Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:36

Kamal Abdulla açdı sandığı, tökdü pambığı: "İstefamın əsas səbəbi... (Debat)


(soldan sağa) Proqramın aparıcısı Şahnaz Bəylərqızı, yazıçı Etimad Başkeçid və tənqidçi Əsəd Cahangir
(soldan sağa) Proqramın aparıcısı Şahnaz Bəylərqızı, yazıçı Etimad Başkeçid və tənqidçi Əsəd Cahangir

Əsəd Cahangirin Kamal Abdullaya cavabı nə oldu?

-

Mövlud Süleymanlı: "Yəni bu söhbət, bu dava min manatın üstündədir? Mən xəcalət çəkirəm Etimadın yerinə, doğrudan vallah".

Etimad Başkeçid: "Mən min manatın həsrətində olsaydım gedib onu götürərdim. Bu cür böhtanı qəbul etmirəm".


Qan Turalı: "Əsəd Cahangirin şəxsiyyəti də, xarakteri də hamıya bəllidir".

Əsəd Cahangir: "Qan Turalı, mənasızlıq sindromusan".


Kamal Abdulla: "Əsəd Cahangir 20 il, 30 il Azərbaycan tənqidinə fayda verə bilər, amma kitabı səhvlərlə doludur".


Azərbaycan Yazıçılar Birliyinin (AYB) ədəbiyyat müsabiqəsi niyə qalmaqalla yadda qaldı?

Debata müsabiqənin münsiflər heyətinin sədrliyindən imtina etmiş Kamal Abdulla, münsiflər heyətinin hazırkı sədri Mövlud Süleymanlı, mükafatdan imtina etmiş Etimad Başkeçid, tənqid və esseistika nominasiyasında mükafatı qazanmış Əsəd Cahangir qatıldılar. Qaliblər sırasına düşməyən yazıçı Qan Turalı da proqrama zəng etdi.

ETİMAD BAŞKEÇİD: "TOYUQ SÜRÜSÜNƏ DƏN SƏPDİLƏR"

Şahnaz Bəylərqızı:


- Etimad bəy, mükafatdan niyə imtina etdiniz?

Etimad Başkeçid:

- Müsabiqənin şərtləri, onun münsifləri və münsiflərin sədri əvvəlcədən elan olunur və qərar verirsən ki, bu müsabiqədə iştirak edim, ya yox. Mən də müsabiqədə iştiraka qərar verirəm. Amma müəyyən mərhələdən sonra münsiflərin sədri istefa verdi və bu istefadan sonra müsabiqənin obyektivliyinə inamsızlıq yarandı. Bunun ardınca da bir neçə qələm adamı müsabiqədə iştirakdan imtina etdi. Bu da artıq cəmiyyətdə müsabiqənin reputasiyasının korlanmasına gətirdi və adam düşünüb-daşınır ki, burda iştirak edim, ya yox. Sözün açığı, uşaqlar müsabiqədə iştirakdan imtina edəndə Kamal Abdullayla ayaqüstü belə söhbətim oldu: “Mən də müsabiqədən imtina etmək istəyirəm”. Kamal müəllim bunu məsləhət görmədi.

Şahnaz B:

- Belə çıxır ki, müsabiqədən imtina edənlər bu addımı Kamal Abdulla ilə razılaşdırırdılar?

Etimad B:

- Yox. Mən Slavyan Universitetində işləyirəm. Artıq Kamal müəllim istefa verəndən, uşaqlar da imtina edəndən sonra orda qalmağın bir anlamı olmurdu. Kamal müəllim dedi ki, niyə getməlisən? Qal. Amma nəticə göstərdi ki, elə bil toyuq sürüsünə dən səpdilər. Bunun alt mənası nədir? Yəni burda xüsusi fərqləndiriləcək bir şey yoxdur, elə mükafatları bunların hamısına pay-püş edək, getsin.

Şahnaz B:

- Konkret sizi narazı salan nədir? Adınızın bu qaliblərlə yanaşı olması? Qaliblərin iki-iki olması?

Etimad B:

- Məni narazı salan əvvəlcədən bəyan olunmuş qaydaların pozulması və nəticə etibarilə kütləvi mükafatlandırmadır. Kütləvi mükafatlandırma da kütləvi cəzalandırmadır. Yəni "bunların hamısı bir bezin qırağıdır, bunlarda dişə vuracaq bir şey yoxdur" deməkdir. (ardı aşağıda)

Etimad Başkeçid (sağda) və Əsəd Cahangir
Etimad Başkeçid (sağda) və Əsəd Cahangir


ƏSƏD CAHANGİR: “AXI BURDA HAMININ QABAĞINA DƏN SƏPMƏDİLƏR”

Əsəd Cahangir:


- Mən də müsabiqənin qalibiyəm. Mənim fikirlərim birmənalı qarşılanmayacaq. Kimsə şəxsi mənafe amilindən çıxış etdiyimi düşünəcək. Amma bu məni narahat etmir. Mən öz fikirləşdiyimi deyirəm. Mənə elə gəlir ki, hər şeyə ideal ölçülərlə, maksimalistcəsinə yox, konkret gerçəklik prinsiplərindən yanaşmaq lazımdır. Azərbaycanda çoxsaylı mükafatlar var. Yazıçılar Birliyinin təsis etdiyi bu müsabiqə, məncə, onlar arasında ədəbi-estetik ölçülərə, standartlara ən uyğun gələnidir. Etimad narazıdır. Amma hər halda, o, nəsr üzrə qalibdir. Bunun özü göstərir ki, müsabiqə kifayət qədər ədalətli keçirilib, Etimadın əsəri ora təqdim olunan 10-15 romandan biriydi. Burda axı hamının qabağına dən səpmədilər. Konkret mənə gələndə, münsiflər mənimlə bağlı ədalətli davranıblar. Mənim yeganə etirazım bu ola bilərdi ki, müsabiqənin şərtləri müəyyən qədər redaktə olundu, qaliblər bir yox, iki oldu. Nominasiyalar birləşdirildi. Amma doğrudanmı, bu, böyük problematik məsələdir? Digər bir tərəfdən kim deyə bilər ki, mən ən yaxşıyam? Ədəbiyyatda "iki vur iki dörd edər" səviyyəsində meyar yoxdur.

Etimad B:

- Çox nahaq bizim hörmətli AYB vəzifəlisi belə düşünür ki, bunu müəyyən etməyin meyarı yoxdur. Meyar var. Meyar olmasaydı, sənət, ədəbiyyat olmazdı, sənətşünaslar var, dəyərləndirmə kriteriyaları var.

Əsəd C:

- Mən demədim ki, meyar yoxdur, mən deyirəm ki, yüzdə yüz, iki vur iki dörd edər - kimi dəqiq meyarlar yoxdur. Müsabiqənin qaydalarını da insanlar yazıb. (ardı aşağıda)

Əsəd Cahangir
Əsəd Cahangir


“KOMİSSİYANIN QƏRARI İSA PEYĞƏMBƏRİN ŞAGİRDLƏRİNİN ÇIXARDIĞI NƏTİCƏLƏR DEYİLDİ"

Şahnaz B:


- Müsabiqə gedə-gedə bu şərtləri dəyişdirmək nə qədər doğrudur?

Əsəd C:

- Müsabiqənin konkret situasiyadan çıxış etmək prinsipi var. Bəzi adamlar yarışmadan getdi. Bunun nəticəsində görünür, dəyişiklik etmək zərurəti yarandı. Axı bilirsiz, komissiyanın çıxardığı nəticələr İsa peyğəmbərin şagirdlərinin çıxardığı ilahi nəticələr deyildi. Bunun da üzərində nəzarət olmalıdır. Komissiya özbaşına yaradılmayıb, onu da görünür qeyri-obyektiv nəticələrdən obyektiv nəticələrə yönləndirməyə ehtiyac olmuşdu.

Etimad B:

- Əlbəttə, tam obyektiv müsabiqənin keçirilməsinə iddia edən yoxdur. Amma hətta Azərbaycan gerçəkliyi üçün də çox aşağı səviyyədə, heç bir şeyə yaramayan müsabiqə keçirilib. Bu müsabiqə ictimai rəydə tam iflasa uğradı. Mən gedib o mükafatı alanda camaatın gözünün içinə də baxmalıyam, insanların yanında xəcalət çəkməməliyəm. Belə şeylər var, bunu başa düşmək o qədərmi çətindir? Futbol oyunu gedə-gedə, ikinci hissədə qaydalar dəyişirmi? Birinə penalti ver, o birinə də oynamağa imkan vermə...

MÖVLUD SÜLEYMANLI: “YƏNİ BU DAVA MİN MANATIN ÜSTÜNDƏDİR? MƏN XƏCALƏT ÇƏKİRƏM ETİMADIN YERİNƏ”

Mövlud Süleymanlı:


- Birinci sözüm Etimad Başkeçidədir. Bəri başdan onu demək istəyirəm ki, onun özünün xəbəri yoxdur, ancaq dəhşətli dərəcədə səhv edir. Dediklərinin hamısı səhvdir. Etimad cığallıq edir, hörmətsizlik edir. Danışığına baxın: ictimai rəy pisdir. Əgər ictimai rəy pisdirsə, deməli, bu mükafatı sən aldığın üçün pisdir. Bu cür məntiqsiz, qeyri-obyektiv yanaşma, bu cür səviyyəsiz danışıq... O mənim kiçik qardaşımdır. Özünü bu cür aparmağı, AYB-yə bu cür böhtanlar atmağı... Kütləvi şəkildə mükafatlandırmaq nə deməkdir? Ora 80-ə qədər adam əsər verilmişdi. Bu bəyəm hamıya verilib ki, kütləvi mükafatlandırmadan danışırsan? Hər nominasiya üzrə iki nəfərə verilib. O da ona görə ki, şükürlər olsun səviyyəli yazılar var idi, tapılırdı. Tapıldığına görə də iki nəfərə verirdik. Yəni bu söhbət, bu dava min manatın üstündədir? Mən xəcalət çəkirəm Etimadın yerinə, doğrudan vallah. (ardı aşağıda)

Mövlud Süleymanlı
Mövlud Süleymanlı


“MİN MANATIN HƏSRƏTİNDƏ OLSAYDIM...”

Etimad B:


- Mövlud Süleymanlı hörmət etdiyim insandır. Üstəlik, heç vaxt düşünməsin ki, bu onun şəxsinə qarşı atılmış addımdır. Mən AYB üzvüyəm, bu da dövlət vəsaiti ilə maliyyələşən qurumdur. Mənim də haqqım var ki, öz bildiyim həqiqəti deyəm. Onun mənimlə bağlı işlətdiyi ifadələrə qalanda, ağsaqqaldır, ancaq gərək ritorikamıza fikir verək ki, aramız açılmasın. O ki qaldı, kütləvi mükafatlandırma ilə bağlı dediklərinə, elə bil mükafatı pay-püş edirlər ki, hərə min manat götürsün. Mən min manatın həsrətində olsaydım gedib onu götürərdim. Bu cür böhtanı qəbul etmirəm.

Mövlud S:


- Mən bəzi sözləri Etimada ərklə dedim. İncimə, Etimad. Mən səhvini anlatmaq istəyirəm. Anlamırsan, canın sağ olsun, özün bilərsən. Səlahiyyətimdən istifadə edib o mükafat üçün iki yeri mən müəyyən etmişəm. O əsərlər, yazılar buna imkan verdi. Elə müəlliflər vardı ki, birinci dəfə məndə hörmət doğurdu. Lap elə Qan Turalının xırda hekayələri, esseləri vardı, onun yazılarına çox sevindim. Baxmayaraq ki, onun tikanlı atmacalarını oxumuşdum. 11 adamın – münsiflərin razılığı ilə mükafatı iki yerə böldük. Kamal qardaşım, qədim dostum istefa verəndən sonra mən sədrliyə razılaşdım. Ona görə razılaşdım ki, bu müsabiqəni obyektiv keçirmək bizim borcumuzdur. Bu dedi-qodular lazım deyil. Bir də hansı qaydalar dəyişdirilib? Biri bu mükafatı iki yerə bölməkdir. Sonra?

MÖVLUD SÜLEYMANLI: “QADAN ALIM, MƏLİKLİNİ BURA AİD ELƏMƏ”

Etimad B:


- Nominasiyalar birləşdirilib, nəsə əlavə olunub. Tofiq Məlikliyə mükafat verildi.

Mövlud S:

- Qadan alım, Məliklini bura aid etmə. Qətiyyən münsiflərin xəbəri yoxdur ondan. O, ayrı mükafatdır.

Etimad B:

- Vilayət Quliyevlə Əsəd Cahangirə eyni nominasiyada mükafat verilir. Axı Vilayət Quliyev nə tənqidçidir, nə esseistdir, Polşada olmuş Azərbaycan mühacirləri haqqında kitab yazıb.

Mövlud S:

- Vilayət Quliyev elə tənqidçidir də. Nominasiyanın adı ədəbiyyatşünaslıq və tənqid üzrə gedir.

Etimad B:

- O, tənqidçiliklə bağlı kitab deyildi. Orda başqa nüanslar var.

Əsəd C:

- Mükafatın iki adama verilməsinə mənim özəl yanaşmam var. Harda iki bir-birinə bərabər imza vardı, ikisi də vazkeçilməz idi, onların ikisinə də mükafat verilməli idi. Harda alternativ variantlar arasında fərq qabarıq idi, onları süni surətdə qoşalaşdırmaq lazım deyildi. Məsələn, özümlə bağlı deyim. Müsabiqənin gedişində Qan Turalını mənimlə alternativ qoyurdular, bu da mənə həddindən artıq qəribə gəlirdi. Axı mən tənqidçiyəm, ömrümün 20 ilini bu işə sərf etmişəm. İndi kimsə yaxşı köşə yazıb, balaca hekayə yazıb, o mənim ömürlük zəhmətimlə gəlib bərabər oldumu? Bərabər olmadı da, komissiya obyektiv qərar verdi. O nominasiya tənqid və esseistika idi, ancaq sonra tənqid və publisistika oldu. Hökmən hamını bərabərləşdirmək olmaz. (ardı aşağıda)

Qan Turalı
Qan Turalı


QAN TURALI: “MƏN ŞƏXSƏN MÖVLUD SÜLEYMANLININ ADINA BUNA GÖRƏ UTANIRAM"

Qan Turalı:


- Müsabiqəyə əsər verəndə mənim üçün maraqlıydı ki, mənə necə mükafat verməyəcəklər, hansı oyunlara gedəcəklər? Mövlud müəllim deyir ki, müsabiqədə həmin nominasiyanın adı ədəbiyyatşünaslıq və tənqid idi. Amma belə deyildi, tənqid və publisistika idi. Mənim əsərim də esseistika ilə bağlı yeganə əsərdir. Əsəd Cahangir də faktları təhrif edir, deyir ki, 20 ildir tənqidçiliklə məşğul olur. Bilmirəm 20 ildir tənqidçiliklə məşğul olurmu, hər halda biz indi onun mahnılarını daha çox eşidirik, nəinki tənqidlərini.

Əsəd C:

- Qan Turalı, yaxınlarda birini də eşidəcəksən.

Qan T:

- Yaxşı da, oynayarsan... Vilayət Quliyev Polşadakı Azərbaycan mühacirləri haqda kitab yazıb, bu da Nəcəf Nəcəfov mükafatı nominasiyasına verilib. Amma mənə mükafat verməmək üçün Vilayət Quliyev başqa nominasiyaya transfer olunur. Mövlud müəllim 50 dəfə desə də, heç kimə bunu başa sala bilməz, Polşadakı Azərbaycan mühacirləri ilə bağlı əsərin nə tənqidə, bə esseistikaya, nə də özünün dediyi kimi ədəbiyyata aidiyyəti var. Bu, araşdırma əsəridir. Sadəcə, mənə mükafat verməmək üçün bu qədər iyrəncliyə, siyahı dəyişməyə nə ehtiyac vardı? Mən müsabiqəyə qatılmaq üçün məqalələrimi tələsik yığıb kitab çap etdirməmişəm ki. Mən şəxsən Mövlud Süleymanlının adına buna görə utanıram.

Mövlud S:

- Qardaş, sən utanıb eləmə. Hər şey yaxşıdır. Sən bir az bu oyunları təxəyyülündə qurursan. Vilayət Quliyev də publisistikada idi, düzdür. Bayaq səbəbini dedim, tikanlı danışmaq lazım deyil.

“QAN TURALI HƏMİŞƏ AYB SƏDRİNİ TƏHQİR EDİB. SƏN NƏ HAQLA MÜKAFAT UMURSAN?”

Əsəd C:


- Mən kitabımı məhz müsabiqə üçün çıxarmışam. Burda heç bir qəbahət də görmürəm. Müsabiqə keçiriləndə başa düşdüm ki, bu mənim vaxtımdır və şansımdır. Görürsüz, yanılmadım. İnsan gərək öz içində öz həqiqətinə inana, hansısa qrupun mənafeyindən, özü haqdakı fantaziyalardan çıxış etməyə. Haqqın çatırsa, getməlisən də, almalısan da. Gəldim də, aldım da, bu mənim haqqımdır. Mən komissiya üzvlərinə, Anar müəllimə buna görə təşəkkür edirəm.

Şahnaz B:

- Qan Turalı ilə eyni nominasiyada mükafat alsaydız, bu, qeyri-obyektiv olacaqdı?

Ə.Cahangir:

- Mənim Qan Turalı ilə eyni nominasiyada mükafat almağım mümkün deyildi. Birincisi, bu, AYB mükafatıdır, mükafatı da qurumun üzvləri almalıdır.

Qan T:

- Sən bunu hardan quraşdırırsan? Nizamnamədə elə şey yoxdur.

Əsəd C:

- Bu, MKM deyil, dövlət mükafatı deyil, hamıya şamil olunsun. AYB-nin 1600 üzvü var. Doğrudanmı, AYB 1600 adam arasından mükafat verəcək 10 adam tapa bilməyəcək? Mükafatı kənar şəxslərə verməlidirmi? İkincisi, Qan Turalı əlinə qələm alan gündən AYB-ni, onun rəhbərliyini, sədrini söyüb təhqir edir. İndi məntiqlə, mənəvi prinsiplə götürəndə, sən hansı haqla burdan mükafat umursan? Bəyəm bunu sənə verərlər? Nə tökürsən aşına, o da çıxır qaşığına.

Qan T:

- Sağ olsun Əsəd. Onun elədiklərindən, Kamal müəllim haqda dünən bir, bu gün başqa söz danışmasından şəhər salmaq olardı.

Əsəd C:

- Mən Kamal Abdulla haqda həmişə bir fikirdə olmuşam, onun haqda ilk yazını da mən yazmışam. Həmişə onun haqqında müsbət fikirdə olmuşam. Bizim münasibətlərimizə qarışma.

Qan T:

- Mən mükafat üçün Anar müəllimin qızı haqda kitab yazmalıydım?

Əsəd C:

- Yazmalıydın. Əgər o istedadlıdırsa, yazmalıydın.

Qan T:

- Göydən danışmaq lazım deyil. O mükafatın nizamnaməsi var, mətbuatda da çap edilib. Orda yazılmayıb ki, AYB üzvi olmayanlar müsabiqədə iştirak etməməlidirlər. Bir də mənim AYB-ni tənqid etməyimin məsələyə nə dəxli var?

Əsəd C:

- Çox dəxli var. Sən bir təşkilatı bəyənmirsənsə, niyə ondan mükafat almaq istəyirsən?

Qan T:

- Əsəd Cahangirin şəxsiyyəti də, xarakteri də hamıya bəllidir.

Əsəd C:

- Qan Turalı, mən ömrüm boyu bir adamı tənqid edib, sonra da onunla çay stolu arxasında oturmağa qaçmamışam. Mənasızlıq sindromusan.

Q.Turalı

- Hər nəyəmsə, özüm bilərəm. AYB-nin müsabiqəsində iştirak etmək bir sınaq idi. Bir daha bu təşkilat, onun xarakteri mənə aydın oldu.

Şahnaz B:

- Mövlud müəllim, doğrudanmı bu müsabiqədə ancaq AYB üzvləri iştirak edə bilərdilər?

Mövlud S:

- Belə qayda var idi.

Şahnaz B:

- O zaman AYB üzvü olmayanların əsərləri niyə müsabiqəyə qəbul edilirdi?

Mövlud S:

- Göndərilmişdi. Sonra bir neçə mərhələ keçdi, amma çox adam bilmirdi ki, o AYB üzvüdür, ya yox. Sonra bəlli oldu. (ardı aşağıda)

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı


“ORDA QAN TURALI OLMALIYDI, VİLAYƏT QULİYEV YOX...”

Kamal Abdulla söhbətə qoşulur, müsabiqənin münsiflər heyətinin sədrliyindən niyə getməsi haqda danışır:

Kamal Abdulla:

- Bu, su aparmamalı məsələdir. Dünya dağılmayıb, kimsə mükafat almayıb, kimsə alıb. Etimadın müsabiqədən imtinası öz tərcihi idi. Amma bu fikirdəyəm ki, gərək bunu etməyəydi. Sizin suala qalanda, yəni mən niyə münsiflər heyətinin sədrliyindən istefa verdim. Heç bir müsabiqə başdan-ayağa obyektiv və kamil ola bilməz. Bu müsabiqədə mənim bir fikrim vardı, bir özgəsinin ayrı... Biz münsiflərlə, Yazıçılar İttifaqının rəhbərliyi ilə fikir mübadiləsi aparırdıq. Fikir ayrılığının olması normal idi. Mən bu fikir ayrılıqlarının ciddiləşməsinin və kəskinləşməsinin qarşısını almağa çalışdım. Bu gün nəticələrlə bağlı mənzərə əlbəttə mənim mənzərəm deyil. Bir çox səbəblərə görə, mən orda kiməsə səs verə bilərdim, kiməsə verməyə bilərdim. Kiməsə səs verməyəndə görürdüm ki, özümə yaxın saydığım qələm adamı əleyhimə gedir, yəni qarşı-qarşıya gəlirdik. Bu da məni üzürdü. İkinci, ən vacib səbəb. Özüm üçün müəyyənləşdirdim ki, mən və müsabiqə bir-birinə uyuşmayan şeylərdir. Mən gizlədilməsi mümkün olmayan qədər subyektiv adamam. Dost mənim üçün əsasdır, ədəbi əsər seçimində dostuma səs verə bilərəm. Gördüm ki, bunlara gedə bilərəm, yaxud xoşum gəlməyən adama subyektivlik göstərə bilərəm. Əslində, müsabiqə başdan ayağa obyektiv, düznəqulu adamların yeridir.

Şahnaz B:

- Siz qaliblərlə bağlı hansı mənzərəni gözləyirdiz?

Kamal A:

- Orda elə adam vardı ki, ona səs verməzdim. Əsəd Cahangir bir qəribə söz dedi, dil çaşar, düzünü deyər. O dedi ki, münsiflər İsanın 12 şagirdi deyildi, onların üzərində nəzarət olmalıydı. Siz nahaq yerə bu fikri boşunu buraxdız. Hər şeyin kökü ordan başlayır. Sən demə o 12 nəfərin üzərində əməlli-başlı nəzarət olmalıymış. Mahiyyət budur.

Şahnaz B:

- Həmin 12 adama nəzarət edirdilərmi?

Kamal A:

- Yox, nəzarət yox idi. Amma fikir ayrılığı vardı, mən də sevdiyim adamlarla münasibətləri kəskinləşdirmək istəmədim.

Şahnaz B:

- Kamal müəllim, belə fikir var ki, siz müsabiqədən AYB sədri Anarla razılaşmadığınız üçün ayrılmısız.

Kamal Abdulla
Kamal Abdulla


Kamal A:

- Anar müəllim insafən əvvəldən dedi ki, sən nə cür düşünürsən o cür qur. Gördüm ki, bu mümkün deyil, cürbəcür cığallıqlar olur. Mən də kənarlaşdım.

Şahnaz B:

- Bu müsabiqədə ancaq AYB üzvlərinin iştirakı nə qədər doğrudur?

Kamal A:

- Bu belə deyil. Bu məsələni biz bir dəfə münsiflər arasında müzakirə də etdik, Mövludun bəlkə də yadından çıxıb. Mən bunu razılaşdırmışdım ki, əli qələm tutan hamının müsabiqədə iştirakına imkan yaradaq, bu onun “ustav”ında da yazılıb. Qan Turalının orda iştirakı çox təbii idi. Onun dediklərində həqiqət var. Çünki Vilayət Azərbaycanı ancaq xaricdə təmsil etmək istiqamətində iş görüb. Onun əsəri tənqid deyil axı. Vilayət böyük tənqidçimizdir. Sadəcə orda incə “yerdəyişmə” olunub. O da təbiidir. Məncə, onsuz da keçinmək olardı. Bəlkə mən qalsaydım nominasiyaların birində, uzaqbaşı ikisində mükafatı iki nəfərə verərdim. Mənim də razılaşmadığım bax bu ikiləşmə məsələsidir.

- Sizin müsabiqədən getməyinizi həm də Aqşin Yeniseylə bağlayırlar.

- Təkcə Aqşin söhbəti deyil axı. Tofiq Məliklı, Əsəd Cahangir faktoru vardı. Başqa faktorlar vardı.

- Siz Əsəd Cahangirin qalib olmasını istəmirdiz?

- Yox, mən Əsəd Cahangirə səs vermirdim ki. Bunu hamı bilir. Mənim aləmimdə orda Qan Turalı olmalıydı, Vilayət Quliyev olmalıydı. Əsəd Cahangir 20 il, 30 il Azərbaycan tənqidinə fayda verə bilər, amma kitabı səhvlərlə doludur.

Əsəd Cahangir:

- Birinci, deyirlər ki, orda esse yoxdur. Amma mənim kitabımın 50 faizi esselərdir. Qan Turalı 100 dənə kitab yazsa, mənim bir dənə “Söz” essemin tək cümləsiylə tərəziyə qoysam, mənim cümləm ağır gələr. Kamal müəllimin narazı qaldığı kitabda “Dəmirbaşlar” essemdir, onun romanı haqda yazmışam. Mən hesab edirdim ki, bununla Kamal müəllimə kömək etmiş olaram. Bunu 7-8 il qabaq yazmışam. Heç onda indiki bir sıra ideoloji-siyasi məsələlər də yox idi. Mənə belə gəlir ki, insan, xüsusən də komissiya sədridirsə, bu qədər nüfuzludursa, hətta səhv etmiş olsaq belə, bircə cümləmizə görə, 500 səhifəlik kitabın üstündən xətt çəkməməlidir. Mənasız, söz yığınından ibarət köşə yazılarını ondan üstün tutmaq qeyri-obyektiv olardı.

Kamal A:

- Heç bir müsabiqə son obyektivliyə dəlalət edə bilməz. Mən də əvvəldən dedim ki, subyektiv adamam...

PROQRAMI TAM İZLƏ
XS
SM
MD
LG