Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:42

Ermənistan prezidentinin İlham Əliyevə üstünlük verməsini belə izah edir


Ekspert Richard Giragosian
Ekspert Richard Giragosian
-
«Nə qədər təəccüblü görünsə də, prezident Serzh Sarkisian-nın Azərbaycanda oktyabr ayında keçiriləcək prezident seçkilərində İlham Əliyevin üçüncü müddətə prezident seçilməsini məqbul hesab etməsi, Ermənistan prezidenti tərəfindən verilmiş düzgün mesaj idi».
Bu sözləri AzadlıqRadiosu Azərbaycan xidmətinin suallarını cavablandırarkən Yerevanda qərarlaşan Regional Araşdırmalar Mərkəzinin direktoru Richard Giragosian deyib.
O bildirib ki, Ermənistan prezidentinin qənaətinə görə, İlham Əliyevin təkrar prezident seçilməsi Dağlıq Qarabağ münaqişəsinin çözülməsi baxımından ən yaxşı nəticə olardı. Beləki, Azərbaycan prezidenti proqnozlaşdırılan və güvəniləcək şəxsdir, halbuki Azərbaycan müxalifəti Ermənistan rəhbərliyi üçün tamamilə naməlumdur.
Lakin cənab Giragosian deyib ki, prezident Sarkisianın danışıqlar barədə nikbinliyini bölüşmür və ondan fərqli olaraq düşünmür ki, Əliyevin təkrar seçilməsi Azərbaycandakı erməni fobiyasına son qoya bilər.
HÜCUM SİLAHINI AZƏRBAYCANA PUTİN VERİR
AzadlıqRadiosunun Azərbaycan xidməti cənab Giragosiana aşağıdakı sualları ünvanlayıb:
Putinin Bakıya səfərinə Yerevanda münasibət necə olub? Belə görünürdü ki, Ermənistan rəsmiləri bu səfərdən o qədər də məmnun deyildilər. Rusiya Azərbaycana daha çox silah satışı və daha geniş əməkdaşlıq təklif edib. Ermənistanı belə bir fakt narahat edirmi ki, onun ən yaxın müttəfiqi Azərbaycana silah satır. Ümumiyyətlə, Ermənistan Azərbaycanın artan hərbi qüdrətindən narahatdırmı? Ermənistan hadisələrin bu cür inkişafının qarşısını necə ala bilər?
Bu sualların cavabında Giragosian bildirir ki, Rusiyanın Azərbaycana silah satması, ələxüsus da hücum təyinatlı silahları satması Yerevanı narahat etməyə bilməz. Söhbət ilk növbədə 100 T-90C tanklarının, Smerç və TOS-1A raket qurğularının, Msta-A və Vena tipli artilleriya toplarının Azərbaycana verilməsindən gedir. Cənab Giragosian deyir ki, Rusiya əvvəlcə bu silahların satışını regiondakı həssas vəziyyətlə əlaqədar ləngitməyə çalışıb. Lakin Rusiyanın dövlət silah alverçisi Rosoboronexport prezident Vladimir Putinin dəstəyi ilə bu sövdələşmənin icrasına nail olub.
ERMƏNİSTAN RUSİYANIN TAM TƏSİRİ ALTDA OLMAQ İSTƏMİR
2011-ci ildə prezidentlərin Kazan görüşü
2011-ci ildə prezidentlərin Kazan görüşü
Cənab Giragosian bildirir ki, hətta Azərbaycanla bu silah sövdələşmələri olanadək də, Yerevanı Rusiya ilə münasibətlərdə hərbi balansın pozulması, Ermənistanın daha çox asılı vəziyyətə düşməsi narahat edirdi. Onun sözlərinə görə, Rusiya indi nəinki Ermənistanın Türkiyə ilə sərhədini təkbaşına qoruyur, Moskva həmçinin ölkənin enerji sektorunu, onun yeganə nüvə elektrik stansiyasını, mədən sənayesini, tikinti və telekommunisiya sistemlərini öz əlinə alıb. Lakin analitiki ən çox narahat edən budur ki, Moskva Yerevanı Avrasiya icmasına və vahid gömrük ittifaqına çəkmək istəyir. Onun fikrincə, bu qruplarda olmaq Ermənistana heç bir siyasi-iqtisadi divident vermir.
Analitikin fikrincə, Yerevan bütün bunları Moskvanın xətrinə dəyməyəcək tərzdə izah edib. Yəni Ermənistanın Avrasiya İttifaqı ilə heç sərhədi də yoxdur, gömrük ittifaqında iştirakı isə Rusiyaya elə bir fayda verməyəcək, beləki Ermənistan Qazaxıstan və Ukrayna kimi enerji əhəmiyyətinə malik deyil. Bütün bunlardan əlavə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və nəhayət Rusiyanın Ermənistanda hərbi bazası var.
Giragosianın sözlərinə görə bundan daha dərin inteqrasiya Rusiyaya heç nə verməz, lakin əvəzində Ermənistanın Avropa İttifaqı ilə qarşıdan gələn Vilnüs sammitində dərin əməkdaşlıq barədə sazişi imzalamasına mane ola bilər. Bu barədə artıq Avropa İttifaqının xarici işlər komissarı Catherine Ashton Yerevana xəbərdarlıq edib. O bildirib ki, Ermənistan eyni zamanda Avrasiya Gömrük İttifaqının və Avropa İttifaqı ilə dərin ticarət əməkdaşlığının üzvü ola bilməz.
RUSİYANIN HƏRBİ ÇƏTİRİ ALTINDA QƏRBƏ DOĞRU
Ermənistan Müdafiə naziri əsgərlərlə görüş zamanı
Ermənistan Müdafiə naziri əsgərlərlə görüş zamanı
Təhlilçi bunu da əlavə edir ki, hətta hərbi sahədə də Ermənistan balanslaşdırılmış siyasət yerdir. Onun fikrincə, Rusiya ilə hərbi ittifaq Azərbaycana qarşı etibarlı çətirdir, lakin ölkə hərbi quruculuğunu Qərb istiqamətində aparır və NATO ilə fəal əməkdaşlıq edir.
Richard Giragosian bunu da vurğulamağı unutmur ki, Ermənistan Azərbaycandan fərqli olaraq, Qərblə doğrudan da inteqrasiyaya can atır.
Müharibənin bərpa olunmasının mümkünlüyünə dair suala cavab verərkən Richard Giragosian deyir ki, əslində dondurulmuş münaqişə yenidən qaynayır. Təhlilçi atəşəkəsin mütəmadi olaraq pozulduğunu yada salır və bunu Azərbaycandakı seçkiqabağı proseslərlə izah edir. O hesab edir ki, Ermənistan daxilindəki siyasi vəziyyət də təmas xəttindəki gəriginliyi təsirləndirir. Richard Giragosianın fikrincə nəticədə tərəflər üçün vəziyyəti normala qaytarmaq getdikcə çətinləşir.
Onun qənaətinə görə, sülh prosesində heç bir irəliləyişin olmaması Azərbaycanı getdikcə daha çox darıxdırır və Bakı getdikcə daha çox diplomatiya dilindən, hərbi ritorikaya keçir.
Ekspert bildirir ki, Azərbaycanın son dərəcə silahlanması münaqişənin bərpa olunmasını hətta daha təhlükəli edir.
Lakin Giragosianın fikrincə, cəbhə xəttindəki hazırkı situasiya - ərazinin relyefi, topoqrafiya və müdafiə istehkamları hələ də Ermənistanın xeyrinə işləyir. Odur ki, hərbi əməliyyatların yenidən bərpa olunması Azərbaycan tərəfi üçün qeyri-məqbul şəkildə böyük itkilərə səbəb ola bilər.
XS
SM
MD
LG