Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:42

Аnаr Məmmədоv «Hürriyеt» qəzetindən təkzib istəyəcək


Аnаr Məmmədоv
Аnаr Məmmədоv
-
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Аnаr Məmmədоv Türkiyənin «Hürriyеt» qəzetinin təkzib verməsi üçün məhkəməyə üz tutacaq. Bu barədə AzadlıqRadiosuna onun vəkili Ruslan Məmmədov bildirib.

40 MİLYON DOLLARA ADA?

Səbəb «Hürriyet» qəzetində dərc olunmuş «Azəri nazirin türk mühafizəçisinə nə oldu?» başlıqlı yazıdır. Qəzetin köşə yazarı Yalçın Bayеr Аnаr Məmmədоvun mühafizəçisi işləyən Türkiyə vətəndaşı İsmаil Gеnç-in üç həftə əvvəl azərbaycanlı mühafizəçilərlə atışmada yaralandığını iddia edir:

«Gеnç-in ailəsi Bakıdakı Türkiyə səfirliyinə müraciət edərək oğullarının aqibətini öyrənməyə çalışıb, amma nəticə əldə edə bilməyib. Xarici işlər naziri Ahmet Davutoğlu ilə əlaqə yaratmaq istədilər, bu da nəticə vermədi. Onlar oğullarının yaşayıb-yaşamadığını, ölübsə, qəbrinin yerini bilmək istəyirlər».

Yazıda o da qeyd olunur ki, nazir oğlu Аnаr Məmmədоv iki həftə «Çırağan» şadlıq sarayında milyon dollarlıq doğum günü ziyafəti verib və Bodrum yaxınlığında 40 milyon dollar dəyərində bir ada alıb.

«BU ADDA MÜHAFİZƏÇİ OLMAYIB»

Ruslan Məmmədov «Hürriyеt» qəzetində yazılanların həqiqətə uyğun olmadığını deyir:

«Аnаr Məmmədоvun bu adda mühafizəçisi olmayıb. Bəlkə də hansısa şirkətimizdə belə bir işçi olub. Layihələrimizdə yüzlərlə adam işləyir. Ancaq belə bir şəxsi mən xatırlamıram. Müraciətimdən sonra Türkiyə səfirliyi də belə bir şəxsi tanımadığını bildirib».

Ruslan Məmmədovun dediyinə görə, holdinqin layihələri bir çox ölkələri, o cümlədən Türkiyəni əhatə edir. Bu layihələrdə müxtəlif dövlətlərin yüzlərlə vətəndaşı çalışıb və indi də çalışır:

«Ən azından mühüm bir məsələni unutmayaq ki, istənilən halda, dünyanın istənilən ölkəsində işəgötürən yalnız hazırda əməkdaşlıq etdiyi işçiyə görə məsuliyyət daşıyır. Əməkdaşlıq müqaviləsinin müddəti başa çatandan sonra işçinin törətdiyi hansısa əmələ görə keçmiş işəgötürənlərinin ittiham edilməsi heç bir sağlam düşüncəyə, sağlam məntiqə sığmır».

Vəkil 40 milyon dollara ada alınması barədə məlumatı, eləcə də milyon dollarlıq ziyafət barədə yazılanları yalanlayır və bu yazının hazırlanmasında ermənipərəsət qüvvələrin dəstəyini istisna etmir:

«Bu, təxribat xarakterli məqalədir. Heç bir mənbəyə istinad olunmur. Аnаr müəllimin Azərbaycanın imici, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün nələr etdiyini bilirsiniz. Xüsusilə ABŞ-da hansı işləri gördüyü məlumdur. Son vaxtlar bizim, Аnаr müəllim haqqında bir vətənpərvər gənc kimi xeyli müsbət məlumatlar yayılır».

Аnаr Məmmədоv Azərbaycan-Amerika Alyansının prezidentidir.

«BİRLİKDƏ ARAŞDIRA BİLƏRİK»

«Atası Azərbaycanda nəqliyyat naziri çalışanda adi bir universitet tələbəsi olan Аnаr Məmmədоvun qısa zamanda qazandığı var-dövlət və parıltılı həyatı Azərbaycan xalqının bir nömrəli dedi-qodu mövzularından biridir». «Hürriyеt» qəzeti belə yazır.

Аnаr Məmmədоvla bağlı bu «dedi-qodu»lara Nəqliyyat Nazirliyinin iri layihələrindən bəzilərinin onun idarə etdiyi şirkətə verilməsi səbəb ola bilərmi? AzadlıqRadiosunun bir araşdırması Bakı Beynəlxalq Avtovağzal Kompleksini tikən şirkətlər arasında Аnаr Məmmədоva məxsus «ZQAN Construction» şirkətinin də olduğunu üzə çıxarmışdı.

Ruslan Məmmədov AzadlıqRadiosunun bu sualını belə cavablandırdı:

«Nəqliyyat Nazirliyinin tenderlərində biz iştirak etmirik. Nəqliyyat Nazirliyi dövlət strukturudur, amma biz kommersiya qurumuyuq. Bu, qanunla qadağandır. Hansısa layihəyə dair şübhə varsa, sizinlə birgə bunu araşdıra bilərik».

Аnаr Məmmədоv, həmçinin, «Garant Holding» MMC-nin Direktorlar Şurasının sədri, Ruslan Məmmədovsa həmin şuranın üzvüdür.
XS
SM
MD
LG