Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:19

Rüstəm İbrahimbəyov: «...cəmiyyəti oyandıran bahar gəlir»


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-
«Təkcə təbiəti deyil, Əliyev rejiminin çoxillik qışından yorulmuş Azərbaycan cəmiyyətini də qış yuxusundan oyandıran bahar gəlir».

Bunu yazıçı və rejissor, Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyov bu günlərdə contact.az saytında çıxmış məqaləsində yazır. O, əlavə edir ki, 2013-cü ilin ilk iki ayında baş verən hadisələr Azərbaycanda hakimiyyətlə xalqın qarşıdurmasının gücləndiyini göstərib:

«Rayonlarda kütləvi çaxnaşmalar, Bakıda gənclərin etiraz nümayişləri hakimiyyətin sərt cavab reaksiyasına səbəb olur».

ÇAĞIRILAN YERƏ

«Azərbaycan vətəndaşları da gələcəyə olan ümidlərini qarşıda duran seçkilərə bağlayırlar. Bu seçki şübhəsiz ki, seçicilərin daha çox fəallığı ilə keçəcək. Amma başqa ölkələrin təcrübəsi göstərir ki, beynəlxalq dəstək olmadan seçkilərdə şəffaflığı və ədalətliliyi təmin etmək çətindir. O da aydındır ki, beynəlxalq dəstək yalnız çağırıldığı yerə verilir. Əminəm ki, dünya ictimaiyyətinə müraciət etsək, bizə də seçkilərin keçirilməsində köməklik göstəriləcək. Ən yaxın günlərdə ölkənin bütün demokratik qüvvələrinin adından bunu etmək lazımdır».

Azərbaycana beynəlxalq dəstək hansı şəkildə səmərəli ola və seçkinin nəticələrinə təsir edə bilər?

BEYNƏLXALQ MÜRACİƏT

AXCP Ali Məclisinin sədri Həsən Kərimov AzadlıqRadiosuna deyir ki, əvvəlki seçkilərdə beynəlxalq qurumlara dəstək üçün birbaşa müraciət olunmayıb. Ancaq Christoph Strasser-in siyasi məhbuslar üzrə məruzəsi AŞPA-da qəbul olunmayandan sonra fərqli xətt seçilib. İctimai Palata Avropa Şurasında təmsil olunan dövlətlərin xalqlarına və mətbuat orqanlarına müraciət edib:
Həsən Kərimov
Həsən Kərimov

«Çünki seçkilərdə qanun pozuntularına baxmayaraq, hər dəfə beynəlxalq qurumlar seçkini demokratiyaya doğru bir addım kimi dəyərləndirilir. Bu da şübhəyə əsas yaradır. Biz artıq bu qərara gəlmişik ki, «kürü diplomatiyası» nəinki Avropa Şurası, digər dövlətlər üçün də keçərlidir. Ona görə biz artıq o beynəlxalq qurumlara çox da inanmayaraq, onlarda təmsil olunan xalqlara və mətbuata müraciət ünvanlamışıq».

Həsən Kərimov düşünür ki, seçki vaxtı müşahidəçilərin sayı artırıla bilər, elə adamlar arasında seçim edilə bilər ki, onlar maddi məqsəd güdmədən yalnız seçkilərin azad və ədalətli keçirilməsində maraqlıdırlar.

SEÇKİ QUTUSUNUN BAŞINDA

AXCP Ali Məclis sədrinin fikrincə, təcrübə göstərir ki, bəzi müşahidəçilər ələ alınırlar:

«Səslərin sayılması prosesi mühümdür. Beynəlxalq müşahidəçi yalnız məntəqəyə 10-15 dəqiqəlik baş çəkmə ilə kifayətlənməməlidir. Müşahidəçi səslərin sayılması prosesində seçki qutusunun başında durmalıdır».

Həsən Kərimov eyni zamanda Azərbaycana beynəlxalq aləmin münasibətinin dəyişdiyini düşünür.
Zahid Oruc
Zahid Oruc
Yəni, builki seçkiyə diqqət artırılacaq. Eləcə də xalqın kütləviliyinə inam artıb:

«Azərbaycan xalqı birmənalı şəkildə rejimin dəyişdirilməsinin tərəfdarıdır. Məncə, bu seçkilərdə xalq kütləvilik göstərsə, hakimiyyət total saxtalaşdırmaya gedə bilməyəcək. Biz hər bir məntəqəni nəzarətdə saxlayacağıq, səslərin sayılması zamanı əhalini məntəqələrin qarşısında toplantılara səsləyəcəyik».

SAVAŞ NƏ UĞRUNDADIR

Ancaq hakimiyyətyönlü Ana Vətən Partiyasından Zahid Oruc deyir ki, beynəlxalq qurumları, hər hansı bir dövləti başqa bir ölkə içində siyasi dəyişikliyə çağırmaq qeyri-hüquqidir. «Kimsə mənəvi-siyasi yardımdan bəhs olunduğunu deyəcəksə», deputatın buna münasibəti də fərqlidir:

«Real maliyyə dəstəyi verməklə bir komandanı, qurumu alternativ vəziyyət gətirmək, hakimiyyətə yiyələndirməkdən söhbət gedirsə, bu halda da həmin fəaliyyət elə beynəlxalq dairələrin maraqlarına uyğun hakimiyyət modeli olacaq».

Hafiz Həsənov
Hafiz Həsənov
VƏTƏNDAŞ YÜKÜ

Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənovun fikrincə, dəstəyin bir yolu beynəlxalq qurumların Azərbaycanın seçki öhdəliklərini israrlı şəkildə təkrarlamasıdır. Bu çağırışlar seçkilərin keçirilməsi üçün real, təkmil, hüquqi bazanın və demokratik siyasi mühitin yaradılmasını hədəfləyə bilər. İkincisi, seçkinin ciddi monitorinqi, müşahidələr, ekzit-pollar aparılsın və bu təkcə seçki günü ilə məhdudlaşmasın. Və nəhayət, seçkidən sonrakı dönəmdə seçkinin beynəlxalq standartlara uyğunluğu, legitimliyi barədə konkret qərar verilə bilər:

«Bu da əsaslanmalıdır aparılan müşahidələrə, qısa və uzun müddətli monitorinqlərin, keçirilən ekzit-polların nəticələri üzrə dəyərləndirmələrə. Baxmaq lazımdır namizədlərə minimal siyasi şərait yaradılıbmı?».

Hafiz Həsənov indiyəcən beynəlxalq təşkilatların daha çox diplomatik münasibətlərə üstünlük verdiyini deyir. Ancaq onun fikrincə, əsas yük də ölkə vətəndaşlarının üzərinə düşür, bu məsələləri daha çox fəal vətəndaş mövqeyi, fəal vətəndaş cəmiyyəti həll edə bilər.
XS
SM
MD
LG