Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:25

Rəsul Quliyev Bakıya dönüş üçün Azərbaycanın qonşuları ilə danışıqlar aparır


Rəsul Quliyev
Rəsul Quliyev
-
Azərbaycan parlamentinin keçmiş spikeri, Açıq Cəmiyyət Partiyasının lideri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev bildirir ki, seçki ərəfəsində Bakıya dönmək üçün Ankara, Tbilisi və Moskva ilə şərtləri müzakirə edir.

Rəsul Quliyev Milli Şuranın fəaliyyəti, Mehriban Əliyevanın prezidentliyə namizədliyinin perspektivləri, hakimiyyət daxilində vəziyyətə dair AzadlıqRadiosunun suallarını cavablandırır.

- Rəsul bəy, Sizin də daxil olduğunuz Milli Şurada daxili strukturlar yaradılır, komissiyalar formalaşdırılır. Prezident seçkisinə isə bir neçə ay qalır. Sizcə, seçkiyə qədər Şura təşkilatlanmasını başa çatdırıb seçki kampaniyasını apara biləcəkmi?

- O komissiyaların olub-olmamasının seçkilərin azad və ədalətli keçirilməsində rolu önəmli önəmli deyil. Orada əsas iki işi görmək lazımdır: seçki qərargahının yaradılması və mitinq komitəsinin formalaşırılması. Bu iki iş də iyulun 15-ə qədər gərək başa çatdırıla. Hazırda da qərargahın və komitənin yaradılması istiqamətində iş gedir. Həmçinin, iyulun 16-dan gec olmayaraq da Milli Şuranın qarşıdakı 3 ay ərzində hər gün görəcəyi işlərin proqramı təsdiq edilib ardıcıllıqla həyata keçirilməsinə başlanmalıdır.

- Siz özünüz bu proseslərdə nə qədər yaxından iştirak edə bilirsiz? Öz rolunuzu nədə görürsüz?

- Mən Milli Şuranın formalaşdırılması və işinin təşkilində hər gün aktiv iştirak edənlərdən biriyəm. Oradakı proseslərin müəyyən istiqamətlərdə getməsinə müdaxilə edə bilirəm. Paralel olaraq, fikirləşirəm ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, hökumətin bu qədər arxayınlıqla xalqa yuxarıdan aşağı baxmasının, müxalifəti təhqir etməsinin, düşmən adlandırımasının qarşısını almaq üçün mənim Azərbaycana yaxınlaşmaq və Bakıya getmək planımın həyata keçirilməsinə böyük ehtiyac var. Bunun üçün əlimdən gələn bütün işləri görürəm.

- Rəsul bəy, «Azərbaycana yaxınlaşmaq» deyəndə konkret nəyi nəzərdə tutursuz? Gürcüstana gedirsiz, yoxsa... bunu bir qədər ətraflı deyə bilərsizmi?
Guya naxçıvanlılar və ermənistanlıların başqalarını deyil, yalnız məni dəstəkləyə biləcəkləri barədə fikirlər əsassızdır.

- «Azərbaycana yaxınlaşmaq» deyəndə Rusiya, Gürcüstan, ya da Türkiyəyə səfərimi nəzərdə tuturam. Bakıya getməyimə gələndə, ümid edirəm Azərbaycanda elə bir vəziyyət yaranacaq ki, 2005-ci ildə olduğu kimi, mən Bakıya gedərkən Azərbaycan ordusunun yarısını paytaxta çıxara bilməyəcəklər.

- Bu planınızı nə vaxt icra edəcəksiz?

- Bu işləri mən 3 ay müddətində görməliyəm. Qonşu ölkələrə getmək, məsələn, sentyabrın ortalarına qədər baş tutmalıdırsa, Azərbaycana dönməyimi gərək seçki ərəfəsində - sentyabr, oktyabr aylarında həyata keçirəm. Planım budur.

- Planınızın icrası ilə bağlı konkret addımlarınız nədir? Yəni, Moskva, Tbilisi, ya da Ankara ilə danışıqlara başlayıbsız, yoxsa bunlar hələlik yalnız üzərində düşündüyünüz fikirlərdir?

- Bu danışıqlar 2013-cü ilin əvvəlindən gedir, yeni bir şey deyil. Mən bəzi şərtlərə əməl olunmasına çalışıram. Yəni, səfərim gizli olmamalıdır, məsələn, orada müsahibələr vermək, televiziyalarda çıxış etmək imkanım olmalıdır və s. Belə şeylərdən söhbət gedir.

- Yəni, hazırda həmin ölkələrə getməyiniz üçün şərt qoyublar ki, «gəl, amma sakit otur», eləmi?
- Bu şəkildə yox, müəyyən məhdudiyyət qoymaq şərtləri ola bilər.

- Rəsul bəy, Sizin hazırda hakimiyyətdə olan qüvvələrə regional yaxınlığınız var. Eyni zamanda hakimiyyətdə ikinci postda təmsil olunubsuz. Hakimiyyət daxilində əlaqələriniz, informasiya mənbələriniz qalırmı? Ona görə soruşuruq ki, hazırda iqtidarın Birinci Xanım Mehriban Əliyevanın namizədliyi üzərində düşünməsi barədə məlumatlar dolaşır. Belə təhlillər səslənir ki, hakim komandada tərəddüdlər, təlaş var, ona görə Mehriban Əliyevanın da namizədliyi ehtiyat variant kimi ortaya atılıb. Sizin içəridən məlumatlarınız varmı, nə baş verir orada?
- Sözsüz ki, İlham Əliyev iqtidarın yeganə namizədidir və belə də qalacaq. Onun xanımın adının namizəd kimi hallandırılması yüz faiz hökumət tərəfindən ortaya atılmış məsələdir. Xalqın diqqətini əsas məqsəddən, mübarizədən yayındırmaq üçün bu məsələ ortaya atılıb. Yəni, guya Mehriban Əliyevanın namizəd olması xalq tərəfindən müsbət qarşılana bilər ki, rejim artıq dəyişilir və s. Bu məqsədlərlə ortaya atılmış söz-söhbətlərdir, ciddi məsələ deyil.

Hökumətin daxilində mənim əlaqələrimə gələndə, əvvəla onu söyləmək istəyirəm ki, korrupsya, rüşvət rejimində praktiki olaraq siz deyən regionallıq prinsipi aradan götürülür. Korrupsiya və rüşvətin vətəni olmur. Hökumətin ən yuxarısında korrupsiya içərisində olanların arasında başqa regionlardan da kifayət qədər adam var. Guya ki, naxçıvanlılar və ermənistanlıların başqalarını deyil, yalnız məni dəstəkləyə biləcəkləri barədə fikirlər əsassızdır.

Başqa məsələ var. Bürokratik aparatın azı 30 faizi, açıq bildirməsə də, bu rejimdən narazıdır. Əldə olunan pulun təxminən 15 faizinə həmin narazı qüvvələr nəzarət edir. Amma onlar uzun müddətdir cah-cəlal içərisində yaşasalar da, qorxu içərisindədirlər. O qorxudan xilas olub bir az da normal, insan kimi həyat sürmək istəyirlər.

Məsələn, Misir Mərdanovu işdən çıxarıblar. Hazırda onun bütün hüquqları məhdudlaşdırılıb, heç yana gedə bilməz. Bir vəzifə veriblər, qalmalıdır orda. Sanki, Azərbaycan böyük bir həbsxanadır, azad gəzən, amma həbsxananın içərisində olan adamdır. Bax, həmin 30 faiz narazı bürokrat bu cür yaşamaq istəmir.

- Keçmiş təhsil naziri Misir Mərdanovla bağlı dediklərinizdə hansısa məlumatlarınıza istinad edirsiz, yoxsa, ümumi ab-havanı çatdırmaq üçün onun adını misal kimi çəkirsiz?

- Dəqiq sizə deyirəm ki, o, Azərbaycandan heç yana çıxa bilməz.

- Rəsul bəy, yəqin medianı izləyirsiz. Milli Şuranın prezidentliyə namizədi olan Rüstəm İbrahimbəyov haqqında cürbəcür fikirlər səslənir ki, hansısa məqamda o, öz silahdaşlarını atacaq, hakim komandaya qoşulacaq. Yaxud Sizin taleyinizi yaşayacaq, heç Azərbaycana qayıda bilməyəcək və s...

- Rüstəm İbrahimbəyov 74 yaşlı, xarakteri artıq çoxdan formalaşmış bir şəxsiyyətdir. Onun ətrafındakıları atacağı, hökumətlə danışıqlara gecəyi barədə iddiaların hamısı əsassız fikirlərdir. Rüstəm İbrahimbəyovu tanıyan bir şəxs kimi deyirəm ki, belə şeyler heç vaxt mümkün deyil. Şanslarına gələndə, əvvəl ondan başlayaq ki, Rüstəm İbrahimbəyovun seçilmək imkanı hazırda Azərbaycanda hamıdan yuxarıdır...

- Sizdən də...?

- Hesab etmirəm ki, onun şansı məndən yuxarıdır, sadəcə, mən gəlib orada iştirak edə bilmirəm. Yəni, hazırda mənim oradakı iddiam sıfra bərabərdir. Ona görə özümü yox, hazırda Azərbaycanda olanları nəzərdə tutmuram. Indi Azərbaycanda olan və prezidentliyə iddialı adamların hamısından Rüstəm İbrahimbəyovun şansları qat-qat yuxarıdır. Niyə? Çünki o, hazırkı qüvvələrin əksəriyyətindən müəyyən məsafədədir, hamı tərəfindən qəbul olunan bir şəxsdir. Onu qəbul etməyən hansısa qrup yoxdur.

Məsələn, mənim əleyhimə orda qruplar var, kimlərsə düşmənçilik edir, kimlərsə, mənim Azərbaycana dönə bilməməyim üçün sona qədər hər şeyi edər. Yaxud heç nə etməsəm də, mən Azərbaycana gələndən sonra hər şeyini qoyub qaçar. Rüstəm İbrahimbəyova qarşı bu cür çıxış edə biləcək şəxslər yoxdur Azərbaycanda.
İlham Əliyev iqtidarın yeganə namizədidir. Mehriban Əliyevanın adının namizəd kimi hallandırılması xalqın diqqətini əsas məqsəddən, mübarizədən yayındırmaq üçün hökumətin ortaya atdığı məsələdir.

Ona görə onun Milli Şuranın vahid namizədi kimi seçilməsi düzgün qərardır. Əminəm ki, o, vahid namizəd kimi sona qədər gedəcək.

Amma Milli Şuranın yaranması və Rüstəm İbrahimbəyovun vahid namizəd kimi seçilməsi artıq qələbə əldə olunması demək deyil. Hamı özünün maraqları barədə düşünmədən gərək Milli Şuraya və Rüstəm İbrahimbəyovun görəcəyi işlərə kömək edə. Bu olmasa, uğur mümkün deyil. Milli Şuradan başqa adamların namizədliyini irəli sürməsi qəti şəkildə düzgün deyil.

Rüstəm İbrahimbəyovun Rusiya pasportunun olması, lazım olan seçici imzalarını toplaya bilməyəcəyi barədə fikirlər də onun namizədliyinin qeydə alınmasına əsas problem ola bilməz. Artıq Rüstəm İbrahimbəyov Rusiya pasportundan imtina edir...

- Amma bu prosesin bir neçə ay çəkə biləcəyi barədə məlumatlar var.

- İnsan ərizəsini yazıb vətəndaşlıqdan imtina etdiyi vaxtdan o, artıq həmin ölkənin vətəndaşı sayıla bilməz. Bu, təkcə Rusiyaya deyil, bütün başqa ölkələrə də aiddir. Bu, insan hüququdur, kim onu zorla hansısa ölkənin vətəndaşı kimi saxlaya bilər?

- Başqa arqument odur ki, Rüstəm İbrahimbəyov ümumiyyətlə Azərbaycana buraxılmaya bilər?

- Nə deyib buraxmayacaqlar? Əgər hökumət onun Azərbaycana getməsinə, yaxud imza toplamasına imkan verməsə, deməli, Milli Şuranın vəzifəsi etiraz aksiyalarını çox yüksək səviyyəyə qaldırmaqdır ki, hakimiyyəti onun namizədliyini qeydə almağa məcbur etsin.
Əgər hökumət Rüstəm İbrahimbəyovun Azərbaycana getməsinə, yaxud imza toplamasına imkan verməsə, deməli, Milli Şuranın vəzifəsi etiraz aksiyalarını çox yüksək səviyyəyə qaldırmaq, hakimiyyəti onun namizədliyini qeydə almağa məcbur etməkdir.
- Yəni, ehtiyat namizədin olmasına ehtiyac hiss etmirsiz?

- Ehtiyat namizədin olması seçkinin saxtalaşdırılmasına demokratik don geydirilməsidir. Heç kim demir ki, seçki boykot edilsin. Rüstəm İbrahimbəyov namizəd kimi qeydiyyatdan keçməlidir. O qeydə alınmasa, gərək aksiyalarla hakimiyyət onu qeydə almağa məcbur edilə.

- Amma Milli Şura hazırda elə bir ictimai təzyiqi təşkil etmək gücündədirmi?

- Tiraniya ölkələrinin hər birində tufanqabağı belə sakitlik olur. İstənilən ölkənin tarixinə baxın, inqilab başlamazdan əvvəl tam sakitlik olur. Hətta, İranda islam inqilabı başlamamışdan 3 gün öncə Rza Şah Pəhləvi tək özünü yox, ABŞ kəşfiyyatını da inandırıdı ki, İranda heç bir şey baş verə bilməz, hər şey çox əladır. Amma 3 gün sonra yıxıldı. Eləcə də son vaxtların inqilabları olan Misir, Tunisi götürün. Ona görə də hazırda Azərbaycandakı ağlasığmaz sükut bizə əsas vermir ki, vəziyyətin belə də davam edəcəyini deyək.

- Bugünlərdə müsahibələrinizdən birində hakimiyyətlə dialoq təklif edənlərə qarşı çıxır, qeyd edirdiz ki, hakimiyyətin müzakirəyə razı olması üçün heç bir şey baş verməyib. İndiki dialoq cəhdi sövdələşmə ola bilər. Sizcə, doğrudanmı indi hakimiyyətlə danışılacaq bir mövzu yoxdur? Yaxud Siz problemlərin iqtidarla müzakirə əsasında həllinə inanmırsız? Ya bəlkə, ümumiyyətlə, hökumətin danışıqlara gələcəyinə ümidiniz yoxdur?

- Mən o müsahibəmdə demişdim, yenə də təkrar edirəm ki, 20 ildir müxalifət yalvarır, xahiş edir ki, hökumət onunla diaqloqa gəlsin. Hökumət də imtina edir, heç dialoq niyyətində də deyil.
...biz neyləmişik ki, hökumət bizimlə diqaloqa gəlsin?

1989-1990-cı illərdə Vəzirov, Mütəllibovun müxalifətlə necə dialoqa gəldiklərini xatırlamaq lazımdır. Ona görə dialoqa getdilər ki, 1988-89-cu illərdə küçələrdə, Prezident Aparatının qarşısında 100 minlərlə, milyonlarla adam mitinq edir, «İstefa» deyirdi. O zaman yalnız buna görə hakimiyyətlər dialoqa getdilər. İndi biz neyləmişik ki, hökumət bizimlə dialoqa gəlsin? Əgər Milli Şura, Azərbaycan xalqı öz gücünü ortaya qoya bilməsə, heç bir dialoq ola bilməz.

Güc ortaya qoyulsa, dialoq olacaq. Onda da müzakirə o olmayacaq ki, gəlin, hökuməti bölək, bu, mümkün deyil, hakimiyyətin mənbəyi xalq olmalıdır. Belə dialoq alınarsa, orada ancaq bu adamların hakimiyyəti qansız-qadasız xalqa verməsi müzakirə edilə bilər. Bu cür dialoq ola bilər.

İndi dialoq olsa, hökumət deyəcək ki, gedin oturun yerinizdə, 2015-ci ildə sizə 3 deputat yeri verəcəyik. Ola bilər, kimlərləsə bu şəkildə dialoq aparır da. Yəni, onlara deyirlər ki, yaxşı, get o Milli Şuranın işlərini poz, dağıt, başqa bir neçə namizəd irəli sürün. O adamlara da 2015-ci ildə bir-iki deputat yeri verə bilərik.

Yuxarı səviyyədə yox, yəqin aşağılarda kimlərinsə sürücüləri ilə belə müzakirələr aparırlrar.
XS
SM
MD
LG