Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:26

Çingiz Qənizadə: «Prezident İctimai Şura yaradarsa, bu, yalnız alqışlana bilər»


Çingiz Qənizadə
Çingiz Qənizadə
-
Azərbaycan mediası Prezident yanında İctimai Şura yaradılacağı barədə xəbərlər yayır. AzadlıqRadiosu bir müddət əvvəl «İctimai iştirakçılıq haqqında» qanun layihəsinin hazırlanması barədə məlumat vermişdi. Həmin qanun dövlət qurumlarının və bələdiyyələrin fəaliyyətinə ictimai nəzarət şuralarının yaradılmasını nəzərdə tutur.

Milli Məclisin üzvü Çingiz Qənizadə qeyd edir ki, indiyə qədər bəzi dövlət qurumları nəzdində ictimai şuralar, komitələr işləyib. Ona görə də ölkə prezidenti belə bir addım atarsa, bu, yalnız alqışlana bilər. Çingiz Qənizadə də bu barədə mətbuatdan xəbər tutduğunu, Şuranın formalaşdırılmasına başlanıb-başlanmadığı barədə məlumatsız olduğunu deyir:

– Bir QHT nümayəndəsi və millət vəkili olaraq belə hesab edirəm ki, bu cür Şuranın yaradılması olduqca məqsədəuyğundur. Belə bir qurumun yaradılması düşünürəm ki, vətəndaş cəmiyyəti ilə cənab prezident arasında münasibətlərin daha da yaxınlaşmasına, eyni zamanda dövlət idarəçiliyinə ictimai nəzarəti həyata keçirməklə bu idarəçiliyin səmərəliliyinin və keyfiyyətinin artırılmasına xidmət edər.

– Prezident Administrasiyasında hüquq mühafizə orqanları ilə iş, yerli idarəetmə üzrə şöbələr var. Bu baxımdan bu Şura necə bir nəzarət qurumu olacaq?

– Bilirsiniz, bunlar hamısı dövlət orqanının şöbələridir və bir-birinə tabeçilik funksiyaları var. Məhz bu qurumların özünə bir ictimai nəzarətdən söhbət gedəcək. Belə götürsək, «Ədliyyə Nazirliyinin özünün Penitensiar Xidməti var və öz işini görür, nəzdində İctimai Komitə nəyə lazımdır?» deyə soruşa bilərik. Belə deyil. Mən də o komitənin üzvü idim və biz bir ictimai nəzarət həyata keçirirdik. Neqativ məqamlar, çatışmazlıqlar barədə məlumatları toplayıb ədliyyə nazirinə təqdim edirdik, çünki komitə birbaşa ona tabedir. Gördüklərimizi, tövsiyələrimizi ona çatdırırdıq. Bütün bunların gedən islahatlara köməyi də oldu. Cənab prezident yanında da belə bir ictimai komitə olacaqsa, bu, çox normaldır. Belə hesab edirəm ki, idarəçilik üzərində müəyyən nəzarət olacaq və bu həyata keçiriləndən sonra birbaşa cənab prezidentlə təmasda ola biləcəklər və müəyyən məsələləri şəxsən ona çatdıra biləcəklər.

– Rusiyadakı İctimai Palata ilə müqayisə aparanlar, Azərbaycanda bu İctimai Şura vasitəsilə daha çox ictimai nəzarət görüntüsü yaradılacağını düşünənlər nə dərəcədə haqlıdırlar?

– Rusiya prezidenti Putinin yanındakı Şuranın hansı məqsədlərə xidmət etdiyini deyə bilmərəm. Ancaq Azərbaycandakı ictimai komitələr, əsasən, ictimaiyyət nümayəndələrindən təşkil olunur. İndidən dünyaya gələcək körpə haqqında mənfi fikirlər bildirmək düzgün olmazdı. Yaranmamış İctimai Komitə barədə belə düşünmək düzgün deyil. Gəlin gözləyək. Əsas odur ki, belə bir addım atılıb, məqsədəuyğun hesab olunub, bunu alqışlayaq. Tərkibi formalaşandan sonra münasibət bildirərik.

– Belə fikirlər ayrı-ayrı dövlət qurumları nəzdindəki ictimai komitələrin müstəqil fəaliyyətinin gözə dəyməməsindən qaynaqlanmır?

– Xeyr, ictimai komitələrə düşə bilməyənlər belə mənfi fikirlər formalaşdırmağa başlayırlar. Penitensiar Xidmət yanındakı Komitədə də belə oldu, ora düşə bilməyənlər başladılar tənqid etməyə. Belə deyil, ən azından cəmiyyətdə tanınmış, ictimaiyyətlə işləyən hüquq müdafiəçiləri burada toplaşıb. Bu yaxınlarda cəzaçəkmə müəssisələrinin birində obyektiv yoxlamalar aparıb, aşkarladıqlarını İctimai Komitəyə təqdim ediblər. Yəqin ki, bunun nəticəsi olacaq. İstəməzdim hər şeyə şübhəylə yanaşaq. Gəlin, obyektiv olaq, zaman hər şeyi göstərəcək. Yenə də deyirəm, qurumun adında «ictimai nəzarət» anlayışı varsa, mən yalnız yaxşı şeylər gözləyirəm və belə də olacaq.
XS
SM
MD
LG