Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:50

Dunja Mijatovic: «İlham Əliyevi qanunlara dəyişikliyi təsdiqləməməyə çağırıram»


Dunja Mijatovic
Dunja Mijatovic
-
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic mayın 14-də Milli Məclisdə internetdə böhtan və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan dəyişikliyin qəbul edilməsindən narahatlığını bildirib.

Bu barədə mayın 15-də D.Mijatovic-in adından yayılan bəyanatda deyilir.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi əlavə edib ki, bir müddət öncə Azərbaycan hökumətini diffamasiya haqda qanunu qəbul edəcəyi ilə bağlı verdiyi sözü tutmamasına görə xəbərdar edib.

D.Mijatovic 2011-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli Fəaliyyət Planı» çərçivəsində Azərbaycan hökumətinin götürdüyü öhdəlikləri xatırladıb:

«Milli Məclisin qanunlara etdiyi dəyişikliklər ATƏT-in tövsiyələrindən çox uzaqdır. Mən prezident İlham Əliyevi qanunlara dəyişikliyi təsdiqləməməyə çağırıram».

JURNALISTLƏR AZAD OLUNSUN
D.Mijatovic Bakı Apellyasiya Məhkəməsinin «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının 9 illik həbs hökmünün olduğu kimi saxlayan 13 may tarixli qərarını pisləyib:

"İşə ədalətlə baxılacağı ilə bağlı ümidlərimin doğrulmamasından və 13 aylıq həbsdən sonra onun yenə barmaqlıqlar arxasında qalmasından məyus oldum" - deyən Mijatovic hakimiyyəti Zeynallını və digər həbsdə olan jurnalistləri azad etməyə çağırıb.

ATƏT-in media Azadlığı üzrə nümayəndəsi Azərbaycanda media azadlığına məhdudiyyətləri də qeyd edib. O, AzadlıqRadiosunun Bakı bürosunun əməkdaşı Xədicə İsmayılovaya hədələnməsini və «Azadlıq» qəzetinə qarşı diffamasiyaya görə həddindən artıq böyük cərimələri də xatırladıb.

D.Mijatovic ölkədə xüsusilə seçkiqabağı yaranan bu vəziyyətdən narahatlığını bildirib.

Polşanın paytaxtı Varşavada media azadlığına dair konfransda çıxış edən D.Mijatovic onun ofisinin media azadlığı öhdəliklərini yerinə yetirilməsində Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib.
XS
SM
MD
LG