Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:56

Saratovdan Yaşar Bünyad: "Onluğa düşəndə uşaq kimi sevinirdim"


Yaşar Bünyad
Yaşar Bünyad

"Ədəbi Azadlıq-2013" müsabiqəsinin onluğuna keçmiş şair Yaşar Bünyadla söhbət

-

"Ədəbi Azadlıq-2013" müsabiqəsinin onluğuna keçmiş şair Yaşar Bünyadla söhbət


- Yaşar bəy, ilk üçlüyə düşəcəyinizə ümid edək?

- Ümid edirik.

- Sizi dinləyicilərimizə tanıdaq.

- Məktəb illərindən şeirlər yazmışam. Ara-sıra mətbuatda da çap olunmuşam. Hətta sovet dövründə bir dəfə 3 manat qonorar da almışam. Şamaxı şəhərində “Şirvan” qəzeti vardı. Orda çap olunmuşdu şeirim. O 3 manatı mən bəlkə 5 il saxladım kitabın arasında. Ehtiyacım da yox idi. Həm də sevindirdi məni qonorar almağım. Yazmağa həmişə yazıram. Son vaxtlar müəyyən problemlər çıxdı, yazıya fikir vermədim. Vətəndən uzaq düşdüyüm kimi ədəbiyyatdan da bir az uzaq düşdüm. Ancaq qürbətdə də yazırdım. Vətən, qürbət mövzusunda yazırdım. Bu mənim üçün geniş anlayışdır. Azadlıq Radiosunun saytının daimi oxucusuyam. Təsadüfən müsabiqə keçirildiyini gördüm. Risk elədim şeirlərimi göndərdim. İyirmiliyə düşənə qədər qohum-əqrəba, evdəkilər də bilmirdilər ki, müsabiqəyə qatılmışam. İyirmiliyə düşəndə çox sevindim və evdəkilərə də açıqladım. Onlar da təbii sevindilər. Daha sonrasını gözləmirdim. Onluqda adımı görəndəsə sevincimin hədd-hüdudu yox idi, uşaq kimi sevinirdim. Ömrümdə ilk dəfəydi müsabiqəyə qatılırdım. Müsabiqələrdən kənar adamam.

- Niyə müsabiqələrə qatılmırdız?

- Mən Azərbaycanda keçirilən müsabiqələr haqda həmişə oxuyuram. Həmişə oxuyurdum ki, müsabiqələrdən narazılıq var, real keçirilmir. AzadlıqRadiosundan çox şey gözləyirdim. Bəlkə də riskimin səbəbi bu oldu. Nəticəni də gördüm. Mövzu azadlığı var. Burda münsiflər bilinmir, gizli səsvermə keçirilir. Məni tanımadan səs verdilər, bununla da iyirmiliyə, onluğa düşdümsə AzadlıqRadiosu gözümdə birə on artdı. Bundan sonra “oxuzalı.az” mənim ən sevimli portalım olacaq.

- Siz Rusiyada yaşayırsız. Orda yazı-pozu ilə məşğul ola bilirsizmi?

- Bəli, sovet dövründən Saratov şəhərindəyəm. Vəziyyət gərginləşdi və ailəmlə ora köçdüm. Uşaqlar da orda oxudular, ali təhsil aldılar. Yazı belədir ki, mənim ruhumla cismimin əlaqəsindən yaranır. Nə vaxt onlar birləşirsə yazı yaranır.

- İndiyədək neçə şair yazmısız? Hesablamısız?

- Yox. Mən şeir yazmaq haqda fikirləşməmişəm. Məsələn, bu gün oturum filan mövzuda şeir yazım deməmişəm. Bayaq dediyim kimi cismimlə ruhumun məhəbbətindən poeziya yaranır. Yaranırsa və beş, on, yüz adam onu oxuyursa, qiymət verirsə sevinirəm. Mənə elə gəlir poeziya elə olmalıdır ki, onu oxuyan adam “mən də yazsaydım belə yazardım” desin. Heç kəs haqda tənqidi fikrim yoxdur. Çoxlarını tanımıram, Azərbaycan ədəbiyyatından uzaq düşmüşəm. Hamı ilə demək olar ki, qiyabi tanışlığım var. Ancaq bu müsabiqədə bir neçə yazarın şərhlərini oxuyub qeydlər götürürdüm, bəzilərinə hətta emosional cavablar yazmışdım. Sonra da peşman oldum. Bəlkə qəriblikdə yaşadığım üçün inciklik yarandı məndə. Mən heç kəsin yazısına pis deyə bilmərəm. Bunun üçün münsiflər var.

- Kimsə sizin şeirlərinizə pis demişdi?

- Yox, pis deməmişdi. Orda fikirlər səsləndirilmişdi ki, filankəslər olmasaydı, filankəslər olsaydı daha yaxşı olardı. Götürdüm filankəslərin əsərlərini bir daha oxudum. Ad çəkmirəm, amma elə bil yaponcadan tatar dilinə sətri tərcüməydi. O mənə poeziya kimi yox, elmi triptix kimi göründü. Poeziyada bədənlə ruh birləşməsə poeziya alınmaz. Qarşına məqsəd qoy ki, bu gün azadlıq haqda yazacam, onda şeir yaranmayacaq, sadəcə, yazı olacaq.

- Saratovda ətrafınızda yazı-pozu adamları varmı? Yoxsa yad mühitdir?

- Hardasa on il qabaq yazarlar var idi. Sonra soyudular, Azərbaycana qayıtdılar, maraqlanmamışam daha yazırlar, ya yox. Orda azərbaycanlıların “Vətən” cəmiyyəti var, üzvlərimiz burdan alınan nəsr, poeziya kitablarını müzakirə edirlər. Dilimizdən, ədəbiyyatımızdan uzaq düşmürük. Orda gənclər arasında ədəbiyyatımıza daha çox maraq var. Bir də indi internet var, Saratovda, ya Amerikada otur, Azərbaycandan kimi istəyirsən oxu, müzakirə et.

- Azərbaycan ədəbi mühitini tam izləyə bilirsizmi? Təəssüratınız nədir?

- Oxuyuram. Mənzərə də aydındır. Müasir ədəbiyyatdan Ramiz Rövşəni oxuyuram, Zahid Sarıtorpaq yerlim, “Facebook” dostum olduğu üçün daha çox izləyirəm. Aqşin Yeniseyin bir neçə yazısı çox xoşuma gəlir. Son vaxtlar Rasim Qaracanı oxumağa başladım. Belə...

- Nasirlərdən kimləri oxuyursuz?

- Elçini, Əkrəm Əylislini, Çingiz Abdullayevi oxumuşam. Bəlkə də mövzu yaxınlığı var. Rusiyada azərbaycanlı yazıçı deyən kimi hamı Çingiz Abdullayevin adını çəkir. Bütün kitab dükanlarında onun kitabı var. O da fəxrimizdir bizim. Başqası yoxdur. Sovet dövründə Nizaminin “Xəmsə”si, “Aləmdə səsim var” kitabları satılırdı, ancaq indi yoxdur. Tambovda qohumlarımıza baş çəkməyə getmişdik. Bir rus evinə girdik. Qabilin “Nəsimi” poemasını rus dilində gördüm. Doluxsundum əvvəl. Qabil mənə doğmadır bəlkə də ona görə. Mən ilk şeirlərimi qorxa-qorxa ona göstərmişəm. O da deyib: “Yaz, bala”. Bəlkə də ona görə ürəklənmişəm. O kitabı orda görəndə düşündüm ki, rus onu oxuyursa, deməli, həqiqətən böyük şairdir.

- Kitabınız varmı?

- İki kitab çap etdirmişəm. Bilirsiz ki, gərək indi Yazıçılar Birliyində olasan sənin kitabını çap edələr. Elə dövrdür ki, hərə öz yazdığını çap etdirir. 1992-ci ildə “Baharı da soyuq olur qürbətin” kitabım çap olunub, dostların dəstəyi ilə. 2008-ci ildə “Mənimlə zarafat eləmə, dünya” adlı kitabım çıxdı. Satirik şeirlər də var, ana, vətən, qürbət haqda da. Bir də Xocalı soyqırımı haqda “Haray” adlı poema yazmışam.

- Onluğa düşən başqa şeirləri də oxumusuz yəqin. Necədir siyahı? Müqayisə edə bilirsizmi?

- Mən müəllifləri müqayisə edə bilmirəm. Hərə öz istedadına görə yazır. İyirmilikdə güclü şeirlər vardı, ancaq onluğa düşmədilər. Bir neçəsinə görə təəssüfləndim. Hekayə iyirmiliyində də heyfsləndiyim yazarlar olub. Hekayələri daha çox izlədim. Məndə son vaxtlar nəsrə maraq oyanıb, çoxdan toparladığım mövzuları yazmaq istəyirəm. Onluqdakı “Xeyransa” hekayəsi xoşuma gəldi, bir də “Lal çayın sahilində” hekayəsi.

- Nəsr yazmaq həvəsi nə vaxtdan yaranıb?

- Altı ildir ki, məndə indi dəbdə olan sözlə desək möhtəşəm mövzu var. Əsərin adını da fikirləşmişəm: “İblis busəsi”. Qarabağ döyüşlərindən başlamış Rusiyaya qədər bir dostumun həyatını yazmaq istəyirəm. Yəqin alınar... İndiyədək cəmi bir hekayə yazmışam: “Bahalı kişi”. Azərbaycandan Rusiyaya gedən kişinin sərgüzəştidir, yumoristik səpkilidir. Çap etdirməmişəm. Dostlar oxuyub gülüblər.

- Rusiyada kitaba maraq varmı?

- Ruslar oxuyurlar. Düzdür, sovet dövrü ilə müqayisədə zəif oxuyurlar. Amma azərbaycanlılar heç oxumurlar. Burda metroda bir adamın əlində kitab görmədim. Rusiyada metroda, tramvayda, avtobusda 100 adamdan 90-da kitab olur. Bəzən bu görüntü xarakteri də daşıyır. Ancaq kitab mağazalarında həmişə növbə olur.
XS
SM
MD
LG