Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:32

Mal-qaranı icra hakimiyyətinin qarşısına sürmək istədilər


İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev
İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev
-
İmişli rayonun bir qrup sakini örüş yerinin əllərindən alınmasına etiraz olaraq mayın 10-da mal-qara ilə birgə rayon icra hakimiyyəti qarşısında aksiya keçirməyə cəhd edib.

Polis icra hakimiyyətinə çatmamış narazıların qarşısını alıb.

Hadisələri lentə alan AzadlıqRadiosunun əməkdaşı Azər Əli də polis tərəfindən saxlanılıb.

Saxlananlardan Fərman Zərbəliyevin atası Əlisiyavər Zərbəliyevin AzadlıqRadiosuna dediyinə görə, onlar Küdrü deyilən ərazidə onlara məxsus 85 hektar örüş sahəsinin Otuziki kənd sakinləri tərəfindən zəbt edilməsinə etiraz ediblər:

«İndiyə qədər bununla bağlı şikayətlərimizə baxılmadığından bu gün 150 baş mal-qaranı icra hakimiyyətinin qarşısına aparmağa qərar verdik. Bu barədə «102» xidmətinə də zəng vurub xəbərdar etdik ki, bizə heç kim mane olmasın. İcra hakimiyyətinə az qalmışdıq ki, polislər bizim qabağımızı kəsdi, uşaqların bir neçəsini döyüb apardılar polisə, bizi də geri qaytardılar».

DİN: SAKİNLƏR ARASINDA MÜBAHİSƏ HƏLL EDİLİB

Daxili İşlər Nazirliyinin mətbuat xidməti şöbə rəisi Orxan Mansurzadə mayın 10-da İmişlidə baş verən hadisəyə münasibət bildirib:

«İmişlidə icra hakimiyyətinə yürüşə cəhd etmək istəyiblər, amma polis qarşısını alınıb. Şəhərin Xiyabani küçəsinin bir neçə sakini öz mal-heyvanlarını örüşdə otarmaq istəyərkən Otuziki kənd sakini Zaminəli Məmmədov buna imkan verməyib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı həmin şəxslərdən bəziləri təhrikçi hərəkətlərə cəhd ediblər. Baş vermiş mübahisəni başqa səmtə yönəltmək üçün bəzi təhrikçi və qızışdırıcı hərəkətlərə yol verməyə çalışıblar. Polis bu hərəkətlərin qarşısını alarkən asayiş keşikçilərinin qanuni tələblərinə qəsdən tabe olmayıblar. Onlardan 7 nəfəri saxlanılaraq polisə aparılıb. Onların 5-i xəbərdarlıq edildikdən sonra buraxılıb, 2 nəfər barəsində isə inzibati protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Adamların heyvanlarını örüşə buraxmaq istəməyən Zaminəli Məmmədova da ciddi xəbərdarlıq olunub».

Günün ikinci yarısı rayon polis şöbəsinin rəisi, icra hakimiyyəti başçısının birinci müavini, bələdiyyə sədri və narazı sakinlər arasında görüş keçirilib. Şöbə rəisinin dediyinə görə, görüşdə sakinlər arasında örüşlə bağlı yaranan problem öz həllini tapıb.
XS
SM
MD
LG