Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:32

ABŞ siyasi liderləri Obamanın Suriya qərarını dəstəklədilər


Ağ evdə Suriya ilə bağlı keçirilən müzakirələr
Ağ evdə Suriya ilə bağlı keçirilən müzakirələr
-
Respublikaçılar Partiyasının iki aparıcı lideri - John Boehner və Eric Cantor hələ gələn həftə keçiriləcək Konqres səsverməsindən əvvəl Suriyaya qarşı hərbi hərəkət planınını dəstəklədiklərini bildiriblər.
Prezident Obama və vise-prezident Joe Biden Konqresin spikeri John Boehner, Konqresdəki demokratların lideri Nancy Pelosi, habelə milli təhlükəsizlik komitələrinin sədrləri və üzvləri ötən çərşənbə axşamı bir masa ətrafında görüşüblər.
Cənab Boehner deyib ki, o, prezident Obamanın hərbi hərəkətə çağırışını dəstəkləyir və yalnız ABŞ prezident Assad-ı dayandırmaq iqtidarındadır. O Konqresdəki həmkarlarını da eyni cür hərərkət etməyə çağırıb.
Konqres çoxluğunun lideri cənab Cantor da prezident Obamanı dəstəklədiyini bildirib.
Virciniya ştatından olan respublikaçı Eric Cantor deyib ki, «Assad-ın Suriyası terrorizmin dövlət sponsoru, şər dövlətin simvoludur və o, uzun müddət Amerikanın maraqlarına və onun partnyorlarına birbaşa təhlükə təşkil edib».
Prezident Obama öz növbəsində bəyan edib ki, cənab Assad-dan kimyəvi hücumun hesabı sorulmalıdır və o, inanır ki, bu məsələdə Konqres onu dəstəkləyəcək.
Barack Obama deyib ki, o, prezident Assad-ın kimyəvi silahlardan “indi və gələcəkdə” istifadə qabiliyyətini məhv edən hərbi hərəkət təklifi edir.
Prezident izah edib ki, onun təklif etdiyi hərbi hərəkət məhdud və mütənasibdir.
«Eyni zamanda biz müxalifətin qüdrətini artırmağa imkan verən daha geniş strategiyaya malikik»- deyib prezident.
Bir çox təhlilçilər Obamanın Suriyaya hücum strategiyasının dəyişdiyi qənaətindədirlər. Onlar deyirlər ki, prezident başlanğıcda Dəməşqin kimyəvi silah qüdrətinin çökdürülməsindən danışırdısa, indi söhbət həm də Suriyada rejim dəyişikliyindən gedir.
HÖKUMƏT SENAT QARŞISINA ÇIXDI
ABŞ dövlət katibi John Kerry
ABŞ dövlət katibi John Kerry
Bu görüşdən bir qədər sonra dövlət katibi John Kerry, müdafiə naziri Chuck Hagel və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Martin Dempsey Senatın Xarici Əlaqələr Komitəsinin qarşısına çıxıblar.
Buradakı çıxışında cənab Kerry deyib ki, ABŞ-ın İsrail və İordaniya kimi müttəfiqləri yeni, potensial kimyəvi silah hücumundan «bircə meh» məsafəsindədirlər və Birləşmiş Ştatlarının fəaliyyətsizliyi Suriya prezidentini cəsarətləndirə bilər.
O deyib ki, indi «qırğına tamaşaçı olmaq vaxtı deyil».
«Nə bizim ölkəmiz, nə də vicdanımız bu sükutun bahasını ödəyə bilməz»- deyib Kerry.
Bununla belə, dövlət katibi Amerika əsgərinin çəkmələrinin Suriya torpağına dəyməyəcəyini dəfələrlə vəd edib və deyib ki, prezident Obama Amerikanın müharibəyə getməsini istəmir.
Müdafiə naziri Chuck Hagel deyib ki, Amerika öz sözünün ağası olmalıdır: «Hərəkətdən imtina Amerikanın digər təhlükəsizlik öhdəliklərini, məsələn prezidentin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq öhdəliyini dəyərdən sala bilər».
XALQ VƏ MÜTTƏFİQLƏR NƏ DEYİR?
Suriya ilə bağlı dinləmələr zamanı Senatda etiraz edən şəxs
Suriya ilə bağlı dinləmələr zamanı Senatda etiraz edən şəxs
Bununla belə, Barack Obamanı Amerika xalqının dəstəyini qazanmaq kimi çətin bir vəzifə gözləyir.

Son milli rəy sorğuları göstərir ki, Suriya münaqişəsinə müdaxiləyə qarşı olanların sayı artır. Hər 10 amerikalıdan 6-sı Suriyaya raket zərbələri endirilməsinin əleyhinədir. Elə konqresmelərin də mövqeləri haçalanıb.
Belə bir şəraitdə ABŞ prezidenti Rusiyada G20 sammitinə qatılmazdan əvvəl İsveçə uçmalı idi. Sankt Peterburqda keçiriləcək sammitdə Suriya məsələsinin gündəliyin birinci bəndi olacağı gözlənilir.
Bu arada Fransa Amerikanın Suriyaya qarşı hərbi hərəkət planını dəstəklədiyini bir daha bildirib. Fransa parlamenti bu məsələni çərşənbə günü müzakirə etməlidir.
Bununla yanaşı, prezident Hollande deyib ki, Paris son qərarını ABŞ Konqresindəki səsvermədən sonra açıqlayacaq.
O deyib ki, Konqres Suriya üzərinə hücuma xeyir-dua verməsə, Fransa təkbaşına heç bir hərəkət etməyəcək. Məlum olduğu kimi Britaniya parlamenti ölkənin Suriyaya qarşı əməliyyata qoşulması təklifini rədd edib.
Britaniyanın bir çox aparıcı siyasətçiləri ABŞ Konqresinin müsbət qərarından sonra Britaniya parlamentində ikinci səsvermənin keçirilməsini təklif edirlər.
Lakin baş nazir David Cameron bildirib ki, o, ikinci səsvermənin təşəbbüskarı olmayacaq. Bununla yanaşı, baş nazir bildirib ki, London bütün hallarda Vaşinqtonun müttəfiqi olaraq qalır və onun Suriya müxalifətinə dəstəyi bundan sonra da davam edəcək.
ABŞ dövlət katibi John Kerry aydın şəkildə bildirib ki, Vaşinqton BMT Təhlükəsizlik Şurasının qərarını gözləmək fikrində deyil. Bundan bir qədər əbvvəl BMT baş katibi Ban Ki-moon demişdi ki, Amerikanın Suriyaya zərbələri daha çox qarışıqlıq yarada bilər.
O bildirib ki, BMT-nin xartiyası hərbi hərəkətə yalnız özünümüdafiə məqsədilə əl atmaq icazəsi verir, lakin kimyəvi silahların işlədildiyi bir vaxtda, Təhlükəsizlik Şurası birləşməli və “hərbi cinayətə” qarşı hərəkət barədə razılığa gəlməlidir.
XS
SM
MD
LG