Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:55

Tofiq Hüseyn. Şeirlər


Tofiq Hüseyn
Tofiq Hüseyn
-

On-line Azərbaycan ədəbiyyatı kitabxanasından


Tofiq Hüseyn

Hasar

Maşallah, bu da bir təzə tapıntı
Milyonçu qəsd edir yenə varına.
Hasarlar çəkilir, qala yapılır
Dəniz qırağına, yol kənarına.

Avropanı dolan, Asiyanı gəz
Hasar görəmməzsən kövşəndə, düzdə.
Yüz hambal yığışa qaldıra bilməz
Məşədi İbadı bu hasar üstə.

Memar baş sındırır, məmur qazanır
Gəmilər fit verir, qatar görünmür.
Hasardan bu yana asfalt uzanır,
Hasardan o yana nə var, görünmür.

Bəlkə ürəklərdə ocaq qalanır
Bir oğlan bır qızı seçir o üzdə.
Bəlkə qəbirstana tabut yollanır,
Bəlkə toy karvanı keçir o üzdə.

O üzdə nə uçur, nələr tikilir
Mən həmin nələri görə bilmirəm.
Bəlkə kənd salınır, şəhər tikilir
O kəndi, şəhəri görə bilmirəm.

Hasardan o üzdə nə var mənimdir,
İmarət mənimdir, bulvar mənimdir.
Villa tikilibsə tikən sağ olsun,
Körpü çəkilibsə çəkən sağ olsun.
O üzün yaxşısı, pisi mənimdir,
O üzün tüstüsü, hisi mənimdir.
Mən niyə görməyim mənim olanı,
Torpaq becərəni, dəryaz çalanı.
Quzu otaranı niyə görməyim.
Naxır qaytaranı niyə görməyim.
Gözün gördüyünə yasaq nə lazım
Bu yurda bu qədər hasar nə lazım.

Hasara bürünüb yolun hər yanı
Dar yolda gözümə qaranlıq çökür.
Gözə heç nə dəymir göydən savayı
Bizə göylər qalıb, göylərə şükür.


MƏN ÇOX ALDANMIŞAM ...

Məni aldatmaqdan asan nə var ki,
Vaxt olub uşaq da aldadıb məni.
Bu qoca dünyada təbiət sanki
Elə aldanmaqçün yaradıb məni.

Mən çox aldanmışam bu həyatımda,
O qədər
O qədər—
Yoxdur qədəri.
Zamanın hər anı, hər saatı da
Aprelin biridir məndən ötəri.

İnsana inamla köklənib sazım,
O mənimlə yaşar, nə qədər sağam.
Arxadan badalaq atmaq nə lazım,
Çop atsan qarşıma yıxılacağam.

Qədrini bilirəm qışın, yazın da,
İlhamla qoşayam hər səhər, axşam.
Bu dünya üzündə bircə qızın da
Gəzən olduğuna inanmamışam.

Könül uşaqlığı qoy yada salsın
Cırtdan neçə dəfə aldadıb məni.
İşıq gələn tərəf bir yana qalsın,
İt hürən tərəf də aldadıb məni.

Ceyranın inamı ayaqlarına,
Maralın inamı buynuzunadır.
Ceyran ayağından düşər tələyə,
Maral buynuzundan ilişib qalır.
Məni də inanıram öz ürəyimə
Məni də tələyə ürəyim salır.


VASİLİ ŞUKŞİNƏ

Yaman kədərliyəm, Vasya, kədərli
Könlümə haradan qonub bu kədər
Əllərim, saçlarım tütün ətirli
Səni düşünürəm, Vasya, bu səhər.

Günəş göy üzündən baxır qıyqacı
Şəfəqi ruhumu bəzəmir qəti.
Zorla bitirdiyim iydə ağacı
Sizin kalinaya bənzəmir qəti.

Bir inək geriyə qalıb naxırdan
Çöldə ot-ələf yox,tayada yonca.
Inan zəhləm gedir şirin çaxırdan
Bir az olsa idi vurardım ancaq.

Biz, böyüməmişik şah sarayında
Kəndçiyik, yurdumuz kövşən, çöl-bayır.
Vəhşi göyərçinlər dən harayında,
Tox anac həyətdə qağanaqlayır.

Bir qərib kədər var qəmli könüldə
Bilmirəm heç necə danışım, dinim.
Qonşunun küçüyü təndir külündə
Şən-şən ağnayırsa, niyə sevinim.

Ötən Mersedesə baxmıram heç mən
Sahibi bir dükan yığıb içinə.
Əclafın sırtıqlıq yağır üzündən
Nə sən vecinəsən, nə mən vecinə...


YOLDAŞ- SƏNİ KİM APARDI

Uşaqlığın ötüb keçən
O maraqlı, o qəribə çağlarında
Bir maraqlı oyun vardı—
yoldaş səni kim apardı.
Neçə uşaq bir xəlbirdə
silkələnib ələnərdik,
dəstələrə bölünərdik.
Bu dəstədən o dəstəyə
Soxulardı düşmən, yağı.
Aparardı bir yoldaşı
Gözübağlı, qolubağlı.
Bu dəstədən o dəstəyə
səs qopardı:
-- Yoldaş səni kim apardı?
Bu sualı tapmayanın
Çatmazdı heç nə hayına.
Şillə düşər, çırtma düşər,
lopax düşərdi payına.

İndi daha böyümüşük
dəyişilib yaddaşımız.
Boylanırıq sola-sağa
yoxdur neçə yoldaşımız
Köhnə dostlar, qulaq asın
Bilməsəniz qoy mən deyim.
Bizi bizdən aparan kim,
Dəstəmizdən qoparan kim?
Bir yoldaşın dəyişilib
əynindəki köhnə donu.
Dəyişilib vəzifəsi,
Cüt-cüt olub telefonu.
Vəzifənin qəlibində
qəliblənib salamı da
qəliblənib cürəti də,
Hörməti də, yalanı da.
Bu yoldaşı nə vaxt görsən
işi ümman, vaxtı dardı.
Bizsə ondan soruşmuruq:
-- Yoldaş, səni kim apardı?

Bir yoldaşın ailəsi
Həddən artıq böyük olub.
Bir balaca külfət dönüb.
Ordu olub, bölük olub.
Bir uşağın paltosu yox,
Bir uşağın ayağına
Geyindiyi çəkmə dardı.
Bizsə ondan soruşmuruq:
-- Yoldaş, səni kim apardı?

Bir yoldaşın gen dünyası
Bir balaca evə dönüb
Səhər işə tələsibdir,
axşam olcaq evə dönüb.
Düşünməyib dövranı o,
Düşünməyib zamanı o,
Düşünür ki, təzələsin
Evindəki servantı o.
Evindəki divanı o.
Getdiyi yer lap uzağı
ya mağaza, ya bazardı.
Bizsə ondan soruşmuruq:
-- Yoldaş, səni kim apardı?

Köhnə dostlar, köhnə dostlar
Belə işlər, belə işlər.
dağıdıbdır dəstəmizi
Bu vərdişlər, bu gərdişlər.
Birimizi dağ havası,
birimizi söz davası,
Birimizi kasıbkarlıq
Birimizi nəfsi darlıq
Birimizi şöhrət hayı,
Birimizi qayğı sayı,
aparıbdır, aparıbdır.
Bizi bizdən qoparıbdır
dəstəmizdən qoparıbdır.


İNFARKT KEÇİRMİŞ ÜRƏYİMƏ DEDİYİM AĞI

Görürəm,yoluma duman sürünür,
Dumana qaya ol, dağ ol, ürəyim.
Yaşadığın ömür ürək ömrüdür,
İnfarkt olduğunçün sağ ol, ürəyim.

Sən ürək deyilsən, dürsən, sədəfsən
Heyf ki, yoruldun bu son pillədə.
Ürəyim, o qədər aydın hədəfsən,
Səndən yan keçməyib bircə güllə də...

Ruhum yaşamaqçün ümüdlər dilər
Ürəyim fələyə erkən can verir.
O xanım hardasa sevinə bilər,
Bir vaxt atdığı ox indi qan verir.

Bağışla ürəyim, günahkaram mən
Yüklədim çiyninə min dərdi-səri.
Bilirdim ki, axır dözməyəcəksən
Fil çəkə bilməzdi sən çəkənləri.

Bir az gecikibdir bu dərd, bu düyün,
Əvvəldən qədrini biləydim gərək.
Ayaqlar altına atdığım üçün
İndi ayağına düşmüşəm, ürək..


QIZLAR GÖZƏLLƏŞİR...
BİZ QOCALIRIQ

Qızlar gözəlləşir...
Biz qocalırıq
Ömür uçub gedir, qayıdan deyil.
Vallah, bu çalğını nahaq çalırıq
O, yatan taleyi oyadan deyil.

Ömür ötüb gedir, ömür yarıdır,
Durna gəncliyimiz uzaq diyarda
Saçımız elə bil quzey qarıdır,
Qızların baxışı üşüyür orda.

Oğlanlar- qızların ardınca kölgə
Gedərlər-gələrlər yol axan olmaz.
Güləşsək onları udarıq bəlkə
Fəqət bu uduşa xal yazan olmaz.

Nə qədər insafsız olur təbiət
Nə xeyri, alçalır, ya ucalırıq.
Milyon təsəlli var, bircə həqiqət
Qızlar gözəlləşir...
Biz qocalırıq.


Əlimin üstünə baxdım...

Əlimin üstünə baxdım
Gördüm ki, dərim qırışır.
Əcəl əlimin üstündən
Üzümə baxıb qımışır.

Gəl ay bu dünyaya gələn
Gəl, mənim yerim boşalır.
Canımda yağ əridikcə
Bədəndə dərim boşalır.

Biri deyər bu dəridən
Bir yaxşı qaval çıxacaq.
Biri deyər çıxsa bundan
Bir yekə çuval çıxacaq.

Canımda sümük əriyir
Dumana, çənə dönürəm.
Bir yekə çuval içində
Bir ovuc dənə dönürəm.

İndi deyim, bir az sonra
Başımı huş aparacaq.
Bu dəni çölə atmayın,
Atsanız quş aparacaq.

Bir ovuc dən toxum olub
Bir boş tarlaya səpilər.
Dərim də çölə atılmaz
Dərimə saman təpilər.
XS
SM
MD
LG