Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:36

Lego şirkəti «anti-islam» oyuncağını satışdan çıxaracaq


Arxiv foto
Arxiv foto
-
Avropada oyuncaqların ən böyük istehsalçılarından biri «anti-islam» oyuncağının istehsalını dayandırmağa razı olub.
Söhbət Danimarka uşaq oyuncaqları şirkəti Legonun «Jabba-nın Sarayı» («Jabba’s Palace») qurama komplektindən gedir.
Adı çəkilən qurama oyuncaq komplektinin istehsaldan yığışdırılmasını Avstriyanın türk icması tələb edirdi.
Avstriyanın türk icması nümayəndələri iddia edirdilər ki, «Ulduz müharibələri» (Star Wars) seriyasından olan qurama oyuncaq komplektlərindən birinə daxil tikili – gombul, sulu-qəlyan çəkən yadplanetliyə məxsus saray öz quruluşu ilə məscidi xatırladır və bu mənada anti-islam mahiyyəti daşıyır.
Onlar oyuncağın konkret olaraq İstanbuldakı Aya Sofya Məbədinə bənzədiyini iddia edirdilər.
Xəbər verilir ki, Lego şirkəti Jabba-nın sarayını özünün «Ulduz müharibələri» seriyasına 2012-ci ildə əlavə edib.
Bundan dərhal sonra Avstriyanın türk-müsəlman icmasından olan bir şəxs belə bir oyuncağın bacısı oğluna hədiyyə edildiyini görüb və dərhal şikayət edib.
QƏLYAN ÇƏKƏN YADPLANETLİ MÜSƏLMAN?
9-14 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş oyuncaq komplektinə daxil gümbəzəbənzər tikili «Ulduz müharibələri» seriyasından 1983-cü ildə çəkilmiş filmin qəhrəmanlarından biri - ilbizşəkilli yadplanetlinin qalaktikalararası qalasıdır və raketlərlə müdafiə olunur.
Sulu qəlyan çəkən Jabba filmdə şahzadə Leia-nı zəncirlənmiş qul kimi saxlayır.
Qəzəblənmiş müsəlman din xadimləri Legonun bu oyuncaq komplektinə daxil etdiyi personaj fiqurlarının asiyalıları xatırlatmasına da etiraz edirlər.
Onlar deyirlər ki, bu oyuncaq müsəlmanların terrorçu, quldar, girovçu və yaraqlı olduqlarına üstüörtülü işarə edir.
Avstriya Türk Mədəniyyət Assosiasiyasının sözçüsü Melissa Günəş bildirir ki, belə bir oyuncağın uşaqların yataq otaqlarına yol tapmasına imlan vermək olmaz.
Onun fikrincə, məsələn, Jabba-nın qəlyan çəkməsi birbaşa müsəlmanlara işarədir.
Təşkilat Lego şirkətindən bu oyuncağı istehsaldan dərhal çıxarmağı tələb edib.
LEGO «ANTİ-İSLAM» OYUNCAĞININ İSTEHSALINI 2014-DƏ DAYANDIRACAQ
Lego əvvəlcə tələb və tənqidləri görməməzliyə vurmuşdu, lakin sonradan bəyan etdi ki, sözü gedən oyuncaqda heç bir düşünülmüş qərəz yoxdur.
Bununla belə, az sonra şirkət oyuncağı 2014-cü ildən sonra istehsaldan çıxaracağını vəd etdi.
Bu qərar Türkiyə Mədəniyyət Assosiasiyasının sədri Birol Kılıc və Lego şirkətinin icraçı direktorları arasında Münhendə keçirilmiş görüşdə qəbul edilib.
İndi şikayətçilər bu qərardan məmnun olduqlarını bildirirlər.
Britaniya mətbuatı isə sual edir ki, Lego nəyə görə oyuncağı istehsaldan dərhal çıxarmaq istəməyib.
Lego bu barədə sorğulara şərh verməkdən imtina edir.
XS
SM
MD
LG