Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:36

Qarayaxmalarla bağlı «ruhu çıxarılmış qanun layihəsi»


Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı
Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı
-
«Azərbaycan hökuməti «Diffamasiyadan müdafiə haqqında» qanun layihəsindən ifadə azadlığı üçün önəmli maddələri çıxararaq ekspertiza üçün Venesiya Komissiyasına göndərib».

Media Hüquqları İnstitutu ilə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun birgə bəyanatında belə deyilir. Hər iki qurum bu durumdan bərk narahat olduğunu bildirir.

«MÜBAHİSƏ DOĞURAN ƏSAS MƏSƏLƏ»

Bəs layihədən çıxarılan və narahatlığa səbəb olan nədir? Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı:

«Mübahisə doğuran əsas məsələ Cinayət Məcəlləsindən nüfuzun qorunması, yəni diffamasiya ilə bağlı maddələrin çıxarılmasıdır. Hökumət son zamanlar həmin maddələrin bəzisini ağırlaşdırıb. Bununla da hökumət verdiyi vədlərdən, götürdüyü öhdəliklərdən qaçdığını göstərir. Diffamasiya ilə bağlı cinayət məsuliyyəti qaldıqca hökumət bundan özünüsenzura və tənqidi jurnalistikaya qarşı istifadə imkanlarını saxlayır».

KOMPENSASİYALARI MƏHDUDLAŞDIRAN MADDƏ LAYİHƏDƏ YOXDUR

Qanun layihəsindən çıxarılan 2-ci mühüm maddə kompensasiyalarla bağlıdır. Rəşid Hacılının sözlərinə görə, həmin sənəddə nüfuzun qorunması ilə əlaqədar mülki işlərdə kompensasiyaların məbləği məhdudlaşdırılırdı. Amma artıq bu maddə qanun layihəsində yoxdur. Həmin maddə nəyə görə vacib idi? Rəşid Hacılı deyir ki, adətən, Azərbaycanda tənqidi mediaya qarşı sifarişli və ağır kompensasiya qərarları çıxarılır:

«Məsələn, «Azadlıq» qəzetinə qarşı son işləri yadımıza salaq. Kəbirə Məmmədova və Tağı Əhmədovla bağlı işlərdə məhkəmə mənəvi zərərə görə birində 30, o birində 32 min manat kompensasiya təyin edib. Kompensasiyaların məbləği mütləq məhdudlaşdırılmalıdır. Çünki bu məhdudlaşdırma olmasa, jurnalistin üzərinə min-iki min manat, qəzetin üzərinə 20-30 min manat kompensasiya məbləği qoyula biləcək. Bu da onların sıradan çıxarılması deməkdir. İkincisi, bu, ədalətsizlikdir. Azərbaycan qanunvericiliyinə görə, özəlliklə ağır cinayətdən zərərçəkənə hökumət 1650 manatadək, ağır cinayətdən zərər görənə 825 manatadək kompensasiya ödəyir».

Rəşid Hacılının sözlərinə görə, hər iki maddənin qanundan çıxarılması təhlükəlidir və bunlarsız diffamasiya haqda qanun effektsiz olacaq.

«QANUN LAYİHƏSİ BU İKİ NƏHƏNG SÜTUN ÜZƏRİNDƏ QURULMUŞDU»

Arif Əliyev
Arif Əliyev
«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyevin fikrincə, bu halda qanun layihəsi ruhu çıxarılmış bir sənədə bənzəyir:

«Kənardan baxanda hər şey qaydasındadır, üst-başı tər-təmizdir, amma içi yoxdur. Diffamasiya haqda qanun layihəsi bu iki nəhəng sütun üzərində qurulmuşdu. Azərbaycan rəsmiləriylə beynəlxalq qurumlar, eyni zamanda bizim də hökumətlə aramızdakı mübahisə bundan ibarətdir ki, diffamasiya məsələsi mülki məcəllə üzrə araşdırılmalıdır, o dekriminalllaşdırılmalıdır. Yəni Cinayət Məcəlləsindən diffamasiyaya aid maddələr çıxarılmalıdır. İkincisi də, diffamasiyaya görə cərimələrin ağlabatan həddi müəyyənləşdirilməlidir. Bu iki bənd olmadan digər dəyişikliklər yalnız kosmetik xarakterlidi».

Media ekspertləri və hüquqşünaslar deyirlər ki, hökumətin Venesiya Komissiyasına təqdim etdiyi layihədən sözügedən maddələrin çıxarılması Konstitusiyaya, prezidentin imzaladığı «Milli fəaliyyət proqramı»na ziddir. Bu addım Avropa İnsan Haqları Konvensiyasının tələbləri, Avropa Şurasının və Avropa Məhkəməsinin ifadə azadlığı standartları ilə də bir araya sığmır və Azərbaycanda ifadə azadlığına cid­di təhlükə doğurur.

Beləliklə, ekspertlər hökuməti sözügedən qanun layihəsini olduğu kimi saxlamağa və yenidən beynəlxalq ekspertizaya təqdim etməyə çağırırlar.
Bu çağırışa hökumətin cavabı nə olacaq?

«ÇƏKİC YERİNDƏ QALANDA... »

Ziyafət Əsgərov
Ziyafət Əsgərov
Rəsmilərdən cavab ala bilməsək də, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov son çıxışlarının birində demişdi ki, ölkə diffamasiya haqda qanun qəbul etməklə bağlı Avropa Şurası qarşısında öhdəlik götürməyib. Ziyafət Əsgərov onu da söyləmişdi ki, Azərbaycan diffamasiya haqda qanunun qəbuluna hazır deyil: «Cəmiyyəti o həddə gətirmək olmaz ki, özləri «samosud» («məhkəməni əvəzləmək» mənasında – Ş.B.) etsinlər».

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev bədgüman deyil. Düşünür ki, ümid yeri var və hökumət, əvvəl-axır, irəliyə doğru addımı atacaq. Ancaq o, dəyişikliklərin seçkilərədək gerçəkləşəcəyinə inanmır.

Media hüquqçusu Rəşid Hacılı hökumətin göndərdiyi qanun layihəsində proqressiv və əhəmiyyətli maddələr olduğunu söyləsə də bu sözləri də əlavə edir: «Jurnalistlərin başına vurulacaq çəkic yerində qalanda, o biri məsələlər öz əhəmiyyətini itirir».

Mətbuat Şurasının sədri Əflatun Amaşov AzadlıqRadiosuna deyir ki, hər iki maddə Venesiya Komissiyasına göndərilən variantdan çıxarılsa da, hələlik hökumətlə bu yöndə müzakirələr gedir. Onun sözlərinə görə, parlament komitəsindəki müzakirələrdə yekun qərar veriləcək.

«Diffamasiyadan müdafiə haqda» qanun layihəsi ötən il vətəndaş cəmiyyətinin və ATƏT-in Bakı ofisinin iştirakı ilə hazırlanmış və hökumətə Mətbuat Şurasının adından təqdim edilmişdi.

Hökumət bu sənədi 2012-ci ilin sentyabrında Venesiya Komissiyasına beynəlxalq ekspertizaya göndərmişdi.

Layihə 2013-cü il mayın 22-də açıqlayıb.
XS
SM
MD
LG