdırmaq üçün dedi:
– Bəs sən bülletendə deyilsən?
– Dünən qurtardı. – Qurban armaturu yenə də o yan-bu yan çevirə-çevirə, gümüş kimi parıldayan iti ucunu ovcunda, barmağında yoxlaya-yoxlaya cavab verdi. – Kopaqqızı doxdur deyir ki, qızdırman yoxdu, uzada bilmərəm. Dedim on manat versəm nə təhər? Uzada bilərsən?
– Elə heylə dedin? – Sevindi ki, deyəsən söhbət armaturlardan adladı.
– Sən öl, lap heylə dedim.
– Üz var səndə!
– Hələ harasıdı ə, dalına qulaq as. – Qurban armaturu yerə qoyub bir ayrısını yoxladı. – Ağırdı ey zəhrimar. Qayıdıb neynəsə yaxşıdı? Fikirləşmə, sən öl, heç ağlına da gəlməz.
– Sumkasını vurdu başına?
– Nə? – Qurban qarnını tutub guya uğundu. – Nə dedin ə? Ə... ə... bax bu sən öləsən, qırmızıca üzümə dedi ki, indi bülleten on manata yox, iyirmi beş manatdı.
– Heylə şey ola bilməz?
Qurban əlini yanağına şappıldatdı.
– Bu özüm ölüm, sözümdə yalan varsa.
– Lap əla deyib.
– Özüm ölüm məəttəl qaldım. Vay sənin... dedim indi sözümdən utanar, qızarar, cavan gəlindi də, pərt olar. Vay sənin... Demə bu it qızı şeytanın dal ayağı imiş. Qırmızıca-qırmızıca qiymət oxuyur məə, heç gözün də qırpmır.
Qurbanın dediklərini eşitsə də, məzmunu alsa da, ləzzət eləmirdi söhbət. Fikri-zikri ucu işıldayan armaturların yanında idi, daha doğrusu bu armaturların dalınca gəlib çıxmayan qəribə müştəri ilə mübahisə eləyirdi. Guya müştəri gəlib çıxmır, o da qalıb əli qoynunda kor-peşman. Bir variantda da müştəri gəlir, armaturları götürür, amma pul vermir və ya pulu kəsir. Bu yerdə ürəyində hirslənir, hətta rəngi qızarırdı. Hazırda ikinci variantı düşünür və vəziyyətdən çıxış yolu axtarırdı. Yəni pulunu verməsə nə edəcək, nə deyəcək?
– Rəngin niyə boğuldu, ə? – Qurban onun qızardığını görüb soruşdu. – Davlenin var?
Söhbəti yenə də özündən aşırmaq üçün o da öz növbəsində soruşdu:
– Bəs axırı nə ilə qurtardı?
– Heç nə! Dedim mənim bir heylə pulum hardadı, bülletenə verməyə? Poluçkaya da hələ bir həftə var. Dedi onda niyə yanını yerə vermisən, get işlə qazan. Sən öl, bax belə dedi. – Yetimin yığışıldığını görüb soruşdu. – Gedirsən?
– Hə də, yığışım, ta gecdi.
Qurban yenə də armaturları göstərib soruşdu?
– Yaxşı, bəs indi bu soyuq silaha görə səə nə verəcəklər?
– Nə soyuq silah?
– Ə, bu nizələri deyirəm də. – Qurban ucu ağarmış qırmızı çəkməsinin burnu ilə armaturları göstərdi. – Barı bir şeyə büküb sonra bağlayaydın.
Lap dilxor oldu və dişi ağrıyan adam kimi üz-gözünü yığıb könülsüz dedi:
– Gizli nə var ki, burda? Armaturu da özü gətirib. – Qurbanın gözlərində inamsızlığı görsə də davam elədi. – Deyir iki dəfə bağıma girib həyət-bacamı kor qoyublar. Nə qədər ağacı köklü-köməcli çıxarıb aparıblar. İndi bunları dövrələmə hasarın üstünə düzdürəcək ki, içəri keçən olmasın.
Qurban qımışdı.
– Sən də bu gopa inandın?
– Niyə inanmayım ki? – Cığallıq elədi. – Mənə gop niyə eləsin?
– Ə qanmırsan ki... – Qurban sözünü yarıda kəsdi və yerə tüpürdü. – Nəyimə gərəkdi, mən səə görə deyirəm. Başına iş açarsan. Arvadın-uşağın... K stati, nooldu, nəyin oldu?
İçindən bir isti qalxdı ki, həmişə qansız olan qarayanız sifəti nar kimi qızarıb boğuldu. Bir on beş-iyirmi gün olardı ki, bu sualı eşidəndə az qalırdı hikkəsindən cəvərən sinəsi çatlasın, özünü sual yiyəsinin yaxasından yapışıb silkələməkdən güclə saxlayırdı. Elə qışqırıb demək istəyirdi ki, sənə nə var, sən niyə yetiklik eləyirsən. Mənimlə şərikli uşaq əkmisən? Saxlayırdı özünü, ələ alırdı iradəsini, cilovlayırdı qəzəbini. Ancaq bu dəfə elə bil qorxurdu Qurbandan, guya Qurbanın qabağında eyib iş görmüşdü. Odur ki, cavabı bir qədər izahatlı oldu.
– Bir az gecikir, həkim deyir oğlandı.
– Yox bir, ə, kişidi! – Qurban güldü. – Ə, Yetim, səndən oğlan olar? Bir qarış boyun var. – Gülüşü qəhqəhəyə keçdi.
Pərt olsa da zarafata zarafatla cavab vermək istədi, ancaq səsində zarafatdan çox acıq, hətta nifrət eşidildi.
– Niyə olmur ə? İstəsən səni də boğaz eləyərəm, özün də bir yox, iki oğlan doğarsan.
– Allah, sən saxla! – Qurban da pərt oldu və bundan tutarlı cavab tapmadı. – Göz dəyər, ə, qabağına.
– Yaxşı, – Yetim yumşaldı. – Zarafatlıq halım yoxdu mənim, yorulub ölürəm. İş götürmüsən briqadirdən?
– Nə iş, ə? Bu gün işləyən var? Səə baxma ey, işləməkdən dümbəyin əyilib. Camaat vətəni qoruyur, Qarabağa qurban-sadağa gedir. Bütöy şəhər qarkomun qabağına yığışıb mitinqə ki, bəs dağıdacağıq buranı. Sən də burda tər tökə-tökə xolodnı orujiya qayırırsan. Sən öl bu yetimxanadan çıxanlar nə vətən bilir, nə torpaq qanır, nə millət tanıyır, elə bil inqubator cücəsidilər.
– Ağzını dağıtma ə, yetimxanadan da özün çıxmısan. – Yetim gözlərini ağartdı Qurbana.
Qurban geriləmədi.
– Yavaş, ə? Qorxduq səndən! Xox!
Yetim əl atıb armaturlardan birini götürdü və Qurbanın üstünə yeridi. – Nə istəyirsən, ə?
– Gördün? Dedim səə xolodnı arujiyadı. – Qurban yenə də zarafata keçmək istədi.
– Sən öl, soxaram qarnına, onsuz da bu saat dünya buramda oturub. – Yetim qəzəblə xirtdəyini göstərdi.
Qurban onun hədəqəsindən çıxan gözlərindəki dibsiz nifrəti görüb qorxdu və gerilədi, amma dilini dinc qoya bilmədi.
– Mən həmişə demişəm ki, sən çox fasıq adamsan. Qarnıvın altını fələk də bilməz – Yetimin qarnına tuşladığı ucu parıldayan armatura bir də baxıb yerə tupürdü və dönüb iri, köntöy addımlarla uzaqlaşdı.
Bədlik həmişə məni gözləyir, dalımca sürünür kölgə kimi. Denən indi bu heyvan oğlu heyvanın gəlməyi nəyə, kimə lazım idi? Bu suala cavab axtarmağa heç ehtiyac yox idi, çünki cavab öz-özünə çıxırdı. Gəlmişdi görsün bu zəhrimarları, dağıtsın ağzını orda-burda. Bəlkə bir əngəl çıxa, işim dolaşa. Allah göstərməsin ki, bunun qabağında bir eyib işin ola, bir cinayətini görə, adamı əlli-ayaqlı baqaja qoyar.
Saatına baxdı və hövsələsizliklə bayaqdan bəri dəstəyini əlində sıxdığı armaturu hirslə qomların üstünə atdı. Gəlib çıxmadı bu heyvan oğlu! İlahi, yenə məni məsxərəyə qoydular, yenə aldandım mən? Yəni mənim bu qədər zəhmətim havayı getdi? Bada getdi? Bəs bu bandit köpəyoğlu harda qaldı? Axı danışmışdıq ki... Əllərinin içində bircə günə əmələ gəlmiş tünd bənövşəyi rəngli təzə qabarlara baxdı. Elə bununla da hərəsi bir közə dönən qabarlar zoqquldadı. Guya hər qabar xəstə, ağrıdan doğranan xırda ürəklər idi. Döyünmək əvəzinə zoqquldayırdılar. İçi qara-qırmızı maye ilə dolu qabarlı əllərini aşağı sallayanda ağrı daha da artır, göynərti güclənirdi. Heç bilmirdi sabah, o biri gün necə işləyəcəkdi? Bəs gəlib çıxmasaydı nə deyəcəkdi evdə? Deməyəcəkdilərmi ki, bəs hanı dediyin bir ətək pul? Axı demişdin ki, min manatdan çox verəcəklər. Arvadı bəlkə də susdu, dərinə getmədi, bəs qaynanası? O, yekəxana, acıdil, nəfəsindən zəhrimar tökən arvadın tənələrinə, istehzasına, lağına, nifrinlərinə necə dözəcəkdi? Nifrətlə baxdı ortasından bağladığı armatur qomlarına. Bir-iki saat əvvəl onlara sevə-sevə baxır, həvəslə, pul sayan kimi sayırdı. Hərəsi bir onluq idi onun üçün, qırmızıca onluq, şax-şax eləyən, təzəliyindən çətin sayılan, bir-birinə yapışan qırmızı onluq. Ömründə birdən-birə beş yüzdən artıq pulu olmamışdı. Onu da məzuniyyətə çıxanda alırdı. Maaşı ilə birgə məzuniyyət pulu dörd yüz əlli-beş yüz manat eləyirdi. Həmin pulu da ürəklə xərcləməzdi. Çünki həmin pul ay yarıma çatmalı idi, yəni məzuniyyətdən sonra işə çıxıb işləyib, bir də maaş alanacan düz ay yarım keçirdi. Subaylıq çağında buna dözür, pulu birtəhər çatdırırdı, evlənəndən sonra isə bircə dəfə, onda da, zorla çıxarmışdılar məzuniyyətə, pulu da vermişdi təbii ki, evin təsərrüfat işlərini birdəfəlik əlinə almış qaynanasına. Bir on beş gündən sonra arvad artıq başlamışdı deyinməyə, pulsuzluqdan şikayətlənməyə. Bu məzuniyyət onun üçün əsl işgəncəyə, mənəvi əzaba dönmüşdü... İndi isə əlinə birdən-birə min manatdan çox pul gəlməli idi. Özü də bunun nə maaşa, nə məzuniyyət puluna dəxli yox idi, bu pul elə bil göydən düşəcəkdi. Neynəyəcəkdi bu qədər pulu? Özündən belə sual eləsə də, nə edəcəyini çoxdan bilirdi. Nəhayət özünə cins şalvar alacaqdı. Həmişə belə bir şalvar almaq arzusunda olmuşdu, amma artıra bilməmişdi. İndi alacaqdı.
Arvadına da bir üzük almaq arzusu vardı. Qalan pulu verəcəkdi qaynanasına. Qoy nə istəyir alsın, necə istəyir xərcləsin. Arvad nə qədər deyinsə də, bazarlıq eləməyi, biş-düşü çox istəyirdi. Həmişə gileylənib nökərçilik, qulluqçuluq elədiyini desə də evin təsərrüfat işlərinə heç kəsi yaxın qoymurdu: nə qızını, nə də «əlindən heç nə gəlməyən» kürəkənini. Kimin hünəri vardı belə məqamda onun sözünün qabağına söz qoyaydı. Deyinmək də onun imtiyazı idi. Allah eləməmiş, arvad ev işlərinin onu öldürdüyünü, paltar yumaqdan əllərinin qabar qoyduğunu, bazardan zənbil daşımaqdan qollarının keyidiyini, biləyinin üstündə fır çıxdığını deyəndə qızı və ya kürəkəni cavab verəydi ki, yorulursan eləmə də, biz işdən qayıdıb nə lazımdır eləyərik... Aman-aman, arvad elə bundan sonra qızışırdı. Mətbəxlə otaqlar arasında o baş-bu başa elə gedib-gəlirdi ki, bütün bina titrəyirdi. Qazanlar, qablar bir-birinə dəyir, boşqablar şaqqıldayır, şəpidlər döşəməni şapalaqlayırdı. Yatanacan dil boğaza qoymurdu. Belə vaxtda susmaq ən yaxşı çıxış yolu idi. Axırda hikkəsindən arvadın ya ürək tutması başlayır, ya da ağlayırdı. İkinci daha yaxşı idi və qəribədir ki, bu göz yaşları qızı da, kürəkəni də kövrəldirdi.
– Deməli, özünüz eliyərsiniz? «Özümüz!» Bəs mən kiməm? Mən «özümüzdən» dəgiləm, qulluqçuyam? Elədi də, əgər mən «özümüzdən» degiləmsə, bu boyda evin işini görürəmsə, deməli, qulluqçuyam. Ta anon degiləm də? Ta çıxartmısan də məni analıqdan, vermisən yad oğlunun ayağına? Bəs nədi, yetimxanalar küncündən çıxıb hər əməli bilən yad oğlu şirin olar də. Öz evimdə, özcə evimdə bəlkə mənə ağalıq eləmək, nə eləyib nə eləməməyi öyrədəsiz? Bəlkə göstəriş verəcəyiz mənə? Mən olmasam çirkivüzdən cin ürkər. Elə bilirsiniz gətirdiyiviz o iki yüz manatla saxlayıram sizi. Bəlkə o pulla yeyib-içib, geyinib-kecinib mərəkəyə çıxa biləcəksiz? Ay çıxdız ha... Siz elə bilin... Mənim pullarımdı sizi qudurdan, o bədbaxtdan qalandı. Xərcləyirəm ki, yeyib qudurasız, üzümə qayıdasız? Öləndə, öləndə biləcəksən qədrimi, bax onda deyəcəm, a qızım, halın necədi, necə dolanırsan, bədbaxt anasız, baxtı-talehi qara gətirmiş, səni bir üzü qız, bir üzü gəlin yekəltmiş, ömrünü-gününü səndən ötəri çürütmüş anasız?
Bu yerdə arvadın gözləri dolur, səsi titrəyib çatal vurur, qəhər danışmağa qoymurdu. Və o belə məqamlarda həmişə olduğu kimi mətbəxdəki iri-uzun şkafla divar arasında qalmış boş yerə güclə pərçim edilmiş kürsüdə oturur, döşlüyünü gözlərinə sıxıb hönkürürdü. Burda o doğrudan da hamı tərəfindən atılmış, unudulmuş yiyəsiz qoca arvad təsiri oyadırdı. Təbii ki, qızı onun bu zavallı, aciz görkəmindən kövrəlir, bayaqdan eşitdikləri nifrinləri, tənələri dərhal unudur və üzürxahlıq eləyirdi.
– Qələt elədim, mama. – Qız arvadın qabağında çöməlib onu ovutmağa çalışırdı. – Axı mən nə dedim ki? Sənə görə deyirəm də. Deyirəm əgər yorulursansa eləmə, mən gəlib eləyərəm, hamı kimi. Yoxsa eləyirsən, sonra da hirslənirsən, qan təzyiqin qalxır, pristupun tutur.
Arvad daha da qızışırdı və qəribə də olsa bu qızışmaq artıq növbəti toqquşmanın qurtarmaqda olduğunu göstərirdi.
– Bəlkə mənə necə oturub, necə durmağı da öyrədəsiz? Bəlkə elə mənim ürəyim hövl eləyir, ürəyimi boşaltmağa yer, adam axtarıram?
– Yaxşı da. – Qız anasının çiynini sığallayırdı. – İstəyirsən lap söy, döy də məni, amma, – səsini aşağı salırdı, – ta onu yox də. O neynəsin ki, sən məni fərsiz böyütmüsən. Əlimdən bir iş gəlmir. Ərköyün eləmisən məni. İndi əziyyətimi də sən çəkirsən. Eləmisən məni belaruçka.
– Pis eləmişəm? Qoymazdım əlini ağdan-qaraya vurasan. Üfürə-üfürə saxladım səni, nəyə görə, kimə görə? – Arvad burda yana-yana yırğalanır və yenə də kövrəlirdi. – Ay qızım, ay qızım... Axı mən səni belə görmək istəmirdim... Sən mənim...
– Sus, mama, bəsdi. – Qız pıçıldayırdı ki, əri eşitməsin. – Heç kəsdə taqsır yoxdu. Taleyə boyun əyməliyik. Heç kəs özünə baxt, taleh seçmir. Yoxsa dünya xoşbəxtlər dünyası olardı...
...İlahi, mən necə dözürəm bütün bunlara? Həftədə bir dəfə eyni ilə təkrar olunan bu konsertlərə tab gətirmək üçün adamda nə qədər səbr, hövsələ, dözüm gərəkdir? Bəlkə elə biqeyrətlik belə olur? Bəlkə bütün bunlara dözməyimin səbəbini elə biqeyrətliyimdə axtarmaq lazımdır? Daha niyə dağa-daşa düşürük? Gözün tökülsün sənin, ilahi! Niyə yaşımın bu vaxtında mən qaynana qoltuğunda yaşamalıyam? Niyə mənim ömrümün tən yarısı yetimxanalarda, yataqxanalarda, indi də qaynana evində keçməliymiş? – Yaxşı bilirdi ki, öz evi, öz eşiyi olsaydı qaynana nədi, heç allahın özündən də tənə götürməzdi. İndi isə qaynanasının kinə kimi acı sözlərini udmağa məcburdu. Yadına birinci dəfə çəkdiyi siqaretin acısı düşdü. Bu zəqqum acını yox eləmək üçün neçə yumru qənd yedi, yastığının altında gizlətdiyi monpası qutusundan bir-iki şirnini xırta-xırtla çeynədi, ancaq köməyi olmadı, yatağına girəndə də o acını dilinin üstündə hiss elədi. Qaynanasının sözləri də belə idi. Bir batman balla acısını vurmaq olmurdu. İşi az və «poluçkası» da buna uyğun olanda sözlərin zəhəri daha da artır, acısı həmin o uşaqlıq yaddaşında əbədi həkk olunmuş siqaret acısını xatırladırdı. Belə vaxtlarda arvadın zəhəri görünür tündləşirdi. Maaşı az çıxanda o özü də sıxılırdı və belə vaxtlarda özünü bu evdə daha çox birovuz hiss eləyir, müdafiə qabiliyyəti zəifləyirdi. Evə yüzdən az pul verəndə daha da balacalaşır, əriyir, zəifləyir, arıqlayırdı. Nə qaynanasının, nə də arvadının gözünə dik baxa bilirdi. Arvadı hər şeyi sözsüz-söhbətsiz başa düşür, heç vaxt da pulsuzluğunu üzünə vurmurdu. Ümumiyyətlə pul haqqında, dolanışıq barədə danışmağı, şikayətlənməyi sevmirdi, əvəzində anası qalxırdı qazan üzəngiyə və qızının da payına danışır, deyinirdi. Deyirdi ki, filankəsin qızının baxtı ağ oldu, yaxşı yerə düşdü, boynunda on qat «tros» zəncir var ki, bir kilo olar. Filankəsin əri müəllimdir, amma qəssabdan çox qazanır, bəxtəvər «Volqa»da gəzir. Oğlanın yaxşı ata-anası var, bakılıdılar, özləri də çox nəcib ailədəndirlər, əsilli-köklüdülər. Dolayısı da olsa ona aid bu söhbətə dözmür və keçirdi yataq otağına. Az-çox burada, illah da gecələr arvadının böyrünü qızdıranda özünü kişi hiss eləyirdi. Ona görə də bu otağı sevirdi.

Sexdən çıxdı ki, bəlkə müştərini həyətdə gördü, bəlkə onu axtarıb tapa bilmir, yaxud gözətçi içəri buraxmır. Hər iki «bəlkə»si bekara olsa da həyətdə balaca bir dövrə vurdu. İri saat səkkizin yarısını göstərirdi. «Hava donub göydən asılmışdı. Qəribə bir bürkü vardı. Nə yarpaqsız çılpaq budaqlar, nə tutqun yaşıl yarpaqlı müqəvvasayağı bəzək kolları tərpənirdi. Solğun, boğuq rənglərlə işlənmiş köhnə şəkli xatırladan bu vərəmli peyzaj ürəyini daha da sıxdı və o biri sexlərin arası ilə öz yerinə qayıtdı. Zavod demək olar ki, boş idi. İkinci növbə ölmüşdü elə bil. Beş-üç qadından və bir neçə rus kişidən başqa gözə dəyən yox idi. O biri sexlərdən də səs-küy gəlmirdi. Zavodun hənirindən bilinirdi ki, iş getmir. Deməli, doğrudan tətildir? Qəribə adamdırlar. İşləmirsiniz işləməyin də, özünüzə ziyan eləyirsiniz... Elə bu fikirlə də gəlib yerinə çatdı. Armatur qomlarına nifrətlə baxdı. Bəlkə o da getsin «qarkomun» qabağına, mitinqə qulaq assın, görsün nə deyirlər, niyə suyu bulandırırlar? Müştərisi gəlib pulu versəydi şübhəsiz mitinq fikrindən dərhal daşınacaqdı. Buna əmin idi, əksinə, evə tələsəcəkdi; dəzgahın yanında oturub dizlərini qucaqladı və ömründə ilk dəfə papiros çəkmədiyinə təəssüfləndi...


Tamam əldən-dildən düşüb hövsələdən çıxmışdılar. Qonşular da dağılışıb bir-bir getmişdilər, qalmışdı bir özləri, bir də üzü qibləyə uzadılıb can verən kişi. Nə o ölüb qurtara bilirdi, nə bunlar can verən xəstənin yanında yaşaya bilirdilər. Nə xörək bişirən vardı, nə çay qoyan, nə də yeməkdən danışan. Hansı ağzını birinci açıb aclıqdan desəydi o birilərin qınağını qazanacaqdı. Ona görə də susurdular. Ancaq belə də çox davam eləyə bilməzdi. Odur ki, hərəsi ayrı-ayrılıqda mətbəxə keçir, ayaqüstü ağzına bir tikə salır və bundan sonra elə bil xəstənin yanında bu zəifliklərinə görə günahlarını yumaq üçün bir qədər canfəşanlıq edir, dərdli-dərdli xəstənin çətinliklə nəfəs almasına baxırdılar. Arvad da hərdən yerində dərddən burulur və «İlahi, bu nə zülümdü eliyirsən?» deyir və çox vaxt bilinmirdi ki, zülüm çəkən kimdir?
– Bəs adam da yeddi gün, yeddi gejə yeməzmi? – Bir də buruldu. – Aj qarnına mən qurban, Gəray! Yaralı qarnına o türmədəki balan qurban, Gəray! Atasız-anasız, bajısız-qardaşsız canına atasız-anasız, bajısız-qardaşsız canım qurban, Gəray!
Bayaqdan dizlərini sinəsinə yığıb hərəkətsiz oturmuş qız ağladı. Arvad daha da kövrəldi.
– Ə, sən bir üzüüstə bircə sahat durmazdın, a zalım oğlu, bəs indi nə oldu saa? Niyə vurğun vurdu səni durduğun yerdə, ay anası ölüb yetim qalmış Gəray! Ə, bəs bu balalarını, bu bədbəxt balalarını kimə tapşırıb gedirsən? Ə, bəs sən onları yerbəyer elədin ki, gedirsən? Ay evi yıxılmışın oğlu, axı sən nəvə görmək istəyirdin, deyərdin bir ölməzdim bu gədənin, bu qızın balasını qucağıma alsaydım. Görmədin, ay Gəray, görmədin, ay Gəray...
Burda elə bil qızın içini sökdülər. Ağlamaq əvəzinə böyürdü və bu böyürtü arasında dedi:
– Halal elə məni, papa, səni üzüqara elədim, papa... Mənə görə başını çox salmısan aşağı, gözünü gizlətmisən camahatdan, o lotu-potu qonşulardan utanmısan… halal elə məni... – əlləri ilə üzünü tutub necə hıçqırdısa dedin indi ürəyi gedəcək. – Halal elə məni, papa... Halal elə məni…


– Heç nə eləyə bilmərəm! – Həkim dartıb rezin əlcəkləri çıxartdı və stolun üstünə sərdiyi alaçirk döşəkağının üstünə atdı. – Beş aylıq uşağı... Siz heç bilirsiniz bu nə deməkdir? Bu adam öldürmək kimi bir şeydir. Bu cinayətdir. Mən gedib türməyə girə bilmərəm əlli manata görə.
Qızın sifətində qəribə ifadə vardı. Elə həkimi də bu ifadə qorxutdu və bu müştəridən canını tez qurtarmaq üçün daha qətiyyətlə dedi:
– Heç milyon da versəniz eləmərəm. Mən elə işə qol qoymaram.
– Bəs neyləsin? – Qızı bura gətirən qırmızıbaş qadın gah qıza, gah həkimə baxdı. – Axı bu sifətdə adam içinə, qonum-qonşu arasına necə çıxsın? Qarnını nə qədər sıxıb sərisin?
Həkim söhbəti uzatmaq istəməyib susdu və çiyinlərini çəkməklə kifayətləndi.
– Heç nə eləmək olmaz? – Qız göz yaşlarını güclə saxlayırdı.
– Heç nə! Gecdir, çox gecdir. Doğmaqdan ayrı yolu yoxdur.
– Yox, yox, yox! – Qız qışqırdı, sifəti dəyişdi, elə bil daşa dönüb bozarmış yanaqları yumşalıb əridi, çənəsi titrədi. Gözlərindən daşlanan yaşı nə sildi, nə də gizlətdi. Ağzı ağlamaq havası ilə əyildi və birdən-birə elə kifirləşdi ki, həkim gözünü onun üzündən çəkdi.
– Qurban olum, həkim, qurtar məni bundan, – qarnını göstərdi. – Qurtar! Qoy ölsün, kəsin, doğrayın, yüz manat verirəm, eləyin... – Hönkürdü.
Qırmızıbaş qadın dolmuş gözlərini nəhayət barmaqları ilə sıxıb qızı çiynindən qucaqladı və həkimə dedi:
– Bəlkə ayrı tanışınız var, götürər boynuna? Yazıqdı, qanmayıb, aldanıb... Evdə atası, ögey anası, qardaşları, qonum-qonşu... Bir təsəvvür eləyin...
– Başa düşürəm sizi, amma...
– Nə qədər qarnını altdan sarıyıb gəzsin? Axı...
Həkim sözündən dönməyəcəkdi, bunu onlara da bildirmək üçün başını qətiyyətlə buladı və dedi:
– Yox, yox... Heç cür mümkün deyil. Mən beş aylıq uşağı öldürə bilmərəm. Sonra heç uşağı da olmaz, birinci uşağı abort eləmək riskdir. Nə bilmək olar bir də gördün ərə getdi, uşaq istədi...
Qız gözünün yaşını hikkə ilə elə sildi ki, barmaqlarının yeri qaldı yanağında. Və nə qırmızıbaş qadının, nə də həkimin gözləmədiyi bir qətiyyətlə və hikkə ilə dedi:
– Onsuz da mən o uşağı saxlamayacam, ya onu öldürəcəm, ya da özümü. Geyinməyə başladı. – Mən ona nifrət eləyirəm, mən onu... Onu öz əlimlə dartıb çıxardacam, öz əllərimlə boğacam...
Bu bəyanatda elə bir nifrət, elə bir hikkə vardı ki, hər iki qadın – həm həkim, həm də qırmızıbaş qadın onu bu yoldan çəkindirməyə, başına ağıl qoymağa təşəbbüs göstərmədilər. Səliqə ilə qarnını nazik şarfla sarıyıb sıxan qıza söz deməyə cəsarət eləmədilər.
Qız sarınıb-qurşanıb yayın istisinə uyğun gəlməyən qalın parçadan tikilmiş donunu geydi. Belədə qarnı heç bilinmirdi.
Həkim onun sarınmasına, geyinməyinə diqqət eləyə-eləyə nəsə fikirləşirdi və deyəsən bu qızın taleyinə olan biganəlik buzu yavaş-yavaş əriyirdi. Otuz ildən çox idi ki, çörəyi abortdan çıxırdı, əgər poliklinikadan aldığı maaşla yaşasaydı, yəqin ki, cındırından cin ürkərdi, abort isə onu eləmişdi əli pulla oynayan bir xanım. Barmaqları üzükdən sayrışan ulduzlar kimi idi, göz qamaşdırırdı. Qulaqlarından hərəsi noxud boyda brilyant qaşlı sırğalar asılmışdı. Boynuna doladığı beş qat mirvari ətli boynuna ağappaq qurdlar kimi daraşmışdı. Deyilənə görə mirvaridə bir balalamaq xüsusiyyəti var. Əgər bu doğrudan da belə idisə həkimin mirvarilərinin hamısı hamilə idi.
Əslində gündə bir, bəzən iki-üç abort eləyən bu həkim pullu cani, soyuqqanlı qatil idi. Otuz illik həkimlik praktikasında minlərlə həyata qəsd eləmişdi. Əvvəllər hər qətlə görə iyirmi-iyirmi beş manat alırdı. Sonralar, yəni inflyasiya dərinləşdikcə, pul məzənnədən düşdükcə hər qətlin qiyməti qalxdı. Müştəriləri də bu otuz ildə qat-qat artmışdı. Əli işə öyrənmiş, üzü halal-haram hamiləlikdən qurtarmaq istəyən qadınlara alışmışdı. Əlini qadınların bətninə peşəkar bir tövrlə, asanlıqla elə salırdı və dünyadan xəbərsiz körpənin canını bircə əl havasına elə alırdı ki, deyirdin cibdən dəsmal çıxarır. Nə qadına yazığı gəlirdi, nə canını aldığı körpəyə. Amma indi nədənsə hamiləliyin beşinci ayında olan və heç də ipək kimi yumşaq, yatımlı olmayan bu qətiyyətli qıza yazığı gəldi.
– Bir adres verə bilərəm, – həkim qapıdan çıxmaq istəyən qızı saxladı.
– Necə? – Qızın səsi sevindiyindən batdı. O zığıldadı. – Doktor...
– Neçə aylıq olur-olsun vecinə deyil! Eləyir. Təki abort elətdirən bizdən olsun, musurman...
Qırmızıbaş qadın şübhə ilə baxdı həkimə və soruşdu:
– O nədəndi elə? Fərqi nədi, abort abortdu də.
Həkim gülümsədi:
– Avamsınız də. Bəs bilmirsiniz ki, qanımıza yerikləyirlər? Azərbaycanlı öldürmək ermənilərdə savab iş sayılır.
Qızın gözlərinə işıq gəldi, yanaqları sevindiyindən qızardı.
– Çox sağ olun, doktor, verin adresi. – Qız ağladı. – Siz məni ölümdən qurtardınız...


– Halal elə, papa, halal elə məni. – Qız təzədən böyürdü, içindən kişi səsi qarışmış bir səs çıxdı.
Arvad dərdini unudub açıq təəccüblə baxdı erkək səsli qıza və ürəyində «Allah, allah...» dedi.
– Sən də mənə görə içdin, pyaniska oldun, papa... – qız uladı. – Məhləyə də ancaq içəndən sonra çıxardın, papa...
Arvad qonşuların eşidə biləcəyindən ehtiyat eləyib əlini üzünə atdı və səsini sıxıb buruldu.
– Az, bəsdi, qonum-qonşu eşidər, a hayasız! Olan-qalan abrımız da getdi.
– Yox, yox, papa... Mən sakit olmayacam, mən bunu heç vaxt özümə bağışlamayacam, papa... – Ağlaya-ağlaya arvada baxdı. – Mən sizin hamınıza üzüqaralıq gətirdim... Bilirəm, hamınız mənim ölümümü istəyirsiniz, – səsinə inciklik, küskünlük çaları verdi. – Bu yer üzündə mənim bir istəyənim, bir canıyananım yoxdu; hamı mənim ölməyimi, yox olmağımı istəyir. Öldürəcəm özümü, ay papa, öldürəcəm özümü, yaşamayacam...
Arvad nifrətlə baxırdı ona.
– Mən bədbəxtəm, bədbəxtəm. – Qız yanıqlı-yanıqlı ağlamaq istəyirdisə də alınmırdı. Hıçqırıq onu boğur, nəfəsini kəsir, boğazından qəribə səslər çıxırdı. – Mən, mən... – Qəfil yıxılıb arxası qatda palazın üstünə hissiz düşdü.
Arvad qorxmadı. Candərdi mətbəxə keçdi.
– Allah aparsın səni, papeyin dalınca gedəsən görüm, yanına yan verəsən. – Bir cam su ilə qızın üstünə əyildi. Onun ağappaq ağarmış sifətinə, titrəyən göz qapaqlarına su çilədi. Əlini isladıb alnına qoydu və pıçıldadı: – Allah, niyə bunu aparmırsan?


Ağlamaqdan ağzı-burnu şişib qızarmış halda həyətə çıxdı. Qonşu kişilərin bir hissəsi çəkilmişdi evinə. Üç kişi blokun qabağındakı sısqa söyüd ağacının altında dayanıb söhbətləşirdi. Soyuq idi. Qardaşını gözləri ilə axtarıb tapmadı. Qəribi gördü. Başını aşağı sallayıb köhnə, rəngi çoxdan getmiş skamyada təkcə oturmuşdu. Rəngi bilinməyən köhnə şərfin arasından çıxmış nazik yalın boynu elə zavallı görünürdü ki, qızın ona yazığı gəldi. Dəsmalı ilə gözlərini silə-silə ona yaxınlaşdı.
– Fuadı görmədin?
– Nədi ki? – Qərib başını qaldırıb pis xəbər gözləyən adam kimi təlaşla soruşdu:
– Yox hələ! – Qız onun vermədiyi sualın cavabını dedi. – Yox, hələ. Ürəyim partladı çıxdım evdən, dedim görüm... Sən niyə burda oturmusan bu soyuqda, keç evə də.
Qərib dinmədi, yenə də başını aşağı sallayıb nazik boynunu açdı. Qız təkid etmədi. Tamam özgə şey haqqında fikirləşə-fikirləşə yenə də onun soyuqdan dərisi dımır-dımır olmuş və ağacdan asılmış yüzlük lampanın kor işığında fəqərə sümükləri dikəlmiş boynuna baxdı.
Qərib başını qaldırmadan batmış səslə dedi:
– Baxa bilmirəm kişiyə, ürəyimə elə bil qaynar yağ tökürlər, elə bilirəm... – Qəhər onu boğdu, udqundu və davam elədi. – Elə bil Göyçəyi görürəm, – onca ay yaşamış qızını deyirdi, – o da üç gün can verdi, yaralı quş kimi ağzını açıb yumurdu. – Qərib zığıldadı. Əllərini qoşalayıb sifətini, ağzını qapadı. Zığıltısı boğuldu.
Qız da kövrəldi. Amma ona təsəlli vermək üçün bir qədər köntöy və ayıq səslə dedi:
– Ə, bəsdi, ə! Əl boyda uşaqdan ötəri özünü öldürmə.
– Nə dedin? – Qərib əllərini ağlamaqdan əyilib haradasa gülməli görünən yaş sifətindən çəkdi və qəzəblə soruşdu. – Əl boyda uşaq? Gedib onun bir arşınlıq qəbrini görsən... Dünyada balaca qəbirdən dəhşətli şey yoxdu. Bir gün o əl boyda uşağın qəbrinə dəyməsəm ürəyim partlayar. Sən də... Heç kəs heç kəsin dərdini başa, düşmur. Mən... – Sözünü bitirməyib dediyindən peşman olmuş qızdan aralandı və getdikcə addımlarının sürətini artırdı. Bir azdan maşın yolunda idi. Soyuq külək qılınc kimi gah sağdan, gah soldan kəsirdi. Nazik süni dəridən olan qısa gödəkçəsinin yaxasını qaldırıb şarfını boynuna bərk-bərk doladı. Addımlarını daha da yeyinləşdirdi. Buna baxmayaraq canındakı titrətmə keçmədi. Bu üşütmə ancaq soyuğun, sərt küləyin üşütməsi deyildi, onun mənbəyi içində idi. Heç min dərəcə isti də onu qızdıra bilməz, içindən qalxan titrəyişi kəsməyə gücü çatmazdı. Beləcə bir xeyli dayanmadan adamsız küçələrdən keçdi, daha doğrusu qarmaqarışıq binaların arasından. Burdan o yana şəhər qurtarırdı, daha dəqiq desək mikrorayonların axır-uxur yeri idi. Bir qədər də getsəydi şəhəri dörd tərəfdən qucaqlamış kimya zavodlarının üstünə çıxacaqdı. Elə burdan qaranlıqda ağ rəngə çalan tüstü buraxan üç boru göründü, onlardan bir az aralıda daha dörd boru ağzını göyə açıb tüstü buraxırdı. Bu dörd borunun tüstüsü o qədər göy idi ki, hətta qaranlıq da onun rəngini dəyişə bilməmişdi. Burdan görünməsə də şəhəri qucaqlayıb hər tərəfdən sıxcalayan zavodları birləşdirən müxtəlif yoğunluqda, uzunluqda boruların varlığını da yaxşı bilirdi. Bu borulardan hansı kimyəvi materialın, mayenin, qazın axdığı da Qəribə yaxşı məlum idi. Qərib onu da bilirdi ki, həmin boruların o qədər deşiyi, çatı, sınığı var ki, şəhəri zəhərləmək üçün tüstü buraxan borulara heç ehtiyac yox idi. Həmin çatlardan, dəliklərdən, rəngbərəng tüstülər, qazlar çıxırdı. Bunu hər dəfə görəndə Qərib dəli olurdu. İlahi, gah sapsarı burulan, qıpqırmızı qıvrılan, qapqara pırtlaşan zəhərli tüstülərin mənbəyini necə ləzzətlə kəsərdi, necə məmnuniyyətlə partladar, özünü tikə-tikə eləyib zəhər sızan, zəqqum süzülən, tüstü burulan deşiklərə, çatlara soxar, tıxayardı. Gəlin ölmüş anasının adını verdiyi körpə qızı Göyçək üç gün-üç gecə can verib boğula-boğula nəfəs alanda o bu zavodları, bu kimya kombinatlarını necə partlatmaq, dağıtmaq, yandırmaq, kor qoymaq istəmişdi. Əl boyda bədənin xırdaca ciyərlərini hava ilə doldura bilməyən körpəyə həyat, nəfəs vermək üçün nəyindən keçməzdi Qərib? Nəyindən? Nəyi vardı Qəribin ki, verib əvəzində Göyçək qızına həyat alaydı? Heç nəyi! Heç nəyi yox idi. Qəribin nə evi vardı, nə eşiyi, nə pulu, nə maşını, nə sağlam canı, nə gözəlliyi... Hər şeydən məğmun idi Qərib. Əgər bu saydıqlarımızdan heç olmasa bircəciyi olsaydı onda, qızını xilas edərdi. Qərib inanırdı ki, bir az imkanlı olsaydı Göyçək ölməzdi. Qərib buna inanırdı.
Qızı öləndən sonra həyatının təzəcə yanmış işığı keçdi, nöyütü qurtarmış çıraq kimi korun-korun yanıb söndü. Çətin ki, bundan sonra Qərib bir də yaşayaydı. Onu bu dünyaya, bu şortu şəhərə bağlayan yeganə qüvvə qərib şəhərin qərib qəbirstanlığında uyuyurdu.
Küləyin vurub sifətinə yaydığı göz yaşlarını silə bilmirdi. Əlləri ağır fiziki işdən və soyuqdan donub ağac kimi olmuşdu. Çox istəsə də körpənin bədəninə, başına əlinə-ayağına, üzünə əl vurmağa qorxardı, onu incitməkdən ehtiyat eləyərdi.
Həkim demişdi ki, çıxardın bu şəhərdən uşağı, yayda heç saxlamaq olmaz burda, havasını dəyişməlidir. Buna dağ havası, təzə süd lazımdır. Süd deyəndə həkim körpənin bələyini rahatlayan anasının qupquru sinəsinə baxdı və köksünü ötürdü. Həkimlərin dediklərinə əməl eləyə bilmədi, kvartalın axırı idi, plan kəsirdə idi, onun məzuniyyət haqqında dediyinə heç məhəl qoyan olmadı. Dedilər bircə ay döz buraxarıq. O da dünyanın işlərindən xəbəri olmayan, hələ dil bilməyən qızına dedi: «Bircə ay döz, bircəcənə ay...» Körpə dözmədi, heç bir həftə də dözə bilmədi. Ciblərinin içini deşən odun kimi əlləri qupquru yumruqda sıxıldı...
Qəbirlərin arasında özü də başdaşı kimi dayanmışdı. Hava çoxdan qaralmışdısa da qəbirlərin üstünə qəribə qırmızımtıl işıq düşürdü, elə bil üfüqün boğuq qızartısı idi. Hava hardansa işıq çəkirdi... Başdaşları ruhlar kimi lal-dinməz dayanıb kölgə salırdılar. Əvvəl bir istədi kəlmeyi-şəhadət oxuyub salavat çevirsin. Bildiyi elə kəlmeyi-şəhadət idi. Demədi, salavat da çevirmədi, qəbirlərin arasından keçdi. Yer olmadığından əsas hasardan qırağa çıxmış yeddi-səkkiz qəbirin ayaq tərəfindəki kiçik qəbirə çatmamış hönkürdü və yaxınlaşıb xırda başdaşının yanında çöməldi, üzünü soyuq daşa söykədi.
– Dağılsın bu şəhər, dağılsın bu zavodlar... – Hönkürtüsü pıçıltıya sonra isə əsl arvad ağısına çevrildi. – Göyçək balam, zəif balam, arıq balam... – Əlini qəbirin donmuş torpağına çəkdi, elə bil kiminsə belini sığallayırdı. – Xəstə balam, üç gün, üç gecə can verən balam... Bu əclaf dünyaya gəldiyi on ayın onunu da xəstə olan, balnisalarda yekələn balam, Göyçək qızım... Allah, niyə sən mənim ciyarıma belə dağ çəkdin? Zərif balam, zəif balam, torpaq altda qalan Göyçək balam... – Qərib ağzını hardasa qəribə sarı işıq çəkən göyə tutub uladı, ürəyi soyumadı, ciyəri cırılırdı. Birdən qalxdı yerindən və bağırdı:
– Qoymayacam bu qanı yerdə, alacam qisasımı, dağıdacam bu şəhəri, o zavodları, lap axırıncı sexinə kimi hamısını partladacam. Qoy dağılsın, qoy sağ qalanlar başını götürüb qaçsın. Qoymayacam bu şortu şəhərin daşı daş üstündə qalsın... – İkiəlli yaş donmuş yanaqlarını, üzünü, burnunu sildi və gəldiyi yolla geriyə deyil, qarşıdan boruları görünən zavoda sarı götürüldü...


Birdən gördü onu. Oğru kimi baxırdı o yan-bu yana, elə bil kiminsə onu görəcəyindən ehtiyat edirdi. Bütün hərəkətləri, uzaqdan belə aydınca görünən qəribə ütüklüyü ilə seçilirdi. Birinci dəfə bu adamı görəndə, səsini eşidəndə olduğu kimi indi də bədənindən soyuq titrəyiş keçdi. Dişləri bir-birinə dəydi. Ayağa qalxdı, dizləri, ayaqları gizildəyirdi, çox oturmaqdan sağ ayağı uyumuşdu. Özündən asılı olmayaraq ufuldadı və axsaya-axsaya qabağa bir-iki addım atıb dayandı. İki saatdan çox idi işini qurtarıb gözləyirdi onu, ancaq hövsələsinin tamam darılıb çıxıb getmək, hər şeyə tüpürmək istədiyi bir məqamda muştərinin qəfil peyda olmasına heç sevinmədi, daha doğrusu sevinə bilmədi.
O da Yetimi görmüşdü və tələsə-tələsə, eyni zamanda ətrafını dinşəyə-dinşəyə ona doğru gəlirdi. Elə bil ətrafı görmür, hər şeyi eşitmək, iyini bilmək, təmasını hiss eləməklə qavrayırdı. Müştəri qəfil çönüb arxasına baxdı. Elə baxdı ki, Yetim onun dalınca heç kəsin gəlmədiyini görəndə təəccübləndi, yəni bu cür baxan adam kiminsə onu gözlədiyinə və ya qarabaqara izlədiyinə əmin olmalı ldi.
Amma Yetimə elə gəldi ki, xeyli aralıda sexin bitdiyi yerdəki döngədə kimdisə görünüb yox oldu. Titrətməsinin məzmunu da elə bu qarabasma ilə açıldı. Qorxurdu bu müştəridən. Onun gəlməsini həm istəyir, həm də istəmirdi. Əlləri buz kimi oldu, hətta qabarların sızıltısı da getmişdi ovuclarından.
– Dedin gəlmədi, ha? – Müştəri yaxınlaşanda dedi.
İlahi, bu danışıqdakı hava, sözlərin tələffüzündəki bu doğmalıq niyə ona xoş gəlir? Zəngəzurluların ləhcəsi niyə onu kövrəldir? Əvvəllər bu ləhcənin, bu havanın Azərbaycanın harasına, hansı rayonuna, şəhərinə aid olduğunu da bilməzdi. Sonralar, bu danışıq ahənginin ona çox doğma, çox şirin gəldiyini görəndən sonra bilmişdi ki, bu cür danışıq havası indi Ermənistan ərazisinə qatılmış Zəngəzur camaatınındı. Elə o vaxtdan da yaddaşında nəsə bir oyanış, bir qayıdış başladı. Bəzən beynində elə bil nəyinsə bir şəkli, ona dəxli olmayan bir hadisənin fraqmenti canlanıb tez də yox olurdu. Bu xəyal, xatirə epizodlarında ata, ana, bacılar vardı. Hamının, elə onun özünün də qorxduğu kürən bir it hürür, zəncirini çeynəyir, yeri-yurdu dalayırdı. Hətta bu it kişi biləklərini xatırladan enli biləkləri olan qabaq pəncələrini dörd-beş yaşlı oğlan uşağının çiyinlərinə vurub arxası qatda yıxmışdı yal qavlamasına. Bir qadının da səsi gəlirdi qulağına: «Ə, it uşağı yedi!» Cavan, enlikürək, gödərək kişi cumub uşağı yal qabından çıxardır və bərkdən qəhqəhə çəkib gülür. Uşaqsa ağlaya-ağlaya onun əllərindən, paltarından, qalın bığından gələn şirni iyini hiss edir. Bütün bunlar, bu qəribə, qırıq-qırıq xatirələr kimin idi, kimə aid idi bu yarımçıq nağıllar? Bəlkə bütün bunlar onun öz uşaqlığı, o qadın anası, şirni bişirən kişi isə atası idi? O bir cüt qız da bacıları idi. Bəs belə idisə necə oldular? Axı hamısı birdən bata bilməzdi, ölüm də belə olmazdı? Heç olmasa bir nəfər qalardı, bir nişan olardı. Yox idi, heç nə yox idi. Yetimxanada da onun tarixçəsini bilən yox idi. İlahi, neçə yetimxana görmüşdü, haralardan haralara atmışdılar onu. Hələ ağlı kəsənlər, yadında qalanlar idi bu. Bəs əvvəllər?
Bir tərəfdən də fikirləşirdi ki, axı bu nağıl, bu bir-biri ilə əlaqəsi olmayan yuxu parçaları, ömürdən fraqmentlər quru yerdə əmələ gələ bilməz. Ona dəxli olmayan yaddaş xatirələri niyə məhz onun başında fırlanmalı, onu kövrəltməliydi? Deməli, bütün bunların bir əsası var də.
İkinci variantı qəbul eləyirdi, bu daha məntiqi idi. Bir neçə gün xatirələr güc gələndə, yeni fraqmentlərlə, detallarla zənginləşəndə o özünü küçəyə atılmış, heç kəsə lazım olmayan gərəksiz, kimsəsiz adam hesab eləmirdi. Ürəklənirdi. İçində ləyaqət cücərir, pərvəriş tapırdı. Hələ desən ürəyinə ən çox yatan rayon ləhcəsinin təsirilə Zəngəzuru da özünə vətən seçmişdi. «Haralısan?» sualına «Əslim Zəngəzurdandır» deyirdi. «Zəngəzur» romanını həmişə oxuyurdu və bu romanı oxuduqca orada təsvir olunan hadisələri görür, ayrı-ayrı səhnələri yaddaşına köçürür, özününkü edirdi. Hətta elə vəziyyət yaranmışdı ki, öz xatirələriylə romandakı hadisələr, xüsusilə məişət fraqmentləri qarışmış, dolaşıq düşmüşdü. İlk dəfə «Zəngəzur»u oxuyanda altıncı sinifdə idi. Bir qarnı ac, bir qarnı tox, əyin-başı bəzən yalın Yetim kitabı oxuya-oxuya ağlayırdı, özü də heç ağlamalı, niskilli olmayan səhnələrdə. Ən adi məişət parçaları onu kövrəldirdi. Romandakı surətlərə elə isinişmiş, elə doğmalaşmışdı ki, onları haçansa, niyəsə itmiş, yox olmuş qohum-əqrəbası hesab eləyirdi. Guya bu kitab onun itmiş uşaqlığının əvəzi, yaxını, ən doğma qohumu idi. Elə ki, qulağına tanış ləhcədə danışıq dəyirdi, qətiyyən söhbətcil olmayan, adama yovuşmayan Yetim soruşurdu:
– Zəngəzurdansan?
Həmişə də müsbət cavab alırdı və sevinib əlavə eləyirdi ki, mənim də əslim ordandı.
– Kimlərdənsən?
– Tanımazsınız, çoxdan çıxmışıq ordan, lap çoxdan.
Kişi bir də çönüb dala baxdı və sualını təkrar elədi:
– Dedin ta gəlmədi bu ha?
Muştərinin sifəti ilə danışığında o qədər böyük fərq vardı ki, təəccübləndi və bir qədər tərəddüddən sonra soruşdu:
– Zəngəzurdansan?
Kişi elə bil səksəndi, ancaq tez də özünü ələ alıb dedi:
– Zəngəzurdan? Niyə Zəngəzurdan?
– Onlar kimi danışırsan. – Yetim dedi və yalan üstü açırmış kimi əlavə elədi: – Amma bir az aksentin var.
Muştəri yenə də o tərəf-bu tərəfə baxıb güldü.
– Özü də erməni aksenti ha?
Yetim elə belə də demək istəyirdi, ona görə də:
– Elədi, – dedi. – Ağzını açan kimi bildim ki, Ermənistan musurmanısan.
– Allah eləməsin, – müştəri az qala qışqırdı. – Erməninin lap yaxşısının... Yaxşı, ba sən niyə çıxmırsan mitinqə, demanstrasiyaya? Camaat hamısı şəhərdədi. Deyirlər erməniləri qovurlar.
– Doğru sözündü? – Yetim yenə də şübhə ilə baxdı kişiyə. Heç yapışmırdı ona. – Burdakı ermənilər neynəsinlər? Quduran o tərəfdəkilərdi.
– İlanın ağına da lənət, qarasına da.
Müştərinin bir yerdə qərar tutmayan gözləri armaturları axtarırdı.
– Ba bizimkiləri Qukarkdan silah gücünə qovanda bunlar niyə dillənmirdilər? Nə gözləyirdilər? Hanı mənim zakazım? Götürüm gedim ara qarışmamış. Sonra qallam məhətdəl. Neçə dənə düzəltmisən?
Yetimin ürəyi əsdi və:
– Biri on manatdı də, – dedi.
– Ba! Ayıb sözdü, ara. – Müştəri əlini qoltuq cibinə saldı. – İş sözdən keçər. Ba hanı? Bir göstər görüm. Bunlardı? – Əyilib armaturun birini götürdü, əlində salbalayıb ağırlığını yoxladı, şəhadət barmağını iti ucuna toxundurdu və razı qaldığı göründü. – Ha, yaxşıdı, neçə dənədi? İki yüz olar?
– Yox, – Yetim dedi. – Yüz otuz beş dənədi.
– Ba, niyə belə az? Çox lazım idi.
– Çox ağır işdi. – Yetim əllərinin içini göstərdi. – Qabarlara bax, lap suluqlayıb.
Müştəri yenə də əlini qoltuq cibinə salıb bir dəstə yüzlük çıxartdı:
– Bu yüzlüklər də zəhmətlə qazanılıb, sənin əllərin mazol olub, bizim ayrı yerimiz. – Güldü və on dörd dənə yüzlük saydı... – Əlli də artıq verirəm, za sroçnost. Di tut! – Pulları Yetimin ovcuna basıb əlavə elədi. – Bir də lazım olsa elə sənin yanına gələcəm.
Müştəri daha ona fikir verməyib armaturlardan iki qom götürüb, qısa bir fit çaldı. Dərhal bir nəfər peyda oldu. Elə bil bayaqdan ikisinin arxasında dayanıb işarə gözləyirmiş. Təklif gözləmədən yerdə qalmış dörd qomu götürüb sexin çıxışına doğru endi. Müştəri də tələsik sağollaşıb onun dalınca götürüldü.
Təzə şax yüzlükləri bir də dəstələyib saydı: min dörd yüz manat! İlahi! Yetim bir də saydı pulları, iki də saydı. Düz min dörd yüz idi. Nə az, nə çox. Şaxlığından güclə qatlanan baratları iki büküb qoltuq cibinə qoydu.
Yüzlüklər hələ də titrəyən canını isitdi. Arvadı necə sevinəcəkdi. Birdən-birə min dörd yüz manat. Birdən, bütövcə! Görünməmiş iş idi. Allah özü yetirmişdi ki, Yetimin arvadı doğanda özgə puluna möhtac olmasın. Qaynana əlinə baxmasın.
Pulun havası sərxoş eləyirdi onu. Evə getməyə, arvadını sevindirməyə tələsirdi. Qoy onun da ürəyi dağa dönsün. Elə qaynanası da sevinəcək, üzə vurmasa da sevinəcək.
«Duşxana»ya girdi ki, çimib təmizlənsin, çirkini-pasını töksün, paltarını dəyişib evə qaçsın. Elə soyunmaq istəyirdi ki, dayandı. Bəs pul? Hara qoysun, kimə tapşırsın? Bu suala cavab tapmamış «çimməyəcəm» qərarını qəbul elədi. Eybi yoxdur, sabah çimər, dünya dağılmaz, onsuz da arvadına iki aydan çox idi yaxın durmurdu. İndi heç olmazdı, onsuz da yazıq ölür öz gününə...
Fikirləşdi ki, gərək bir «kalonka» qoyduram hamama, yoxsa isti suyun gəlməsini gözləsən adama bit düşər. Evlər idarəsi çox çəm-xəm eləyir ki, niyə «kalonka» qoyub pəncərədən tüstü aparan boru açdırmısan, nə bilim evi korlamısan, yanğın təhlükəsi yaradırsan, əllidən-yüzdən atarıq ağzına susar, oturar. Pul olandan sonra nə var ki?
Gödəkçəsinin qoltuq cibi çox dayaz oldu, orda bu qədər pulu saxlamaq axmaqlıqdır. Şalvarı da o qodər dar idi ki, nə qoysan cibi dombaldır.
Arxayın olub heç kəsin diqqətini cəlb etməmək üçün pulları bir də sayıb çiyninə saldığı sumkanın lap dibinə qoydu və ağzını bağladı. «Belə yaxşıdı». Şərfini gödəkçəsinin üstündən boynuna dolayıb sumkanı çiynindən asdı. Güzgüdə özünə baxıb razılıqla gülümsədi. «Evə, evə!» dedi öz-özünə və asılqanların arasındakı stulların birində oturub mürgü döyən qadını oyatmamaq üçün qapını ustufca örtdü.
Soyuq hava vurdu üzünə. Biz-biz sarı tükləri olan papağını bərk basdı başına. Zavodun iri, ucsuz-bucaqsız həyətinin bir tərəfi hasarsız idi. Elə həmin hasarsız yerdən digər qohum zavodun ərazisi başlayırdı. Saatına baxdı: doqquzun yarısı idi. Bu vaxtı avtobus tapmaq çətin olacaqdı, çünki növbənin nə əvvəli, nə axırı idi. Gələn gəlmiş, gedən getmişdi. Tək-tük yolunu azmışlara görə isə çətin ki, bundan sonra bu tərəfə – yəni şəhərin qırağına avtobus gələ. Evə isə özünü tez çatdırmaq istəyirdi, ürəyi əsim-əsim əsirdi, tələsirdi. Pulları çıxarıb qoyacaqdı arvadının qabağına. Hayıf ki, bir elə pulbaz deyildi, yoxsa ürəyi gedərdi arvadının. Elə qaynanasına da göstərmək pis olmazdı.
Yox, çətin avtobus gələ! Özgə vaxt olsaydı bu vəziyyəti söyər, hökuməti qınayar, deyinərdi ağzı köpuklənənəcən. İndi isə əsəbləşmir, darılmırdı. Səbəbini hamıdan yaxşı bilirdi. Çiynindən asılmış sumkadakı puldu onu sakitləşdirən, canına bir arxayınlıq və hövsələ gətirən. Fikirləşdi ki, hələ subay vaxtlarında aldığı bu cındır sumkanın bu saat min dörd yüz manat qiyməti var. Belə fikirləşdikcə sumkanı qoltuğuna daha bərk sıxırdı. İlahi, bu qədər pul... Yox, o çox yaxşı bilirdi ki, əslində bu elə də çox pul deyil, heç çox deyil. Oğul var ki, bu pul onun bircə günlük xərcidir. Olsun da, lap qoy beləsi çox olsun, bundan Yetimə nə? Onun belə pulu heç olmayıb, olacaqmı onu da demək çətindir. Çox güman ki, olmayacaq. İndi isə vardır, özü də bu pul ona ağır zəhmət bahasına başa gəlmişdi. Ömründə birinci dəfə idi ki, onun zəhməti belə yüksək qiymətləndirilirdi. Birinci dəfə idi əlinə bu qədər pul alırdı. Bu qədər pulu... Diksindi.
Baş barmağına tüpürüb bir ətək pulu sayan, dəstələyib sığallayan kişi atası idi. Anası idi o mehriban, həlim təbəssumlü qadın. Pulları dəstələyib bağladıqca qadın utana-utana, kimdənsə sıxıla-sıxıla gülümsəyirdi və hərdən göy, qırmızı kağızlara əl uzadan uşağa təpinirdi: «Dəymə, qadan alım, puldu ey cırarsan, kağız deyil».
– Uşağı gözüqırpıq öyrətmə, Humay, qoy götürsün. – Kişi kağızlardan birini ona uzatdı...
Humay? İlahi... Anasının da adı Humay idi, anasının…


– Satdım inəkləri... Qatırı da satdım. – Kişi xısın-xısın danışırdı ki, uşaqlar eşitməsin. Qızlar evin lampa işığının az düşdüyü kəlləsində – yuxarı başında oynayırdılar. Söhbətin bu yerində qızlar oyundan çıxıb susdular. Bu sakitlik kişinin diqqətindən yayınmadı. – Birdən qonum-qonşuda deyərsiniz ha... vallah, qırram sizi.
Humay qəmli-qəmli baxdı kişiyə və pulları sığallaya-sığallaya dedi:
– Bəlkə nahaq yerə tələsiyirsən, ə?
Kişi fikrindən daşındıracaqlarından ehtiyat edən adam kimi tələsik və bir qədər sərt:
– Yox, yox! – dedi. – Nahaq deyil, ta dözə bilmirəm, tab gətirmirəm. Biz bu dığalardan, harsınlardan nə xartana söz götürəcəyik? Az qala tüpürürlər üzümüzə, Partlayıram, qeyrət boğur məni. Vurum öldürüm, nə təhər öldürüm, başımı heyvan kimi salım aşağı dözüm, nə təhər dözüm?
Humay dolmuş gözlərini cunasının ucu ilə sıxdı.
– Ə, bu mahalsız, elsiz-obasız nə təhər tab gətirəssən? Biz yad yerdə, yad torpaqda dolana bilərik? Bə bu tifillər?
– Elə bunlara görə gedirəm dayna. Belə ki, görürəm bizim qoparağımızı elə götürəcəklər ki, heç əynimizə abırlı paltarımızı da geyə bilməyəcəyik.
– Ə, bəs bizim bu mülkümüz, bağ-bağçamız, həyət-bacamız? Axı bura bizim dədə-baba yurdumuzdu. Yersiz gəldi, yerli qaçdı bu?
Kişi «Avrora» qutusundan siqaret çıxartdı. Əlləri əsə-əsə kibrit çöpünün alovunu siqaretə yaxınlaşdırıb yandırdı.
– Elə bilirsən mən qanmıram? – Tüstünü üfürüb bir qullab da vurdu. – Amma əlac yoxdu. Evi də behlətmişəm. Sabah pulun dalını gətirəcəklər.
– Ə, sən lap gerçəklədin?
– Özgə yol yoxdu. Gec-tez getməliyik, nə xartana tez getsək, bir heylə yaxşıdı. Öyrəli görmədin iyirmi ilin kirvəsi məə nə dedi? Aşotu deyirəm.
Humay başını tərpətdi.
– Deyir dünyanın hər yerindən ermənilər köçüb gələcək bura, yer çatmayacaq. Mən də deyirəm, bə nooldu, ə, bu, yersiz gəldi yerli qaçdı? Deyir nə bilim, Ermənistan balacadı, vətən də ki şirin şeydi. Sən də durub deyirsən ki, hara gedək, bu yerlər... – Kişi siqareti söndürüb bir ağız öskürdü. – Getmək lazımdı bu xarabadan, nə xartana ki gec deyil.
– Allah, niyə götürürsən bu zülmü?
Kişi pulları üst-üstə qoyub qırmızı parçaya bükdü.
Bərk saxla, elə yerə qoy ki... Özün də sat toyuq cücəni yavaş-yavaş, qonşulara da de ki, Ağcabədidə qohumlarımız var, ora çağırırlar. Köçürük ora. Əşi, nə istəyirsən de, onsuz da Aşot bilir, maşın da düzəldəcək, şofer də.
– Bəlkə evi də o alır, ə?
Kişi başını yana-yana tərpətdi və çökmüş səslə dedi:
– Humay, onlar bu evdə ağ gün görməyəcəklər. Allahıma and olsun ki... – Sözünün dalını gətirə bilmədi. Qəhər boğdu.
– İnşallah, meyidi çıxacaq burdan Aşotun. – Humay yenə də cunasının küncü ilə gözünün yaşını sıxdı. – Görüm ocağımıza göz tikənin gözü ovulub düşsün ovcuna. Sağ yeməsin...
...Yük maşınına çin-çin yığılmış yorğan-döşəklərin üstündə oturmuşdular. Qonum-qonşu, qohum-əqrəba maşını dövrəyə almışdı. Ağlayan da vardı, göz yaşları arasından gülən də. Ürək-dirək verənlər, birdəfəlik getməməyi, hərdən el-obanı yad eləməyi tapşıranlar da vardı. Humay hamı ilə görüşüb-öpüşdü, qonum-qonşunu duz kimi yaladı, gah ağladı, gah güldü.
– Allah amanında gedin.
– Qismət belə imiş.
– Allah bilən yaxşıdı.
– Qismətdən artıq yemək olmaz, a bala, təki xoşbəxt olun oralarda, o qərib yerlərdə. – Bunu deyən arvad ağladı və kuzovda yorğan-döşəyin üstündə oturmuş üç körpəni göstərdi. – Allahın gözü o tifillərin üstündə olsun.
Humay maşına axırıncı qalxdı və ordan aşağı maşının tərpənməsini gözləyən qonşulara, məhəlləyə, alt-üst qoyub getdiyi aynabəndli, bağlı-bağçalı evinə, bağçada zəncir gəmirib yer eşən şir biləkli itə baxıb təzədən kövrəldi və oxşadı:
– Halal elə məni, ay evim, ay eşiyim, ay elim, ay obam. Bafasız, namərd qızını halal elə, a kəndim, a kəsəyim...
– Can-can-can... – Qarılardan biri qaraağac qabığına dönmüş əlini qupquru sinəsinə vurub quru-quru hönkürdü.
Maşın tərpəndi. Humay balalarını yanına alıb üzünü göyə tutdu:
– İlahi, a gözəgörünməz tanrı, sən mənim balalarıma pis gün göstərmə, çöür məni on iki imamın başına...
Humayın ağlamağı qızları da kövrəltdi, onlar da qoşuldular analarına. Bir o ağlamırdı, amma dolmuşdu. Yumru yanaqları bir az da şişib ağırlaşmışdı. Rəngi avazımışdı. Bir himə bənd idi ki, özündən bir neçə yaş böyük olan bacılarına qoşulub zır-zır ağlasın. Gözləri nəm işıqdan parıldayırdı.
Atası Aşotla sürücünün yanında, kabinədə oturmuşdu. Sürücü Aşotun Qarabağda yaşayan bacısının oğlu idi. Hər kim idisə sifətindən zəhrimar tökülürdü. Qəribə kinlə baxmağı vardı. Onu görən kimi Humay demişdi ki, ə, bunu hardan tapdın, quldura oxşayır. Atası da demişdi ki, Aşot gətirib də, deyir yaxşı maşın sürür, həm də o tərəfləri tanıyır, bələddi.
Gözünü kabinənin kuzova açılan kiçik pəncərəsindən çəkdi və hələ də ağı deyib ağlayan anasına, bacılarına baxdı və birdən anasının üstünə atılıb üzünü qadının büzməli, qat-qat tumanlardan belə bilinən dik qarnına söykədi...
Bircə maşın sığışan dar-düddək dağ yolunun bir tərəfi dibi görünməyən dərin uçurum idi. Yəqin ki, ora insan ayağı dəyməmişdi. Bir də tikanlı yemşan kolları elə sıx bitmişdi ki, ora düşmək hər oğulun hünəri deyildi. Tamam kimsəsiz yol idi. Nə qabaqdan, nə də arxadan maşın gəlirdi. Bu yolu Aşotun dediyinə görə sürücü seçmişdi, kəsə olduğuna görə. «Bir az qorxulu yol olsa da sürücü ustadı» demişdi Aşot.
Maşın birdən dayandı. Gözünün yaşı çoxdan qurumuş Humay arxası kabinənin pəncərəsinə oturmuşdu. Oğlan da quçağına sığınıb ayaqlarını yükün üstünə uzatmışdı. Uşağı oyatmasın deyə ehtiyatla döndü kabinə səmtə ki, görsün niyə dayandı maşın. Qızlar baş-başa verib yükün üstündə yumrulanıb yatmışdılar.
– Az, üstünüzü örtün soyuq dəyər, – desə də Humayın fikri kabinədə idi. Nəsə ürəyi səksəkədə idi. Qulağına ermənicə, sonra azərbaycanca danışıq səsləri gəldi. Daha çox sürücünün səsi eşidilirdi.
– Bu nə deyir, ə, Aşot? – Hüsünün səsi idi. – Sarsaqdı bu, yoxsa...
Kabinənin hər iki qapısı birdən açıldı. Əvvəl Aşot, sonra sürücü düşdü. Dallarınca da Hüsü.
– Ə, Aşot, ə kirvə?
– Eşitmədin nə dedi? – Aşot qəfil Hüsünün üzünə şapalaq vurdu. Humay qışqırıb dik qalxdı və gördü ki, sürücü ilə Aşot Hüsünü yolun divar kimi Hamar tərəfinə dirəyiblər. Arvadın nitqi qurudu. Hüsünün burnundan şoralanan qan ağ köynəyinin yaxasına tökülürdü. Sifətində, səsində təəccübdən başqa heç bir özgə ifadə yox idi.
– Ə, Aşot, ə, bu nə kirvəlikdi? Axı biz duz-çörək kəsmişik.
Aşot Hüsünün üzünə tüpürdü.
– Ara, türk köpəy oğlu, sən bizi hərif bilmisən? Yəni sən, axmaq musurman bizim torpağımızı, evimizi bizə satıb gedib kep eləmək istəyirsən. Sora deyəsən ki, erməni Aşotun anasını belə...? Otuz min pul aparıram? Ver bura pulları!
– Ə, Aşot...
Humay Hüsünün gözündən sıçrayan yaşı görəndə ürəyinin başı oyuldu, ürəyində «Ə, mənim ürəyimə dammışdı dayna» dedi və istədi Aşotu çağırıb qadınsayağı utandırsın, amma gec oldu. Sürücü Aşotu geri itələyib qabağa keçdi və Hüsünün qarnına güclü yümruq vurdu. Hüsü iki qat oldu. Elə bil o yumruq Humayın qarnına dəydi.
– A səni qara ilan çalsın, niyə vurursan onu? – Humay qışqırıb maşından düşməyə təşəbbüs elədi ki, ərinin köməyinə yetirsin özünü, eyni zamanda Humay bildi ki, bu onların axırıdır.
– Senit, ktre, qahbə! İndi gəlib... – Aşot eybəcər bir söyüş söydü.
Humay nə qulaqlarına, nə gözlərinə inana bilirdi. İlahi, iyirmi ilin kirvəsi, evinin əziz qonağı... Nifrəti, kini, ədavəti iyirmi il boğub içəridə belə məharətlə saxlamaq, gizlətməkmi olar? Humay hələ nəyəsə ümid eləyib heç cürə hündür kuzovu dəf edə bilmədiyindən elə oradanca mehriban səslə dedi:
– Ə, Aşot qardaş, biz axı qohumdan artıq olmuşuq, o gədə tanımır bizi, sən ki tanıyırsan. Biz heç erməni-türk bilməmişik, heç ağlımıza gətirməmişik. Ə, axı sən Hüsüyə qardaş olmusan... – Humay hələ də dikəlib qalxa bilməyən ərini göstərib ağladı.
– Zato biz bilmişik. Türkdən erməniyə dost olmaz. – Sürücüyə. – Bir də vur pulu gətirsin, yəqin arvadının...
Humay qulaqlarını tutdu. Sürücü hələ də ikiqat qalmış Hüsünün boynunun dalına qoşa yumruq endirdi. Hüsünün dizləri yaş torpağa işlədi. Müvazinətini saxlaya bilməyib üzü üstə yağışdan sonra təpiməyə macal tapmamış torpağa düşdü. Aşot da sürücüdən geri qalmaq istəməyib onun böyrünə bir təpik vurdu. Hüsüiün əvəzinə Humay qışqırdı və bayaqdan düşə bilmədiyi maşından özünü yerə necə atdığını bilmədi. Özünü yetirib arxadan Aşotun çiyinlərindən yapışıb paltar övkələyən kimi övkələdi. Başını, çiynini, üz-gözünü döyəclədi. Sürücü qadının qəfil və arası kəsilməyən zərbələrindən çaşıb qalmış Aşotun köməyinə yetirdi özünü və qadını necə itələdisə o dalı-dalı gedib arxası qatda yerə dəydi. Başı zərbə ilə iri ağ daşa dəydi. Ağrıdan qadının huşu çıxdı başından. Və bundan sonra Humay balalarının ağlaşmasını, qızların səs-səsə verib qışqırmasını eşitmədi, bir daha eşitməyəcəkdi də. Çox şeyləri bilməyəcəkdi Humay, bu gen dünyada üç yetim qoyub getdiyindən də xəbəri olmayacaqdı...
Hüsü yerindən qalxmağa, müqavimət göstərməyə təşəbbüs elədi, ayaqları sözünə baxmadı. O, yavaşdan mızıldandı:
– Aşot, allah götürməz bu zülmü, Aşot... Axı biz belə deməmişdik.
Aşot sürücüyə göz eləyib «Qurtar!» dedi. Sürücü əlini uzunboğaz çəkməsinin içinə salıb ordan dəri qını olan qəmə çıxartdı və kuzovda bir-birinə qısılıb ağlaşan qızlara, başı bortdan bircə qarış çıxmış oğlana baxdı. Aşotun da gözü uşaqlarda idi. Qızlar dəri qından çıxıb ağ parıltı ilə soyuq işıq saçan qəməni sürücünün əlində görəndə daha bərkdən ağladılar.
– Kəsin səsinizi, it uşağı!
Qızlar səslərini boğub zingildədilər. Oğlan ağlamırdı. Görünür qanmırdı. Sifəti və gözləri donuqlaşmışdı.
– Sən də tez elə! – Aşot hirslə çəmkirdi. – Şutara!
Hüsü birdən qucaqladı Aşotun ayaqlarını.
– O tifillərə yazığın gəlsin Aşot, qıyma onlara, qıyma ki...
Kürəyinə işləyən qəmə nəfəsini kəsdi, daha bir zərbə, daha bir qəmə, daha bir yara...
Sürücünün ürəyi soyumurdu. Zərbələrin sayı artdıqca, qan çoxaldıqca azğınlaşır, qudururdu. Hüsünün kürəyi arı pətəyi kimi dəlik-dəlik oldu.
– Bəsdi! – Aşot onun qolundan tutdu. – Bıçağı sil arvadının ətəyinə. Sonra da gəl tut ayaqlarından...
– Bəs pul?
– Pul maşındakı zənbildədir.
Aşot meyiti başından, sürücü ayaqlarından tutub uçurumun qırağına apardılar. Bir neçə dəfə yelləyib atdılar.
– Bəs arvad necə olsun? – Sürücü soruşdu.
– O da əri gedən yolu getməlidi.
– Onu da sən vuracaqsan. – Sürücü çəkinə-çəkinə dedi. – Qayda belədi.
Aşot pis baxdı sürücüyə və əlini qoltuq cibinə salıb tapança çıxartdı:
– Bıçaqla vura bilmərəm. – Tətiyi çəkib hələ də hərəkətsiz qalmış qadına yaxınlaşdı və bir qədər şübhə ilə: – Bu ölüb, deyəsən, – dedi və əyilib qadının yarıaçıq qalmış gözlərinə baxdı. – Ölüb. – Sonra dönüb kuzovda hələ də xısın-xısın ağlayan qızlara və doluxmuş oğlan uşağına baxdı. Onu qucağında tutmuşdu iki il bundan qabaq. Uşaqlardan gözünü çəkmədən: – Özü də qahbə boylu idi, – dedi. – Yenə bir türk doğacaqdı. Apar sürü sal uçuruma. – Gözünü uşaqlardan çəkmədən onlara doğru getdi. – Nədi, nə it balası kimi zingildəyirsiniz? Ta yoxdu atanız, gəbərdi ananız, yetimsiniz siz! – Qızlar səslərini qaldırdılar. – Ağlayın, ağlayın, sən də ağla, it küçüyü, nə gözlərini bərəltmisən? Yadınızda saxlayın, erməni türkün anasını belə ağladır.
Sürücü Humayın meyidini sürüyə-sürüyə aparıb Hüsünün meyidini atdıqları yerdən bir az aralıdan uçuruma yumalatdı. Aşot bu dəfə məxsusi oğlana yaxınlaşıb sözləri köklü-köməcli tələffüz edə-edə yenə dedi:
– Bax, yaxşı bax, çıxartma yadından bu günü. – Aşot barmağı ilə onları hədələdi. – Oturun aşağı, cıqqırınızı da çıxarmayın.
Sürücü əlində quruyub qalmış qan ləkəsini ağzında yaş eləyib dəsmalına, üstünə sildi və onlara yaxınlaşıb:
– Şabaş! – dedi və birdən baxışları sifəti bozarmış oğlanın gözləri ilə toqquşdu. Uşağın qapqara gözləri nə qırpıldı, nə qıyıldı, guya heç nə olmamışdı.
– Qorx, qorx, qorx, türk köpəyoğlu, qorx, qırp gözlərini! – Sürücü barmaqlarını uşağın gözlərinə yaxınlaşdırdı.
Aşot sürücünün qolundan tutub ardınca çəkdi və:
– Gəl, gəl, – dedi. – Üç türkün atasını belə yandırdıq.
Sürücü sükan arxasında yerini rahatlayıb təəccüblə soruşdu:
– Üç türkün niyə?
Aşot məmnuniyyətlə gülümsədi:
– Bə demədim sənə? Qahbənin içi doluydu. İndi yəqin çapalayır qarnında.
– Bəs bu küçükləri neyniyək? – Sürücü soruşdu. – Şahid-zad durarlar ey.
– Qələt eləyərlər! – Aşot siqaret yandırdı. – Elə yerdə azdıracam onları ki, həmişəlik Ermənistan yolunu unutsunlar. Bir də bizdə türk öldürmək şərəf işidi. Təmizləməliyik bu torpaqları onlardan, nə qədər ki, yayılmayıblar qovmalıyıq hamısını.
Sürücü hiddətindən qızarmış Aşota inamsızlıqla baxdı:
– Bir elə adamı qovmaq olar?
Aşot razılaşdı onunla:
– Doğrudu, indi çətindi, heç mümkün də deyil, amma məqam gələcək, mütləq gələcək...


Beşiyin yanında dayanıb mışıl-mışıl yatan və hərdən bu ipək mışıltı arasından zəif xorultu buraxan yumru yanaqlı körpəyə heyran-heyran baxırdı. Fikirləşirdi ki, dünən doğulsa da əslində bir aylıqdır, deməli, bir beş-on gündən sonra qırxı çıxacaq. Axı vaxtından düz bir ay gec doğulmuşdu. «İlahi, çox şükür sənə, çox şükür ki, axırı yaxşı oldu, sağ-salamat gəldi, şikəstliyi-zadı olmadı, peşmançılıq eləmədin». Nəfəsini çəkməyə qorxdu. Fikirləşdi ki, birdən oyanar, qoy dincəlsin, qoy bir özünə gəlsin.
Hənirə döndü və qapı ağzında ərini gördü. Barmağı istər-istəməz dodaqlarının üstünə getdi:
– Sss... yatır.
Əri gülümsədi və qadın birdən gördü ki, əri xeyli dəyişib, boylu-buxunlu gözəl bir kişiyə çevrilib. Çiyinləri enlənnb, sinəsi qabarıb, qollarının əzələləri hərəsi bir kündə olub. Elə baxırdı ki, elə bil özünə, kündə əzələli qollarına, boy-buxununa tərif istəyirdi. Əridir, buna şübhə ola bilməz, bəs onda bu nə boy-buxun, bu nə çiyinlərdir belə? Əri elə bil onu daha da heyrətləndirmək üçün əlini şalvarının arxa cibinə saldı və bir dəstə yüzlük çıxarıb yelpik kimi açdı. O, heyrət və sevinclə içini çəkdi və beşikdən aralanıb yüzlükləri yelpik kimi gah açan, gah yığan ərinə tərəf getmək istədi. Əri sərbəst əlini o biri cibinə salıb zəif işıqda da işıldayan brilyant qaşlı bir üzük çıxartdı və gülə-gülə «Bəri gəl» dedi.
Üzüyü görüb vəcddən qışqırdı. Yetim fəxrlə baxırdı arvadına və ondan heyrət, sevinc, məhəbbət, tərif gözləyirdi. «Xoşuna gəlir?» Humay həmişəki kimi abır-həyanı gözləməyib ərinə doğru qaçdı ki, boynuna sarılsın, üz-gözündən öpsün, ancaq yaxınlaşa bilmədi, aralarında qəribə bir maneə vardı. «Bu nədi be-lə?» Qarnı idi! Həmişəkindən də böyük idi, elə bil ikisinin arasında dağ bitmişdi.
– Bu nədi! – Gözlərinə inanmadı. – Axı mən...
– Nə olub? – Əri mehriban səslə soruşdu. – Nədən qorxdun?
Humay təəccüb və kədərlə baxdı ona və qarnını göstərib:
– Görmürsən? – dedi. – Bu nədi? Axı doğulub. – Beşiyi göstərdi. – Axı doğdum, az qalıb qırxı çıxsın.
– Doğrudu, doğmusan, bunu da sənə hədiyyə almışam. – Üzüyü göstərdi. – Sən mənə oğlan doğdun, mən də sənə brilyant üzük aldım.
– Bəs onda bu qarın nədi? – Qadın ağladı, hətta ona qətiyyən yaraşmayan bir şıltaqlıqla ayağını yerə vurdu. – Axı mən qurtarmışam. Bəlkə... bəlkə... – Beşiyə tərəf yüyürüb körpənin üstünə əyildi. Uşaq yatırdı, amma bu dəfə mışıldamır, kişi kimi xoruldayırdı. Elə bil sifəti də dəyişmiş, yanaqlarının yumrusu itmiş, çəkilmişdi. İlahi... ovurdları batmışdı.
– Xoruldayır... – öz-özünə dedi və yenə də əyilib qarnına baxdı. Döndü ki, ərini yanına çağırıb bircə anın içində dəyişib tanınmaz olmuş körpəni göstərsin, görsün bu dəyişikliyi o da hiss edirmi, amma əri yox olmuşdu. «Bu hara qeyb oldu? Nə sarsaq gündü, hər şey itir, dəyişir, əriyir elə bil». Ərini çağırmaq istədi, ancaq saxladı özünü. Bildi ki, çağırsa da eşitməyəcək. Yenə də qorxa-qorxa əyilib beşiyin içinə baxdı.
– İlahi! – Qışqırmaqdan özünü saxlaya bilmədi. Uşağın seyrək qara bığlarını, qapqara saqqalını və qalın çarpaz xətlərlə doğranmış qırış sifətini görməmək üçün gözlərini yumdu. Beşikdən qalxan xorultu səsi isə güclənirdi. Deyəsən qapı da döyüldü. Eyninə almadı. Bütün hissi, fikri, duyğusu indicə gördüyü dəhşətli mənzərənin yanında idi. Maraq dəhşətə üstün gəldi. Gözlərini açdı və yenə də beşiyin üstünə əyildi. Baxışları bığlı-saqqallı körpənin baxışları ilə toqquşdu. Və bu dəfə qorxmadı. Bu baxışlarda tanış, doğma bir ifadə vardı. Elə bil Yetim baxırdı uşağın içindən, məzlum günahkar gözləri ilə. Guya dil bilməyən ağıllı it baxırdı. Humayın gözlərindən yaş sel kimi axırdı, ürəyi yumşalırdı və bu qəribə məxluğa mərhəmət hissilə dolurdu. O, qorxa-qorxa, bir az da çimçəşə-çimçəşə qoltuqlarında xeyli isinmiş əlini uzatdı ki, körpənin başını, yanağını sığallasın, qucağına götürsün onu, amma ürək eləmədi.
– Qorxma!
Qadın səksəndi. – Səsin beşikdən gəldiyinə əmin olsa da dönüb qapı ağzına baxdı. Heç kəs yox idi. Bununla belə qadın təəccüblənmədi. Bu saat bu qəribə uşaq beşikdən düşsəydi də təəccüb etməzdi. Bu həyatdan, bu dünyadan, nə desən gözləmək olardı. O, qəribə qadın müdrikliyi ilə allahına, bəxtinə-taleyinə, qismətinə boyun əydi və havada donub qalmış əlini təzədən tərpətdi. Körpə mehriban təması, qadındakı dəyişikliyi dərhal hiss edib daha aydın və daha yoğun səslə, eyni zamanda günahkar kimi dedi:
– Bətndə çox qaldığımdan tük gətirmişəm...
Qadının əli uşağın göy damarları görünən alnında, batıq gicgahlarında, sıx tər damcıları ilə örtülmüş nəm yanaqlarında gəzdi, hiss elədi ki, gözləri yaşla dolur, burnu ağlamaq üçün göynəyir. Yaş kirpiklərini basıb keçməkdə idi, ançaq bu göz yaşları artıq nə qorxudan, nə sevinçdən, nə dərddən-qüssədən idi. Qadının bu körpəyə yazığı gəlirdi, ürəyi əzilirdi. Qapı yenə də döyüldü, özü də inadla. Deyəsən körpə də eşidib yerində qurçuxdu, gözləri geniş açılıb girdələşdi, burun pərələri tərpəndi. Qapı isə artıq ara vermədən, fasiləsiz döyülürdü, deyirdin bəs məqsədləri onu açmaq deyil, yerindən qoparmaq, çərçivəsindən çıxarmaq idi...
Qapı həqiqətən döyülürdü. Özü də dəhşətlə, tappa-tarapla, deyəsən bir-iki yox, beş-on adam birdən təpikləyirdi. Qadın əvvəl heç nə başa düşmədi, cəld yerindən qalxmaq, mənzilin girəcəyinə qaçmaq, gözlükdən bayıra baxmaq istədi, ancaq qalxa bilmədi, elə bil onu kresloya yapışdırmışdılar. Qarnı ilə kreslonun arasında qalmışdı. Çıxa bilmirdi bu məngənədən. Bəs o nə idi? O nə uşaq idi elə, bığlı-saqqallı? Səsi gəldi qulağına: «Qorxma!» Allah, nə yaxşı ki yuxu imiş, nə yaxşı... Amma bilmədi sevinməyə dəyərmi? Daimi qarın dustağı, hamiləlik əsiri olmaqdan pis deyildi ki?
Daha qapını döymür, sındırırdılar. Anasını çağırmaq istədi, yadına düşdü ki, axşamüstü Bakıya getdi, əri də gəlib çıxmamışdı. Tək idi, tək-tənha. Qapı növbəti həmləyə tab gətirməyib tarappıltı ilə açıldı və hay-küydən, ayaq səslərindən bildi ki, içəri bir dəstə adam doldu. İndi görünməli idilər. Qəribə idi ki, bunların guya ona dəxli yox idi. Qulağına gələn səslər də uzaqdandı, lap uzaqdan.
– Hardasınız? Qırılmısınız?
– Heç kəs yoxdu deyəsən. – İkinci səs idi. Töyşüyə-töyşüyə danışırdı. – Əkiliblər.
– Yox, ala, yəqin gizləniblər. – Başqa birisi etiraz etdi.
– Onların lap anasını... Axtarın, hər yeri axtarın!
– Axtarın, hər şeyi vurub dağıdın...
– Əşi bəlkə özümüzkülərdəndi? – Kimsə zəif səslə etiraz elədi.
Qadın yerindən qalxmaq üçün bir də təşəbbüs elədi. Bacarmadı. Dili tutulmuş, səsi batmışdı. Otağın aralı qapısını təpiklə açdılar və qabaqda üzü tüklü, gözü-başı qarışmış bir kişi, dalınca da beş-on nəfər girdi içəri. Kişi kreslodan qalxa bilməyən qadını görüb bir addım gerilədi və əli ilə onun qarnını göstərib pıçıldadı:
– Bu nədəə? – Başını bulayıb gözlərini bir-iki dəfə qırpdı. – Evin yıxılsın, fələk! Bu boyda qarın olar?
– Gör əkən nətəər əkif də. – Əlində lom tutmuş cavan oğlan qabağa keçdi. – Sən öl bu musurman işidi, beşin birdən doğacaq, heylədimi, axçı? – Nisbətən yaşlı bir kişi qabaqdakıları aralayıb irəli keçdi və gözləri bərələ qalmış qadının üstünə qışqırdı:
– Hayes?
Qadın key-key baxdı və başa düşmədi ki, ondan nə istəyirlər. Nə qədər cəhd elədi ki, soruşsun, danışsın, ondan nə istədiklərini bilsin, ancaq dili söz tutmadı, ağzında çönmədi. Səsi də çıxmadı, o, əlacsızlıqla başını bulayıb əlləri ilə qarnını qucaqladı, bir növ bətnindəki körpəni mühafizə etdi.
Kişi hövsələsizliklə qadına yaxınlaşıb qıraqlarında ağ köpük qurumuş ağzını onun bərələ qalmış gözlərinə dirədi və vəhşi səslə bağırdı:
– Hayes? Soruşuram, hayes? Bəlkə musurmansan, amma musurmanca bilmirsən? Ona görə dilivi qarnıva soxmusan? Qorxursan danışmağa? Hə? Qorxursan? – Kişi qışqırdıqca ağzından tüpürcək sıçrayır, qadının üz-gözünə düşürdü.
– Ala, nə sorğu-suala tutmusan? Sox qarnına bu armaturu, dili açılsın da. – Başqa birisi bağırdı. – Gör indi nə mələyir...
Qadın qarnına tuşlanmış iti uclu armaturu görüb səssiz qışqırdı və əllərini kreslonun dirsəklərinə dayaq verib qalxmağa təşəbbüs göstərdi... Gücü çatmadı. Nə qolları, nə qıçları onu qaldıracaq halda idi. Əlacı gözlərinə qaldı. Baxışlarını bu bir dəstə kişinin üstündə, üz-gözündə sürətlə gəzdirdi ki, bəlkə halına acıyan bir adam tapdı, əbəs səy idi, evi doldurmuş bu bir sürü kişinin içində bir insaflısı yox idi. Qadın ümidsizliklə gözlərini yumub özünü onların ixtiyarına verdi. Əllərini qarnının üstündə çarpazlamışdı. Ona elə gəlirdi ki, artıq qarnına sancılmış buruq-buruq armaturun ağrısını hiss edir.
– Bəlkə laldı, kardı, heç biz deyəni eşitmir? – Bu səs bayaqdan eşitdiyi səslərdən seçilirdi. Qadının içində ümid tərpəndi, elə bil qarnında hiss etdiyi kəskin ağrı da buraxdı. Gözlərini açıb tələsik əli ilə ağzını, qulağını göstərdi. Qışqıra bilmədiyini, danışmaqdan məhrum olduğunu başa salmaq istədi.
– Nə fərqi var laldı, kardı, ermənidi, ölməlidi, vəssalam!
Qadın qarnına tuşlanmış armaturu əli ilə qırağa çəkdi və etiraz əlaməti kimi başını qətiyyətlə buladı.
– Pasportun var, hardadı pasportun? – Bunu soruşan saqqallı oğlana başını tərpətməklə «hə» dedi və əli ilə o biri otağı göstərdi. Bu vaxt evi ələk-vələk eləyənlərdən biri tələsik içəri girib qışqırdı:
– Dəyməyin, ala, dəyməyin musurmandı. Evində bir şkaf kitab var, azərbaycanca. Getdik.
Bir başqası da dedi ki, ala, görmürsən o elə ölüdür.
Əlində armatur tutmuş orta yaşlı kişi itələşə-itələşə evdən çıxan kişilərə, sonra o tərəf-bu tərəfə baxıb nifrətlə qadının üzünə tüpürdü və söyə-söyə çıxdı ki, dəstənin başında getsin.
Qadın tək qaldığını hiss eləyib gözlərini yumdu, titrəyən dodaqlarını bir-birinə sıxmağa cəhd etdi, bacarmadı. Sifəti əyildi, çənəsi titrədi, qapalı gözlərindən daşlanan yaş yanağına düşmüş tüpürcəyə qarışıb çənəsinə doğru axdı. Qadın zığıldadı, zingildədi və «mama, mama» deyib ağladı. Nə qədər zığıldayacaq, nə qədər mamasını çağıracaqdı ki, ürəyi soyusun, tüpürcəklə sifətinə yapışmış təhqiri sivirib atsın... Qarnının altından qəfil ağrı tutdu, nəfəsi kəsildi. Nə qədər istədi ki, nəfəs alsın bacarmadı. Elə bil qarın boşluğuna güclü yumruq zərbəsi dəymişdi. Qışqırmaq istədi, ancaq nəfəs ala bilmədiyindən səsi də çıxmadı. Havasızlıqdan boğulacaqdı deyəsən. Elə bil kimsə hop götürüb ayaq üstə qoydu onu. Dizləri əsdi, başı gicəlləndi, amma ağrı buraxmadı. Bir neçə dəfə dərindən nəfəs alıb yerimək, evin girəcəyinə tərəf getmək istədi. Ona elə gəlirdi ki, qapı taybatay açıqdır. Soyuq hava axını çox güman ki, açıq qapıdan gəlirdi. Elə birinci addımı atmışdı ki, ürəyi bulandı. Öyüdü. Bir də öyüdü. Mədəsi boş idi, səhərdən heç nə yeyə bilməmişdi, iştahası deyəsən birdəfəlik küsmüşdü. Bir də öyüyəndə yenə də əvvəlki yerdən ağrı tutdu və bu dəfə bir neçə dəqiqə buraxmadı. Və o, birdən-birə açılmış səslə qışqırdı.. İki də qışqırdı, üç də qışqırdı. Harayına yetən olmadı və nədənsə ona elə gəldi ki, heç olmayacaq da. Qulağına uzaqdan qara-qışqırıq səslər gəlirdi. Nə olduğunu, nə baş verdiyini bilmirdi, fikirləşməyə, götür-qoy etməyə imkanı olsaydı qarnını doğrayan, təpikləyən ağrıdan qalsaydı nəsə güman eləyə bilərdi, ancaq bütün varlığı bu saat qarnındaydı...


Fuad gah həyətə çıxır, gah evə girir, bir yerdə qərar tuta bilmirdi. Darıxdığından şabalıd kimi partlayırdı. Şəhərdən bir az vardı qayıtmışdı. Nə mitinqdə qala bilmişdi, nə dəstə-dəstə birləşib şəhərin küçələrini əldən-ayaqdan salan adamlara qoşulmuşdu. Bacısı onun narahatlığının səbəbini hiss edib dedi ki, səndən qabaq bizim həyətdən də bir-iki dəstə gəlib keçdi. Vallah, qasırğa kimi qabaqlarına nə keçir silib-süpürür, vurub dağıdırlar. Heç baxan yoxdu erməni kimdi, musurman kim? Vallah, bir şaxsey-vaxsey vardı ki, burda. Nə yaxşı sən olmadın. Yoxsa dözməyib dava salardın. Onlar da ki... Vəhşidirlər, vəhşi. Mən də getmişdim Asyagilə. Yazıq o qədər qorxur ki, qapını mənə də açmaq istəmirdi. Deyirəm dura, mənəm, mən sənə neynəyəcəm? Qapını açıb boynuma sarıldı, əsim-əsim əsirdi. Yalvardı ki, qurban olum gizlət məni. Düzü mənim də zəhləm gedir o köpəy uşağından, amma bunlar neyləsinlər, bədbəxt Asyanın nə taxsırı?
– Bəs neynədin? – Fuad səbirsizliklə soruşdu.
– Neynəyəcəm, apardım saldım mağazaya, qapısın da bağladım. Dedim qal hələlik burda, ara sakitləşincə. Düz eləmədim? – Bacısı soruşdu.
Fuad dilxor dedi:
– Bu nə sualdı? Əlbəttə düz eləmisən.
– Bəs nə bilmişdi ermənilər? Bizim camaatı orda qıranda, lüt-üryan qovanda, qız-gəlini zorlayanda bilmirdilər bunun axırını? Yoxsa biz burdakı ermənilərin başını sığallamalıyıq?
– Az danış! – Fuad təpindi. – Orda da, burda da günahsız adamlar əziyyət çəkir. Qırılanlar da, evləri yandırılanlar da, qarət olunanlar da günahsız, yazıq adamlardı.
Bacısının qaşları şimşək kimi oynadı.
– Nədi, birinci başlayanla müdafiə olunanı eyniləşdirirsən?
Oğlan iki əllərini daraq eləyib alnına tökülmüş gur saçlarını geri daradı və bunu bir neçə dəfə təkrar elədi.
– Bilmirəm, bilmirəm... Ürəyim bu qəddarlığı götürmür. Günahsız adama əl qaldırmaq vəhşilikdi. Mən də eşitdim qadına əl qaldırıblar... Axı... axı, bu...
– Lap əcəb eləyiblər! Bax o mağazada gizlətdiyim Asya var ha, həmişə durub-oturub deyir ki, bir parça torpağa görə niyə qırğın törədirsiniz? Verin də Qarabağı. Bir dəfə belə deyəndə az qaldım saçından alıb qoyum yerə. Köpək qızı, on ildi mənə dost deyirsən, çörəyimi yeyirsən, özün də belə pox yeyirsən? Bələddirlər də yumşaqlığımıza. Bilirlər ki, əlimizdən qəddarlıq gəlmir. Ağıllarına da gəlmirdi ki, belə bir gün onlar üçün də var. Hələ bir acıq da verirlər ki, ay Yerevanda belə olub, ay Qarbaçov heylə deyib... Çox əclaf millətdi. Amma neynirsən, bizim ürəyimiz yumşaqdı. Guya ermənilərdən zəhləmiz gedir, amma elə ki, konkret erməniyə gəlir, lap elə bu Asya köpək qızı kimi, deyirik yazıqdı.
– Yaxşı, qızışma, bura mitinq deyil.
Qız qardaşının istehzasına fikir vermədi.
– Bəs orda – o Qukark xarabada bizimkiləri qıranda, şikəst eləyəndə onların camaatı niyə susurdu? Hələ ocağa odun atırdılar. Amma biz...
Dəhşətli qışqırıq səsi qızı diksindirdi. Sözü ağzında qaldı. Qışqırıq bir də və daha güclü eşidildi. Qız əlləri ilə qulaqlarını tutdu və pıçıldadı:
– Allah, allah...
Fuad sim kimi dartıldı. Yeganə yenə də pıçıltı ilə:
– Allah, sən bu gecəni salamatlıqla qurtar, – dedi.
Fuad barmaqlarının arasında çoxdan sönmüş siqareti aralı pəncərədən həyətə atıb:
– Mən getdim! – dedi.
Bacısı onun yaxasından yapışdı:
– Hara? Hara gedirsən? Buraxmaram! Mamanın qəbri haqqı buraxmaram! Yoxsa... Ə, öldürərlər ey səni.
Səsə xala gəldi.
– Nə var, az, noolub?
Fuadın gödəkçəsini geydiyini görüb tənə ilə:
– İndi hara gedirsən? – dedi. – Bu dədəni can verə-verə qoyub hara gedirsən? Hara qaçırsınız? Yanı bu can verən sizin doğma dədəniz dəyil?! – Fuad ayaq saxladı, arvad daha da ürəkləndi. – Yaxşı, mən sizin doğmanız dəyiləm, özgəyəm, sizin yolunuzda yanıb-qaralıb kösöyə dönsəm də yadam. Bəs o bədbaxt kişi nəyin yiyəsidi? Yanı siz onun belindən gəlməmisiniz?
– Az, şəhərdə qırğındı ey, xala.
Arvad qızın üzünə çımxırdı:
– Cəhənnəmə qırğındı, gora qırğındı. Cavan ölən dədəmnən artıqdılar, nakam getmiş bajımdan əzizdilər? – Yenə üzünü oğlana tutdu. – Gedirsən ki, səni də öldürsünlər, ya da tutub dama bassınlar? Onda kim durajax sənin dalında? Dədən? Baban? Yoxdular ey, öldülər ey... Təksən bu dünyada, təkik, yalqızıq, hamımız təkik bu qərib şəhərdə, bu lotu-potu şəhərində yalquzaq kimi təkik. – Arvad ağladı və ağlaya-ağlaya da əlavə elədi. – Vallah, məni o bədbaxtla tək qoyub getsəniz, mən də gedəjəm, oturmuyajam bu evdə.
Qız nifrətlə baxdı arvada; üzünü qısa pərdəsi iki tərəfdən aralı pəncərəyə çevirdi və təlaşla:
– Gəlirlər! – dedi. – Genə gəlirlər. – Pəncərəni açdı ki, əllərindəki məşəllə qaranlığı yara-yara gələn dəstəni yaxşı görsün. – Ay allah... ay allah!
Arvad cəld tərpənib işığı söndürdü ki, içəri görünməsin. Sonra da qorxa-qorxa pıçıldadı:
– Ciyəri yansın onların.
Qız arvada çəmkirib:
– Az, yandır işığı! – dedi və onu gözləməyib özü düyməni basdı.
Fuad bacısına təpindi:
– Qudurma də!
O da pəncərəyə yaxınlaşdı. Dəstə ilə aralarında iyirmi-otuz addım məsafə vardı. Qabaqda gələnlər ucu itilənmiş armatur, məşəl, içi maye dolu şüşə və dəyənəklə silahlanmışdılar. Heç pəncərəyə çatmamış bir neçə adam birdən qışqırdı:
– Erməni var burda?
Arvad hər təsadüf üçün dedi:
– Var, a bala.
Fuad ötkəm səslə arvadın səsini batırdı:
– Yoxdur! Erməni nə gəzir? Olanlar da çoxdan qaçıblar.
– Nə bilirsən, ə, qaçıblar, bəlkə qalanı var? – Dəstədən kimsə qışqırdı. – Bəlkə sən yola salmısan? – Əlindəki məşəli Fuadın üstünə uzatdı. Bacısı qışqırıb özünü qabağa verdi.
– Eşitmədiniz? Dedik yoxdu də. Bəlkə pasportumuzu göstərək sizə?
Sual verən hırıldadı:
– Göstərməyə ayrı şeyin yoxdusa...
Qardaşı qızın qolundan tutub pəncərədən içəri çəkdi:
– Belə gəl, az! – Sonra əvvəlkindən kəskin və ötkəm səslə dedi: – Nə istəyirsiniz? Dedik yoxdu də.
– Xoruzlanma, ə! – Əlindəki armaturu oynadan nisbətən yaşlı kişi hədə ilə dilləndi. – Girmisən evə, arvad kimi dalını qoruyursan, hələ bir xoruzlanırsan da. Petux!
– Toşnu, petuxdu.
Xala özünü pəncərədən bayıra atmaq istəyən Fuadın qabağına keçib onun yaxasından sallandı.
– Bax öldür məni, bax səni and verirəm o can üstdə olan dədeyin yaralı canına... – Sonra Fuadı buraxmadan üzünü qara-qışqırıq salmış dəstəyə çevirdi. – Öldürün məni, yandırın məni. Mənim evimdə can verən xəstə var ey, üç gün bir üzü üstə qalan bədbaxt var ey!..
– Qurban olsun sənə, xala! – Kimsə dedi.
– Sal onu tumanının altına, ay arvad... – Başqa birisi dedi və xata deyəsən sovuşdu.
Arvad dəstənin getdiyini görüb əvvəl qapqara qaralan və pərtliyindən balacalaşan Fuada, sonra gedənlərin dalınca rusca söyüş söyən qıza baxdı və hikkə ilə:
– A hayasız, niyə bu evə qan salırsan? – dedi. – A vurğunu güjdü gəlmiş, niyə qoymursan ölək öldüyümüz yerdə? Az, sənin kişilərnən nə işin var?
Qız çox qısa və aydın səslə «Yaxşı eləyirəm» deyib arvada dağ çəkdi. Sonra da qardaşına:
– Uspakoysya! – dedi və aynabənddən çıxdı. Paltosunu əyninə alıb tələsik həyətə düşdü. Bu elə tez və sürətlə oldu ki, qardaşı da xəbər tutmadı. Yalnız qapının açılıb-örtülməsindən və paltonun asılqanda olmamasından başa düşdü. Siqaret yandırdı.
Arvad nifrin tökə-tökə baxtını, taleyini qarğışlaya-qarğışlaya xəstənin can verdiyi otağa keçdi və içəri girməsi ilə qışqırması bir oldu:
– Ay camaat, Gəray öldü! Fuad, dədən öldü, a qəriblikdə qulaqları cingildəyən balalarım, dədəniz öldü, Gəray öldü... Öldü, öldü, öldü... Dincəlin! Yeganə, dədən öldü. Ay allahın sevən, Gəray öldü...
Oğlanın elə bil bədəni donmuşdu. İçində heç bir hiss, duyğu, göz yaşları gətirə biləcək sızıltı, ağrı hiss eləmədi. Dəhşətli təhqirdən hələ özünə gəlməmişdi. Arvadın səsi getdikcə daha aydın eşidilirdi: .
– İndi də məni öldürün, ey, məni. Gəlin, gəlin, öldürün məni...
Fuad siqaretini ovcunda əzib söndürdü və qapıya sarı bir addım atıb dayandı, içəri girməyə tərəddüd elədi...


Arxası üstə çevrilmiş əzik-üzük maşınları, vitrin şüşələri çilik-çilik edilmiş mağazaları, yalnız metal karkası qalmış köşkləri və dəstə-dəstə qovan-qaçan, azğınlaşmış adamları görmürdü. Bütün bu cəhənnəm atributlarının ona dəxli yox idi. Elə qaçır, elə tələsirdi ki, nəfəsi kəsilir, ürəyi partlayırdı. Kürəyindən, qabırğasının altındakı boşluqdan sancı qalxmışdı. Yəqin hiss edirdi ki, evə tez getməli, tez çatmalıdır. İlahi, bu saat, bu an evdə olmaq üçün nəyindən keçməzdi? Çiynindən asılıb onu darıxdıran, iti qaçmağa mane olan bu çantanı içindəki pulla bir yerdə ata bilərdi, nəinki bir az əvvəl həyatının az qala mənası bildiyi bu pulu, hətta dünyanın ən şirin neməti deyilən canını belə qurban verərdi. Amma kimə lazım idi onun ömrü? Qaça-qaça qışqırmaq, bağırmaq istəyirdi Yetim. Elə bil kimsə bu sürətlə kifayətlənməyib onu itələyir, yıxmaq istəyirdi. Yan-yörəsindən keçən həyəcanlı, əli daşlı-kəsəkli, dəyənəkli, armaturlu adamlardan qalxan «erməni-musurman» sözlərini eşidir, amma başa düşmürdü. Təkərlərindən od tutub yanan maşın adam kimi ağrıdan çığıra-çığıra qaçırdı. Pəncərələrdən küçəyə tolazlanan ev əşyaları, sınıb çilik-çilik olan şüşə qablar, pambığı-yunu od tutmuş yorğan-döşəklər adi şey kimi qavranılırdı. İndicə asfalta dəyib partlayan televizorun səsi də onu səksəndirmədi. Adamlara ilişə-ilişə, toxuna-toxuna qaçırdı: üz-üzə dəydiyi cantaraq bir oğlan onu necə itələdisə «Dayanın, belə olmaz, dayanın!» deyib qışqıran gənc qızla toqquşdu və təbii ki, üzr istəmədən yenə də adamlara dəyə-dəyə qaçmaqda davam elədi. Sifəti dəhşətdən donmuş, daşa dönmüş oğlan uşağının üzü Yetimin sifətinə köçmüşdü. Uzun bıçağın kişinin kürəyinə necə saplandığını, dəstəyinəcən yeridiyini açıqca görürdü. Ucundan, iti ağzından qan daman bıçaq bir də işlədi kürəyə. Yara yerlərində əmələ gələn qan ləkələru sürətlə qızarır, irilənir, nəlbəki boyda olurdu. Həmişə üfürə-üfürə şirin çay içdiyi qırmızı nəlbəki kimi... Sonra sürücü ayağı ilə Humayın meyitini uçuruma itələməyə çalışdı, gücü çatmadı, əyilib ikiəlli qadını yumaladı və... Yetimin gözlərindən yaş açıldı. Humayın arxası qatda yerə dəyməsini, başının daşa toxunmasını və bir qədər dikəlməyə təşəbbüs göstərən qadının elə bil nədənsə qopub təzədən torpağa düşməsini bir neçə dəfə gördü. Guya lenti təkrar-təkrar fırladırdılar. Qadının başının altında xırdaca qan gölməçəsi əmələ gəldi və tez də torpağa hopdu.
Yetim dəli olurdu, bu inadlı xatirə onun içini yandıra-yandıra çıxırdı. Əzabla doğulurdu bu uşaqlıq xatirələri, elə bil neçə illər donmuş su təzədən əriyir, damcı-damcı axırdı, amma bu onu incidir, göynədirdi. Otuz illik dərin yuxudan ayılan bu xatirələr ölü doğulurdu...
Pilləkənləri elə bil özgə ayaqları ilə çıxırdı və qapını hələ görməmiş bildi ki, nəsə olub bu blokda, nəsə bir faciə baş verib.
Qışqırdı:
– Humay, Humay! – Səsi çatal vurdu, xoruz kimi banladı. – Humay... – Qapını aralı görəndə bir də qışqırdı, daha doğrusu uladı: – Humayyy...
Səsinə səs verən olmadı. Qapını əli ilə deyil, bədəni ilə açdı.
– Humay... – Böyük otağa girib qadını arxası qatda döşəmədə qan içində gördü. – Humay... – Dizi üstə yerə çökdü və yalvaran səslə bir də çağırdı: – Humay... – Sonra dizin-dizin süründü arvadına sarı və birdən dayandı. Gözlərini yumub açdı: qadının yaş ətəyinin arasında qıpqırmızı uşaq vardı. Körpə nə ağlayır, nə tərpənir, nə bir səs eləyirdi. Əlini uzadıb zılğa uşağa toxunmaq istədi, dayandı. İlahi... əl boyda zılğa uşağın bürüşük qırmızı çənəsi tük gətirmişdi. Açıq qalmış ağzından yaş damaqları görünürdü. Qəribə bir yetikliklə körpənin qıçlarının arasına baxdı. Oğlandı! Sevindi, amma... Nə ağlayırdı, nə qışqırırdı, heç tərpənmirdi də.
– Oğlum... – yavaşdan çağırdı. – Oğlum... eşitmir... Oğlum, eşitmirsən, mənəm atanam, Yetiməm, tanımadın atanı? – Ağladı. – Sən niyə belə gəldin? Bəs adam belə gələrdi, ay namərd? Bəs adam belə nanəcib iş görərdi? – Zülüm-zülüm ağlayırdı. – Sən niyə bu gecə gəldin, niyə o bədbəxti öldürdün, niyə onun... – hönkürdü və üzünü arvadının qarnı üstündə donub qalmış qanlı əllərinə söykədi. – Mən niyə ölmürəm, Humay? Niyə mənim ürəyim partlamır, niyə dağılmır ciyərim? Axı mən... axı mən...
Yerindən qalxdı, gah arvadının əzab-ağrı donmuş sifətinə, gah çənəsi tük gətirmiş zılğa oğluna baxdı və qəribə təbəssümlə:
– Bu da mənim ailəm, – dedi. – Bu da mənim, xoşbəxtliyim. Ta nə istəyirsən, Yetim? Xoşbəxt ol, sənə səadət arzulayıram. Ta nə istəyirsən bu dünyadan? Bu sənin arvadın, bu sənin oğlun, bu da...

Qəfil çıxdı evdən, qəfil düşdü pilləkənlərdən... Hara qaçırdı Yetim. Bayaq evə qaçırdı, arvadının yanına, evinə. Bəs indi? İndi nə axtarırdı bu dəli şəhərdə? Yerin göylə göbək-göbəyə, qasıq-qasığa sürtüşdüyü bu lotu şəhərdə, yetim-yesirinin, ac-yalavacının qabırğasını şeytan barmağının qıdıqladığı bu ləçər şəhərdə nə iti azmışdı? Hələ dünən onun birovuz evində arvadı, demə oğlu, bu dünyada ona yeganə simsar ola biləcək bir canda iki adamı vardı. Bəs indi? Onun yolunu Yetim nə qədər gözləmişdi, qanı qanından, canı canından, onun varlığına birbaşa dəxli ola biləcək bir varlıq (oğlan istəməyə cəsarət eləmirdi) gəlməliydi dünyaya. Bax onda Yetim özünü yetimçilikdən xilas olmuş biləcəkdi. Birdəfəlik yetimliklə üzülüşəcəkdi. Ürəklə deyəcəkdi ki, bu yer üzündə onun da qohumu var, adamı var, nəhayət oğlu var. Allah bunu da çox gördü ona. Niyə o körpəni dünyaya məhz bu gecə, bu dəhşətli gecə gətirdi? Öldürmək üçünmü? Əlbəttə, ancaq öldürmək üçün, Yetimi ikinci dəfə yetim qoymaq üçün. Onun ümidlərinə qah-qah çəkib gülmək üçün. Nə pislik eləmişdi allaha Yetim, kimin ayağından yapışmışdı, kimə badalaq gəlmişdi, axı onun pislik eləməyə imkanı da yox idi. Niyə hamının adil dediyi Allah Yetimin qabırğaları çıxmış cəvərən sinəsinə birdən-birə iki sağalmaz dağ çəkdi? Cavab istəməyən bu sualların heç birini Yetim öz-özünə vermirdi, bunlar qaranlıqdan işıq şüası keçən kimi keçirdi fikrindən. Guya heç bu suallar onun deyildi, əvəzinə Yetimin şəxsiyyətinə, varlığına dəxli olmayan başqa bir adam düşünür, sızıldayır, oxşayırdı özünü....


Gödəkçəsinin içindən qoyduğu benzin şuşələrini qoltuqlarının altında elə sıxır, üstündə elə əsirdi ki, deyəsən bütün dərdlərinin, içini doğrayan ağrı-acısının dərmanı, əlacı onlarda idi. «Gəlirəm, gəlirəm sizin ölüm saçan bədheybət canınızdan ötəri, kəsəcəm əhdinizi, qıracam belinizi...»
Qərib ürəyində dediyi hədədən xoşlandı: titrəyə-titrəyə güldu... Şəhərin üstünü hərəkətsiz qara buludlar tutmuşdu. Qış fəslinə dəxli olmayan bu qara – zəhrimar buludlarda da bir xəbislik, ölümsaçan zina gördü. Çox yaxşı bilirdi ki, bu qapqara çirkab topaları yavaş-yavaş şəhərin üstünə çökur, havanı ağırlaşdırıb zəhərləyir və xərçəng kimi xəbərsiz-ətərsiz şaxələnib ciyərlərə, nəfəs borularına işləyir, neçə-neçə körpəni qundaqda boğur, hələ ana bətnində ikən məhv edir. Ölməyib yaşayanlarınsa aqibəti daha pis olur, ömrü boyu onları şikəstlik, qanazlığı, iflic, vərəm, ürəkgetmə kimi xəstəliklər müşayiət edir, otuz-qırx illik həyatlarını işgəncəyə çevirir. Bu xəstəliklərin hamısından vardı onca ay ömür sürmüş tifilində... Qərib şüşələri daha bərk sıxdı. Yeridikcə şüşələrdəki maye çalxalanır, laqqır-luqqur eləyirdi. Qoltuqları yaş olmuşdu, burnunu benzin iyi qıcıqlandırır, başını ağrıdır, ürəyini bulandırırdı. Zavodların boruları isə yeddi başlı əjdaha kimi alov püskürməkdə davam edirdi. Dünya dağılsa da onlar fasilə etmir, dayanmır, ağızlarını yummurdular. Qərib onları görəndə hiddətlənir, ortasından çatlayırdı. «Kəsəcəm nəfəsinizi, üzəcəm başınızı, birdəfəlik yumacam ağzınızı».
Əvvəl istədi həmişə buraxılış vəsiqəsini göstərib içəri girdiyi keçidə yaxınlaşsın, amma qorxdu ki, onu bu gecə vaxtı içəri buraxmasınlar. Həm də qoltuqlarında tutduğu şüşələrdən xəbər tuta bilərdilər. Heç insaf deyildi ki, əməliyyatı başlamamış axmaq kimi ələ keçəsən.
Guya rəhbərliyin, qaravulçuların xəbəri olmayan divar deşiyindən keçməyi üstün tutdu. Bu deşik də fəhlələrin yeyinti, daha doğrusu oğurluq yeri idi. Zavodda nə ələ keçirdisə burdan çıxartmaq olurdu. Zavodun ətrafında, «gizli keçiddə» heç kəs yox idi, ümumiyyətlə qəribə bir kimsəsizlik hökm sürürdü. Əyilib asanlıqla içəri keçdi, heç kəsi görmədi. Zavodun içərilərinə deyil, hazır məhsulun saxlandığı nəhəng çənlərə yaxınlaşdı. Üzərində «Oqneopasno» yazılmış çənin boyunu tamam görmək üçün başını xeyli geri atmalı oldu. «Gör Rusiyanın şəhərlərini, mahallarını bu zəhrimarla təmin etmək üçün nə qədər azərbaycanlı körpəsi açılmamış solmuş, qönçə ikən boynunu bükmüşdü. Qərib özü də öz balası üçün zəhərli hava isteshal eləmişdi, düz on il idi külüng vururdu burda. Nəyə görə işləyirdi Qərib? Nə qazanmışdı, nəyə nail olmuşdu? Ləzzətlə, titrəyə-titrəyə gülümsədi, çünki bu sualların cavabı qoltuğunun altını isladan şüşələrdə idi. Özgələrinə pul, mənfəət, rahatlıq və firavanlıq gətirən bu zəhərli maddələrə görə ölürdü uşaqlar, boyları çıxmır, sümükləri bərkimirdi. Suyu az düşmüş sısqa ağac kimi quruyurdular. Deməli bais bu çənlər, bu sisternlər, yola salınmağa hazır yük qatarları idi. Daha olmayacaqdı, nə bu çənlər, nə bu zavod, nə də camaata dağ çəkən, yağı əjdaha başları... Qərib məmnuniyyət hissi keçirə-keçirə gülümsədi. Ətrafa boylandı. Heç kəs yox idi. Sakitlikdə zavodun həmişəkindən çox-çox zəif uğultusu eşidilirdi.
Şüşələri çıxarıb yerə – donmuş soyuq asfaltın üstünə qoydu və ən böyük çənin kranını açmaq istədi. Möhürlü idi. Dartıb metal parçalarını ip qarışıq qopartdı. Bundan sonra ikiəlli krandan yapışdı. Ha güc elədi fırlada bilmədi. Ətrafa baxıb əl havasına bir daş tapdı və paslanmış dəstəyi döyəclədi. Nəhayət lüləkdən əvvəl sızqa, sonra isə güclü təzyiqlə qatı maye axdı. Ətrafa kəskin qoxu yayıldı. Gözləri acışıb yaşardı. «Ax, ax, ölüm saçan zəhər, ax görək kim udur, kim uduzur?»
Qərib mayeni axa-axa qoyub o biri çənə yan aldı, sonra arada birini buraxıb üçüncü çəni də açdı. Ürəyində qəribə sevinc vardı. Bədəni tir-tir titrəyir, əlləri-ayaqları üşüyürdü. Dizləri buz kimi idi. Şüşələrin yanına qayıtdı. Artıq birinci çənin qabağında iri gölməçə əmələ gəlmişdi. Maye öz-özünə tüstüləyirdi. Tələsmək gərəkdi. Şüşələri götürüb on beş-iyirmi addım aralandı. Kibrit çıxarıb şüşələrin birinin ağzından sallanmış fitili alışdırmaq istədi, kibrit söndü. Tüpürüb daha bir çöp çıxartdı, donmuş barmaqları xırda çöpü tuta bilmirdi. Nəhayət kibrit dənəsini lazım olan kimi tutub qutuya çəkdi. Alışmış çöpü əlləri əsə-əsə fitilə yaxınlaşdırdı. Fitil tüstülədi və qəfil qırmızı alovla yandı. Cəld şüşəni götürüb çən tərəfə tolazladı, özü üzüqoylu asfalta yıxıldı... Bəs nə oldu? Nə partlayış, nə gurultu, nə şəhəri lərzəyə gətirən nərilti... Başını qaldırıb çən tərəfə baxdı. Heç nə yanmırdı. Əfəl! Ay allahın əfəli! Hər şeyi bir də təkrar elədi və çənə tərəf tolazladığı şüşənin dalınca baxdı. Hələ havada ikən şüşə partladı və bir topa alov çənin qabağına düşdü, amma gölməçəyə çatmadı. Yenə də özünü əfəllikdə təqsirləndirmək istəyirdi ki, qulaqbatırıcı partlayış səsinin eşidilməsi ilə Qəribin arxası qatda asfalta çırpılması və göydən üstünə qaynar, ağır məhlulun tökülməsi bir oldu. O nə baş verdiyini anlayanda artıq gec idi. Bədəni qırmızı alova bələnmişdi. Qərib qışqıra-qışqıra canlı məşəl kimi qaçırdı. Hara qaçırdı, nə axtarırdı, bilmirdi. Ağrı, dəhşət, qorxu qovurdu onu. Bir-birinin ardınca gələn partlayış səsləri Qəribin bu dünyada eşitdiyi son səslər idi...
Qaranlıq işığa çıxmışdı. Yer kürəsi boyda olan nəhəng çənlər qırmızı alov sütunlarına dönüb ərşə qalxmışdı. Şəhərin üstündən asılmış ölü buludlar tərpəşdi, qara yağış tökdü. Diri-gözlü yanan Qərib daha heç nə eşitməsə, hiss etməsə də qaçırdı, arxasınca od tökə-tökə qaçan bu canlı məşəl əriyib kiçildikcə, alovu azaldıqca heydən düşür, sürəti tükənirdi...
Yetim də qaçırdı. Bu gecə şəhərdə qaçan da, qovan da, yıxılan da çox idi, elə bil şəhər özü də qaçmaq, yaxasını bu adamlardan qurtarmaq, məhv olmaq istəyirdi. Dəstə-dəstə adamların, əsəbi-dəli axının əksinə qaçırdı Yetim. Onu itələyir, gah dala, gah qabağa qovurdular. Söyürdülər, badalaq vururdular, elə bil yerə yıxıb üstündən keçmək istəyirdilər.
Səki qırağı ilə cərgələnmiş ağacların dibi çay daşları ilə dolu idi. Qaçan, qovan adamlar, azğınlaşmış cavanlar bu daşları götürüb ətrafda, yollarının üstündə salamat, bütöv nə vardısa onlara çırpır, sındırıb dağıdır, yıxır, viran qoyurdular. Şəhərdən intiqam alırdılar, hayıf çıxırdılar. Ara-sıra gözə görünən milis paltarlı adamlar bu dağıdıcı axının qabağında davam gətirə bilmir, geri çəkilir, çox vaxt da canlarını götürüb qaçırdılar...
Yetim üzləri qəzəb və nifrətdən coşub dəyişmiş, eyniləşmiş adamların arasında kimi axtarır, nə istəyirdi, özü də bilmirdi, ancaq hiss eləyirdi ki, axtarır. Kimisə bu dəli gecədə tapmaq, buruqları ovcunda bərk-bərk sıxdığından ətinə işləmiş armaturu qarnına soxmaq, bağırsaqlarını yerə tökmək istəyir. Bu hiss onu vəcdə gətirir, səbəb yaddan çıxır, bir az əvvəlki faciəsinin təsiri bu qanlı vəcd qarşısında azalır, kütləşirdi. «Gərək qəməni soxaydım qarnına, içindəki balaca türkü də deşib keçəydi». Səksəndi Yetim, qəmə elə bil öz içinə saplandı, qarnını, bağırsaqlarını deşib onurğa sütununa dirəndi. Nəfəsi tutuldu. Dayandı. Boş əli ilə alnını sıxdı. «Yox, qoy çabalasın orda. Təsəvvür eləyirsən arvad ölüb, amma küçüyü hələ qarnında çabalayır». Yetim beynində gedən bu qəribə söhbətdən hövlləndi. Elə bil içində iki şeytan oturub onu dəli eləmək üçün yaddaşını qurdalayırdı. İlahi, birinci şeytanın səsi necə tanış idi, elə bil indi, lap bu gün eşitmişdi, harda, kiminlə danışmışdı? Gicgahını barmaqları ilə deşəcəkdi deyəsən. Kimsə onu güclü təkanla itələdi. Bu arxadan gələn təzə dəstə idi; o sürətlə də artır, qışqıra-qışqıra, şüar deyə-deyə gələn adamları acgözlüklə udurdu. Dəstə elə bil arı beçəsinin qapqara topası idi. Hamını özünə çəkir, içində əridirdi. Dəstə qəflətən səmtin dəyişdi və Yetim gördü ki, qabaqda, lap ön cərgədə ucaboylu geyimli-keçimli, ağ köynəkli, qara qalstuklu hərdən üzünə ordan-burdan düşən işıqda sifətinin ağlığı və gözəlliyi görünən cavan kişi gedir. Yetim onu tanımırdı, amma bilirdi ki, nəsə vacib, mühüm adamdı. Əgər bu dəli dəstə onun qışqıra-qışqıra dediyinin dalınca gedirsə, deməli, Yetim düzgün başa düşmüşdü. Yetim bir şeyi də başa düşdü ki, həmin uzunboylu, göyçək kişi camaatın ağzını dəniz tərəfə tutub dəstəni şəhərdən uzaqlaşdırmaq istəyir. «Arxamca gəlin, eşidirsinizmi? Dalımca gəlin! – Kişi qışqırırdı. – Mən də siz deyəni deyirəm, məhv olsun istibdad! Məhv olsun nomenklatura! Məhv olsun...» Yetimi apardılar, o uzunboylu kişinin daha nəyin məhvinə hökm verməsini eşidə bilmədi. Kütlə də qışqırırdı: etiraz eləyir, söyür, təqdir edirdi.
– Sən bizi aldadırsan! Camaata kələk gəlirsən!
Həmin səs idi! Yetim ayaq saxladı ki, səs gələn tərəfi müəyyən eləsin. Boylandı. Nahaq səy olduğunu bilsə də qabağından gəlib keçən üzlərə diqqət elədi. İlahi, o səsin yiyəsini görsə idi! Armaturu daha bərk sıxdı. Əlinin içi od tutub yanırdı. Görsəydi onu. İçindəki şeytanın səsi idi. «Gərək qəməni soxaydın qarnına, içindəki balaca türkü də deşib keçəydi». Yetim qışqırmaq istədi, səs sahibini tapa bilməyəcəyindən irəli gələn əlacsızlıq, acizlik öfkəsini çatladırdı. Bu səs bütün ömrünə bədbəxtlik möhürünü basan adamın səsi idi. Atasını, anasını, nəslini-kökünü, evini-eşiyini, elini-obasını əlindən alan bu səsin sahibi idi. İndi də kommunizmin bic doğduğu bu şəhərə fəlakət gətirmişdi. Birdən, lap birdən yadına düşdü ki, ona armaturları sifariş verən də bu səslə danışırdı, erməniyə oxşatdığı o adam... Yetimə elə gəldi ki, olan-qalan ağlı da çıxacaq başından. İlahi! Yetimin əli ilə yüz otuz üç silah düzəltmişdi o şeytan!
– Kim mənə inanırsa, gəlsin dalımca. – Uzunboylu kişini lap yanında gördü. Amma vecinə almadı. Daha heç kəs, heç nə maraqlı deyildi. Ona şeytanın özü lazım idi. Ucunu səylə itilədiyi armaturu yeridəcəkdi qarnına. Tapacaqdı, mütləq tapacaqdı şeytanı.
– Camaat, o sizi aldadır. O sizi lavuşkaya salmaq istəyir. – Həmin səs idi.
Yetim qışqırdı və qışqıra-qışqıra da səs gələn tərəfə üz qoydu.
– Erməniləri qırmaq, qovmaq, öldürmək lazımdır. Qeyrətiniz olsun!
– İnanmayın ona! – Yetim nalə çəkdi. – Hanı o? Hanı o? O özü ermənidi, şeytandı o, şeytandı. Tutun onu, tutun onu!
Nə qədər qışqırdısa da səsi eşidilmədi Yetimin. Özündən başqa heç kəs eşitmirdi naləsini.
Uzunboylu kişinin ardınca gedən dəstə birdən parçalandı.
– Hər dəstə bir tərəfə! – Şeytanın səsi idi. – Mənim dəstəm mərkəzə. Mərkəzə gedənlər gəlsin. Biz onların anasını...
Yetim yenə də qışqıra-qışqıra səsi axtardı və birdən gördü onu.
– Məndə ermənilərin adresi var. – Səs qışqırdı. – Məndə ermənilərin... – Səsin sahibi Yetimin qəzəb və dəhşət dolu gözlərini görüb karıxdı. Səsi qırıldı.
…Sürücü uzun tiyəli bıçağı kişinin kürəyinə sapladı, sonra ikiəlli dəstəyindən yapışıb dartdı, gücu çatmadı, laxlatdı, sonra qanırıb ikiəlli dartdı. Ağzı qanlı bıçaq çıxdı. Yaralı tərpənmirdi. Bıçaq bir də endi kürəyə, bir də, bir də...
Yetim qışqırdı:
– Sən... sən... ermənisən! Sən şeytansan! Sən... – Sözünün dalını gətirməyə nəfəsi çatmadı. Havasızlıqdan boğulan adam kimi əlini atıb guya havadan yapışmaq istədi. – Sən... sən... – Acizlikdən ağladı, bilmədi armaturu onunla üz-üzə dayanmış və gözünü onun yaş dolu gözündən çəkməyən şeytanın bədəninə necə yeritsin, necə deşsin, dəlik-dəlik eləsin sinəsini? Yenə də qışqırdı və hələ də əlində tutduğu armaturun dəstəyini bərk-bərk sıxdı, gözlərini yumub irəli şığıdı, ancaq gec idi, qarnına işləyən soyuq bıçaq onu iflic eləmişdi...
Şəhərdə bir-birinin ardınca eşidilən partlayış səsləri küçələrə səpələnmiş və intizamsız bir qara-qışqırıqla ora-bura qaçışan, şütüyən adamların elə bil əlindən, ayağından yapışıb saxladı. Bircə anlığa hamı dondu və bu çox çəkmədi, çünki birinci partlayışla sonuncu partlayış arası bir neçə saniyə çəkdi. Hərəkət, qaç-qov bu ani donmadan sonra daha da sürətləndi. Deməli, kiminsə ölümü, kiminsə yaralanması, dəli olması, ağrısı, ömrü boyu unudulmayacaq dəhşəti, kiminsə canilər, qatillər, oğrular, qarətçilər cərgəsinə keçməsi sürətləndi, bir az da yaxınlaşdı. Pəncərələrdən küçələrə atılan ev əşyalarının, xüsusilə televizorların bədheybət səsləri, pəncərələrə tolazlanan yanğın butulkaları, mənzillərin od tutub yanması, alovun pəncərə pərdələri ilə yuxarı – tavana doğru dırmaşması camaatı daha da qızışdırırdı. Fitnə-fəsaddan bic doğulmuş kor qisas şəhərin qaranlıq küçələrində cövlan eləyir, meydan sulayırdı.
Dalbadal partlayış səslərindən sonra şəhərin kimya kombinatları, ölüm doğan zavodları yerləşən hissəsindən üfüqə qırmızı işıq dirəndi və bir azdan həmin işığın şövqündən şəhərin bir hissəsinə cəhənnəm qızartısı çökdü. Kimsə xəbər gətirdi ki, zavodlar yanır, şəhər dağılacaq. Bu xəbər kütləni daha da qabartdı. Əllərində məşəl hərlədən yeniyetmələr, gəlmə olduqları dərhal bilinən şübhəli adamlar ev-ev, küçə-küçə gəzir, təzə qurbanlar tələb eləyirdilər. Fuad da qoşulmuşdu bu dəstələrin birinə, daha doğrusu düşmüşdü axına və nədənsə özünü məhz vuran-yıxan, qan-qan deyən adamların arasında təhlükədən uzaq hiss edirdi, həm də ona elə gəlirdi ki, bu dəstələrdə olmaqla kimisə xilas edə bilər, ölümün ağzından ala bilər. Bu inamın nəyə əsaslandığını özü də bilmirdi, çünki böyür-başında gördüyü adamların heç biri ona tanış deyildi. Görünür onların çoxu gəlmə idi, bəlkə qaçqınlar idi? Ermənistandan qovulmuş, təhqir edilmiş, döyülmüş, şərəfləri, ləyaqətləri tapdanmış qaçqınlar? Bəlkə də belə idi, ancaq Fuad onların mütəşəkkil, vərdişli, bacarıqlı davranışlarından, qəddarlıqda bir an belə tərəddüd etmədiklərindən şübhələnirdi. Elə bil bu adamlar pulla tutulmuş cinayətkar dəstənin üzvləri, qatı canilər, qatillər idi. Birdən gördü Yetimi, tez də itirdi. Bu o vaxt idi ki, Yetim səsin sahibini axtarırdı, özü də dəli olmaq həddinə çatmışdı. Gözləri od saçır, ağzının qıraqlarından ağ köpük daşlanırdı.
Bir məhəllədə, yanaşı binalarda yaşasalar da heç vaxt ünsiyyətdə olmamışdılar. Arvad evinə gəlib girdiyinə görə Yetimi ləyaqətsiz, şəxsiyyətsiz, qürursuz adam bilirdi, ancaq indi onu qəfil görəndə içindən xoş məhrəmlik, yaxınlıq hissi keçdi, hətta səsləyib çağırmaq, saxlamaq istədi. Elə çağırdı da. Təbii ki, Yetim nə onu gördü, nə səsini eşitdi. Qəfil peyda olduğu kimi, qəfil də getdi. Bu iki daşın arasında Humayı xatırladı. O da doğmadı, heç cürə doğa bilmir. Bu distrofikdən uşaq olar? Sonra onları yataqda təsəvvür elədi, qətiyyən istəmirdi, ancaq beyni ondan icazəsiz şəkillər çəkir, ədəbsiz səhnələr qururdu. «Dura bu gecə tuta ağrısı bu basabasda. Allah eləməsin!»
Atasının ölümünə ağlamadı. Xalasının qışqırığını eşidəndə ilk keçirdiyi hiss yüngüllük, azadlıq hissi oldu. Görünür kişinin can verdiyi bu üç gündə yorğunluq, intizar, kədər, göz yaşları və ölümün qaçılmazlığı fikri onu son nəticəyə hazırlamışdı. Odur ki, qəfil şivən, şaxsey-vaxsey qoparıb tez də toxdamış xalasına demişdi ki, mən bir yarım saatlığa şəhərə dəyib qayıdıram. Qəribi də gətirməliyəm. O belə işlərdə bacarıqlıdır. Bu sözlər deyiləndə Qəribin sümükləri artıq kösövə dönmüşdü.
Xalası elə ağzını açıb «Ə, bəs bu gecə vaxtı məni ölüynən tək qoyub gedirsən?» demək istəyirdi ki, Fuad gödəkçəsini götürüb qaçdı. Məqsədi qadının yanına gedib onu yoluxmaq, lazım gələrsə gizlətməkdi. Ancaq necə oldusa qoşuldu bu dəstəyə və bir də gördü ki, otuz-qırx azğınlaşmış cavanla birlikdə ora – qadının yaşadığı məhəlləyə qaçır.
– Hara qaçırsız, alə? Bir-bir də, nöş evləri buraxırsız arada?
Dəstə beşmərtəbəli evin qabağına keçdi, ancaq burda artıq başqa dəstə fəaliyyət göstərirdi. Dörd-beş milis bloklardan birinin qabağında dayanıb içəri heç kəsi buraxmırdı. Əli daşlı, armaturlu, məşəlli oğlanlar milislərə güc gəlirdilər.
– Geri durun, ə! – Yoğun ortalı qarabığ milis əlini boş qobura apardı.
Oğlanlardan biri bağırdı:
– Nə var? Öldürəssən məni? Tapança çıxardassan?
– Geriyə! – Milis daha təşvişlə qışqırdı və toqqaya güclə yerləşmiş qarnına dirənən armaturu qırağa itələdi. – Bəlkə məni öldürmək fikrindəsiniz?
– Səni niyə? – Qadın səsli əli armaturlu bir başqası dedi və çox arxayın soruşdu: – Burda erməni var?
– Yoxdu! – Milis qəti dedi. – Hamısını aparıblar.. Evləri boşdu.
– Bəlkə yoxlayaq, qədeş?
– Olmaz! İcazə yoxdu!
– Belə dur!
– Olmaz dedim. – Milis qorxurdu və yavaş-yavaş təslim olurdu. – Bura mən cavabdehəm.
– Ə, lap qələt eləyirsən, pox yeyirsən! Uşaqlar irəli! Za mnoy!
Bircə həmləyə milislər geri oturdular, biri lap ayaq altda qaldı. Dəstə qara-qışqırıqla, yıxılanları tapdalaya-tapdalaya içəri doluşdu.
Fuadı dəhşət aldı. O, buradan, quduzlaşmış bu adamlardan qaçmaq, uzaqlaşmaq istədi. Elə bil bacısı pırtlayıb yerdən çıxdı,
– Fuad! – Bacısı qışqırdı. – Ə, burda neynirsən? Kişini qoyub...
– Öldü! – Fuad əsəbi biganəliklə dedi.
– Necə? Nə dedin? – Qız qışqırıb ağlamaq istədi, ancaq alınmadı. Nə yaxşı qışqıra bildi, nə də ağladı.
– Bəs sən niyə burdasan? – Fuad qızın üstünə qışqırdı. – Qız yeridi bura?
Yeganə cavab vermədi, daha doğrusu bu sualın və iradın yersizliyini hiss etdirmək üçün susdu və birdən yadına nə düşdüsə qardaşının boynuna sarılıb qulağına nəsə pıçıldadı. Fuadı alov qarsdı elə bil. Qızın əlindən çıxıb qışqırdı:
– Harda, harda gördün? – Və ondan cavab gözləməyib müəllimənin yaşadığı evə səmt götürüldü...
Nə illah eləyirdi ürəklərini şeytan barmaqlayan azğınlaşmış adamların dövrəsini yarıb içəri keçə bilmirdi, ancaq ona yaxşı tanış olan səs bu qədər hay-küy, vəhşi qaraqışqırıq içərisindən ayrılıb qulaqlarını cıra-cıra beyninə yeriyirdi: «Dəyməyin! Ne troqayte menya otpustite... sama uydu, uydu...»
Kar olmuş kütlə bu yalvarışlardan daha da qızışır, qurbanının dövrəsində daha da sıxlaşır, Fuadı irəli keçməyə qoymurdu. Fəryad eləyən, aman diləyən səs bir də eşidiləndə Fuad özünü dəli kimi yarılmaz, keçilməz canlı divara vurdu, ancaq yenə də məqsədinə nail ola bilmədi. O, acizliyini, kütlə qarşısında zəifliyini hiss edib nəfəsi kəsilə-kəsilə, göz yaşlarından boğula-boğula böyürdü:
– Vəhşilər... əclaflar... oğraşlar... – Onun kütləyə ünvanlanmış hirsi-hikkəsi göz yaşları ilə birgə əriyib yanaqlarına axırdı. O, əllərinin arxası ilə sifətindəki yaşı sivirib zarıdı: – Siz hamınız ermənisiniz, adamyeyənsiniz... siz... ermənilər, vəhşilər, adamyeyənlər...
Kütlə birdən ayıldı və bu təhqiri yemək, udmaq istəmədi, həm də qurbanını əzib qurtarmış, amma doymamış kütlə birdən-birə işsiz qaldığını, bekarladığını görüb ona meydan oxuyan, onu təhqir edən Fuada heç bir şikayətə, etiraza yer qoymayan ölüm hökmü kəsdi. Fuad qorxdu. Amansız hökm qarşısında köməksiz, əlacsız qaldığını dərk edib əlləri ilə başını tutdu və müqavimətsiz-zadsız özünü kütlənin ixtiyarına verdi... Elə bu vaxt kimsə qışqırdı ki, əsgərlər gəlir... Fuad yerindən tərpənə bilmədi, ayaqları sözünə baxmırdı. Bir də qalxıb bu cəhənnəmdən qaçmağa onda nə həvəs, nə də taqət qalmışdı. Ancaq tankların və beteerlərin çıxardığı dəhşətli şaqqıltı və gurultu səsləri qulağının dibində eşidiləndə və «Rasxodites!» deyən cod səslər beyninə yeriyəndə ona təzədən təpər gəldi. Yer ayaqlarının altında titrədi və bu titrəyiş bədəninə də sirayət elədi. Dönüb üstünə gələn maşını görəndə meydanda tamam tək qaldığını bildi. Elə bil kimsə onu kürəyindən itələdi və Fuad əvvəl səntirləyə-səntirləyə, sonra isə getdikcə, yeridikcə möhkəmlənən və irilən addımlarla qaçmağa üz qoydu, amma onu naməlum istiqamətə aparan bu yol hamının qaçdığı, əsgərlərdən və ölüm saçan maşınlardan qurtarmağa çalışdığı yol deyildi... Fuad qaranlığı çalın-çarpaz kəsən projektor işıqlarının altına düşdü. İndi onun hər hərəkəti səhnədə olduğu kimi göz qabağında idi. O qaça-qaça dönüb bütün bədəni ilə səsini eşitdiyi heybətli tankı gördü. Asfaltı pəncələri ilə qazıb yerində fırfıra kimi asanlıqla fırlanan maşın dartınıb bir anlığa dondu, lüləsini hərlədib qaçan Fuadı hədəfə aldı. Fuad var gücü ilə qışqırdı, kürəyinə tuşlanmış top lüləsi bu saat, bu dəqiqə açılacaq... Qaçmaq, qaçıb qurtarmaq, gizlənmək, ancaq gizlənməyə yer yox idi. Fuad ovuc içi kimi açıq meydanın tən ortası ilə qaçırdı və bu meydan qurtarmaq bilmirdi. Ayaqlarını hiss etmirdi, onu bütün varlığını sarmış dəhşətli qorxu aparırdı, qovurdu. Fuad kor qisasın əlində girinc olub insanlıqdan çıxmış və kütləyə çevrilmiş bu adamlardan, ölü üstdən ölü doğan vahiməli şəhərdən, üstünə adamyeyən kimi gələn ölüm maşınlarından, onu hədəfə almış sarı əsgərlərdən qaçır və qaça-qaça da qışqırırdı, elə bil bu qışqırıqda, bu acizlik əlaməti olan fəryadda idi xilas yolu...

Bakı, 1991-ci il.
XS
SM
MD
LG