Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:48

Zaqatalada zəlzələ bölgəsində çalışanlar öz haqlarını ala bilmirlər...


Muğanlı kənd sakinləri imza toplayır
Muğanlı kənd sakinləri imza toplayır
-

«Azərinvest» şirkətinə Zaqatala rayonunda deyilənə görə - «bu gün-sabah» adı verilib. Müxtəlif bölgələrdən gəlmiş 80-dən çox işçi bu şirkətdən əmək haqlarını ala bilmədiklərini və «get-gələ» salındıqlarını deyirlər. Onlar Zaqatala şəhərində və rayonun kəndlərində zəlzələdən zərər çəkmiş evlərdə çalışıblar.

Hacıqabul rayonunun Meyniman kəndindən Zaqatala rayonuna işləməyə gələn Həzi Həziyevin sözlərinə görə, o, aylardır evinə geri dönə bilmir:

Həzi Həziyev
Həzi Həziyev
«10 ildir hakim partiyaya – YAP-a üzvlük haqqı ödəyirəm. 10 ilin tamamında yardım üçün YAP-ın Zaqatala rayon şöbəsinə üz tutdum, amma ordan bizi polislərlə uzaqlaşdırdılar».

Həm də müharibə veteranı olan H. Həziyev deyir ki, bütövlükdə 1700 manat alacağı var və bu məbləğin yarıdan çoxunu burada gözlədiyi müddətdə mağazalara yığılan borcuna sərf edəcək. O, Zaqatala rayon məhkəməsinə və prokurorluq orqanlarına həm şifahi, həm də məktubla müraciət etdiyini, amma indiyədək cavab almadığını da bildirir.

Əslən Naxçıvandan olan Müşfiq Əlizadə də rayona işləmək üçün üz tutanlardandır. Şikayətçi tək məhkəməyə deyil, Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinə və icra hakimiyyətinə də müraciət etdiyini söyləyir:

«ÇALIŞDIĞIMIZ BÜTÜN EVLƏRDƏ FOTO ÇƏKİLİŞLƏRİMİZ VAR»

Müşfiq Əlizadə
Müşfiq Əlizadə
«Haraya şikayətə getsəm, ilk öncə əmək müqaviləsinin olub-olmadığını soruşurlar. Mən də onlara hamı kimi müqavilə bağlamadan çalışdığımı deyirəm. Burda günahkar bizi görsələr də, əslində, bizi çalışdıranlardır günahkar. Axı əmək müqaviləsi bağlatdırmadan yüzlərcə işçi çalışdırmağın özü böyük qanun pozuntusu və vergidən yayınmaq deməkdir. Çalışdığımız bütün evlərdə foto çəkilişlərimiz var. Lazım gəlsə, ev sahibləri də bizə şahidlik edə bilərlər».

Müşfiq Əlizadə öz haqlarını qorumaq üçün yerli hüquqşünasa da üz tutduqlarını və aldıqları cavabdan sarsıldıqlarını deyir:

«Rayon İcra Hakimiyyətinə müraciətdən sonra hüquqlarımızın bərpasında bizə yardımçı olacaq hüquqşünas nə desə yaxşıdır – «Gedin, yol kəsin!». İndi hansı zəmanədir ki, biz yol kəsək? Məgər hüquqi dövlətdə yaşamırıq? Biz özümüz qanunla hərəkət edərkən, hüquqi yolla məsələni həll etmək istərkən, «hüquq adamı» bizə yolu kəsməyi məsləhət verir. Şikayətimizi bildirmək üçün rayon icra başçısı Mübariz Əhmədzadəyə yaxınlaşdıq. Onun da cavabı belə oldu: «Bura işləməyə gələndə məndən soruşmuşdunuz?».

MUĞANLI KƏNDİNDƏN 32 NƏFƏR ÖZ HAQQINI GÖZLƏYİR

İşçilərin zəlzələ bölgəsində çalışdıqları evlərdən biri
İşçilərin zəlzələ bölgəsində çalışdıqları evlərdən biri
​Yevlaxın Aran qəsəbəsindən gələn Ağaəli Əsədovun isə 4 min manat alacağı var. Bu məbləği çox çətinliklə qazandığından, belə asanlıqla qoyub heç yana getməyəcəyini deyir:

«Tək mən yox, haqları pozulan hər bir işçi ona çatacaq pulu almasa, heç hara getməyəcəyik».

Rayon sakinlərindən də eyni duruma düşənlər var. Təkcə zəlzələdən zərər çəkmiş Muğanlı kəndindən 32 nəfər öz haqqını gözləyir.

Muğanlı kəndindən pulunu almayan sakinlərin siyahısı ilə burdan tanış ol.

«Azərinvest» MMC-dən də cavab almaq mümkün olmadı.

Şikayətçilərin sözlərinə görə, iş icraçıları ilə son görüşlərində onlar – «Biz heç kimdən qorxmuruq. Kimə istəyirsiniz şikayət edin» deyiblər.

Pullarını ala bilməyənlərin rayondakı ərzaq və tikinti malları mağazalarına külli miqdarda borcları yığılıb qalıb. Şikayətçilər onlara veriləcək məbləğin 180 min manat civarında olduğunu bildirirlər.
XS
SM
MD
LG