Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:51

Sabir Rüstəmxanlı. Saray yalnız yaltaq vəzir-vüzəranın ümidinə qalsa...


Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı
-

Niyə görə müəyyən bir torpaq parçasına görə Rüstəm İbrahimbəyov kimi dünyaca məşhur bir sənətkar hakimiyyətdən incik düşməliydi?

Dünyaca ünlü alimimiz Rafiq Əliyevi sayğısız bir şəkildə kiçiltməyə çalışan xırda alimçiklər, məmurlar başa düşmürlərmi ki, bu yolla dövlətə xidmət etmirlər, əksinə, ziyan vururlar.



Sabir Rüstəmxanlı


DÖVLƏTÇİLİK ƏXLAQI VƏ "BİZİM OLMAYAN" ADAMLAR


Söz var deməsən, ürəyini deşir. Düzdür, deməmək can rahatlığıdır; ağzını açan kimi yüz qulp qoyacaqlar, çünki sözü söz tərəzisiylə ölçən azdır, hərə mənsub olduğu dairənin və ya öz mədəni səviyyəsinin gözüylə baxır sözə: yumşaqdırsa, niyə yumşaqdır, sərtdirsə, niyə sərtdir və s...

Ancaq mən sözü öz vicdan ölçülərimlə dəyərləndirməyə və gizlətməməyə öyrəşmişəm.

Olanımız sözdür! Onu da içimizdə axtalayıb danışsaq, bu millətin sözü qısırlaşar və gələcək nəsillər bizi lal-kar hesab edər...


Azərbaycanın böyük qələm sahiblərindən biri, xalq yazıcısı Sabir Əhmədli dünyasını dəyişəndən sonra yuxarılardan gələn məsləhətlə dəfni bir gün yubadılsa da, bütün cidd-cəhdlərimizə baxmayaraq, Fəxri Xiyabana buraxılmadı.

II Dünya Savaşında ən gənc Sovet İttifaqı Qəhrəmanı olmuş qardaşı Cəmil Əhmədov Varşava ətrafındakı qardaşlıq qəbiristanında (hər dəfə Polşaya yolum düşəndə onu ziyarət edirəm), bığ yeri yenicə tərləmiş oğlu, Kəlbəcərə qış yürüşündə şəhid olmuş Məhəmməd Bakıda, İkinci Şəhidlər Xiyabanında, ata-anasının, böyük qardaşının qəbirləri və hələ içinə girib divarlarını isitmədiyi yeni evi Cəbrayılda, düşmən əlində, özü də başqa bir “müharibə qurbanı”, ata ocağını, malını-mülkünü Ermənistanda tərk edib gəlmiş dostumuz Fərman Kərimzadənin qonşuluğunda, Binəqədi qəbiristanında...

Xalq yazıçısına hətta İkinci Fəxri Xiyabanın da qapısı bağlandı.

Allah binəqədililərdən razı olsun... Ailəsi yalnız onların qəbiristanında yer tapa bilmişdi... Vətən torpağıdır, nə fərqi?

Ancaq görünür, kimlər üçünsə fərqi var... Yoxsa heç olmasa, ölənlərimiz arasında ayrı-seçkilik qoymazdılar...
Sabir Rüstəmxanlı və Sabir Əhmədli
Sabir Rüstəmxanlı və Sabir Əhmədli

Söz yox, insana qəbriylə, fəxri, ya qeyri-fəxri xiyabanda uyumasıyla deyil, millət üçün gördüyü işlərlə dəyər verirlər. Yazıçılara gəlincə, onlara heç məzar-filan da lazım deyil; ömürləri boyu kəlmə-kəlmə yazdıqlarına dəfn olunurlar; qəbirləri öz kitablarıdır.

Cəsədlərini yandırıb, küllərini göyə sovursalar da heç nə dəyişilməyəcək; kitablarda yaşayacaqlar onsuz da! Hətta müəyyən dövrlərdə müəyyən rejimlərin qərəzli qadağaları ilə üzləşsələr də, adları yasaq olunsa da, gec-tez xalqın yaddaşında yerləri bərpa olunur, çünki milli yaddaş qondarma tarix kitablarından da, rejimlərin köpüklü salnamələrindən də daha etibarlı və uzunömürlüdür...

Vay axır gününü düşünüb ruhları üçün halal yuva, xatirələri üçün yaddaş sığınacaqları qura bilməyənlərin halına! Bədən üçün fərqi yoxdur, harda olur-olsun, torpağa qarışır onsuz da! Mərmər, qranit məzarlar yerin üstündəkilər üçündür; altdakıların taleyi isə Allaha və sağlığında elədiyi əməllərinə bağlıdır; qəbir qızıldan olsun - Axirət mizan-tərəzisinə təsir göstərə blməz. Belə bər-bəzəklə maddiyyatçıların gözünü qamaşdırmaq olar, Allahından və batini dünyadan xəbərdar olanların yox!..

Mən qırx illik dostumun dəfninə qala bilməmişdim, zəng vurduğum yerlərdən “basdırmağa tələsməyin, sabah cavab verəcəyik” sözlərini eşidəndə arxayın olmuşdum ki, belə zarafat olmaz, o boyda adamlar “yubadın” sözünü elə-belə deməzlər, xoş niyyətləri olmasa, elə birinci zəngdən deyərdilər, "aparın harda istəyirsiniz, harda imkanınız varsa, orda dəfn edin", - vəssalam! Bu işə qarışıblarsa, deməli, hər şey rəsmı ənənələrə, yazılmamış qanun və ya prinsiplərə uyğun həll olunacaq.

Əslində, bu səviyyəli qələm sahibləri heç olmasa, Yazıçılar Birliyindən götürülməlidir, ancaq eybi yox, evindən yola salınsa da, qəbir yeri adına layiq olar, ayrıseçkilik qoyulmadan Fəxri Xiyabanda dəfn edilər, başqa xalq yazıçılarıyla yanaşı yatar. Ona qarşı nə qəsd-qərəz ola bilər ki?! Həm də halal torpaqları düşmən tərəfindən işğal olunan adamın halal məzar yerinə də göz dikilməz! Fəal siyasətə qatılmırdı (qatılsaydı da, bu, günah sayılmamalıydı), günlərlə evindən bayıra çıxmırdı. 20-yə yaxın, hər biri hadisə olan, sevilən roman yazmışdı, Moskvada nəşr olunan əsərləri onu respublikamızdan kənarlarda da tanıtmışdı. Nəhayət, şəhid atasıydı, yeniyetmə oğul itirmişdi, ürəyi sınıqdı: ruhunu incitməzlər, ədəbi taleyinin gətirdiyi haqları əlindən almazlar.... Buna görə də qəlbimdə onunla vidalaşıb, üzürxahlıq eləyib, gecə uzaq Uqandaya, İslam Ölkələri Parlament İttifaqının növbəti sesiyasına uçdum. Ancaq ürəyim Bakıda qalmışdı... Çatan kimi internetə girdim və gördüm yanılmışam, bizdə dəyər ölçüləri mənim düşündüyüm kimi deyil; yazıçı dostum, adaşım Fəxri Xiyabana buraxılmamışdı...

Özü belə şeylərə əhəmiyyət vernəzdi. Ancaq mənə yaman ağır gəldi. Bakıya qayıdandan sonra səbəbini öyrənmək və etirazımı bildirmək üçün yetkililərdən biri ilə görüşüb soruşdum: “Düzünü deyin, Sabir Əhmədliyə qarşı niyə belə haqsızlıq elədiniz?”

Qarşımdakı nüfuzlu, bütün hallarda öz mövqeyi olan, sözünü deməyi bacaran adamdı; elə bil, məni gözləyirmiş və nə deyəcəyimi də bilirmiş, gözümə diqqətlə baxıb soruşdu:

- Düzünü bilmək istəyirsən?

- Əlbəttə! - dedim.

Qətiyyətli bir səslə:

- Bilirəm, indi deyəcəksən, Fəxri Xiyabanda heç ora layiq olmayan, millətə Sabir Əhmədlidən az xidmət göstərmiş adamlar da dəfn olunub... - dedi.

- Elə onu deməyə gəlmişəm, - sözünü təsdiqlədim...

- İstəyirsən adlarını da çəkim, sən deməsən də olar! - dedi və doğrudan da bir neçə mərhumu xatırlatdı. – Guya biz bilmirik ki, onların yeri ora deyil?! Amma fərq burasındadır ki, onlar bizim adamlardır! Sabirsə bizim adam deyildi... Başqa səbəb axtarma!”
Sabir Əhmədli qardaşının Varşavadakı qəbrini ziyarət edir.
Sabir Əhmədli qardaşının Varşavadakı qəbrini ziyarət edir.

Deməyə sözüm qalmamışdı. Daha doğrusu, bu qədər açıq, dürüst bir etirafdan sonra əlavə nəsə deməyə ehtiyac yox idi; çünki qarşımdakı adam kimin nəyə, hara layiq olduğunu, Sabir Əhmədlinin də qiymətini və ona haqsızlıq edildiyini çox yaxşı bilirdi...
Lakin burda söhbət dəyərdən, xalqa xidmətdən, prinsiplərdən getmirdi, "bizim" və “bizim olmayan”lardan gedirdi...

Bu adam “vəzifəsini” yerinə yetirirdi. Özgə saydığını zorla doğmalaşdıra bilməzsən ki!
Mənimlə açıq, pərdəsiz danışdığına görə təşəkkürümü bildirib çıxdım...
Bu söz o vaxtdan dərd olub qaldı ürəyimdə...

...Əslində, bilmədiyim bir şey deyildi, Amerika da kəşf olunmamışdı, ancaq rəsmi adamın, quruculuğunda, qorunmasında canıyla, sözüylə Sabir Əhmədlinin də yaxından iştirak etdiyi ÖZ dövlətimizin bir yüksək vəzifə sahibinin, həm də bu millət üçün gördüyü işlərin böyük yazıçı əməyi ilə müqayisəsi mümkün olmayan və olsa da əvəzini nəsillərinə yetəcək qədər almış, övladını qurban verməmiş, yerini-yurdunu itirməmiş bir adamın “bizdən deyil” deməsi, böyük şəxsiyyətlərimizi çəkinmədən “bizim olanlar” və “bizim olmayanlar” zümrələrinə bölməsi heç vəchlə anlaşılası və ya barışılası bir məsələ deyildi.

Ola bilsin, Sabir müəllim indiki iqtidarın bəzi təmsilçilərinin xoşuna gəlmir, onların adamı deyildi; amma yazıçı xalqın adamıdır və o şəxslər də bu xalqa xidmət edirlərsə, sevdilər-sevmədilər, ümumi qaydalara, ənənələrə uymağa, Sabir Əhmədlilərə də öz adamları kimi baxmağa məcburdular; bu, vəzifə borcudur, normal hakimiyyət öz vətəndaşları və sənət adamları arasında ayrı-seçkilik salmaz, ədəbiyyatla günlük siyasəti qarışdırmaz! Soruşarlar, Sabir Əhmədli bu münasıbətə haqq verən hansı günahın sahibiydi?

Bəlkə vaxtilə Sovet rejimini kəskin tənqid edən romanlar yazmasıydı onun günahı? Olmaya köhnə rejimin təəssübünü çəkirsiniz? Bəlkə sizdən fərqli olaraq oğlunu əsgərlikdən yayındırmaması, ermənilərlə savaşa göndərməsi əsəbiləşdirmişdi kimlərisə?

Bəlkə aramızda ermənilərin qisasını bizdən almaq istəyənlər var? Başqa nə səbəb ola bilər, axı? Düşünürəm, bəlkə mərhuma xalq yazıçısı adını o vaxtkı prezident Əbülfəz Elçibəyin verməsi qıcıq doğurmuşdu; yəni onun qiyməti hesabdan deyil, bizim öz meyarlarımız var!

Amma məsələ burasındadır ki, Elçibəy də bu dəyəri Sabir Əhmədliyə köhnə rejimdən qorxmadan milli mövqedə dayandığına, bu mövqedən yazdığına, dəyərlərimizin qorunmasına və milli müqavimət gücünün artmasına yardım etdiyinə, Sovet rejiminin çürüklüyünü göstərdiyinə görə vermişdi. Onda onun bu aydın və yüksək milli mövqeyi milli hökumətimizin məmurlarını niyə narahat eləməlidir?

Və ümumiyyətlə, bu “bizim olan” və “bizim olmayan”ın sərhədlərini kim çəkib?

“Bizimkilər” siyahısına düşmək üçün yazıçı, sənətkar neyləməlidir? Doğrudanmı bir məmurun və ya beş-on vəzifə sahibinin xoşuna gəlmək millət tərəfindən sevilməkdən daha vacibdir və yazıçı öz ömür-gününü və ya kitablarının nəşrini fikirləşirsə, millətin dərdlərini, maraqlarını bir kənara buraxıb, ürəyi istədi-istəmədi hakimiyyətə, daha doğrusu, vəzifədəkilərə nökərçilik eləməlidir?..

Məntiqə görə hakimiyyət xalqındırsa, xalqa xidmət edən hər kəs ona doğma olmalıdır. Xalqın sevdiyini sevməyən hakimiyyət özünü necə xalqın hakimiyyəti saya bilər?! İkinci tərəfdən, bu qədər düşməni olan, üstünə yüz yerdən dişlər qıcanan bir ölkənin içində bu ögey-doğmalıq kimə lazımdır? Qaşınmayan yerdən niyə qan çıxarılmalıdır? Mərdi qova-qova namərd eləmək istəyənlərin niyyətləri nədir? Bunun kimə xeyri ola bilər? Onsuz da millət aşiqliyi əbədi bir tutqudur...

Əsl sənət adamını, millət sevdalısını xalq yolundan, dövlətinin mənafeləri yolundan heç nəylə döndərmək olmaz! İstəyir bir tikə çörəyə möhtac qoy... Xainləri, mayası çürükləri isə heç vaxt haqq yoluna gətirmək olmaz - yüz dəfə dövlət başçısına mədhiyyə desə də, sinəsindən beş dənə İstiqlal ordeni asılsa da! Sözünü mərd-mərdanə deyən, əyriliyə göz yummayandan ziyan gəlməz, ziyan öz süfrəmizdən barına-barına gözü özgə meşəsində olan tülkülərdən gələr...

Eyni taleyi iki başqa yazıcımız - Bayram Bayramov və Hüseyn Abbaszadə də yaşamışdı. Mən Bayram Bayramovla bir yerdə işləmişdim, Heydər Əliyevin Azərbaycana döndüyü və öz yetişdirdiyi bəzi kadrlarının ona dönüklük elədiyi, ilk dəfə Milli Məclisə gələndə indiki bəzi özünü “Əliyevsevər” kimi gözə soxanların o vaxtkı rəhbərlərdən qorxaraq qaçıb gizləndikləri, qürbətin ölüm tələlərindən qurtarmış, Naxcıvanda ağır şərtlər altında xalqına gün ağlamağa calışan bir insana salam belə vermədikləri illərdi... Onlardan bəziləri indi öz sədaqətlərindən dəm vurmaqdan yorulmurlar. Belə şeylər Bayram Bayramovu əsəbiləşdirirdi, onun Heydər Əliiyevə hansı yüksək hörmətlə yanaşmasının, çörəyini itirənlər haqqında necə ikrahla danışdığının şahidi olmuşam...

Sonra nə baş verdi? Bayram Bayramov Qarabağa Xalq Yardımı Komitəsində gecə-gündüz gərginliklə, əsəbiliklə çalışırdı, müqavimətsizliyimiz, Qarabağdan gələn faciəli xəbərlər üzürdü onu; eyni zamanda, millət vəkiliydi, Məclisdəki məlum çıxışını heç birimiz bəyənməməşdik, özü də buna peşman olmuşdu. O vaxt belə mübahisələr tez-tez olurdu, amma bu mübahisələri böyüdüb düşmənçiliyə çevirmək, buna görə adamların xidmətlərinin üstündən xətt çəkmək heç kimin ağlına gəlmirdi, çünki məntiqə və dövlətçilik təfəkkürünə sığan iş deyil.
Eldar Salayev
Eldar Salayev

Bu hadisəni xatırlatmaya da bilərdim, ancaq latın qrafikasıyla nəşr olunan kitablar arasında Bayram Bayramovdan sonra gələn nəsillərin də kitablarını, cildlərini görəndə, onun kitabını görməyəndə, unudulduğunun şahidi olanda, təəccübləndim... Təəssüf ki, belə hallar cox vaxt dövlətə, dövlət başçısına xidmət və ya sədaqət kimi təqdim edilir... Prezident İlham Əliyev yeni düşüncəli adamdır və mən inanmıram kı, bu cür xırda ögey-doğmalığa əhəmiyyət verir, əksinə, məncə, belə halların onun imicinə və idarəcilik prinsiplərinə kölgə saldığını çox yaxşı bilir...

Xarici ölkələrdə tez-tez rastlaşdığım gözəl bir ənənə həmişə icimdə xoş duyğu oyadır: bələdiyyələrdə, valiliklərdə gəlib-kecmiş bütün sələflərin şəkilləri divardan asılıb ehtiramla qorunur. Bizim Milli Elmlər Akademiyası Rəyasət Heyətinin kiçik salonunda bugünədək Akademiyaya başçılıq etmiş bütün prezidentlərin portretlərini yan-yana görəndə sevinmişdim ki, nə yaxşı, bizdə də özlərindən əvvəlkilərə sayğını qoruyanlar var... Amma sonra burda da o nizam pozuldu.

Sıra akademik Eldar Salayevə gələndə onun portretini asmağa cəsarətləri çatmadı... Eldar Salayevin Akademiyanın prezidentliyindən niyə getdiyi məlumdur... İnsan bütün qohumlarının cavabdehliyini daşıya bilməsə də, indiki halda Eldar Salayevin vəzifədən getməsi anlaşılandı, amma onun keşmişini unutdurmaq və portretini üzə çıxarmamaqla belə gözəl ənəni pozmaq anlaşılan deyil... Bu baxımdan Milli Məclisin ölkə prezidentlərinin statusuyla bağlı qanunundan nümunə götürmək olardı...

Ziyalı və hakimiyyət münasibətləri tarixin bütün dövrlərində mürəkkəb olub, çünki sənətkarlar, yazıçılar, alimlər, istedad sahibləri seçilmiş, millətə şöhrət gətirən adamlardır. Bu, kiminsə istəyindən asılı deyil, Allahın iradəsidir. Belə adamlar, onların daxili azadlıqları təbii şəkildə yaranmış bir ənənəylə toxunulmazdır və qorunmalıdır. Ziyalı cəmiyyətin barometridir, millətin əsəb nöqtəsidir, ona kobud əllə toxunmaq olmaz.

Burası da var ki, əsil namuslu, millətinin ruhunun tərcümanı olan yazıçı ilə hakimiyyətin konflikti, demək olar ki, həmişə yazıçının xeyrinə sonuclanıb...

Hətta terrorun, repressiyaların, sürgün və deportasiyaların da təsiri olmayıb... Millətimizin düşməni olan qaniçən bir rejim Dədə Qorqud boylarını da, Nəriman Nərimanovu da yasaqlamışdı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli xalq düşməni elan edilmişdi... Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşı, Əhməd bəy Ağaoğlu da xırda burjuaziyanın dəyirmanına su tökən və “o vaxtkılardan olmayan” adamlar sayılırdı... Soljinitsın Rusiyadan qovulmuşdu... Mən müstəqil dövlətimizi o rejimlə müqayisə eləmək istəmirəm, sadəcə, yazıçı taleyinə "bizim-sizin" ölçüləriylə yanaşmanın nə qədər uğursuz və məhkumluğu qabaqcadan görünən bir iş olduğunu xatırlatmaq istəyirəm...

Zaman güzəştsizdir! Cavidi Sibirdə çürüdən “Bığı bəyi”, yəni Stalini öz mərmər movzeleyindən çıxarıb atdı, ancaq Cavidi sürgün qəbiristanından Vətənə qaytarıb, üstündə mərmər məqbərə uçaltdı. Cavidin intiqamını alan, repressiya qurbanlarına haqq qazandıran Heydər Əliyevin davamçıları, xırda ya böyük, heç bir sənət adamının haqqının tapdalanmasına yol verməməlidirlər!..

Aydını, alimi olmayan xalq korazehin kütlədən başqa bir şey deyil... Bu gün millətlərin inkişafı pul-para sərmayəsindən daha çox, intellektual sərmayədən asılıdır. Gələcəyini düşünən dövlətlər elm və mədəniyyətə vəsait ayırmaqda xəsislik eləmir, dünyanın harasında olur-olsun, inkişafa kömək edə biləcək gənc mütəxəssisləri toplayır, onlar üçün şərait yaradır ki, bəhrəsini görsün.

Məhz milli hədəfləri, dövlətçilik hədəflərini nəzərə alaraq böyük ziyalıların nazına, bəzi xırda-para şıltaqlığına da dözürlər... Keçmişdə də beləydi. Padşahlar alimləri əbəs yerə öz ətraflarına yığmırdılar. Saraylardakı şair məclisləri də yalnız mədhiyyə eşitmək məqsədi daşımırdı.

Bunu dövlət başçılarının ziyalıdan qorxması kimi də izah etmək birtərəfli yanaşmadır. Əsas məqsəd bu adamları qorumaq və onların məsləhətlərini dinləməkdi. Saray yalnız yaltaq vəzir-vüzəranın ümidinə qalsa, ölkələri faciəli aqibətlərdən qorumaq olmazdı. İndi dövlət-ziyalı münasibətləri daha mədəni və sivil şəkildə qurulub... Yaradıcı birliklər, elmi insitutlar və s. Lakin təəssüf ki, bizdə bəzi rəsmi qurumlarda istedada qarşı bir qısqanclıq var, azad, müstəqil düşüncə sahiblərini, öz şəxsiyyətini qoruyan adamları sevmirlər: “Kim mane olursa” (!) rədd olub getsin! Ölkəni tərk eləmiş mütəxəsislərimizi xatırlayanda adamın ürəyi ağrıyır. Niyə onların aglı başqalarına xidmət eləsin? İnkişaf eləmiş ölkələr cavanları tələbəlik illərindən gözaltı edir, ali məktəbi bitirən kimi alır qanadının altına.

Biz də xaricə xeyli tələbə göndəririk. Oxuyub gəlirlər və bəziləri iş tapmır, iş tapanı da tələbə vaxtı dövlətimizin ona verdiyi təqaüddən qat-qat aşağı maaş alır, axırda dözməyib çıxıb gedir... Ən yaxın gələcəkdə Azərbaycanda istedadlı kadr, bacarıqlı mütəxəssis sorunu yaşanacaq. Görünən budur. Biz ziyalılara münasibətlə gənclərimizə, uşaqlarımıza pis örnək veririk. Belə təsəvvür yaranır ki, bu ölkədə yaxşı alim olmaq əsas deyil, "bizim adam" olmaq, qulbeçəlik, yaltaqlıq, hər şeyə boyun əymək əsasdır.
Cəmil Həsənli
Cəmil Həsənli

Məsələn, hansı normal ölkədə Cəmil Həsənli kimi görkəmli bir tarixçini müxalif düşüncəsinə və ya bəzi neqativ hallara göz yummadığına görə işsiz-gücsüz qoyarlar? Axı onun əsərləri müasir tarixşünaslığımızın təməl kitablarından olmaqla yanaşı, ictimai, mili fikrimizin inkişafında son dərəcə ciddi rol oynayan əhəmiyyətli, yeni elmi uğurlardır. XX yüzilin bizim millətimizi maraqlandıran elə bir mühüm dövrü, hadisəsi yoxdur ki, Cəmil Həsənlinin araşdırma meydanından kənarda qalsın. Onun kitabları “Sovet tarixciliyinin” on cildlərlə yalanlarının üstündən xətt çəkib, ən yaxın tarixin ən ağır pərdələr arxasında gizlədilən həqiqətlərini üzə çıxarıb. O öz cəsarətiylə yeni nəsil ziyalılara bir örnəkdir. Bu gün erməni yalanlarına mətbuatda ən elmi və dəqiq cavab verən alimlərimizdən biri Cəmil bəydir və erməni yazarlarının ona hücumları səngimir. Belə bir vaxtda qələm adamı öz dövlətinə söykənməli, ordan mənəvi dəstək almalıdır. Bizdə tərsinədir, erməni bir vuranda ikisini də içimizdəkilər vurur. Gəl indi ayırd elə, bunu “düşmən marağına xidmət” saymaq olar, ya olmaz!..

Milli hökumətimizin tarixini yazan bir alimə milli hökumətin münasibəti! Bu paradoksun arxasında hansı niyyət dayanır... Güney Azərbaycan Milli Hökuməti, Soyuq Müharibədən sonrakı uluslararası münasibətlər, SSRİ- Türkiyə ilişgilərı, Sovet rejiminə qarşı Azərbaycan ziyalılarının apardığları çətin mübarızə və s. mövzularda yazılmış kitabları dünyanın müxtəlif dillərində - ABŞ-da, Rusiyada, Avropada, Türkiyədə nəşr edilən bir alimi millətinə hörmət eləyən bir hakimiyyət əl üstə saxlamalıdır, sıxıntı içində, maddi və mənəvə gərginlik şəraitində yox... Yeri gəlmişkən, lap bu günlərdə, bu sıxıntılar içində xalqımızın ən parlaq şəxsiyyətlərindən və müstəqil dövlətimizin qurucularından, ideoloqlarından biri olan Əimərdan bəy Topçubaşı haqqında fundamental, son dərəcə dəyərli kitabını nəşr edib oxuculara çatdırdığına görə Cəmil bəyə təşəkkürümü bildirir, onu bu böyük yaradıcılıq uğuru münasibətiylə ürəkdən təbrik edirəm. Allah, onu sevməyənlərin acığına, canını cağlam, qələmini iti eləsin!
Rüstəm İbrahimbəyov müxalif qüvvələrin mitinqinə qatılıb, 8 aprel 2012
Rüstəm İbrahimbəyov müxalif qüvvələrin mitinqinə qatılıb, 8 aprel 2012

Niyə görə müəyyən bir torpaq parçasına görə Rüstəm İbrahimbəyov kimi dünyaca məşhur bir sənətkar hakimiyyətdən incik düşməliydi? Filan şirkətin torpağıdır! Kim verib millətin, dövlətin torpaqlarını şirkətlərə? Dünyanın hər yerində şirkət kömürünü, ya neftini çıxarır, sonra o torpağı bərpa edib qaytarır xalqa və ya dövlətə... Abşeronu tora salmış hasarlar şəbəkəsinə baxın! Kimlər sahiblənib o torpaqlara? Hesabını aparan, soran varmı? Niyə sıra Rüstəmə çatanda birdən torpaq qiymətə mindi? Bəs bizi dənizə həsrət qoyan hasarları necə çəkiblər? Onsuz da az olan meşələrimizi, parklarımızı işğal edənlər kimlərdir? Xəzəryanı təpələri siçovul kimi gəmirib relyefi pozanlara necə icazə verilib? Qobustanda çılpaq təpələr çoxdur, qoy gedib icərilərdəki təpələri yesinlər ki, sahildə də göz oxşayan bir-iki yüksəklik qalsın, torpağı daşıyıb, camaatın başına toz ələməsinlər. Hətta qorxmadan-çəkinmədən tarixi Mayakın altını, ətrafını daşıyıb, onu yıxırlar və kimsə dillənmir ki, “ay adam balası, kim verib bu ixtiyarı sizlərə?”

Yaxud, dünyaca ünlü alimimiz Rafiq Əliyevi sayğısız bir şəkildə kiçiltməyə çalışan xırda alimçiklər, məmurlar başa düşmürlərmi ki, bu yolla dövlətə xidmət etmirlər, əksinə, ziyan vururlar. Cünki xalq hər şeyi görür, bilir. Ayrı-ayrı məmurların naşılığı nəticə etibarilə hakimiyyətin ayağına yazılır...

Mənim senarimlə çəkilmiş “Cavad xan” kimlərinsə gizli tapşırığıyla demək olar ki, yasaqlanıb. Mədəniyyət Nazirliyimizin bəzi hörmətli əməkdaşlarınin “səyi” nəticəsində film inadkarlıqla heç bir festivala buraxılmır, televiziya ekranına çıxarılmır, sosial şəbəkədə qəsdən filmin qüsurlu variantı yayılır. Bilərəkdən belə bir rəy yaratmağa calışırlar ki, guya ugursuz filmdir. Onun yanından millətimizə başuclığı gətirməyən, tarixi hadisələri saxtalaşdıran filmlər gen-bol təbliğ edilir və hər yerə göndərilir. Filmin rejissoru, neçə-neçə bədii, sənədli filmin, gözəl teatr tamaşlarının istedadlı yaradıcısı olan, hər gün Sumqayıtdan Bakıya yol ölçməkdən yorulmuş Rövşən Almuradlı nədənsə bizim hörmətli nazirliyimizin diqqətindən ardıcıl və anlaşılmaz bir şəkildə kənardadır. Böyür-başından keçirib hələ haqqı olmayanlara adlar verilir, şərait yaradılır, amma Rövşən yada düşmür! Doğrudanmı yada düşmür, yoxsa ona da mane olan “Cavad xan” filmində nümayiş etdirdiyi aydın milli mövqeyidir?!
Rafiq Əliyev
Rafiq Əliyev

Əlbəttə ayağı, cismi, qazancı milli dövlətdə ola-ola fikri, düşüncəsi, danışıq dili ilə rus-sovet tərbiyəsindən, köhnələrin xiffətindən qopa bilməyənlər üçün tarixə bu cür obyektiv yanaşmaları dərk etmək çətindir. Ancaq nə edək? Məgər milli dövlətin milli mədəniyyət siyasəti belə adamların ümidinə qalmalıdır?

Niyə vətəndaşın birinə aş, o birinin başına daş? Nəticədə bütün bunların əhalini narazı saldığını və ölkədəki ümumi mühiti zəhərlədiyini görmək bu qədərmi çətindir?
Yazmaya da bilərdim bu barədə. Amma xırda görünən və ya haqqında susmağa üstünlük verilən məsələlər yan-yana düzüləndə, bir silsilə yaranır. Özünü gözə soxmaq, hakimiyyətin qulağına gecə-gündüz “Səni məndən çox istəyən yoxdur, yerdə qalanlar düşməndir, məndən əl götürən kimi səni aşıracaqlar” nəğmələri oxuyan adamların riyakarlığı, bir qism vəzifə sahiblərinin mədəni səviyyəsinin aşağı olması, dövlət və ədalət prinsiplərindən, qanunlarımızdan və beynəlxalq hüquqdan, milli dəyərlərdən, hakimiyyəti qoruyub gücləndirməyin fəlsəfəsindən xəbərsizlikləri, tarixdən ibrət dərsi almamaları, heç olmasa, öz yedikləri çörəyin qədrini bilməmələri də belə dözülməz hadisələrin ortaya çıxmasında rol oynayır, şübhəsiz…

Biz bunun nümunələrini Xalq Cümhuriyyətinin qurucularına, o cümlədən, Məmməd Əmin Rəsulzadəyə, yaxın keçmişimizə, 1988-ci ildən başlanan hadisələrə, hətta ədəbiyyatımızın, müstəqil mətbuatımızın tarixinə münasibətdə də görürük. Bunlar milli əxlaqa, mənəviyyatımıza, milləti millət edən mənəvi dəyərlərə ciddi yara vurur, inamsızlıq, etimadsızlıq mühiti yaradır; bu işə rəvac verənlər özləri hiss etmədən öz oturduqları budaqları kəsirlər... Heç nəyin cəzasız qalmadığı, bu gün qurduğunu sabah uçuran dünyada öz hökmünü əbədi saymaq, “bizim”, “sizin” ayrımçılığının uzun sürə davam edəcəyinə inanmaq, xalqın rəyinə etinasızlıq sadəlövh adamların işi ola bilər... Ölkədə yalnız iqtidar-müxalifət, dogma-yad, varlı-kasıb ayrımçılığının fövqündə dayanan, milli əxlaqa bağlı, heç kimin haqqını tapdalamayan, ədalətli münasibətlər sistemi yaranandan sonra hamı rahat nəfəs ala bilər - zirvədəkilər də, ətəklərindəkilər də! İndiki halda belə görünür ki, zirvədəkilərin belə bir qayğısı yoxdur. Onlar özlərini əbədi sayır və nə vaxtsa onlara da “bizim adam deyil” təfəkkürüylə yanaşıla biləcəyini düşünmürlər...

1973-cü ildə yazdığım “İşıq ömrü” adlı bir poemam var. Böyük aktyorumuz Hüseyn Ərəblinskiyə həsr edilib. Ordan XX yüzilin əvvəllərindəki Bakıya həsr edilmiş misralar düşür yadıma:

Bakı əsəbi idi, tərs idi, hirsli idi,
Bakının nişanəsi pula hərisliyiydi.
Atanı övladından döndərən inamsızlıq,
Qardaşı qardaş ilə vuruşduran qansızlıq
Bakı söhbətlərinin gözüydü, çeşməsiydi,
Bakı bütün dünyaya pulun öcəşməsiydi…

("Sağ ol, ana dilim”, Bakı-1983, səh., 184)

Tarix təkrar olunur. Ancaq indi Bakı müstəqil dövlətimizin paytaxtıdır və onun yenidən “neft və milyonlar şəhəri"nə çevrilməsinə sevinirik. Lakin aydınlarımızın yenidən Hüseyn Ərəblinski taleyini yaşamasını, sənətiylə salonları ayağa qaldıra-qaldıra müalicə puluna möhtac olmasını istəmirik. Bakı varlansın, bəzənsin, ancaq kapital bütün dəyərlərin başına keçməsin.

Pul millətə öcəşməsin, onun kimliyini müəyyənləşdirən böyük insanları, əsil ziyalıları ayaq altına atıb xışlamasın… Mən "əsil" deyirəm, ona görə ki, adını "aydın" qoyan adamların bir hissəsini, xüsusən də sel öz bogazına çıxanda xalqı yada salanları, on illər iqtidara yalaqlıq edib, sonra payı kəsiləndə haqq yoluna qayıdanları, bizlər döyüləndə tamaşaçı olan, ancaq özlərinin işləri dolaşan kimi bizdən və millətdən imdad umanları əsil ziyalı saymıram…

Dünyanın hər üzünü görmüşük və görürük. İkili standart, ögey-doğmalıq göz qabağındadır. İşlərimiz daşdan çıxır. Düşmənimiz çoxdur. Qarabağın işğalı iyirmi ildən artıqdır davam edir. Güneyin də başında qara buludlar dolaşır. Fars şovinizminin milli kimliyi unutdurma siyasəti azmış kimi, indi də PKK silahlıları qara pulların və silahın hesabına Qərbi Azərbaycan, Urmiyə torpaqlarına doluşmaqdadırlar. Gələcək taleyimizi biz düşünməsək, kim düşünəcək? Bütün bu problemlərin, sorunların həlli milli birlikdən, vətəndaş həmrəyliyindən keçir…

Bu gün hakimiyyət mərkəzdənqovma siyasətindən əl çəkib millətin ayıq, düşünən insanlarını öz ətrafına yığmağa (hələ körpülər tamamilə yandırılmayıbsa) çalışmalıdır. Böyük milli konsepsiya hazırlayıb onu addım-addım həyata keçirmək zamanıdır. Hakimiyyətin milli ideologiya adına təqdim etdiyi yazılardan bir şey çıxmaz. Çünki onlar birtərəflidir, bütün xalqı əhatə eləmir və milli barış ruhundan uzaqdır… Siyası partiyalara etimad sürətlə azalır, çünki onların mövqeləri ümumxalq mövqeyindən çox, qrupların mövqeyidir, yalniz hakimiyyət ehtiraslarına köklənib və bu gün cəmiyyətimizin bəlasına çevrilmiş düşmənçilik, bir-birini aşağılamaq ovqatıyla yoğrulub.

Belə bir məqamda görkəmli elm, sənət, mədəniyyət xadimlərini dışlamaq yox, böyük strateji mərkəzlərdə bir araya gətirmək lazımdır. Milli istiqbal naminə intellekt sərvəti ilə maddi sərvətlər bir-birinə yardımçı olmalıdır. Biz bir-birimizi bəyənməyə, kimlərəsə “bizdən olmayan” damğası vura bilərik, amma hamımızın olan Vətənin naminə bir yerdə olmaqdan başqa yolumuz yoxdur…

Sabir RÜSTƏMXANLI
Yeni Müsavat
XS
SM
MD
LG