Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:22

İsа Qəmbər: «Rüstəm İbrahimbəyоv barədə müsbət mövqeyim daha da möhkəmləndi»


İsa Qəmbər
İsa Qəmbər
-
Milli Şurаnın bir gün öncə Tbilisidəki toplantısından sonra iyulun 31-də Şurа sədri Rüstəm İbrahimbəyоvla Müsavat başqanı İsа Qəmbər arasında 2 saata yaxın təkbətək görüş keçirilib.

Müsavat başqanı həmin görüşün ardından AzadlıqRadiosunun suallarını cavablandırıb.

- İsа bəy, Milli Şurаnın Tbilisi görüşü necə keçdi, nələri müzakirəyə çıxardınız?

- Görüş maraqlı keçdi. Təbii ki, Tbilisi Qafqazın siyasi mərkəzidir və Azərbaycanın ictimai-siyasi həyatının böyük bir hissəsi bu şəhərlə bağlıdır. Bu görüşün də burda keçirilməsi simvolik əhəmiyyət daşıyır. Amma bütün hallarda görüşün Tbilisidə keçirilməsinin başlıca səbəbi Azərbaycan hakimiyyətinin demokratik qüvvələr, xalq və cəmiyyət üçün yaratdığı dözülməz vəziyyətdir. Yəni, hakimiyyət elə bir vəziyyət yaradıb ki, Azərbaycanın ictimai-siyasi xadimləri Bakıda yığışıb vəziyyəti müzakirə etmək imkanına malik deyillər və Gürcüstanda görüşmək zorundayıq. Müzakirələr maraqlı oldu. Hər kəs öz mövqeyini açıq şəkildə bildirdi və müəyyən məsələlərdə müəyyən müsbət qərarlar qəbul edildi. Biz yolumuza davam edəcəyik.

- Rüstəm İbrahimbəyоvun Bakıya gəlmək məsələsi nə yerdə qaldı? Nəyə qərar verdiniz?

- Rüstəm müəllimin Bakıya gəlməsi ilə bağlı məsələyə görüşdən sonra keçirilən brifinqdə onun özü və MŞ icra aparatının rəhbəri Eldar Namazov münasibət bildiriblər. Bu baxımdan mənim məsələyə yenidən münasibət bildirməyim düzgün deyil.

- İsа bəy, Rüstəm İbrahimbəyоv Azərbaycana gələ bilməsə, vahid namizəd məsələsi necə olacaq?

- Bu gün ( iyulun 31-də – red.) Rüstəm müəllimlə ikilikdə görüşdük. Biz dünən müzakirə edilən və edilməyən məsələlər ətrafında fikir mübadiləsi apardıq. Mən bu görüşü çox yüksək qiymətləndirirəm.

- Bəs Milli Şurа sədrinin Azərbaycana gəlməyəcəyi halda hansı addımlar atılacaq? Belə fikir daha çox hallanır ki, Şurаnın vahid namizədi Rüstəm İbrahimbəyоv Azərbaycana gələ bilməsə, İsа Qəmbər vahid namizəd ola bilər. İkilikdə görüşərkən 2-ci namizəd məsələsinə diqqət ayırdınızmı?

- Müsavat Partiyasının bu məsələ ilə bağlı mövqeyi Azərbaycan ictimaiyyətinə və mediaya bəllidir. Bu barədə açıqlama vermişik. Bəzi qüvvələr Müsavatın mövqeyini yanlış yöndən təqdim etsələr də, Müsavatın təklifi, nəyə görə Milli Şurаnın seçkilərdə iştirakına israrı bütün ağıllı və vicdanlı adamlara bəllidir. Amma indiki mərhələdə öncəlikli vəzifəmiz Rüstəm müəllimin namizədliyi qarşısında yaradılan süni əngəllərin aradan qaldırılması, onun namizədliyinin qeydiyyatı və seçkilərdə qələbəyə nail olmaqdır.

- Çoxlarını düşündürən bir sual da var: Rüstəm İbrahimbəyоv gələ bilməsə, Milli Şurа hansı addımlar atacaq – seçki boykot olunacaq, yoxsa başqa namizəd irəli sürüləcək?

- Bizim hədəfimiz ona qarşı olan əngəllərin aradan qaldırılmasıdır və bu istiqamətdə işlərimizi davam etdiririk. Qalan məsələlərə gəlincə, hər bir məsələnin öz zamanı var və zamanı gələndə müzakirə edilə bilər.

- Qapalı görüşlə bağlı nə demək olar?

- Mən bu görüşdən çox razı qaldım. Hesab edirəm ki, Rüstəm müəllim də razı qalıb.

- Rüstəm İbrahimbəyоv Azərbaycana gəlməkdə israrlı görünür?

- Rüstəm müəllimi bir yazar və intellektual olaraq 40 ildən çoxdur tanıyıram, Şəxsi tanışlığımızın da müddəti 25 ili ötüb. Təxminən 80-ci illərin axırlarında onunla tanış olmuşam və o vaxtdan onu müsbət qiymətləndirmişəm. Onunla bugünkü söhbətimdə müsbət mövqeyim daha da möhkəmləndi.
XS
SM
MD
LG