Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:53

Kadir Misiroğlu: "Təəssüf ki biz türklər Azərbaycana xəyanət etdik" (Debat)


Mustafa Kamal Atatürk "Oktyabr inqilabı"nın 10-cu ildönümü ilə bağlı Sovet səfirliyində təşkil edilmiş məclisdə. Ankara, 7 noyabr 1927
Mustafa Kamal Atatürk "Oktyabr inqilabı"nın 10-cu ildönümü ilə bağlı Sovet səfirliyində təşkil edilmiş məclisdə. Ankara, 7 noyabr 1927

-

"OxuZalı"nda ən çox müzakirə edilən



Cəmil Həsənli: "O məktub Leninə Azərbaycan işğal olunandan sonra çatıb".

Orxan Aras: "Atatürkə iftira yaxmaq lazım deyil".

Altay Göyüşov: "Qlobal oyunun qurbanı olduq".



Atatürk Azərbaycana xəyanət edibmi? Türk Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk Azərbaycan Demokratik Respublikasının süqutu və bolşeviklərin Azərbaycanı işğal etməsinə şərait yaradıbmı?

Bunu təsdiq edən faktlar varmı, yoxsa bu haqda mətbuatda yazılanlar uydurmadır və Atatürkü gözdən salmağa, Azərbaycanla Türkiyə arasına nifaq salmağa yönəlib?

“Pen klub” proqramındakı debata tarixçi professorlar Cəmil Həsənli, Altay Göyüşov, Almaniyadan araşdırmaçı yazar Orxan Aras və Türkiyədən - Atatürkü sərt tənqid edən tarixçi, yazar Kadir Misiroğlu qatıldılar.

“AZƏRBAYCAN RUSLARA PEŞKƏŞ EDİLİB”

- Kadir bəy, XI Qızıl Ordunun Azərbaycana girməyinə doğrudanmı Atatürk razılıq verib?

Kadir Misiroğlu:

- Bu, razılıq deyil, Atatürk bunu təşviq edib. Rusiyadan yardım almaq üçün Azərbaycan xalqı aldadılıb və Azərbaycan ruslara peşkəş edilib. Biz yunanlarla müharibə edəndə, azərbaycanlılar qardaş ölkə kimi bizə kömək ediblər, amma təəssüf ki, biz sizə xəyanət etdik. 1920-ci il tarixli “Yeni gün” qəzetində Mustafa Kamalın bəyanatı dərc olunub. Eynən belə deyib: “Bu ordular (11-ci Qızıl Ordu hissələri - red.) bizim təsirimiz və xidmətimiz sayəsində sürətlə Şimali Qafqaza keçdilər, Azərbaycana daxil oldular və azərbaycanlılar da gələn orduları kəmali-sükunətlə qəbul etdilər”. Burdan anlaşılır ki, rus qoşunlarının Azərbaycana dəvətinə vasitə olan, Gəncədəki qarışıqlıqlarda Ankaranın əmrində duran və orada fəaliyyət göstərən Xəlil Paşanın da adı var. Azərbaycanlıların rus ordularını sükutla qarşılamasında Türkiyənin verdiyi təminat rol oynamışdı. Məsələ belədir. Xəlil Paşanı Bakıya yollamışdılar, o, məclisə gəlib bu sözləri demişdi: “Müdaxilə etməyin, ruslar buranı işğal etmək üçün gəlmirlər, Türkiyədəki qardaşlarınıza yardım üçün ordu göndərəcək, bunu mənə Mustafa Kamal Paşa yazıb və deyir, müdaxilə etməsinlər”. Tarixi həqiqət belədir. (ardı aşağıda)

Kadir Misiroğlu
Kadir Misiroğlu



"O MƏKTUB LENİNƏ AZƏRBAYCAN İŞĞAL OLUNANDAN SONRA ÇATIB"

Şahnaz Bəylərqızı:

- Cəmil bəy, Kadir Misiroğlu deyir ki, Türkiyə Rusiyadan dəstək ala bilmək üçün Azərbaycanı peşkəş etdi. Kadir bəyin dediyi kimi ortada “xəyanət” olubmu?

Cəmil Həsənli:

- Birincisi, mən xəyanət fikri ilə razı deyiləm. Hər bir hadisəyə, tarixi prosesə öz zamanının şərtləri daxilində yanaşmaq lazımdır. Rusiyanın 1914-cü il hüdudlarında bərpa edilməsi ümumdünya prosesi idi. Bu nə Mustafa Kamal Paşadan asılı idi, nə də Azərbaycan Xalq Cümhuriyyətinin həyat qabiliyyətli olub-olmamasından. Rusiya 1917-ci ildə qalib Antantanın üzvü kimi dağılmışdı. Rusiyanın təmsil olunduğu blok qaliblərin bloku idi. Bolşevik inqilabı isə müttəfiqləri tərəddüd içində qoymuşdu. İkincisi, həmin dövrdə nə Qafqazın, nə də dünyanın taleyi Anadoluda həll olunurdu. Hələ ki Britaniya imperiyası var idi və dünyanın taleyində həlledici rolu Britaniya oynayırdı. Anadolu hərəkatı anti-ingilis düşüncəsi üzərində qurulmuşdu. Azərbaycan Cümhuriyyətisə öz mövcudluğunu Britaniya ilə əməkdaşlıqda görürdü. Ziddiyyətlər də burdan yaranırdı. Aprelin 26-da Atatürk Leninə məktub yazıb. Bu məktubda söhbət Qafqazın tutulmasından gedir. Ancaq bütün hallarda söhbət rejimin dəyişməsindən gedirdi, müstəqilliyin itirilməsindən yox. Müstəqil sovet Azərbaycanının qurulmasından, hakimiyyətin kommunistlərə keçməsindən danışılırdı. Bu müzakirələrdə işğal faktoru yox idi. Aprelin 26-da yazılan məktuba istinadla deyirlər ki, bu məktub Azərbaycanın işğalı üçün açar rolunu oynadı. Ancaq məsələ bundadır ki, məktub Moskvaya iyunun 3-də - Azərbaycan işğal olunandan təxminən 40 gün sonra çatıb.

Şahnaz B:

- Atatürkün Azərbaycan Xalq Cümhuriyyətini sevməməsi haqda da həmişə fikirlər səslənib.

Cəmil H:

- Anti-ingilis siyasətinə, Cümhuriyyətin Britaniya siyasətinin yanında olmasına görə. Həm Rusiyada, həm də Anadoluda anti-ingilis mübarizəsi gedirdi. Apreldə Leninin gizli təlimatı oldu ki, biz Britaniyaya qarşı birbaşa mübarizə aparmamalıyıq, Bakını və Buxaranı Britaniyaya qarşı qaldırmalıyıq. Bu məsələdə ruslarla milli mücadiləyə başlamış türklərin niyyətlərində uyğunluq vardı. Bolşeviklər Ənvər Paşanı Moskvada oturtmaqla Mustafa Kamala təzyiq edirdilər. Əks halda Ənvər Paşanı Mustafa Kamalın yerinə gətirəcəkdilər. Ruslar da, türklər də anti-ingilis dalğasında öz oyunlarını oynadılar, özü də çox məharətlə. (ardı aşağıda)

Cəmil Həsənli və Altay Göyüşov
Cəmil Həsənli və Altay Göyüşov



“QLOBAL OYUNUN QURBANI OLDUQ”

Altay Göyüşov:

- Bakını 1918-ci ilin sentyabrında Osmanlı azad etdi, verdi bizə. Yəni Cümhuriyyətin qurulmasında bunlar iştirak etdilər. Dərhal ardınca sülh müqaviləsi bağlandı, Türkiyə müharibədən çıxdı və bura ingilis hökuməti gəldi. İngilislər türklərin qurduğu “bambılı hökuməti” - Cümhuriyyəti tanımaq istəmirdi. Ancaq az sonra Azərbaycan hakimiyyəti ingilisləri özünü tanımağa inandıra bildi. İngilislər mandat qalsa da, 1919-cu ilin avqustunda Bakıdan getdilər. Ancaq burda bir məsələ var, ingilislərin Denikinin “bölünməz Rusiya” fikrinə inamı hələ də qalırdı. Onlar bolşeviklərin məğlubiyyətinə inanırdılar və buna görə də Azərbaycanın müstəqilliyini tanımaq istəmirdilər. Amma məncə, Qafqazın itirilməsində ən böyük səhv onda oldu ki, ingilislər bolşeviklərə qarşı mübarizədə yerli xalqlara deyil, Denikinə kömək etdilər. Bu da bölgədəki dəngəni dəyişdirdi. Anadoluda isə bu vaxt Antantaya qarşı milli mücadilə başlamışdı. Bizim hökumətin də qarantı Antantaydı. Azərbaycan iki odun arasında qalmışdı. Azərbaycan hətta ingilislərin əleyhinə olaraq Denikinə qarşı vuruşanlara da, Atatürkün hərəkatına da maddi baxımdan yardım edirdi. Atatürk isə Türkiyə sərhədində ingilislərin yox, bolşeviklərin dayanmasına çalışırdı. Ona görə də hər vəchlə Azərbaycanda hökumətin bolşevik nəzarəti altına düşməsinə tərəfdar idi.

Şahnaz B:

- Yəni o zamankı Türkiyə sadəcə, öz maraqlarından çıxış edirdi.

Altay G:

- Bəli. Açıq demək lazımdır ki, o zaman burda Kommunist Partiyasının yaradılmasında Türkiyə Mücadilə Hərəkatının rolu var idi. İkincisi, Azərbaycan hökumətinin zəiflədilməsində müəyyən iş görmüşdü. Bu birmənalıdır. Üçüncüsü, Xəlil Paşa Qafqaz Komitəsi tərəfindən faktiki XI Ordunun rəhbəri təyin olunmuşdu. Bu orduya girən çox sayda türk zabiti də vardı. Yerli əhali də tələb edirdi ki, ordunu buraxın, Azərbaycan ərazisindən keçib Anadolu Hərəkatına yardım etsin. Rəsulzadə də israr edirdi ki, ruslar bura girsələr çıxan deyillər. Anadolu Hərəkatının o dövrdə öz maraqları vardı. Antanta üzvləri bizim hökumətin müstəqilliyini de-fakto tanıyanda Atatürk bunu pis qəbul etdi. Söhbət ondan gedir ki, Atatürkün mövqeyi Türkiyənin maraqlarına uyğundur, mənim azərbaycanlı mövqeyimə yox. Ancaq tarixçi kimi bilirəm ki, Atatürkün mövqeyindən asılı olmadan rus ordusunun qarşısını almaq mümkün deyildi. Yəni bəxtimiz gətirmədi, iki böyük qüvvənin arasında qaldıq, qlobal oyunun qurbanı olduq. Bu da istiqlaliyyətimizi itirməyimizlə nəticələndi. (ardı aşağıda)

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı



“ATATÜRKƏ İFTİRA ATMAQ LAZIM DEYİL”

Orxan Aras:

- Türkiyədə Kadir Mısıroğlu kimi bir sıra insanların ömrü Atatürk düşmənçiliyi üzərinə qurulub. Onun dəlilləri də yalandır. Elə təəssürat yaranır ki, ruslar sərhəddə gözləyirdi, Atatürk də əmr etdi, bolşeviklər Azərbaycana gəldi. Belə bir şey yoxdur. Bolşeviklər Azərbaycana girdiyi vaxt Türkiyə acınacaqlı durumda idi, Atatürkün əlində heç bir güc yox idi. Aprelin 4-də üsyanlar başlamışdı, Atatürk və arkadaşları Sivasa qaçmaq istəyirdilər. Atatürkə iftira atmaq lazım deyil. Doktor Rza Nur xatirələrində yazır ki, Bakıda Nərimanovla görüşdüm və Atatürkün “Azərbaycan müstəqilliyini qorumalıdır” fikrini çatdırdım. Doktor Rza Nur 1921-ci ildə Moskvaya anlaşma imzalamağa gedəndə də Atatürk teleqraf göndərir ki, Azərbaycanın bağımsızlığı qorunmalıdır. Rəsulzadə ilə Atatürkün münasibətlərinə gəlincə, Məhəmməd Əmin 1932-ci ilə qədər İstanbulda qalıb, dövlət ona vəzifə verib, araları pis olmayıb.

NAXÇIVANA GÖRƏ MUSTAFA KAMALA MİNNƏTDARLIQ

Cəmil Həsənli:

- Bəlkə də Atatürk həmin sözləri deyib. Bəlkə də hadisə baş verdikdən sonra o sözləri öz rolunu şişirtmək üçün deyib. Amma o vaxt XI Orduda gələn türk zabitlərinin ən az əlaqəsi Mustafa Kamal Paşayladı. Sadəcə, türk paşalarında anti-ingilis nifrəti o qədər böyük idi ki, hər kəslə əməkdaşlığa hazırıydılar. Onlardan biri Xəlil Paşa daha çox bolşeviklərin adamıydı, nəinki Mustafa Kamalın. Bir tarixçi kimi tam səmimi deyirəm ki, bu gün Naxçıvan Azərbaycanın tərkibindədirsə, bunun üçün Mustafa Kamalın başçılıq etdiyi Türkiyəyə minnətdar olmalıyıq.

İZLƏ

XS
SM
MD
LG