Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:58

Berlində «Əsəd bəyin əzabları» filminin premyerası olacaq


Nuridə Atəşi
Nuridə Atəşi
-
Mayın 2-də Berlinin «Babylon Cinema»sında «Əsəd bəyin əzabları» filminin premyerası keçiriləcək.

Xəbəri AzadlıqRadiosuna Almaniyada fəaliyyət göstərən N. Gəncəvi adına Mədəniyyət İnstitutunun rəhbəri Nuridə Atəşi verib.

«Um Welt Film» studiyasının çəkdiyi filmin rejissoru Ralf Marschallek-dir.

Çəkilişlər Almaniyada, Avstriyada, İtaliyada və Azərbaycanda aparılıb.

Filmi Almaniya Federal Mədəniyyət və Mətbuat Nazirliyi (BKM) Berlin Mədəniyyət Fondu, Neapol Film Kompaniyası, N.Gəncəvi adına Mədəniyyət İnstitutu və digər beynəlxalq qurumlar maliyyələşdirib və dəstəkləyib.

Filmdə Əsəd Bəyin Qurban Səid təxəllüsü ilə yazdığı son əlyazması olan «Sevgidən bixəbər kişi» romanında əks olunan Azərbaycan sevgisi, vətən həsrəti, üzləşdiyi min-bir haqsızlıqlar, çəkdiyi dözülməz əzablar onun öz dili, şahidlərin müsahibələri və kadr arxası səslərlə verilib.

Əsəd bəyin İçərişəhərdə keçən uşaqlığı, Berlindəki şagirdlik və tələbəlik həyatı, Avstriyada yazdığı «Əli və Nino» romanı, Vyana ilə bağlı xatirələri və nəhayət İtaliyanın Positano şəhərində ev dustağı edildiyi son mənzili filmdə maraqlı kadrlarla əks olunub.

Premyeraya İtaliyadan, Avstriyadan, Almaniyadan Əsəd bəyi sevənlər, onun tədqiqatçıları, ədəbiyyat və kino həvəskarları, eyni zamanda jurnalistlər və alman ictimaiyyətinin tanınmış mədəniyyət və kino xadimləri dəvət olunub.
XS
SM
MD
LG