Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:44

Azmış oğulun dönüşü…


-
Güllələnmiş qardaşlar: Mustafa Əfəndi, Həbib Əfəndi, Süleyman Əfəndi və Sirac Əfəndi
Güllələnmiş qardaşlar: Mustafa Əfəndi, Həbib Əfəndi, Süleyman Əfəndi və Sirac Əfəndi
​Kimsə söyləyib ki, internetin qoxusu olmur.
Bəs, görəsən, tarixin qoxusu var?
Bəlkə də…
Amma inamla deyirlər ki, tarixin yaddaşı var.
Düzdür, var.
Amma bu yaddaş bitkin deyil. Hərdən pozulur, hərdən qırılır, hərdən də unutqanlığa qapılır…
Üz tutaq bir olaya – məsələn, 1918-ci ildə Bakının işğaldan qurtulmasına.
Bu tarixdə neçə-neçə şəxsiyyətin adı keçir.
Amma Bakının işğaldan qurtulma tarixində səssiz, kölgədə qalan, unudulmuş qəhrəmanlar da var.
Böyük yubiley ərəfəsində onların birindən söz açmağa qərar verdim – şamaxılı Həbib Əfəndidən.
Yazının başlığına çıxardığım «Azmış oğul» da elə odur ki, var…

KİMDİR HƏBİB ƏFƏNDİ?

Həbib Əfəndi böyük köklü ruhani ailəsində doğulub. Atası Hacı Məcid Əfəndi adlı-sanlı bir mövlana olub. Azərbaycanda, özəlliklə Şamaxıda elm və mədəniyyətin, təhsilin yaradıcılarından sayılıb. İstanbulda, Bağdadda, Tiranada ruhani təhsili alıb, Vətənə qayıdandan sonra Bakı Quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Cümə Məscidinin baş imamı olub. Həbib Əfəndi Hacı Məcid Əfəndinin 3-cü oğlu idi. Təxminən, 1869-cu ildə doğulub. Anası tez dünyadan köçüb. Həbib qardaşların kiçiyi olduğundan, bir az ərköyün böyüyüb. O dönəmlərin Şamaxısında Hacı Məcid Əfəndiyə qarşı bir dəstə yaranıbmış. Şöhrətindən paxıllanıb ona ləkə yaxmaq istəyirlərmiş. Müxtəlif məqamlara ərizə yazar, hacıdan şikayət edərmişlər. Ancaq yoxlanıldıqdan sonra yazılanların iftira olduğu üzə çıxarmış. Növbəti böhtan Hacı Məcid Əfəndinin oğluna – Həbibə atılır…

SABİRƏ DAŞ ATIB?

Düz oxudunuz. Belə söyləyirlər ki, bir dəfə Həbib uşaqlara qoşulub o vaxtlar Şamaxıda sabun bişirib satmaqla dolanan Mirzə Ələkbər Sabirin tiyanını aşırıb… Hacı Məcid Əfəndi Sabirin dostu olub. Bir az irəli gedib söyləyim ki, hətta 1908-ci il fevralın 21-də 79 yaşında dünyasını dəyişən Hacı Məcid Əfəndinin ölümündən üzülən dostu M.Ə.Sabir ona 2 hissəli qəsidə yazıb. Onlar eyni məzarlıqda - Şamaxının «Yeddi Kümbəz» qəbiristanlığında birgə uyuyurlar...

Keçək mətləbə. Deyilənə görə, Hacı Məcid Əfəndi öz əfəndi şərəfini çox gözləyən adam imiş. Nə qədər xahiş-minnət edirlər, oğlunu bağışlamır, hətta qubernatordan xahiş edir ki, onu sürgünə yollasın... M.Ə. Sabir özü xahişə gəlir, yenə köməyi olmur.

Hacı Məcid Əfəndi
Hacı Məcid Əfəndi
HƏBİB ATASINDAN KÜSÜB… İSTANBULA GEDİR

Atadan küsüb İstanbula getmək indi – XXI əsrin hələ bitməyən birinci çərəyində heç də qeyri-adi bir şey kimi qarşılanmaz. Amma 130 il öncə bu heç də sıradan bir olay deyildi. Gənc Həbib atasının inadcıllığından, ona inamsızlığından bərk inciyir və baş götürüb Şamaxıdan İstanbula gedir. Atasının bu şəhərdə Hacı Əhməd Paşa adlı dostu olduğunu bildiyindən, onun evinə üz tutur. Bu Əhməd Paşa kim olsa yaxşıdır? Ənvər və Nuru Paşaların atası... Əhməd Paşa dostunun oğlunu himayəsinə götürür. Ona yaxşı təhsil verir. Qızı Züleyxanı (Zəlihə) ona nişanlayır. Ancaq Həbibin bəxti burda da gətirmir. Züleyxa vaxtsız ölür...

ATASININ DƏFNİNƏ DƏ GƏLMİR

Nişanlısı öləndən sonra da Həbib bu ailədə yaşayır. Universitetdə oxuyur, sonra İstanbulda və başqa şəhərlərdə müəllimlik edir. Hətta 1914-cü ildə Hələbdə vali də işləyir. Ara-sıra Vətənə məktublar yazır, amma o qədər incikmiş ki, 1908-ci ildə atasının dəfninə belə gəlmir…

AH, VƏTƏN! AZMIŞ OĞULUN QAYIDIŞI…

Uzun-uzun illərdən sonra – 1918-ci ildə Həbib Əfəndi, nəhayət, Vətənə qayıtmağa qərar verir. Qarışıq dövr idi: Birinci Dünya savaşı gedirdi, Türkiyənin ovaxtkı durumu heç də ürəkaçan deyildi. Həbib Şamaxıya gələndə, erməni-müsəlman qırğınının 1-ci mərhələsi qurtarmışdı. Daşnaklar Gəncədən qoşun gələnədək istədiklərini edib getmişdilər. Şəhərin adlı-sanlı, hörmətli şəxsləri öldürülmüş, Cümə Məscidi yandırılmışdı. Bax, belə qanlı-qadalı bir vaxtda Şamaxıya gələn Həbib Əfəndi şəhərin qəza rəisi Azad bəy Qocamanbəyovla görüşür. Azad bəy bu çıxmazdan qurtuluşu türk ordusunun gəlişində görür. Elə Azərbaycanın Milli Şurası da belə düşünür. M.Ə.Rəsulzadə Türkiyə məqamları ilə danışıqlar aparır…

YENİDƏN İSTANBULA…

Şamaxıda müxtəlif şəxslərlə görüşüb-söhbətləşən Həbib Əfəndi bu qərara gəlir ki, türk qoşunlarının Azərbaycana gəlişini tezləşdirmək lazımdır. Azad bəy bilirdi ki, Türkiyənin hərbiyə naziri Ənvər Paşa Həbib Əfəndinin qaynıdır. Odur ki, digər Şamaxı başbilənləri ilə məsləhətləşib, Ənvər Paşaya bir məktub yazır. Həbib Əfəndi də məktubu götürüb təcili İstanbula qayıdır...

Qafqaz İslam Ordusu Bakıda - 1918
Qafqaz İslam Ordusu Bakıda - 1918
ORDUNUN BAŞINDA… NURU PAŞA DURACAQ

İstanbulda onu əmin edirlər ki, artıq Azərbaycana gedəcək qoşun formalaşır. Başında da Nuru Paşa duracaq... Qoşun hazır olandan sonra Həbib Əfəndi Əhməd Cavadla birgə Nuru Paşanın ordusuna qoşulub İrana, Naxçıvana, daha sonra Gəncəyə gəlir. Məhəmməd Hadi də o zaman Gəncədəymiş. Ona ordunun imamlığını tapşırırlar. Gəncədən Göyçaya keçirlər, sonra Şamaxıya və nəhayət Bakıya... Bütün yolboyu türk komandirləri hər məntəqəyə çatanda Həbib Əfəndini xalqa xilaskar kimi tanıdırlarmış. Həbib Əfəndini örnək alıb orduya yazılanlar da varmış. Onun kiçik qardaşı Mahmud Əfəndi də bu orduya qoşulur, ancaq Bakıya doğru yolda itkin düşür...

BAKI, CAN BAKI… NURU PAŞANIN MƏSLƏHƏTÇİSİ…

1918-ci il iyulun 30-da Bakı həndəvərinə yetişir və şəhərə hücumu başlayırlar. Sentyabrın 15-də səhər saat 9-da türk ordusu Bakıya girir. Həbib Əfəndi də türk qoşunları ilə Bakıya daxil olur və şəhərin alınmasında iştirak edir. Həbib Əfəndi Azərbaycandakı bütün əməliyyatlarda Nuru Paşanın məsləhətçi və bələdçisi olur. İnsanların yaddaşında belə bir səhnə də qalıb. Nuru Paşa Həbib Əfəndi və başqaları ilə birgə Təzəpir məscidinə gedir. Yolboyu onu ucu-bucağı görünməyən xalq kütləsi şadlıq və minnətdarlıq sədaları ilə alqışlayır. Deyilənə görə, küçələrdə və məscidin həyətində iynə atsan, yerə düşməzmiş.

«NURU PAŞA--QEYRİ-ADİ QƏHRƏMAN!»

Məscidin içində onu Hacı Zeynalabdin Tağıyev başda olmaqla Bakının əyan və əşrəfləri, yüksəkrütbəli türk zabitləri və paşalar, Müsavat hökumətinin üzvləri, milyonçular, kübarlar, ziyalılar və ruhanilər qarşılayır. Hacı Zeynalabdinin qızı Sara xanım xatirələrində həmin günü belə xatırlayır: «Mən arvadlar üçün ayrılan yerdə –pərdə arxasında idim. Nuru Paşa minbərə qalxdı. Minbərin o tərəf-bu tərəfinə dini bayraq, yəni ələm sancılmışdı. O, ələmlərdən birindən yapışıb fəsahətlə, təmkinlə danışdı. Ucaboy, gözəgəlimli, bir qədər arıq adam idi. Gözəl, mərdanə üzü, zəkalı gözləri vardı. Əynində türk paşası hərbi libası, şinelin hər iki tərəfində parıldayan düymələr düzülmüşdü. Saçı, bığları qara… O danışanda məscid sükuta qərq olmuşdu. Hamı heyran qalmışdı… Gözlərimizin önündə qeyri-adi bir qəhrəman dayanmışdı…».

«BƏLKƏ MƏN YENƏ ÖZ XALQIMA LAZIM OLDUM»

1918-ci il noyabrın 17-də Qafqaz İslam Ordusu Bakını tərk etsə də, Həbib Əfəndi onlarla İstanbula dönmür və Şamaxıda qalmağa qərar verir. Axı atasının ölümündən sonra onun sonuncu evliliyindən olan 4 uşağı sahibsiz qalmışdı. Onlara sahiblik edir. İstanbula niyə dönmədiyinin səbəbini soruşanda Həbib Əfəndi deyərmiş: «Bəlkə mən yenə də öz xalqıma lazım oldum».

ƏFƏNDİZADƏLƏRİN BABA YURDU DİYALLI

1920-ci il. Bütün yazılarımızın gəlib dirəndiyi qara tarix. Bolşeviklər gələndə Həbib Əfəndi gözdən uzaq olmaq üçün Göyçaya köçməyə məcbur qalır. Şamaxıda yaşayan qardaşları – Mustafa Əfəndi və Süleyman Əfəndi də İsmayıllının Diyallı kəndinə üz tuturlar. Diyallı Əfəndizadələrin baba yurdu idi. Həbib Əfəndinin qardaşı Mustafa Əfəndi atası kimi həm quberniya qazısıydı, həm müsəlman məclisinin sədri, həm də Zaqafqaziya müftisi seçilmişdi (Mirzə Hüseyn Əfəndi Qayıbzadənin vəfatından sonra –S.İ.). Ancaq Tiflisdə oturmurdu, arabir gedib-gəlirdi. 1918-ci ildə daşnaklar evini yandırdığından, Mustafa Əfəndi də Şamaxıdan Diyallıya köçməyə məcbur qalmışdı. Heyhat! Gözdən uzaq olsalar da, qırmızılar onları unutmamışdı…

QARDAŞLARIN SUÇU NƏ?

Aradan illər ötsə də, qardaşların 1918-ci il hadisələrindəki fəaliyyəti yaddan çıxmır. O vaxtlar «Diyallı atlıları» deyilən bir dəstə yaradan qardaşlar daşnakların Lahıca girişinə imkan verməyiblər. Bu dəstə Niyal dağında onların qarşısını kəsib geri oturtdurduğundan, Lahıca zərər dəyməmişdi. O üzdən bolşevik hakimiyyətində vəzifə tutan daşnaklar qardaşlardan intiqam almağa fürsət gözləyiblər…

Qırmızı ordu
Qırmızı ordu
3 QARDAŞI BİR GECƏDƏ GÜLLƏLƏDİLƏR…

İntiqam anı yetişir. 1930-cu il aprelin 12-sindən 13-nə keçən gecə 2 qardaşı Diyallıdan, onların kürəkənləri Sirac Əfəndini Quşəncə kəndindən, Həbib Əfəndini Göyçaydan tutub Bakıya – mərkəzi həbsxanaya salır, ayrı-ayrı kameralarda saxlayırlar. 2 ay 20 gün davam edən əzablı «istintaq»dan və 15 dəqiqəlik «məhkəmə»dən sonra onları «dövlət əleyhinə, kolxoz quruluşunun əleyhinə, ümumiyyətlə antisovet fəaliyyətə görə» ən yüksək cəzaya məhkum edirlər. Dördünü də güllələyirlər... Qardaşların məzarı yoxdur. Üstündən 40 il keçəndən sonra onlara bəraət verirlər.

HƏBİB ƏFƏNDİNİN ZİNDANDAN SON MƏKTUBU…

Güllələnməzdən bir az əvvəl həbsxanaya yemək gətirən analığına Həbib Əfəndi yumaq üçün pencəyini verir. Səriyyə xanım pencəyin tikişlərinin altından bir şeir tapır:

Əcəb bəxtdir mənim bəxtim,
Qazamatda həsir taxtım.
Əcəb cahi-cəlalım var,
Yanımda «soldat» əmadə.
Uzaqda qohum-qardaşım,
Sizə ərzi-salamım var!
Əcəb halım yaman oldu,
Səriyyəyə xəbər olsun,
Gedib dostu-vəfadarım,
Mən gedib kimə yalvarım?!

TARİXİN QOXUSU VAR?

Tarixin qoxusu, yəqin ki, var! Sadəcə, onu qoxulamağa cəhd etmək lazımdır.

Professor Babaxan Niyazlı elə belə davranıb. Şamaxılı məşhur bir nəsil – Əfəndizadələr haqqında «Mövlana Hacı Məcid Əfəndi» kitabını yazıb.

İxtisasca iqtisadçı olan Babaxan müəllim illər öncə təsadüfən Hacı Məcid Əfəndinin nəvələrindən biri ilə rastlaşıb və bu böyük nəslin izinə düşüb.

Elə mən özüm də bir neçə il əvvəl Babaxan müəllimlə təsadüfən tanış oldum və onun söhbətlərini həm diktofona, həm də yaddaşıma yazdım.

Bakının işğaldan azad olunmasının 95-ci ilində «azmış oğulu», səssiz qəhrəmanı – Həbib Əfəndini bir daha yad etməyə qərar verdim.

Tarixi yubileyə – 100-cü ildönümünə yeni səssiz qəhrəmanlar tapmaq ümidi ilə gedək.

Tarixi qoxulamağa çalışaq!

Onda azmış oğullar mütləq yurda dönəcək!

(Yazı Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin «Qafqaz İslam Ordusu-95» mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur)
XS
SM
MD
LG