Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:39

Xalq Larry Flyntə qarşı. Və ya seks, yoxsa müharibə?


Günel Mövlud
Günel Mövlud
-

«Xalq Larri Flintə qarşı» filminə hələ ərgən çağlarımda baxmışam. O vaxtlar menyu sarıdan hələ xeyli kasıb olan televiziyalarımız bu filmi gecəyarısı, erotik film kimi təqdim edirdi...


Günel Mövlud


XALQ LARRY FLYNTƏ QARŞI

Və ya seks, yoxsa müharibə?

Prezidentimiz demişkən, beş yüz faiz əminəm ki, barəsində danışacağım filmin qayəsi qalacaq qıraqda, azərbaycanlılar yenə deyəcəklər ki, bu qızın seksdən yazmaqdan başqa işi-gücü yoxdu. Seks manyakı deyəcəklər, seksdən başqa mövzu yoxdurmu deyəcəklər, əxlaqsız deyəcəklər…

Amma mən yenə də yazacam. Orta statistik azərbaycanlı anasının-bacısının yanında «seks» sözünü rahat, utanmadan, normal bir şeydən danışırmış kimi deyənə qədər yazacam.

Amma bu dəfə yox. Bu dəfə mövzum başqadı. Sadəcə, azərbaycanlılar yenə seks barədə yazı kimi qəbul edəcəklər. Kosmos razı olsun onlardan…

"The People vs. Larry Flynt" (Xalq Larri Flintə qarşı) filminə hələ ərgən çağlarımda baxmışam. O vaxtlar menyu sarıdan hələ xeyli kasıb olan televiziyalarımız bu filmi gecəyarısı, erotik film kimi təqdim edirdi. Elə biz də erotik film kimi qəbul edirdik. Çılpaq qızlar, sevişmə səhnələri, orgiya…Yeniyetməyə daha nə lazımdı?

Gözümü həyata, oxuduqlarıma, baxdıqlarıma açan Incəsənət Universitetində Miloş Formanın kim olduğunu, onun bu şedevrinin gerçək mahiyyətini anladım.
Miloş Forman
Miloş Forman

2008-ci ildə Şeyxülislam Allahşükür Paşazadə barədə yazdıqlarımı ədəbsizlik hesab edən millət vəkili Aydın Mirzəzadə mənə zəng edərək irad bildirdi. Dedi ki, sən mənim barəmdə çox şey yaza bilərsən, mən heç vaxt bunu aqressiv qarşılamazdım. Amma ölkənin ən nüfuzlu din xadimini təhqir etməyinə dözə bilmirəm, çünki bəzi müqəddəs şeylər var. O vaxt millət vəkilinə cavabım belə olmuşdu:

- Aydın müəllim, Miloş Formanın «Xalq Larry Flyntə qarşı» filminə baxmısınız?

- Yox – demişdi.

- Mümkünsə baxın və sonra biz söhbət edək…

Hörmətli millət vəkili o filmə baxmışdı və biz sonra söhbət etməmişdik…

Çünki «Xalq Larry Flyntə qarşı» - mətbuat, söz azadlığı barəsində çəkilmiş ən gözəl, ən təsirli film – yazı, söz barədə bütün «olmaz»lara ən tutarlı cavab idi…

Bir az da film barədə…

Azərbaycanlıların gözü ilə baxsaq, Larry Flynt əxlaqsızın biridir. O, striptiz-klub saxlayır, klubunda soyunan qızlarla yatır, porno jurnal buraxır, striptiz sənətçisi arvadının çılpaq şəkillərini çəkdirib, jurnala yerləşdirir, narkotik qəbul edir, porno industriya yaradır, din xadimlərini təhqir edir…

Larry Flynti hər il məhkəməyə verirlər, o, böyük məbləğdə cərimələr ödəyir, həbsxanada, ağıldan qüsurluluar üçün cəza kameralarında yatır, amma heç vaxt vəkillə, prokurorla, hakimlə güzəştə, danışıqlara getmir, sözünü geri götürmür. Larry Flynt müharibə kadrlarını, zorakılıq dolu şəkilləri çılpaq qadın şəkilləri, seks kadrlarla müqayisə edir və deyir:

"Xalq Larry Flyntə qarşı" filmi real hadisələrə əsaslanır. Larry Flynt hazırda Amerikada yaşayan və porno kanallar sahibi olan biznesmendir. Ona qarşı edilən sui-qəsddən sonra şikəst qalıb. Bu onun 80 min dollarlıq qızıl suyuna çəkilmiş əlil arabasıdır.
"Xalq Larry Flyntə qarşı" filmi real hadisələrə əsaslanır. Larry Flynt hazırda Amerikada yaşayan və porno kanallar sahibi olan biznesmendir. Ona qarşı edilən sui-qəsddən sonra şikəst qalıb. Bu onun 80 min dollarlıq qızıl suyuna çəkilmiş əlil arabasıdır.
- İnsanı öldürmək cinayətdir. Amma siz qətl edilmiş insanın şəklini çəkib, qəzetin manşetinə verə bilərsiniz. Bu qanunidir. Seks isə qadağan deyil. Amma seks kadrlarını yayımlamaq qeyri-qanunidir? Niyə? Bizim gənclərimizi müharibəyə aparmaq, ölümə vermək, insanlıq adına müharibədə düşmənin bağırsaqlarını yerə tökmək qəhrəmanlıqdır, amma insanların bir-birinin bədənindən həzz almağı iyrəncdir? Niyə? Çünki bizim gəncliyə seksin qeyri-əxlaqi, iyrənc bir şey olduğunu təlqin ediblər. Amma mən sizdən soruşuram: nədir daha iyrənc, daha qəddar? Seks, yoxsa müharibə?

Fəaliyyətə yeni başlayanda bütün Amerika Larry Flyntin düşmənidir. Ölkənin nüfüzlü adamları, dindarlar, mətbuat onu əxlaqsız adlandırır. Amma o tədricən özünün haqlı olduğunu sübut edir. İntellekti, sərrast məntiqi, nitqi ilə insnaları heç bir cinayət eləmədiyinə inandırmağa başlayır. Onu əxlaqsızlıqda ittiham edən mətbuat Larry Flyntlə bağlı xəbərləri şövqlə dərc edir. Prezidentin bacısı onu evinə dəvət edir.

Larry Flynt – porno jurnal buraxan adam, məhkəmədə Volterin söz azadlığı ilə bağlı görüşlərinə əsaslanır, Corc Orueldən sitat gətirir. O əsl azadlıq aşiqidir. Onun üçün azadlıq, fikrinin, sözünün azadlığı hər şeydən vacibdir. O, təhqirə görə cərimə olunanda, hələ səsləndirmədiyi təhqirin də cəriməsini bəri başdan ödəyir. Bu, onun heysiyyatın, ləyaqətin pulla ölçülməsinə, təzminatına ironiyasıdır.

Larry Flynt QİÇS xəstəsi, hər dəqiqə bir hoqqa çıxaran arvadına iradlar tutmur, ona xəyanət eləmir, atmır, qadın narkotikə qurşananda ona qulluq eləyir. (Bu yerdə nədənsə keçmiş millət vəkili Gültəkin Hacıbəylinin keçmiş ərinin rüsvayçı hərəkətləri yadıma düşdü) Larri Flynt prokurlarla, hakimlərlə danışıqlara getmir, güzəştə getmir, o, doğru bildiyi şeyi, qanunla müdafiə edir. Larry Flynt azyaşlı qızları striptiz kluba işə götürmür. Bu – onun əxlaqıdır.

Mən ictimai sektorun bütün gənclərinə bu filmə baxmağı tövsiyə edirəm. Baxsınlar və əxlaqsız qərbin, əxlaqsız porno jurnal buraxan adamının səviyyəsini, əxlaqını, baxışlarını, intellektini bizim məmurlarla, həm iqtadardan, həm müxalifətdən olan siyasətçilərlə, iş adamları ilə, ən əsası isə mətbuatdakı parlaq simalarla müqayisə eləsinlər…

Filmin treyleri
XS
SM
MD
LG