Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:43

Korrupsiyaya qarşı mübarizədə «irəli-geri» söhbəti


Foto: Arxiv
Foto: Arxiv
-
«2013-cü ilin birinci yarısında korrupsiya ilə əlaqəli 200 şəxs barəsində 100 cinayət işinə baxılıb. Bu cinayət işləri arasında özəl sektorla bağlı olanlar üstünlük təşkil edir».

Bu sözlər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin hesabatından götürülüb. O, iyulun 23-də açıqladığı hesabatda bu ilin ilk yarısında qurumun gördüyü işlər barədə məlumat verib.

Hesabatdan məlum olur ki, sözügedən müddətdə 1500-dən çox vətəndaşın müraciəti araşdırılıb. Cinayət səciyyəli 166 iş üzə çıxarılıb. İdarə rəisi jurnalistlərə açıqlamasında deyib ki, araşdırılıb məhkəmələrə göndərilən işlər bank sektoru, bələdiyyə, təhsil və səhiyyə sahələri, eləcə də icra hakimiyyəti orqanları ilə bağlıdır.

Kamran Əliyev rəhbərlik etdiyi qurumun gerçəkləşdirdiyi antikorrupsiya tədbirlərini səmərəli sayır və bu tədbirlərin artıq öz bəhrəsini verdiyini deyir.

«TRANSPARENCY INTERNATIONAL»: «HƏR İKİ ADAMDAN BİRİ... VƏZİYYƏTİN PİSLƏŞDİYİNİ DÜŞÜNÜR»

Bir neçə gün öncə ölkə başçısı İlham Əliyev də çıxışında korrupsiya və rüşvətxorluğa dair mübarizənin yüksək səmərəsindən danışıb, bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini söyləyib.

«Transparency International» təşkilatı isə iddia edir ki, «Hər iki adamdan biri son iki ildə korrupsiya ilə bağlı vəziyyətin pisləşdiyini düşünür».
Maşallah Cəbiyev
Maşallah Cəbiyev
Beynəlxalq qurum həmin iddiasını, Azərbaycan da daxil, 107 ölkədən 114 min adam arasında keçirdiyi sorğunun nəticələriylə əsaslandırır. İyulun 9-da açıqlanan sözügedən rəy sorğusundan bir nəticə də çıxır – rüşvət dünyanı bürüyüb. Hər ölkənin ayrıca göstəricisi olmasa da, rəy sorğusuna görə, dünya boyunca hər dörd nəfərdən biri son 12 ayda kiməsə rüşvət verib.

«Transparency International»ın sorğusu onu da üzə çıxarıb ki, bir çox ölkələrdə adamlar korrupsiya ilə mübarizə aparmalı olan təsisatların özünə inanmırlar.

Elə bizim müsahibimiz Maşallah Cəbiyev kimi:

«2 milyonluq varımı-karımı – daş karxanamı əlimdən alıblar. Məndən pul istəyirdilər. Nə qədər şikayət etmək olar? Kimdən kimə şikayət edəsən?».

2011-ci ildən mülkiyyət hüququnun pozulduğunu, icra qurumlarının ondan rüşvət tələb etdiyini deyən sahibkar Maşallah Cəbiyev ötən il Korrupsiyaya qarşı Mübarizə İdarəsinə üz tutsa da, ortalıqda bir nəticə yoxdur. İdarədən ona yalnız ərizəsinin qəbul olunması ilə bağlı bildiriş gəlib, başqa heç nə.

Rəna Səfərəliyeva
Rəna Səfərəliyeva
«KİÇİKRÜTBƏLİLƏRİN KORRUPSİYA SƏVİYYƏSİ AZALIB»

Korrupsiyaya qarşı Mübarizə İdarəsi, hələ ki, Maşallah Cəbiyevin ümidlərini doğrultmayıb. Amma «Transparency International» təşkilatı Azərbaycan milli bölməsinin icraçı direktoru Rəna Səfərəliyevanın fikrincə, müraciət sayının ildən-ilə çoxalması bu quruma inamın artmasından xəbər verir. İcraçı direktor onu da deyir ki, şikayətlərin sayı korrupsiya səviyyəsinin göstəricisi deyil. Axı öz haqqını bilməyən, üzləşdiyi korrupsiya halından şikayət etməyənlər də çoxdur:

«Müəyyən sahələrdə kiçikrütbəlilərin korrupsiya səviyyəsi azalıb. Səbəblərdən biri «ASAN» xidmətidir. Burada 9 dövlət qurumunun gördüyü iş, həqiqətən də, şəffaf həyata keçirilir. Dövlət yol polisində də vəziyyət bir qədər düzəlib. Amma müəyyən sahələr də var ki, orada ciddi işlər görülməlidir. Məsələn, mülkiyyətin qeydiyyatı və satınalmalar sahəsində ciddi problemlər var».

Rəna Səfərəliyeva korrupsiya ilə mübarizədə dövlət qurumlarının hesabatlılığına ayrıca önəm verir. Bu baxımdan Korrupsiyaya qarşı Mübarizə İdarəsinin hər il bir neçə dəfə hesabatla çıxış etməsini alqışlayır.

«BU GÜN AZƏRBAYCANDA İSTƏNİLƏN ŞƏXS...»

İqtisadçı ekspert Azər Mehtiyev isə bu hesabatları statistik göstəricilərdən başqa bir şey saymır:
Azər Mehtiyev
Azər Mehtiyev

«Korrupsiyaya qarşı mübarizənin effektindən o zaman danışmaq olar ki, insanların davranışlarında korrupsiyaya meyllilik aradan qalxsın və onlarda qanunla yol verilən hadisələrin hər hansı maneə olmadan, rüşvət verilmədən həyata keçiriləcəyinə əminlik yaransın. Bu gün Azərbaycanda istənilən şəxs hər gün ən müxtəlif korrupsiya halları ilə üzləşir. Bu, həm məişət, həm də dövlət idarəetmə səviyyəsində mövcuddur».

Azər Mehtiyev çıxış yolunu qanunun məmura deyil, məmurun qanuna tabeçiliyində görür. Onun fikrincə, hüquq və qanun ali olmayınca, məhkəmələr sifarişli qərarlara son qoymayınca, korrupsiya ilə mübarizədən danışmağa belə dəyməz.

Mülkiyyət hüququnun pozulmasından, ondan rüşvət tələb olunmasından şikayətçi düşən Maşallah Cəbiyevin son ümidi məhkəmənin çıxaracağı qəraradır. Ondan rüşvət tələb edənlərin bir gün qanun qarşısında cavab verməli olacaqlarına inanır.

«Transparency International» Təşkilatının keçən ilin dekabrında yaydığı Korrupsiya İndeksində Azərbaycan 176 ölkə arasında 139-cu sırada göstərilib.
XS
SM
MD
LG