Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:36

The Economist: Azərbaycan hökuməti nədən qorxur?


İlham Əliyev və Rüstəm İbrahimbəyov
İlham Əliyev və Rüstəm İbrahimbəyov
-
The Economist dərgisində Azərbaycanda keçiriləcək prezident seçkiləri haqda məqalə dərc olunub. Məqaləni ixtisarla təqdim edirik:

«Azərbaycan müxalifətinin qüdrətli İlham Əliyev rejimi ilə güləşmək iqtidarında olmaması onu narkotik aludəsi edib».
Human Rights Watch (HRW) təşkilatının son hesabatına əsasən 2012-ci ilin mayı ilə 2013-cü ilin mayı arasında hökumət onu tənqid edən 6 tanınmış fiqura qarşı qanunsuz narkotik maddə saxlamaq ittihamı irəli sürüb. Burası da var ki, polis narkotik maddələri şübhəlilər həbs edildikdən sonra tapıb. Polisi daha çox ittiham olunanların siyasi fəallığı maraqlandırıb, nəinki maddələrin yaratdığı təsir. Qan analizləri narkotik maddədən istifadəni təsdiqləməyib. Narkotik maddə ittihamları başqa ittihamlar – qanunsuz silah saxlamaq, xuliqanlıq, nifrət yaratmaq və hətta dövlət xəyanəti kimi ittihamlardan hökumətin öz tənqidçilərini susdurmaq taktikası kimi istifadə etdiyini göstərir.
HÖKUMƏT NƏDƏR QORXUR?
HRW bildirir ki, hökumət oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ərəfəsində təqibləri daha da intensivləşdirib. Elə götürək, tənqidi jurnalistlərlə rəftarı. 2012-ci ildə hökumət bir neçə jurnalisti həbsxanadan azad edib. Lakin bunun ardınca, bu ilin əvvəllərindən hökumət daha 6 jurnalisti həbs edib. Hökumət jurnalistlərin «cızıqlarından çıxmaması» üçün təhdidlərdən, şantaj kampaniyalarından və zorakı hücumlardan istifadə edir.
Son qanun dəyişiklikləri bu meylləri təsdiqləyir. İcazəsiz etirazlarda iştirak üçün cərimələr təkcə ötən il ərzində 100 qat artırılıb. Asayişi kiçik miqyasda pozmaq ittihamı üçün inzibati həbs müddəti 15 gündən 60 günə qaldırılıb. İnternetdə böhtanı kriminallaşdıran qanun indi 3 ilədək həbsxana cəzasını nəzərdə tutur.
Hökumət nədən qorxur? Bir neçə müxalifət partiyası olsa da, onlar demək olar ki, parlamentdə təmsil olunmayıb. Nə ədliyyə, nə də parlament hakimiyyətin qüdrətinə nəzarət etmir. 2009-cu ilin martında keçirilmiş və prezidentlik üçün maksimum iki müddəti ləğv etmiş xalq referendumu cənab Əliyevə gələn ay keçiriləcək seçkilərdə öz namizədliyini 3-cü müddət üçün irəli sürmək imkanı yaradıb. Bu seçkidə onun məğlubiyyəti mümkün deyil, hərçənd müxalifətin 2011-ci ildə Ərəb baharından ilhamlanmış etirazları hökuməti silkələmişdi.

MÜXALİFƏT MEYDAN OXUMAQ İSTƏYİR...
Bu il müxalifət daha yaxşı hazırlanmış qaydada meydan oxumaq istəyir. Qonşu Gürcüstanda Bidzina İvanişvilinin müxalifəti birləşdirərək qələbə qazanmasından ilhamlanan Azərbaycan müxalifəti 2013-cü ilin mayında Demokratik Qüvvələrin Milli Şurasını yaradıb. Onların prezidentliyə vahid namizədləri mədəniyyət sahəsində geniş tanınan Oscar mükafatlı rejissor Rüstəm İbrahimbəyov olub.
​Cənab İbrahimbəyov həm Rusiya, həm də Azərbaycan vətəndaşıdır. Rusiya bürokratları onun vətəndaşlığını ləğv etmək cəhdlərini dalana dirədilər. Avqust ayının 27-də Azərbaycanın seçki komissiyası ölkənin ikili vətəndaşlıq barədə qanunlarını və cənab İbrahimbəyovun Moskvada yaşamasını əsas gətirərək onun namizədliyini qeydə almaqdan imtina etdi. Əvəzində onun yerinə ehtiyat namizəd – Cəmil Həsənli seçkidə iştirak edəcək.
Cənab İbrahimbəyov Azərbaycanın azad və ədalətli seçki keçirməsi üçün beynəlxalq təzyiqlərin artırılması məqsədilə Vaşinqtona iyun ayında səfər etmişdi. Bəzi kənar müşahidəçilər Azərbaycan seçkilərinin monitorinqi üçün artıq ölkəyə gəliblər. Bu düzgün istiqamətdə atılmış addımdır. Axı seçki günü baş verənlər onsuz da aysberqin görünən ucu olacaq. Diqqətlə manipulyasiya edilmiş seçki sistemi repressiv hökumətlərə seçkini hələ seçici səs vermədən saxtalaşdırmaq imkanı verir.
Müşahidəçilər nəyisə dəyişəcəklərmi? 2010-cu ildə Azərbaycanın parlament seçkilərini 4 seçki müşahidə heyəti monitorinq edib. Görünür, Avropa Şurası Parlament Assambleyasının Bakının «kürü diplomatiyası» ilə yoldan çıxarılmış müşahidəçiləri seçki barədə nə isə müsbət fikir mızıldanıblar. Bu Azərbaycandakı vətəndaş cəmiyyəti qruplarını hiddətləndirib. Daha mənfi qiyməti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Demokratik Təsisatlar və İnsan Haqları ofisi verib. Avropada Stabillik Təşəbbüsü analtik mərkəzi bildirir ki, iki bir-birinə zidd rəy hər iki rəyə son qoyub. Buna baxmayaraq, böyük fırıldaqla keçirilmiş 2010-cu ilin parlament seçkiləri artıq unudulub.
Avropa İttifaqı Azərbaycanla enerji ehtiyatlarına və «paylaşılan dəyərlərə» (hərçənd bu dəyərləri yalnız bir tərəf paylaşır) sədaqət əsasında daha yaxın münasibətlərə can atır. Azərbaycan mütəmadi olaraq ölkədəki insan haqlarının Avropa İttifaqı tərəfindən tənqidini qulaqardına vurur. Noyabrın 28 və 29-da keçiriləcək sammitdə bu münasibətlərin gələcəyi bəlli olacaq.
XS
SM
MD
LG