Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:37

30 qəpiyə üzüm və bazar axtaran Azərbaycan şərabı...


Üzüm
Üzüm
-
Azı 15 ildir ki, Samux rayonunda üzümçülüklə məşğul olan Nəriman Ələkbərov indi ancaq süfrə üzümü yetişdirir. Deyir 5 ildir bütün şərab sortlarını kəsib doğrayıb:

«Gəncədə, Göygöldə zavodlar üzümü bizdən almadılar ki, «özümüzün bağımız var, şərabımızı sata bilmirik». Mən də bağları tamam kəsib doğradım. İndi ancaq 10 hektarda üzüm sortu yetişdirirəm, onun da satışında problem var».

«70-80 QƏPİYƏ SATSAM, SƏRF EDƏR»

Fermer məhsulun ildən-ilə artdığını, ancaq ölkədən kənara çıxarıla bilmədiyini deyir və daxili bazardakı əngəlləri sadalayır:

«Bizdən üzümü 50 qəpiyə alıb bazarda 1 manata, 1 manat 40 qəpiyə satırlar. Əldən-ələ keçir. İmkan verələr, adam özü sata. Özüm 70-80 qəpiyə satsam, sərf edər. Heç cəhd də etmirəm gedim başçıya deyim ki, şəhərdə beş yerdə, bazarlardan 30 faiz aşağı qiymətə üzüm satım. Buna imkan da vermirlər. Kimin ixtiyarı çatırsa, elə o da imkan vermir».

Vaxtilə əhalinin 2 milyondan çoxu şərabçılığa cəlb olunub və Azərbaycan büdcəsinin 40 faizi məhz şərabçılıqdan formalaşıb. Keçmiş sovet məkanında Azərbaycan ən yaxşı şərab istehsalçısı sayılıb. 274 min hektarlıq üzümlükdən 2 milyon 136 min ton məhsul götürülüb. Təkcə bir faktı söyləmək yetər ki, keçmiş SSRİ-də şərabçılıq məhsulunun 1/5-i Azərbaycanın payına düşüb.

Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Tariyel Pənahov deyir ki, sonradan bir sıra problemlər bu sahəyə zərbə vurub.
Şərab zavodu
Şərab zavodu
O, ilk zərbə kimi keçmiş sovet rəhbərliyinin alkoqolu qadağan edən 1985-ci il qərarını misal çəkir və nəticədə üzümçülüyün dağıdıldığını, 160 min hektardan çox üzüm bağlarının məhv edildiyini bildirir. Şərabçılıq İnstitutunun direktoru daha bir zərbənin Qarabağ münaqişəsindən gəldiyini vurğulayır və münaqişə zonasında iri üzümçülük təsərrüfatlarının yerlə bir edilməsini, qədim milli üzüm sortlarının sıradan çıxarılmasını, planlı təsərrüfat sisteminin pozulmasını xatırladır.

ÇAXIR ÇƏNLƏRİNDƏN DÜZƏLDİLƏN QAPI-PƏNCƏRƏ

1986-cı ildən Qusar konserv zavoduna rəhbərlik edən İlham Murtuzayev o dönəmlər Xaçmaz və Qusardakı iri şərab zavodlarının, həmin rayonlardakı üzüm sahələrinin məhv edilməsinin şahidi olduğunu deyir:

«Təxminən 10 il həmin sahələr bomboş qaldı. Hər il üzüm çıxmaq istəyirdi, yazda bir-iki yarpaq buraxırdı, sonra quruyurdu. Camaata da paylamadılar. Deyirdilər, sərhəd zonasıdır. Yalan söhbət idi, sadəcə, buna görə də pul istəyirdilər. Qusardakı zavodu tamam dağıtdılar. Camaat çaxır çənlərindən qapı-pəncərə düzəltdi. Xaçmazdakı zavodu saxlayıblar, ancaq o da tam gücüylə işləmir».

Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Tariyel Pənahov 2012-20-ci illərdə üzümçülüyün inkişafına dair Dövlət Proqramının təsdiqləndiyini də xatırladır. Azərbaycan ötən il mərkəzi Parisdə yerləşən Beynəlxalq Üzümçülük-Şərabçılıq Təşkilatının 45-ci üzvü qəbul olunub.
Şərab
Şərab
bu il ölkədə yaxşı üzüm məhsulu yetişdiyini də vurğulayır.

«KEŞİŞ ÖZÜ GƏLİRDİ»

Pənahovun fikrincə, indi MDB məkanında və dünya bazarında Azərbaycan şərabına böyük tələbat var. Fransa və İspaniyaya şərabçılıq məhsulları göndərilir, Rusiya, Ukrayna, Baltikyanı ölkələr, Polşa da ənənəvi alıcılardır. Çinə, Türkiyəyə də şərab gedir. Səbəb – Azərbaycan üzümünün və Azərbaycan şərabının ekoloji təmizliyidir. Ölkədə 600-dən çox üzüm sortu, üstəlik bənzəri olmayan yerli sortlar var:

«Şamaxıda mədrəsə sortundan hazırlanan şərab yüksək keyfiyyətli olur. Respublika Şərabçılıq İdarəsinin rəisi olanda, kilsədən sifarişlər alırdıq. Keşiş özü gəlirdi. «Kaqor-Kürdəmir», «Kaqor-Şamaxı» şərablarını istəyirdilər».

İnstitut direktoru Kürdəmirdə «Şirvanşahı», Cəlilabadda «Həmşəri», Bakıda «Şanı», «Kişmişi», Gəncədə «Təbrizi» sortlarını sadalayır. O, eyni zamanda şərabın bazar problemlərini də etiraf edir:

«Bu vaxtacan sifarişlər hazır olub, məhsul göndərmişik. Bu gün elə deyil. Özümüz alıcı axtarıb tapmalı, onlarla razılığa gəlməliyik.
Şərab zavodu
Şərab zavodu
Onlar da əvvəlcədən bilməlidirlər ki, Azərbaycandan hansı məhsullar gələcək və müəssisə də bilməlidir ki, məhsulu haraya göndərəcək, kimə satacaq».

«30 QƏPİKDƏN ALACAĞAM»

Qusarda özü də şərab hazırlayan İlham Murtuzayev satışın gücləndirilməsi üçün şərab zavodlarının bərpasını vacib sayır:

«5-6 il qabaq eşitdim ki, Gürcüstandan gəlib Xaçmaz camaatından üzüm alıb aparırlar Gürcüstana şərab düzəltməyə. Mən sabah gedib özüm üçün o üzümdən 30 qəpikdən alacağam. Görün, necə ucuzdur, camaat bilmir neyləsin. Çox da gözəl şərab alınır o üzümdən».

Murtuzayev Azərbaycan şərabı üçün ən əlverişli bazarın Rusiya olduğunu deyir. O, Bidzina İvanişvili hakimiyyətə gələndən sonra 37 Gürcüstan şirkətinin Rusiyaya şərab göndərmək üçün rəsmi müraciət etdiyini də sözlərinə artırır.

HAVADAN ASILILIQ

İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar siyasət eksperti Vahid Məhərrəmov xammalın az və keyfiyyətsiz olmasını şərabçılığın inkişafına başlıca maneə sayır.
Üzüm yığımı
Üzüm yığımı
İqtisadçının fikrincə, aşağı məhsuldarlıq şərabın maya dəyərini yüksəkdir. Bu üzdən üzümçülük ziyanla işləyib, rentabellik 2011-ci ildə 3.8, ötən il 6.9 faiz olub:

«Fermerlər banklardan kredit götürürlər, əvəzində ildə 30 faizədək vəsait ödəyirlər. İndi təsəvvür edin, 7 faiz rentabellik və onların ödədikləri kredit faizi. İndi özünüz deyin, fermer və sahibkarlarımızın istehsalı genişləndirmək imkanı var, ya yox?».

Vahid Məhərrəmovun fikrincə, məhsuldarlığın yüksəlməsi üçün istehsal nizama salınmalı, havadan asılılıq aradan qaldırılmalıdır:

«Biri var istehsalı normal səviyyədə qurasan, hər il artan istiqamətdə getsin. Biri də var havadan asılılıq: «bu il hava yaxşı oldu, məhsul yaxşı oldu» və ya «yağış yağmadı, münbit şərait olmadı, məhsul olmadı»... Belə təsərrüfatçılıq olmaz».

İqtisadçı fermerlərin problemləri sırasında su təminatını, üzüm sahələrini genişləndirmək üçün xüsusi icazə alınmasını, mineral gübrələrin, dərman preparatlarının çatışmazlığını sadalayır. Onun fikrincə, bağlarda ixtisaslı kadrların çalışması, elmi yanaşmanın tətbiqi də önəmli şərtlərdir.
XS
SM
MD
LG