Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:51

Deputatlar NİDA-çıların həbsi və ofşor şirkətlər barədə


Milli Məclis
Milli Məclis
-
ICIJ (Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu) təşkilatının bu günlərdə açıqladığı araşdırma Azərbaycan prezidentinin, onun ailə üzvlərinin ofşor zonada qurduğu biznes əlaqələrini üzə çıxarıb.

http://www.azadliq.org/content/article/24947129.html
«HEYDƏR ƏLİYEV QARDAŞININ EVİNDƏ QALIB»
AzadlıqRadiosu Milli Məclisin bir neçə üzvünün bu araşdırmaya münasibətini öyrənib. Vətəndaş Həmrəyliyi Partiyasından deputat Fəzail İbrahimli AzadlıqRadiosuna deyib ki, məsələdən xəbərsizdir, ancaq bu tip məlumatlara şübhəylə yanaşır:
«Bütün Avropa dövlətlərinin, xarici dövlətlərin Azərbaycanla bağlı yazdıqları yazılara qərəzli və şübhəli yanaşıram, çünki bu dövlətlərin bizim haqq işimizə olan münasibətini görürəm».
Heydər Əliyev
Heydər Əliyev
Parlamentin regional məsələlər komitəsinin üzvü Tahir Rzayev də prezidentin ailəsinin offşor biznesi barədə məlumatları inandırıcı saymır:
«İnandırıcı deyil axı... Ölkə prezidentinin bütün imkanları var. Dövlət bunu təmin edir. Digər tərəfdən ulu öndərimiz Heydər Əliyev Moskvadan buraya qayıdanda sığınacağı olmayıb, qardaşı evinə sığınıb. Belə bir ailənin üzvlərinin hardasa xaricdə gedib sahibkarlıq fəaliyyəti ilə məşğul olması inandırıcı deyil. Bütün dövlət rəhbərlərinin, ictimai xadimlərin ünvanına belə şeylər yazılır, ancaq reallığa əsaslanmır, mən inanmıram».
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev:
«Qətiyyən inanmıram, hamısı cəfəngiyat və uydurmadır. Belə şeyləri dünyanın istənilən ölkəsində uydururlar. Hətta özümə aid, özümün eşitmədiyim, bilmədiyim şeylər yazırlar. Bir tərəfdən vərdiş etmişik belə yalan yazılara, digər tərəfdən etik baxımdan belə yazıların yayılması doğru deyil».
MOTİVDƏN XƏBƏRSİZLİK
Hazırda «NİDA» vətəndaş hərəkatının yeddi üzvü həbsdədir. Onlar qanunsuz silah və narkotik maddə saxlamaqda ittiham olunurlar. Gənclər əsgər ölümlərin etiraz olaraq keçirilən 10 mart aksiyasından sonra saxlanıblar.

Deputat Fəzail İbrahimli «NİDA»-çıların hansı motivlə həbs olunmasından xəbərsiz olduğundan buna münasibət bildirə bilməyəcəyini deyir:
NİDA Vətəndaş Hərəkatının loqosu
NİDA Vətəndaş Hərəkatının loqosu
«Əlimdə fakt olmadan danışa bilmərəm. Mən kifayət qədər öz sözümün sahibi olan adamam. Qərəzsiz düşünüb-danışanam. Kiminsə mənafeyini müdafiə etməyə cəhd edən deyiləm. Mən o vaxt münasibət bildirə bilərəm ki, bu həbslərin Azərbaycan qanunvericiliyinə nə dərəcədə uyğun olduğunu bilim. İkincisi, təbii, gənclərin həbsxanaya deyil, daha böyük və uğurlu yerlərə getməsini, səhvlərdən uzaq olmasını, müstəqilliyimizin qədir-qiymətinə hörmətlə yanaşmasını arzulayıram. Bu məsələyə münasibətdə nə desəm, hüquqa zidd danışmış olaram. Çünki hansı səbəblərdən həbs olunduqları mənə bəlli deyil».
«YAXŞI OLAR BU GƏNCLƏR ƏSGƏRLƏRİN YANINDA OLSUNLAR»
Parlamentin regional məsələlər komitəsinin üzvü Tahir Rzayev:
«Bu gənclərə tövsiyə edərdim ki, keçmişə baxsınlar. Biz ordu sıralarında xidmət etmişik, əsgərlikdə olmuşuq. Hərb sahəsi sanatoriya deyil ki, insanlar dincəlsinlər. Orada ölüm də olmalıdır, itki də olmalıdır. Mən Sovetlər dönəmində 2 il xidmət keçmişəm, bir neçə ölümün şahidi olmuşam. Özlərinə qəsd edən əsgərlər olub. Hərbi təlimdə tankın altında qalan olurdu. Bu hərbdir, əsgərdir, belə şeylər olur. Gənclərin bu ölümləri şişirtməsinə mən etiraz edirəm. Bunu belə təbliğ etməməlidirlər. Digər tərəfdən onların tutulmasına da təəssüflənirəm. Onların gələcəyi var, ağılla düşünsəydilər, o cəbhələrdə, əsgərlərin yanında olardılar, təbliğat aparardılar. Onlar gərək bilsinlər ki, qanun hamı üçündür, həm ictimai təşkilatlar, həm siyasi partiyalar üçündür. Deputat üçün, ən yüksək vəzifəlilər üçün qanun eyni olmalıdır».
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev:
«Tamamilə qanunauyğundur və normaldır. Qayda-qanunu pozan hər bir şəxs məsuliyyətə cəlb olunmalıdır, xüsusilə də söhbət dövləti cinayətdən gedirsə. «Nida» ilə bağlı istintaq gedəcəksə, irəli sürülən ittihamlar doğrudursa, təbii ki, hamı cəzalandırılmalıdır».
XS
SM
MD
LG