Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:30

Günel Mövlud. Ədəbi azadlıq olmayanda


Gunel Movlud
Gunel Movlud
-

Demokratiyası, azad iqtisadiyyatı olmayan ölkələrdə heç bir şirkət sahibinin, bank, dükan sahibinin durub özbaşına ədəbi müsabiqələri maliyyələşdirməyi mümkün deyil.

Müsabiqədə bir müxalifət yönümlü yazar yer qazanar, iki günə həmin şirkət, bank, dükan sahibinin hər şeyini əlindən alarlar.



Günel Mövlud


ƏDƏBİ AZADLIQ OLMAYANDA


Yaşadığım Gürcüstanda əhalinin çox kitab oxumağı ilə yanaşı ədəbiyyata bağlı xeyli ürəkaçan hadisələr var.

Məsələn, burada banklar, şirkətlər ədəbiyyat müsabiqələri keçirir. Qalib gələn yazarlara pul mükafatları ayırır. Buna görə də hər il müxtəlif yeni adlar, imzalar ortaya çıxır.

Tiflisdə şərab dükanları şəbəkəsinin sahibi həm də kitab dükanları işlədir. İldə bir dəfə tədbir keçirir və kitabı çox satılan yazarlara bahalı şərablar hədiyyə edir.

Məsələ şərabda deyil. Adamlar az məbləğlə, xırda hədiyyələrlə ədəbi hadisələr yaradır, kitaba, ədəbiyyata diqqət çəkirlər.

Təbii, belə şeylər o ölkələrdə baş verir ki, orada demokratiya olsun, azad iqtisadiyyat olsun. Demokratiyası, azad iqtisadiyyatı olmayan ölkələrdə heç bir şirkət sahibinin, bank, dükan sahibinin durub özbaşına ədəbi müsabiqələri maliyyələşdirməyi mümkün deyil. Müsabiqədə bir müxalifət yönümlü yazar yer qazanar, iki günə həmin şirkət, bank, dükan sahibinin hər şeyini əlindən alarlar.

Qısaca bir misal gətirim. Rejissor, kinoşünas Ayaz Salayev bir dəfə mənə «Yarasa» filmini necə çəkdiyini danışdı. Ayaz müəllim həmin vaxt hakimiyyətdə olan Əbülfəz Elçibəyə müraciət eləyərək, ondan filminə pul ayırmağını xahiş eləyir. Elçibəy deyir ki, sənə dövlətin büdcəsindən pul ayırmağa imkan yoxdur, amma bir iş adamına tapşıraram, sənə pul ayırar. Bəy sözünün üstündə durur. Bir biznesmen Ayaz Salayevə film çəkməyə pul ayırır. Həmin pullarla A.Salayev «Yarasa» filmini çəkir. Sonra film beynəlxalq festivallardan birinin əsas mükafatını qazanır. Ayaz Salayev həmin pulla özünə Bakıda ev alıb. İndi o həmin evi kirayəyə verməklə dolanır, uşaqlarını oxudur.

Həmin xatirəni mənə danışanda Ayas Salayevin son sözləri belə olmuşdu:

- Mən hələ də Əbülfəz Elçibəyin çörəyini yeyirəm...

Demək istəyirəm ki, ölkədə azad iqtisadiyyat, azad pullar olmadığından azad, müstəqil ədəbiyyat müsabiqələri də demək olar ki, yoxdur. Ümidmiz ildə bir dəfə Azadlıq Radiosunun keçirdiyi «Ədəbi Azadlıq» müsabiqəsinədi...
"Ədəbi Azadlıq" müsabiqəsinin prizləri
"Ədəbi Azadlıq" müsabiqəsinin prizləri

Hər il bu müsabiqəyə şeir, hekayə təqdim eləyərək, iyirmiliyə, onluğa düşən imzaları oxuyuram. Hər il, heç olmasa özüm üçün bir imza kəşf eləyirəm. Bu il də oxudum. Müsabiqədə seçilənlərin arasında özümə yaxın adamlar olduğundan adlar çəkməyi qeyri-etik sayıram. Ona görə də ümumiləşdirmələrlə danışmağa məcburam.

Hər il olduğu kimi, bu il də gördüm ki, ədəbi gəncliyin əsas problemi yenə də özünü ifadədə rahat ola bilməməsidir. Eqoları, iddiaları böyükdür. Ədəbiyyata qəfildən, özü də Dostoyevski, Bodler, Göte kimi gəlmək istəyirlər. Yığcam bir şeirdə, xırda bir hekayədə bəşəriyyətin problemini həll eləmək istəyirlər. Tanrı, həqiqət, bəşəriyyət, insanlığın böyük problemləri... Özü də hər şey mücərrəddi, bilmirsən, nə demək istəyirlər, nədən şikayətlənirlər, bunları narahat edən nədir?

Eqoları, iddiaları imkan versə, klaviaturanı taqqıldadanda yazar pozası almasalar, görərlər ki, xırda bir yazıda bəşəriyətin milyon illik problemin həll eləmək mümkün deyil. Heç ədəbiyyat da bu deyil. Tanrıya müraciət yazmaqdansa, göy üzü ilə, buğda zəmisi ilə söhbət eləməkdənsə, ən xırda şeylərdən yapışıb, ciddi ədəbiyyat yazmaq olar.

Həyat xırda hadisələrdən, xırda sevinclərdən, qısa kədərlərdən, məyusluqlardan, ötəri hisslərdən ibarət olduğu kimi, ədəbiyyat da xırda müşahidələrdən, pafossuz ifadələrdən yarana bilir.

Özlərini sərbəst buraxıb, Tanrıdan, Göy üzündən, buğda zəmisindən, həqiqətin yalana qalib gəlməyindən deyil, ayaqqabılarının bağından, pencəklərinin düymələrindən, yaşadıqları blokdan, yaşıdlarından, öpüşməklərindən-filandan səmimi yaza bilsələr, ədəbiyyat elə bu olacaq.

Sonda Xaqani Hassın bir şeirindən yazımın mövzusuna uyğun bir parçasını paylaşmaq istəyirəm. Uğurlu nümunə kimi.

Bəzən dişlək vurub,
masaya qoyduğun çörəkdə
Yarıya qədər içdiyin
bir fincan çaydadır uzaq...
Çörəyin dişləmində
Çayın yarımlığında...
XS
SM
MD
LG