Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:33

Əkrəm Əylisli “Daş yuxular”da nəyi dəyişib? (Etiraf)


Şahnaz Bəylərqızı və Əkrəm Əylisli
Şahnaz Bəylərqızı və Əkrəm Əylisli
-

"Mən bir şeyi deyim ki, bilin, “yeraz”la naxçıvanlıların heç bir fərqi yoxdur.

Mirzə Cəlilə indiyə qədər demirlər ki, Nehrəm camaatını təhqir edib?

Heç olmasa, bundan dərs alsınlar ki, Mirzə Cəlil Azərbaycan xalqının şərəfini alçaltmayıb, nehrəmliləri alçaltmayıb, sadəcə o bəlanı görüb ki, onu hər yoldan keçən görə bilməz".



AzadlıqRadiosunun “Pen klub” proqramının qonağı Əkrəm Əylislidir. Yazıçı "Oxu zalı"nda onun qalmaqallı "Daş yuxular" romanının müzakirəsi zamanı səslənmiş tənqidlərə də münasibət bildirib.


YAZIÇIDAN “MÖHTƏŞƏM TIXAC"LA BAĞLI ETİRAF

- “Möhtəşəm tıxac” romanını hələ ki çap etdirməyib üzərində işləməyi qərar almışam. O əsərin ruscasını işləyəndə - ruscaya tərcüməni özüm etmişəm - çoxlu dəyişikliklər etmişəm, indi bu dəyişiklikləri Azərbaycan dilindəki varianta köçürməliyəm, buna da xeyli vaxt lazımdır. İndi buna həvəsim də yoxdur. Başqa, yeni şeylər yazmaq istəyirəm. Bir yazını yazandan sonra onunla üzülüşürsən, ürəyinə təzə toxum düşür və cücərməyə başlayır. Sağlıq olsun, o əsər də bir vaxt çap olunar.

- Çap edilməsinə sizə olan basqıların maneçiliyi yoxdur? O da siyasi motivli əsərdir.

- Basqıların bəlkə təsiri də var. Hörmətsizlik olar, mən qeyri-səmimi cavab verəm. Basqıların da ola bilər ki, təsiri oldu. Şər, böhtan hamını sarsıda bilər. Yazıçı çox həssas, kövrək məxluqdur. Şər, böhtan böyük orduyla adamın üstünə gələndə, işıq ucu qalmayanda sən əlbəttə müəyyən qədər dayanıb düşünməli olursan. Sənin bir vaxtlar bir yerdə çay içdiyin, dostum-qardaşım dediyin, tanıdığın insanlar sənə qarşı dursunlar, riyakarcasına sənə qarşı ittiham uydursunlar... Bu söhbətləri bir vaxt bir yerdə etmişik. Məsələn, məclislərdə erməni xalqının sağlığına badə qaldıran oğullar var ki, indi anti-erməni mövqeyində durub. Bu, düşük işlərdir, ziyalı belə işlərə getməməlidir.

- Buna səbəb nədir?

- Şəxsiyyətsizlikdən irəli gəlir. Çox mümkündür ki, yazıçı gözəl bir əsər yazar eşq-məhəbbət haqda, əldən-ələ gəzər, amma bunun varlığında, tərcümeyi-halında, mənəvi yaddaşında bir kişi yoxdursa, o hər şeyə gedə bilər. Yəni heç vaxt yazıçını peşəsinə görə tanımaq lazım deyil. Onu həm də hərəkətlərinə görə, tərcümeyi-halına görə tanımaq lazımdır. O adamlar məni xalqı tanımamaqda ittiham edirdi ki, onlar xalqın harda olduğunu bilmirlər. Mən daim xalqın içində olan adamam. Bir kabinetdən çıxıb o birinə dürtülən, hətta bir kabinetdə 30 il oturmağı özünə rəva bilənlər məni xalqdan uzaq olmaqda günahlandırırlar. Bu vəziyyətdə əlbəttə sarsılarsan... Mən “Daş yuxular”ı yazanda öz əqidəmə, doğru olduğuma inanmasaydım sonradan fikrini dəyişə bilərdim. Amma bu mümkün deyildi, fikrimi dəyişə bilməzdim. Mən burda mövqe göstərmirdim. Əqidəmi göstərirdim. Mən demişdim ki, bu əsər Azərbaycan xalqına ancaq və ancaq başucalığı gətirə bilər. Baxmayaraq ki, bütün hücumlar Azərbaycan xalqını alçaldır...

“HEÇ VAXT DEMƏK OLMAZ Kİ, MƏN BELƏ YAZMAZDIM, BU, ÇİNGİZ HÜSEYNOV SƏVİYYƏSİ DEYİL”

- Çingiz Hüseyn sizin romanla bağlı deyib: “Ədəbiyyatın funksiyasını o dərəcədə məhdudlaşdırıblar ki, onu çeviriblər təbliğat alətinə. Ədəbiyyat həqiqəti yazmalıdır, göstərməlidir. Bir daha deyirəm: əsərdə mənim düşüncələrimə zidd olan konkret məsələlər çoxdur. Amma yazıçıya haqq vermək lazımdır ki, demək istədiyini desin, yazmaq istədiyini yazsın!”

- Bu bizim məşhur Çingiz Hüseynovumuzdur, özünü Çingiz Hüseyn etdi. Ona çox böyük hörmətim var, bir ziyalı, bir sənətkar kimi.

- Qayıdaq onun dediklərinə, onun bir fikri də vardı: "Şəxsən mən “Daş yuxular”ı bu şəkildə yazmazdım, ilk-əvvəl ona görə ki, təsvir olunan hadisələrin şahidi olmamışam. Mövzunu bədii əsər kimi başqa cür işləyərdim. “Daş yuxular”da bir cümlə var “əgər qətlə yetirilən hər erməninin adına bir şam yandırılsa, o şamların işığı ayın işığını kölgədə qoyar”. Mən belə yazardım: Qətlə yetrilən hər erməni və türk, azərbaycanlının adına bir şam yandırılsa, o şamların işığı ayın işığını kölgədə qoyar. Əsl mənada bu kimi qanlı problemdən bəhs edən bədii əsər hər iki tərəfin faciəsini göstərməlidir..."

- Mən əvvəla Çingiz müəllimə təşəkkür edirəm ki, məni bu situasiyada tək qoymadı, hətta bu yazını oğlu və həyat yoldaşının oxuyub böyük həzz aldığını, sevinclə qarşıladıqlarını demişdi. Buna estetik şedevr demişdilər. Bu dəstəyə görə təşəkkür edirəm. Amma bir şey var, heç vaxt demək olmaz ki, mən bunu belə yazmazdım. Bu Çingiz Hüseynov səviyyəsi deyil.

“ÇİNGİZ HÜSEYNOVUN DEDİYİ YERİ YENİ NƏŞRDƏ DƏYİŞMİŞƏM”

- Amma həmin fikrə - “qətlə yetirilən hər erməninin adına bir şam yandırılsa, o şamların işığı ayın işığını kölgədə qoyar” fikrinə tək Çingiz müəllim yox, başqaları da etiraz etdilər. Onların fikrincə də, orda bu münaqişədə qətlə yetirilən erməniylə yanaşı türkün də adına şam yandırılsa yazılmalıydı.

- Yaxşı yadıma saldınız. Çingiz Hüseynovun dediyi yeri mən yeni variantda – yeni nəşr var, Sankt-Peterburqda çıxıb – dəyişmişəm, elə onun arzuladığı kimi etmişəm.

- Demək iradı qəbul edirsiz?

- O mənada qəbul edirəm ki, bu belə reaksiya doğurursa... Yarımhəqiqət yoxdur. Çingiz Hüseynovun öz həqiqətləri var. O materialı mən də oxudum ki, mən belə yazmazdım. Niyə Çingiz Hüseynov elə yazmalıydı ki? O, Əylisdə doğulmayıb. O hadisələri bilmir. O deyə bilərdi ki, bu hadisə məni inandırmır, bu hadisə olmayıb. Amma söhbət bundadır ki, hansı alçaq yazıçı olmayan bir şeyi öz xalqının adına yazar?

- Çingiz Hüseynov sadəcə onu deyir ki, yazıçı “hər iki tərəfin də faciəsini” göstərməliydi.
Əkrəm Əylislinin "Daş yuxular" romanına etiraz olaraq bir qrup Gəncə sakini onun kitablarını yandırır, Yanvar, 2013
Əkrəm Əylislinin "Daş yuxular" romanına etiraz olaraq bir qrup Gəncə sakini onun kitablarını yandırır, Yanvar, 2013

- Bu “hər iki tərəfin faciəsi” söhbəti deyil. Bu, lakonik əsərdir. Mən orda epoxanı göstərməyi qərara almamışam, axı. Burda bir insanın taleyindən, keçmiş müşahidələrindən və toqquşduğu həyatdan danışılır. Çox zərif bir insanın taleyidir, dünyagörüşüdür. Hər şeyi də mənim adıma yazmaq... Müəllifin pozisiyası olmalıdır, düzdür. Amma əsərin obrazlar sistemi var, hər obrazın dediyi müəllifin adına yazıla bilməz.

“YAZIÇIDAN TƏLƏB ETMƏK Kİ, SƏN NİYƏ BİZİM HAKİMİYYƏT KİMİ DÜŞÜNMÜRSƏN, BU, CAHİLLİKDİR”

- Əkrəm müəllim, əsərdə daha nələri dəyişmisiz?

- Bir-iki şeyi dəyişmişəm. Yazıçısına inanmayan, tanımayan xalq özünü tanıya bilməz. Biz Mirzə Fətəlimizi, Mirzə Cəlilimizi, Sabirimizi yaxşı tanımış olsaydıq, bu gün tamam başqa mənəvi və əxlaqi mərhələdə olardıq. Bəlkə belə suallar da doğmazdı. Yazıçıya bir az inanmaq da lazımdır. Oxucu fikirləşməlidir ki, bu yazıçı çöldən tapılmayıb. Özündən demək olmasın, bütün SSRİ-də, Şərqi Avropada kitablarım çıxıb, havayı çıxmazdı axı. Oxucu da bir fikirləşsin ki, bəlkə bu yazıçı düz düşünür, niyə hirslənib cumub bunun üstünə, bəlkə bu bir az məndən qabağı görür? Yazıçıdan tələb etmək ki, sən niyə mənim kimi düşünmürsən, yaxud niyə bizim hakimiyyət kimi, hakim ideologiya kimi düşünmürsən, bu cahillikdir, cəhalətdir, bunu etmək olmaz.

- Yeri gəlmişkən, tənqidçi Elnarə Akimova yazır: “Söhbət heç də yazarın müsəlləh əsgər kimi silahı qələmlə əvəzləyib düşmənə tuşlamasından getmir. Burada söhbət yazıçının ideoloji dürüstlüyündən gedir ki, ortaya qoyduğu əsərlə milli cəmiyyətin həssas və ayıq yanaşdığı məsələlərə müəyyən təklif və əlavələrdə bulunsun. Yəni, siyasətin işləyə bilmədiyi dərinlərdə Söz ideoloji vasitə olaraq qələm çala - Siyasət işlədə bilsin".

- (Gülür) Bilirsiz, bu axı... Bu camaatı o qədər çaşdırdılar ki... Bu əsərin Qarabağ müharibəsinə, ya Xocalı faciəsinə dəxli yoxdur! Mən ha deyirəm, elə sözüm də qalır özümə. Axı, bax burda, bu əsərin bəhs etdiyi dövrdə Qarabağ müharibəsi başlamamışdı. Ancaq deyirlər Xocalı niyə yoxdur? Xocalı ola bilməzdi! Bu əsər 1990-cı ilin yanvar ayının birinci yarısının hadisələrini göstərir.

- Həmin vaxt Ermənistandan gələn qaçqınlar var idi və onların başına gətirilənlər də məlum idi. (ardı aşağıda)

Əkrəm Əylisli
Əkrəm Əylisli


"“YERAZ”LA NAXÇIVANLILARIN HEÇ BİR FƏRQİ YOXDUR”

- Aydındır. Əsərdə bu haqda yazılanları necə yozdular? Qəhrəman qışqırır ki, bunu “yerazlar” edib, Bakı camaatı etməyib. O deməkdir ki, onları orda incidiblər, gəlib burda qisas alırlar. Amma bunu necə yozdular, guya təhqir edir “yerazlar”ı, gəlmələri. Mən bir şeyi deyim ki, bilin, “yeraz”la naxçıvanlıların heç bir fərqi yoxdur. Eyni ləhcədə danışırlar, eyni mədəniyyətə, eyni mətbəxə malikdirlər. Heç bir cəhətdən onları bir-birindən ayırmaq mümkün deyil. Mirzə Cəlilə indiyə qədər demirlər ki, Nehrəm camaatını təhqir edib? Heç olmasa, bundan dərs alsınlar ki, Mirzə Cəlil Azərbaycan xalqının şərəfini alçaltmayıb, nehrəmliləri alçaltmayıb, sadəcə o bəlanı görüb ki, onu hər yoldan keçən görə bilməz. Yazıçının birinci vəzifəsi bəlanı görməkdir. İkinci böyük vəzifəsi xalqın ürəyindən keçən, amma dilinə gətirə bilmədiyini yazmaqdır. Bu əsər də zamanı bir az qabaqlayıb. Yəni ki, bir millət başqa millətin fəlakətini də öz fəlakəti kimi qəbul edə bilər. Bu, artıq bizim əxlaqdan çox ucada duran söhbətdir.

- Amma iradlar var ki, bir tərəfin - erməni xalqının həddən artıq müdafiə olunması, onun əzabkeş obrazının yaradılması qarşı tərəfi qıcıqlandırır və bu barışa xidmət etmir. Yenə Elnarə Akimova yazır: “Əsər barışa yox, savaşa yol açır, humanist ideallar fiaskoya uğrayır. Barış üçün hər iki tərəfin acıları üzərindən xətt çəkilib yeni səhifə açılmalı idi. Burda isə bir tərəf - ermənilər zülmə məruz qalan, azərbaycanlılar zülm edən kimi göstərilir”.

- Deyir də. Çox yaxşı filosofluq edir, çox sağ olsun. İkincisi də, ordakı insanlar bizdən çox-çox yuxarıda dururlar. Orda həkim Fərzani çox yüksək əxlaqlı, geniş dünyagörüşlü, humanist insandır. Kənddəki qadınlar var... Mən deyirəm ki, sən birinə zülm etmisənsə, Allah səndən bunun qisasını alacaq, bu fikri yazıçıya deməyi qadağan etmək olmaz. Yazıçıya bunu qadağan etmək ona tüpürmək deməkdir.

- Allah qisasçıdır, yoxsa bağışlayandır?

- Allah əlbəttə bağışlayandır.

- Amma siz əsərdə verirsiz ki, Əylisdəki azərbaycanlıların çoxu dəlidir. Çünki qətlə yetirilən ermənilərin evində yaşayırlar və buna görə cəzalandırılıblar.

- Belə təhrif etmək olmaz. Yazıçı deyir ki, kim olmasından asılı olmadan zülm etmisənsə, Allah bunun əvəzini göstərəcək. Mən orda onların adından danışmıram... Sonradan gördüz hadisələr necə yumşaldı? Neçə erməni yazıçısı dedi ki, bizdə də bu fikirlər söylənilməlidir. Qrant Matevosyanın oğlu dedi ki, bu xalqlar doğrudan da bir yerdə yaşaya bilərlər və buna çalışmaq lazımdır. Mənim ilk hekayəm “Gilas ağacı”, “Nənəmin tütün kisəsi” minlərlə, on minlərlə insanın ürəyinə işıq salıb. Nə oldu bunu ataq, işığın da yerinə qaranlıq dolduraq? Bu, əxlaqdan uzaq şeydir. (ardı aşağıda)

Proqramdan sonra. Soldan sağa: Əkrəm Əylisli, proqramın prodüseri Namiq Hüseynli və aparıcısı Şahnaz Bəylərqızı
Proqramdan sonra. Soldan sağa: Əkrəm Əylisli, proqramın prodüseri Namiq Hüseynli və aparıcısı Şahnaz Bəylərqızı


“MƏN BİLƏM Kİ, BU ƏSƏRİMLƏ ÖZ XALQIMI ALÇALTMIŞAM...”

- Tənqidçi İradə Musayeva yazır: "Xalq yazıçısı ilə Qarabağ insanlarının arasında nə qədər ölçüyəgəlməz məsafə var ki, Əkrəm Əylisli xüsusi bir nifrət ilə onların hələ də yerdə qalan qanının üstündən belə biganəliklə keçdi". Tənqidçi romandakı tipikləşdirmələrə diqqət tönəldir: "Qarabağ və Qərbi Azərbaycan qaçqınlarının “tipikləşdirilmiş” obrazlarına diqqət edin: vəhşi və qaraguruh, qatil gənclər, əxlaqsız və pulgir baksovet məmuru".

- Mən o vaxt sizin verilişdə də dedim ki, mən fincandan yazmışam, deyirlər bəs samovar hanı? Əsərin mövzusu haqda danışmaq lazımdır. Qarabağ problemi çox böyük problemdir. Azərbaycanın fəlakətlərinə, eyni zamanda, erməni xalqının fəlakətlərinə bais olub. Bu fəlakətdən çıxmağın bir yolunu da yazıçı fikirləşə bilər. Mən deyirəm ki, biz hətta zalımlıq etmişiksə, bunu da deyirik sizə, gəlin bir yerdə yaşamağa çalışaq. Bəzən baxıram onların saytlarına, Azərbaycana qarşı hədsiz söyüşlər gedir. Onu edənlər sülhə gələ bilməz. Sülhə gəlməyin yolunu gəlin, əlbir axtaraq. Mən balaca əsərdə bütün hadisələri verə bilməzdim, mən öz yolumu demişəm. Məsələn, Cabbarlı başqa formada yazıb: “Mən sənsiz tar çalmaram, Sona”. Bizə təskinlik verən nədir? Dünyanı titrədən, şah əsərlər sırasında gedən “Anna Karenina” haqda yazırdılar ki, Tolstoy qocalıb, ağlını itirib, primitiv əsər yazıb. Rus xalqının böyük tənqidçisi Belinski “İdiot” haqda yazmışdı: “Nerviçeskaya çepuxa”.

- Elnarə Tofiqqızının fikrincə, Əkrəm Əylislini məsələn, böyük humanist Tolstoyla müqayisə etmək mümkün deyil. ""Daş yuxular"la "Hacı Murad"ı bir-birindən həm tarixi-ictimai şərait, həm də əsərlərin ümumi ruhu kəskin şəkildə fərqləndirir. Tolstoy Hacı Muraddan istifadə etmək istəyən rus zabiti, bunu başa düşüb qaçmağa cəhd göstərəndə onu zəminin içində mühasirəyə alıb qıran rus əsgərləri haqqında aşağılayıcı və təhqiredici sözlər işlətmir, yəni Hacı Muradı yüksəltmək üçün müəllif öz millətini alçaltmır. Təəssüf ki, Əkrəm Əylislinin əsəri haqqında bunları demək mümkün deyil".

- Əvvəla, Tolstoyu da istəməyənlər yazıçını bu əsərə görə cəzalandırmaq istəsəydilər, deyərdilər ki, ay qoca qraf, sən 70 yaşında ağla gəlməmisən, bizimlə neçə illər qanlı mübarizə aparanın müsbət obrazını yaratmısan. Hacı Muradın müsbət obrazını yaradıb da yazıçı. Bunu ona deyə bilməzdilər? Orda bununla bağlı gətirilən arqumentlər əsərin mahiyyətinə aid deyil. Mən biləm ki, öz xalqımı bu əsərimlə alçaltmışam, bir gün də bu dünyada yaşaya bilmərəm. Bu fikrə heç kim inanmaq istəmir. Həmin xanım sağ olsun, öz fikrini deyir. Amma mən nəhəng yazıçılardan, şəxsiyyətlərdən məktub almışam ki, siz bu əsərlə Azərbaycan xalqının ləyaqətini hifz etdiz. Uşaq yazmayıb bunu.

- Kimdir o?

- Qannuşkina, hüquq müdafiəçisidir. Yazıçı bir qatda fikirləşmir. O qatlara girişməyə cəsarəti, intellekti, zoru çatmayan, üzdə olan... Su da çalxalananda üzə köpüyü çıxır, belə hadisə vaxtı cəmiyyət çalxalanır, mahiyyət üzə çıxmır, köpük üzə çıxır. Mənim haqqımda fikir deyən heç kimə, vicdan haqqı, nifrətim yoxdur. Ancaq sənin yazıçın əldəqayırma bir şeydirsə, bütün həyatı boyu xalqına zərbə vurmağa yol axtarırmışsa, nə desəz düzdür, neyləyirsiz, edin. “Nəğməkar bibim”lə Azərbaycan xalqının böyük hissəsi tərbiyələnib, ruhlanıb, gəl birdən-birə de ki... Bəlkə mən bu səviyyəyə gəlmişəm? Axı, bunu siyasətə çevirmək olmaz.

- Əkrəm müəllim, “Daş yuxular”ı yaradıcılığınızın zirvəsi sayırsızmı?

- Yox. Yaradıcılıq zirvəsi yox. Mənim yazdıqlarım mənim ağrılarımdır. Ağrılarımızı yazırıq biz. Yadındadır, Gertsen necə gözəl deyir: “Biz həkim deyilik, biz ağrıyıq”. Yazıçı da millətin ağrısıdır. Yazıçının bir nömrəli borcu xalqın ürəyindən keçən və xalqın hələ deməyə hazır olmadığı fikirləri yazmaqdır.

İzlə
XS
SM
MD
LG