Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:29

Fəlsəfə asfaltın üstünə yıxılmışdı


Azad Qaradərəli
Azad Qaradərəli
-

- Eşşək kimi içib şortikdə uzanıb küçənin ortasına, bu da deyir ruhaniydi!? Yox bir, keşişdür...


Azad Qaradərəli


FƏLSƏFƏ ASFALTIN ÜSTÜNƏ YIXILMIŞDI

(Hekayə)


Oğlan bağıra-bağıra özünü kir içindəki paltarının tozunu çırpmağa cəhd edən qocanın üstünə elə yıxdı ki, jurnalistlər onu çəkə bilməsin.

Elə bu vəziyyətdəcə başını asfaltın üstündə ləzzətlə uzanan adamın sinəsinə basıb hönkürdü.

Amma bunun hönkürtümü, hıçqırtımı olduğunu kəsdirmək olmurdu.

Ondan ki, bu minvalla oğlan öz üzünü də kişinin sinəsində gizlətmiş olurdu. (Kişi bu tərəflərdə az-az təsadüf olunan atsifət adam idi. Saçı ortadan tökülsə də, arxadan gur idi. Uzanıb boyun-boğazını basmışdı. Əynində dama-dama köynək, onun da üstündən geyindiyi qolsuz cempir vardı. Buranın kişiləri kimi şalvarda yox, şortdaydı. Uzun tüklü qıçları asfalta yapışmışdı. Bu izdihamın içində belə geyim-keçimiylə qoca qoyun sürüsündə qart təkə kimi yalqız idi.)

Qoca hərdən ağzını açıb nəsə demək istəsə də, heç nə alınmır, əvəzində anlaşılmaz səslər çıxarıb qəribə ironiya ilə gülümsəyirdi. Əslində oğlan onu iri sinəsilə elə örtmüşdü ki, qocanın danışmağa imkanı yoxdu.

Nəhayət, o bu vəziyyətdə çox qala bilməyəcəyini anlayıb bir bağırdı, bir nərə təpdi ki, jurnalistlər də, tamaşaya yığılanlar da pərən-pərən düşdü. Oğlan tələsik saqqalı qusmağa bulaşmış, it iyi verən kişini itqusdu sürüyüb apardı.

- Kimidi, ə, bunnar?

- Necə yəni kimidi? Neçə gündür qəzetlər bar-bar bağırır, saytlar ulaşır, xəbərin yoxdur?

- Yooo... nədi ki? De, biz də bilək də...

Özünü biləndər kimi göstərən armudboğaz jurnalist üzü zürafə üzünə oxşayan müsahibinin qulağına pıçıldadı:

- Bu kişi böyük filosof olub... Həəə... filosof, tənqidçi... üsyankarın biriydi...

- Niyə keçmiş zamanda danışırsan? Bəyəm indi belə deyil? Diridir ki, bu yazıq? – “Zürafə”nin mənasız gözlərinə baxan “Armudboğaz” mızıldana-mızıldana sözlərə heyfi gəlirmiş kimi gücənə-gücənə danışırdı:

- Eeee... Sən nə dilbilməzsən?! Universitetdən atıblar bayıra. Bu da azmış kimi qızı da kürəkəniynən isrey günü öydən salıb çölə binavanı.... qalıb küçələrdə... Bir keçmiş tələbəsi aparıb ki, yanında saxlasın, arvadı deyib mən iydən boğuluram, tulla bını bayıra... o da yedirdib-içirdib, aparıb qoyub həyətlərindəki qazanxanaya...

- Axı bının dərdi nəymiş e? – Bunu başını möhkəm-möhkəm sıxıb bağlamış gənc bir xanım deyir.

- Eeee... bu kişinin dərdi böyük dərddi, bala, - gonbul bir reportyor əli ilə qarnına döyəcləyir. Elə bil qarnının içindəymiş dediyi dərd,- onun dərdi bilik idi, elm idi. O qədər savadlı idi ki, içində kif atıb dərdə dönmüşdü savadı, biliyi.

- Siz onu hardan tanıyırsınız?- başıbağlı qadın soruşur.

Gonbul ah çəkdi:

- Mənə universitetdə dərs deyib... Ən zəhləm gedən fənn idi fəlsəfə. Amma bu elə deyirdi ki, o fənni, imkanım olsaydı, qayıdıb bu onu əlifbadan başlayardım... Sufilər kimiydi, dərvişlik yağırdı duruşunnan. Sözləri, cümlələri elə deyirdi ki, sehr vururdu səni. Gedib düşürdün o qədim filosofların məclisinə elə bil. And olsun allaha ki, vəhdəti-vücud fəlsəfəsindən danışanda mən auditoriyada ağlamışam. O sübut eləyirdi ki, cəmiyyətdə hamı təmiz olar. Yetər ki, tək bircə nəfər – hamının inandığı, tapındığı adam təmiz olsun... Yoox, o, vəzifəlidən danışmırdı... Onunçün vəzifə-filan yox idi. O, maddiyyatı heç sayırdı. Onunki ruhaniyyət idi...

- Eşşək kimi içib şortikdə uzanıb küçənin ortasına, bu da deyir ruhaniydi!? Yox bir, keşişdür, - bunu üzündə nazik xətt saxlamış, əlindəki təsbehi dayanmadan fırladan gənc söyləyir, - yaxçı-yaxçı baxın, bu iyrəncünün tekidür, asfaltı da batırıb. Ya ağzunnan tökdü, ya dalınnan, nə tafootu var...

Bir gülüş qopdu ki, bayaqdan ilhamla danışan gonbul kişinin nəfəsi tıncıxdı. Əlini ağzına soxdu ki, bu eşşək tayfasına söyməsin. Yoxsa davaya daşəcəkdi.

Mən gonbul kişinin təkləndiyini görüb ona yanaşdım, hamının eşidəcəyi səslə dedim:

- Müəllim, ustadın adı nəydi?

Gonbul kişinin gözünə elə bil işıq gəldi. Bu boyda adamın içindən tək bircə nəfər də olsa həmfikir tapdığına görə sevinən kimi oldu:

- Ədalətiydi adı... Ədalət Daşdəmirov... Bilirsiniz nə adamıydı? Kəllə idi e, kəllə... Özü də müdafiə-zad da eləməmişdi... Eləcənə kəllədən danışırdı... Vergiydi də, zalım oğlu, zalım...

- Bəlkə aralanaq bu tərəflərdə bir çay içək, ya elə-belə gəzişək, söhbət eliyək?

Üzündə bir ümidəoxşar hava gəzdi və tez də yox oldu.

- Bə bunu neyniyək? – qocanın qusmağı asfaltın üstündə qalmışdı, elə bildim onu deyir.

- İndi qusmaq təmizləməyəcəksən ha... Süpürgəçi-zad gələr süpürər...

- Yox e, bunu deyirəm... Bu bir tay ayaqqabı qalıb burda.

Yalnız indi gördüm ki, oğlan kişini itqustu aparanda ayaqqabısının bir tayı düşüb qalıb qusmağından bir az aralıda. Gonbul kişi elə bil ayaqqabıya qocanın özü kimi baxırdı.

- Bu gədə oğluydumu? – bunu “Armudboğaz” soruşur.

- Əşşi, bunun arvadı-zadı nə gəzirdi? Yazıq heç ömür-billah evlənməyib, - başımı uzadıb başıbağlı qızın dediyi sözü eşitsəm də, anlamıram ki, bu hardan bilir bunu. Qız onu boğan hicabının bərk-bərk bağlanmış yerlərini bir az boşaldıb günah elədiyinin fərqində olmadan ciddi-ciddi deyir:

- Beləsinin arvad-uşağı olmaz...

- Hə, düz deyir, kimdi alkaşın nazıncan oynayan.

Kök kişi əllərini ovuşdurur, elə bil kimi isə döyməyə hazırlaşır. Ayaqqabının tayını götürüb qoltuğuna vurur, üzünü bura yığılmış 10-15 adama tutub qeyzlə deyir:

- O özünü nə müsəlman, nə də xristian sayırdı. Amma İncili keşişdən, Quranı molladan yaxşı bilirdi. Hikmətdən nə bilirəmsə, ona borcluyam. Universitetdə onun dərs dediyi auditoriyanın qapıları həmişə açıq olardı. Mən şəxsən gözümün şahidiyəm: ayrı-ayrı ali məktəblərdən gələrdilər onu dinləməyə.

***

Auditoriya. Beli donqa, üzü at sifətinə oxşar, hər gözündə bir günəş yanan orta yaşlı adam ağzınacan dolu zala üz tutub danışır. Tələbələr nəfəskəsən bir sükutla dinləyirlər.

-...“İncil”də nə demiş? “Bakirə qız Məryəmnən doğulan Müqəddəs Ruhdandır. Bir oğul doğacaqdır və onun adını İsa qoyacaqsan. Çünki o öz xalqını günahlarınnan azad edəcəkdir...”

Natiq əlinin işarəsiylə göydə bir dairə cızırmış kimi hərəkət edir və danışmağına davam edir:

- Bu nə deməkdir? O deməkdir ki, zamanı gəlib, zührun, təcəllanın vaxtıdır. Dünya, kainat ipini itirmişdir. Onun ipini yığmağa, maddiyyatdan xilas etməyə bir ruh adamı gəlməlidir. Ruh adamı isə yalnız Müqəddəs Ruhdan xəlq oluna bilər, bakirə qadının bətnindən doğa bilər... Gözlərinizdəki ironiyadan bilirəm, bəlkə də ağlınızdan bir sarsaq fikir keçdi: əslində bu, dünyanın ilk və böyük zinası deyilmi? Nolar Allah olanda? O da zina edib bəlkə?

(Zalda xəfif gülüşmə)

- Ay xatakarlar, yox, elə deyil. Burda bakirəlik sizin anladığınız qızların bakirəlik institutu mənasında deyil. Bu, saflıq, təmizlik, toxunulmazlıq anlamındadır. Elə “Quran”da da bunun oxşarını görmək olar: “Baqara” surəsində nə demiş? “Şübhə yoxdur ki, haqdan gəlib o Kitab, müttəqilərə yol göstərir o Kitab... Sənə göndərilənə də, sənnən öncə göndərilənlərə də iman gətirər, axirətə də inanar onlar...”

Kişinin üzündə vəcdə gələn adamın sifəti var. Üzünü qəribə bir işıq bürüyüb. Bu eybəcər vücudda elə bir çəkici ruh hakim olur ki, bir anda dinləyicilərin içindən bir “ah” nidası keçir. O isə bunları duymurmuş kimi davam edir:

- Müttəqilər, günahlardan qorunan, imanına sığınanlara deyilirdi... Bir az qabağa, islamdan əvvəlki tarixə nəzər salsaq, sizin eradan əvvələ getsək, nə görmüş olarıq? Sinizmi, it həyatını təbliğ edən Sinoplu Diogen çəlləkdə yaşamış, hər cür maddiyyatı rədd etmiş, ailəni, dövləti, hər cür istismar alətini lənətləmişdir. Elə bir suyumu mənə oxşayan sinoplu köpək axşamlar yanına məsləhətə gələn qadınlara elə acı sözlər deyirdi ki, o acının içində saçı uzunlar özlərinə lazım olanı seçməkdə yarışa durardılar. Hətta zamanın cahangiri belə Diogenin çəllək evinə gəlmiş, onun şöhrətinnən pay umaraq, “dilə mənnən, nə dilərsən demiş”. Özünü günə verən böyük filosof onu məsxərəyə qoymaqdan çəkinməmiş, “çəkil ki, günəşin qabağını kəsmisən” deməklə İsgəndəri pərt etmişdir. Amma o zaman hökmdarlar indikilər kimi kitabsız deyildilər ki! Sokratı öyrənmiş, Platonu oxumuş, Aristoteli özünə məsləhətçi təyin etmiş İsgəndər vəziyyətdən çıxmağı bacararaq “Vallah mən İsgəndər olmasaydım, mütləqa Diogen olardım” demişdi.

Natiqin boğazı quruyub. Ağzının yanlarında – cənglərində ağ ərplər yığılıb. Amma o, oruc tutanların ilahi hikmətdən güc alaraq qırx dərəcə temperaturda belə su istəməmələri kimi bir tövrlə dəsmalını çıxardıb dodaqlarının diblərini silir, danışdıqca gücü, enerjisi artırmış kimi yenidən şövqə gəlir:

- Qərb bizdən nə almalıydısa aldı. Zira aldığını kortəbii almadı, onu öz zamanına, ağlına və zəkasına uyğunlaşdırmağı bacardı. Məsələn, bizdə sufilər olub. Hə, hə, yazıqlar olsun ki, olub deyirəm. Bu nəcib insanların kökü kəsilənnən bizim dinimiz, imanımız zədə alıb... Əvvəl sufilər barədə. Sufizm, yaxud təsəvvüf bir elmdir. Vəhdəti-vüsudun da bura işlədiyini nəzərə alsaq, xristianlıqdakı mistikayla təsəvvüf qohumdur, zira eyniyyət deyil. Mistika bir mürşidə tabe olan fikir cərəyanı və fəlsəfi məktəb deyil, təsəvvüf isə mürşidlərə bağlı müridlərin dərs alması anlamında böyük bir məktəb, fəlsəfi düşüncədir ki, buna seyri-sülik də demişlər. Səyahət, gəzi anlamına gələn seyri-sülik, cəhalətdən elmə, öz vücudunnan Haqqın vücuduna doğru seyr və hərəkətdir, haqqa qovuşmaqdır. Kamil insandır, kamilləşmədir bunun sonucu... Baxın qızıl saraylara, mal və mülk düşkünü olan hökmdarlara, acların çörəyinə əl uzadan iqtidar sahiblərinə, onalara qarşıdır sufizm! Onlara qarşıdır təsəvvüf... Həllac Mənsuru dara çəkənlər, Nəsimini diri-diri soyanlar sufizmin, deməli həm də haqqın, ədalətin düşmənləri idilər...

- Bəs günümüzdə onların davamçısı kim olub? – orta sıralardan verilirdi bu sual. Natiq boynunu qaldırıb sual verəni arayırmış kimi zala bir sınayıcı nəzərlərlə baxdı və təəssüflə başını buladı:

- Onnan danışmaq yasaqdır... Onun indi iqtidar sahibi olan övladları onun adını belə qadağan ediblər. Biz ad çəkmədən onnan danışsaq, sizi qane edəcəkmi? Yaxud şərti adla... məsələn, Şaiq Əfəndi adıyla.

- Mənsə sizi ən sonuncu davamçı bilird... – bayaqkı səs orta sıralardan bir məyusluqla eşidildi və son səsləri elə zəif çıxdı ki, eşidilməz oldu.

- Yox. Bu, qorxudan deyil... Bu onnandır ki... –Müəllim özünü itirmişdi. Bayaqki əzm və qüdrətdən bir şey qalmamışdı. Nəhayət, bunları deyə bildi:

- O adam, bizim elm və hünər məktəbinin böyüklərinnən birinin babası Qabil Əfəndidir. Habili Qabilin nəfs ucubatından öldürməsinnən bu yana bəşər düşüncəsinin yetirdiyi qabil adamlardan olan Qabil Əfəndi böyük alim, böyük fitrət sahibi və qüdrətli mürşid imiş. Mənə onu görmək qismət olmadısa da, elmi irsi ilə dərinnən tanış oldum. Namizədlik dissertasiyası yazdım. Kitablarını işləyib çapa hazırladım... Bir qədər sonra namizədlik işim ləğv olundu. Sizin də, mənim də yaxşı tanıdığımız general Əfəndiyev məni bir gün yanına çağırıb həmin kitabları çap etməmək haqqında tapşırıq verdi. Və onu da əlavə etdi ki, əgər çap edəsi olsam... yaxşı, bu günlük bu qədər. Növbəti mühazirəmiz sonuncu sufinin təlimi barədə olacaq...

***

...- Və növbəti mühazirə olmadı. Çünki onu artıq universitetdən qovmuşdular, - bir tay ayaqqabını bərk-bərk qoltuğuna sıxan gonbul kişi mənə baxıb “siqaretiniz var?” dedi və uzatdığım qutudan birini götürüb yandırdı, tüstünün ağzından çıxmasını gözləmədən boğuq səslə dedi:

- Sonra onun mühazirələri çayxanalara köçdü... Bu sonuncu sufi – biz onu belə adlandırırıq – get-gedə polislərin və digər hüquq mühafizə orqanlarının diqqətini çəkməyə başladı. Onun dəliliyə bənzəyən nitqlərində bir üsyankarlıq, xalqın malını talan edən, yaşamağın mənasını yalnız bu dünyadakı kef və eyş-işrətdə görənlərə qarşı hiddət və qəzəb vardı. Onu bir ara həbs etdilər. Eşitdiyimə görə həbsxanada da özünün çağırış və nitqləri ilə məhbusları başına toplayırmış. Hətta məhbuslar gəzinti zamanı onun ətrafına yığışır, söhbətlərini su kimi içirmişlər. Bunnan qorxuya düşüb, onu aministiyaya salaraq ordan da qovurlar... Son günləri isə içkili olur, danışığı da rabitəsiz hala gəlirdi.

- Bəs Qabil Əfəndi nə oldu? – Mən inamsız halda soruşuram. Gonbul başını çevirib ora-bura baxır, pıçıltıyla deyir: - Biz gərək o vaxt müəllimimizi o Əfəndi barədə şantaja çəkməyəydik... O filosofun bütün əsərləri Sovet dövründə yığılaraq yandırılmış, özü güllələnmişdi. Onun övladları indi yüksək vəzifə sahibləridir. Əfəndidən onlara quruca bir familiya qalıb, vəssalam.

- Axı nəyə görə onu belə bərk-bərk qadağan ediblər?

- O deyəsən, həm sufi, həm də kodlarnan, şifrələrnən danışan öncəgörənmiş. Yo-ox, baxıcı-filan gəlməsin ağlınıza... O, fəlsəfi nəticə çıxarmağı bacarırmış... O indi olub-bitənlərin hamısını yazıbmış. Bu fikirləri müəllimin bloknotundan özüm öz gözlərimlə oxumuşdum: “General var gözü əsgərin ağzındadır”, “Yazdıqlarımız bizim ittihamımız olacaq”, yaxud “Fəlsəfə asfaltın üstünə yıxılmışdı.”

- Nə?!
- Elə heylə...

- Bəs indi nə olacaq?

- Nə nolacaq?

- Kişinin axırı... Adı nəydi alimin?

- Ədalət...

- Hə, Ədalətin axırı nə olacaq?

- Onun evladı olmayıb. Bilgəhdəki detdomnan iki qardaş-bacını evladlığa götürübmüş. Qız artıq onu öz dost-doğma evinə buraxmır. Oğlan isə... Oğlu yaşayan evin altında bir zirzəmi var. Salır ora, qapını da bağlayır ki, çölə çıxa bilməsin... O evdə olmayanda biz – tələbələri gedib qapını sındırır, onu ordan çıxardırıq... Bu gün səhər mən sındırmışdım qapını... Amma daha qorxuram, gədənin əli uzundur, məni də tutdurar... Yəqin həmişəlik içəridə saxlamaq istəyir.

***

Üç gün sonra. Qəzetlər artıq yaxşı tanıdığımız “Gonbul”un müsahibəsini verib. Müsahibədən: “Mən bütün gecəni bir dostumla zirzəminin qabağında keçirmişəm. Müəllimimizə qapının başından yemək və iki banka pivə atdıq. O bizə dedi ki, çıxaq gedək. Oğlu gəlib dava salar.

Biz isə getmədik. Məqsədimiz gecə hamı yatandan sonra qapını qırıb müəllimi azad etmək və aparıb birimizin evində gizlətmək idi. Təxminən saat üçdən sonra qıfılı linglə qırıb içəri girdik. İçəri atdığımız yemək də, pivə bankaları da ortada idi - əl də vurmamışdı.

Müəllim isə yoxa çıxmışdı. Künc-bucağı axtarıb bayıra çıxdıq. Bu vaxt həyətdəki akasiya ağacından bir quş qanadlarını çırpıb uçub getdi. Dostumla artıq üstümüzdə durmayan başımızı düzəltmək üçün gecə barlarından birinə üz tutduq... Hə, az qala unutmuşdum, oğlu bizi adam oğurluğu maddəsiylə məhkəməyə verib.”


24 .07.2013
XS
SM
MD
LG