Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:23

R. İbrahimbəyovun təşkilatına məxsus Yaradıcılıq Evi söküldü


Foto: Arxiv
Foto: Arxiv
-
Azərbaycan Kinematoqrafçılar İttifaqının Mingəçevirdəki Yaradıcılıq Evi sökülüb. Yaradıcılıq Evinin direktoru Səyavuş Usubov AzadlıqRadiosuna bildirib ki, 1989-cu ildən ikimərtəbəli bina Kinematoqrafçılar İttifaqının balansında olub. 1993-cü ildən orada məcburi köçkünlər məskunlaşıb. Bu günlərdə onlar yeni evlərə köçürüləndən sonra bina sökülüb:

«Binamızı sökdülər. İcra hakimiyyəti gəlib qaçqınları köçürdü. Bundan sonra bir həftə keçmədi, «Azərenerji»nin işçiləri gəlib sökdülər. Bura çoxdan göz qoymuşdular».

«İTTİFAQLA HÖKUMƏT ARASINDAKI PROBLEMLƏR ROL OYNAYIB»

Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarovun dediyinə görə, Kür çayının sahilindəki bu ərazi kommersiya üçün əlverişlidir. Söküntünün baş verməsində Kinematoqrafçılar İttifaqı ilə hökumət arasındakı problemlər rol oynayıb. Heç bir xəbərdarlıqsız, yaradıcılıq evini söküblər:

«Bu, əsl vandalizm nümunəsidir. İctimai təşkilata məxsus binanı heç bir qərar və hüquqi əsas olmadan uçurublar.
Əlisa Cabbarov
Əlisa Cabbarov
Kinematoqrafçılar İttifaqının hökumətlə münasibətlərindəki problemli mərhələdən yararlanıb, bu addımı atırlar. Mingəçevir icra hakimiyyəti isə bununla maraqlanmır».

İCRA HAKİMİYYƏTİNİN MƏLUMATI YOXDUR?

Mingəçevir şəhər İcra Hakimiyyətinin birinci müavini İlham İsmayılov söküntülərdən icra hakimiyyətinin xəbərsiz olduğunu deyir:

«İcra hakimiyyəti Dövlət «Qaçqınkom»un Komissiyası ilə birlikdə orada məskunlaşan məcburi köçkünlərin yeni binada mənzillə təmin olunmasını təşkil edir. O söküntünün bizimlə əlaqəsi olmayıb. Heç bir məlumatımız da yoxdur».

Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov iddia edir ki, söküntünü «Azərenerji» Açıq Səhmdar Cəmiyyəti aparır. Buna görə Etibar Pirverdiyevə müraciət də ediblər.
Foto: Arxiv
Foto: Arxiv

SÖKÜNTÜNÜ HANSI TƏŞKİLAT APARIR?

«Azərenerji» ASC-nin mətbuat xidməti rəhbərinin müavini Ələkbər Baxşəliyev «Azərenerji»nin söküntüylə deyil, elektrik enerjisi istehsalı ilə məşğul olduğunu bildirir:

«Yanlış fikirdir. Bizdə elə bir iş görülmür. «Azərenerji» elektrik istehsalı ilə məşğuldur. Bu işin bizə aidiyyəti yoxdur».

Kimin sökməsi məlum olmasa da, Kinematoqrafçılar İttifaqının Mingəçevirdəki Yaradıcılıq Evi sökülüb. İttifaq buna görə prezidentə də müraciət edib. İttifaq yaxın günlərdə məhkəməyə də üz tutacaqlarını bildirir.

Rüstəm İbrahimbəyovun başçılıq etdiyi Kinematoqrafçılar İttifaqı bu ilin yanvarında Hökumət Evindəki ofisindən də çıxarılıb.

R.İbrahimbəyov bu günlərdə əsas müxalifət partiyalarının təmsil olunduğu Milli Şurada prezidentliyə vahid namizəd seçilib.
XS
SM
MD
LG