Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:40

Əlilsənsə, ərizəni yaz?


-
«Bir neçə ay əvvəl dedilər ki, qaz sahəsi xatalı olduğuna görə əlillər burda işləyə bilməzlər. İndi də günaşırı yadımıza salırlar ki, müqavilənizin vaxtı bitmək üzrədir, ərizənizi yazın, işdən çıxın».

Əhməd Rəhmanov Qarabağ əlilidir. Nəsimi rayon qaz istismar sahəsində operator çalışır. Deyir, «Azəriqaz» İstehsalat Birliyinin rəhbərliyi əlillərlə əmək müqavilələrinə yenidən baxılması barədə əmr verib. Bu əmrin bir zərbəsi də ona dəyib. Rəhbərliyindən xəbərdarlıq alıb ki, əlil olduğuna görə özünə başqa yerdə iş axtarsın.

«DEYİRLƏR, ÖZ XOŞUNUZLA İŞDƏN ÇIXIN»

«17 il o idarədə işləmişəm. «Azəriqaz» Dövlət Neft Şirkətinə keçəndən sonra bir qanunsuzluq edib, bütün əlillərlə müqaviləni pozdu və hamımızla qısamüddətli - birillik müqavilə bağladı. İndi həmin müqavilənin müddəti başa çatmaqdadır. Deyirlər, sizinlə müqavilə uzadılmayacaq. Əlil burda işləyə bilməz. Yaxşısı budur, öz xoşunuzla ərizənizi yazın, işdən çıxın».

Rza Quliyev
Rza Quliyev

«GƏLİN, BİR-BİRİMİZİ BAŞA DÜŞƏK»

Ancaq «Azəriqaz»da ərizə yazması tələb olunan əlil təkcə Əhməd Rəhmanov deyil. Nəsimi rayon qaz istismar sahəsində 12 ildir operator çalışan Əli Səfərov da işsiz qalmaq təhlükəsi ilə üzləşib:

«Deyirlər ki, qaz təsərrüfatında partlayış təhlükəsi olduğuna görə bizim sizi burda işlətməyimiz qanunsuzdur. Gəlin, bir-birimizi başa düşək, ərizənizi yazın».

Suraxanı qaz istismar sahəsində 15 il çilingər çalışmış 3-cü qrup əlil Rza Quliyev bir neçə gün əvvəl işdən çıxarılıb. Dediyinə görə, rəhbərlik ona da əlil olmasını xatırladaraq ərizə yazıb işdən çıxmasını təklif edib. O isə razılaşmayıb və... rəhbərlik özü əlil əməkdaşını əmrlə işdən çıxarıb:

ƏMRDƏ BAŞQA SƏBƏB GÖSTƏRİLİB

«Mənə deyirdilər ki, əlilsən, burda işləyə bilməzsən. Qanun buna yol vermir, ərizə yaz, işdən çıx. Mən razılaşmadım. O günlərdə rəisin əmri ilə işdən çıxarıldım. Əmrin surətini alanda gördüm ki, orda əlilliyimə görə işdən çıxarılmağım barədə heç nə yoxdur. Yazılıb ki, «müqavilə müddəti bitdiyinə görə işdən çıxarılır». Vəssalam».

Rza Quliyev deyir ki, uzun illər qaz idarəsində çalışsa da, 2010-cu ildə onunla qısamüddətli müqavilə bağlanıb. O müqavilənin müddəti iki il əvvəl bitib və uzadılmayıb. Son iki ili hansı hüquqi əsasla işlədiyini özü də bilmir.

«Azəriqaz» İstehsalat Birliyinin Hüquq Departamentindən və Kadrlar İdarəsindən işçilərin əlilliyə görə işdən çıxarılmasını doğru saymadılar. İşçilərlə qısamüddətli müqavilə bağlanması məsələsinə isə açıqlama vermədilər.

ARDNŞ: «GƏLSİNLƏR, KONKRET ARAŞDIRAQ»

Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli də əlilliyə görə işdən çıxarılmaqla bağlı şikayət almadıqlarını söyləyir:

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı
«Bizə nə şifahi, nə yazılı belə bir məsələ daxil olmayıb. İşləyə bilmək, işə yararlılıq onların sənədlərində qeyd olunur. Hüquqşünaslarımız var, gəlsinlər, konkret araşdıraq».

Neftçilərin hüquqlarını müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlı «Azəriqaz»ın əlil işçilərlə qısamüddətli müqavilələr bağlamasını qanunsuz sayır:

«Heç kəs qısamüddətli müqavilə bağlanmasını istəmir. İşçini qorxudurlar ki, ya budur, ya da xoşun gəlmir, bağlama. Buna görə də hər il «Azəriqaz»da yüzlərlə əməkdaş işini itirir. Bəyəm «Azəriqaz»da qaz çıxarmaqdan başqa heç bir iş yoxdur? Əlilliyə uyğun o qədər yüngül işlər var ki... İstəsələr, əlilləri işsiz qoymazlar».

Azərbaycan qanunlarına görə, dövlət idarələrində işlə təmin edilən 25 nəfərdən biri əlil olmalıdır.
XS
SM
MD
LG