Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:45

Dram Teatrı «Qatil» tamaşası ilə Gürcüstana gedir


-
Aprelin 4-6-da Akademik Milli Dram Teatrı Tbilisidə qastrol səfərində olacaq.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat katibi Elçin Cəfərov verib.

Xəbərdə deyilir ki, Akademik Milli Dram son illər dünyanın bir çox ölkələrinin qabaqcıl teatrları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri yaradıb.

“GUAM-ın teatr məkanı” teatr layihəsi çərçivəsində Akademik Milli Dram Teatrı ilə Gürcüstan teatrları arasında sıx qarşılıqlı əməkdaşlıq əlaqələri qurulub və bir sıra beynəlxalq layihələr həyata keçirilib.

Teatr gürcü tamaşaçılara bu dəfə Xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında hazırlanmış “Qatil” tamaşasını təqdim edəcək.

Tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, səhnə tərtibatçısı İlham Elxanoğlu, bəstəkarı Aygün Səmədzadə, işıq üzrə rəssamı Rafael Həsənovdur. Əsas rolları Xalq Artisti Səidə Quliyeva (Qonşu), Əməkdar Artistlər Münəvvər Əliyeva (Qadın), Elxan Quliyev (Polis) aktyor Hikmət Rəhimov (Oğlan) oynayır.

"Qatil” tamaşasının süjeti tənha kimya müəlliməsinin faciəli həyatı üzərində qurulub. Saxtakar, yalançı, fırıldaqçı Oğlan, başı ancaq şagirdlərinə qarışan, tənha, yaşı ötmüş, sevgi həsrətlisi müəllimənin həyatına girir. O, yalanlarla saf qadının təmiz hisslərinin qatili olur. Müəllimənin evini və ürəyini zəbt edən Oğlan sonda onu qatil edir.

Akademik Milli Dram Teatrı “Qatil” tamaşasını Tbilisidə yalnız bir dəfə --aprelin 5-də saat 20.00-də K. Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının səhnəsində nümayiş etdirəcək.
XS
SM
MD
LG