Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:28

Kəndləri boşaldan “cin”


Rövşən Yerfi
Rövşən Yerfi
-

Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Rövşən Yerfi


KƏNDLƏRİ BOŞALDAN "CİN"

Olmuş əhvalat əsasında...


Üzaq dağ kəndində yaşayan Məmmədhəsən dayının neçə illər idi evində söz- söhbət yaşanırdı. Narazılığın məğzi ondaydı ki, əskərlikdən qayıdan kiçik oğlu ilə hələ ərə getməyən kiçik qızı hər oturub duranda, ən çox da işıqlar sönəndə son illər şəhərə köçənləri yada salıb atalarını qınayırdılar ki, “camaat şəhərə köçür, bəs biz niyə köçmürük? Niyə bizim də evimizdə qazımız, suyumuz, tez-tez söndürülməyən işığımız olmasın? Belə getsə beş-on ildən sonra, bu baxımsız, yiyəsiz kənddə qalan təkcə biz olacağıq...”
Məmmədhəsən dayı qocalıb təqaüdə çıxmışdı. İki oğul evləndirıb, iki qız köçürmışdü. Onların da hərəsi bir şəhərdə yaşayırdı. Ömrü boyu kəndə, zəhmətə bağlı adam idi. Bu yaşdan sonra evini atıb hara gedəcəkdi? Köçmək dildə asan idi. İndi hər yerdə ev almaq, torpaq almaq od qiymətinəydi. O pulu hardan əldə etsin? Tutaq ki, borc-xərc edib torpaq aldı, ev tikmək üçün material aldı. Ev hazır olanadək illərlə kirayələrdə yaşamaq ona bu ahıl yaşında vacib idimi? Üstəlik bütün ömrünü keçirtdiyi ata yurdu da baxımsız, xaraba günə qalacaqdı. Uşaqları isə heç cür onu başa düşmək istəmirdilər. Belə olanda naəlac qalıb deyirdi:
-Balam, kim şəhər istəyir getsin, mən kimsəni tutub saxlamamışam. Yol açıqdır. Məndən əlinizi üzün, mən evimi tərk edib heç yana gedən deyiləm.
O kiçik oğlunun tənbəlliyini, çətinlikdən qorxduğunu bilirdi. Elə oğlu da bu səbəbdən şəhərə tək başına getmək istəmirdi, kənddə azmış şəhərdə də ondan istifadə etmək istəyirdi.
Bu söhbət oğlunu evləndirəndən, evə gəlin gələndən sonra daha da güçləndi. Qonşu kənddən olan təzə gəlinin anası da qızının şəhərli olmağının arzusunda idi. Məmmədhəsən dayı onlara da demişdi:
-Qızınızın şəhərdə yaşamağını istəyirsizsə ev ya torpaq almağa kömək edin, köçürək şəhərə. Təkbaşıma gücüm yetmir, yox məni deyirsizsə, mən şəhərə getmirəm.
Kömək söhbətindən sonra oğlunun qaynanası dinməmişdi, söhbət bir az avazımışdı.
Günlərin bir günü oğlundan eşitdi ki, günün müxtəlif vaxtlarında evdə “cin” peyda olur. Xüsusilə, ailə üzvləri həyətdə olarkən “cin” evə girib qab-qacağın yerini dəyişməklə məzələnirmiş. Əcaib şəkilli kişiyə oxşayan bu “cin” qaçaraq evə gəlib gedərkən hətta gəlinin gözünə də görünürmüş. Qarabasma olduğunu zənn edən Məmmədhəsən dayı oğluna və qızına bir müddət gəlini tək qoymamağı, yanında olmağı tapşırır.
Məsələ bununla bitmir. Bir-neçə gün sonra “cin” mətbəxdəki boşqab və fincanları sındırıb paralayır. “Cin”in fəallığı bu dəfə təkcə gəlinin deyil, qızının da gözünə görünməsi ilə artır. Bundan sonra Məmmədhəsən dayı daha çox narahat olmağa başlayır. Bilməyirdi inansın, ya inanmasın. Qızı isə “cin”i gəlini kimi əcaib kişi deyil, qarayanız qadın şəklində gözünə göründüyünü deyirdi.
“Cin” barəsində gedən söhbətlər yavaş-yavaş qonşulara, bütün kəndə yayıldı. Hamını qəribə maraq bürümüşdü: doğrudanmı belədir? Əgər belədirsə, bəs onda “cin”i Məmmədhəsən dayının evinə cəlb edən nədir?
“Cin” isə, evdəki əşyaları qatıb qarışdırmaqdan, qab-qaşığı sındırmaqdan yorulmaq istəmirdi. Yenə sağ olsun, qabiliyyəti varmış, qiymətini bilirmiş kimi çox bahalı əşyalara dəymirdi.
Məmmədhəsən dayını dərd götürmüşdü: görən bu “cin” bizdən nə istəyir? Niyə qoymur rahat yaşayaq evimizdə? O, qızı ilə gəlininə tapşırdı ki, “cin” gözlərinə görünəndə soruşsunlar bilək məqsədi nədir? Nə istəyir verək, əl çəksin bizdən.
Bir-neçə gün də keçdi. Gəlinlə baldız ayrı-ayrılıqda “cin”lə apardıqları söhbətlərin nəticəsini Məmmədhəsən dayıya çatdırdılar. Məlum oldu ki, “cin”in istəyi onların evi tərk etmələridir. “Cin” tələb edir ki, bu evdə yaşamamalısız, köçün, çıxın gedin bu kənddən...
-Hara?
-Şəhərə... O da bizə qoşulub şəhərə getmək istəyir...
-Gedir getsin də, bizi neynəyir? Başıma xeyir, - deyindi Məmmədhəsən dayı, - bir “cin” qalmışdı mənim bu evdən çıxıb şəhərə getməyimi istəsin... “Cin” olmur, nə olur-olsun, mən heç yana köçən deyiləm. Vəssalam...
Heç bir “cin”dən-filandan qorxmadığını desə də, o, evdəki günlərlə uzanan, qurtarmaq bilməyən narahatlığa görə xeyli üzülmüşdü. Düşünürdü nə etsin ki, “cin” onun evindən əl çəksin. Bəlkə, bu bir bəd ruhdur, fırlanır evinin üstündə, - fikirləşdi Məmmədhəsən dayı.
Bu minvalla kəndin mollasını çağırıb evin dörd tərəfinə aylandırıb “cin”in gəlməməsi, fikrindən daşınması üçün dua oxutdurdu. Həyətindəki qoyunlardan birini Allah eşqinə kəsdirib qohum-qonşuya paylatdı, bu yolla bəd ruhun evindən uzaqlaşacağına ümid etdi. Şəhərdə yaşayan böyük oğluna da xəbər göndərdi ki, televiziyada göstərilən ruh qovan ekstrasenslərdən birini təcili tapıb gətirsin kəndə.
Gəl ki, Məmmədhəsən dayının səyləri nəticə vermədi. Mollanın oxuduğu dualardan üç gün keçməmiş “cin” bir qədər də həyasızlaşmış, hədə qorxuya keçmişdi. Gəlinlə baldız həyəcanla artıq “cin”in evi yandırmaq istədiyini deyirdilər. Qəzəblənmiş “cin” xəbərdarlıq edirmiş ki, əgər köçməsəniz evi yandıracağam...
Elan edilən xəbərdarlıq hamının qanını qaraltmışdı. Bu vaxtacan seyrçi mövqe tutan qonşular da xəbərdarlıqdan bərk narahat olmuşdular. Çünki, evlərin damları yaxın olduğundan yanğın onların evlərinə də keçə bilərdi.
Məmmədhəsən dayı isə “cin” söhbətindən tamam bezmişdi. Odu ki, ailə üzvlərinin yanında əsəbiləşib söyərək dedi:
-“Cin”in atabaatasına ləhnət.... Yandırır, cəhənnəmə yandırsın. Qoy yandırsın. – Sonra nə fikirləşdisə soruşdu, - Deyib vaxtını? Nə vaxt yandırır?
-Cümə günü, - gəlini cavab verdi.
... Cümə gününə hələ iki gün qalmışdı. Xəbər tezliklə bütün qonşulara yayıldı. Hamını fikir götürdü: həqiqətənmi “cin” evi odlayacaq? Yoxsa “cin” Məmmədhəsən dayını qorxutmaq üçün məzələnir? Əgər “cin” Məmmədhəsən dayının evini yandırsa onların evlərinə xətər dəyməzmi? Kaş “cin”in fikri ciddi olmayaydı, - arzulayırdı qonşular.
İki gün camaat fikir-xəyal ilə yaşadı. Cümə gününün axşamı çatanda qonşudakı cavanlar , nəhayət “cin”in özbaşınalığının qarşısını almaq qərarına gəldilər. Bu məqsədlə cavanlardan bir-neçəsi gecəni yatmayıb növbə çəkməklə oyaq qalmağa, “cin” evi yandırarsa yanğını tez söndürməyə razılaşdılar.
Hava qaralandan sonra qonşuluqda cavanlar gözlərini Məmmədhəsən dayının evinə dikib durdular.
Gecə yarıdan ötdü. Cavanların “cin”i gözləməkdən gözlərinin kökü saraldı. Sakitlik idi. “Cin” nədənsə ləngiyirdi. Ancaq səhərə yaxın, alaqaranlıqda Məmmədhəsən dayının həyətində hərlənən iki qaraltını görüb duruxdular. Dərhal gizlincə həyətə girib qaraltıları güddülər. Bu iki qaraltının evə bitişik damaltıda yanğın törətmək istədiklərini anlayanda gizlindən çıxıb onlara mane olmağa çalışdılar. Və həmin iki nəfərin Məmmədhəsən dayının gəlini və qızı olduğunu gördükdə heyrətlərini gizlədə bilmədilər:
-Bəs “cin” hardadır..?
Gözlənilməz sualla yaxalananlar özlərini itirdiyindən canlarına düşən əsməcə dil-dodaqlarını dolaşdırdı:
-“Cin”?.. “Cin” şəhərdə... (Bu kənddə şəhər deyəndə ən çox Bakını nəzərdə tuturdular.)
...Heç demə, Məmmədhəsən dayının tərsliyindən təngə gəlmiş, səbri tükənmiş “cin” özü baş alıb şəhərə getdiyi üçün yanğın törədib evi yandırmağı gəlinlə baldızına əmr edibmiş...
Deyilənə görə son dövrlərdə gözlərinə “cin” görükənlərin səbəbindən bir çox kəndlərdə saysız-hesabsız evlər boşalmışdı. “Cin”in adamları şəhərə toplamaqda məqsədi nə idi? Bu sualın hələ ki, dəqiq cavabını kimsə bilmirdi...

01.13
XS
SM
MD
LG