Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:15

A. Davutoğlu: «ATƏT-in Minsk Qrupu özünə belə bir sual verməlidir»


Elmar Məmmədyarov və Ahmet Davutoğlu
Elmar Məmmədyarov və Ahmet Davutoğlu
-

«ATƏT-in Minsk Qrupu 20 il ərzində heç nə edə bilməyibsə, o zaman özünə belə bir sual verməlidir - niyə Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır?» Bu sözləri Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə brifinqdə deyib:

«Minsk Qrupunun üzvü olan dövlətlər Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak etməlidir. Türkiyə də Minsk Qrupunun üzvüdür və sülh prosesinə dəstək verməyə hazırdır. Əsas odur ki, münaqişə tez bir zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Azərbaycan və Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar sıx əlaqə saxlayır».

Öz növbəsində Elmar Məmmədyarov Vyanada həmsədrlərlə görüşündən danışıb. Bildirib ki, görüşdə 3 məsələ müzakirə olunub:

MÜZAKİRƏ OLUNAN 3 MƏSƏLƏ

«Həmsədrlər təklif edib ki, prezidentlər səviyyəsində görüş təşkil olunsun. Azərbaycan belə bir görüşün keçirilməsinə tərəfdardır. İkinci məsələ odur ki, Azərbaycan Minsk qrupunun bütün üzvləri ilə səfirlər səviyyəsində görüş keçirilməsini təklif edib. Avqust tətil ayıdır, güman ki, sentyabr-oktyabr aylarında görüş olacaq. Üçüncü məsələ, ABŞ tərəfindən yeni həmsədr seçilməsidir. Mən də hələ bilmirəm ki, kim təyin olunacaq».

Elmar Məmmədyarov həmsədrlərin fəaliyyətindən narazı olduqlarını da qeyd edib:

«Azərbaycan tərəfi istənilən ölkə ilə Qarabağ məsələsini müzakirə etməyə hazırdır. Hər hansı ölkə bir tərpəniş, irəliləyiş əldə etmək üçün gücünü ortaya qoysa, biz alqışlayırıq».

Azərbaycanın Xarici İşlər naziri onu da qeyd edib ki, icmaların görüşünü dəstəkləyirlər:

«Gərək Ermənistanla dil tapaq», deyə Elmar Məmmədyarov vurğulayıb.

BAKI VƏ ANKARA REGİONDA APARICI ROL OYNAYAN PAYTAXTLARDIR...

Nazirlər noyabr ayında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının keçiriləcəyini də bildiriblər.

E. Məmmədyarov Türkiyə XİN rəhbəri ilə görüşdə Bakı-Tbilisi-Qars layihəsini müzakirə etdiklərini də deyib:

«Bu layihə koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılmasında istifadə üçün nəzərdə tutulan marşrutlardan biridir. Eyni zamanda biz enerji sahəsində sıx əməkdaşlıq etməyin vacibliyinə də toxunduq».

Türkiyənin xarici işlər naziri isə bildirib ki, Bakı və Ankara Avrasiya regionunda aparıcı rol oynayan paytaxtlardır.

Ahmet Davutoğlu Türkiyə və Azərbaycanda hər iki ölkənin Mədəniyyət Mərkəzlərinin açılacağını deyib.

A. Davutoğlu Bakıya səfəri zamanı prezident İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov və baş nazir Artur Rasi-zadə ilə də görüşüb.
XS
SM
MD
LG