Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:58

İştah


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin hekayə 20-liyindən


Kamil Əfsəroğlu


İŞTAH


Başını qaldırmasa da, altdan-altdan oğlunun dondurmayla çörək yeməyinə göz qoyurdu. Uşaq elə iştahla yeyirdi, deyirdin bəs dünyanın naz-nemətini dadır.

- Əə, bala, marojnaynan çörək yeməyini orda-burda danışma ha, camaatı bizə güldürərsən, - öyüd verdi.

Dədəsinin öyüdü uşağın beyninə batmadı, guya heç eşitmədi. Elə Səməd də sözü çevirmədi. «Ye bala, ye, qaçqın balasısan. Tapdığına şükür elə…» - özlüyündə oğlunu qınamadı. Nə haqla qınasın? Qayıdıb deməz, dədə, nə aldın, nə gətirdin ki, yemədim… Dükan-bazra getməyə də abırı qalmamışdı, nə qədər nisyə azuqə alarlar? Bu yandan da havalar düzəlmək bilmirdi ki, əlini bulasın işə-gücə, beşdən-üçdən qazansın. Hərənin çörəyi bir işdən çıxır, onun qazancı da bağlıydı havaya.

Oğlu elə bil aclıqdan çıxmışdı, yediyini az qalırdı gözünə təpsin. Ovurdlarını doldurub gəvələyə-gəvələyə gözünün mitiyini axıdırdı, ağlayıb-sıtqıyırdı ki, bəs sabah nə yeyəcək? Səməd uşağın belə tərssayaq xasiyyətindən baş aça bilmirdi. Təskinliyi onda tapırdı ki, gədə irəlini düşünəndi, gələcəyi var. İnsafən, elə oxumağı da pis deyildi.

Uşaq gözünü atasının qayğılı, cod sifətinə dikdi, ağlamağını kəssə də, yeməyinə ara vermədi, soruşdu:

- Dədə, kənddə marojno olurdu?

Səməd təəccüblə oğlunu süzdü, bilmədi uşaq bunu nə ağılla, niyə soruşdu. Kənddən-kəsəkdən söhbət düşəndə əməlli-başlı eyni açılırdı, elə bil dünyanı ona bağışlayırdılar. Himə bənd idi, yer-yurdundan, el-obasından ağızdolusu, həvəslə danışırdı və danışdığı hamıdan çox onun özünü ovundururdu, kəndləri, ev-eşikləri gəlib dururdu gözünün qabağında. Kənddə kankanlıq eləyirdi, işinin ustasıydı. Bu peşənin yiyəsi həmişə az olub, saysan, o boyda rayonda barmaqhesabına gəlməzdi. Kəhriz isə çox idi, hamısı da köhnə, qədimdən qalma. Kəhriz suyu ayrıdı - dumduru, buz kimi. Səməd fikirləşəndə ki, o suyu indi yağı düşmən içir, az qalırdı başına hava gəlsin. Kim bilir, bəlkə də kəhrizlərin çoxu dağılıb, batıb gedib…

Şəhərə əzəldən quşu qonmurdu, o ümidlə dözürdü ki, bu gün-sabah qayıdarlar öz torpaqlarına. Hanı? İllər də elə tez ötür, göz açmağa macal tapmırsan.

Televizorda hava haqqında məlumat veridilər. «Bakı və Abşeron yarımadasında bu gün hava tutulub-açılacaq, yağmursuz keçəcək…» - ekrandakı nərmənazik qız əzilə-büzülə danışırdı.

Təzə xəbər Səmədin kefini durultdu, çiçəyi çırtladı, az qaldı çırtıq vurub oynasın. «Hava yağmursuz keçəcək…» - eşitdiyini yamsıladı. «Qadanı alım sənin! Aaz, bunu bayaqdan denən dayna. Kaş televizora çıxanların hamısı sənin kimi sözün düzünü danışaydı …» - ekrana sarı çırtıq atdı. Aparıcının çöhrəsinə ilıq bir təbəssüm yayıldı və Səmədə elə gəldi, nazlı qız onun çırtığından qıdıqlandı, xoşhallanıb gülümsədi.

Göyün üzünü bozumtul buludlar sarmışdı, narın-narın çiskinləyən yağmur dayanmışdı. Təbiətin üzü birdən dəyişdi, elə bil buludları doğrayıb paramparça elədilər, qamçılayıb hürkütdülər və hürkmüş, paramparça olmuş buludların arasından günəş şüaları süzüldü, dünya birdən-birə rəngini dəyişdi, dünya işıqlandı.

- Arvad! - həyat yoldaşını səslədi, - mənim o çörək ağacımı bəri ver, deyəsən, havanın üzü güldü, axı.

«Çörək ağacı» göy rəngli plastmas vedrəyə deyirdi. Vedrə bir kökdəydi, çölə atsan, üzünə baxmazdılar, amma neynirsən onu göz bəbəyi təki qoruyurdu. Qaçqınçılığın lap başında almışdı, dəyişmirdi ki, düşərli vedrədi, neçə ildi külfəti pis-yaxşı bununla dolandırırdı...

Yaşıllığın arasıyla küçənin o bir başına sarı üz tutdu. Aağaclıqdakı su kranı işinə yaxşı yarayırdı, işinə deyəndə, elə bir işi-gücü yox idi, küçədəcə maşın yuyur, təkər qaraldırdı. Nə verirdilər «min bərəkət» deyirdi, dursun çənə döysün, kəsəmət kəssin, belə xasiyyətdən uzaq idi.

Səkinin qırağında süd rəngində, bahalı bir maşın dayanmışdı. Əvvəllər onu buralarda görməmişdi. «Deyir, belə maşınların bir dünya maliyyəti var. Ay başına dönüm, bunun pulun-parasın nə təhər çatırıllar?» - özlüyündə sorğu-sual elədi. Tez də bu fikri başından uzaqlaşdırdı. «Nə dərdimə qalıb, yiyəsinə qismət olsun» - deyib ağzını xeyirliyə açdı.

Oturub gözlədi ki, maşının sahibi gəlsin. Fikirləşdi: «Görəsən, bunun yiyəsi kimdi, harda işləyir?» Elə bilirdi yekə maşınların yiyələri də yekəpər olur, yekə yerdə işləyirlər.

Oturduğu yerdəcə mürgüləyirdi.

Motorun səsinə diksndi, boylanıb baxdı, sürücü yox idi. «Tanrımın başına dönüm, bu nolan işdi, yoxsa cin-şəyatin işə saldı bunu?» - heyrətə gəldi.

Maşının sahibi motoru aralıdan, pultla işə salmışdı. Arıq, cürəfəsiz kişiydi.

Səməd gözünü maşından çəkmədən fağır-fağır dilləndi:

- Qardaş, gərək varsa, maşınıı yuyum. Dum-duru Ceyranbatan suyudu, - ağaclıqdakı kranı göstərdi. – Təkərlərini də qapqara qaraldaram...

- Qaraldaram yox, denən ağardaram, - kişi dedi. – Qara rəngdən, qara kəlməsinnən nə vaxt əl çəkəcək bu millət? Gözün görmür maşının rəngini? - elə ədayla dedi, guya ağ günə çıxmaqdan ötrü ancaq ağ maşın minmək, ağ maşın sürmək gərəkdi.
Səməd onun müəmmalı danışığından bir şey kəsdirmədi. Odur ki, qulaq ardına vurdu, çönüb heç kişiyə sarı baxmadı da. Belə söz-söhbətlərə qulaq asmağa vaxtı hardaydı? Vedrəni əlinə alıb küçənin o bir üzündə dayanmış maşınlara tərəf getmək istəyirdi ki, öz adını eşidib geri çöndü.

- Ayə, Səməd dəyilsən? A qıvlasız, kəndçini tanımadın, yoxsa? – kişi qımışdı. – Belə olar də… Qaçqın da qaçqını tanımayannan sonra ta kimə inanasan, kimə güvənəsən?
Səməd, durub kişiyə zənd elədi, baxdı ki, suyu şirin gəlir. Dodağını dişlədi. Cin Cəfərqulu idi, qımışmağından tanıdı. Dünyada heç kim Cin Cəfərqulu kimi qımışa bilməzdi, ovurdları dartılır, yanağının almacıq sümükləri lap irəli çıxırdı, üzünə baxanda adamın əti tökülürdü.

Səməd özünü itirdi, həmkəndlisilə rastlaşacağını fikrinə belə kətirməzdi. Sevincəyə düşmüşdü. Əlini əlinə vurdu, istədi desin, Cəfərqulu, bağışla, tanımadım, dövlətli olacaqsan. Amma düşündü ki, belə maşının sahibi elə dövlətli olar. Bu yandan da ağlına sığışdra bilmirdi ki, kənddə it oğrusu kimi tanınan Cin Cəfərquluda bu büsat, bu halət hardandı. Kişinin oğlu xeylaq dəyişmişdi, üzünün əti sallanırdı, qarnı irəli çıxmışdı, saçları çallaşmışdı. Dəyişməyən bircə boyu idi, əvvəlki kimi gödəmərək idi. Yox, deyəsən, elə boyu da balacalaşmışdı. Boyunun balacalığını malalamaq istəyirmiş kimi dorçununu dartıb durmuşdu, hələ də qımışırdı.

- Deyirəm, dünyanın işinə bax e?.. – Cəfərqulu başını buladı.

Səməd bilmədi kəndçisi nəyə eyham vurur. Sıxıldı, əlindəki vedrəni, əskini bilmədi hara gizlətsin.

- Cəfərqulu, səni gördüm, ürəyim açıldı, - fərəhlə dedi. Bunu gəlişi xoş olsun deyə söyləmirdi. Xasiyyətiydi, elindən-obasından bir adam görəndə uşaq kimi sevinirdi, kəndin qoxusunu alırdı onlardan. - Bax, budu ha yaxında oluram, yataqxanada. Bizim rayon qaçqınları da çoxdu, tək kəndimzdən beş-altı ailə yaşayır. Məmmərzə kişi, İdris məllim qonşumdu… - Səməd gözləyirdi ki, həmkəndlisi bu xəbərə sevinəcək, amma Cəfərqulu özünü o yerə qoymadı, elə bil o adda adam tanımırdı.

Onun dinmədiyini görüb, Səməd təklif elədi:

- Gedək evə, bir stəkan çay içək.

- Ayə, nə çay? Çayı içir pionerlər, bir də pensionerlər, - Cəfərqulu yenə qımışdı.

Səmədin ürəyindən keçdi ki, kaş kəndçisi onu söyəydi, üzünə itin sözünü deyəydi, təki qımışmayaydı, onun bu xasiyyətini əzəldən həzm eləmirdi.

– Əlindəki vedrəni tulla qırağa, gəl otur maşına, - Cəfərqulu qapını açdı.


* * *

Səməd bilmirdi hayana gedirlər, bu neçə ildə şəhərə hələ də yaxşı bələd olmamışdı. Maşın elə şütüyürdü, az qalırdı yazığın başı dönsün, elə dönürdü də. Cin Cəfərqulu ağ maşını ağ at yerinə çapırdı, şəhərin Ağatlı oğlanıydı.

- Bayaq yaxşı dedin e…

- Nəyi?

- Dedin dumduru Ceyranbatan suyuynan yuyacam maşını... – Ayə, yekə kişisən, özünə kişi peşəsi tap, pul qazan. Kim deyib bunu - adamı adam eyləyən parədi… - Cəfərqulu ara vermədən hüdüləyirdi, puldan-paradan, var-dövlətdən danışırdı, öz danışığından özü həzz alırdı. Səmədinsə fikri ala dağdaydı, Cin Cəfərqulunu görəndə sevinsə də, onun maşınına minməyinə peşman olmuşdu, şəhəri gəzib dolaşmaqdansa bir-iki təkər qaraldardı, beşdən-üçdən qazanardı. Gəzmək onun hansı gün-güzəranına yaraşırdı?

Yerlisinin hünərinə heyran qalmışdı. «Əzəldən ütük, diribaş idi, daşdan pul çıxardırdı…» - Səməd özlüyündə xatırladı. Daşdan deyəndə, düz alınmırdı, Cin Cəfərqulunun pulu it oğurluğundan çıxırdı. Kənddə-kəsəkdə, çöldə-bayıda cənginə keçən itin başına ip salır, aparıb el yolundan keçən elat adamlarına, tərəkəmələrə verir, xırdabaşa dəyişirdi. Sövdası baş tutanda kefikök qayıdırdı və yol boyu oxuyurdu: «İti verdim, qoyun aldım, sazım dınqır, dınqır…»

Səmədi maraq boğurdu: «Görəsən, Cəfərqulu buralarda nə oxuyur, şəhər yeridi, tərəkəmə yox, qoyun-quzu yox…»

Maşın bahalı bir restoranın qabağında dayandı. Səməd yatsaydı, yuxusuna da kirməzdi ki, nə vaxtsa belə yerə yolu düşər. Baxdı ki, Cin Cəfəaqulunu burda yaxşı tanıyırlar. Qulluqçular əldən-ayaqdan olmuşdular, hamısı da ona «rəis» deyib müraciət eləyirdi.

Cəfərqulu özünü dartıb oturmuşdu. O qədər yemək-içmək sifariş vermişdi, stolda bir qarış da boş yer yox idi. «Kəndçim niyə belə bədxərclik eliyir, dünyanı basıb yeməcəyik ha. Adama bir qarnımız var…» - Səməd narahat oldu. Ürəyindəkiləri dilinə gətirmək istəyirdi ki, Cəfərqulunun səsinə sözü ağzında qaldı.

- Səməd, ye! Ye… - dedi, fikrini tamamlamadı. Mənalı-mənalı irişdi.

Kənddə balaca oğlan uşaqlarına deyərdilər: «ye, bala, ye, yekəl…» Nədənsə ona elə gəldi kəndçisi də indi bu sayaq bir şey demək istədi. Nə bilsin, bəlkə də demək istəyirdi, eloğlu, ye, ətə-qana gəl, sınıxmısan… Sınıxmasın, neyləsin, qaçqınçılıqdan bəri eyninin açıldığı, üzünün güldüyü olmamışdı.

- Deyirəm araqdan başlayaq, - Cəfərqulu cavab gözləmədən qədəhni doldurdu, Səmədə isə iri çappa stəkanda süzdü.

«Nə təhər də yadında qalıb e…» - Səməd düşündü. Toyda-məclisdə arağı çappa stəkanda içərdi, qaydasıydı. Onun bu fason içməyi çoxlarına ləzzət verirdi. Səməd bunu igidlik hesab eləmirdi, başqa sayaq içməyi təbi götürmürdü. Qaçqınçılıqdan sonra arağı azaltmışdı, ayda-ildə bir dəfə içərdi, ya içməzdi. Deyirdi bu içkidi, meydi, şad günün dostudu, qaçqına-köçkünə yaraşan şey deyil, töhmət götürmək mənə yaraşmaz.

Səməd ağızbaağız dolu stəkana baxıb çaşbaş qalmışdı, bilmirdi neyləsin. Tərəddüdlə əlini stəkana apardı.

- Elli, vallah, buna nəfəs yetirmərəm, - mızıldandı. – O sayaq içmək qaldı kənddə.

- Ayə, fikir eləmə, hesab elə kənddəsən. Vur, getsin! - Cəfərqulu ona ürək-dirək verdi.
Bir anlığa Səmədə elə gəldi doğrudan da kəndədi, ürəkləndi.

- Cəmi qaçqınların sağlığına! – dedi. Kövrəldi, gözlərini yumub arağı bir nəfəsə çəkdi başına.

Cəfərquluya ürcah gəlməyi indi könlünü açmışdı, oturub dərdləşəcək, doğma yer-yurdlarını yada salacaqlar. Səməd işini bilirdi, bilirdi ki, yenə göz yaşlarını saxlaya bilməyəcək. Öz əlində deyildi, ağlayanda yüngülləşirdi, yoxsa ürəyi partlardı. Əlbət, Cəfərqulu da qoşulacaqdı ona, dərd-sərləri bir deyildimi, nolsun ki, eloğlusu pullu-mallı, varlı-karlıdı, pul-para torpaq, yurd dərdinə məlhəm olan deyil. Onun fikrincə, Cəfərqulu birinci sağlığı boşuna söyləməmişdi, onu danışdıran yəqin ki, qəribçilikdi, el-oba ağrısı, həsrətidi. Özgə necə olmalıdı?

- Gün o gün olsun, hamınız qayıdasınız ev-eşiyinizə! – Cəfərqulu, Səmədin stəkanını yenə silələmə doldurdu. Özü elə içmirdi, bir qurtum alıb, qədəhi qoyurdu stola.
Səməd eloğlusunun sözlərinə heyrət elədi, zalım balası elə danışırdı, guya onun özü qaçqın deyildi, kəndi-kəsəyi yox idi. Bu tösmərək adamın soyuqqanlığına məəttəl qalmışdı. Bayaqdan elə bilirdi ki, torpaqdan, el-obadan söhbət düşsə, Cəfərqulu kövrələcək, göz yaşlarını saxlaya bilməyəcək. Səməd hətta ona necə təsəlli verəcəyini, nə deyəcəyini də bəri başdan bilirdi. Deyəcəkdi, qardaş, yaman günün ömrü az olar, geci-tezi var, allah qoysa, qayıdacağıq torpağımıza. Şəxsən mən birinci qayıdacam, qayıdan kimi də başlıyacam öz işimə – kankanlığımı eliyəcəm, əlbət kəhrizlərin gözləri tutulub... Ən çox onun işi görükəcəkdi, gözü açılmış kəhrizlərin dupduru suyu həyatı özünə qaytaracaqdı. Hər kəs öz işinə, öz peşəsinə dönəcəkdi. Bəs Cin Cəfərqulu? O neyləyəcəkdi? Səmədə elə gəldi bu qədər var-dövlətlə Cəfərulu, əlbət, daha it oğurluğundan əl götürər, adam kimi əməlli-başlı bir işlə məşğul olar. Bu istək, bu ümidlə də dolu stəkanı qaldırdı.

- Qağa, sən deyən sağlığa! Cəmi qaçqın-köçkün qayıtsın yurduna-yuvasına! – gözlərini yumub arağı çəkdi başına. Kababadan daddı. - Cəfərulu, elli, - dedi, - buranın kababının da tamı yoxdu. Kənddə bircə tikə şüşucu bişirirdin, dadınnan doymaq olmurdu…

- Ayə, hər şeyə fikir vermə, ye, ağzın işləsin, - Cəfərqulu yol göstərdi. Özününsə dilinin altından bircə loxma da keçmirdi, elə bil iştahını əlindən almışdılar. - Sən maa fikir vermə, işində ol. Mənim yeməyimi indi gətirəcəklər, - çönüb ofisanta işarə elədi.
Kiçik nimçədə, ağartı gətirdilər, yağsız şora oxşayırdı.

Cəfərqulu şordan bir qaşıq ağzına apardı, bunu elə gönülsüz elədi, elə bil zəhər-zəqqutun yeyirdi. Üz-gözünü turşutdu.

- Mənim yeməyim budu, - dedi. – Dünyanın nemətlərinə tamarzıyam, şəkərim var. Çox xayın azardı, adamı xımır-xımır içinnən yeyir…

Kəndçisinin bu halı Səmədin ürəyini ağrıtdı. İstədi desin qaçqınlıq da şəkər mərəzi kimidi, millətin axırına çıxıb, amma nə fikirləşdisə, dinmədi.

Cəfərqulu tamarzı baxışıyla yeməkləri süzdü.

- Səməd, ürəyin istiyəndə bir-iki şiş kabab yeyə bilirsən? – soruşdu.

- Niyə yemirəm? Bolluğuna düşəndə bir-iki yox e, lap beş-altı şiş yeyirəm, yarım litr də araq vururam, - Səməd dediklərini sübuta yetirmək istəyirmiş kimi, yağlı tikəni dişinə çəkdi. Görürdü ki, eloğlusu onun yeməyindən həzz alır, bəlkə ona baxıb iştaha gələr. Amma onun dilinin altından hələ də heç nə keçmədiyni görüb sıxıldı, əlini yeməkdən çəkmək istəyəndə, Cəfərqulu təkid elədi:

- Sən maa fikir vermə, ye... Səməd, oturub saa baxıram, elə bilirəm özüm yeyirəm. Bu qədər malın-pulun ola, dünyanın naz-nemətinə tamarzı qalasan... Maşallah, sən iştahlısan, ye, çəkinmə, elə bil mənim qarnıma yeyirsən. Maa heylə gəlir, elə bilirəm ağız sənindi, qarın mənim. Neyniyim, mən də bunnan yaşıyıram, bunnan nəfəs alıram. Bu gün saa ürcah olmasaydım, yoldan keçənin birini gətrəcəkdim, o yeyəcəkdi, mən də baxacaqdım… Hava da isti oldu ha, kələyim lap kəsilir, boğazdan yuxarı ağzım qupquru quruyur. Budu neçə gündü yağışlı-çiskinli keçirdi, bir az babat olmuşdum, hava ki, açıldı, təbim xarablaşır. O həkim, loğman qalmıyıb getmiyim, gündə iki paçka dərman atıram.

Səmədin kəndçisinə yazığı gəldi, dərdinin əncamı onda olsaydı, hər şeydən keçər, Cəfərqulunun azarına əlac eləyərdi. Qoy, havalar yağmurlu keçsin, ildırım şaqqıldasın, leysan töksün, Səmədin qazancı əlindən çıxsın, təki eloğlusu bu dərdi çəkməsin. «Yazıq neyləsin, canının hayındadı. Azar-bezar huşunu başınnan alıb, qaçqın olduğu da ağlınnan çıxıb. Alah, sən belə dərddən saxla» - ürəyində dua elədi.
Arağın təsirindən beyni dumanlanmışdı, özünü ələ almağa çalışırdı ki, eloğlusu sərxoşluğunu sezməsin.

Cəfərqulu telefonla danışırdı:

- Alo!.. Cana, mən birdən-ikidən yalan danışmışam? – qımışdı. Çönüb Səmədə göz vurdu. – Alo! Sən ki, məni yaxşı tanıyırsan, ceyran. Yox-yox! İndi bərk zanitəm. Türkiyədən krupnı biznesmen gəlib – Səməd bəy – onunla delovoy söhbət eləyirik… Nə qazanc? Ölmüşdü Cəfərqulu qazancsız işə əl bulaya… Hə, heylədi: atmasan, atılarsan, qalarsan lüt-üryan... Yox vallah, həqiqi sözümdü, İstanbuldan gəlib, oturub mənimlə üzbarı. İnanmırsan?..

Cəfərqulu telefonu Səmədin ağzına yaxın tutub qulağına pıçıldadı:

- Mənim canikimdi, danış, səsini eşitsin, inansın. Denən «Mərhaba, hanım efendi! Nasılsınız?»

Səməd onun xatirini sındırmaq istəmədi, Cəfərqulunun dediklərini tutuquşu kimi təkrarladı. Telefonda şaqraq gülüş eşidildi. Diksindi, elə bildi qadın onun təlxəkliyinə gülür. Pıçıltıyla Cəfərquluya:

- Otboy verdi. İnanmadı, deyəsən, - dedi. Yaxşı artistlik eləmədiyinə görə özünü günahkar bildi.

Cəfərqulu əlini yellədi.

- İnanmaz da, - dedi, - elə danışdın, ətim töküldü. Ayə, bu qədər türk televiziyası var, olara baxmırsanmı?

- Qağa, bu televizordu, radiodu, olardan qulağım dolub, bezmişəm. Bircə hava məlumatına baxıram, az-çox düz danışan olardı. Sınamışam. Bax, bayaq dedi hava açılacaq, açıldı. Havanın üzü gülməsəydi, mənim çöldə-bayırda nə itim azmışdı, yağışda kimdi maşın yudurdan? Heç yudurdmasınlar, acından ölmüyəcəm ha, gedib vağzalda hamballıq eliyərəm. Yağlı yox, yavan yeyərəm, lap marocna-çörək yeyərəm. Yoxsa, yanlış danışıram, elli? – Səmədin dili topuq vururdu, araq onu tutmuşdu.

Bunu Cəfərqulu da hiss eləmişdi. «Marocna-çörək ee… Bu da təzə çıxıb?» - içində güldü.

- Cəfərqulu, yadındadı?.. – Səməd soruşdu. – Böyük kəhrizin suyu diş tökürdü… Heç nə istəmirəm, kaş o sudan bircə istəkan olaydı, çəkəydim başıma… Min bir dərdin dərmanıydı. Ağzını dirəyib kəhrizinin suyunnan ikicə qurtum içsən, onnan da şəkərin-məkərin çəkilib gedər.

Cəfərqulu astadan ah çəkdi, kəndçisi elə dava-dərman söyləmişdi, onu heç bir aptekdə qızıl pula da tapmazdın.

Eloğlusundan səs çıxmadığını görüb, Səməd söhbətin ağzını ayrı səmtə yönəltdi:

- Elli, bağışla, bir söz soruşum sənnən. Bu restoranın qulluqçuları saa niyə «rəis» deyir, olmuyua paqonnu işə girmisən?.. İstəmiyənin gözü tökülsün.

Cəfərqulunun qırımı dəyişdi, dili açıldı, elə bil bayaqdan bu sualı gözləyirdi. Yenə qımışdı və bu qımışmağıyla elə bil yenə Səmədin dədə-nənəsini, yeddi arxa dönənini söydü.

- Ayə, paqon-maqon nədi? Şəhər yerində pullu adamlara «rəis» deyirlər, - Cəfərqulu özünü çəkdi. – Paqonnular mənim əlimə baxır, mən onların yox. Görmürdün, yol polisləri maa necə çest verirdilər? İtin balasıdı yalan deyən, istiyirsən bu saat zəng eləyim, bir polkovnik çağırım, gəlsin qabağımızda dik dayansın, çest versin bizə. Sən məni uşaq-muşaq bilmə e! – Əlini pecəyinin döş cibinə salıb bir paçka «yüzlük» çıxartdı. Arasından iki əskinas çəkdi diliylə isladıb birini sağ, digərini sol çiyninə yapışdırdı. – Paqon budu, bax, oldum general... Bu paçkanı bu gün qazanmışam, - stolun üstünə səpələdi. - Qazanmışam deyəndə, birinə atmışam, özü də «krupnı» atmışam. Zəmanə dəyişib, athaat zəmanəsidi. Söz var - «düz düzdə qalar» – atalar bunu görüb deyib… Sən də otur gözlə ki, torpaq qayıdacaq, gedib kankanlığını eliyəcəksən... Amma bayaq yaxşı dedin – maşınını dupduru suynan yuyacam… Sən elə əzəldən duruluq axtaran olmusan, ay evi tikilmiş, bu bulanıq dünyada nə duruluq?..

Cəfərqulu dolu boşqabı Səmədə uzatdı, yazıq-yazıq dedi:

- Lüləkababdan da ye, lüləkababdan! Ye, sənin qarnın, mənimsə gözüm doysun. Hayıl-mayıl olmuşam iştahına. Maşallah!.. Belə baxıram, çinədanın daşı da əridər.
Kəndçisinin eyhamlı danışığı Səmədin kefinə yatmadı, hatta bir balaca ona toxundu da. Əlini yeməkdən çəkdi. Cin Cəfərqulu həsəd ifadə edən cin gözlərini ondan ayırmırdı. Elə baxırdı, elə bil fürsət axtarırdı ki, qabaq-qarşı oturduğu adamın yeganə varını-dövlətini - içindəki rahatlığını, iştahını oğurlasın, bir vaxtlar kənddə-kəsəkdə it-küçük oğurladığı kimi.

«Allah kiminə mal-pul, üstündə də şəkər azarı verir, mənim kimi kasıba verdiyi isə can sağlığıdı. Bildiyinə şükür…» - Səməd fikrindən ötürdü. Kəndçisinin üzünə diqqətlə zənd elədi, onun ruhsuz, solğun bənizi, kirpikləri seyrəlmiş qıyıq, çiyid gözləri ölgün görünürdü.

Cəfərqulu yüzlük paçkasını əlinin dalıyla Səmədə sarı itələdi.

- Səməd, sən gəl, iştahını sat maa! - qəfildən dedi.

Səməd əvvəl bir şey kəsdirmədi, karıxıb qaldı. Handan-hana özünə gəldi.

- Nəə?! – soruşdu. Ağlına gələn bu oldu ki, əlbət, kəndçisi keçib zarafata, ya da başını itirib, yoxsa belə naqqallıq eləməzdi.

Cin Cəfərqulu dil qəfəsə qoymurdu:

- Ayə, camaat puldan ötrü böyrəyini, ciyərini satır. Saa nolub, sən də iştahını sat. Nolar, eloğlu dəyilik?.. Çöldəki o bahalı maşını da peşkəş eliyirəm saa. Varınnan-pulunnan keçməyən köpəyoğludu… Kasıb adamsan, sənin də əlin pul-para görər, səvinər, özünə gün ağlayarsan. Hə, di ver əlini, xeyirləşək!.. Elli, saa andım yoxdu, itin balasıyam, yalan söyləyirəmsə…

Cin Cəfərqulu daha nəsə deyirdi, amma Səməd onun dediklərini eşitmirdi. Beynində tək bir fikir dolaşırdı – baş götürüb burdan tez uzaqlaşsın. Porsumuşdu. Əlindəki çəngəli stolun üstünə atıb yerindən qalxdı.

* * *

Kolluqda gizlətdiyi «çörək ağacını» - göy plastmas vedrəni çox axtardısa da, tapa bilmədi: ya yerini itirmişdi, ya da kimsə çırpışdırmışdı.

Evə qalxmağa tələsmədi. Mədəsi bulanırdı, az qalırdı ödü-öfkəsi ağzına qalxsın, düşmüşdü partlamaya. Səntirləyə-səntirləyə ağaclığa sarı getdi ki, barmağını boğazına salıb yediyini qaytarsın, bəlkə onda özünə gələr…

Yataqxanın həndəvərindəki dükana çatanda dayandı, evə əliboş qalxmaq istəmirdi. Əlini cibinə saldı, olan-qalan qəpikləri çıxarıb saydı – iki dondurma və bir kömbə çörəyə ancaq yetirdi….

avqust 2010
XS
SM
MD
LG