Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:40

Əli Həsənovun çağırışı və Elşad Abdullayevin videoları ABŞ-ın hesabatında


-
ABŞ Dövlət Departamenti 2012-ci il insan haqlarının vəziyyətinə dair illik hesabatını açıqlayıb.

Hesabatın Azərbaycana aid hissəsində ölkədə ifadə və sərbəst toplaşma azadlıqlarının problem olaraq qaldığı qeyd edilir. Jurnalistlərə, insan haqları fəallarına qarşı təhdidlər, həbslər və zorakılıqların davam etdiyi bildirilir, sərbəst toplaşma azadlığı, qanunsuz həbslər, siyasi motivli məhkəmələr, polis məntəqələrində işgəncə və sərt davranışlardan söhbət gedir.

Bundan başqa, ölkədə məcburi köçürmələr və binaların şübhəli əsaslarla sökülməsinə yol verilib. İnsanların şəxsi həyatına özbaşına müdaxilələr edilib, insan haqları sahəsində fəaliyyət göstərən QHT-lərin qeydiyyatına maneələr yaradılıb.

Hesabatda, həmçinin, insan haqlarını pozan məmurlara qarşı heç bir tədbir görülmədiyi, cəzasızlıq mühitinin qaldığı bildirilir.

Hesabatın məzmunu (ixtisarla)


PREZİDENTİN HÖKMRANLIĞI

Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, ölkədə parlament – Milli Məclis mövcud olsa da, reallıqda hakimiyyətin bütün qolları üzərində prezidentin dominantlığı hökm sürür.

Bundan əlavə Milli Məclisə 2010-cu il seçkilərinin ATƏT-in demokratik seçkilər üçün müəyyən edilmiş standartlarına uyğun keçirilmədiyi vurğulanır.

Sənəddə deyilir ki, Azərbaycanda insan haqlarına aid ən kəskin problemlər ifadə və sərbəst toplaşma azadlığına qarşı yaradılan maneələrdir.

Digər pozuntulara qanunsuz həbslər, siyasi motivli mühakimələr və polis məntəqlərində işgəncə verilməsi daxilidir.

Belə işgəncələr nətcəsində azı 4 nəfərin həbsdə ikən öldüyü bildirilir.

Hesabat ili müddətində həmçinin vətəndaşların mənzil-mülkiyyət hüquqlarının pozulduğu, adamların evlərindən zorla çıxarıldığı, evlərin qanunsuz söküldüyü, sökülmüş evlərə görə keçmiş sakinlərə qeyri-adekvat və bazar qiymətindən xeyli aşağı kompensasiyaların verildiyi ön plana çəkilir.

Sənəddə vurğulanır ki, hökumət bütün bu insan haqları pozuntularına görə məsuliyyət daşıyanları cəzalandırmayıb.

İNSAN LƏYAQƏTİNƏ HÖRMƏTSİZLİK –ORDUDA ÖLÜMLƏR

Hesabatın insan ləyaqətinə hörmət bölümündə ordu xidməti zamanı baş vermiş ölüm hadisələrinə xüsusi diqqət verilir.

Sənəddə qeyd olunur ki, yerli insan haqları təşkilatları ötən il ərzində ordudada 97 ölüm halının qeydə alındığını bildiriblər.

Bunlardan 77-si hərbi əməliyyatlarla bağlı olmayıb, 11 hərbçi xidmət yoldaşları tərəfindən qətlə yetirilib və daha 19 intihar hadisəsi qeydə alınıb. Yerli müşahidəçilər bildirirlər ki, hərbi hissələrdə fiziki və seksual təcavüz də daxil olmaqla hərbçilərin təhqir edilməsi geniş yayılıb.

Bu pozuntulara görə də cəzasızlığın davam etdiyi bildirilir.

Hesabatda bu da xatırladılır ki, Dağlıq Qarabağda hərbi təmas xəttində atışmalar zamanı mülki əhali arasında da itkilər baş verir.

Qeyd olunur ki, ölkənin rəsmi orqanları münaqişə nəticəsində hələ 4000-dən çox vətəndaşın itkin düşdüyünü bildirirlər.

İŞGƏNCƏLƏR ARTIB

ABŞ Dövlət Departamentinin hesabatında işgəncələrə aid də bölüm var. Burada qeyd olunur ki, Azərbaycan qanunvericiliyi ilə qadağan olunmasına baxmayaraq, işgəncələrin sayı artır: 2011-ci ildə 136 belə hal qeydə alınmışdısa, 2012-ci ildə 141 olub. Qeyd olunur ki, işgəncələrin böyük əksəriyyəti həbs zamanı polis məntəqələrində baş verir və vurğulanır ki, nəinki bu cür əməlləri törədənlər cəzasız qalır, hətta işgəncə hallarının müstəqil araşdırılmasına de-facto qadağan mövcuddur.

Sənəddə bildirlir ki, Azərbaycanın bir sıra həbsxanalarında həyat üçün təhlükəli şərait mövcuddur.

Sovet dövründən qalmış həbsxanalar müasir standartlara cavab vermir.
Belə bir fakt xüsusən vurğulanır ki, məhkəməyəqədər dövrdə qadınlarla kişilərin bir yerdə saxlanması halları qeydə alınıb.Bununla belə, kişi məhbuslarla müqayidsədə qadınların daha yaxşı həbsxana şəraitində saxlandığı da bildirilir.

BİR İLDƏ 111 MƏHBUS DÜNYASINI DƏYİŞİB

Ədliyyə Nazirliyinin məlumatına görə 2012-ci ildə əksəriyyəti həbsxana xəstəxanalarında olmaqla 111 məhbus dünyasını dəyişib. Lakin bu da qeyd olunur ki, həbsxanada vərəmə yoluxma hallarının sayı bir qədər azalıb.

Qanunsuz həbslər və saxlanmalar qanunla qadağa olunsa da, hakimiyyıət orqanları bu qanunlara əməl etmirlər.

Sənəddə etiraz aksiyalarına qarşı aşırı polis qüvvəsindən istifadə olunmasının davam etdiyi, lakin ilin sonlarına doğru polisin hərəkətlərində daha ölçülüb-biçilmiş yanaşmanın yer aldığı bildirlir.

Polis və təhlükəsizlik qüvvələrinin cəzasızlıq şəraitində fəaliyyət göstərməsinə baxmayaraq, rəsmi orqanlar Daxili İşlər Nazirliyinin 225 rəsmisinə qarşı tədbir görüldüyünü xəbər verirlər.

Ədliyyə Nazirliyi xəbər verib ki, 460 rəsminin vətəndaşların hüquqlarını pozduğu üçün inzibati qaydada cəzalandırlması həyata keçirilib.
Nazirlik üç işçisini vəzifədən azad edib, onlardan ikisinin işi prokurorluq orqanlarına göndərilib.

“POLİSƏ MÜQAVİMƏT” İTTİHAMI BÖYÜK PROBLEMDİR

Hesabatda həbs edilənlərin və tututlub saxlanılanların 48 saat müddətində saxlanma icazəsinin olmasına baxmayaraq, bir sıra hallarda adamlar müvafiq məhkəmə qərarı olmadan günlərlə həbsdə saxlanılır.

Sənəddə deyilir ki, həbs edilənlərə onlara qarşı ittihamlar dərhal bildirilsə də, sonradan bu ittihamların dəyişdirilməsi praktikası geniş yayılıb.

Məsələn “Tolışi Sədo” qəzetinin redaktoru əvvəlcə qanunsuz narkotik maddə saxladığına görə həbs edilsə də, sonradan ona qarşı xəyanət ittihamı irəli sürülüb.
Bu da bildirlir ki, rəsmi qaydada zaminə buraxılma sistemi mövcud deyildir.

Qanunsuz həbslər üçün “polisə müqavimət” ittihamının geniş yayılması böyük problem olaraq qalır.

PROKUROR VƏ HAKİMLƏRƏ PREZİDENT APARATI TƏLİMAT VERİR

Qanunda məhkəmələrin müstəqil olduğu təsbit edilsə də, təcrübədə hakimlər müstəqil deyillər və icra aparatının göstərişlərini yerinə yetirirlər.

Ədliyyə sistemi korrupsiyalaşmış və səmərəsiz vəziyyətində qalmaqda davam edir.
Hesabatda deyilir ki, etibarlı məlumatlara görə, hakimlər və prokurorlar bir çox hallarda prezident aparatından təlimat alırlar.

Sənəddə məhkəmələrin bəzən lüzumsuz olaraq qapalı keçirilməsinə və hökmlərin qapalı iclaslarda çıxarılmasına yol verilir.

Bu da qeyd olunur ki, qanuna görə ittiham və müdafiə tərəfləri eyni hüquqlu olsalar da, ittiham tərəfinə daha geniş imtiyazlar verilib. Azərbaycan qanunları məhkəmələrdə yalnız hökumətin nəzarətində olan Vəkillər Kollegiyası üzvlərinin vəkil qismində iştirakına icazə verir.

Hesabatda deyilir ki, məhkəmələr ifadələrin işgəncə ilə alındığı barədə vəsatətləri bir qayda olaraq rədd edirlər.

Sənəddə qeyd olunur ki, şəxsi sirləri mühafizə edən qanunlar mövcud olsa da, təhlükəsizlik orqanlarının telefon danışıqlarını, məktublaşmaları və internet kommunikasiyalarını güddüyünə dair inandırıcı məlumatlar vardır.

YENİ DİDƏRGİNLƏR

Hesabatda qeyd olunur ki, polis cinayət şübhəlilərinin və müxalifət nümayəndələrinin ailə üzvlərini təhdid edir, hökuməti tənqid edənlərin yaxınları və qohumları işdən qovulur.

QHT-lərdən gələn məlumatlara əsasən, vətəndaşların mülkiyyət haqları ciddi pozulur.
Hesabat “Wall Street Journal” qəzetinin apardığı “İqtisadi Azadlıq İndeksi”nə istinadən bildirir ki, Azərbaycan şəxsi mülkiyyətin qorunmasına görə, çox pis göstəricilərə malikdir.

Sənəddə bildirilir ki, Eurovision müsabiqəsinin keçirilməsinə hazırlıqla əlaqədar yüzlərlə insan evlərindən zorla çıxarılmış və mənzilləri sökülmüşdür.

Oğuz-Qəbələ-Bakı içməli su xətti çəkilərkən 8 rayonda 16 min insanın yaşayış yerləri dəyişdirilmiş və bu zaman onlara çox az kompensasiya verilmişdir.

Azərbaycan Dövlət Neft Şirkəti Sulutəpə qəsəbəsində evləri sökərkən ev sahiblərinin döyülməsindən belə çəkinməyib.

MƏTBUATA QARŞI 6,3 MİLYON DOLLARLIQ İDDİA

Hesabatda qeyd olunur ki, hökumət ifadə azadlığına ehtiram göstərmir, mətbuatın azadlığını məhdudlaşdırmaq cəhdlərinə ara vermir.

İfadə azadlığından istifadə edənlərin həbs olunması təcrübəsi geniş yayılıb.
Hesabatda deyilir ki, çap mətbuatının vəziyyəti acınacaqıdır və qəzetlərin tirajı çox nadir hallarda 5000 nüsxəni keçir.

Sənəddə, həmçinin müxalifət qəzetlərinin Bakıdan kənarda satışına əngəl törədildiyi göstərilir.

Bu da qeyd edilir ki, böhtan mühakimələri ilə qəzetlərə ağır cərimilər qoyulur və məhz belə səbəblərdən müxalif “Azadlıq” qəzeti bağlanmaq təhlükəsi qarşısında qalıb.

Hesabatda xatırladılır ki, AzadlıqRadiosu, BBC və “Amerikanın səsi” kimi xarici radioların yerli tezliklərdə yayımlanmasına olan qadağa hələ də qüvvədədir.

Media azadlığının monitorinqini aparan QHT-lərin məlumatına əsasən 2012-ci il ərzində jurnalistlərə qarşı 67 dəfə fiziki zorakılığa və təhqirlərə yol verilib.

Sənəddə deyilir ki, Azərbaycanda böhtan hələ də cinayət əməli hesab olunur.

QHT-lərin verdiyi məlumata görə 2012-ci ildə mətbuata qarşı ümumi məbləği 6,3 milyon dollar olan cərimə iddiaları irəli sürülüb.

ƏLİ HƏSƏNOVUN BƏYANATI HESABATDA

Hesabatda qeyd olunur ki, prezident administrasiyasının rəsmisi Əli Həsənov müxalif mediaya qarşı ictimai nifrətə çağırıb.

Bildirilir ki, prezident və onun ailəsinin korrupsiyasından yazan araşdırmaçı jurnalisti Xədicə İsmayılova və onun ailəsinə qarşı iqtidar qəzetlərinin iftira tipli çıxışları təşkil edilir.

Hesabatda deyilir ki, hökumət faktiki olaraq kitabxanalara, biznes şirkətlərinə müxalifət qəzetlərinə abunə olmağı qadağan edib, müxalifət qəzetlərinin satışını əngəlləmnək üçün köşklərin sökülməsinə əl atıb.

Şirkətlərə müxalifət qəzetlərinə reklam verilməsi də qadağan olunub.
Müxalifət qəzetlərinin gözümçıxdıya salınması üçün vergi orqanlarından fəal istifadə olunur.

Hesabatda bildirilir ki, internetdən istifadə qanunlara görə azad olsa da, bütün provayderlər hökumətdən lisenziya almağa məcburdurlar.

Naxçıvanda müəyyən internet saytlarının bloklanması adi hala çevrilib.
Hesabat Azərbaycanda təhsil hüquqları ilə bağlı problemlərin mövcudluğunu da qeyd edir.

Sənəddə deyilir ki, internetdə tənqidi fəallıq göstərən tələbə gənclər təhsil ocaqlarından çıxarılır və onların bərpa edilməsinə imkan verilmir.

Bir sıra yerli müşahidəçilər bildirirlər ki, dövlət hesabına xaricdə təhsil almaq üçün tələbə seçimi qərəzlidir və bu seçim zamanı gənclərin siyasi mövqeləri nəzərə alınır.
Hökumət bu kimi iddiaları rədd edir.

ELŞAD ABDULLAYEVİN VİDEOLARI VƏ YA “RAMİZ MÜƏLLİM” KİMDİR?

ABŞ Dövlət Departamentinin hesabatında həmçinin ABU-nun keçmiş rektoru Elşad Abdullayevin hökumətə qarşı korrupsiya iddiaları irəli sürən videoları barədə qeydlər də yer alıb.

Sənəddə bildirilir ki, cənab Abdullayevin açıqladığı videolardan birində keçmiş millət vəkili Gülər Əhmədovanın Sevinc Babayevanın iştirakı ilə rektordan parlament mandatı üçün 1 milyon dollar tələb etdiyi əks olunub.

Hesabatda deyilir ki, videolarda bu məbləğın 500 min dollarının “Ramiz müəllimə” çatdırıldığı iddia olunur.

Hesabat “Ramiz müəllimin” məhz prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev olduğu barədə iddialara da toxunur. Bu da qeyd olunur ki, adı çəkilən Sevinc Babayeva az sonra müəmmalı şəkildə vəfat edib.

ABŞ Dövlət Departamentinin hesabatında bildirilir ki, 2012-ci ilin iyununda Milli Məclis “Kommersiya sirləri” haqqında qanuna dəyişikliklər edib.

Bu əlavə əslində biznes təsisçilərinin adlarının və kapital qoyuluşu məbləğinin açıqlanmasını qadağan edir.

Hesabatda deyilir ki, yerli tənqidçilər bu qanun əlavəsinin hökumət məmurlarının biznes fəaliyyətinin jurnalistlərdən gizlədilməsi üçün qəbul edildiyi qənaətdindədirlər.

(Bazar ertəsi AzadlıqRadiosunun veb saytında, radio efirində və AzadliqRadiosu.TV-də mövzu ətraflı müzakirəyə çıxarılacaq. Sən də iştirak edə bilərsən. Saytımızı izlə)

XS
SM
MD
LG