Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:40

İlham Əliyev: «Azərbaycan tam sərbəst media və internet məkanıdı» [Yenilənib]


İlham Əliyev
İlham Əliyev
-

ELMAR MƏMMƏDYAROV: «AZƏRBAYCAN VƏ ABŞ ARASINDAKI MÜNASİBƏTLƏR MƏHSULDAR ƏMƏKDAŞLIĞA ƏSASLANIR»

«Azərbaycan və ABŞ arasındakı münasibətlər məhsuldar əməkdaşlığa əsaslanır. Ölkələrimiz arasında mövcud olan möhkəm əlaqələrin tarixi keçmişi var». APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən «Azərbaycan-ABŞ: Gələcəyə baxış» adlı forumda çıxışında deyib.

Nazir bildirib ki, müstəqil Azərbaycan dünyada ilk müsəlman demokratiyası olaraq beynəlxalq ictimaiyyətə nümunə göstərib. O qeyd edib ki, ABŞ demokratik cəmiyyətin qurulması və Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək verir. E. Məmmədyarovun sözlərinə görə, 20 il əvvəl alovlanan Dağlıq Qarabağ münaqişəsi ölkə iqtisadiyyatının inkişafına problem yaratsa da, hazırda Azərbaycan regionun lideridir: «Hazırda Azərbaycan iqtisadiyyatı bölgə iqtisadiyyatının ümumi həcminin 80 faizindən çoxunu təşkil edir».

Elmar Məmmədyarov
Elmar Məmmədyarov
E. Məmmədyarov Azərbaycan və ABŞ-ın həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıq etdiklərini söyləyib: «Azərbaycan beynəlxalq birliyin terrorçuluqla mübarizəsinə tam dəstək verir. Biz sülhməramlı əməliyyatlarda iştirak edərək bu istiqamətdə bir sıra addımlar atmışıq. Azərbaycan avroatlantik cəmiyyətin dəyərlərini bölüşür».

Nazir Azərbaycan üçün əsas problemin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olduğunu vurğulayıb: «Bu münaqişənin həlli çox vacibdir. Ermənistanın qeyri-konstruktiv mövqeyi təkcə Azərbaycana yox, Ermənistanın əhalisinə də zərər verir. Münaqişənin həlli bütün bölgəyə sabitlik gətirəcək».

E. Məmmədyarov Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini bir daha diqqətə çatdırıb.

İ. ƏLİYEV: «SİYASİ İSLAHATLAR BİZİM GÜNDƏMİMİZDƏDİR»

Mayın 29-da Bakıda «Azərbaycan-ABŞ: Gələcəyə baxış» adlı forum işə başlayıb.

APA-nın məlumatına görə, forumda Azərbaycan və ABŞ-dan dövlət və hökumət nümayəndələri, parlamentarlar və ekspertlər iştirak edirlər.

Tədbirin açılış mərasimində çıxış edən prezident İlham Əliyev ABŞ-Azərbaycan əlaqələrindən danışıb, ikitərəfli münasibətlərdə iqtisadi və təhlükəsizlik məsələlərinin ön planda dayandığını deyib:

«Biz təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edirik və Azərbaycan hərbçiləri Əfqanıstanda sülhyaratma proseslərində iştirak edir. Azərbaycan Əfqanıstana daşınan yüklərin 40%-ni nəql edir və bizim marşrut ən təhlükəsiz marşrutdur. Terrorizmlə mübarizəyə də Azərbaycan öz töhfəsini verir».

ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynadığını deyən prezident təəssüflə qeyd edib ki, bu sahədə hələ də nəticə yoxdur: «İnanırıq ki, ATƏT-in Minsk Qrupu çərçivəsində bu məsələ dinc yolla həllini tapacaq».

ABŞ rəhbərliyi səviyyəsində «status-kvo»nun qəbul edilməzliyinin vurğulandığını deyən prezident Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq təhlükəsizliyə təhdid olduğunu bildirib: «Sovet İttifaqı dövründə ermənilər Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb və işğalçılıq siyasəti yürüdüb, Azərbaycan xalqı ermənilər tərəfindən soyqırımına məruz qalıb. Artıq ABŞ-ın bir sıra ştatları Xocalı soyqırımını tanıyıb».

Prezident vurğulayıb ki, münaqişənin həlli Cənubi Qafqazda inkişafa səbəb olacaq.

Dövlət başçısı Azərbaycanın Cənub Qaz dəhlizi layihəsində aparıcı dövlət olduğunu və bu layihənin ABŞ tərəfindən də dəstəkləndiyini vurğulayıb: «Bu layihə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Bu, enerji mənbələrinin diversifikasiyası üçün önəmlidir. Biz nəhəng qaz yataqları kəşf etmişik. Düşünürəm ki, Azərbaycan-ABŞ əlaqələri 90-cı illərin ortalarında olduğu kimi mühüm əhəmiyyət daşıyır».

Prezident qeyd edib ki, Azərbaycan bu ildən kosmik ölkəyə çevrilib və kosmosa öz peykini göndərib. O, Azərbaycanın tam sərbəst media və internet məkanı olduğunu, internet istifadəçilərinin sayının hər il artdığını vurğulayıb:

«Hər bir ölkə tam azad internet məkanı deyil. Siyasi islahatlar bizim gündəmimizdədir. Bu islahatlar uğurlu sosial və iqtisadi nailiyyətlərlə tamamlanmalıdır. Bizim İslam ölkələri arasında böyük nüfuzumuz var. Eyni zamanda Avropa Şurası ilə sıx əlaqələrimiz mövcuddur».

Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, xarici işlər naziri Elmar Məmmədyarov, maliyyə naziri Samir Şərifov, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov, ABŞ Konqresinin üzvləri, ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar, ABŞ Hərbi Hava Qüvvələrinin generalı, sabiq Nəqliyyat Komandanı Duncan McNab və digər şəxslər iştirak edirlər.
XS
SM
MD
LG