Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:29

Sabiq səfir: «Bunların Cənubi Azərbaycan strategiyası yoxdur»


Mahmudəli Çöhrəqanlı
Mahmudəli Çöhrəqanlı
-
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı avqustun 15-də oğlu ilə Bakıya gəlib, amma hava limanından geri qaytarılıb.
Xarici İşlər Nazirliyi mətbuat katibi Elman Abdullayev mətbuata deyib ki, Çöhrəqanlının Azərbaycana gəlişinə heç bir qadağa qoyulmayıb, sadəcə, onun sənədlərində çatışmazlıq olduğunu güman edir.

Mahmudəli Çöhrəqanlı 2006-cı ildə Azərbaycandan deportasiya olunub. Hazırda o, ABŞ-da yaşayır.

NƏSİB NƏSİBLİ: «...ÖLKƏNİN BAŞÇISI DEYİR Kİ, 50 MİLYONLUQ AZƏRBAYCANLININ PREZİDENTİYƏM. BELƏ PREZİDENTLİK OLAR?»

Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsiblinin fikrincə, Azərbaycan hökuməti İranda öz milli, mədəni hüquqları uğrunda mübarizə aparan azərbaycanlı fəallara dəstək vermir. O, Bakının bu yöndə siyasətinin bərbad olduğunu düşünür:

«Bərbaddır, sıfırdır, biabırçılıqdır, heç nə. Azərbaycan hökumətinin o barədə heç bir strategiyası yoxdur, ancaq İran hökumətindən qorxmaqla məşğuldur. İran hökuməti onun üstünə gələn kimi qorxur, əl-ayağı əsir. Çöhrəqanlını aeroportdan geri göndərmək də bunun bir təzahürüdür. Axı azərbaycanlıdır, Azərbaycan türküdür. Bu, daxili işlərə qarışmaq-filan deyil. O öz vətəninə gəlir və bu vətəndə də deyirlər ki, sənə yer yoxdur. Yekə-yekə də ölkənin başçısı deyir ki, mən 50 milyonluq azərbaycanlıların prezidentiyəm. Belə də prezidentlik olar? Cənubi Azərbaycan strategiyaları yoxdur bunların».

SƏDRƏDDİN SOLTAN: «AZƏRBAYCAN BMT TƏHLÜKƏSİZLİK ŞURASININ SƏDRİ OLANDA...»
Sədrəddin Soltan
Sədrəddin Soltan

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyir ki, istər İranda, istərsə dünyanın başqa yerlərində yaşayan azərbaycanlıların tək dayağı Azərbaycan Respublikasıdır. Onun qənaətincə, Azərbaycan Respublikası İranda yaşayan azərbaycanlıların milli, mədəni haqlarının təmin edilməsi, qorunması yönündə davamlı iş aparmalıdır. Və bu yöndə hökumətin konsepsiyası, baxışlar sistemi olmalıdır:

«Amma biz bunu epizodik şəkildə görürük. Azərbaycan hakimiyyətinin milyonlarla güneylinin mədəni haqqı ilə bağlı BMT-də məsələ qaldırması, yaxud başqa beynəlxalq qurumlarla, böyük dövlətlərlə müzakirə aparması haqda bizdə açıq informasiyalar yoxdur. Məsələn, Azərbaycan BMT Təhlükəsizlik Şurasının sədri olanda İranda güneylilərin haqqının tapdanması məsələsini gündəmə gətirməyib. Qardaşlıq borcumuzu tam yerinə yetirə bilmirik».

Sədrəddin Soltanın fikrincə, hakimiyyət İranın təzyiqlərindən çəkinə bilər, amma iş ondadır ki, heç müxalifət də, qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri də İranda yaşayan azərbaycanlıların haqq və hüquqlarını müdafiə etmirlər.

SAYMAN ARUZ: «ÖZÜMÜZ BİRLƏŞMƏLİ, GÜCLƏNMƏLİYİK, O ZAMAN DÖVLƏT DƏ BİZİ GÖRƏCƏK, DƏSTƏK VERƏCƏK»

Əslən İrandan olan, Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Sayman Aruz bu məqamda təkcə Bakını deyil, həm də iranlı soydaşlarını qınayır:
Sayman Aruz
Sayman Aruz

«Biz güneylilərdən də çox şey asılıdır. Hər şeyi Azərbaycan dövlətinin üstünə atmaq olmaz. 20 ildir burda yaşayan güneyli var ki, şəxsiyyət vəsiqəsi yoxdur, xarici ölkəyə də gedə bilmir. Və ya xaricdən gələnlər də burda yer tuta bilməyiblər deyə, Avropaya üz tutublar. Uzaqdan baxan elə bilir ki, bu, Azərbaycan dövlətinin günahıdır. Düzdür, Azərbaycanın günahı var, amma günahın hamısını onun boynuna atmaq olmaz. Cənublu da konkret və birmənalı davranmalı, Azərbaycan dövlətinin maraqlarını nəzərə almaqla hərəkət etməlidir. Biz onu İranla üz-üzə qoya bilmərik. Özümüz, təşkilatlarımız birləşməlidir, güclənməliyik, o zaman dövlət də bizi görəcək, açıq dəstək verəcək».

Bununla belə, Sayman Aruz bir arzusunu da dilə gətirir. O, İranda Azərbaycan dili və ana dilində təhsil, başqa milli-mədəni hüquqlar uğrunda mübarizə aparan liderlərin Bakıda yüksək səviyyədə qarşılanmasını, fikirlərini açıq şəkildə ifadə etməyə şərait yaradılmasını istəyir. Amma bu mühitin yaradılmadığına təəssüflənir.

1828-ci ildə Rusiya ilə İran arasında bağlanan Türkmənçay müqaviləsindən sonra tarixi Azərbaycan torpaqları ikiyə bölünüb. Araz çayından yuxarıdakı torpaqlar Rusiyanın tabeliyinə keçib.

1918-ci ildə bu ərazidə Demokratik Cümhuriyyət qurulub. 1920-ci il bolşeviklər respublikanı istila ediblər. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini qazanıb.
XS
SM
MD
LG