Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:50

Rəsul Rza yazıçıları ittiham edir və ittiham olunur (37-ci il mətbuatı)


Rəsul Rza
Rəsul Rza
-

İttiham edir:

"Əhməd Cavad, Hüseyn Cavid, Talıblı, Musaxanlı, Sanılı, Yusif Vəzir və bir sıra bunlar kibi hər zaman saxta deklorasiyalarla ortaya çıxıb, əsl həqiqətdə isə bir düşmən kibi ədəbiyyatımızda ziyançılıq aparan ünsürlərin ədəbi təşkilatımıza soxula bilmələri Yazıçılar İttifaqı rəhbərliyi və onun işinə məsul olan partiyalı, komsomolçu və partiyasız yoldaşların əbləhlik xəstəliyi olan qayğısızlığa tutulduqlarından iləri gəlmirmi?"

İttiham olunur:

"Halbuki Averbax və ümumiyyətlə RAPP rəhbərliyi bizim ədəbiyyatda az “propaqanda” edilməmişdir. Mehdi Hüseyn, Rəsul Rza bu “propaqanda”nın ən görkəmli nümayəndələri olmuşdur. Əcəba bu yoldaşlar öz kobud səhvlərini bir yerdə əsaslı surətdə tənqid etmişlərmi?"



“Oxu zalı”nda 1937-ci ilin mətbuatından götürüb çap etdiyimiz belə yazılar kimlərisə gözdən salmağa yönəlməyib, məqsəd, sadəcə, repressiyalar dövrünün ab-havası haqda təəssürat yaratmaqdır. Qoy nəticəni oxucu özü çıxarsın. Rəsul Rza bu məqaləni Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiqin həmin il iyunun 4-dəki həbsindən bir neçə gün sonra yazıb (yazıda yalnız Müşfiqin adı çəkilmir). Həmin nömrədə səhifənin başından iri hərflərlə “Pravda” qəzetindən sitat verilib: “Ədəbi-bədii təşkilatların və birinci növbədə Sovet Yazçılar İttifaqı işinin ən mühüm nöqsanı bolşevik sayıqlığının kütləşməsidir” və orada Səməd Vurğun, Osman Sarıvəlli, Abdulla Faruq və digərlərinin də müxtəlif yazarlar haqda ittihamedici məqalələri yer alıb.


Rəsul Rza


DÜŞMƏNLƏRƏ QARŞI AMANSIZ OLALIM


RAPP* və onun “prinsipləri” uğrunda mübarizə aparan Az.APP-ın ədəbi yaradıcılıq praktikasına verdiyi ziyanlar axıra qədər araşdırılmalıdır. Diversant Averbaxın çap olunmuş əsərləri və onlardan alınan sitatlarla ədəbi teoriyamıza aşılanan “fikirlər” kökündən qazılmalıdır.

Bu yolda ayrıca səy göstərən və napostovçuluq bayrağını bərk saxlamaq uğrunda qan-tərə batanlar yox deyildi.

Son zamanlara qədər tənqid sahəsindən kontrrevolyusioner Əli Nazimlərin səsi gəlirdi.

Gündə bir dona girən bu xamilyon mahir casuscasına maskalanaraq ardı-arası kəsilməyən “səhvlər”ini etiraf edir, etibara soxulmağa müvəffəq olurdu.

Şübhəsiz ki, Əli Nazimlə apardığımız uzun və kəskin mübarizəyə baxmayaraq onun bir sınfi düşmən olduğunu son zamanlara qədər açıb göstərə bilməmək və bəzən onun etiraflarının “səmimiyyətinə” belə inanmaq revolyusyon sayıqlığımızın lazımınca olmadığını göstərir. (R.Rza, Süleyman Rüstəm, İ.Mirzə, S.Vurğun, Əfəndiyev H., H.M.Soltan və A.Faruqun, Nazimlə birlikdə imza etdikləri məqalə dediklərimizə bir sübut ola bilər). Bu məqalə Azərbaycan “Kommunist” qəzetəsinin 26 noyabr, 1931-ci il, 274, 275 nömrəsində çap olunmuşdur.

Təsadüfi deyildir ki, bu məqalədə “Proletar ədəbiyyatının vəzifələri VOAPP baş xətti uğrunda mübarizədə həyata keçirilməlidir” deyə deklarasiya verilir.

Mühüm bir hissəsi Hüseyn Mehdinin müdafiəsinə həsr edilmiş bu məqalədə Az.APP-ın teatro sahəsində apardığı xətt danışıqsız bolşevik xətti adlandırılır.
"Ədəbiyyat qəzeii", 9 iyun 1937 Rəsul Rzanın məqaləsi
"Ədəbiyyat qəzeii", 9 iyun 1937 Rəsul Rzanın məqaləsi

Bu həmin o vaxtdadır ki, mən, H.Mehdi və Süleyman Rüstəmin yenə də xalq düşməni Əli Nazimlə imzaladığımız məqalədə Cəfər Cabbarlının yaradıcılığına RAPP prinsipləri nöqteyi-nəzərindən yanaşır və onun hələ revolyusiyaya qoşulmadığına işarə olan iftiralar irəli sürürdük.

Şübhəsiz bütün bunları göstərmək hələ səhvi düzəltmək demək deyildir.

Bəlkə də ətraflı, amansız tənqid yolu ilə bu kibi addımlarımızın zərərli nəticələrini aradan qaldırmaq, RAPP, Az.APP qalıqlarını axıra qədər ortaya töküb ifşa etmək bütün nöqsanları bolşevik amansızlığı ilə aradan qaldırmaq üçündür.

Əhməd Cavad, Hüseyn Cavid, Talıblı, Musaxanlı, Sanılı, Yusif Vəzir və bir sıra bunlar kibi hər zaman saxta deklorasiyalarla ortaya çıxıb, əsl həqiqətdə isə bir düşmən kibi
məqalənin davamı
məqalənin davamı
dəbiyyatımızda ziyançılıq aparan ünsürlərin ədəbi təşkilatımıza soxula bilmələri Yazıçılar İttifaqı rəhbərliyi və onun işinə məsul olan partiyalı, komsomolçu və partiyasız yoldaşların əbləhlik xəstəliyi olan qayğısızlığa tutulduqlarından iləri gəlmirmi?

Görünür ki, Yazıçılar İttifaqı rəhbərliyi bolşevik sayıqlığı haqqındakı böyük rəhbərin fikirlərini lazımınca anlamamışdır.

Zira “Kommunist” qəzetinin məqaləsinə qədər bizdə APP-çılıqla “mübarizə” dörd divar arasında qalmışdır.

Yalnız bolşevik qəzeti birinci olaraq məsələni bolşevikcəsinə qoydu. İndi vəzifə “Kommunist”in məqaləsi çıxmaqla açılan mübarizəni bolşevik prinsipliliyi ilə davam etdirmək və bu mübarizədən ədəbiyyatımız üçün real mənfəətlər əldə etməkdir.

Hər cürə düşmən təsiri altında olan ideyacıqların mahiyyətini açmaq lazımdır.

Doğrudan da RAPP və onun napostovçu qrupunun ən “mücadələçi” nümayəndəsi olan H.Mehdinin ədəbiyyata vurduğu ziyanlar azmıdır? O özünün tənqidi ilə yazıçılar arasında az intriqaya səbəb olmamışdır.

Bir yerdə “görkəmli nümayəndələr” adlandırdığı yazıçıları başqa yerdə qarşı-qarşıya qoyaraq birini göz yumub tərif, o birini göz yumub qamçılamaqla istər-istəməz yazıçıları bir-biri ilə salışdırmışdır.

Mehdi Rəfilini “köhnəni yıxıb yenini quran” şair adlandırır, başqa bir yerdə isə (7 noyabr 1935-ci il “Ədəbiyyat” qəzeti) “Rza, Rəfiliyə nisbətən doğru yol tutmuşdur, onun dili və üslubu bu qədər pozğun deyildir, onun əsərlərində qüvvətli muzika var” deyir və öz prinsipsizliyinə sadiq qalaraq 14 aprel 1936-cı ildə də “Rzanın şeirlərindəki “dərinlik” üslub qarışıqlığından iləri gəlir” deyə ikiüzlü fikirlər iləri sürür.

Mehdinin Cəfər Cabbarlı yaradıcılığına qarşı uzun müddət demoqoq, RAPP-əlaqəsi bəslədiyi, öz tənqidləri ilə onu zəhərlədiyi hər kəsə məlumdur.

Lakin Əminbəyli kibi kontrrevolyusionerlər və onun quyruğu olan Xəlil İbrahimlərin Cəfər Cabbarlıya bir düşmən kibi hücum etdikləri zaman böyük dramaturqumuzu bu hücumlardan müdafiədə Mehdinin də iştirak etdiyini göstərmək lazımdır. Burada qeyd etmək lazımdır ki, Cəfər Cabbarlını sistematik zəhərləmək yolunda Nəzərlinin də az rolu olmamışdır.

Özünütənqid ardıcıllıq tələb edir. Mən öz nöqsanlarıma da göz yuma bilmərəm. Az.APP rəhbərliyində bulunduğum zaman dəfələrlə RAPP “prinsipləri”ni hərarətli bir surətdə müdafiə etmişəm. Öz yaradıcılıq praktikamda dəxi formalizm və sxematizm kibi səhvlərə yol vermişəm. RAPP-ın ləğvindən sonra bu səhvləri düzəltmək üçün çalışmışam. Cəfər Cabbarlının “YAŞAR”ı haqqında olan məruzəmdə yazıçı və tamaşaçı kütlələri qarşısında Cabbarlının sovet dramaturqu olaraq yaratdığı qiymətli əsərlərin geniş təhlilini vermiş və bununla da onun haqqındakı keçmiş səhvlərimi düzəltmək istəmişəm. Lakin bütün kəskinliyi ilə demək lazımdır ki, hələ bu vaxta qədər RAPP-ın zərərli “prinsipləri” bizim nəzəriyyə cəbhəsindən qovulmamışdır.

Hətta cəsarətlə demək lazımdır ki, Mərkəzi Komitənin RAPP-ı ləğv etmək haqqındakı qərarı yazıçılar kütləsi tərəfindən, xüsusilə yazıçılar ittifaqı rəhbərliyi tərəfindən haqqı ilə anlaşılmamışdır.

Hətta RAPP-ın ləğvi zamanı “firqə qərarı Azərbaycan üçün tezdir” deyə səslər də eşidildi (S.Vurğunun çıxışı). Lakin bu heç də bütün RAPP və Az.APP-la əlaqəsi olanları bir sıraya qoymaq demək deyildir.
Osman Sarıvəlli (Xalq şairi, 1977-ci ildən)
Osman Sarıvəlli (Xalq şairi, 1977-ci ildən)

Əsas atəş averbaxçı, litfrontçu və sair düşmən “ideyaları”nı şüurlu-şüursuz populyarizə edənlərə qarşı açılmalıdır.

Bu mübarizə müsavatçı ünsürlərə, min cür maska taxaraq qalib proletariatın işi əleyhinə fəaliyyət aparanlara qarşı mübarizəmizin mühüm bir uçastokudur.

“Ədəbiyyat qəzeti”, 9 iyun 1937


Qəzetin elə həmin sayında şair Osman Sarıvəlliinin “Nizamnamə təhrif edilmişdir” yazısında R.Rza tənqid edilir:

“Xeyli vaxtdır ki, xalq düşməni Averbax və onun quyruq-qulaqları ifşa edilmiş və edilməkdədir. Lakin bizdə averbaxçılığın heç bir nişanəsi olmamış kibi hamı ağzına su almışdır. Halbuki Averbax və ümumiyyətlə RAPP rəhbərliyi bizim ədəbiyyatda az ​ propaqanda” edilməmişdir. Mehdi Hüseyn, Rəsul Rza bu “propaqanda”nın ən görkəmli nümayəndələri olmuşdur. Əcəba bu yoldaşlar öz kobud səhvlərini bir yerdə əsaslı surətdə tənqid etmişlərmi? Bizcə yox. Onlar hələ susmaqdadırlar”.

O.Sarıvəlli isə məqaləsində həbs edimiş "üçlük"dən yalnız Hüseyn Cavidin adını çəkir: "Odur ki Yazıçılar İttifaqına hal-hazırda şübhəli olan Müsavat partiyasının sabiq üzvləri (Çəmənzəminli, Seyid Hüseyn), ikiüzlü trotskist millətçi xalq düşmənləri (Tağı Şahbazi, Talıblı, Əli Nazim), qolçomaq şair və münəqqidləri (Sanılı, Musaxanlı), əxlaqsızlar, piyaniskalar (Əli Nəzmi, Əli Razi), köhnə kitab dəllalları (Səlman Mümtaz), "Mötəbər əfəndilər" (H.Cavid kimi) ümumiyyətlə xalq düşmənləri qəbul edilmişlər".

Səməd Vurğunun qəzetin həmin sayında dərc edilmiş “Səhvlərimiz haqqında” məqaləsində də Rəsul Rza haqda hissə var:

“Üçüncü nöqsanımız budur ki, heyət idarə təşkilatın aktiv qüvvələrindən istifadə işini lazımınca qura bilməmişdir. Buna görədir ki, averbaxçılıq kibi kontrrevolüsyon trotskist
Rəsul Rza və Səməd Vurğun
Rəsul Rza və Səməd Vurğun
ir cərəyanın istər nəzəri, istər yaradıcılıq tərəfdən iflası və onun Azərbaycan ədəbiyyatına verdyi zərərləri meydana çıxarmaq bu günə qədər gecikmişdir. Qoy bizim nəzəriyyə və tənqidlə məşğul olan yoldaşlar ağızlarına su alıb oturmasınlar. Əks təqdirdə onları da mübarizə dezertirləri kibi ifşa etməyimiz lazım gələcəkdir.

Nə üçün H.Mehdi, Nəzərli, S.Rüstəm, Rza və başqa yoldaşlar özlərini Az.APP vaxtı buraxdıqları səhvlərdən və averbaxçılığın onlara olan təsirindən danışmayırlar?

Nə üçün onlar bu trotskist təşkilatı nəzəri və yaradıcılıq nöqteyi-nəzərindən xalqımız qarşısında ifşa etmirlər? Bu işdə yalnız onlar müqəssir deyil. Biz, ittifaqın rəhbər işçiləri də bu mübarizəni təşkil etmək işində zəiflik və liberallıq göstərərək vaxtında siqnal verə bilməmişik. “Kommunist” qəzetinin “Averbaxçılığın kökünü kəsməli” məqaləsi bizi ayıltmışdır”.


______
RAPP - Росси́йская ассоциа́ция пролета́рских писа́телей. (Rusiya Proletar Yazıçıları Assosiasiyası). 1925-ci ildə yaradılan və 1932-ci ildə ləğv edilən RAPP-ın rəhbəri L.Averbax idi. (1937-ci ildə güllələnib)

4 min üzvü var idi. İşi həm də "sosializm quruculuğu işində iştirak etməyən "poputçik" yazıçıları ifşa etmək idi". 1928-ci ildə ВОАПП (Всесоюзное объединение Ассоциаций пролетарских писателей) yaradılanda, ora başqa respublikaların da yazar birlikləri daxil olanda RAPP orada aparıcı mövqeyə yiyələndi.

RAPP sovet yazıçılarını beşillik plan nailiyyətlərini tərənnüm və sosializm qəhrəmanlarını mədh etməyə çağırsa da, tezliklə daxilində ədəbiyyata yanaşmada ideoloji fərqlər yarandı. Mübahisələr getdi ki, ədəbiyyat - yalnız proletariatın maraqlarına xidmət etməlidirmi?
XS
SM
MD
LG