Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:48

AŞPA prezidenti: «Azərbaycanda elə bir inkişaf var ki, bunu görməmək mümkün deyil»


Jean-Claude Mignon
Jean-Claude Mignon
-

«Hazırda Azərbaycanda elə bir inkişaf var ki, bunu görməmək mümkün deyil. Heç kim Azərbaycanda baş verən bu dəyişiklikləri inkar edə bilməz. Bu gün bizim Azərbaycanda gördüyümüz odur ki, kifayət qədər addımlar atılıb, məsələn, işsizlik 50 faizdən 6 faizə endirilib. Bu kifayət qədər mütərəqqi addımdır və beynəlxalq səviyyədə də özünü göstərir. Eyni zamanda biz onu da xüsusilə vurğulamalıyıq ki, Azərbaycan bu regionda güclü strateji əhəmiyyətə malikdir və bu, bizim üçün vacib məsələdir».

APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Jean-Claude Mignon deyib.

Eyni zamanda Avropa Şurasının da Azərbaycanla bağlı bəzi kriteriyalarının olduğunu bildirən PA prezidenti qeyd edib ki, bir çox üzv ölkələrdəki kimi Azərbaycanda da elə sahələr var ki, orada hələ görüləsi işlər var və bununla bağlı proqres davam etdirilməlidir: «Ancaq bizim Azərbaycan hakimiyyətindən gördüyümüz odur ki, onlarda güclü iradə var ki, bu sahələrdə böyük irəliləyişlər əldə etsinlər. Amma tarixi də unutmaq olmaz, yenicə demokratiyaya qədəm qoymuş bir ölkədən nəyisə çox istəmək düzgün deyil. Avropa Şurasının səlahiyyəti ondan ibarətdir ki, yardımlar etsin və öz təcrübəsini bölüşsün. Mələsən, korrupsiyaya qarşı, çirkli pulların yuyulmasına qarşı mübarizə ilə bağlı, insan hüquqları ilə bağlı bizim əlimizdə çox güclü vasitələr var ki, digər üzv ölkələr kimi Azərbaycanın bundan yararlanmağa da səlahiyyəti çatır».

2013-CÜ İL DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ÜÇÜN MÜSTƏSNA İL SAYILA BİLƏR

«Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə Alt Komitəsi artıq fəaliyyətini dayandırıb, biz bunun əvəzinə yeni istiqamət tapmağı düşünürük».

AŞPA prezidenti Jean-Claude Mignon qeyd edib ki, şəxsən Dağlı Qarabağ məsələsinin həlli istiqamətində tamam başqa addım atmağa çalışır: «Çalışıram ki, sessiyalar ərzində, həmçinin başqa toplantılarda həm Azərbaycanın, həm də Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbərlərini bir araya gətirərək, Dağlıq Qarabağla bağlı üçlükdə ciddi müzakirələr aparaq. Bu müzakirələrdən başqa, mən ATƏT-in Fransadan olan həmsədri ilə mütəmadi əlaqə saxlayıram, hadisələrin gedişatı ilə bağlı ondan mütəmadi məlumatlar alıram. Bizə elə gəlir ki, 2013-cü il müstəsna il sayıla bilər. Belə ki, bu il hər iki ölkəyə - Ermənistan və Azərbaycana xüsusi imtiyazlar yaradır ki, bu məsələdə konkret addımlar atsın. Bu il ona görə müstəsna il sayılır ki, Ermənistan və Azərbaycan bu il ardıcıl olaraq Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edirlər. Nazirlər Komitəsi yarananda əsas məqsədlərdən biri də o olub ki, münaqişələrə yol verilməsin, mövcud münaqişələr təcili həllini tapsın.

Demək istədiyim odur ki, bu mənada bu il Azərbaycan və Ermənistan üçün şans yaranıb. Onlar bu şansdan istifadə edib, bu tarixi məqamı dəyərləndirib, münaqişənin həlli ilə bağlı konkret addım atsınlar.

2013-cü il eyni zamanda ona görə əlamətdar ildir ki, 50 il əvvəl Fransa ilə Almaniya arasında münaqişənin həlli ilə bağlı «Yelisey müqaviləsi» imzalanıb. Azərbaycanla Ermənistan da «Yelisey müqavilə»sinin 50 illiyi münasibətilə nümunə olaraq, münaqişənin həlli ilə bağlı sülh müqaviləsi imzalaya bilər. AŞPA-da hər iki tərəfi barışdırmaq və bu məsələdə razılıq əldə olunması üçün bütün imkanlar var».
XS
SM
MD
LG