Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:27

Türkiyənin ən yeni nəsil yazıçısı Kaya Genç (Nərmin Kamalın təqdimatında)


Maureen Freely və Kaya Genç
Maureen Freely və Kaya Genç
-

Türkiyənin ən yeni nəsil yazıçısı:

“Orta məktəbdə mənə darıxdırıcı gələn o yazıçılardan biri olmaq istəmirəm”.

“Recaizadəni oxumaqdansa “Super Mario” oyunlarını üstün tuturdum”.

"Türkiyə dövləti dövlət yazıçılarını sevir".

“Yeni yazarlarımıza TV-nin təsiri böyükdür. Türk diziləri elə uğurludur ki, gənc yazarların çoxu ssenarist olmaq istəyir".


Nərmin Kamal Londondan "Oxu zalı" üçün yazır


TÜRKİYƏNİN ƏN YENİ NƏSİL YAZIÇISI OLMAQ


“London Review of Books” İngiltərənin ayda iki dəfə çıxan çox nüfuzlu ədəbi və intellektual məqalələr jurnalıdır.

Bu məqalələr ölkənin həyatına birbaşa təsir edir.

Məsələn, yazıçı Hillary Mantelin İngiltərədə böyük əks-səda doğuran, baş nazirin də münasibət bildirdiyi “Royal Bodies” məqaləsi fevral ayında bu jurnalda işıq üzü görüb.

Məqalədə yazıçı Hillary Mantel Britaniya kral ailəsinin yeni üzvü xanım Kate haqqında sərt tənqidlər yazıb.

Bu, Britaniya kral ailəsinin pandalara bənzədildiyi həmin o məşhur məqalədir:

“Əvvəllər məni düşündürən maraqlı məsələ bu idi ki, bizə monarxiya lazımdır, ya yox. İndi isə sualı belə qoyardım: bizə pandalar lazımdır, ya yox... Pandalarla kral ailəsi üzvləri arasında bənzərlik çoxdur, hər ikisini saxlamaq baha başa gəlir və hər ikisi modern mühitə çətin uyğunlaşır. Amma pandalar maraqlı olur, elə deyilmi?! Onlara tamaşa etməyi xoşlayırıq, elə deyilmi?!”

“London Review of Books”-un Avropada çıxan hər hansı ədəbiyyat jurnalından daha çox – 54 min tirajı, Azərbaycandakı hər hansı kitab dükanından daha böyük bir kitab dükanı da var.

Bu kitab dükanı həftədə bir dəfə həmin vaxt ədəbiyyatın gündəmdə olan iki simasının söhbətini təşkil edir, onlardan biri o birinə suallar verir. Bu söhbətlər haqda məlumat qabaqcadan nəinki ədəbiyyatla bağlı çevrələrdə, hətta “Londonda bu gün getməli nə var-nə yox” kimi turist saytlarında da yerləşdirilir, Azərbaycan puluna çevirəndə, təxminən 10 manata biletlər satılır və budur, yüz nəfərlik zal doludur. Bu gün onlar Türkiyədən qonaq gəlmiş gənc romançı və esseist Kaya Genç ilə tərcüməçi, yazar Maureen Freely’nin söhbətini dinləyəcəklər.

Kaya Genç (1981) – Amsterdamda ingilis ədəbiyyatı üzrə magistr dərəcəsi alıb, İstanbulda yaşayır. Onun məqalələrinə “The Guardian”, “The Financial Times”, “Los Angeles Review of Books”, “Guernica”, “London Review of Books”, “The Rumpus”, “Index on Cencorship”də rast gəlmək olar. “İletişim” nəşriyyatında çap olunmuş on kitabın ingiliscədən türkcəyə tərcüməçisidir. “Macəra” adlı bir romanı var.

Maureen Freely (1952) – ABŞ-da doğulub, Türkiyədə böyüyüb, İngiltərənin Warwick Universitetinin professorudur. “The Guardian” və “The Independent” qəzetlərində esselər yazır. Orxan Pamukun bir sıra romanlarını, Ferhiyyə Çətinin “Mənim nənəm” (“Nənəm kəndin bir hörmətli, başı kələğayılı müsəlman, türk qadını idi. Öləndə məni yanına çağırıb dedi ki, bala, mən xristianam və erməniyəm...”) memuarını türkcədən ingiliscəyə çevririb. Özünün, birində hadisələrin Türkiyədə cərəyan etdiyi iki romanı var. İngiltərədə Türkiyə ictimai-siyasi mövzularının müzakirə olunduğu hər debatda, hər topluda onun adına rast gəlmək olar.

“Recaizadəni oxumaqdansa “Super Mario” oyunlarını üstün tuturdum”

“M.F.

- Sən bir dəfə demisən ki, orta məktəbdə oxuyanda ədəbiyyatı sevmirdin.

K.G.

- O zaman mənə tədris olunan kitabları sevmirdim. Çünki onların reallıqla əlaqəsi yox idi, Türkiyə ilə əlaqəsi yox idi. Məsələn, çox məşhur türk romançı Yaqub Kadri Karaosmanoğlu. Onun “Yaban” romanının qəhrəmanı bir intellektualdır, ölkəni dəyişdirmək istəyir, idealları var, romantikdir, amma axı biz dəyişilmək istəmirik. O isə dəyişdirmək istəyir. Öz xəyallar aləmindədir. Türkiyədə intellektuallarla kütlələr arasında əlaqəsizlik ciddi problemdir. Bir çox türk romançıları reallıqla əlaqəsiz olduqlarına görə çox darıxdırıcıdırlar. Və mən orta məktəbdə oxuyanda “Super Mario” oyunlarını Recaizadədən üstün tuturdum...

M.F.

- Bəs necə oldu ki, fikrin dəyişdi?

K.G.

- Ahmet Halil Tanpınar, Oğuz Atay, respublika problematikası qaldırmayan, ironik, parodik yazan yazıçılarımız var... Orta məktəbdə oxuyanda birdən-birə biz onları kəşf etdik... Türkiyə ideologiyasının əsasını qoyanlar əslində yazıçılar, romançılar idi. Hökumət üçün işləyən yazıçılar. Xarici işlər naziri tərcümə bürosu açdırmışdı, İstanbulun Bab-i Ali küçəsində Tefik Fikret, Namik Kemal yaxşı maaş alır və fransız şeirlərini, fransız fəlsəfə əsərlərini türkcəyə çevirirdilər, beləcə fransız ideyaları yayılırdı. Sonra Bab-i Ali basqını oldu, Ənvər və Tələt paşalar ora hücum etdilər... Biz bu iki oğlanı daha sevmirik, onlar minlərlə insan, o cümlədən, çoxlu erməni öldürüblər...” (ardı aşağıda)

Maureen Freely və Kaya Gençlə görüş
Maureen Freely və Kaya Gençlə görüş


Türkiyə dövləti dövlət yazıçılarını sevir

“Türkiyədə respublika qurulandan sonra dünyadakı bütün resursların türklərdən gəldiyi haqda böyük bir proyekt başladı. Guya hindlilər əslində türk olub, guya avropalılar türkdür, türklər ilkin əcdaddırlar... Türk dövləti dövlət yazıçılarını sevir. Yaxşı maaşa işləməyi xoşlayan, dövlət aparatının inkişafı üçün çalışanlar Türkiyə dövlətinin gözünün dostudur.”

Türkiyədə ədəbiyyat adamları həddən artıq ciddidirlər

“Romanım cəmi min tirajla çıxıb və ikincisi olmayıb. Universitetdə mən film və TV üzrə oxumuşam. Antonioninin “L’avventura” filminə onlarla dəfə baxmışam. Sonra özüm yazmağa başlayanda gördüm ki, o mənə çox təsir edib. Filmdə bir oğlan öz sevgilisilə qayıq gəzintisinə çıxır. Bir adada düşüb gəzirlər. Geri qayıtmaq istəyəndə, qayığa minəndə görür ki, qız yoxdur. Başlayırlar onu axtarmağa. Saat yarım axtarırlar, sonra qızı unudurlar. Oğlan başqa qız tapır, indi onunla səyahət edir, birgə İtaliyaya gedirlər, kilsələri gəzirlər, partilər.. Bəs o qıza nə oldu? Heç kəs o haqda sual vermir. Bu strukturu sevdim. Mərkəzi olmayan bir strukturu. Sanki küləkdə uçan bir mətn strukturunu. Ondan sonra gördüm ki, ciddi roman yaza bilmirəm. Hər dəfə ciddi roman yazmağa başlayanda öz ciddiliyimdən qıcıqlanırdım. Orta məktəbdə oxuyanda mənə darıxdırıcı gələn həmin o yazıçılardan biri olmaq istəmirəm. Yazını əyləncəyə çevirməyə başladım. Bəlkə də mən komik romançıyam. Türkiyədə ədəbiyyat adamları həddən artıq ciddidirlər. Bir az da gülməli olaq. Amma komik roman yazmaq prestijli iş deyil belə ciddi ənənələri olan Türkiyədə. Gənc şairlər və romançılar daha çox acıqlı və ironik yazırlar.”

Hər ay Dostoyevski...

“O.Pamuk hələ də “İletişim” üçün geniş klassiklər seriyasını redaktə edir. O, bütün rus romançılarını türkcəyə tərcümə etdirmək istəyir. Bizdə ruscadan türkcəyə möhtəşəm tərcüməçilər var. O.Pamuk onlara ön söz yazır. Türkiyədə hər ay Dostoyevski nəşr olunur. Hər ay Dostoyevski! Və onlara O.Pamuk uzun girişlər yazır. Amsterdamdan qayıdanda gördüm ki, rus romanları belə silsilə kitablar şəklində çıxdığı halda ingilis klassikləri seriyası yoxdur. İngilis romanları da klassikdir.
The Diary of a Nobody
The Diary of a Nobody
Məsələn, “Heç kəsin gündəliyi” (Grossmith, “Diary of Nobody”). Mənim sevimli kitabımdır. Onu tərcümə etmişəm. Fransadan Julian Barnesin esselərini çevirmişəm. Türkiyədə esse janrı geniş yayılmayıb, halbuki, esse yazıçıları maarifləndirir. Nabokovu, həmçinin Tom MacCarthy-nin “C” romanını tərcümə etmişəm, o da əla romandır.

İstiklal caddəsində bu sözün mənasını bilmirlər

“Bir kataloq tərcümə edirdim. Elif Şafakdan soruşdum ki, sizin kitabınızı türk, yoxsa xarici ədəbiyyata qoyaq. Özünə tənqidi yanaşıb dedi ki, gəl xaricə qoyaq. Türkiyədə insanlar onun uğurundan çox qürur duyurlar, ona xaricdə işi yaxşı gedən bir türk şirkəti kimi baxırlar. O, öz romanlarında ərəb sözləri işlədir. Türkiyədə bu Osmanlı sözlərini bu gün başa düşmürlər. Hətta İstiklal caddəsində gəzənlər bilmir ki, “istiklal” sözünün mənası azadlıqdır. Sözlərlə insanlar arasında belə bir qopuqluq var.”

Anadolunun öz bestseller yazıçıları var

“Yeni yazarlarımıza TV-nin təsiri böyükdür. Türk diziləri elə uğurludur ki, gənc yazarların çoxu ssenarist olmaq istəyir. Bəzi məşhur türk yazıçıları da dizi ssenarisi yazırlar, amma başqa imzayla. Bunu öz imzalarıyla etdiklərini gizlədir, alternativ karyera qururlar. Türkiyədə əgər yazıçı dövlətlə deyilsə, Orxan Pamuk kimi zəngin deyilsə, jurnalist işləmirsə, çox vaxt “Ad-man” (“advertisement man”) olur, reklam agentliklərinə işləyirlər. Deyirsiniz ki, Türkiyə oxucuları çox olan ölkədir. Amma Anadoluda yaşayan xalq İstanbuldan olan yazıçıları oxumaq istəmir. Onlar İslam haqda oxuyurlar və bir də Anadoluda qəribə yazıçılar yetişir. Adlarını bilmirəm, bir də görürsən bir romanları çıxdı, yüz minlərlə satıldı. Onların reklamı çayxanalarda gedir. Onlara “qəribə fenomen” deyirik. Xalq bizi yox, öz yerindən çıxan elə adamları oxumağı üstün tutur.”
XS
SM
MD
LG