Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:58

Şahnaz «qızıl onluğu» tanıdır: İki yazıçı övladı+iki yeni sima


Yeganə Kərimzadə
Yeganə Kərimzadə
-

Yeganə Kərimzadə: "Bu hekayəni göz yaşı içində yazmışam".

Ayxan Ayvaz: "Ona görə də Aslan Quliyevi, Azad Qaradərəlini anlamaq olar".

Hacı Hacıyev: "İndi Azərbaycan ədəbiyyatında dünya səviyyəsinə çıxarılacaq humanizm nümunələri var".

Firudin Həsənov: ""Başla” Hərəkatının üzvüyəm, elmi-maarifləndirici hərəkatdır".



“Ədəbi Azadlıq-2013” müsabiqəsinin hekayə nominasiyasında finalçılarını yaxından tanıyaq.

Buna həsr edəcəyimiz “Pen klub”ların birincisində mən qısa siyahıdan 4 yazara – Yeganə Kərimzadə, Ayxan Ayvaz, Hacı HacıyevFirudin Həsənova söz verdim.


"BU HEKAYƏNİ GÖZ YAŞI İÇİNDƏ YAZMIŞAM”

Şahnaz Bəylərqızı:

- Yeganə xanım, niyə yaşı yüzü haqlayan Xeyransa xanımın hekayətini yazmağa qərar verdiz?

Yeganə Kərimzadə:

- Həmin hekayə yazılan gün aprelin biriydi, hamı deyib gülürdü. Amma məni ağlamaq tutmuşdu. Bilmirəm nəydi o. Birdən-birə bəy qızı olan rəhmətlik nənəmin taleyini düşündüm. Qonşumuzda olan Qızbacı xala vardı, o da xanım idi, onun taleyini düşündüm. Ən əsası da Sara xanım, Zeynalabdin Tağıyevin qızının taleyini düşündüm. Bilmirəm, nədənsə bütün bu qadınlar birdən-birə ürəyimə doldular. İnanırsız, bu hekayəni göz yaşları içində yazmışam. Özü də bir neçə saatın içində. Nöqtəsinə toxunmadan da müsbaiqəyə göndərdim

Ş.Bəylərqızı:

- Bu nəticəni gözləyirdinizmi?

Y.Kərimzadə:

- Bilmirəm, mən özümə arxayınam. Mən heç hekayəni müsabiqəyə göndərmək istəmirdim. Amma bir anda oldu, hekayənin yazıldığı kimi. Nəticələri gözləmirdim də. Təsadüfən gördüm, iyirmilik açıqlanıb, baxanda öz adımı da gördüm… Hekayənin qəhrəmanı Xeyransa neftxuda qızı olub. Sovetlər gəlir, hakimiyyət dəyişir, körpə vaxtından həyatın bütün çətinliklərindən keçən, neçə övladını basdıran, atasını, 7 qardaşını itirən qadındır. O, doğulanda atası həyətdə tut ağacı basdırır və deyir ki, səni yüz yaşa, qızım da səninlə bərabər. Həqiqəən də o tut ağacı ilə eyni vaxtda həyatını dəyişir. Bunu oxumaq lazımdır.

Ayxan Ayvaz
Ayxan Ayvaz


“ONA GÖRƏ DƏ ASLAN QULİYEVİ, AZAD QARADƏRƏLİNİ ANLAMAQ OLAR"

Ayxan Ayvaz:

- Mən hekayəmi Tbilisidə olanda yazmışdım. Gürcü Datikonun ölümünə azərbaycanlı qadının reaksiyası ilə başlayır. İstəmişəm ki, ölümə gürcü və azərbaycanlının reaksiyasını göstərim. Mən bu hekayənin üstündə dörd ay işləmişəm. Hekayəmi Azadlıq Radiosuna müsabiqəyə əsər qəbulunun bitməsinə iki gün qalmış göndərmişəm. Dostum Mövlud Mövluda oxutdurmuşdum, dedi ki, hekayədə keyfiyyət dəyişikliyi var. Yazıçı Şərif Ağayar da hekayə haqda xoş sözlər dedi. Bütün bunlardan sonra qərar verdim ki, hekayəmi müsabiqəyə göndərim. Özümə də əminiydim. Əminiydim ki, hekayəm yer tutacaq, hətta üçlüyə düşəcəyinə də inanıram.

Ş.Bəylərqızı:

- Kimi özünüzə rəqib görürsüz?

A.Ayvaz:

- İyirmilik açıqlananda gördüm ki, Aslan Quliyevin, Azad Qaradərəlinin, Yeganə xanımın adları var. Bu adamlar mənim yaşım qədər yazıb-yaradıblar, peşəkardırlar. Mən fikirləşirdim ki, Cavid Zeynallı, Mövlud Mövludla, Kəramət Böyükçöllə mübarizə apara bilərəm. Amma sonradan başa düşdüm ki, onların da günahı yoxdur, Aslan Quliyev, Azad Qaradərəli Ayxan Ayvaz yaşda – 21 yaşda olanda bu cür müsabiqələr olmayıb və ya çap olunmayıblar. Ədəbi iqtidarın istəyilə müsabiqələr keçirilirdi, onlar da istədkilərini qalib edirdilər. Azadlıq Rdaiosunun müsabiqəsi ən ciddi müsabiqələrdəndir. Ona görə də Aslan Quliyevi, Azad Qaradərəlini başa düşmək olar. Rəqib də elə onları görürəm.

Y.Kərimzadə:

- Mən buna oyun kimi, müsabiqə kimi baxmıram. Mən istəyirəm gənclər qalib gəlsinlər. Biz sadəcə, onlara dəstək olmağa gəldik. Mən birinci dəfədi bu müsabiqəyə qatılıram.

A.Ayvaz:

- Mən bu müsabiqəyə daha əvvəl iki dəfə qatılmışam. Bir dəfə şeir iyirmiliyinə düşmüşdüm.

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı


"ATAM O QƏDƏR "TƏSLƏSMƏ" DEDİ Kİ. MƏN GECİKDİM"

Ş.Bəylərqızı:

- Bir az, Yeganə xanım, sizi yaxından tanıyaq. Bilirik ki, Fərman Kərimzadənin qızısız...

Y.Kərimzadə:

- Yeganə Kərimzadə gözünü açandan ədəbi proseslərin içindədir, yaradıcılqla məşğuldur. Peşəkar ədəbiyyatçıdır… Atam həmişə deyirdi ki, qızım, yazını çap etməyə tələsmə. Atam o qədər "tələsmə" dedi ki, mən gecikdim… “Bayıl simfoniyası” adlı kitabım çıxıb. İkinci əsərim - “Şah” çap prosesindədir. İndi İranda iki əsərim çapa hazırlanır. Türkiyədən kitabımın çapı ilə bağlı təklif almışam. Ssenarilər üzərində işləyirəm. Gürcüstanda ssenarim əsasında film çəkilib. İranda müştərək işimiz olmalıdır, Şah İsmayılın həyatından bəhs edən “Şah” romanı əsasında serial çəkilməlidir. Sadəcə, dəstəyimiz yoxdur, dəstək axtarırıq.

Ş.Bəylərqızı:

- İranda və Azərbaycanda Şah İsmayıla fərqli yanaşmalar var, bunu necə uyğunlaşdırmısız?

Y.Kərimzadə:

- Uyğunlaşdırmışam. Öz bildiyim kimi yaratmışam. Burda şah obrazı və bugünkü İsmayıl, yəni həm o İsmayıl, həm bu İsmayıl var, birdən-birə 2062-ci ilə gedib çıxırıq. Mistika çoxdur. Maraqlı romandır, məncə. Özü də yaza-yaza Şah İsmayıldan "xeyir-dua aldım", onun qəbrini ziyarətə getdim, sonra davam etdim.

A.Ayxan:

- Mənimlə Yeganə xanımı yalnız müsabiqənin onluğuna düşməyimiz bağlamır. Mən də onun kimi yaradıcı ailədə dünyaya gəlmişəm. Mənim atam Eyvaz Əlləzoğlu yazıçı olub.Yeganə xanımın sözü olmasın gözümü açıb yazı-pozu, kitab görmüşəm. Gənc yaşımdan yazmağa başlamışam. Bu hekayə ilə hiss edirəm ki, artıq mən peşəkarlığa gedən yoldayam. Əvvəl həvəskar kimi yazırdım. Bir də mətbuatda köşə yazarı kimi çıxış edirəm, tərcümələr edirəm. Bakı Slavyan Universitetinin məzunuyam.

“ƏKRƏM ƏYLİSLİ DESƏYDİ Kİ..."

Ş.Bəylərqızı:

- Ədəbi prosesi izləyirsizmi?

A.Ayvaz:

- Gənclərdən Cavid Zeynallının, Mövlud Mövludun, Kəramət Böyükçölün nəsr potensilaını yüksək qiymətləndirirəm. Şeirdə Qismət maraqlı imzadır, Mirmehdi Ağaoğlunun gözəl romanları var. Yaşlılardan Əkrəm Əylisli ən çox sevdiyim yazıçıdır. İndi başı qalmaqaldadır. Mən Əkrəm Əylislini oxuyaraq yazmağa başlamışam. İstərdim ki, bu hekayəmə də Əkrəm Əylisli baxsın. Hətta istədim zəng vurum ki, oxusun. Ancaq başı qarışıq olduğundan açığı çəkindim. Onun fikri mənim üçün çox önəmlidir. Əkrəm Əylisli desəydi ki, yaxşı hekayədir, orda-burda artıq mən yazıçıyam deyə bilərdim.

“ATAM YAZMAĞIMI AÇIQ-AŞKAR İSTƏMİRDİ”

Ş.Bəylərqızı:

- Dinləyici yazır ki, sən istedadlı yazıçı Eyvaz Əlləzoğlunun ailəsində böyümüsən, atan yazıçılıqdan bir şey qazanmadı, sən necə, hazırsanmı ədəbiyyatın çətinliklərinə?

A.Ayvaz:

- Mən ədəbiyyata qazanc kimi baxmamışam. İçimdəki sıxıntını yazmaq, paylaşmaq istəmişəm. Eyvaz Əlləzoğlu maddi baxımdan heç nə qazanmadı. Amma bir yazıçı kimi tanındı, çoxları ona hörmət edir. Mən də istərdim ki, kimlərsə məni oxusun, bu elə mənə qazancdır. Ədəbiyyatın çətinlikləri deyəndə, mən bunu lap uşaq vaxtından görmüşəm, atamın timsalında. Atam 1980-ci illər nəslidir. O nəslə qiymət verilmədi. 1960-cı illər nəsli buna imkan vermədi. Çap olunmaq imkanları aşağı idi. Atamın ədəbiyyatdakı çətinlikləri ailəyə daşınmışdı. Mən yazmağa başlayanda deyirdi ki, ədəbiyyat çətin yerdir, burda hər adam qala bilmir, yazmağımı açıq-aşkar istəmirdi. Ancaq qaçış mümkün deyildi, yazmadan dura bilmirəm.

“AMMA MƏN İSTƏRDİM Kİ, OĞLUM YAZIÇI OLSUN”

Y.Kərimzadə:

- Ədəbiyyat özünü həsr etməkdir. Səni bu dünyadan alıb başqa dünyaya aparır. Bir də görürsən, qohum toyudur, məclisdir, mən ora gedə bilmirəm. Masa məni özünə o qədər bağlayır ki, ayrıla bilmirəm o dünyadan, onunla yatır, onunla durursan. Sən heç vaxt tək deyilsən. Ədəbiyyat budur. Atamda da bunu görmüşəm. Sosial çətinliklər də olur, atam ailənin həm böyüyü idi, həm də yox. Çox vaxt öz kabinetində qapalı qalırdı. “Çaldıran döyüşü”nü yazanda döyüş səhnələrinə görə 3 gün otaqdan çıxmadı. Mən otağına çay aparmışdım, səsimə başını qaldırdı, gözü qan rəngində idi. Heç başa düşmədi mən ona nə dedim, o çaylar da orda qalır soyuyurdu. Bu dünyadan təcrid olunursan. Amma mən istərdim ki, oğlum yazıçı olsun.

Hacı Hacıyev
Hacı Hacıyev


“NƏTİCƏ RUHLANDIRIR, AMMA..."

Hacı Hacıyev:

- Vallah, mənim müsabiqəyə təqdim etdiyim hekayədən böyük gözləntim yox idi. Amma onluğa düşüb. Deyilənə görə, təsirli olub, ağlayanlar olub. Hekayə üzərində uzun müddət düşünülməyib. Gerçək hadisə deyil. Sadəcə, bəzi priyomlar var, onlar əsərin əvvəlcədən uğurunu təmin edir. Əsas odur ki, bunu düzgün şəkildə əlavə edəsən. Yəni belə. Mən Azadlıq Radiosunun bundan qabaq da keçirdiyi müsabiqədə iştirak etmişdim. Birinci dəfədir onluğa düşdüm.

Ş.Bəylərqızı:

- Üçlüyə düşəcəyinizi gözləyirsizmi?

H.Hacıyev:

- Hekayənin oxunma sayı çox oldu. Hələ səsverməyə çıxarılmazdan qabaq ən çox bəyənilən “Şampun” idi. Rəqib? Oxunma sayına görə mənim hekayəmdən sonra “Monoton” hekayəsi gəlirdi… Bütün hekayələr yaxşıdır, hamısına uğur azrulayıram. Qoy güclü qalib gəlsin… Mən əslində özümü yazıçı saymıram. Mənim daha çox publisistik yazılarım olub.

Ş.Bəylərqızı:

- Hacı, publisistikadan peşəkar yazıçılığa keçə bilərsizmi? Nəticə sizi ruhlandırırmı?

H.Hacıyev:

- Nəticə ruhlandırır. Ancaq bu bir az ilham məsələsidir, gərək gəlsin... İndi Azərbaycan ədəbiyyatında gözəl proseslər gedir. Xüsusən də 2000-ci illər nəsli yaranandan sonra ədəbiyyatda çox pozitiv, cəmiyyətə təsir edən, onu dəyişən dalğa yaranıb. Yeri gəlmişkən, Ermənistanda və Gürcüstanda bu daha zəifdir. Yəni post-sovet dövründə bu cür pozitiv, proqressiv, avropasentrik, sekulyar ədəbi dalğanın ən uğurlusu Azərbaycandadır. Mən bildiyimə görə, Ermənistanda həmin dalğanın yaranmasına səbəb Azərbaycan ədəbiyyatında gedən proseslər olub. İndi Azərbaycan ədəbiyyatında dünya səviyyəsinə çıxarılacaq humanizm nümunələri var. Biz çox şeylə fəxr edə bilməsək də, bununla fəxr edə bilərik.

Ş.Bəylərqızı:

- Gələk sizin planlarınıza.

H.Hacıyev:

- Yəqin mən hələ hekayələr yazacam. Elə böyük planlarım yoxdur. Roman-zad yazmaq fikrində deyiləm. Daha çox publisistika və hekayə janrında nəsə ola bilər.

A.Ayvaz:

- İyulda əsgər gedəcəm. Qayıdandan sonra hekayələr kitabı çıxarmaq istəyirəm. Bir də roman yazıram, iki aydır başlamışam. O romanın necə olacağını, nə zaman bitəcəyini deyə bilmərəm. Mənim üçün çətin olacaq. Cavan insanın aldığı travmalardan söhbət gedir. Burda siyasi proseslərin də, ailədaxili münaqişələrin də təsiri var. Romanda həmin gəncin bu mənəvi travmalardan xilas cəhdləri var…

“ROMAN YAZMAĞA TƏLƏSMƏK LAZIM DEYİL”

Y.Kərimzadə:

- Daim işləyirəm. “Oyun” adlı əsərim əsasında serial çəkilişləri başlayıb. Məni maraqlandıran daha çox romanlardır, yaşımım belə vaxtıdır. Görək də… Məncə, gənc yaşda roman yazmaq tezdir. Roman yazmaq üçün gərək nəyisə yaşaya, görə, dəyər verəsən. Roman yazmağa tələsmək lazım deyil. İndi roman bumu yaşanır. Zamanla bunlar ələnəcək. Məsələn, mənim nə xoşuma gəlmir. Romanı kimdənsə sitatla başlayırlar. Bu mənə çatmır.

A.Ayvaz:

- Cek London “”Martin İden”i 27 yaşında yazıb. Təcürbəni gənc yaşdan da qazanmaq olar, həyat səni elə vəziyyətə salar ki, 40 yaşındakından təcrübən üstün olar. Amma Yeganə xanımla razıyam ki, indi gənclər roman bumuna qoşulmaq üçün yazırlar, içdən gəlmir. Sadəcə, bu dəbdir. İstərdim gənclər hekayə yazsınlar.

Ş.Bəylərqızı:

- Ayxan, Yeganə xanımın dediklərindən sonra içində roman yazmaqla bağlı tərəddüd yaranmadı?

A.Ayvaz:

- O romanın yazılıb ortaya çıxması sual altındadır. Ola bilər, o hissləri tam verə bilməyim, yarımçıq qalsın. Neçə dəfə olub ki, nəsə alınmayıb cırıb atmışam.

Y.Kərimzadə:

- Onu ömründə edə bilmərəm.

Firudin Həsənov
Firudin Həsənov


"İYİRMİLİYƏ DÜŞMƏSİNİ BELƏ GÖZLƏMİRDİM"

Firudin Həsənov:

- Mən psixoloji, elmi əsərlər mütaliə edirəm. Məncə, oxucuya qısa hekayədə daha çox informasiya vermək lazımdır. 500 səhifəlik romanların vaxtı keçib artıq… Onluğa düşən “Nürnberq və ya B/1” hekayəmsə Almaniyaya iş dalınca gedən psixoanalitik haqdadır. Onun orda ağır pasienti olur. Onun qeyri-adi xəstəliyi var, keçmişi yada sala bilmir. Nəsə xatırlayır, amma həyatda olmayan şeylərdir, uydurmadır bunlar. Pasient əslində həkimdən daha ağıllı çıxır, keçmişi xatırlamadığı üçün bütün qavramlara yox deyir. Başqa nə deyim. Düzü, bu mənim ilk hekayələrimdəndir. Daha çox məqalə yazıram. İyirmiliyə düşməsini belə gözləmirdim. Düşünürdüm ki, fərqli yöndə yazmışam, bu yöndə yazan azdır, amma gözləmirdim yenə də…

Ş.Bəylərqızı:

- Bİr qədər geniş tanıyaq sizi. Sənətiniz nədir?

F.Həsənov:

- Neft Akademiyasında oxuyuram, energetika fakültəsinin tələbəsiyəm, dördüncü kursdayam. 21 yaşım var, ixtisas seçimim kor-koranə olub, 17 yaşımda seçmişəm. Daha çox ədəbiyyata, psixologiyaya marağım var. “Başla” Hərəkatının üzvüyəm, elmi-maarifləndirici hərəkatdır. Elmi videoları Azərbaycan dilinə tərcümə edirik.

Ş.Bəylərqızı:

- Bundan sonra hansı yöndə gedəcəksiz? Ədəbiyyat, yoxsa elm?

F.Həsənov:

- Düzü, məncə, elmdə bölgü aparılmamalıdır, bu bir bütövdür. Həyatı, tanrını anlamaq istəyənlər üçün həyat, elm bölünməzdir. Ədəbiyyat sahəsində yazan fizikadan da, psixologiyadan da təsirlənə bilər. Konkret seçdiyim sənət yoxdur. Rejissorluğa, tərcüməçiliyə marağım var. Bu gün belədir. Bəlkə gələcəkdə hansısa sahə cəlb etdi ora getdim. Yazıçılıq davam edəcəkmİ? Yəqin maraqlı mövzular olsa yazaram. 12-liyə düşənləri təbrik edir, uğurlar arzulayıram.

izlə
XS
SM
MD
LG